Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qələbənin Ruhunu Daşıyan Ağdam: Muğam Mərkəzinin Açılışı və Qarabağ Dirçəlişi

2020-ci ilin payızında sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi bir daha sübut etdi ki, Vətəni qoruyan, onu canı ilə yoğuran xalq məğlubedilməzdir. Bu müharibə Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazıldı. Vətən sevgisi, birlik və şəhidlik kimi ali anlayışlar o günlərdə yenidən canlandı, çiçəkləndi və Zəfərlə taclandı. Həmin 44 gün təqvimdəki bir-biri ardına düzülən sadə rəqəmlər deyildi. Hər günü torpaq uğrunda canını fəda edən minlərlə qəhrəmanın həyat hekayəsi idi. O günlərdə silaha çevrilən qəlblər, səngərlərdə dua ilə gözlərini yuman mücahidlər, canından keçən gənc əsgərlər bir anda həm qəhrəman, həm də Vətənin özü oldular. Bu gün dağlar onların dilində danışır. Hər zirvə bir igidin adını pıçıldayır. Azad edilmiş ərazilərin adları artıq sadəcə coğrafi məkan deyil, həm də şəhid qanı ilə yoğrulmuş müqəddəs nişanələrdir. Azərbaycan əsgəri yalnız silahı ilə deyil, ruhu ilə, xalqının duası ilə döyüşdü. Bu Zəfərin arxasında yalnız ön cəbhədə vuruşan qəhrəmanlar yox, arxa cəbhədə dua edən analar, “Qarabağ Azərbaycandır!” deyən uşaqlar, bir millət kimi çırpınan milyonlarla ürək dayanır. 44 gündə Azərbaycan xalqı bir nəfəs, bir yumruq, bir ruh oldu. Müharibə ağrı və acılarla da keçdi. Biz şəhidlər verdik. Göz yaşları axdı. Lakin bu göz yaşları məğlubiyyətin yox, qürurun, Zəfərin göz yaşları idi. Vətən müharibəsinin qəhrəmanları bu gün də bizimlədir. Onlar bizə öyrətdilər ki, Vətən torpaqla deyil, onun uğrunda canından keçənlərlə ölçülür. Bu gün azad Şuşada dalğalanan bayraq, Ağdamda açılan Muğam Mərkəzi, Xankəndində fəaliyyətə başlayan universitet - hamısı bu qəhrəmanların ruhunun təntənəsidir. 2025-ci il mayın 10-da Ulu Öndər Heydər Əliyevin doğum günündə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Muğam Mərkəzinin rəsmi açılışı oldu. Bu Qarabağın mədəni dirçəlişinin başlanğıcını ifadə edən simvollardandır. Muğam əsrlərin içindən gələn xalq nəğməsidir. İndi isə bu nəğmə yenidən Ağdam səmasında səslənir. Bu musiqi bizim yaddaşımız, ruhumuz, keçmişimiz və Vətənə olan sevgimizin dilidir. Ağdam Muğam Mərkəzi 507 yerlik konsert zalı, sərgi salonu, dərs otaqları, kitabxana və açıq amfiteatrı ilə milli irsimizin yaşadılması və gələcək nəsillərin yetişdirilməsi üçün böyük bir mədəniyyət abidəsidir. Prezident İlham Əliyevin açılış mərasimindəki nitqi xalqın ruhunu oxşadı. Onun “Biz bu torpaqlarda əbədi yaşayacağıq” sözləri təkcə siyasi mesaj deyil, mənəvi inam və əzmin ifadəsidir. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da bu layihənin ərsəyə gəlməsində mühüm rol oynayıb. Fondun təşəbbüsü ilə keçirilən beynəlxalq muğam festivalları və gənc ifaçıların dəstəklənməsi milli irsə verilən önəmin göstəricisidir. Qarabağ səmasında səslənən hər nəğmə bizə bir həqiqəti xatırladır: bu torpaqlar bizimdir, biz buradayıq və əbədi qalacağıq. Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər, xüsusilə də şəhid ailələri, müharibə veteranları və qazilər üçün böyük mənəvi dayaqdır. Bu çıxışlar milli birliyimizin və dövlətçiliyimizin sarsılmaz dayağını bir daha təsdiqləyir. 2023-cü il sentyabrın 20-də Azərbaycanın dövlət suverenliyi tam bərpa edildi. Qondarma “Dağlıq Qarabağ Respublikası” tarixin arxivinə göndərildi. Bu, yalnız siyasi deyil, həm də mənəvi qələbə idi. Bu gün artıq Ağdam dirçəlir. Şəhər yenidən öz ritminə, nəfəsinə qovuşur. Dəmir yolları, avtomobil yolları, yaşayış kompleksləri, təhsil və mədəniyyət ocaqları biri-birinin ardınca istifadəyə verilir. Dəmir Yolu Vağzalı, Ağdam–Xankəndi–Şuşa dəmir yolu layihəsi, planlaşdırılan Xankəndi–Şuşa kanat yolu və digər infrastrukturlar Qarabağın gələcəyinə olan inamın təzahürüdür. Prezidentin bu sözləri isə hər bir azərbaycanlının qəlbində əbədi yer alır: “Mən sizin hamınızı ürəkdən təbrik edirəm həm bu möhtəşəm Muğam Mərkəzinin açılışı, həm də bizim bütün uğurlarımız münasibətilə. Biz müzəffər xalqıq, qalib xalqıq. Öz torpağımızda yaşayırıq.” Ağdam Muğam Mərkəzinin açılışında Prezident İlham Əliyevin söylədiyi bu sözlər gələcəyə olan inamın ifadəsidir:“İstərdim ki, artıq bu gözəl salonda müntəzəm olaraq gözəl muğam bayramları, o cümlədən muğam müsabiqələrinin tədbirləri keçirilsin. Əminəm ki, belə də olacaq.” Bu sözlər həm mədəniyyətimizin dirçəlişi, həm də milli ruhumuzun yeni mərhələyə qədəm qoyması baxımından dərin məna daşıyır. Azərbaycan xalqı artıq gələcəyə inamla addımlayır. Qarabağın azadlığı ilə başlayıb, onun yenidən qurulması ilə davam edən bu yol, həm fiziki, həm də mənəvi yüksəlişin yoludur. İmarət Kompleksinin bərpası, Ağdam Cümə Məscidindən Qiyaslı məscidinə qədər aparılan işlər, Xaçınçay su anbarı, müasir infrastruktur layihələri, yeni mehmanxanalar və kənd təsərrüfatına qaytarılan münbit torpaqlar bütün bunlar Azərbaycanın bu torpaqlara verdiyi dəyərin və gələcəyə olan baxışının bariz nümunəsidir. Ən mühüm məsələ isə budur: xalqımız bir amal, bir məqsəd ətrafında – müstəqil, güclü və qalib Azərbaycan uğrunda sıx birləşmişdir. Bu birliyimiz, milli ruhumuz və Vətənə sədaqətimiz bizim tükənməz gücümüz, Zəfərimizin qaynağıdır. Bu münasibətlə bütün xalqımızı, xüsusilə də Ağdam sakinlərini Muğam Mərkəzinin açılışı münasibətilə səmimi-qəlbdən təbrik edirik. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürümüzü bildiririk. Biz Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq hər zaman dövlətimizin, xalqımızın və müdrik liderimizin ətrafında sıx birləşərək Azərbaycanımızın parlaq gələcəyi naminə bütün gücümüzlə çalışacağımıza, ölkəmizin rifahı, əmin-amanlığı və suverenliyinin qorunması uğrunda var qüvvəmizi əsirgəməyəcəyimizə söz veririk.

Cəlil Xəlilov  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

2025-05-12 14:56:35
3340 baxış

Digər xəbərlər

COP 29 bir daha sübut etdi ki, Azərbaycan dünyanın nüfuzlu dövlətlərindəndir

  Üzərinə aldığı bütün vəzifələrin öhdəsindən uğurla gələn, tarixdəki yerini və rolunu gerçəkləşdirdiyi genişmiqyaslı beynəlxalq layihələr, humanitar form, simpozium və konfranslarla müəyyənləşdirən Odlar Yurdu Azərbaycan Prezident İlham Əliyevin iradəsi ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində gerçəkləşən COP 29 konfransına da uğurla ev sahibliyi etdi. BMT-nin Baş katibinin, 80-dən çox ölkənin prezidentinin, vitse-prezidentinin, baş nazirlərin, nazirlərin, 72 mindən artıq vətəndaşın iştirak etdiyi bu möhtəşəm tədbirdə dünyanın qlobal problemləri müzakirə olundu, onun həlli yolları müəyyən edildi. Hər günü bir dastan olan 44 günlük Vətən Müharibəsindən sonra ölkəmizdə hər günü ciddi bir əsər olan COP 29 yaşandı. Dövlətimizin əzəmətini, iradəsini, xalqımızın Vətən sevgisini, qonaqpərvərliyini bir başqa biçimdə dünyaya təqdim edən COP 29 pavilyonlarında cərəyan edən hadisələr hər kəsin marağına səbəb oldu. Artıq tarixə çevrilən COP 29-un açılış mərasimindən tutmuş, ilk iş gününə qədər hər gün zəngin qrafiklə müşaiyət olundu. İntensiv danışıqlar və diplomatik səylər nəticəsində konfrans iştirakçıları arasında ümumi razılığın əldə olunması, bəşəri dəyərlərə töhfə olmaqla yanaşı, dünyanı düşündürən məsələlərin gündəmə gətirilməsi ilə yadda qaldı. Tərəflərin etibarlı və şəffaf karbon bazarları üçün standartlar barədə razılığa gəlməsi, inkişaf etməkdə olan ölkələrə resursların yönləndirilməsini asanlaşdırmaq, sərhədlərarası əməkdaşlıq yolu ilə milli iqlim planlarının təbliğini uzlaşdırmaq kimi ciddi, eyni zamanda məsuliyyətli vəzifəni  dünyanın 80 ölkəsindən gələn liderlərin üzərinə alması COP 29-da qaldırılan məsələlərin tarixi əhəmiyyətini elə ilk gündən sübut etdi. Dünya liderlərinin iki gün davam edən iqlim fəaliyyəti ilə bağlı sammiti də tarixi əhəmiyyəti ilə yadda qaldı. Dövlət və hökumət başçıları, vitse-prezindentlər Paris sammiti çərçivəsində görülən işlər, atılan addımlar barədə bəyanatla çıxış etdilər. 70 min nəfərin iştirak etdiyi iqlim fəaliyyəti ilə bağlı sammit dünyanı narahat edən bu məsələnin həlli yollarının müəyyənləşməsinə təkan verəcək amillərdən olduğunu təsdiqlədi. Çoxşaxəli və istiqamətli bankların, ümumiyyətlə bank sektorunun aşağı və orta gəlirli ölkələrə 2030-cu ilə qədər 120 milyard dollar vəsaiti ayırmağı üzərinə alması da sammitin yadda qalan məqamlarından oldu. Zərərlər fonduna dünyanın inkişaf etmiş ölkələri tərəfindən yardımın ayrılması, nəzərdə tutulan məbləğin elan edilməsi, bu məsələ ilə bağlı sazişin imzalanması ciddi məsələlərdəndi. ABŞ, Çin və Azərbaycan metan sammitində bu ölkələrin tullantılardan yaranan emissiyaların azaldılmasının siyasətçilər tərəfindən müzakirəsi dünyanı düşündürən problemlərdən idi. Sammit çərçivəsində ABŞ, Çin və Avropa Birliyi bu sahədə mühüm öhdəliklərini diqqətə çatdırdılar. Kiçik Ada dövlətləri üçün dəstək layihəsinin liderlər tərəfindən gündəmə gətirilməsi, iqlim maliyyələşdirilməsinin əlçatanlığı ilə bağlı qarşıda duran vəzifələrin müzakirəsi, COP 29 çərçivəsində Kiçik Ada dövlətlərinin rəsmilərinin qaldırdıqları problemlərin diqqətə alınması ümumbəşəri prinsiplərə verilən töhfələr sırasına yazıldı. İqlim və səhiyyə davamlılığı komissiyası ÜST və COP 29-dan COP 30-a qədərki prezidentliklərinin nümayəndələri iqlim məsələlərinə səhiyyənin inteqrasiyasını təsdiq edən koalisiyasını təqdim etməklə bu həssas məsələnin ciddiliyini bir daha önə çəkdilər. İkilik, şəffaflıq hesabatları mövzusunda təşkil edilən sessiyada Azərbaycan, Andorra, Yaponiya və digər ölkələr hesabatların erkən təqdim olunacağını bəyan etməklə kifayətlənmədilər, şəffaflığın mühüm əhəmiyyətini qeyd etdilər. Sammit çərçivəsində ayrıca maliyyə, investisiya və ticarət gününün keçirilməsi, bu sahədə özəl sektorun yerinin xüsusi olaraq vurğulanması diqqətçəkən məsələlərdən idi. 10 milyondan çox aktiv idarə edən investor qruplarının özəl kapitalın iqlim bazarlarına yönləndirilməsinə dəstəyi öz üzərinə alması, Asiya İnkişaf Bankının buzlaqların qorunması üçün ayırdığı vəsaitin ciddi bir məbləğ olmaqla yanaşı bu həssas məsələyə diqqət çəkməsi, Azərbaycan banklarının Yaşıl Dünya üçün, Kanadanın İqlim adaptasiyası üçün xeyli vəsait ayırması faktı da ölkəmizdə keçirilən COP 29-un tarixi əhəmiyyətini bir daha göz önündə sərgilədi. Bakı iqlim maliyyəsi təşəbbüsünün COP 29 rəhbərliyinin maliyyə, ticarət və investisiyanın iqlim gündəminin mərkəzində yer alması bu təşəbbüsün tarixi əhəmiyyətini sübut etdi. Sammit çərçivəsində Enerji, Sülh, Yardım və Bərpa günün seçilməsi ilə enerji öhdəliklərinin diqqətə çatdırılması, öhdəliklərin müəyyən edilməsi, enerji saxlama, şəbəkələr, bərpa olunan enerji zonaları, hidrogenlə bağlı yeni təşəbbüslərin elan edilməsi, hidrogen layihələri, inkişaf maliyyə institutları, inkişaf etməkdə olan ölkələrə bu istiqamətdə dəstəyin verilməsi ilə bağlı məsələlərin müzakirəsi, Urbanizasiya, Nəqliyyat və Turizm günü çərçivəsində bu istiqamətdə qarşıda duran vəzifələrin müzakirəyə cəlb olunması Bakı sammitinin tarixi əhəmiyyətini bir daha diqqətə çatdırdı. 50-dən çox ölkənin iştirakı ilə gəmiçilikdə emissiyaların müzakirəsi də diqqətçəkən faktlar sırasında yer aldı. Təmiz qidalanma, təmiz enerji mənbələrinin yaranması üçün vəsaitin ayrılması, sülh və iqlim təşəbbüsü çərçivəsində 192 dövlətin COP Atəşkəs çağırışına dəstək verməsi Bakı Sülh və Bərpa çağırışının zamanın tələbi olduğunu təsdiq etdi. Sammit çərçivəsində Elm, texnologiya, innovasiya və rəqəmsallaşma kimi ciddi istiqamətlərin müzakirəsi, 90-dan çox hökumətin, mindən çox rəqəmsal texnologiya təşkilatının iqlim dayanıqlığını gücləndirmək üçün rəqəmsal alətlərdən istifadəni dəstəkləməsi, COP 29 Yaşıl Rəqəmsal Bəyannaməni imzalaması COP 29-un onuncu günü Kənd təsərrüfatı, təbii məhsulların istehsalı məsələlərinin təhlilə cəlb olunması, qarşıda duran vəzifələrin həlli yolları ilə bağlı fikir mübadiləsinin aparılması, ekoloji problemlərin, qaz emissiyalarının, iqlim dəyişikliyinin bu sahədə əldə olunan naliyyətlərə mənfi təsirlərinin diqqətə çatdırılması, ekoloji fəlakətlər, ərzaq qıtlığı, su çatışmazlığı kimi məsələlərlə üz-üzə qalan bəşəriyyətin nicatının ümumi məqsədlər naminə dünya dövlətlərinin ortaq dəyərlərə töhfəsinə bağlı olduğunu sübut etdilər. COP-29-un on birinci gününün biomüxtəliflik mövzusu ilə açılması bu sahənin mütəxəssislərinin maraqlı, həm də yaddaqalan çıxışları ilə müşayiət olunması onun məna tutumunu bir qədər də artırdı. Biomüxtəlifliklə bağlı məsələlərin bütün parametrləri ilə müzakirə olunduğu paneldə iqlim dəyişikliyində qadın liderlərin rolunun gündəmə gətirilməsi, iqlim problemlərinin həllində sadiq qızlar nəslinin yetişdirilməsi kimi prioritetlərin diqqətə çatdırılması Ana təbiətə, Anaların verə biləcəkləri töhfələrin daha çox ola biləcəyini təsdiqlədi. İqlim problemlərinin həllində uşaqların, yeniyetmələrin, gənclərin, liderlərin, qadınların, qeyri-hökumət təşkilatlarının rolu kimi ciddi məsələlərin diqqətə çatdırılması, müzakirəyə çıxarılması Bakı sammitinin tarixi əhəmiyyətini dünyaya bir daha nümayiş etdirdi. Plastik tullantıların effektiv idarə edilməsi, çətinlikləri, bu çətinlikləri anlamaq və imkanları kəşf etmək mövzusunun müzakirəsi, okeanlarda, dənizlərdə tullantıların mövcudluğu, onun sualtı biomüxtəlifliyə mənfi təsirləri kimi faktların qarşısının alınması istiqamətində görüləcək işlərə həsr olunan layihələrin dəstəklənməsi, okeanlarda və dənizlərdə plastik tullantıların qab şəklində istehsalının aradan qaldırılması, əsasən gəmi və qayıqlar, neft, qaz və mazut tullantıların vasitəsilə onların çirkləndirilməsi problemlərinin aradan qaldırılması, qarışısının alınması, suyun təmizlənərək yenidən istifadəyə yararlı vəziyyətə gətirilməsi kimi həlli vacib məsələlərin elmi aspektlərinin müzakirəsi maraq doğuran faktlardan idi. Şərqi və Qərbi Afrikada, isti ölkələrdə qida təhlükəsizliyi, qida problemləri, su ehtiyatlarının mənbələrinin tapılması, yaradılması, bunun üçün generasiya üsulunun tətbiqi kimi məsələlərin ciddi maliyyə imkanlarına ehtiyac olduğunu bir daha sübut etdi. BMT-nin Qırmızı Siyahısının Planetimizin xilası üçün Çağırışı isə xüsusi əhəmiyyəti ilə diqqət çəkdi. “İqlim-təbiət və insanlar üçün Meşələr!” “Meşələr üçün iqlim maliyyəsində istifadə!” çağırışlarının iştirakçı ölkələr tərəfindən maraqla qarşılanması bəşəriyyəti düşündürən bu həlli vacib məsələnin istiqamətini müəyyənləşdirdi. Oksigen bazalarının yaradılması üçün yeni meşə zolaqlarının salınmasının təxirəsalınmaz prioritetlər sırasında olduğunu təsdiq etdi. İqlim dəyişmələri, biomüxtəlifliyin itirilməsi, şəhərsalma arasında əlaqələrin öyrənilməsinə həsr olunan məsələlərin RİO-TRİO - təşəbbüsləri özündə ehtiva edən panel çərçivəsində təşkil edilən elmi konfransda müzakirəyə çıxarılması elmin, cəmiyyətin maariflənməsindəki yerini və rolunu müəyyən etdi. Bilik mübadiləsinin, elmi-innovativ vasitələrin bu məsələyə təsiri imkanları diqqətə çatdırıldı. İqlim problemlərinin həllində katalizator rolu oynayan gənclərin elmə istiqamətləndirilməsi üçün təhsil verənlərin üzərinə düşən vəzifələr barədə söz açıldı. COP 29 çərçivəsində “Dekorbanize Qlobal Uşaq Manifesti”nin qəbul edilməsi, manifestdə 75-dən çox ölkənin, bütün qitələrdən olan uşaqların biomüxtəlifliyin qorunması üçün bəşəriyyətə çağırışının əksini tapması sammitin təbiət-cəmiyyət-insan faktorlarının həlqəli şəkildə bir-birinə bağlı olduğunu bir daha təsdiq etdi. İqlim maliyyələşdirilməsində gender aspektlərinin nəzərə alınması, feminist təşkilatların bu istiqamətdə görüləcək tədbirlərə cəlb edilməsi məsələlərinin gündəliyə salınması, qeyri-hökumət və sahibkarlıq təşkilatlarının bu məsələdə aparıcı qüvvəyə çevrilməsi  faktlarının COP 29-un kürsüsündən səslənməsi, planetin problemlərinin həllində inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan və ehtiyac içərisində olan ölkələrə dəstəyinin vacib şərt kimi irəli sürməsi, onu ayrı-ayrı panellərdə müzakirəyə çıxarılması,  hüquqi bazasının prezidentlər, vitse-prezidentlər, baş nazir və nazirlər, spikerlər, dövlət və qeyri-hökumət təşkilatlarının rəhbərləri, alimlər tərəfindən müəyyənləşdirilməsi ölkəmizin ev sahibliyi etdiyi COP 29-un tarixi əhəmiyyəti ilə yanaşı onun keçmişlə gələcək, tarixlə müasirlik arasında körpüyə çevrildiyini təsdiq etdi. Müzakirə olunan məsələlərin əhatəli şəkildə araşdırılmasına, gündəliyə salınmasına baxmayaraq, diqqət tələb edən bəzi problemlərin çoxluğu, tədbirə ev sahibliyi edən ölkəmizin tərəflərə yaratdığı münbit şərait 11 gün nəzərdə tutulan COP 29-un bir gün də uzadılması məsələsini gündəmə gətirdi. 12 gün müzakirə edilən məsələlər sübut etdi ki, yüz illərdir müstəmləkəyə çevrilən, qayğılar içərisində üzülən ölkələrin sayı heç də az deyil. Ayrı-ayrı panellərdə, iclaslarda, müzakirələrdə qoyulan məsələlərin sırasında “Afrika gənclərini ön plana çəkmək, Korpus Afrika Yaşıl dərslərindən öyrənilən nəticələr” mövzusunda keçirilən paneldə iqlim dəyişikliyində afrikalı gənclərin, afrikalı kənd qadınlarının dinlənilməsi, onlara haqq etdikləri liderlik xüsusiyyətlərinin aşılaması, keyfiyyətlərinin təbliği, “Gənclərin iqlim və biomüxtəliflik çərçivələrinin həyata keçirilməsində rolu” kimi ciddi məsələlərlə yanaşı, “Ətraf mühit üzrə xəbərlər şəbəkəsi”ndə Afrikanın bu istiqamətdə üzləşdiyi problemlərin həlli yolları ilə bağlı qərarların alınması, gənclərin xəbərlər şəbəkəsinə qoşularaq bu məsələlərin ictimailəşdirilməsindəki rolu və yeri barədə məlumatların verilməsi COP 29-un yadda qalan günlərindən idi. Əlavə salınan, gündəlikdən kənar nəzərdə tutulan 12-ci günün qrafiki, ziyarətçilərinin sayının çoxluğu, müzakirə olunan məsələlərin əhəmiyyəti belə tədbirlərə sıx şəkildə ehtiyac olduğunu diqqətə çatdırdı. “Yaşlı nəsil, nəsillərarası ekoloji şüurun formalaşması” masasında müzakirə olunan ağacəkmə aksiyasının təbliği, ekoklubların yaranması kimi məsələlərin müzakirəsi, 12-ci günün panelinə xüsusi ahəng qatan təqdimatlar, “Gələcəyin qurulması” masasında müzakirə olunan məsələlər isə COP 29-un sanki bütün məqsədlərini, məramını üzə çıxardı. Sammitin bütün şərtlərini, parametrlərini sistemləşdirərək qaldırılan məsələlərin Yaşıl Gələcək Naminə Hərəkata töhfə olduğunu inamla ifadə edən masa iştirakçıları qənaətlərini xüsusi çarxlar vasitəsi ilə nümayiş etdirdilər. “Gələcəyin mövzusu” masasında dünyada və Azərbaycanda keçirilən COP layihələrinin əhəmiyyəti, COP 29-a ev sahibliyi dövründə Azərbaycanın tarixi xidmətləri, BMT-nin layihələrinə diqqət və qayğısı barədə ehtiramla söz açıldı. COP irsinin fundamental irs olaraq bundan sonra da davam etdiriləcəyi diqqətə çatdırılırdı. 12-ci gün çərçivəsində Dayanıqlı İnkişafa töhfə sayılan dəyirmi masalar, panellər çərçivəsində “Azərbaycan İrəvanı” adlı kitabın təqdimatı sosial layihə olan COP çərçivəsində tarixi torpaqlarımızda, Qərbi Azərbaycanda mövcud olan, lakin, 1988-ci ildən, Azərbaycanlıların deportasiyasından sonra erməni daşnakları tərəfindən vandalizmə məruz qalan, tarixi abidələr və məhv edilən Yaşıl Dünya barədə məlumat verilirdi ki, bu da COP 29-un siyasi əhəmiyyətinə bir nümunə idi. BMT-nin Baş Katibi Antonyo Quterreşin Bakıdan, Xəzərin sahilindən üzünü dünyaya tutaraq “İndi mümkün kompromis sahələri tapmaq vacibdir!” nidası ilə çağırış etməsi, ədalətdən uzaq Qərb dövlətlərinə - BMT-nin qurucularının bəzilərinin üzünə dəyən sərt “Osmanlı tokatı” oldu. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı dörd qətnaməsi 30 il icra olunmayan, Ermənistan silahlı qüvvələri tərəfindən daşı daş üstə qalmayan Qarabağın, Şərqi Zəngəzurun yer üzündən silinməsinə ikili standartları sərgiləyən, demokratik dəyərlərdən, humanist prinsiplərdən danışanlar Azərbaycanın ləyaqətlə ev sahibliyi etdiyi COP 29-da dövlət başçıları səviyyəsində təmsil olunmadılar. Bu tədbirin bizdən çox onlara, bütün dünyaya, bəşəriyyətə aid olunduğunu unutdular!  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qüdrətli lider obrazı ilə bütün dünyaya bir daha sübut etdi ki, burada, Güney Qafqazda bir qüdrətli ölkə, dövlət, əzəmətli xalq var. Ona inanmaq, ona arxalanmaq, ona bio-resurslarına görə deyil, qüdrətli şəxsiyyətlərinə, fikir və düşüncə sahiblərinə, ümumbəşəri dəyərlər xəzinəsinə min illərdir töhfələr verən mütəfəkkir alimlərinə, xeyirxahlığı, yaxşılığı, mərhəməti, məhəbbəti, multikultural dəyərləri, humanist prinsipləri həyat tərzinə çevirən, açıq süfrəsi, geniş qəlbi ilə dünya insanına örnək olan xalqına görə dəyər vermək gərəkdir! O, bir Müzəffər Ali Baş Komandan kimi bu həqiqəti dünyaya, iradənin gücü, xarakterin əyilməzliyi ilə “Əziz Şuşa Sən Azadsan!” nidasıyla üç rəngli, hilallı, ulduzlu Bayrağımızı Şuşa qalasından asarkən nümayiş etdirmişdi! Hər hansı bir dövlətin, dövlət başçısının tədbirdə iştirakından asılı olmayaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfər Konfransının 29-cu sessiyasının - COP 29-un Bağlanış mərasimi, alınan qərarlar, iştirakçı dövlətlərin iradəsini ifadə edən, tərəfləri razı salan maliyyə sənədi - Bəyənnamə bəşəriyyətin taleyi, gələcəyi naminə ciddi rəsmi sənəd kimi tarixə yazıldı. Sübut etdi ki, Azərbaycan təkcə Güney Qafqazın deyil, dünyanın qüdrətli dövlətlərindən biridir.                                                                                                                                                                                                                                       Cəlil Xəlilov                                                                   Azərbaycan Respublikası Müharibə,                                                                  Əmək və Silahlı Qüvvələr Veteranları                                                                         Təşkilatının sədri, polkovnik      

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının üzvləri şəhid ailəsini ziyarət ediblər

Veteran.gov.az xəbər verir ki, 18 mart tarixində Cəlilabad rayon Veteranlar Təşkilatının üzvləri rayon mərkəzindən 47 kilometr uzaqlıqda yerləşən ucqar dağ kəndi Musalıya gedib kənd orta məktəbinin direktoru İsrail Quluyevin və veteran müəllim Adıgözəl Nuriyevin  iştirakı ilə şəhid Elşən Niftullayevin ailəsini ziyarət ediblər. Təşkilatın sədri Ədalət Salman şəhid ailəsini Novruz bayramı münasibəti ilə Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova və sədr müavini polkovnik Cəlil Xəlilovun adından təbrik etdikdən sonra şəhidlər haqqında yazdığı kitabı şəhidin ev muzeyinə bağışlayıb. Şəhidin babası Gülağa kişi bu əziz gündə şəhid qapısını açıb ailəsinə baş çəkdikləri üçün Veteranlar Təşkilatının üzvlərinə minnətdarlığını bildirib və onları şəhidin qardaşının aprel ayında keçiriləcək toy şənliyinə dəvət edib. Qeyd edək ki, Elşən Əfqan oğlu Niftullayev Vətən müharibəsində göstərdiyi igidliyə görə ölümündən sonra Prezidentin fərmanı ilə  "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" və "Vətən uğrunda" medalları ilə təltif olunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin.  

Hamısını oxu
72 gün sonra şəhid xəbəri gəldi

Azərbaycan Silahlı Qüvvəllərinin zabiti Vəliyev Vüsal İslam oğlunun şəhid olduğu müəyyənləşib. “Qafqazinfo” xəbər verir ki, yaxınlarının zabitlə əlaqəsi oktyabrın 2-də kəsilmişdi.  Murov zirvəsi uğrunda gedən döyüşlərdə şəhid olan mayorun cənazəsi sabah Naxçıvana yola salınacaq. Qeyd edək ki, Vəliyev Vüsal 1988-ci ildə Şərurun Dizə kəndində anadan olub. Nişanlı olan mayor Vəliyevin qarşıdakı aylarda toyu planlaşdırılırdı. Şəhid zabitin atası isə oğlunun itkin düşməsi xəbərinə dözməyib oktyabrın 13-də, övladı üçün ev tikmək məqsədilə aldığı torpaq sahəsində olarkən qəfil dünyasını dəyişib. Allah rəhmət eləsin!

Hamısını oxu
Böyük Vətən müharibəsində həlak olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb

Bakı, 9 may, AZƏRTAC Mayın 9-da faşizm üzərində tarixi Qələbədən 75 il keçir. AZƏRTAC xəbər verir ki, bu münasibətlə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar. Qeyd edək ki, Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr verib. Bu Qələbənin qazanılmasında çox böyük payı olan xalqımız 600 min oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə qəhrəmanlıqla həlak olub. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə Azərbaycanın 123 nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub. Bu qələbədə Azərbaycan nefti həlledici əhəmiyyət kəsb edib. Azərbaycan sovet ordusu üçün yanacaq-sürtkü materiallarının əsas tədarükçüsü olub. Mühərrik yağlarının 90 faizi, benzinin 80 faizi, neftin isə 70 faizi Azərbaycan tərəfindən təchiz olunub. Böyük Vətən müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri hər zaman hörmətlə anılıb. Amma 1992-ci ildə Xalq Cəbhəsi çevriliş yolu ilə hakimiyyətə gələndə 9 May bayramını ləğv etmişdi və veteranlar mənəvi terrora məruz qalmışdılar. Xalqımızın ümummilli lideri Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdandan sonra müharibə veteranlarının hüquqlarını bərpa etdi, onları “xalqımızın qızıl fondu” adlandırdı. Prezident İlham Əliyev də müharibə veteranlarının sosial problemlərinin həllini diqqət mərkəzində saxlayır, 9 May - Qələbə bayramı ərəfəsində onlara maddi yardımlar göstərilir. Böyük Vətən müharibəsi bizim şanlı tariximizdir. O dəhşətli müharibədə misilsiz şücaətlər göstərən qəhrəman oğul və qızlarımız bu gün də hörmətlə xatırlanır və 75 il keçsə də onların qazandığı tarixi Qələbə öz əhəmiyyətini itirmir.

Hamısını oxu