Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Zəfərin Sədaları Altında: Tarixin, Qəhrəmanlığın və Suverenliyin Diyarında – Naxçıvan

Zamanın tozlu səhifələrini vərəqlədikcə bəzi torpaqların adları tarixə qızıl hərflərlə yazılır. Elə bir diyar var ki, onun hər daşı bir qəhrəmanlıq dastanı, hər nəfəsi bir mübarizə nəğməsidir bu diyar Naxçıvandır.

Naxçıvan Azərbaycanın canlı tarix salnaməsi, ulu keçmişinin aynası, qəhrəmanlıq və müdriklik məkanıdır. Əsrlərin sınağından çıxmış bu qədim torpaq həm tarixi kökləri, həm də müasir inkişafı ilə Azərbaycanın milli kimliyində mühüm yer tutur. “Nuh peyğəmbərin məskəni”, “Əcəmi yurdu”, “Heydər Əliyev diyarı” kimi ifadələr onun çoxşaxəli və zəngin simasını əks etdirir. Nuhun türbəsi məhz burada yerləşir. Şəhərin adı bəzi mənbələrdə “Nuhun açdığı yer” kimi də izah olunur. Tarixi faktlar göstərir ki, bu torpaqlarda insan məskənləri hələ Paleolit dövrünə  təqribən 100 min il əvvələ gedib çıxır. Eneolit və Tunc dövrlərində burada formalaşan mədəniyyət və ictimai həyatın izləri Kəngərli, Ordubad, Şahbuz, Culfa və Babək kimi bölgələrdə bu gün də yaşadılır. Naxçıvan həm də Azərbaycan memarlığının beşiyi sayılır. XII əsrdə yaşamış dahi memar Əcəmi Naxçıvani tərəfindən inşa edilən Möminə Xatun və Yusif ibn Küseyir türbələri təkcə Azərbaycanın deyil, bütün İslam aləminin memarlıq incilərindəndir. Bu abidələr Naxçıvanın tarixi, estetik və mənəvi dəyərinin canlı sübutudur. Naxçıvan əsrlər boyu yadelli hücumlara qarşı sipər olmuş, igid oğul və qızları ilə vətənin keşiyində dayanmışdırlar. Xüsusilə 1990-cı illərin əvvəllərində Ermənistanın təcavüzkar siyasəti və ölkədəki xaos zamanı Naxçıvan blokada şəraitində milli dirənişin və dövlətçiliyin rəmzinə çevrildi. Bu çətin dövrdə Naxçıvanı sabitlik adasına çevirən şəxsiyyət isə Ümummilli lider Heydər Əliyev oldu. 1990-cı ildə Moskvadan Vətənə qayıdan Heydər Əliyev ilk olaraq doğma Naxçıvana gəldi. O zaman ölkənin böyük hissəsində anarxiya hökm sürsə də, onun rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası özünü qorudu və Azərbaycanın müstəqillik yolunda möhkəm dayağına çevrildi. Məhz onun təşəbbüsü ilə 1990-cı ilin iyulunda Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı ilk dəfə Naxçıvan Ali Məclisinin binasında qaldırıldı. Bu, Azərbaycanın müstəqillik yolunda atdığı ən cəsur addımlardan biri idi. Bu gün Naxçıvan Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin sosial-iqtisadi və mədəni inkişafının öncül nümunəsinə çevrilib. Bölgədə həyata keçirilən infrastruktur, səhiyyə, təhsil və sənaye layihələri Naxçıvanın potensialını tam şəkildə ortaya qoyur. Bu inkişafın və milli birliyin bariz nümunəsi isə 2025-ci il mayın 19-da Vətən müharibəsində qazanılmış şanlı Qələbənin beşinci ildönümünə həsr olunan “8 Noyabr Zəfəri – suverenliyimizin qarantıdır” adlı konfransda bir daha özünü göstərdi. Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən bu möhtəşəm tədbir yalnız rəsmi bir toplantı deyil, həm də tarixə, milli ruh və ideologiyaya dərin ehtiramın ifadəsi idi. Konfrans Naxçıvanın təkcə strateji deyil, həm də mənəvi və ideoloji baxımdan Azərbaycanın dayaq nöqtələrindən biri olduğunu bir daha sübut etdi. Ulu Öndər Heydər Əliyevin abidəsi önündəki sayğı duruşu ilə başlanan bu gündə tarix və milli ruh bir yerdəydi. Polkovnik Cəlil Xəlilovun rəhbərliyi ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndə heyəti Naxçıvana səfər etmişdi. Tarixi abidələrə edilən səfərlər, igidlərin xatirəsinə göstərilən ehtiram, xalqla dövlətin bir-birinə sıx bağlı olduğunun canlı ifadəsi idi. Bu konfrans bir daha sübut etdi ki, 8 Noyabr  Zəfərin, suverenliyin və milli iradənin bayramıdır. Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayevin sözləri ilə desək, bu Zəfər regionun geosiyasi mənzərəsini dəyişdirən, yeni dövrün qapılarını aralayan bir tarixdir.

Polkovnik Cəlil Xəlilovun çıxışında bir məqam xüsusi ilə yadda qaldı: “8 Noyabr Zəfəri Cənubi Qafqazda köhnə və zərərli status-kvonu dağıtdı, yeni reallıqlar yaratdı.” Bəli, bu reallıqlar təkcə hərbi üstünlük deyil, həm də tarixi ədalətin bərpası, milli mənəviyyatın, xalqın qürurunun özünə dönüşüdür. Ən başlıcası isə xalqın öz torpağına sahib çıxması, milli ruhun və suverenliyin təntənəsidir. Bu ruhun təməli hələ ötən əsrin sonlarında Ulu Öndər Heydər Əliyev tərəfindən atılmışdı. O, Azərbaycanın müstəqilliyinin ilk illərindəki çətin və qarışıq dövrlərdə xalqın iradəsini, dövlətin dayaqlarını bərpa etdi. “Mən fəxr edirəm ki, azərbaycanlıyam” deyərək milyonların içində sönməkdə olan inam çırağını yenidən alovlandırdı. Heydər Əliyev təkcə dövlət qurucusu yox, həm də bu xalqın milli ideologiyasını formalaşdıran tarixi şəxsiyyət idi. Onun həyata keçirdiyi ordu quruculuğu islahatları, vətənpərvərlik ruhunun təməlinə çevrildi. Bu möhkəm təməlin üzərində yüksələn Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün ən şanlı səhifəsini 2020-ci ildə yazdı. 44 gün ərzində xalq bir yumruq kimi birləşdi, ordu əfsanəvi zəfərlərə imza atdı, Prezident Müzəffər Ali Baş Komandan kimi xalqı və ordunu bir hədəf ətrafında topladı. Bu, xalqın yaddaşında onillərlə daşıdığı ədalət arzusunun gerçəyə çevrilməsi idi. Şəhidlərimizin fədakarlığı, qazilərimizin qəhrəmanlığı və xalqımızın sarsılmaz həmrəyliyi bu zəfərin əbədi əsaslarıdır. Bu sütunlar üzərində yüksələn Zəfər abidəsi isə yalnız bugünkü nəsli deyil, gələcək nəsilləri də ruhlandıracaq. Bu Zəfər Heydər Əliyevin müstəqillik mirasını qoruyub inkişaf etdirən İlham Əliyev liderliyində Azərbaycan xalqının tarixi ədaləti bərpa etmək gücünə sahib olduğunu sübut etdi. Tarix yazıldı və bu tarixdə Naxçıvanın, onun qəhrəman insanlarının, igid oğul və qızlarının da silinməz izləri var. Bu zəfər yalnız silah gücü ilə deyil, həmçinin mənəvi güc, liderlik və xalqın birliyi ilə əldə olunmuşdu. Məhz bu ruh sayəsində Azərbaycan bu gün regionun lider dövlətinə çevrilib, sabahına isə əmin şəkildə və əzəmətlə addımlayır. Konfransda çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ülviyyə Həmzəyeva, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və 44 günlük Vətən müharibəsi qazisi Təbriz Zeynalov, müharibə qazisi Mirkənan Kərimov, Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinin 2-ci kurs tələbəsi, Tələbə Elmi Cəmiyyətinin sədri Yusif Mirzəzadə və Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Firudin Süleymanov da 8 Noyabr Zəfərinin hərbi-siyasi, tarixi və mənəvi önəmini vurğuladılar. Onların fikirləri bir nöqtədə qovuşurdu: bu Zəfər təkcə bugünün yox, həm də gələcəyin təminatıdır. Çünki bu Zəfər suverenliyimizin qarantına çevrilmişdir.  Çıxışçılar Azərbaycanın Qarabağda həyata keçirdiyi genişmiqyaslı abadlıq və quruculuq işlərinə diqqət çəkərək dövlətimizin yenidənqurma işlərindəki iradəsini və davamlı inkişaf strategiyasını alqışladılar. İnamla bildirildi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün istiqamətlərdə yeni və daha böyük uğurlara imza atacaqdır. Naxçıvan bu Zəfərin ruhunu yaşadan, onu gələcək nəsillərə daşıyan müqəddəs bir məkandır. Bura qəhrəmanların, alimlərin, şəhidlərin və vətən sevdalılarının yurdudur.

Səfər çərçivəsində polkovnik Cəlil Xəlilovun akademik Yusif Məmmədəliyevin ev muzeyinə etdiyi ziyarət isə xüsusi rəmzi məna daşıyırdı. Sonda belə bir nəticəyə gəlmək olur Zəfərlər təkcə silahla qazanılmır.Ən böyük zəfərlər ürəklərdə, ruhlarda, ideallarda qazanılır. O zəfərlər ki, səngərdə döyüşçü ilə, laborotoriyada alimlə, məktəbdə müəllimlə, ailədə ana ilə qazanılır. Bu zəfərləri yaşadan, qoruyan və gələcəyə daşıyan isə məhz Naxçıvan kimi ruhu bütöv, mənəviyyatı zəngin yurdlardır.Azərbaycanın qəhrəmanlıq xəritəsində daim parlayan bir ulduz  tükənməz güc, sarsılmaz iradə, qürur mənbəyi olan Naxçıvan! Bu görüşlər, bu addımlar, bu ziyarətlər bir başlanğıcdır.Tarixə, elmə, qəhrəmanlığa atılan bu addımlar bundan sonra da davam edəcək. Hər səfər, hər görüş bu torpağın ruhuna bir salam, gələcək nəsillərə isə bir ismarıcdır: Naxçıvan var olduqca, Azərbaycan bütöv olacaq. Bu vəhdət, bu ruh bizim sonsuz zəfərimizdir.

Nadir  İsmayılov

2025-05-26 14:29:27
3941 baxış

Digər xəbərlər

"Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin üzvləri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

28 mart - Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat orqanları əməkdaşılarının peşə bayramı ilə əlaqədar "Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin üzvləri Fəxri Xiyabanda təhlükəsizlik orqanlarının ilk azərbaycanlı generalı, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etmişlər. Veteran.gov.az "Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin sosial şəbəkədəki hesabına istinadən xəbər verir ki, Ümummilli Liderin məzarı önünə əkil və gül dəstələri qoyulmuş, əziz xatirəsi anılmışdır. Daha sonra tədbir iştirakçıları görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət etmişlər. Tədbirdə çıxış edən natiqlər general-mayor Heydər Əliyevin yüksək peşəkarlıqla keçirdiyi əməliyyatlar, onun rəhbərliyi dövründə təhlükəsizlik orqanlarının nailiyyətləri, o cümlədən Ulu Öndərin göstərişi ilə peşəkar azərbaycanlı kadrların hazırlanması istiqamətində görülmüş işlər haqda danışmışlar. Məlumat üçün qeyd edək ki, ziyarətdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, həmçinin, millət vəkili Arzu Nağıyev də iştirak edib. Seymur ƏLİYEV    

Hamısını oxu
Prezident İlham Əliyev: Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu

Bakı, 22 oktyabr, AZƏRTAC Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu. Bu münasibətlə Azərbaycan və İran xalqını təbrik edirəm. Eşq olsun müzəffər Azərbaycan ordusuna! AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bildirib. video

Hamısını oxu
Vətən Müharibəsində əməyi olan igidlərimizi tanıyaq

İşğal olunmuş ərazilərimizin düşməndən azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlarda iştirak edən şəxslərdən daha bir neçəsi ilə bağlı məlumat paylaşılıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin 15 saylı Ərazi məşğulluq mərkəzinin əməkdaşı Meysəm Hüseynov, 1 saylı Ərazi məşğulluq mərkəzinin əməkdaşı Fuad Abbasov və 8 saylı Ərazi məşğulluq mərkəzinin əməkdaşı Ağarza Rəhimov iştirak ediblər.

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında 9 may Qələbə Günü münasibəti ilə hərbi orkestrin iştirakı ilə təntənəli tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, bu gün Respublika Veteranlar Təşkilatında 9 may Qələbə Günü münasibəti ilə hərbi orkestrin iştirakı ilə təntənəli tədbir keçirilib. Hərbi vətənpərvərlik mahnılarının sədaları altında keçirilən tədbir veteranlarla yanaşı, ətraf ərazidə yaşayan vətəndaşların da böyük marağına səbəb olub.   Tədbir iştirakçıları qarşısında çıxış edən Respublika Veetranlar Təşkilatının sədri Fatma Səttarova, faşizm üzərində qələbənin 76-cı ildönümü münasibəti ilə xalqımızı təbrik edib, həm İkinci Dünya müharibəsi, həm də Vətən müharibəsi iştirakçılarının hər zaman minnətdarlıq hissi ilə xatırlanacağını bildirib.   Tədbir bayram süfrəsi arxasıdna davam edib.

Hamısını oxu