Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycanın yəhudi əsilli qəhrəman oğlu: Aqarunov Albert Aqarunoviç!

Tolerant ölkə olan Azərbaycan dilindən, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq burada yaşayan bütün xalqların doğma Vətənidir. İstər Birinci Qarabağ və 44 günlük Vətən müharibələri, istərsə də antiterror tədbirləri zamanı burada yaşayan bütün xalqların nümayəndələri dəmir yumruq tək birləşərək, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda işğalçı düşmənə qarşı canları bahasına mərdliklə vuruşmuş və Böyük Zəfərin qazanılmasında öz layiqli töhfələrini vermişlər. Onlar bu gün də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında səylərini əsirgəmirlər. Bu baxımdan hər zaman Azərbaycan vətəndaşı olmasından qürur duymuş, şəhidlik məqamına yüksəldikdən sonra da yəhudi xalqı ilə dostluq və əməkdaşlığımızın möhkəmləndirilməsinin rəmzinə çevrilmiş Milli Qəhrəmanımız, əfsanəvi tankçı Albert Aqarunovun Vətən uğrunda xidmətlərini qeyd etmək istərdim. 

 Aqarunov Albert Aqarunoviç 1969-cu il aprelin 25-də Bakı şəhərinin Suraxanı rayonunun Əmircan qəsəbəsində anadan olub. Səkkiz qardaşı və iki bacısı olan Albert ailənin sonbeşiyi idi. Əslən dağ yəhudisi olan Aqarunovlar ailəsi Quba rayonunun Qırmızı Qəsəbəsindən idilər, Əmircana isə sonradan köçmüşdülər. Albertin atası Aqarun Aqarunov neftçi olub, uzun illər Suraxanıdakı neft mədənlərində çalışıb. On bir uşaq böyüdüb tərbiyə edən anası Lio Aqarunova isə sovet hökuməti tərəfindən “Qəhrəman Ana” adına layiq görülüb.   

Uşaq yaşlarından musiqiyə böyük maraq göstərən Albert, musiqi məktəbində nəfəs aləti olan truba sinfini bitirib. O, Suraxanı rayonundakı 154 saylı tam orta məktəbin səkkizinci sinfini başa vurduqdan sonra, 101 saylı texniki-peşə məktəbində sürücü-mexanik peşəsinə yiyələnib. Albert 1987-1989-cu illərdə Gürcüstanın Axalkalaki rayonunda hərbi xidmət keçib. Həmin dövrdə starşina rütbəsi alaraq, tank komandiri vəzifəsində xidmət edib. 1989-cu ildə ordu sıralarından tərxis olunduqdan sonra, bir müddət Suraxanı Maşınqayırma Zavodunda işləyib.

Mənfur qonşumuz olan Ermənistanın təcavüzü nəticəsində başlayan Birinci Qarabağ müharibəsinin ən qızğın vaxtlarında bir çox qeyrətli Vətən övladı kimi Albert də könüllü olaraq cəbhəyə yollanıb. O dövrdə ailə üzvləri və yəhudi millətindən olan bir çox vətəndaşımız İsrailə, eləcə də digər xarici ölkələrə köçüb getsə də, Albert doğulub boya çatdığı və dogma Vətəni hesab etdiyi Azərbaycanda qalmağı, son nəfəsinədək onun uğrunda savaşmağı üstün tutub. Cəbhə bölgəsində olarkən televiziya kanallarından birinə verdiyi müsahibəsində əfsanəvi tankçı A.Aqarunov məhz bu məqamı xüsusi ilə vurğulayıb. Müxbirin verdiyi “yəhudiləri Azərbaycan torpağını qorumağa nə məcbur edir?” və “bir vətəndaş kimi öz borcunu nədə görürsən?” suallarını cavablandıran cəsur döyüşçü; “Mən bu torpaqda yaşayıram. Doğulmuşam burda, yaşayıram da burda. Ayrı heç nə məcbur eləmir” – deyə cavab vermişdi. Müxbirin verdiyi sonuncu; “Təxminən nə qədər qalmaq niyyətindəsən?” sualına isə Vətənimizin qəhrəman oğlu; “Müharibənin axırına kimi” cavabını verməklə qəti mövqeyini bildirmişdi…  

O zaman yenicə yaranmaqda olan Milli Ordumuzun yüksək ixtisaslı peşəkar hərbçilərə, o cümlədən tankçılara böyük ehtiyacı vardı. Albert tank komandiri təyin edilərək, qanlı döyüşlərin getdiyi Şuşa cəbhəsinə göndərilir. Onun tank ekipajı tezliklə bütün cəbhə xəttində böyük hörmət qazanmağa müvəffəq olur. Cəsur tankçı Xankəndi, Daşaltı, Cəmilli istiqamətlərində düşməni dəfələrlə pərən-pərən salır, onlarla canlı qüvvəsini və xeyli hərbi texnikasını məhv edir. Dövri mətbuatda cəsur tankçı haqqında qeyd olunan bir sıra mənbələrdə onun erməni işğalçılarına məxsus iki tankı bir-birinə yaxınlaşan zaman bir mərmi ilə məhv etdiyi, həmçinin sonralar bu metodun silahdaşları tərəfindən “yəhudi buterbrodu” adını aldığı göstərilib.

8 may 1992-ci il.  Şuşa uğrunda gedən qanlı döyüşlər Albertin son döyüşü oldu...   Mühüm hərbi-strateji və coğrafi mövqeyinə görə Şuşanı ələ keçirmək erməni işğalçılarının ən böyük arzusu idi. Hələ may ayının 7-də şəhərin müdafiəsində dayanan azərbaycanlı döyüşçülərin böyük bir qismi buranı tərk etmişdi və düşmən qüvvələri gecə saatlarından etibarən Şuşaya hücum etməyə başlamışdı. Albert son anadək Şuşanın müdafiəsində dayanan azsaylı döyüşçülərimizdən biri idi. Gün ərzində şəhərin müxtəlif istiqamətlərində şiddətli döyüşlər gedirdi. Erməni tank komandiri Qaqik Avşaryan öz T-72 tankını Şuşanın şimal girişinə gedən yolla sürdüyü vaxt, kapitan A.Aqarunovun tankı peyda olur. Hər iki tank 350 metr məsafədən bir-birinə atəş açır. Üç dəqiq zərbədən sonra düşmən tankı alışmağa başlayır. Avşaryan yaralı halda tankın lükünü açıb qaçmağa müvəffəq olsa da, lakin sürücüsü və atıcısı yanaraq cəhənnəmə vasil olur. Albertin göstərdiyi bu qəhrəmanlıq nümunəsi eyni zamanda Birinci Qarabağ müharibəsinin ilk tank döyüşü kimi də tarixə düşür. Müharibədən sonra ermənilər Albertin vurduğu həmin tankı bərpa edib yenidən rəngləyərək onu Xankəndi-Şuşa yolunun üstündəki qayada abidə kimi ucaltmışdılar. Lakin 2023-cü ilin sentyabrında Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda apardığı birgünlük uğurlu antiterror tədbirindən sonra həmin “abidə” oradan yığışdırılmışdır. Albertin vurduğu tank isə Bakı şəhərinə gətirilmiş və hazırda Böyük Zəfərimizin simvolu olan Qənimətlər Parkında nümayiş etdirilməkdədir.

A.Aqarunov daha sonra Şuşa-Laçın yoluna doğru irəliləyir. Cəsur döyüşçü burada, tankının sürücüsünə həlak olmuş azərbaycanlı əsgərlərin və mülki vətəndaşların cəsədlərinin üstündən keçməməyi tapşırır və ona yol göstərmək üçün tankdan enməli olur. Bu zaman o, erməni snayperinin açdığı atəş nəticəsində gözlərini əbədi yumaraq əbədi ölümsüzlüyə - şəhidlik zirvəsinə yüksəlir. Qəhrəman döyüşçü mayın 11-də Bakıdakı Şəhidlər xiyabanında dəfn edilib. Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli müvafiq fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Medal 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Albertin bacısı Sofiya Məmmədovaya təqdim edilib. Bundan əlavə, vaxtilə təhsil aldığı 154 saylı məktəb onun adını daşıyır və məktəbin önündə büstü qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə 2019-cu ildə Bakının Nərimanov rayonunun küçələrindən birinə Albert Aqarunovun adı verilib və həmin küçədə onun möhtəşəm heykəli ucaldılıb. Milli Qəhrəmanımız haqqında 2010-cu ildə “Dostuma məktub” filmi, 2017-ci ildə “Yaşadığım torpaq” sənədli filmi və 2024-cü ildə “Tank 533. Albert Aqarunov” adlı qısametrajlı filmi çəkilib.

Son olaraq onu deyə bilərik ki, torpaqlarını azad və suverenliyini bərpa etmiş xalqımızın bütün şəhidləri kimi, Azərbaycanın yəhudi əsilli qəhrəman oğlu Albert Aqarunovun da ruhu şaddır. Albertin həyat və qəhrəmanlıqlarla zəngin döyüş yolu yeniyetmə və gənclərimizə örnək olmaqla yanaşı, bu gün onun irsi Azərbaycan və İsrail dövlətlərinin, onların xalqlarının dostluq və qardaşlığının daha da möhkəmlənməsi yolunda öz töhfəsini verir. Necə ki, 44 günlük Vətən müharibəsi zamanı bizi dəstəkləyən, bizimlə həmrəy olan ölkə və xalqlar arasında elə məhz dost İsraili və qardaş yəhudi xalqını da gördük. Təbii ki, bizə göstərilən bu dəstəyi və həmrəyliyi qədirbilən xalq olaraq heç zaman unutmayacağıq.   

Allah şəhidlərimizə rəhmət eləsin!

Mayor Anar Əhmədov,

DİN-in Daxili Qoşunlarının

“Əsgər” qəzetinin redaktoru

 

2025-05-07 10:32:32
3790 baxış

Digər xəbərlər

"20 Yanvar – qanlı və şanlı tariximiz"

Cəlilabad rayon Veteranlar Təşkilatı 20 Yanvar Hüzn Günü ilə əlaqədar "20 Yanvar – qanlı və şanlı tariximiz” mövzusunda  tədbir keçirib. Tədbirdə Əmək və Müharibə veteranları, şəhid ataları və tanınmış ziyalılar iştirak ediblər. Tədbirdən öncə Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan rayon Veteranlar Təşkilatının sədri  Ədalət Salman  çıxış edərək 1990-cı ilin yanvarında SSRİ qoşun hissələrinin Bakıya yeridilməsi nəticəsində ölkəmizin azadlığı uğrunda mübarizəyə qalxmış dinc sakinlərə qarşı törədilmiş   dəhşətli cinayətlər haqqında ətraflı məlumat verib. O, 20 Yanvar hadisələrinin  qəhrəmanlıq tariximizdə istiqlaliyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi tariximizə həkk olunduğunu bildirib və  yalnız Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində  siyasi-hüquqi qiymət verildiyini xüsusi vurğulayıb. Tədbirdə çıxış edənlər qeyd ediblər ki, 20 Yanvar – Azadlığın qanla həkk olunan tarixi,  müstəqilliyimizin qanımız bahasına alındığını göstərən qəhrəmanlıq və qürur səhifəsidir. 20 Yanvar, Azərbaycan xalqının milli azadlıq hərəkatında, həm də mühüm bir mərhələdir. Məhz həmin gün yurdumuzun azadlığı uğrunda canını qurban vermiş insanlar  müstəqil Azərbaycanımızın bünövrəsini qanları ilə yazdılar. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Hamısını oxu
“Bu qətnamə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır”

30 aprel tarixində Avropa Parlamenti Azərbaycan əleyhinə qətnamə qəbul edib, ölkəmizə qarşı əsassız ittihamlar səsləndirib.  Avropa Parlamentinin məlum qətnaməsi Cənubi Qafqazda sülh prosesinə zərbə vurmaq, yeni münaqişə və qarşıdurmalara rəvac vermək cəhdi kimi dəyərləndirilə bilərmi? Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev bu qətnamənin qəbuledilməz olduğunu bildirib: “Avropa Parlamentinin 30 aprel tarixli qətnaməsində göstərilən ittihamlar, qərəzlidir, yalan və böhtanlardan ibarətdir. Heç bir halda, Azərbaycan xalqı, dövləti tərəfindən qəbul edilə bilməz. Sayca 13-cü olan, bu qətnamə, məzmun baxımından, əvvəlkilərdən çox da fərqlənmir. Qətnamədə qeyd olunan hallar, suveren dövlətin daxili işlərinə müdaxilə, məhkəmə tərəfindən cinayətləri sübut olunmuş şəxslərin, dünya ictimaiyyətinə “hərbi əsir” kimi təqdim olunması, onların həbsdən azad olunması üçün Azərbaycan hökumətinə təzyiqlər edilməsi, Qarabağ ermənilərinin geri qaytarılması, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması deməkdir. Bütün bunlar, Avropalı parlamentarilərin, hələ də ikili standartlardan əl çəkmədiklərini, erməni diasporalarının və lobbi təşkilatlarının tapşırıqlarını yerinə yetirdiklərini göstərir. Avropa Parlamenti, 30 il ərzində torpaqlarımızın işğalı, bir milyona yaxın qaçqın, məcburi köçkünün acınacaqlı vəziyyəti ilə bağlı münasibət bildirmədi. Əksinə, Ermənistanı, Qarabağ separatçılarını dəstəkləməklə, dəstəkləməklə, işğala haqq qazandırdı. 44 günlük müharibədən beş ildən artıq vaxt ötüb. Vaşinqtinda ABŞ-nın vasitəçiliyi ilə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni paraflanıb. Sərhədlərin delimitasiyası üzərində müştərək iş aparılır. Azərbaycan tərəfindən Ermənistana tranzit yüklər, o cümlədən Azərbaycanın neft məhsulları daşınır. Hiss olunur ki, uzun illərin düşmənçiliyindən sonra iki xalqın barışması, Cənubi Qafqazda sülhün bərqərar olması, bəzi Avropa strukturlarını ciddi şəkildə narahat edir. Ermənistan siyasi hakimiyyətinin, şəxsən baş nazir Nikol Paşinyanın, Azərbaycanın “Qarabağ daxil” ərazisini tanıdıqlarını bəyan etməsinə rəğmən, həmin qüvvələr sakitləşmir. Bütün imkanlarını səfərbər etməklə, ,,erməni məsələsinin,, beynəlxalq gündəlikdə saxlanılmasına çalışırlar. Birmənalı olaraq, demək olar ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamə, Cənubi Qafqazda sülh prosesinə zərbə vurur və regionda gərginliyin artmasına çalışan geosiyasi güclərin maraqlarına xidmət edir”. Seymur ƏLİYEV  

Hamısını oxu
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib. Paylaşımda deyilir:

Hamısını oxu
İlham Əliyev Livan prezidentinə başsağlığı verdi

Prezident İlham Əliyev Livan Respublikasının Prezidenti Mişel Auna başsağlığı verib.  AZƏRTAC-ın yayımladığı başsağlığı mətnində deyilir: “Hörmətli cənab Prezident, Beyrut şəhərində baş vermiş dəhşətli partlayış nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbər məni olduqca kədərləndirdi. Bu çətin anda Azərbaycan xalqının Livan xalqı ilə həmrəy olduğunu bildirirəm. Azərbaycan Respublikası faciənin törətdiyi fəsadların aradan qaldırılması məqsədilə dost Livan Respublikasına maliyyə yardımı göstərəcəkdir. Sizə, həlak olanların ailələrinə və Livan xalqına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirəm”.

Hamısını oxu