Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə münasibətlərində yeni mərhələnin təməli oldu

15 iyun 2021-ci il Azərbaycanın müasir tarixində mühüm bir dönüm nöqtəsinin tarixidir. Məhz həmin gün Azərbaycanın mədəniyyət beşiyi qədim Şuşa şəhərində azadlığın və Zəfərin simvoluna çevrilmiş bu müqəddəs torpaqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalandı. Bu sənəd yalnız iki qardaş ölkə arasında strateji münasibətlərin zirvəsi deyil, həm də bölgədə yeni geosiyasi nizamın əsasını qoyan tarixi aktdır.

Şuşa Bəyannaməsinin ruhu tarixdən gəlir. Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə münasibətlərində yeni mərhələnin təməli oldu. Bu Bəyannamə ulu öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün mirasına sadiqliyin göstəricisidir. Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, ulu öndər Heydər Əliyevin isə “Biz bir millət, iki dövlətik” fikirləri bu sənədin fəlsəfi və ideoloji dayağına çevrilmişdir. Ölkə rəhbəri İlham Əliyevin dediyi kimi, “biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannəməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk”.

Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasındakı əlaqələrin yalnız siyasi və hərbi deyil, bütün strateji sahələri – iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, təhsil, mədəniyyət, ordu quruculuğu və diplomatiyanı əhatə edən bir sənəddir. Daha doğru ifadə etsək, bu, sadəcə bir Bəyannamə deyil, bu, ortaq gələcəyə verilən imzadır. İki dövlətin birgə maraqlarını təmin edən hüquqi və siyasi baza kimi çıxış edən sənəd bölgədə sabitlik və əməkdaşlıq üçün etibarlı zəmin formalaşdırır.

Şuşa Bəyannaməsinin məhz Şuşada - Qarabağda imzalanması Qalib Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsinin, siyasi qətiyyətinin və strateji düşüncəsinin nəticəsidir. 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfər təkcə torpaqlarımızın azadlığı deyil, həm də regionda yeni reallıqların formalaşdırılması idi. Prezident İlham Əliyev bu reallıqları peşəkar diplomatiya ilə Şuşa Bəyannaməsi ilə hüquqi və diplomatik çərçivəyə saldı.

İkinci Qarabağ müharibəsində Azərbaycanın gücünü nümayiş etdirən müasir hərbi texnologiyalar – xüsusilə pilotsuz uçuş aparatları – Türkiyə ilə hərbi əməkdaşlığın effektivliyinin bariz nümunəsi oldu. Artıq bu əməkdaşlıq daha da genişlənərək, müdafiə sənayesi, ortaq hərbi təlimlər və qarşılıqlı hərbi yardım kimi sahələri də əhatə edir. Bu, gələcəkdə istənilən təhdidə qarşı birgə müdafiənin təminatıdır.

Bəyannamədə xüsusi yer tutan Zəngəzur dəhlizi layihəsi Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirir. Bu dəhliz yalnız iki ölkəni deyil, Türk dünyasını birləşdirəcək mühüm bir arteriya kimi çıxış edir. Şərqdən Qərbə uzanan yeni nəqliyyat və iqtisadi yolun açılması regional inteqrasiyanın, strateji sabitliyin və iqtisadi əməkdaşlığın genişlənməsinə təkan verir.

Şuşa Bəyannaməsi iqtisadi baxımdan da önəmlidir. Hər iki ölkənin qarşılıqlı investisiya təşəbbüsləri, azad olunmuş ərazilərdə birgə layihələr və sərmayələr regionun inkişafına yeni nəfəs verir. Xüsusilə Şuşa və ətraf ərazilərin turizm imkanlarının reallaşdırılması, bu bölgənin həm iqtisadi, həm də mədəni cəhətdən dirçəlməsini təmin edəcək.

Bəyannamədə əksini tapan müddəalar Ermənistanın revanşist dairələrinə də mühüm mesajdır. Türkiyə açıq şəkildə bildirir ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı istənilən təhdid Ankara üçün də qırmızı xətdir. Bu, regional sülh və təhlükəsizlik üçün mühüm zəmanət hesab oluna bilər.

Bəyannamənin imzalanmasından sonra hər il 15 iyun tarixində Şuşada keçirilən beynəlxalq konfranslar sənədin nə qədər dərin məna daşıdığını göstərir. Bu tədbirlər həm Şuşa Bəyannaməsinin ideoloji təbliği, həm də onun icrasının siyasi monitorinqi üçün mühüm platformaya çevrilmişdir.

Hazırda Azərbaycan müttəfiqlikdən strateji birlik mərhələsinə qədəm qoyub. Şuşa Bəyannaməsi ilə Azərbaycan və Türkiyə arasındakı münasibətlər tarixi birliyə əsaslanaraq strateji ittifaq səviyyəsinə yüksəlib. Bu sənəd iki dövlətin gələcək əsrlərə uzanan birliyinin hüquqi əsasını, siyasi iradəsini və hərbi-siyasi təhlükəsizliyini təmin edir. Prezident İlham Əliyev bu Bəyannamə ilə özünü təkcə Zəfər Sərkərdəsi kimi deyil, həm də bölgənin gələcəyini müəyyən edən strateq lider kimi tarixə yazdırdı.

Məşhur Məmmədov
Milli Məclisin deputatı



2025-06-12 15:44:06
3050 baxış

Digər xəbərlər

Birinci Qarabağ müharibəsinin şəhidi Şərurda torpağa tapşırılıb

Mayın 16-da Naxçıvan Beynəlxalq Hava Limanında birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Sədərək rayonunun Dəmirçi kəndindən olan Məmmədov Muxtar Bayram oğlunun nəşinin qarşılanma mərasimi keçirilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə dövlət rəsmiləri, qazilər, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidin üçrəngli bayrağa bükülmüş cənazəsi hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirilib. Yaylım atəşi açılıb, “Qurani-Kərim”dən ayələr oxunub. Sonra şəhidin cənazəsi doğulduğu Sədərək rayonunun Dəmirçi kəndinə yola salınıb. Muxtar Məmmədov Birinci Qarabağ müharibəsində iştirak edib, 1994-cü il yanvarın 26-da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində itkin düşüb.

Hamısını oxu
8 Noyabr Zəfər Günü münasibəti ilə “Qəhrəmanlıq salnaməsi ” adlı yazı müsabiqəsi keçirilir

Veteran.gov.az xəbər verir ki, Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu düşmən üzərində parlaq qələbimizin ildönümü – 8 NOYABR ZƏFƏR GÜNÜ münasibəti ilə “QƏHRƏMANLIQ SALNAMƏSİ” adlı yazı müsabiqəsi elan edir. Müsabiqəyə Vətən Müharibəsinin şəhidləri, şəhid ailələri və qazilər haqqında müxtəlif mövzularda yazılar qəbul olunur.   Təqdim edilən materiallar 14 ölçülü Times New Roman şrifti ilə, 1.0 intervalda, 2-5 Microsoft Word (A4) səhifəsi həcmində olmalıdır. Bununla yanaşı, müsabiqəyə qatılan müəlliflərdən özləri haqqında qısa məlumat, e-ünvan və əlaqə nömrələrini qeyd etmələri tələb olunur. Müsabiqəyə yazılar 27 sentyabr – 20 oktyabr 2021-ci il tarixləri arasında qəbul olunacaq. Müsabiqəyə 1 sentyabr 2021-ci il tarixindən sonra saytlarda və ya mətbuatda dərc olunmuş yazılar da təqdim edilə bilər.   Yazılar münsiflər heyəti tərəfindən anonim şəkildə qiymətləndiriləcək. Müsabiqənin yekunu və qaliblərin adları 8 NOYABR ZƏFƏR GÜNÜ ərəfəsində təşkil olunacaq mükafatlandırma tədbirində elan olunacaq. Tədbir haqqında müəlliflərə öncədən məlumat veriləcək. Müsabiqədə ilk 3 yeri tutan iştirakçı qalib kimi və daha 2 iştirakçı həvəsləndirici mükafata layiq görüləcək.   ·       1-ci yer: 700 azn ·       2-ci yer: 500 azn ·       3-cü yer: 300 azn ·       Həvəsləndirici 2 yer: hər biri 150 azn   Yazılarınızı aşağıdakı e-mail ünvanlarına göndərməyiniz xahiş olunur: info@mimta.az info@fuyuzat.az info@isiqqadin.az Əlaqə telefonları: (012) 433 22 96/97 (050/077) 722 33 34  

Hamısını oxu
Ucar rayonunda 27 sentyabr Milli Anım Günü geniş şəkildə qeyd edilib

Veteran.gov.az xəbər verir ki, 27 sentyabr Milli Anım Günü bütün ölkə ərazisində olduğu kimi Ucar rayonunda da qeyd edilib. Ucar rayon ictimaiyyəti Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə ehtiram əlaməti olaraq Fəxri Xiyabanda şəhidlərimizin məzarlarını ziyarət edib.   Tədbirdə Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilər iştirak ediblər. Burada şəhidlərin ruhuna dualar oxunub, məzarları önünə gül dəstələri qoyulub.   Şəhidlərimizin xatirəsi bir dəqqiqəlik sükutla yad edilib.   Daha sonra Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov şəhid ailələrinin üzvləri il söhbət etmiş, onların qayğı və problemləri ilə maraqlanmışdır. Şəhid ailələrinin üzvləri və qazilər diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlığını bildiriblər.   Milli Anım Günü çərçivəsində Ucar rayonunda habelə agacəkmə aksiyası keçirilib. Ağacəkmə aksiyasında müxtəlif növ ağaclar əkilib.   Allahdan şəhidlərimizə rəhmət və ailələrinə səbr diləyirik.  

Hamısını oxu
Belqradda “Faşizmsiz dünya uğrunda mübarizənin əsas metodları” mövzusunda beynəlxalq konfrans keçirilib

Bosniya və Herseqovinanın paytaxtı Belqradda “Faşizmsiz dünya uğrunda mübarizənin əsas metodları” mövzusunda beynəlxalq konfransı təşkil edilib. Tarixi, mədəni irsin qorunması və saxlanılması missiyasını başlıca fəaliyyət məqsədi sayan “Qələbənin varisləri” beynəlxalq birliyinin təşkil etdiyi konfrans İkinci Dünya müharibəsinin 75 illiyinə həsr olunub. İyirmidən çox ölkədən yüksək vəzifəli nümayəndə heyətlərinin, o cümlədən iki ölkənin prezidentinin qatıldığı konfransda Azərbaycanı Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov təmsil edib. Tədbirdə “Veteranların müdrikliyi - müharibə və faşizmə sipərdir” adlı məruzə ilə çıxış edən C.Xəlilov Azərbaycanın faşizmə qarşı mübarizədə müstəsna xidmətlərindən danışıb. Qeyd edib ki, İkinci Dünya müharibəsi xalqımızın şanlı tarixinin bir parçasıdır. Həmin müharibədə Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə böyük fədakarlıqlar, əvəzsiz xidmətlər göstərib. Azərbaycan neftinin qələbədəki payı xüsusilə böyük olub. Bu gün həmin Qələbənin canlı yaddaşı veteranlardır. Əbədi fəxrimiz olan veteranlar ölkə rəhbərliyinin daimi diqqət və qayğısı ilə əhatə olunublar. C.Xəlilov qonaqların diqqətini Ermənistanın Azərbaycanın ərazi bütövlüyünün pozmasına, 25 ilə yaxın müddətdə BMT-nin qəbul etdiyi dörd qətnamənin bu ölkə tərəfindən bu günədək icra olunmamasına yönəldib. O, bu faktı faşizmin dirçəldilməsinin bariz nümunəsi kimi dəyərləndirib, tarix beşiyimiz olan Qarabağın hələ də işğal altında saxlanmasını və milli-mədəni sərvətlərimizin talan olunmasını böyük təəssüf hissi ilə diqqətə çatdırıb. Eyni zamanda, Ermənistanda nasizmə xidmət edənlərə son illərdə abidə ucaldılmasını ciddi tənqid edərək deyib: “Biz nasistlərlə əlbir olanların qəhrəmanlaşdırılmasının əleyhinə çıxmalıyıq. Artıq bir neçə ildir ki, müasir erməni faşistləri öz sələflərinin, İkinci Dünya müharibəsində alman faşizminə xidmət göstərmiş cəlladlar, erməni qisasçı legionlarına rəhbərlik etmiş Qaregin Njde və general Dronun genişmiqyaslı təbliğatı ilə məşğul olurlar. Ermənilər bədnam niyyətlərinin həyata keçirilməsində hər vasitəyə əl atır, hətta qonşu ölkələrin mətbuatının imkanlarından istifadə etməkdən belə çəkinmirlər. Vaxtılə Qarabağda və Zəngəzurda azərbaycanlılara qarşı qırğınlar törətmiş Njde kimi faşist başkəsənlərinin bəraətinə xidmət edən bu təbliğatda o dərəcədə ifrata varılır ki, cəlladlar qəhrəman səviyyəsinə yüksəldilir. Ermənilərin bəşəriyyətin məhvinə çalışan, milyonların cəlladları olanlara abidə ucaltmaları hiddətləndiricidir. İkinci Dünya müharibəsi tarixinə adları nasistlərlə birgə kütləvi qırğınların törədiciləri sırasına yazılmış bu qaniçənlər faşizmə xidmət etdikləri üçün qınaq obyekti olmalı, lənətlə xatırlanmalıdırlar”. Respublika Veteranlar Təşkilatının sədr müavini Azərbaycanda heç zaman dini, irqi ayrı-seçkiliyə yol verilmədiyini, xalqımızın tolerantlığının dünya tərəfindən qəbul edilən reallıq olduğunu əminliklə bildirib. O, Prezident İlham Əliyevin ardıcıl səyləri nəticəsində qeyd olunan ənənələrin dövlət siyasəti səviyyəsinə qaldırılmasından və həyat tərzinə çevrilməsindən bəhs edərək konfrans iştirakçılarını bunun bariz nümunələri ilə tanış edib. Azərbaycanda yaşayan bütün xalqların hüquq bərabərliyinin təmin edilməsi, müxtəlif dinlərə etiqad edən insanların etnik-mədəni və dini dəyərlərinin qorunması və inkişaf etdirilməsi istiqamətində görülən tədbirləri qeyd edən natiq müxtəlif sivilizasiyaların və mədəniyyətlərin nümayəndələrinin bir arada harmonik mövcudluğunun dünya üçün nümunə olduğunu vurğulayıb. Konfransda digər ölkə nümayəndələrinin də çıxışları dinlənilib, faşizmsiz dünya uğrunda mübarizənin metodlarından bəhs olunub.

Hamısını oxu