Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

28 May – Müstəqillik Günü: Tarixi Yaddaş, Millətin Dirçəlişi

Tarixdə elə günlər var ki, bəzən bütöv bir millətin taleyini dəyişir. O günlər millətin ruhuna hopur, yaddaşına köçür və hər nəsildə yeni nəfəs kimi doğulur. 28 May məhz belə bir gündür. 28 may Azərbaycanın dövlətçilik salnaməsində qızıl hərflərlə yazılmış müqəddəs bir tarix, bir millətin öz taleyini öz əllərinə almaq iradəsidir. Bu gün, Azərbaycanın azad nəfəs aldığı, müstəqilliyini dünyaya bəyan etdiyi gündür. Bu gün, əsrlər boyu istiqlal həsrəti ilə yanan ürəklərin dualarının cavabı, yurd uğrunda şəhid olanların xatirəsinə yazılmış bir qələbə nəğməsidir. 1918-ci il İstiqlal günəşi doğurdu. 1917-ci ilin çalxantılı Rusiyasında çar taxtdan salındı, imperiyanın divarları çat verdi. Bu çatlar arasında əsrlərlə sıxılmış xalqlar öz yolunu seçmək üçün fürsət qazandı. Azərbaycan xalqı da bu tarixə öz möhürünü vurdu. 1918-ci ilin 28 mayında Tiflisdə bir qrup maarifçi, mütəfəkkir və mübariz şəxs Məhəmməd Əmin Rəsulzadə başda olmaqla Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını elan etdi. Bu, təkcə bir dövlətin deyil, bir ümidin, bir qürurun, bir arzunun doğulması idi. "Bir kərə yüksələn bayraq, bir daha enməz!" deyən Məhəmməd Əmin Rəsulzadənin səsi təkcə dövrünün deyil, gələcək nəsillərin də azadlıq çağırışı oldu. Demokratiyanın Şərqdəki qapısı Azərbaycan Xalq Cümhuriyyəti – Şərqin ilk parlamentli respublikasına çevrildi. Bu dövlət cəmi 23 ay yaşadı, lakin bu zaman ərzində bir əsrə bərabər izlər buraxdı. Avropanın əksər ölkələrindən əvvəl qadınlara seçki hüququ verildi, Azərbaycan dili dövlət dili elan edildi, üçrəngli bayraq qəbul olundu, milli ordu, milli bank və pul vahidi yaradıldı, 1918-ci il 4 iyunda Osmanlı dövləti tərəfindən tanındı, Bakı azad edilərək milli hökumət şəhərə köçürüldü. Bu dövlətin ruhunda bərabərlik, ədalət və millətinə sədaqət vardı. Hətta "millət, məzhəb, sinif, cins fərqi qoymadan hər kəsin hüququ qorunacaqdır" deyə yazılmışdı İstiqlal Bəyannaməsində. Bu bəyannamə bir millətin azadlıq manifesti idi. 1920-ci ilin aprelində bolşeviklər Xalq Cümhuriyyətinin ömrünü yarımçıq qoydular. Müstəqillik nəğmələri sükutla əvəz olundu. Amma bu sükut içində istiqlal ruhu heç vaxt sönmədi. O, hər evdə, hər ürəkdə, hər duada yaşadı. 70 illik sovet əsarətindən sonra, 1991-ci ildə Azərbaycan yenidən dirçəldi, SSRİ dağıldı və xalq bir daha azad nəfəs aldı. Bu dəfə 28 Mayın ruhu daha güclü idi, çünki artıq bu torpaqda müstəqillik uğrunda şəhidlər və illərin mübarizəsi vardı. Tarix böyük liderləri nadir hallarda yetirir. Ancaq bəzi liderlər vardır ki, onların adı yalnız bir dövrü deyil, bütöv bir xalqın taleyini dəyişdirir. Ümummilli Lider Heydər Əliyev belə şəxsiyyətlərdən idi. Azərbaycan xalqının milli iradəsini, dövlətçilik ənənələrini və istiqlalını qoruyan, gələcəyə daşıyan dahi lider Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə ilk gəlişi 1969-cu ilə təsadüf edir. Sovet İttifaqı daxilində milli maraqları qorumağın, Azərbaycanı inkişaf yoluna çıxarmağın nə qədər çətin olduğunu tarix şahiddir. Amma o dövrdə ölkənin müxtəlif sahələrində böyük irəliləyişlərə nail olundu. Elm, təhsil və mədəniyyət, sənaye sahələrində əsaslı islahatlar aparıldı. Minlərlə azərbaycanlı gəncin SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil almasına şərait yaradıldı. Azərbaycanın elmi və mədəni elitası formalaşdı. Bu illər ərzində Heydər Əliyev Azərbaycanın iqtisadi-sosial göstəricilərini SSRİ-nin qabaqcıl respublikaları səviyyəsinə çatdırdı. O, eyni zamanda milli kimliyin və şüurun qorunmasında böyük rol oynadı. 1990-cı illərin əvvəllərində Azərbaycan ağır bir dönəmdən keçirdi. Yeni müstəqilliyini qazanmış dövlət xaosun, daxili qarşıdurmaların, Ermənistanın təcavüzünün və iqtisadi çöküşün girdabında idi. Belə bir məqamda xalqın təkidli çağırışı ilə Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdı. Bu qayıdış sadəcə bir liderin yenidən vəzifəyə gəlməsi deyildi. Bu həm də Azərbaycan dövlətçiliyinin dirçəlişi idi. Dövlət qurumları möhkəmləndirildi, idarəetmədə sabitlik təmin olundu, Milli Ordu yenidən formalaşdırıldı və dövlətin təhlükəsizliyi təmin olundu. 1994-cü ildə atəşkəs elan edildi və müharibənin genişlənməsinin qarşısı alındı. “Əsrin müqaviləsi” imzalandı və bu neft strategiyası Azərbaycanı beynəlxalq enerji bazarına çıxardı və ölkəyə milyardlarla dollar sərmayə cəlb olundu. Konstitusiya qəbul olunaraq hüquqi dövlətin əsasları qoyuldu. Milli ideologiya formalaşdırıldı ki, bu yolda da “Azərbaycançılıq” məfkurəsi dövlətin təməl dəyərinə çevrildi. Azərbaycanın müstəqil dövlət kimi tanınması və beynəlxalq arenaya inteqrasiyası sahəsində də mühüm addımlar atdı. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlarla əlaqələr genişləndi. Ulu Öndər Azərbaycanın regionda və dünyada strateji tərəfdaş kimi tanınmasına nail olundu. Türkiyə, ABŞ, Avropa ölkələri ilə möhkəm siyasi və iqtisadi əlaqələr quruldu. Onun rəhbərliyi ilə Azərbaycan beynəlxalq münasibətlər sistemində müstəqil və etibarlı tərəfdaş obrazı qazandı. Ulu öndər Heydər Əliyevin uzaqgörənliyinin ən mühüm təzahürlərindən biri də Azərbaycanın gələcəyini sağlam əllərə əmanət etməsi idi. O, öz siyasi kursunu davam etdirəcək ölkəni inkişaf etdirməyə qadir olan lider olaraq İlham Əliyevi irəli sürdü. Bugünkü müstəqil, güclü və qalib Azərbaycan bu etimadın nə qədər düzgün olduğunu sübut etdi. 2003-cü ildə xalqın böyük etimadı ilə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev atasının siyasi irsini yalnız qoruyub saxlamaqla kifayətlənmədi, onu dövrünün yeni çağırışlarına uyğun şəkildə inkişaf etdirdi. Onun rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etdi, qeyri-neft sektoru genişləndi, yoxsulluq və işsizlik azaldı, sosial rifah layihələri həyata keçirildi, dövlət idarəçiliyində modernləşmə, rəqəmsallaşma, şəffaflıq prinsipləri önə çəkildi, gənclərin təhsili, elm və texnologiyalara yönəlməsi üçün geniş imkanlar yaradıldı. Prezident İlham Əliyev modern Azərbaycanın siyasi, iqtisadi və hərbi əsaslarını yenidən formalaşdırdı, xalq-dövlət birliyini daha da möhkəmləndirdi. Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdi və beynəlxalq səviyyədə prinsipial mövqeyini nümayiş etdirdi. Türk Dövlətləri Təşkilatı daxilində inteqrasiyanı gücləndirdi. Enerji diplomatiyası vasitəsilə ölkəmizi Avrasiyanın enerji təhlükəsizliyində əsas oyunçuya çevirdi. Onun uğurlu diplomatik addımları nəticəsində Azərbaycan beynəlxalq müstəvidə öz sözünü deyən, prinsipial, etibarlı və müstəqil siyasət yürüdən dövlət kimi tanındı. İlham Əliyevin adını Azərbaycan tarixinə əbədi həkk edən ən böyük nailiyyət Qarabağın azad olunması oldu. 2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən Vətən Müharibəsində onun Ali Baş Komandan kimi liderliyi sayəsində 300-dən çox yaşayış məntəqəsi işğaldan azad olundu. Şuşa kimi strateji və mədəni şəhərimiz geri qaytarıldı. Ermənistan kapitulyasiya sənədinə imza atmağa məcbur edildi. İlham Əliyevin soyuqqanlılığı, qətiyyəti və xalqla birliyi sayəsində bu müharibə milli ruhun, ədalətin və suverenliyin qələbəsinə çevrildi. Onun "Qarabağ Azərbaycandır!" ifadəsi təkcə siyasi bəyanat deyil, xalqın iradəsinin, beynəlxalq hüququn və tarixi ədalətin bəyanı oldu. Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurun bərpasına başlanıldı. Bölgədə yeni yollar, hava limanları, məktəblər, xəstəxanalar tikildi. “Böyük Qayıdış” proqramı çərçivəsində minlərlə insan öz yurduna qayıtdı. “Ağıllı kənd” və “ağıllı şəhər” layihələri ilə müasir texnologiyaya əsaslanan yaşayış məntəqələri yaradıldı. Mədəniyyət abidələri, dini məkanlar bərpa olundu. Prezident İlham Əliyev hər zaman xalqla təmasda olan, onun dərdini, sevincini paylaşan bir lider olmuşdur. Onun fəaliyyəti sübut etdi ki, müstəqil siyasət mümkündür, yalnız milli maraqlara söykənən qərarlar uğur gətirir. Səbir və strateji baxış qalibiyyətin əsas şərtidir. 17 il ərzində Qarabağın azadlığı uğrunda görülən hazırlıqlar Böyük Zəfərlə nəticələndi. Xalqın dəstəyini alan lider məğlubedilməzdir. İlham Əliyev Azərbaycanın müstəqillik yolunda ən etibarlı davamçısı, xalqının güvənc yeri, tarix yazan lideridir. Onun adı artıq təkcə Prezident kimi deyil, Qarabağın fatehi, Azərbaycanın güclənməsinin rəmzi, zəfərlə yazılmış gələcəyin memarı kimi tarixdə əbədi yaşayacaq. Bu gün qeyd etdiyimiz 28 May – Respublika Günü, 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin şanlı irsini təcəssüm etdirir. Məhz cümhuriyyət qurucuları xalqımızın azadlıq və müstəqillik idealını gerçəkləşdirdilər. Onların qoyduğu əsaslar sonrakı dövrlərdə ölkəmizin milli oyanışının, dövlət müstəqilliyinin təməlini təşkil etdi. Bu müstəqillik ideallarını XX əsrin sonlarında böyük uzaqgörənlik, qətiyyət və müdrikliklə ümummilli lider Heydər Əliyev bərpa etdi, möhkəmləndirdi və müasir Azərbaycanın inkişafının əsasını qoydu. Onun siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev isə bu gün Azərbaycanı güclü, qalib və nüfuzlu bir dövlətə çevirmişdir. 28 May – Respublika Günü tariximizə qızıl hərflərlə yazılmış şanlı gündür. Bu gün həm keçmişə ehtiram, həm də gələcəyə inamın rəmzidir. Ulu öndərlərimizin yolu ilə irəliləyən müstəqil Azərbaycan daim yüksələcək!

Respublika Gününüz mübarək!  

Cəlil Xəlilov  Müharibə,Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

2025-05-26 11:27:54
4083 baxış

Digər xəbərlər

Zərifə Quliyeva oğlunun xatirəsinə musiqi klipi və film həsr edib

Yazıçı və şair,  “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva mərhum oğlu Orxanın xatirəsini yaşatmaq üçün müxtəlif sənət layihələri həyata keçirib. Bu barədə Türkiyənin liderhaber.com.tr saytı mlumat yayıb. Məlumatda deyilir: “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri və Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü olan Quliyeva, videoda yer alan şeirlərin əksəriyyətinin özünə məxsus olduğunu bildirib. O, yalnız bir neçə əsərin xalq balladalarından ibarət olduğunu və digər bütün şeirlərin müəllif hüquqlarının ona məxsus olduğunu qeyd edib. Zərifə Quliyeva illərdir əsərlərində övlad itirməyin ağrısını dilə gətirir. Yeganə oğlu Orxanı beyin qanaması nəticəsində itirən şair dərin itkisini şeirləri və kitabları ilə ifadə edir. Quliyeva oğlunun xatirəsinə "Sənsiz, səninlə" və "Həyatımın payızı" əsərlərini özündə birləşdirən üç cildlik kitab nəşr etdirib. Onun "Sənsiz Orxanım" şeirinə musiqi klipi də çəkilib və əsər məşhur Azərbaycan məşhur müğənnisi Röya tərəfindən ifa olunub. Orxanın həyatına həsr olunmuş 17 dəqiqəlik film də çəkilib. Şair bildirib ki, bu əsərlərlə məqsədi oğlunun xatirəsini yaşatmaq və valideyn sevgisini gələcək nəsillərə ötürməkdir. Orxanın 24 yaşlı oğlu təhsilini ABŞ-da davam etdirir. Zərifə Quliyeva oğlunun üzünü və xarakterini nəvəsində gördüyünü bildirib”.

Hamısını oxu
67 yaşlı mübariz döyüşçünün döyüş yolları

Elşad Şabanov iki müharibənin – Qarabağ və Əfqanıstan müharibəsinin veteranıdır. Müharibə təlatüm, dağıntı, faciədir. Müharibə edən hər iki tərəf ağır itkilər verir. Belə müharibələr  insanlara heç vaxt xoşbəxtlik gətirməyib. Ağır müharibələrdən biri də 1979-cu ildə Əfqanıstan Respublikasında baş verib. Ağır vəziyyətdə qalan Əfqanıstan rəhbərliyi məcburən keçmiş SSRİ-yə müraciət edərək, Beynəlmiləl-qardaşlıq köməyi istəyib. Bu səbəblə də 1979-cu il 25 dekabrda Sovet Ordusunun əsgərləri Əfqanıstana daxil oldu. Bu döyüşçülər içərisində mübariz, cəsur, qorxmaz, Azərbaycan oğlu Elşad Şabanov da olub. Onun keçdiyi döyüş yolları ilə oxucuları da tanış etmək istərdik.          Xatırladaq ki, Elşad Şabanov 1952-ci ildə Azərbaycan Respublikasının Qax rayonunda anadan olub və orta məktəbi qızıl medalla bitirib. Elşad ilk ali təhsilini M.F.Axundov adına ADPİ-nin rus dili və ədəbiyyatı fakültəsində alıb. Sonra Ukraynada Sovet ordusu sıralarında xidmət edib. 1978-ci ildə SSRİ DTK-nın ali məktəbini bitirdikdən sonra respublikanın Qəbələ rayon şöbəsində əməliyyat müvəkkili və baş əməliyyat müvəkkili vəzifəsində çalışıb. Xidməti zamanı göstərdiyi yüksək uğurlara görə, 1983-cü ildə SSRİ DTK-nın Baş Kəşfiyyat İdarəsinin nəzdindəki iki il xarici dil təmayüllü xüsusi ali kurslarına göndərilib. O, 1985-ci ildə həmin kursları müvəffəqiyyətlə başa vurduqdan sonra SSRİ DTK-nın müşaviri kimi Əfqanıstanın Xüsusi Xidmət Orqanlarının silahlı müxalifətə, banditizmə və terrorçuluğa qarşı apardığı xüsusi döyüş əməliyyatlarının təşkilatçısı və rəhbəri olub.          Həmin əməliyyatlarda Elşad Şabanov yaralanıb. Kabul şəhərində hospitalda müalicə olunduqdan sonra Əfqanıstanın cənubuna, Pakistan yaxınlığındakı Zabul vilayətinə göndərilib. Döyüşlərdə xüsusi əməliyyatlara rəhbərlik edərək Sovet Ordusu xüsusi təyinatlıları ilə birlikdə Pakistandan Əfqanıstan ərazisində müqavimət göstərən terrorçu qüvvələrə və silahlı müxalifətçilərə hərbi yük daşıyan maşın karvanlarının məhv edilməsində fəal iştirak edərək həmin əməliyyatların təşkilatçısı və rəhbərlərindən biri olub.          O, Əfqanıstan Xüsusi Xidmət Orqanlarının Pakistan ərazisində yerləşən terrorçu, bandit hazırlıq düşərgələrində onlara qarşı keçirdikləri “kəskin”, xüsusi döyüş əməliyyatlarına rəhbərlik edib.          Həmin əməliyyatlarda mücahidlərin Pakistan ərazisindən Əfqanıstana keçirmək istədikləri maşın karvanı məhv edilərək ABŞ-ın istehsalı olan “Sfinger” tipli raket kompleksi və digər silah növlərini ələ keçirib. Həmin ilin avqust ayında döyüş əməliyyatları zamanı mübariz döyüşçü Elşad minaya düşür və ikinci dəfə yaralanır.          Əfqanıstandan qayıtdıqdan sonra, 1987-90-cı illərdə Azərbaycan DTK-nın Xaçmaz rayon şöbəsinin, 1990-91-ci illərdə Bakı şəhəri Əzizbəyov rayon şöbələrinin rəisi işləyib. DTK-MTN-nin Mərkəzi Aparatında rəhbər vəzifələrdə çalışıb. Milli Təhlükəsizlik Nazirliyinin Xüsusi Təyinatlı dəstəsinin yaradıcılarından biri kimi Qarabağ uğrunda gedən qanlı döyüşlərdə, cəbhə bölgəsində xüsusi əməliyyatların təşkilatçısı və rəhbəri olub. 1993-cü ildə Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra iyul ayından Milli Təhlükəsizlik Nazirinin xüsusi tapşırıqlar və hərbi məsələlər üzrə köməkçisi olub. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, Azərbaycan dövlətçiliyi uğrunda Ulu Öndərin apardığı mübarizənin fəal iştirakçılarından biridir. 1997-ci ilin may ayında ehtiyata göndərilib. Ehtiyatda olan Elşad Şabanov polkovnikdir. Vətən Təhlükəsizlik orqanları qarşısındakı xidmətlərinə görə E.Şabanov “SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Fəxri Əməkdaşı” döş nişanı və SSRİ-nin “Qırmızı Ulduz” ordenləri, “İgidliyə görə” medalları, SSRİ-nin “Döyüş xidmətinə görə” medalı, “SSRİ Ali Sovetinin Fəxri fərmanı”, “Beynəlmiləlçi döyüşçüyə, igidliyə və hərbi rəşadətə görə” medalı, “Qədirbilən əfqan xalqından” medalı, “Qüsursuz xidmətlərinə görə” medalı, Rusiya Federasiyasının “Əfqanıstan Müharibəsinin veteranı” və “Döyüş xidmətlərinə görə” ordenləri, “Za mujestva i otvaqu” medalı, “Pənşir əməliyyatına görə”, “Məhəlli münaqişələrin iştirakçısına”, “Xüsusi təyinatdakı xidmətinə görə”, “Əfqanıstan Demokratik Respublikasında beynəlmiləl borcunu ləyaqətlə yerinə yetirdiyinə görə” medalları, Əfqanıstan Respublikasının “Hərbi Şöhrət” ordeni, “İgidliyə görə” medalları, Müstəqil Dövlətlər Birliyinin təsis etdiyi “Döyüş əməliyyatları Veteranı” medalı və digər döyüş və yubiley medalları ilə təltif olunub. İradəli və mübariz döyüşçü, iki müharibə veteranı olan Elşad Şabanov bu gün respublikada keçirilən tədbirlərdə fəal iştirak edir. O, gənclərə öz döyüş yolu və göstərdiyi igidlikdən danışır və onlara Vətəni göz-bəbəyi kimi qorumağı məsləhət görür.    İyun ayının 17-sində qəhrəman vətən oğlu Elşad Şabanovun 67 yaşı tamam olub. Elşad müəllimi Respublika Veteranlar Təşkilatının Rəyasət heyəti və veteranlarımız adından təbrik edir, ona can sağlığı arzulayırıq.

Hamısını oxu
Azərbaycan Prezidenti müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı

Dekabrın 22-də Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986-2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2021-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görəcək. Milli.Az

Hamısını oxu
Prezident İlham Əliyev İran Prezidentinin xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Bakı, 28 oktyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də İran İslam Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Seyid Abbas Əraqçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər ki, qonaqları salamlayan Prezident İlham Əliyev dedi: -Xoş gəlmisiniz. Şadam sizi görməyimə. Artıq bir aydır ki, müharibə gedir. Bizim xalqımız üçün bu, Vətən müharibəsidir. Biz torpaqlarımızı işğalçılardan azad edirik. Bu, beynəlxalq hüququn və tarixi ədalətin bərpasıdır. Bu gün bir neçə kənd işğalçılardan azad edildi. Ancaq Ermənistan namərd hücumlarla bizim mülki vətəndaşlarımızı hədəfə alıb. Bir neçə saat bundan əvvəl Bərdəyə bir neçə raketlə atəş açmışdır və bu atəş nəticəsində 21 nəfər mülki şəxs həlak oldu, 70-dən çox dinc insan yaralandı. Ölənlərin sayı arta bilər. Dünən də Ermənistan Bərdəyə, yenə də mülki əhaliyə zərbə vurmuşdur. Bu zərbə nəticəsində dörd nəfər həlak oldu, onlardan biri yeddi yaşlı qız uşağıdır. Döyüş meydanında qabağımızda dura bilməyən Ermənistan bax, belə əxlaqsız addımlarla bizə zərbə vurmaq istəyir, bizi durdurmaq istəyir. Amma buna nail ola bilməyəcək. Bir də ki, üçüncü dəfə elan olunmuş və Ermənistanın xahişi ilə razılaşdırılmış atəşkəsi kobudcasına pozur. Birinci dəfə oktyabrın 10-da Moskvada o məlum bəyannamə qəbul olunandan sonra bir gün keçməmiş Ermənistan öz ərazisindən ballistik raketlərlə Gəncə şəhərini atəşə tutmuşdur. Hər kəs bilir ki, bu atəşkəsi Ermənistan pozub, bu dəfə də Ermənistan pozub. İndi işğaldan azad edilmiş şəhər və kəndlərimizdə mövcud olan vəziyyət tam aydındır. Demək olar ki, bütün şəhər və kəndlərimiz dağıdılıb. Qəbirlər, tarixi abidələr, bütün binalar dağıdılıb. Elə bil ki, vəhşi qəbilə bu torpaqları işğal altında saxlayıb. Bizim məscidlərimiz ermənilər tərəfindən dağıdılıb və təhqir edilib. Zəngilan rayonunda ermənilər tərəfindən dağıdılmış məsciddə onlar donuz saxlayırdılar. Bu kadrlar internetdə var. Bütün dünya, bütün müsəlman aləmi görür ki, biz hansı vəhşilərlə mübarizə aparırıq. Amma bir daha demək istəyirəm ki, bizi heç nə durdura bilməz. Əgər Ermənistan öz xoşu ilə işğal edilmiş qalan torpaqlardan çıxmasa, onları oradan da qovacağıq. Məmnunluq hissi ilə deyə bilərəm ki, Azərbaycan-İran dövlət sərhədi tam bərpa edilib. Bu münasibətlə mən Azərbaycan və İran xalqlarını təbrik etmişəm. Göstəriş vermişəm ki, bizim sərhəd xidmətimiz tezliklə bu sərhədin bütün mühafizə infrastrukturunu yaratsın. Bu işlərə start verildi. İran-Azərbaycan sərhədinin digər istiqamətlərindəki kimi, bu istiqamət də dostluq, qardaşlıq sərhədi olacaqdır. Bildiyiniz kimi, bir neçə il bundan əvvəl Xudafərin və Qız qalası hidroqovşaqları və su anbarları haqqında İran-Azərbaycan müqaviləsi imzalanmışdır. Mən indi hökumətə göstəriş vermişəm ki, biz tərəfdən işçi qrup yaradılsın. Mən xahiş edirəm ki, İran tərəfindən də müvafiq qurum təhkim edilsin ki, tezliklə bu məsələləri müzakirə edək və bu obyektin birgə istismarı haqqında razılığa gələk. Xahiş edirəm ki, hörmətli cənab Prezident Həsən Ruhaniyə mənim təşəkkürümü çatdırın. O, bu müddət ərzində mənə telefonla zəng etmişdi. Bizim çox yaxşı söhbətimiz olub. Sizi də Azərbaycana ezam edib, biz bunu yüksək qiymətləndiririk. İran-Azərbaycan əlaqələri son illər ərzində çox sürətlə inkişaf edib və hesab edirəm ki, tarixdə ən yüksək səviyyəyə qalxıb. İmzalanmış bütün sənədlər və əldə edilmiş razılaşmalar icra olunur. Bizim möhkəm tarixi köklər üzərində qurulmuş əlaqələrimiz əminəm ki, gələcəkdə də uğurla inkişaf edəcək. Bir daha xoş gəlmisiniz. Seyid Abbas Əraqçi dedi: -Cənab Prezident, mənə vaxt ayırdığınıza görə çox təşəkkür edirəm. Hər şeydən əvvəl bu gün Bərdə şəhərinin raket hücumuna məruz qalması ilə əlaqədar həyatını itirmiş mülki insanlara, dinc insanların ölümünə səbəb olmuş bu hadisə ilə əlaqədar, orada şəhid olmuş insanlarla əlaqədar Sizə, Azərbaycan xalqına, Azərbaycan dövlətinə başsağlığı vermək istəyirəm. Siz də yaxşı bilirsiniz ki, İran İslam Respublikası elə ilk günlərdən Azərbaycanın ərazilərinin işğal olunmasına müxalif olub və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Mən özümə borc bilirəm, son günlərdə Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi qələbələr, işğal olunmuş ərazilərin bir hissəsinin azad edilməsi münasibətilə Sizi təbrik etmək istəyirəm. Bu yolda öz canını fəda edən bütün şəhidlər qarşısında baş əyirəm. Cənab doktor Həsən Ruhaninin isti salamlarını Sizə çatdırıram. Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İranın dövlət başçısına çatdırmağı xahiş etdi.

Hamısını oxu