Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib

Veteran.gov.az xəbər verir ki, iyunun 12-də Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib. Komitənin sədri Siyavuş Novruzov iclasda 1 məsələnin – Torpaq Məcəlləsində, Mülki Məcəllədə, Mənzil Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirə olunacağını bildirib.

Təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla)  məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi ilə bağlı torpaq sahələrinin ayrılması, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, habelə şəhərsalma və tikinti prosedurlarının sadələşdirilməsi məqsədilə hazırlanan qanun layihəsi ilə bağlı komitə sədri məlumat verib. O bildirib ki, layihədə komitənin profilinə uyğun baxacağı normativ hüquqi aktlarda, əsasən, iki istiqamətdə dəyişikliklər təklif olunub. Belə ki, sənəddə məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin açıq torpaq hərracları və ya müsabiqələri olmadan verilməsi təsbit olunub. Həmçinin məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yaşayış evləri və çoxmənzilli yaşayış binaları bələdiyyə mülkiyyətində olan torpaq sahələrində tikildiyi hallarda bələdiyyəyə mütənasib dəyərdə dövlət mülkiyyətindən torpaq sahələrinin ayrılması nəzərdə tutulub.

Sonra qanun layihəsinin müzakirəsi aparılıb. Müzakirədə Regional məsələlər komitəsinin sədr müavini Nurlan Həsənov, komitənin üzvləri Aydın Mirzəzadə, Arzuxan Əli-zadə, Elşən Musayev, Kamran Bayramov, Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov çıxış edərək, layihədəki dəyişikliklərlə bağlı  fikirlərini açıqlayıblar, bəzi qeydlərini və rəylərini səsləndiriblər.

Müzakirələrin sonunda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

İclasda deputatlar Səttar Möhbalıyev, Xanlar Fətiyev, Məzahir Əfəndiyev və digər rəsmi şəxslər iştirak ediblər.

2025-06-12 16:20:08
2942 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova ilə görüş olub

1941-1945-ci illər İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 77-ci ildönümü münasibətilə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, müharibə və əmək veteranı Fatma Səttarova ilə görüşüb.  H.Abdullayev Qələbə günü münasibəti ilə nazirliyin rəhbərliyi və kollektivi adından F.Səttarovanı və onun timsalında Təşkilatın kollektivini təbrik edib, xoş arzularını ifadə edib. Görüşdə ümummilli liderimiz Heydər Əliyev tərəfindən İkinci Dünya müharibəsi iştirakçılarına göstərilmiş xüsusi diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq həmin müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi üçün aparılan işlərdən bəhs olunub. İkinci Dünya müharibəsi iştirakçılarının sosial təminat sistemi ilə əhatə olunduqları, onlara diqqət və qayğının bundan sonra da davam edəcəyi qeyd olunub.  F.Səttarova onun və bütün müharibə veteranlarının, həmçinin Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının daim dövlət qayğısı ilə əhatə olunmasından razılığını bildirib və buna görə Prezident İlham Əliyevə minnətdarığını ifadə edib.  Görüşdə İkinci Dünya müharibəsi iştirakçılarının gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində xidmətlərindən bəhs olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşlığına dair fikir mübadiləsi aparılıb.   www.sosial.gov.az

Hamısını oxu
Anım Günündə Cəlilabadda Şəhidlər Xiyabanının açılışı olub

Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Veteran.gov.az xəbər verir ki, Anım Günündə ölkəmizin hər yerində olduğu kimi, Cəlilabad rayonunda da şəhidlərin xatirəsi ehtiramla anılıb.Anım tədbirində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, RİH-nin məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, rayon Veteranlar Təşkilatının üzvləri və din xadimləri iştirak edib. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov tədbirdə çıxış edərək  44 gün davam edən Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun əzəli Azərbaycan torpaqlarını erməni işğalçılardan azad edərək tarixi Qələbəyə imza atdığını vurğulayıb. Bu il sentyabrın 12-dən 13-nə keçən gecə baş vermiş növbəti erməni təxribatı nəticəsində qəhrəmancasına şəhid olan igid Azərbaycan oğullarının qanlarının yerdə qalmadığı, görülmüş əks-hücum tədbirləri nəticəsində düşmənə layiqli cavabın verildiyini qeyd  edib. Şəhid ailələri adından çıxış edən Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin anası Sevil Abdullayeva, Vətən müharibəsi şəhidi Elməddin İbrahimovun atası Zeynəddin İbrahimov, Vətən Müharibəsi Qəhrəmanı, leytenant Qəzənfər Ağayev, Birinci Qarabağ şəhidi Şamil Nəzərovun qardaşı, baş leytenant Aqil Nəzərov və Qarabağ qazisi Maşalla Əliyev çıxış edərək igid döyüşçülərimizin, qazilərimizin igidliklərindən və tarixi 44 günlük qələbəmizdən danışdılar. Şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan razılığını ifadə edən çıxışçılar Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər. Tədbir iştirakçıları Birinci Qarabağ müharibəsində və Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan oğullarımızın xatirəsinə yenidən inşa edilmiş Şəhidlər Xiyabanını və şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib, əbədi məşəl önünə əklil və gül-çiçək dəstələri qoyublar. Tədbirdən sonra rayon Veteranlar Təşkilatının İdarə Heyətinin üzvləri müharibənin ilk günü şəhid olan Cəlilabad rayonunun Muğan kəndinin igid oğlu Dəmirov Həsən Turan oğlunun ailəsini ziyarət edib, şəhidlərimizin ruhuna dualar oxunub. Allah bütün şəhidlərimizi rəhmət eləsin! Ədalət  SALMANOV Cəlilabad rayon Veteranlar Təşkilatının sədri, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, yazıçı-publisist  

Hamısını oxu
AzTU-nun rektoru Almaniyada ikili diplom müqaviləsi imzaladı

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyanın Brandenburq Texniki Universitetində (BTU) səfərdədir. Səfər çərçivəsində magistratura səviyyəsində maşınqayırma mühəndisliyi və metallurgiya mühəndisliyi ixtisasları üzrə ikili diplom proqramı haqqında müqavilə imzalanıb. Müqaviləni AzTU-nun rektoru, professor Vilayət Vəliyev və BTU-nun prezidenti, professor Gezine Grande imzalayıblar. İmzalanma mərasimindən sonra AzTU-nun rektoru Vilayət Vəliyev və BTU-nun prezidenti Gezine Grande müqavilənin 10 ildən artıq davam edən əməkdaşlığın nəticəsi olduğunu bildiriblər. Sənədin hər iki ali təhsil müəssisəsi üçün faydalı olacağı vurğulanıb, ölkələrimiz arasında əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub. Qeyd edək ki, nümayəndə heyətində Təhsil Nazirliyinin aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev də iştirak edib. Yaqub Piriyev Almaniyanın mühəndis təhsilinin əhəmiyyətindən danışıb. Bildirib ki, bu müqavilə Almaniya universitetləri ilə imzalanan ilk ikili diplom müqaviləsidir. O da qeyd olunub ki, Təhsil Nazirliyi Almaniya universitetləri ilə ikili diplom proqramlarına böyük əhəmiyyət verir. Daha sonra nümayəndə heyəti universitetin kampusu və laboratoriyaları ilə tanış olub. Həmçinin AzTU-nun məzunları olan, BTU-da magistratura və doktorantura səviyyəsində təhsil alan tələbələrin tədqiqat hesabatları dinlənilib və perspektiv imkanlar barədə müzakirələr aparılıb. Nümayəndə heyətinin səfəri davam edir.  

Hamısını oxu
“Vətən müharibəsi ordumuzun qəhrəmanlığı ilə yanaşı, həm də humanizmini nümayiş etdirdi”

“2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvəllərinin yalnız qəhrəmanlığını deyil, həm də humanizmini nümayiş etdirdi”. Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, müharibə zamanı Azərbaycan Ordusu öz qəhrəmanlığı ilə yanaşı, həm də humanizmi, yüksək hərbi mədəniyyəti ilə bütün dünyanı heyrətdə qoydu: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində dünyanın ən güclü ordularında belə heyrət doğuran misilsiz qəhrəmanlıqlara, bənzərsiz igidliklərə imza atdı. Şuşa şəhərinin yalın əl və yüngül atıcı silahlarla azad edilməsi, minalanmış, müxtəlif əngəllər və çoxsaylı istehkamlarla möhkəmləndirilmiş müdafiə zolaqlarının ildırım sürəti ilə yarılması və s. Azərbaycan əsgərinin qarşısıalınmaz olduğunu göstərdi. Bununla yanaşı, müharibə sübut etdi ki, Azərbaycan Ordusu qəhrəman olduğu qədər də humanistdir. O, lüzumsuz zorakılığa, gərəksiz şiddətə yol vermir. Qəhrəmanlıqla yanaşı, mərhəmət göstərməyi, rəhm etməyi də bacarır. Məhz buna görə də Ordumuz müharibə dönəmində bir nəfər də olsun mülki ermənini hədəf almadı. Xatırladım ki, 5 yanvar 2026-cı il tarixində dövlət başçısı yerli telekanallara müsahibəsində Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsindəki humanizminə diqqət çəkdi. Müzəffər Ali Baş Komandan bildirdi ki, istər 2020-ci, istərsə də 2023-cü ildə Azərbaycan Ermənistan şəhərlərini Ağdamın vəziyyətinə qoya bilərdi. Lakin dövlət başçısı qeyd etdi ki, Azərbaycan bunu nahaq iş hesab etdiyi, habelə, sülh istədiyi, müharibəni dayandırmaq niyyətində olduğu üçün bunu etmədi. Bu fakt bir daha Azərbaycan Ordusunun, onun Müzəffər Ali Baş Komandanının nə qədər humanist olduğunu, müharibə zamanı belə sülhə xidmət etdiyini göstərir. Və bu fakt onu deməyə əsas verir ki, dünya Azərbaycan Ordusunun müharibə təcrübəsi ilə yanaşı, həm də humanizmini öyrənməli, bundan özü üçün lazımi nəticələr çıxarmalıdır”.

Hamısını oxu