Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Almaniyanın üzrxahlığı Prezidentimizin və diplomatiyamızın gücündən xəbər verir”

Məlum olduğu kimi, Almaniya Prezidentinin sosial media profilində artıq keçmişin qalığı olan qondarma rejimin bayrağının yerləşdirilməsi və onun altında yazılan mətn Azərbaycan tərəfinin ciddi narazılığına səbəb olub. Dərhal iki ölkənin Prezident administrasiyaları və Xarici İşlər nazirlikləri arasında təmaslar başlayıb. Bunun ardınca Almaniya tərəfi bu postun səhvən yerləşdirildiyini etiraf edərək onu dərhal çıxarıb. Almaniya Prezidenti Administrasiyasının rəhbəri adından ünvanlanmış məktubda baş vermiş bu hadisəyə görə üzrxahlıq ifadə olunaraq, məktubun mediaya verilməsinə razılıq bildirilib.   

Mövzu ilə bağlı Veterann.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov baş verənləri Azərbaycan dövlətinin prinsipiallığının nəticəsi kimi dəyərləndirib:

“Almaniyanın üzrxahlığı diplomatiyamızın gücündən, dövlətimizin prinsipiallığından xəbər verir. Bu fakt bir daha sübut edir ki, Azərbaycan diplomatiyası həqiqətən də çox güclüdür və dövət maraqlarımızın keşiyində ayıq-sayıq dayanıb.

Bildiyiniz kimi, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Ermənistana səfəri çərçivəsində rəsmi Instagram səhifəsində Azərbaycanın keçmiş işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “bayrağını” paylaşmışdı. Bu isə haqlı olaraq Azərbaycanın ciddi etirazına səbəb olmuş, bu etiraz ən sərt şəkildə Almaniyanın ölkəmizdəki səfirinin diqqətinə çatdırılmışdı. Azərbaycan tərəfi Almaniyadan baş verənlərlə bağlı ictimai şəkildə üzrxahlıq edilməsini tələb etmişdi. Hansı ki, Azərbaycanın bu tələbi ən qısa zamanda yerinə yetirildi, Almaniya yaşanan məlum olayla bağlı ölkəmizdən üzr istədi. Bu fakt bir daha sübut etdi ki, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan diplomatiyası ölkəmizin maraq və mənafeyi ilə bağlı məsələlərdə heç kimə, heç bir dövlətə güzəştə getmək niyyətində deyil və bu məsələlərdə sona qədər prinsipiallıq sərgiləyir.

Artıq məlum insident öz məntiqi sonluğa çatsa da, baş verənlər bizim hər birimizdən ayıq-sayıq olmağın, dövlətimizə, onun Prezidentinə daim dəstək verməyin son dərəcə önəmli olduğunu göstərir. Biz Vətən müharibəsindəki həmrəyliyimizi günümüzdə də davam etdirməli, hər bir böhtan və təxribatın qarşısını qətiyyətlə almalı, bu haqsızlıqları birlikdə ifşa etməliyik. Unutmayaq ki, yalnız birlik, bərabərlik bizi hər bir mübarizədən qalib çıxara, bizi öz hədəflərimizə çatdıra bilər”.

Seymur ƏLİYEV

 

2025-04-01 14:49:57
2713 baxış

Digər xəbərlər

Prezident İlham Əliyev İran Prezidentinin xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Bakı, 28 oktyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də İran İslam Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Seyid Abbas Əraqçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər ki, qonaqları salamlayan Prezident İlham Əliyev dedi: -Xoş gəlmisiniz. Şadam sizi görməyimə. Artıq bir aydır ki, müharibə gedir. Bizim xalqımız üçün bu, Vətən müharibəsidir. Biz torpaqlarımızı işğalçılardan azad edirik. Bu, beynəlxalq hüququn və tarixi ədalətin bərpasıdır. Bu gün bir neçə kənd işğalçılardan azad edildi. Ancaq Ermənistan namərd hücumlarla bizim mülki vətəndaşlarımızı hədəfə alıb. Bir neçə saat bundan əvvəl Bərdəyə bir neçə raketlə atəş açmışdır və bu atəş nəticəsində 21 nəfər mülki şəxs həlak oldu, 70-dən çox dinc insan yaralandı. Ölənlərin sayı arta bilər. Dünən də Ermənistan Bərdəyə, yenə də mülki əhaliyə zərbə vurmuşdur. Bu zərbə nəticəsində dörd nəfər həlak oldu, onlardan biri yeddi yaşlı qız uşağıdır. Döyüş meydanında qabağımızda dura bilməyən Ermənistan bax, belə əxlaqsız addımlarla bizə zərbə vurmaq istəyir, bizi durdurmaq istəyir. Amma buna nail ola bilməyəcək. Bir də ki, üçüncü dəfə elan olunmuş və Ermənistanın xahişi ilə razılaşdırılmış atəşkəsi kobudcasına pozur. Birinci dəfə oktyabrın 10-da Moskvada o məlum bəyannamə qəbul olunandan sonra bir gün keçməmiş Ermənistan öz ərazisindən ballistik raketlərlə Gəncə şəhərini atəşə tutmuşdur. Hər kəs bilir ki, bu atəşkəsi Ermənistan pozub, bu dəfə də Ermənistan pozub. İndi işğaldan azad edilmiş şəhər və kəndlərimizdə mövcud olan vəziyyət tam aydındır. Demək olar ki, bütün şəhər və kəndlərimiz dağıdılıb. Qəbirlər, tarixi abidələr, bütün binalar dağıdılıb. Elə bil ki, vəhşi qəbilə bu torpaqları işğal altında saxlayıb. Bizim məscidlərimiz ermənilər tərəfindən dağıdılıb və təhqir edilib. Zəngilan rayonunda ermənilər tərəfindən dağıdılmış məsciddə onlar donuz saxlayırdılar. Bu kadrlar internetdə var. Bütün dünya, bütün müsəlman aləmi görür ki, biz hansı vəhşilərlə mübarizə aparırıq. Amma bir daha demək istəyirəm ki, bizi heç nə durdura bilməz. Əgər Ermənistan öz xoşu ilə işğal edilmiş qalan torpaqlardan çıxmasa, onları oradan da qovacağıq. Məmnunluq hissi ilə deyə bilərəm ki, Azərbaycan-İran dövlət sərhədi tam bərpa edilib. Bu münasibətlə mən Azərbaycan və İran xalqlarını təbrik etmişəm. Göstəriş vermişəm ki, bizim sərhəd xidmətimiz tezliklə bu sərhədin bütün mühafizə infrastrukturunu yaratsın. Bu işlərə start verildi. İran-Azərbaycan sərhədinin digər istiqamətlərindəki kimi, bu istiqamət də dostluq, qardaşlıq sərhədi olacaqdır. Bildiyiniz kimi, bir neçə il bundan əvvəl Xudafərin və Qız qalası hidroqovşaqları və su anbarları haqqında İran-Azərbaycan müqaviləsi imzalanmışdır. Mən indi hökumətə göstəriş vermişəm ki, biz tərəfdən işçi qrup yaradılsın. Mən xahiş edirəm ki, İran tərəfindən də müvafiq qurum təhkim edilsin ki, tezliklə bu məsələləri müzakirə edək və bu obyektin birgə istismarı haqqında razılığa gələk. Xahiş edirəm ki, hörmətli cənab Prezident Həsən Ruhaniyə mənim təşəkkürümü çatdırın. O, bu müddət ərzində mənə telefonla zəng etmişdi. Bizim çox yaxşı söhbətimiz olub. Sizi də Azərbaycana ezam edib, biz bunu yüksək qiymətləndiririk. İran-Azərbaycan əlaqələri son illər ərzində çox sürətlə inkişaf edib və hesab edirəm ki, tarixdə ən yüksək səviyyəyə qalxıb. İmzalanmış bütün sənədlər və əldə edilmiş razılaşmalar icra olunur. Bizim möhkəm tarixi köklər üzərində qurulmuş əlaqələrimiz əminəm ki, gələcəkdə də uğurla inkişaf edəcək. Bir daha xoş gəlmisiniz. Seyid Abbas Əraqçi dedi: -Cənab Prezident, mənə vaxt ayırdığınıza görə çox təşəkkür edirəm. Hər şeydən əvvəl bu gün Bərdə şəhərinin raket hücumuna məruz qalması ilə əlaqədar həyatını itirmiş mülki insanlara, dinc insanların ölümünə səbəb olmuş bu hadisə ilə əlaqədar, orada şəhid olmuş insanlarla əlaqədar Sizə, Azərbaycan xalqına, Azərbaycan dövlətinə başsağlığı vermək istəyirəm. Siz də yaxşı bilirsiniz ki, İran İslam Respublikası elə ilk günlərdən Azərbaycanın ərazilərinin işğal olunmasına müxalif olub və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Mən özümə borc bilirəm, son günlərdə Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi qələbələr, işğal olunmuş ərazilərin bir hissəsinin azad edilməsi münasibətilə Sizi təbrik etmək istəyirəm. Bu yolda öz canını fəda edən bütün şəhidlər qarşısında baş əyirəm. Cənab doktor Həsən Ruhaninin isti salamlarını Sizə çatdırıram. Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İranın dövlət başçısına çatdırmağı xahiş etdi.

Hamısını oxu
General Əli Nağıyevdən həmkarlarına çağırış: Təhlükəsizliyin “Azərbaycan modeli” qlobal xilas yolu kimi...

DTX rəisinin beynəlxalq tədbirdəki çıxışı böyük maraq və təqdirlə qarşılanıb Xəbər verdiyimiz kimi, mayın 26-da Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev Rusiya Federasiyasının (RF) İrkutsk vilayətində keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 58-ci iclasında iştirak edib. Tədbirdə təhlükəsizliklə bağlı mövcud problemlərə toxunan general Əli Nağıyev, bu problemlərlə mübarizə üsullarından da bəhs edib, bununla bağlı konkret təkliflər səsləndirib. General bildirib ki, beynəlxalq sabitliyə, nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsizliyinə yaranmış çoxsaylı təhdidlərə qarşı ən effektiv mübarizə üsulu qarşılıqlı əlaqələri gücləndirmək, əməkdaşlıq səylərini artırmaqdır. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman öz çıxışlarında beynəlxalq aləmdə sülh və təhlükəsizlikə bağlı artan təhlükələrə qarşı mübarizənin ən effektiv yolunun qlobal həmrəylik və əmədkaşlıq olduğunu bildirib. Dövlət başçısı qeyd edib ki, məhz birgə səylər, səmimi əməkdaşlıq və ciddi həmrəylik dünyamızı təhdid və təhlükələrdən hifz edə, sülh və sabitliyi təmin edə bilər. Bu gün dünyamızda baş verən problemlərin milli sərhədləri aşması, qlobal  arakter alması faktı sübut edir ki, həqiqətən də məlum problemlərlə mübarizənin ən effektiv yolu beynəlxalq əməkdaşlıq və həmrəylikdir. Prezident İlham Əliyevin müəllifi olduğu təhlükəsizliyin “Azərbaycan modeli” bu gün müharibə, münaqişə və terrordan əziyyət çəkən dünyamız üçün yeganə xilas yoluna çevrilib. Hansı ki, general Əli Nağıyev beynəlxalq tədbirdəki çıxışında məhz bu faktora diqqət çəkib, həmrəylik və əməkdaşlıq zərurətinin hər ötən gün artdığını vurğulayıb. Onu da qeyd edək ki, Azərbaycan dövləti beynəlxalq terrorizmə qarşı mübarizədə daim xüsusi aktivlik nümayiş etdirib, digər dövlətlərin anti-terror səylərini dəstəkləmək, bu mübarizədə yaxından iştirak etməklə qlobal sabitliyə böyük töhfələr verib. Lakin bu gün beynəlxalq terrorizmə qarşı mübarizədə daha ciddi nəticələrin əldə edilməsi üçün Azərbaycanın əməkdaşlıq səylərinin digər dövlətlər tərəfindən daha miqyaslı dəstəklənməsinə ehtiyac var. Bu baxımdan DTX rəisi Əli Nağıyevin MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 58-ci iclasında böyük maraqla qarşılanan çıxışı bu coğrafiyada terrorizmə qarşı mübarizədə yeni bir mərhələnin başlanğıcı ola bilər. Bunun üçün üzv dövlətlərin bu çağırışdan lazımi nəticələr çıxarması, terrorizmə qarşı mübarizədə həmrəylik və əməkdaşlıq səylərini artırması kifayətdir. Seymur ƏLİYEV

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Birinci vitse-prezident Mehriban Əliyevanı ad günü münasibəti ilə təbrik edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı ad günü münasibəti ilə təbrik edib. Veteran.gov.az xəbər verir ki, təbrik məktubunda deyilir: “Hörmətli Mehriban xanım! Sizi ad gününüz münasibəti ilə bütün veteranlar adından təbrik edir, xalqımız və dövlətimiz üçün müstəsna əhəmiyyət kəsb edən fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. Sizin istər Birinci vitse-prezident, istərsə də Heydər Əliyev Fondunun Prezidenti kimi bütün kateqoriyadan olan vətəndaşlara, o cümlədən şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara göstərdiyiniz diqqət və qayğı, onlara münasibətdə sərgilədiyiniz sevgi və həssaslıq bütün cəmiyyətdə rəğbət və məmnunluqla qarşılanmaqda, Sizə olan ümumxalq sevgisini artırmaqdadır. Sizin rəhbərliyiniz altında həyata keçirilən çoxsaylı və irimiqyaslı layihələr yüz minlərlə insanın sosial rifahına bilavasitə təsir göstərməkdə, ölkəmizin çiçəklənməsinə, onun inkişafına xüsusi töhfə verməkdədir. Sizin rəhbərliyinizlə həyata keçirilən humanitar aksiyalar, mədəni tədbirlər sadəcə respublikamızı deyil, onun hüdudlarından uzaqları da əhatə etməkdə, bütün dünyaya Azərbaycan xalqının humanizmini, bəşəri dəyərlərini tanıtmaqdadır. Hörmətli Mehriban xanım! Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq əminik ki, Prezident İlham Əliyevin və Sizin rəhbərliyiniz altında dövlətimizin uğurlu inkişafı davam edəcək, vətənimiz Azərbaycan öz tarixi nailiyyyətləri, sürətli tərəqqisi ilə bütün dünyanı bundan sonra da heyrətləndirəcəkdir. Bir daha ad gününüzü təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər arzulayırıq”.   Dərin  hörmətlə, Rəyasət Heyəti adından   Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri                              Müharibə və əmək veteranı, Prezident  təqaüdçüsü  Fatma Səttarova  

Hamısını oxu
Layihə çərçicəsində yekun - hesabat tədbiri

29 oktyabr 2018-ci ildə Respublika Veteranlar Təşkilatında Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeniyetmə, gənc və universitet tələbələri arasında vətənpərvərliyin təbliği ilə bağlı görüşlərin keçirilməsi” layihəsi  çərçivəsində yekun-hesabat tədbiri baş tutmuşdur. Tədbirin əsas məqsədi yeniyetmə və gənclər arasında vətənpərvərliyin təbliğ edilməsi, Azərbaycanın ərazi bütövlüyünün qorunması yolunda canından keçmiş, Vətən, xalq qarşısında əvəzsiz xidmətləri olan şəhidlərimizin tanıdılması, gənc nəslə onların həyat və fəaliyyətlərinin örnək olaraq təbliğ olunmasıdır. İkinci dünya, Qarabağ, Əfqanıstan müharibəsi, əmək və Silahlı Qüvvələr veteranları, gənclərin, ziyalıların, ictimaiyyətin və medianın nümayəndələrinin iştirak etdiyi tədbir Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Tədbiri giriş sözü ilə açan Respublika Veteranlar Təşkilatının sədr müvini, layihənin rəhbəri polkovnik Cəlil Xəlilov gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında bu cür layihələrin mütəmadi olaraq həyata keçirilməsinin mühüm əhəmiyyət kəsb etməsini vurğulayaraq, belə tədbirlərin daimi xarakter daşımasını və geniş auditoriyanı əhatə etməsini zəruri olduğunu qeyd etdi. C.Xəlilov Respublika Veteranlar Təşkilatının və onun şəhər, rayon stuktur bölmələrinin yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində səmərəli fəaliyyətindən, bununla bağlı müntəzəm olaraq tədbirlərin keçirilməsindən danışaraq, diqqəti Azərbaycanın bu gün Ermənistan Respublikasının işğalı altında olan ərazilərinin azad olunmasında bu işlərin daha yüksək səviyyəyə qaldırılmasının mühüm əhəmiyyət daşıdığına yönəltdi. Respublika Veteranlar Təşkilatının şöbə müdiri, ehtiyatda olan polkovnik Lətif Babayev 29 oktyabr Türkiyə Cümhuriyyətinin qurulmasının 95 illiyi münasibəti ilə tədbir iştirakçılarını və bütün türk xalqını Təşkilat rəhbərliyi və veteranlar adından təbrik edərək, Türkiyə-Azərbaycan qardaşlığının tarixi, bütün dövrlərdə, xüsusilə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu dövrdə Türkiyənin Azərbaycana göstərdiyi qardaş köməyindən danışdı. L.Babayev layihə çərçivəsində həyata keçirilmiş tədbirlər, görülmüş işlər, o cümlədən şəhidlərə həsr olunmuş “Torpağı Vətən edənlər” kitabçasının və məlumat xarakterli xüsusi bukletin buraxılması barədə geniş məlumat verərək Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bu cür layihələr maliyyə ayırmasını təqdirəlayiq hal saydı. O, bildirdi ki, 20 faiz ərazisi düşmən işğalı altında olan bir ölkənin yaşından asılı olmayaraq bütün insanları vətənpərvər olmalıdırlar. Ancaq tərbiyə olunmağa, vətənpərvərlik ruhunda yetişdirilməyə gəlincə, başlıca hədəf yeniyetmə və gənclərdir. Azərbaycanın körpəsindən tutmuş tələbəsinə, bu gün ölkə həyatının müxtəlif sahələrində çalışan, müəyyən təcrübəyə malik gəncinə qədər hər kəs vətənpərvər olmasa biz Ermənistan Respublikasının işğalı altında olan ərazilərimizi azad edə bilmərik. O, xüsusi olaraq vurğulamışdır ki, Vətənə, xalqa, dövlətə sədaqət, torpağa bağlılıq, onu qorumağa hər an hazır olmaq Təşkilat yeniyetmə və gənclərə məhz bu keyfiyyətləri aşılamağa  çalışır. 2016-cı ilıin Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan gəncliyi öz atalarının qəhrəmanlıq, mərdlik, vətənpərvərlik yolunu davam etdirməyə, düşmənə sarsıdıcı zərbələr vurmağa daim hazırdır. Tədbirdə çixış edən layihənin eksperti Respublika Veteranlar Təşkilatının şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev, İkinci Dünya müharibəsi veteranı, Nəsimi rayon Veteranlar Təşkilatının sədri İsmayıl Fərəcov, “Şəhid ailələrinə qayğı cəmiyyəti” təşkilatının Nizami rayon Təşkilatının sədri Nizami Abbasov, veteran şair Zakir Əliyev və başqaları çıxış edərək yeniyetmə və gənclər arasında vətənpərvərlik mövzusunda bu tipli layihələrin keçirilməsinin vacibliyini diqqətə çatdırdılar. Tədbirdə eyni zamanda, 3 ay müddətində həyata keçirilmiş “Yeniyetmə, gənc və universitet tələbələri arasında vətənpərvərliyin təbliği ilə bağlı görüşlərin keçirilməsi” layihəsinin fəaliyyət planına uyğun olaraq görülmüş işlər barədə müzakirələr aparıldı, fikirlər səsləndirildi, təkliflər verildi. Tədbirin sonunda 95 yaşı tamam olan İkinci Dünya müharibəsi veteranı, Nəsimi rayon Veteranlar Təşkilatının sədri İsmayıl Fərəcov Respublika Veteranlar Təşkilatının təsis etdiyi “Mehmandarov yubiley medalı” ilə təltif olundu.

Hamısını oxu