Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan-Vyetnam əlaqələri: Dostluq və əməkdaşlıq nümunəsi

Prezident İlham Əliyevin 2025-ci il mayın 6-da “Vietnam News Agency” agentliyinə verdiyi müsahibə iki ölkə arasında mövcud əməkdaşlığın miqyasını və perspektivlərini aydın şəkildə ortaya qoydu. Əminliklə demək olar ki, Azərbaycan-Vyetnam əlaqələri strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyur. İki ölkə arasında münasibətlər dərin tarixi köklərə və qarşılıqlı hörmətə əsaslanır. Ölkə rəhbərinin müsahibəsi həm də strateji tərəfdaşlığa doğru yeni mərhələnin başlanğıcını simvolizə edir.

Dövlət başçısı Azərbaycanın və Vyetnamın yarım əsrdən artıq dostluq ənənəsinə malik olduğunu vurğuladı, yaxın keçmişi yada saldı. 1959-cu ildə Prezident Ho Şi Minin Azərbaycana tarixi səfəri və 1983-cü ildə ümummilli lider Heydər Əliyevin Vyetnama səfəri bu əlaqələrin təməl sütunları olmuşdur. Bu səfərlər zaman-zaman dərinləşən ikitərəfli münasibətlərin başlanğıcı sayılır.

Xüsusilə 2014–2015-ci illərdə baş tutmuş qarşılıqlı dövlət səfərləri Azərbaycan–Vyetnam əlaqələrində yeni səhifə açdı. Həmin illərdə keçirilmiş Birinci Azərbaycan–Vyetnam biznes forumu, Hökumətlərarası Komissiyanın yaradılması, parlamentlərarası əməkdaşlıq və siyasi məsləhətləşmələr iki ölkənin münasibətlərinin institusional bazasını gücləndirdi.

Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın Vyetnamla neft, energetika, sənaye, turizm, təhsil və mədəniyyət sahələrində geniş əməkdaşlıq potensialına malik olduğunu qeyd etdi. 2019-cu ildə SOCAR ilə “Binh Son Refinery and Petrochemical Company” arasında imzalanmış müqavilə, Azərbaycan mütəxəssislərinin Vyetnam neft sənayesinin formalaşmasındakı rolu tarixi əməkdaşlığın mühüm göstəriciləridir.

Azərbaycan–Vyetnam mədəni əlaqələri də mühüm önəm daşıyır. Azərbaycanlı bəstəkar Qara Qarayevin “Vyetnam süitası” əsəri, rejissor Əjdər İbrahimovun Vyetnamda kino məktəbinin qurulmasında rolu, Bakıda “Əfsanə yaradanlar” filminin nümayişi və Vyetnam Günləri kimi təşəbbüslər ortaq humanitar dəyərlərin təcəssümüdür.

Təhsil sahəsində də uzunmüddətli əməkdaşlıq mövcuddur. Sovet dövründə 5 minə yaxın vyetnamlı gəncin Azərbaycanda təhsil alması və onların bu gün yüksək dövlət vəzifələrində çalışması iki xalq arasında səmimi münasibətlərin nümunəsidir. Vyetnamda fəaliyyət göstərən Azərbaycan məzunları assosiasiyası bu əlaqələrin yaşamasına xidmət edir.


Xeyirxah əməlləri illərdir ölkə hüdudlarını aşan Heydər Əliyev Fondunun Vyetnamda məktəb tikintisi və digər sosial layihələri ölkəmizin humanitar diplomatiyasının mühüm göstəricisidir. Fondun vitse-prezidenti Leyla Əliyevanın bu ölkəyə son səfəri əməkdaşlığın humanitar aspektlərini daha da dərinləşdirir.

Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi cənab Lamın ölkəmizə rəsmi səfəri ikitərəfli əlaqələrdə yeni mərhələnin başlanğıcıdır. Bu səfər siyasi dialoqdan tutmuş iqtisadi və mədəni mübadiləyə qədər bir çox istiqamətdə əməkdaşlığın gücləndirilməsinə təkan verəcək.

Xüsusilə turizm, birbaşa aviareyslərin açılması, müştərək mədəni layihələr, ekologiya və səhiyyə üzrə təşəbbüslər qarşılıqlı maraq doğuran sahələr kimi ön plana çıxır. Ölkə rəhbərinin vurğuladığı kimi, vyetnamlı tələbələr üçün ayrılmış təqaüd proqramları və akademik mübadilə təşəbbüsləri də ikitərəfli münasibətlərin gələcəyinə sərmayədir.

Nəticə etibarilə, Prezident İlham Əliyevin müsahibəsi Azərbaycan–Vyetnam münasibətlərinin yalnız keçmişə deyil, eyni zamanda gələcəyə də möhkəm əsaslandığını sübut edir. Bu münasibətlər dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq üzərində qurulub və proseslər göstərir ki, dostluq və strateji tərəfdaşlıq yeni dövrdə daha da inkişaf edəcək.

Prezidenti İlham Əliyevin Vyetnamın Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə mətbuata bəyanatında söylədiyi fikirləri bir daha xatırlarmaq yerinə düşər: “Əminəm ki, səfərin nəticələri uğurlu olacaq və əldə edilmiş razılaşmalar konkret layihələrə çevriləcək”.

Məşhur Məmmədov,
Milli Məclisin deputatı

2025-05-09 22:31:12
2975 baxış

Digər xəbərlər

Cəfərov Elyəddin Zöhrab oğlu

Cəfərov Elyəddin Zöhrab oğlu 24.05.1995-ci ildə Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndində anadan olmuşdur. 2001-ci ildə Zaməddin Rüstəmov adına Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olan Elyəddin 2012-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. “SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyətində fəaliyyət göstərən Elyəddin 2-ci Qarabağ müharibəsi başlayan ilk gündən könüllü şəkildə işlədiyi müəssisədən müvəqqəti möhlət alaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmiş və ön cəbhəyə yollanmışdır. Torpaqlarımızın işğalçılardan azad olunması uğrunda gedən döyüşlərdə şücaət göstərərək ŞƏHİDLİK zirvəsinə ucalan Elyəddin Cəfərov 20 oktyabr 2020-ci il tarixdə doğulduğu doğma Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kənd qəbirsitanlığında böyük izdihamla dəfn edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamlara əsasən ŞƏHİD Cəfərov Elyəddin Zöhrab oğlu ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Cəsur Döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub.   Dərin hörmətlə anırıq! Ruhun şad olsun!

Hamısını oxu
Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

2026-cı il martın 13-də “Hilton” mehmanxanasında Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib. Tədbirdə VK rəhbərliyi ilə yanaşı, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri, əməkdar hüquqşünas Fərhad Abdullayev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Həsən Bağırov, Kollegiyanın Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, vəkillər, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Mərasimdən əvvəl vəkilliyə namizədlər Fəxri xiyabanı ziyarət edib, Ümummilli Lider Heydər Əliyevin məzarı önünə gül qoyub, dahi şəxsiyyətin əbədiyaşar xatirəsini dərin ehtiramla anıblar.  Sonra tədbir Qadın Vəkillər Alyansının üzvlərinin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin və Vəkil Marşının səsləndirilməsi ilə başlayıb. Ardınca müasir müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin, həmçinin ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərmizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə Kollegiyanın il ərzində həyata keçirdiyi fəaliyyətləri əks etdirən illik hesabat xarakterli videoçarx nümayiş olunub. Tədbirdə açılış nitqi ilə çıxış edən Kollegiya sədri Anar Bağırov iştirakçıları salamlayaraq qarşıdan gələn müqəddəs Ramazan bayramı və Novruz bayramı münasibətilə hər kəsi təbrik edib, onlara ən xoş arzu və diləklərini çatdırıb.   Sədr çıxışı zamanı ölkəmizdə vəkillik institutunun keçdiyi tarixi inkişaf yoluna qısa nəzər salaraq son illərdə bu sahədə həyata keçirilən mühüm islahatlardan bəhs edib. Çıxışında vəkillik institutunun formalaşmasında Ümummilli Lider Heydər Əliyev tərəfindən 1999-cu il 28 dekabr tarixində imzalanmış “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun xüsusi rolunu vurğulayan Anar Bağırov qeyd edib ki, həmin Qanun vəkilliyin müstəqil hüquqi təsisat kimi formalaşmasının əsasını qoyub. Sədr bildirib ki, məhz bu Qanunun qəbulundan sonra Azərbaycan tarixində ilk dəfə olaraq vəkillik institutu tam müstəqil, heç bir hakimiyyət qolundan asılı olmayan peşə qurumu kimi fəaliyyət göstərməyə başlayıb və qəbul olunmuş prosessual qanunvericilik çərçivəsində çəkişmə prinsipi əsasında məhkəmə prosesinin bərabərhüquqlu iştirakçısına çevrilib. VK sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamın, eləcə də dövlət başçısının 19 noyabr 2025-ci il tarixli Fərmanı ilə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna edilmiş mütərəqqi və sistemli dəyişikliklərin vəkillik institutunun inkişafında mühüm mərhələ təşkil etdiyini bildirib. Anar Bağırov bildirib ki, Prezident İlham Əliyevin 3 mart 2026-cı il tarixli Sərəncamı ilə hakim vəzifəsinə təyin olunmuş şəxslər arasında VK-nın 12 üzvünün yer alması olduqca yüksək göstəricidir. Sədrin sözlərinə görə, bu fakt vəkillik institutunun ölkənin məhkəmə sistemində də etibarlı və peşəkar kadr bankına çevrildiyini göstərir. Kollegiyanın həm Məhkəmə-Hüquq Şurasında, həm də Hakimlərin Seçki Komitəsində uğurla təmsil olunduğunu söyləyən sədr hakim vəzifəsinə təyin olunan keçmiş vəkillərin məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə mühüm töhfə verəcəklərinə inandığını deyib, onların hər zaman qanunun aliliyinə və etik davranış prinsiplərinə sadiq qalacaqlarına əminliyini ifadə edərək bu şərəfli fəaliyyətlərində uğurlar diləyib. Anar Bağırov çıxışının davamında nəzərə çatdırıb ki, 2018-ci ildən etibarən vəkilliyə qəbul prosesi daha da genişləndirilib və bu müddət ərzində ümumilikdə 16 test imtahanı keçirilib. Həmin imtahanlarda 6 893 namizəd iştirak edib, onlardan 2 036-sı uğurla icbari təlim mərhələsini başa vuraraq and içib və Kollegiyanın üzvü olub. Qeyd olunub ki, bugünkü tədbirə təntənəli şəkildə and içərək Kollegiyaya üzv qəbul olunmaq üçün daha 50 namizəd qatılıb. Bununla da ölkədə fəaliyyət göstərən vəkillərin ümumi sayı 2 867 nəfərə çatıb. Yeni qəbul olunan namizədlərdən 35 nəfəri kişi, 15 nəfəri qadındır. Onlardan 6 nəfəri regionlarda, 44 nəfəri isə paytaxtda fəaliyyət göstərəcək. Yeni qəbul olunan üzvlərlə birlikdə qadın vəkillərin sayı 643 nəfərə yüksəlib və bu göstərici ümumi üzvlərin təxminən 22 faizini təşkil edir. Bu isə vəkillik peşəsində gender balansının tədricən gücləndiyini göstərir. Tədbirdə çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev namizədləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sədr çıxışında son illər ərzində Kollegiya tərəfindən həyata keçirilən islahatlardan və görülən işlərdən danışıb, ölkədə hüquqi dövlət quruculuğu prosesində vəkillik institutunun mühüm rol oynadığını qeyd edib. Bildirib ki, 1999-cu ildə qəbul edilmiş “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun vəkillik institutunun müstəqil hüquqi təsisat kimi formalaşması və fəaliyyətinin hüquqi əsaslarının müəyyənləşdirilməsi baxımından mühüm mərhələ olub. Fərhad Abdullayev vurğulayıb ki, bu gün VK və vəkil korpusu cəmiyyətin nüfuzlu və etibarlı hüquq institutlarından birinə çevrilib. Kollegiyanın kadr potensialı əhəmiyyətli dərəcədə güclənib, vəkillərin peşə hazırlığı və hüquqi bilik səviyyəsi yüksəlib, bu isə bütövlükdə ölkədə hüquq sisteminin inkişafına mühüm töhfə verir. Mərasimdə çıxış edən Kollegiyanın üzvü, VK-nın Ağsaqqallar Şurasının sədri, əməkdar hüquqşünas İkram Kərimov namizədləri təbrik edərək gənc vəkillərə fəaliyyətlərində insan hüquq və azadlıqlarının müdafiəsində prinsipial mövqe nümayiş etdirməyi, qanunun aliliyini hər zaman rəhbər tutmağı tövsiyə edib. Vəkillik peşəsinin yüksək etik dəyərlər, peşəkarlıq və böyük məsuliyyət prinsipləri üzərində formalaşdığını vurğulayan əməkdar hüquqşünas onların hüquqi bilik və bacarıqlarını davamlı olaraq inkişaf etdirmələrinin vacibliyini söyləyib, vəkillik institutunun nüfuzunun qorunması və daha da yüksəldilməsi istiqamətində səylə fəaliyyət göstərməyin əhəmiyyətini diqqətə çatdırıb. Daha sonra hakim vəzifəsinə təyin olunan şəxslər VK Rəyasət Heyətinin qərarı ilə Fəxri Fərmanla təltif olunublar. Ardınca vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından uğurla keçmiş, icbari təlim mərhələsini müvəffəqiyyətlə başa vurmuş və şifahi müsahibədən keçərək Kollegiya üzvlüyünə qəbul edilmiş namizədlərin təntənəli andiçmə mərasimi keçirilib. Namizədlər Azərbaycanın Dövlət Bayrağı önündə and içərək vəkil peşəsinin şərəf və ləyaqətini daim uca tutacaqlarına, qanunun aliliyinə sadiq qalacaqlarına və insan hüquq və azadlıqlarının müdafiəsində vicdanla fəaliyyət göstərəcəklərinə dair öhdəlik götürüblər. Tədbir zamanı onlara vəkil vəsiqələri təqdim olunub. Mərasimdə çıxış edən yeni vəkillər bu şərəfli peşəyə qəbul olunmağın onlar üçün böyük qürur mənbəyi olduğunu bildirərək, vəkilliyə qəbul prosesinin şəffaf, ardıcıl və sistemli şəkildə təşkilinə görə VK Rəyasət Heyətinə təşəkkürlərini ifadə ediblər. Sonda fəaliyyətində fərqlənmiş və yubiley yaşını qeyd edən Kollegiyanın bir qrup üzvü də təltif olunub.   

Hamısını oxu
Böhtan kompaniyasını davam etdirməkdə cumhuriyyet.az-ın məqsədi nədir?

   İki həftə əvvəl ölkə KİV-ində yayılmış təkzibimizə baxmayaraq, cumhuriyyet.az Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyəti, xüsusilə Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov barəsində yalan və böhtan kompaniyasını davam etdirir. Heç bir fakta əsaslanmadan, öz təbirləri ilə desək “baş verən proseslər haqda silsilə yazılar dərc edən” bu saytın kimlərə və nəyə xidmət etdiyi bizə tam aydındır.     Respublika Veteranlar Təşkilatının Nizamnaməsinə uyğun olaraq 2016-cı ildə yerli təşkilatlardan seçilmiş nümayəndələrin iştirakı ilə keçirilən növbəti Plenum ərəfəsində və ondan sonra tirajlanan yalan və böhtan xarakterli məlumatlar bir daha göstərdi ki, saytın məqsədi öz missiyasına uyğun olaraq cəmiyyətə obyektiv informasiyalar çatdırmaq yox, ölkədə yüksək nüfuza malik olan Təşkilatın fəaliyyətinə kölgə salmaqdır. Böhtançılıq missiyasına sadiq qalan sayt hətta Təşkilatın sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayevin Plenumdan öncə öz iş otağında bir qrup veteranla görüşməsini də (bunu 22-23 noyabra aid KİV məlumatları təsdiq edir) şübhə altına alıb. Halbuki, böhtançılara həm bu fakt, həm də Təşkilata ayrılan vəsaitin xərclənməsi ilə bağlı faktlar yaxşı məlumdur (əks halda sədr müavini C.Xəlilovun 19 noyabr 2016-cı ildə AzərTAc-da yayılmış və “Respublika” qəzetində dərc edilmiş müsahibəsindən xəbərsizlik sayt əməkdaşlarının peşəkarlığına şübhələri artırardı). Yaxud əvvəlki sayıqlamalarında tirajladıqları “sədr dəyişikliyi ilə bağlı” yalanların təsdiqini tapmaması. Böhtançılara və Plenumun işinə qatılan “mənbələri”nə də məlum olduğu kimi Plenumda Təşkilatın 2016-cı ildəki fəaliyyəti və növbəti il qarşıda duran vəzifələr müzakirə olundu.      Yalan və böhtanlarının hər dəfə faktlarla ifşasının cumhuriyyet.az-ı pis vəziyyətə salmasının günahkarlarına gəlincə, biz cavabımızla həmin şəxslərə layiq olmadıqları diqqətin göstərilməsinə yenə lüzum görmürük. Yalnız onu bildiririk ki, Təşkilatın sabiq əməkdaşı Kamal Əliyev vəzifə səhlənkarlığına və işdə yol verdiyi digər nöqsanlara (lazım gələrsə, açıqlaya bilərik) Təşkilatın sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev tərəfindən işdən çıxarılıb. Guya mövqelərinə isnad edilən veteranlara gəlincə, adları çəkilən həmin şəxslər bizimlə əlaqə saxlayaraq yazılanları təkzib edir, cumhuriyyet.az, yaxud digər sayta hər hansı məlumat vermədiklərini, onların adından yazılanların yalan olduğunu bildirirlər.    Bir daha qeyd edirik ki, qarayaxma kompaniyası aparanlar və dəstəkçiləri əmin olsunlar ki, Respublika Veteranlar Təşkilatı bütün iş istiqamətləri üzrə fəaliyyətini inamla davam etdirir və keçirdiyi tədbirlərin əhatə dairəsini günbəgün genişləndirir. Böhtan və yalanları tirajlayanları düz yola dəvət edir, onlara Respublika Veteranlar Təşkilatı ətrafında əsassız şayiələr yaymaqdan uzaq olmağı, veteran hərəkatına layiqincə xidmət göstərən insanların dəyərli vaxtlarını kimlərinsə əsassız iddiaları və hədyanları ilə almamağı tövsiyə edirik. Biz veteran təşkilatı olaraq KİV-lə münasibətləri başqa müstəvilərə çıxarmağı özümüzə rəva bilmirik. Ancaq şərəfli həyat yolu keçmiş və bu gün də xalqına, dövlətinə layiqincə xidmət edən zabitlərimizin ünvanına böhtan yağdıranlar başqa seçim qoymurlar.    Respublika Veteranlar Təşkilatı bir daha bəyan edir ki, öz fəaliyyəti, yaxud ona aidiyyatı olan istənilən məsələ ilə bağlı mediaya daim açıqdır və biz özümüzə dost hesab etdiyimiz KİV nümayəndələrindən yalnız obyektiv məlumat gözləyirik.     Respublika Veteranlar Təşkilatının İctimaiyyətlə əlaqələr şöbəsi.

Hamısını oxu
Zinaida Rəsulova – 100!

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvü, İkinci Dünya Müharibəsi veteranı Rəsulova Zinaida İliniçnanın 100 illik yubileyidir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq Zinaida Rəsulovanı yubiley münasibəti ilə təbrik edir, ona möhkəm cansağlığı arzulayırıq. P.S.Xatırladaq ki, 23 iyun 1923-cü il təvəllüdlü Zinaida Rəsulova İkinci Dünya Müharibəsində faşizmə qarşı mübarizədə aktiv iştirak edib, göstərdiyi qəhrəmanlıqlara görə hərbi komandanlıq tərəfindən dəfələrlə təltif olunub.

Hamısını oxu