Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qəhrəmanlar unudulmur! Əsrə Bərabər Ömür: Nəbi Nuriyev

Səssiz-səmirsiz bir kəndin köhnə həyətində bir zamanlar dərin düşüncələrə qərq olmuş ağsaçlı bir kişi oturardı. Baxışları uzaqlara dikilərdi və sanki keçmişin tozlu yollarında, döyüş səngərlərində, itirilmiş yurd yerlərində gəzirdi. O, müharibənin od-alovundan keçmiş, taleyin sərt sınaqlarından alnıaçıq çıxmış bir Azərbaycan övladı Nəbi Nuriyev idi. Nəbi Nuriyev bu dünyadan köçsə də, onun qürur dolu ömrü, yaddaşlarda iz qoyan xatirələri, yaşadığı həyat və qoyub getdiyi irs yaşamaqdadır. O,  bir dövrün canlı siması, bir xalqın hekayəsi, bir millətin şəxsiyyət salnaməsi idi. Nəbi Nuriyev Qərbi Azərbaycanın Vedi rayonunda anadan olmuşdu. 1942-ci ildə Qarabağlar rayon hərbi komissarlığından cəbhəyə yola düşmüş və 130-cu atıcı alayın tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. Döyüşlərdə göstərdiyi şücaət və fədakarlığa görə ona çavuş rütbəsi verilmiş, daha sonra isə bölmə komandiri vəzifəsinə yüksəlmişdir. Nəbi Nuriyev təkcə Almaniyaya qarşı gedən döyüşlərdə deyil, həm də Sovet-Yapon müharibəsindəki ağır döyüşlərdə iştirak etmişdir. Xüsusilə Kvantun ordusunun darmadağın edilməsində onun da mühüm rolu olmuşdur. Yaponiyanın Vadlin şəhərinədək uzanan döyüş yolu keçən Nəbi Nuriyev Kvantun ordusunun təslim olması əməliyyatında qəhrəmanlığı ilə fərqlənmişdir. Yaponiya üzərində qələbəyə görə, həmçinin Qələbənin 20, 40, 50, 60, 65, 70 və 75 illik yubiley medalları ilə təltif olunmuş, II dərəcəli "Vətən Müharibəsi Veteranı" medalı və SSRİ Silahlı Qüvvələrinin 70 illik yubiley ordeninə layiq görülmüşdür. 2000-ci ildə isə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə "1941–1945-ci illər müharibəsi veteranı" nişanı ilə də təltif olunmuşdur. Lakin Nəbi Nuriyevin mübarizəsi bununla bitmədi. Vətənə döndükdən sonra qarşılaşdığı həyat döyüş meydanlarından heç də daha asan deyildi. Gəncliyini səngərlərdə qoymuşdu, amma ümidini yox. 1946-cı ilin dekabrında yurduna qayıtdı, ailə qurdu. Lakin 1949-cu ilin sərt qışında həyat onu yenidən sınağa çəkdi. İki yaşlı oğlu, 40 günlük körpəsi və həyat yoldaşı ilə birlikdə doğma elindən deportasiya edildi. İmişlinin Qaralar kəndinə köçürüldü. Burada kənd ağsaqqalı Qurban kişi ona sığınacaq verdi. Kolxoz sədri Mirəli kişinin dəstəyi ilə taxılçılıq sahəsində briqadir təyin olundu. Həyatın acı-şirin günlərini görən Nəbi kişi bir buğda dənəsinin belə itkiyə getməsinə imkan verməzdi. Kolxoz rəhbərliyi onun təhsil almasına şərait yaratdı. Ağdamdakı kənd təsərrüfatı kadrlarının ixtisasartırma məktəbində təhsil aldı. Təqaüdə çıxanadək müxtəlif vəzifələrdə çalışdı. Müharibə və əmək veteranı kimi el-obada və rayonda hörmət qazandı. Birinci Qarabağ müharibəsi və 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi zamanı da igidlərimizə xeyir-dua verənlərdən biri məhz o olmuşdu. Çünki müharibənin nə demək olduğunu o, səngərlərdə, barıt qoxulu gecələrdə, itkilərin ağrısında yaşamışdı. Bu savaş artıq uzaqlarda deyil, doğma Qarabağ torpağında baş verirdi. Cəbhəyə yollanan igidlər arasında onun doğmaları da var idi. Ailəsi arasında şəhid olanlar, yaralananlar oldu. Nəvəsi Rövşən Binnətov Vətən müharibəsinin könüllü iştirakçısı kimi cəbhəyə yollanmış, bir sıra ərazilərimizin azad olunmasında iştirak etmiş, “İgidliyə görə” medalı ilə təltif olunmuş və zabit rütbəsi almışdır. 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində misilsiz qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad etdi. Bu qələbə təkcə bu günün nəsli üçün bir dərs deyil, Nəbi Nuriyev kimi igidlərin, əsgər babaların illərlə qəlblərində daşıdıqları müqəddəs arzu və amalın gerçəkləşməsi üçün bir addım idi. Nəbi Nuriyev düz 100 il yaşadı və şərəfli, qürurlu və ləyaqətli bir ömür sürdü. Bu ömürdə müharibə, deportasiya, zəhmət, ailə sədaqəti, zəfər və Vətən sevgisi vardı. Böyük Vətən Müharibəsinin 80 illik yubileyinin qeyd olunması da məhz Nəbi Nuriyev kimi fədakar insanların sayəsində mümkün olmuşdur. O, bu yubileyin mənəvi daşıyıcısı olmaqla yanaşı, tariximizin canlı şahidlərindən biri kimi yaddaşlarda qalacaqdır. Ona təqdim edilən medallar və təşəkkürnamələr Azərbaycan xalqının öz qəhrəman övladına göstərdiyi dərin ehtiram və minnətdarlığın parlaq ifadəsidir. Nəbi Nuriyev həm döyüş, həm əmək meydanlarında xidmət etmiş, dövlətə və Vətənə sədaqətlə bağlı olan nadir şəxsiyyətlərdən biri idi. Nə qədər ki, Azərbaycan dövləti və bu torpaq var, xalqımız yaşayır Nəbi Nuriyevin adı və əziz xatirəsi də əbədi yaşayacaqdır.

Cəlil Xəlilov  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

2025-05-12 14:57:28
3474 baxış

Digər xəbərlər

Çari Əvəz: 35 yaşında həyatla vidalaşan əbədiyyət şairi...

                                    “Qardaş xalqlar ədəbiyyatı - Özbək ədəbiyyatı” silsiləsindən VI yazı  1957-ci ilin dekabr ayının 11-də Özbəkistan Respublikasının Qaşqadərya vilayətinin Güzar rayonunun Tacik kəndində dünyaya gəlib. “Dartılmış kaman”, “Payız səhəri”, “Oyanışdan başqa tale axtarma”, “Seçilmə” ləri, balacalar üçün “Bir dünya sual”, “Mən də bir Özbəkistanam” topluları, həm də “Xoşbəxtlik bu deyilmi?” adlı esse, ədəbi fikirləri və tərcümələri daxil edilən kitabları nəşr edilib. “Almanax”, “Əsr avazı”, “Payızda gülən çiçəklər”, “Yolqun” və başqa ümumi toplularda şeirləri, ədəbi məqalələri nəşr edilib. Çari Əvəz milləti yüksəldən, Vətənin müstəqilliyi üçün yanaraq səs salan yaradıcı idi. 35 yaşında həyatla vidalaşsa da onun adı, şeirləri kitabsevərlər, ədəbiyyat araşdırıcılarının qəlbində hər zaman sağdır.   Bir şair haqqıdna mahnı  Bir şair yaşardı Daşkənd şəhrində, Daima özü də özünə gülüb.   Bir şair yaşardı Daşkənd şəhrində, Hər gün min doğulub, min dəfə ölüb.   Bir şair yaşardı Daşkənd şəhrində, Böyük, yaraşıqlı, nurlu xanəsi.   Bir şair yaşardı Daşkənd şəhrində, Damcı daman evdə yaşar anası.   Bir şair yaşardı Daşkənd şəhrində, Yuxuda kənd, vadi, təpəni gəzir.   Bir şair yaşardı Daşkənd şəhrində, Anası kəndçidir, yarısa şeir.   * * * Hər addımda tuş gələrsən, Bir nakəsə, ya da xama. Daş ya kəsək atacaqdır, Gizli, aşkar pak bir adama. Eyb söykənər günahsızlara, Aldadar, töhmət toxuyar, O nakəslər bilməyəntəkdir Bəşər nə qədər azad yaşar. Qəfil canda qan dalğalanar, Oyaqmısan, varmısan, üsyan! Tez ol, sən də dayan ey dünya! Tez ol, sən də ey dünya, oyan! Lakin dünya sakit, Elə sakit ki, Yaxasından tutub dünyanın Silkələməyin gəlir. Ta Pislikləri tökülüncə!   Sübh düşüncələri   Ay var idi, Ay batıb getdi, Ulduzlar oldular lal – qayib. Demək yenə bir gecə ötdü…   Ta ki sağam, varlığım mənim, Şadlıq bəxş eləyə dostlara. Hətta adımı yad etsə hər kim, Dost kimi gülümsəsin bu ara.   Qəmgin olsa, qayğısı bitsin, Kənar olsun könül qubarı. Təzə ottək daş yarıb çıxsın, Qova bilsin qəmi, ağrıları.   * * * Vətən, mənim ürək iplərim. Olar-olmaz səmavi qüdrət. Səmavi bir inam - avara Ürəyinə bağlanıb fəqət.   Yaşayıram, dinclikdən keçib, Anlarımı rəngə salıb mən. Oyaq gecə fərəhin içib, Şəklini çəkirəm, Vətən!   Nəğmələrimə yar olub siman. Qəlb yerindən çıxar atılıb. Hər sətrimdən gülüb durar dan, Yurdu, getsəm sənə tapınıb.   Fəxri uca, eşqi tükənməz, Qoynunda bir müti insanam. Torpağında can verməyim bəs, Özüm də bir Özbəkistanam! Özbək dilindən uyğunlaşdıran: Şahməmməd Dağlaroğlu  

Hamısını oxu
Bakıda xeyriyyə məqsədilə “Qələbə qaçışı” təşkil ediləcək

Gənclər və İdman Nazirliyi noyabrın 9-da Bakıda “Qələbə qaçışı” xeyriyyə tədbiri keçirəcək. “Qürurla irəli” şüarı ilə təşkil ediləcək qaçış ötən il müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm zəfərin ildönümünə həsr olunub.   İanə...   Qaçışa qoşulmaq istəyən hər kəs “YAŞAT” Fonduna minimum 20 manat iştirak haqqı ödəməlidir. Fonda daha yüksək məbləğdə ianə etmək istəyənləri də sıramızda görmək xoş olacaq.   Məqsəd…   Xeyriyyə aksiyasında əsas məqsəd xalqımızın həmrəyliyini, dövlət-xalq birliyini bir daha nümayiş etdirməklə, Vətən uğrunda canını fəda etmiş, yaralanmış qazilərə dəstək olmaq, müharibə dövründəki qalib xalq ruhunu daim yaşatmaqdır.   Məkan…   “Qələbə qaçışı”nın iştirakçıları Dənizkənarı Milli Parkda, Elektra Hall-ın qarşısından start götürəcək və 5000 metrlik məsafəni əhatə edərək Bakı Dəniz Vağzalının qarşısında finişə çatacaqlar.   Qaçışdan əyləncəyə…   Bu qaçışda iştirak etməklə siz artıq qaliblər sırasındasınız! Günün maraqlı davamı üçün təşkilatçılar finişdə maraqlı proqram hazırlayıblar. Tədbirin qaçış hissəsi başa çatdıqdan sonra iştirakçıları urban (şəhər) idmanı master klasları, maraqlı tədbirlər və digər sürprizlər gözləyir.   Qeydiyyat…   Qaçışda iştirak üçün say limiti tətbiq olunacaq. Qeydiyyatdan ilk keçənlər qaliblər sırasında olmaq imkanı qazanacaqlar. 18 yaşdan yuxarı hər kəs qaçışda iştirak edə bilər. Bunun üçün, Təşkilat Komitəsinin təsdiqlədiyi əsasnaməyə uyğun olaraq və göstərilən link (https://www.smartscoring.com/az/form) vasitəsilə qeydiyyatdan keçmək kifayətdir. Qeydiyyat noyabrın 7-də saat 18.00-da başa çatır. Qeydiyyat başa çatdıqdan sonra, müraciəti qəbul edilmiş hər kəsin e-mailinə təsdiq məktubu və iştirakçı bələdçisi göndəriləcək.   Hamı üçün…   “Qələbə qaçışı”ndan sonra, bütün iştirakçıların e-mail ünvanlarına təşkilatçıların təşəkkür əlaməti olaraq, elektron sertifikatlar göndəriləcək.   Sağlamlığa faydalı…   Qaçış xeyriyyə aksiyası olmaqla yanaşı, həm də bədən tərbiyəsinin kütləviliyinə marağı artırmaq, idmanın inkişafına nail olmaq və əhali arasında sağlam həyat tərzinin təbliği baxımından faydalı olacaq.   Elə isə...   Qürurla irəli!   Ətraflı məlumat üçün və ya qeydiyyat zamanı yarana biləcək hər hansı bir sualla bağlı 050-593-37-47 mobil telefonla əlaqə saxlamaq, info@smartscoring.com e-mailinə yazmaq olar.

Hamısını oxu
Çox dəyərli Cəlil müəllim!

Çox dəyərli Cəlil müəllim! Bayramınız mübarək! Vətən sərhəddən başlayır, lakin sizlər sübut etdiniz ki, Vətəni sevməyin sərhədi yoxdur! Sərhədsiz arzularla sizi təbrik edirəm! Uzun ömürlər və müqəddəs işinizdə başarılar!

Hamısını oxu
“Sağlam və xoşbəxt uşaqlar” layihəsi həyata keçirilib

Veteran.gov.az xəbər verir ki, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə TƏBİB, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Respublika Pediatriya Mərkəzinin dəstəyi, Yeni Klinikanın təşkilatçılığı ilə “Sağlam və xoşbəxt uşaqlar” layihəsi həyata keçirilib. Layihə çərçivəsində uşaqlar üçün tibbi müayinələr və müxtəlif maarifləndirici sessiyalar təşkil olunub. Tədbirin əsas məqsədi uşaqlarda erkən diaqnostikanın təşviqi, eləcə də valideynlərin tibbi maarifləndirilməsinə dəstək göstərilməsi olub. Bakı Fotoqrafiya Evində keçirilən tədbirdə həkim-mütəxəssislər tərəfindən pediatrik, oftalmoloji və otorinolarinqoloji müayinələr aparılıb, uşaqların sağlamlıq vəziyyəti qiymətləndirilib. Eyni zamanda valideynlərə profilaktik tədbirlər və sağlam həyat tərzi ilə bağlı tövsiyələr verilib. Bununla yanaşı, iştirakçılar üçün maarifləndirici sessiyalar təşkil olunaraq uşaq üçün təhlükəsiz ev mühiti, rəqəmsal asılılıq, uşaqlarda sağlam inkişaf, düzgün qidalanma, fiziki aktivlik və digər mövzularda məlumatlar təqdim edilib. 50-yə yaxın uşağın iştirak etdiyi layihə çərçivəsində müxtəlif oyunlar, əyləncəli proqramlar və yaradıcı fəaliyyətlər də təşkil olunub. Balacalar həm də xoş, rəngarəng və yaddaqalan anlar yaşayıb.  

Hamısını oxu