Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qlobal Arenada Azərbaycan İmzası: Prezident İlham Əliyev

XXI əsrin mürəkkəb geosiyasi mənzərəsində öz yolunu dəqiq seçmək, milli maraqları qorumaqla qlobal proseslərə yön verə bilmək yalnız müdrik və qətiyyətli liderlərin işidir. Azərbaycan Prezidenti İlham Əliyevin illərlə ardıcıl, sistemli və uzaqgörən siyasəti nəticəsində bu gün Azərbaycan təkcə regional güc deyil, beynəlxalq aləmdə əhəmiyyətli söz sahibinə çevrilmişdir. Onun rəhbərliyi ilə aparılan siyasət həm milli maraqların təmin olunmasına, həm də ölkənin qlobal miqyasda nüfuzunun artmasına səbəb olmuşdur. Azərbaycan bu gün dünya xəritəsində strateji anlamda yeni bir məna kəsb edir. İstər enerji, istər nəqliyyat, istərsə də diplomatik fəaliyyət sahələrində ölkəmiz Şərq ilə Qərbi, Şimal ilə Cənubu birləşdirən körpü rolunu oynayır. Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi, Zəngəzur nəqliyyat qovşağı kimi layihələr bir zamanlar ideya səviyyəsində olan yolları real infrastruktur layihələrinə çevirib. Bu böyük uğur yalnız maddi resurslarla deyil, siyasi iradə, beynəlxalq etimad və düşünülmüş strateji yanaşmalarla mümkün olmuşdur. Prezident İlham Əliyevin çıxışlarında tez-tez vurğuladığı kimi "söz imzadır", yəni Azərbaycan bu gün beynəlxalq razılaşmalarda etibarlı tərəfdaş, sözünə sahib olan dövlət kimi tanınır. Azərbaycanın xarici siyasətində əsas yer tutan məqamlardan biri balanslı, çoxvektorlu və praqmatik yanaşmadır. Bu gün ölkəmiz həm Avropa İttifaqı, həm Türk Dövlətləri Təşkilatı, həm də Qoşulmama Hərəkatı çərçivəsində fəal iştirak edir. May ayının önəmli hadisələri - Avropa Siyasi Birliyi Zirvəsində iştirak, Budapeştdə Türk Dövlətləri Təşkilatının Zirvəsi, Prezidentin Macarıstana işgüzar səfəri və strateji bəyanatları Azərbaycanın qlobal miqyasda artan rolunun aydın göstəricisidir. Macarıstanın Baş naziri Viktor Orbanın Prezident İlham Əliyev haqqında səsləndirdiyi fikirlər "onun sözü imzasına bərabərdir", "ondan öyrənməliyik" bu etimadın yalnız protokol səviyyəsində deyil, real siyasi münasibətlər səviyyəsində formalaşdığını göstərir. Azərbaycanın qazandığı Qarabağ Zəfəri yalnız bir torpaq uğrunda aparılan mübarizədəki qələbə olmayıb, o həm də bütöv bir region üçün sülhə aparan yeni başlanğıc idi. Savaşdan sonra sülhü qurmaq, keçmiş düşməni dialoqa cəlb etmək, dayanıqlı barışa zəmin yaratmaq, bütün bunlar yalnız bacarıqlı və uzaqgörən liderlərin edə biləcəyi işlərdir. Bu mənada Prezident İlham Əliyev yalnız Zəfərin lideri deyil, həm də sülhün təşəbbüskarı və daşıyıcısıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Budapeştdə səsləndirdiyi “Müzəffər Prezident, əziz Qardaşım bölgəyə sülhü gətirəcək Lider olaraq tarixə adını yazdıracaq” fikri bu liderliyin region miqyasından çıxaraq türkdilli dünyada və qlobal siyasətdə qəbul olunduğunun sübutudur. Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı fəaliyyəti bu həmrəyliyin ideoloji və iqtisadi sütunlarına çevrilib. Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi rəqəmlər 20 milyard dollar sərmayə, 11 milyon tonluq tranzit, 50-dən çox ticarət gəmisi təkcə iqtisadi deyil, həm də siyasi çəkini artıran amillərdir. TDT-nin 12-ci Zirvə görüşünün Azərbaycanda keçirilməsi həm ölkə siyasətində təşkilata verilən əhəmiyyətin, həm də Azərbaycanın liderliyinin göstəricisidir. "Yaşıl enerji", "rəqəmsal dəhliz", "türk kimliyi layihəsi" bunlar müasir türk birliyinin konturlarını cızan layihələrdir və Azərbaycanın aparıcı rolu ilə həyata keçirilir. Bugünkü dünya şəraitində liderlər çoxdur, lakin öz millətini qlobal siyasətdə layiqincə təmsil edən, gələcəyin təhlükələrini qabaqlaya bilən, eyni zamanda dost və tərəfdaş ölkələr üçün dayaq olan liderlər azdır. Prezident İlham Əliyev bu baxımdan öz siyasi məktəbini yaradan liderlər sırasındadır. Onun fəaliyyəti, təkcə bir ölkənin yox, regionların və sistemlərin taleyinə təsir edə bilən uzaqgörənlik, təmkin və qətiyyət nümunəsidir. Bu gün Azərbaycan təkcə coğrafi baxımdan deyil, həm də siyasi və iqtisadi mənada da regionun mərkəzinə çevrilibsə, bu uğurun arxasında Prezident İlham Əliyevin milli dəyərlərlə qlobal baxışları uzlaşdıran strateji idarəçilik fəlsəfəsi dayanır. Prezident İlham Əliyevin siyasətinin təməlində milli maraqlara sədaqət, beynəlxalq platformalarda isə açıq və çevik baxış dayanır. Regionda sülh təşəbbüsləri irəli sürən və qlobal etimad qazanan bir dövlət obrazı Azərbaycanın yeni simasıdır. Prezident İlham Əliyev quran, yön verən və qoruyan dövlət başçısıdır. Onun siyasətində bu günlə yanaşı, gələcəyin də konturları aydın görünür. Elə buna görə də bu gün Azərbaycan oyunçu deyil, oyunun qurucusudur. Qarabağ Zəfəri ilə bərqərar edilən tarixi ədalət yalnız torpaq üzərində deyil, beynəlxalq səviyyədə də qələbə kimi qəbul olunub. Dünya artıq Azərbaycanı təkcə enerji ölkəsi kimi yox, sülh təşəbbüsləri irəli sürən, dialoq körpüləri quran və əməkdaşlıq çağırışları edən nüfuzlu bir dövlət kimi tanıyır. İlham Əliyevin liderliyində prinsipiallıqla diplomatik çeviklik, milli maraqlarla beynəlxalq məsuliyyət, daxili stabilliklə xarici aktivlik ahəng içində addımlayır. Azərbaycan adı çəkiləndə etibarlılıq, dayanıqlılıq və səmimiyyət düşünülür. Bu, adi bir siyasi təbliğatın deyil, reallığın və uğurla nəticələnən liderliyin səsidir. Bu baxımdan Prezident İlham Əliyevin liderliyi təkcə idarəçilik nümunəsi deyil, milli ideyanın qlobal dildə ifadəsidir. Azərbaycan bu gün yalnız sabit bir ölkə deyil, həm də təlatümlü dünyada sabitliyin mənbəyidir. O, gücü necə bölüşəcəyini və necə bölüşərək gücləndirəcəyini bilən müdrik və güvənilir tərəfdaşdır. Azərbaycanın nailiyyətləri və artan nüfuzu artıq “Azərbaycan Modeli” adlandırılan bir dövlətçilik fəlsəfəsinin formalaşmasına səbəb olub. Bu modelin memarı isə Prezident İlham Əliyevdir. Bu uğurların ən çox sevindirici tərəfi isə onların xalqla birlikdə və xalq üçün qazanılmasıdır. Bu uğurlar eyni zamanda Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının da qürur mənbəyidir. Veteranlar yaxşı bilirlər ki, bu gün əldə olunan uğurlar sülh, sabitlik, güc və nüfuz, eyni zamanında göstərilən fədakarlıqların, əzmkarlığın və vətənpərvərliyin bəhrəsidir. Təşkilat adından səslənən bu birlik və etimad bir daha sübut edir ki, Azərbaycanın gücü təkcə ordusunda deyil, xalqının həmrəyliyində və liderinə olan sarsılmaz inamındadır. Bu inamın ən parlaq nümunələrindən biri də Prezident İlham Əliyevin müharibə veteranları və qazilərlə keçirdiyi görüşlərdir. Bu görüşlər formal deyil. Onlar dövlətin yaddaşının, şəhidlərə və qazilərə olan mənəvi borcunun canlı ifadəsidir. Hər bir görüşdə Prezidentin göstərdiyi diqqət, sədaqətli xidmətlərə verdiyi yüksək qiymət, Təşkilata bəslədiyi etimad veteranlar üçün böyük bir mənəvi dayaqdır. Veteranlar bu diqqəti yalnız şəxsi ehtiram kimi deyil, dövlətin öz tarixinə, mübarizə yoluna və qəhrəmanlarına sahib çıxmasının nümunəsi kimi dəyərləndirirlər.Təşkilatın üzvləri bu görüşləri ömrün ən qürurlu anları kimi yaşayıb, bir səslə bəyan edirlər “Biz Prezident İlham Əliyevlə görüşümüzlə fəxr edirik!Bu görüş bizim üçün şərəfdir, gücdür,Vətənə xidmətin dövlət səviyyəsində təsdiqidir!” Bu sözlərdə təkcə təşəkkür yox, bir tarix yatır. Bu fəxarət hissi yalnız keçmişə bağlılıq deyil,  gələcək nəsillərə örnək olacaq bir xalq-lider birliyinin təntənəsidir.

Cəlil Xəlilov  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

2025-05-26 22:18:46
3894 baxış

Digər xəbərlər

Masallı rayon ictimaiyyətinə ağır itki üz verib - Millət vəkilindən başsağlığı

Masallı rayon ictimaiyyətinə ağır itki üz verib.Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Masallı rayon təşkilatının sədri, polkovnik-leytenant, dəyərli ziyalı Məmmədağa Məmmədəli oğlu Şiriyev vəfat edib. Azadmedia.az xəbər verir ki, bu sözləri 74 saylı Masallı Şəhər Seçki Dairəsinin deputatı Məşhur Məmmədov sosial media hesabında yazıb.Millət vəkili qeyd edib ki, Məmmədağa müəllim ömrünü vətənə, xalqa və dövlətçiliyə xidmətə həsr etmiş, hüquq-mühafizə orqanlarında və ictimai fəaliyyətində yüksək peşəkarlıq və vətənpərvərlik nümayiş etdirmişdir: "Mərhumun Masallının ictimai-siyasi həyatındakı rolu, veteranların hüquqlarının müdafiəsi və tariximizin yaşadılması istiqamətində gördüyü işlər daim hörmət və ehtiramla yad ediləcək.Məmmədağa Şiriyevin vəfatı ailəsi, yaxınları və onu tanıyan hər kəs üçün böyük itkidir. Onun əziz, işıqlı xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.Allah rəhmət eləsin!"Xatırladaq ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Masallı rayon təşkilatının sədri Məmmədağa Şiriyev uzun sürən xəstəlikdən sonra 74 yaşında vəfat edib.Məmmədağa Şiriyev rayonun ictimai-siyasi həyatında yaxından iştirak etmişdir. Bu fəaliyyətinə görə Masallı Rayon İcra Hakimiyyətinin qiymətli hədiyyəsi ilə mükafatlandırılmış, YAP rayon Təşkilatının Fəxri Fərmanına layiq görülmüşdür.O, xalqımızın İkinci Dünya müharibəsi - 1941-1945-ci illər Böyük Vətən Müharibəsindəki qəhrəmanlıq səlnaməsi, həmçinin Birinci Qarabağ müharibəsinə həsr olunmuş “Masallıdan Qələbəyədək” adlı 2 cildlik kitabın müəllifidir.

Hamısını oxu
“Dövlət suverenliyinin tam bərpası əməliyyatı 8 Noyabr zəfərindən sonra ən böyük uğurumuzdur”

“2023-cü ilin 19-20 sentyabr tarixlərini əhatə edən dövlət suverenliyinin tam bərpası əməliyyatı xalqımızın, dövlətimizin 8 Noyabr zəfərindən sonra əldə etdiyi ən böyük uğur, ən böyük nailiyyətdir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu əməliyyat suverenliyimizi bərpa etməklə yanaşı, bölgədəki separatizmə də son qoydu: “2023-cü ilin dövlət suverenliyinin tam bərpası əməliyyatı həm hərbi, həm də siyasi nəticələrinə görə olduqca unikal və təkrarsızdır. Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirdiyi bu əməliyyat nəticəsində respublikamızın suverenliyi bərpa olundu. Bölgədə uzun müddətdir ki, mövcud olan separatizmə son qoyuldu. Bu, Azərbaycan dövləti, Azərbaycan xalqı adına ikiqat uğur, ikiqat nailiyyət oldu. Bu gün suverenliytimizin tam bərpasından iki il ötür. Hazırda respublikamızın hər bir guşəsində Azərbaycan Respublikasının üçrəngli bayrağı dalğalanır. Vaxtiylə xalqımıza qarşı ağır cinayətlər törədən erməni separatçıları bu gün Bakı Hərbi Məhkəməsində törətdikləri qanlı əməllərə görə cavab verməkdədirlər. Onlar xalqımıza qarşı törətdikləri cinayətləri bütün dünyanın gözləri qarşısında etiraf edirlər. Bütün bunlar dövlətimizin gücünün, Prezidentimizin qətiyyətimizin isbatıdır. Mən 20 sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə bütün veteranlar adından xalqımızı təbrik edir, hər bir vətəndaşı bundan sonra da dövlətimiz, prezidentimiz ətrafında sıx birləşməyə çağırıram. Unutmamalıyıq ki, gələcək uğurlarımızın açarı birliyimiz, həmrəyliyimizdir”. Seymur ƏLİYEV

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov fəxri qonaq qismində Belarusda keçirilən tədbirdə iştirak edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov  Belarusun azad olunmasının 80-ci ildönümü və Müstəqillik Gününə həsr olunmuş təntənəli mərasimdə fəxri qonaq qismində iştirak edib. Tədbirdə çıxış edən polkovnik Cəlil Xəlilov Azərbaycan xalqının mübariz oğullarının İkinci Dünya müharibəsi zamanı bir sıra ölkələrlə yanaşı, Belarusun da faşist işğalından azad edilməsində yaxından iştirak etdiyini, böyük qəhrəmanlıqlara imza atdığını bildirib. Polkovnik qeyd edib ki, müharibə zamanı 17 azərbaycanlı məhz Belarusun müdafiəsində göstərdiyi qəhrəmanlıqlara görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Cəlil Xəlilov qeyd edib ki, azərbaycanlılar Brest qalasının müdafiəsində, eləcə də Belarusdakı digər qala-istehkamların, yaşayış məntəqələrinin müdafiəsində böyük igidliklər göstərib, öz qəhrəmanlıqları ilə faşistləri dəhşətə gətirib. Bunlara nümunə olaraq general-mayor Həzi Aslanovun adını çəkən polkovnik, azərbaycanlıların göstərdiyi bu fədakarlığın heç zaman unudulmayacağını, əbədi olaraq ehtiramla xatırlanacağı bildirib. Polkovnik Cəlil Xəlilovun çıxışı Belarus ictimaiyyəti arasında böyük marağa səbəb olub və məmnunluqla qarşılanıb. Qeyd edək ki, polkovnik Cəlil Xəlilovun Belarusda yaşayan azərbayacnlılarla da görüşü nəzərdə tutulur. Seymur ƏLİYEV

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında 9 May faşizm üzərində Qələbənin 74-cü ildönümü qeyd edildi

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının və Müdafiə Nazirliyinin təşkilatçılığı ilə İkinci Dünya müharibəsi veteranları üçün təntənəli bayram tədbiri təşkil olunmuşdur. Respublika Veteranlar Təşkilatının inzibati binasının həyətində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən quraşdırılmış 150 nəfərə xidmət üçün nəzərdə tutulan səyyar mətbəx və Böyük Vətən müharibəsi dövrünün hərbi geyimində olan əsgər, zabitlər veteranlara nostalji hisslər yaşadaraq, Qələbə bayramının sevincinə əlavə rəng qatmışlar. Müdafiə Nazirliyinin hərbi orkestrinin ifasında səslənən müharibə, Vətən, qəhrəmanlıq, sevgi haqqında o illərin mahnıları bu ovqatı daha da artırmışdır.   Tədbirdə Müdafiə Nazirliyinin, Respublika Veteranlar Təşkilatının əməkdaşları, veteranlar, ziyalılar, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Seçenov adına Tibb Universitetinin Bakı filalının  tələbələri, gənclər və media nümayəndələri iştirak etmişdirlər. Tədbirdə Respublika Veteranlar Təşkilatının sədri Tofiq Ağahüseynov çıxış etdi, hər kəsi 9 May faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibəti ilə səmimiqəlbdən təbrik etdi.  Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxışında əlamətdar gün münasibətilə bütün veteranları təbik etdi, Böyük Vətən müharibəsində Azərbaycan xalqının həm ön, həm də arxa cəbhədəki fədakarlığından, əvəzsiz xidmətlərindən danışdı. C.Xəlilov:  “İkinci Dünya müharibəsi xalqımızın şanlı tarixinin bir parçasıdır. Qələbə Gününün canlı yaddaşı isə veteranlardır. Veteranlar bu Qələbənin yükünü çiyinlərində daşıyıblar. Bu tarixin ən əlamətdar anı isə 1945–ci il mayın 9-u Qələbə Günüdür. Xalqımız veteranları ilə hər zaman fəxr edir.” Digər çıxış edən veteranlar onlara göstərilən diqqətə və qayğıya görə minnətdarlıq edib, keçdikləri döyüş yolu, həyatlarının ən kəşməkəşli dövrü olan Böyük Vətən müharibəsi haqqında xatirələrini bölüşüblər. Onlar üçün hazırlanmış İkinci Dünya müharibəsini xatırladan ab-hava veteranların ürəyincə oldu. Veteranlar hər kəsə göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər. Qələbə Bayramını tezliklə işğal altında olan torpaqlarımıza da qeyd ediləcəklərinə əminlik ifadə etdilər. Hərbi orkestrin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələrinin və “Cənab leytenant” patriot qrupunun ifasında səsləndirilən musiqi proqramı proqramı, veteranların bayram əhval-ruhiyyəsini daha da artırdı.

Hamısını oxu