Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Səngərdə doğulan günəş - Fatma Səttarova

Bəzən bir insan bir əsrin yükünü çiyinlərində daşıyır. Sanki tarix onun nəfəsində danışır, zaman isə onun gözlərində qərar tutur. Belə insanlar nadir doğulur. Onlar yalnız bir dövrün deyil, bütöv bir xalqın yaddaşına çevrilirlər. Onlardan biri də şəfqətin səngərində, mübarizənin meydanında, ön cəbhədə sübuta yetirən, ləyaqətin cəmiyyətdə rəmzinə çevrilən Fatma Hüseyn qızı Səttarovadır. 

Fatma Səttarova 1922-ci ildə Bakı şəhərində anadan olmuşdu. Ailənin tək övladı idi. 1940-cı ildə Bakı Tibb Texnikumunu bitirmişdi. Cəmi bir il sonra 1941-ci ilin yanvarında ailə həyatı qurmuş, lakin bu xoşbəxtliyin ömrü cəmi beş ay sürmüşdü. İyun ayında İkinci Dünya müharibəsi başlandı. Fatma xanım 18 yaşında olmasına baxmayaraq könüllü olaraq cəbhəyə yollandı. Faşizm üzərində qələbə üçün ölümə çarpışmaqdan belə çəkinmədi. Bu gənc qadın ön xəttdə şəfqət bacısı kimi xidmət göstərməyə başladı. Moskova uğrunda gedən mübarizə ilə qəhrəmanlıq tarixi yaradan Fatma xanım Səngərlərdə yaralı əsgərləri ölümün pəncəsindən xilas edir, həyatla ölüm arasındakı sərhəddə ümid paylayırdı. Leninqradın mühasirəsi zamanı Ladoqa gölünün üzərində salınmış məşhur “Həyat yolu”ndan keçərək döyüş bölgələrinə ərzaq və dərman daşıyır, yaralıları təhlükədən uzaqlaşdırırdı. Göydən bombaların yağdığı anlarda belə insanlıq və mərhəmət hissini itirmədi. Müharibə onu əymədi əksinə, daha da möhkəmləndirdi. O, Berlinə qədər döyüş yolu keçdi. Lakin 1945-ci ilin əvvəllərində Macarıstanda xəstələndi və ordudan tərxis olundu. Yaralı əsgərlərlə dolu eşalonu müşayiət edərək Bakıya döndü. Üç ay sonra isə böyük Qələbə elan olundu. Fatma Səttarovanın həyatında müharibədən sonra yeni səhifə açıldı. Tibb sahəsini tərk edərək Bakı Dövlət Universitetinin İqtisadiyyat fakültəsində təhsil aldı. Sonrakı illərdə müxtəlif dövlət qurumlarında çalışdı. Amma onun ən böyük vəzifəsi xalqa və Vətənə xidmət idi. İctimai fəaliyyətə qoşulan Fatma xanım Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında çalışmağa başlamış və 2021-ci ildə bu qurumun sədri təyin olunmuşdu. Bu vəzifədə o, bütün veteranlar üçün çalışırdı. Onların sosial rifahı, mənzil və tibbi təminatı kimi məsələlərin həllində fəal mövqe tutdu. Məktəblərdə və hərbi hissələrdə gənclərlə görüşlər keçirərək vətənpərvərlik ruhunun formalaşmasına mühüm töhfə verdi. Fatma xanımın rəhbərliyi dövründə təşkilat nəfəs alan bir ailəyə çevrilmişdi. Bu ailənin hər bir üzvü bu gün Fatma xanımı dərin minnətdarlıqla xatırlayır. Onun adı çəkiləndə yalnız keçmiş yada düşümür, həm də gələcəyin yol xəritəsi göz önündə canlanır.

Fatma Səttarovanın həyat yolu dövlət rəhbərləri tərəfindən də yüksək qiymətləndirilmişdir. Ümummilli Lider Heydər Əliyev onunla bir neçə dəfə görüşmüş, xatirələrini dinləmiş, onu “Azərbaycanın qəhrəman qızı” adlandırmışdı. Daha sonra Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva ilə bir çox tədbirlərdə fəxri qonaq kimi iştirak etmiş, onların təşəbbüsü ilə keçirilən layihələrdə fəallıq göstərmişdir. Prezident İlham Əliyev onun haqqında belə demişdi: “Fatma Səttarova kimi insanlar bizim milli sərvətimizdir.” 2021-ci ilin 9 may tarixində onun şərəfinə Silahlı Qüvvələrin Fəxri Qaraulu düzülmüş, 2022-ci ildə isə "İstiqlal" ordeni ilə təltif olunmuşdu. Eyni zamanda, “Qələbənin 75 illiyi”, “Vətənin fəxri” və “Veteran Həmrəyliyi” medallarına layiq görülmüşdü. Fatma xanım 14 sentyabr 2024-cü ildə vəfat etdi və II Fəxri Xiyabanda dəfn olundu. Ömür yolu ilə nəsillərə örnək olan Fatma xanımın yoxluğu Təşkilatımızın üzvləri üçün ağır bir itki oldu. Onun məzarı bu gün veteranların əziz xatirəsinin yaşadılacağı bir and yerinə çevrilib. Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva dəfn mərasiminə əklil göndərərək ona olan yüksək ehtiramlarını ifadə etmişdilər. İndi isə Təşkilat olaraq deyirik: “Nur içində yat, Fatma xanım. Allah sənə rəhmət eləsin. Biz səni heç zaman unutmayacağıq. Sən bizim yaddaşımızda, dualarımızda yaşayacaqsan. Vətənə və xalqa etdiyin xidmətlər daim xatırlanacaq, adın nəsillərdən nəsillərə ötürüləcək. Ruhun şad olsun!

Polkovnik Cəlil Xəlilov

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri

 

2025-09-14 12:52:23
2998 baxış

Digər xəbərlər

Azərbaycanda dövlət qeydiyyatına alınan mətbu orqanların və QHT-lərin sayı açıqlandı

Azərbaycanda dövlət qeydiyyatına alınan mətbu orqanların və QHT-lərin sayı açıqlanıb. Milli.Az bildirir ki, bu barədə iyulun 29-da Ədliyyə Nazirliyində cari ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında keçirilən kollegiya iclasında qeyd olunub. Bildirilib ki, birinci yarımildə 73 qeyri-kommersiya qurumu, o cümlədən çoxpartiyalı sistemin inkişafına dövlət dəstəyinin təzahürü olaraq 4 yeni siyasi partiya dövlət qeydiyyatına alınıb, 30-dək mətbu nəşr uçota götürülüb. Hazırda qeyri-kommersiya təşkilatlarının ümumi sayı 4 624, mətbu nəşrlərin sayı isə 5 343 təşkil edir.   Milli.Az

Hamısını oxu
Vəli Axundov – Elmin və Vətənin Sədaqətli Övladı

Bakı səmasının maviliyindən şəhərə boylananda bəlkə də bir çoxu bu şəhərin yalnız neftlə dolu torpağını görür. Amma bu torpağın altı qədər üstü də qiymətlidir. Çünki bu torpaq təkcə maddi sərvət deyil, həm də müdriklik, elm və fədakarlıq yetirib. O müdriklərdən biri də Böyük Vətən müharibəsi iştirakçısı, Azərbaycan xalqının görkəmli ictimai-siyasi xadimi, alim, dövlət və elm adamı Vəli Yusif oğlu Axundovdur. Onun həyatı XX əsr Azərbaycan tarixinin, xüsusilə də elmi və siyasi proseslərin güzgüsüdür. Onun həyatı, təcrübəsi və yaradıcılığı yalnız bir insanın uğurları ilə məhdudlaşmır; əksinə, xalqın, millətin və bütöv bir cəmiyyətin inkişafına xidmət edən bir örnəkdir. O, tibb elminin incəliklərinə hakim olduğu qədər ədəbiyyatın, musiqinin və mədəniyyətin dərin qatlarına da nüfuz etmiş bir alim və ictimai xadimdir. Bu gün biz Böyük Vətən Müharibəsində əldə edilmiş şanlı Qələbənin 80 illiyini ehtiramla qeyd edərkən yalnız silahla döyüşən qəhrəmanları deyil, həm də canla-başla hərbi xəstəxanalarda həyat qurtaran, səngərdə insan ömrünü qoruyan, döyüş meydanında böyük insanlıq nümunəsi göstərən şəxsiyyətləri də xatırlayırıq. Onlardan biri də akademik Vəli Axundovdur. O, 1916-cı ilin mayında Bakı şəhərinin Saray kəndində sadə kəndli ailəsində dünyaya gəlmişdir. Onun uşaqlığı və gəncliyi çətinliklər içində keçmiş, lakin bu çətinliklər onun əzmini qırmamış, əksinə daha da möhkəmləndirmişdir. Orta təhsilini başa vurduqdan sonra sənət məktəbində, ardınca isə Bakı Sənaye Texnikumunun kimya şöbəsində təhsil almışdır. Lakin o, bununla kifayətlənməmiş, 1936-cı ildə Azərbaycan Tibb İnstitutuna daxil olmuş və həkimlik peşəsinə yiyələnmişdir. İnstitutda oxumaqla yanaşı, ATİ-nin ictimai elmlər kafedrasının laborantı, "Tibbi kadrlar uğrunda" qəzetinin redaktoru və komsomol komitəsinin katibi vəzifəsində çalışmışdır. Vəli Axundovun həyatı gəncliyindən vətənlə çarpazlaşdı. 1941-ci ildə institutu bitirdikdən sonra iyul ayında hərbi xidmətə çağırılmış və Böyük Vətən müharibəsində iştirakçılarından birinə çevrilmişdir. Böyük həkimlik istedadına malik olan Vəli Axundov cəbhədə 28-ci ordunun 20-ci atıcı diviziyasının sıralarında xidmət edərək sıravi həkimlikdən əlahiddə tibbi-sanitar batalyonun komandiri vəzifəsinə qədər yüksəlmiş, Polşa, Almaniya və Çexoslovakiyada gedən döyüşlərdə iştirak etmişdir. Öz borcunu şərəflə yerinə yetirdikdən sonra 1945-ci ilin oktyabrından 1946-cı ilin fevral ayına qədər Bakıda 48-ci əlahiddə zenit-pulemyot batalyonunda baş həkim kimi xidmət etmişdir. Onun rəhbərliyi altında minlərlə yaralı döyüşçü sağaldıldı, yenidən cəbhəyə qaytarıldı, ya da evinə dönə bildi. Müharibənin qan və tər içində keçən illərində o, həm həkim, həm psixoloq, həm də döyüşçü idi. Yaralı bir əsgərin gözlərinə baxıb “Sən sağalacaqsan” deyə bilmək, yalnız peşəkarlıq yox, sarsılmaz inam və vətən sevgisi tələb edirdi. Bu inamın adı o illərdə çox vaxt “Doktor Axundov” idi. Cəbhədə qazandığı təcrübə və etimad onun sonrakı elmi və dövlətçilik fəaliyyətinə bünövrə oldu. Səngərdə döyüşkənlik, laboratoriyada elmi dəqiqlik, rəhbərlikdə isə insanlıq və ədalət onun həyat devizinə çevrildi. Müharibə onun iradəsini bərkidib, ruhunu möhkəmləndirmişdi. O, öz xalqına səhiyyə sistemində, elmi institutlarda, rəhbər vəzifələrdə bu ruhla xidmət etdi. Lakin onun gerçək savaşı müharibədən sonra başladı. 1946-cı ilin mart ayında ordudan tərxis olunaraq Tibb İnstitutuna qayıtmış tibb tarixi kafedrasında assistent işləmiş və Epidemiologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun elmi işçisi, daha sonra isə direktoru olmuşdur. Az sonra Azərbaycan Tibb İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilmiş və 1946–1949-cu illərdə bu vəzifədə çalışmışdır. Gəncə və Bakı kimi sənaye şəhərlərində apardığı tədqiqatlar nəticəsində onun metodikası SSRİ-nin bir çox bölgələrində tətbiq olunmağa başlamışdır. Vəli Axundovun adı artıq yalnız Azərbaycanda deyil, ittifaq miqyasında sanitar-epidemioloji elminin simvoluna çevrilirdi. Ən böyük qayğısı isə su idi - təmiz, şəffaf içməli su. O deyirdi: “Su sağlamlığın aynasıdır.” Əhali arasında yayılan xəstəliklərin arxasında çox zaman içməli suyun keyfiyyətsizliyi dayanırdı və o, bu sahədə ciddi tədqiqatlara başladı. Sututarlarının sanitar vəziyyəti, sənaye tullantıları, qoruma tədbirləri bütün bunlar onun rəhbərliyi altında araşdırılır, elmi həllər tapılırdı. Vəli Axundov tibb elmləri namizədi, sonra isə doktoru elmi dərəcələrini almış, 1969-cu ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilmişdir. O, ömrünün son illərinə qədər elmi fəaliyyətini davam etdirmiş, Musabəyov adına Virusologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun direktoru kimi çalışmışdır. Onun xarakterik cəhətlərindən biri də öyrənməyə olan marağı idi. Belə ki, yaşı yetmişə yaxın olsa da, ingilis dilini sıfırdan öyrənmişdir. Bu da onun daim inkişaf edən, öyrənən və yeniliklərə açıq bir şəxsiyyət olduğunu sübut edir. Elm yolunda yalnız biliklə yox, təşkilati işlərlə də öndə gedən Axundov təkcə kabinet alimi deyildi. O, 1954–1958-ci illərdə Azərbaycan SSR səhiyyə naziri, 1958–1959-cu illərdə isə Nazirlər Sovetinin sədri olmuşdur. 1959–1969-cu illərdə isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi kimi fəaliyyət göstərmiş, ölkənin iqtisadi və elmi inkişafı üçün müəyyən addımlar atmışdır. Onun rəhbərliyi dövründə neft sənayesi və kənd təsərrüfatı sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunmuş, sosial və elmi infrastruktur genişlənmişdir. Vəli Axundovun həyatı sadə kənd uşağından xalqına xidmət edən böyük şəxsiyyətə gedən yoldur. O, həm elm, həm də siyasət sahəsində səmərəli fəaliyyət göstərmiş, Azərbaycan xalqına uzun illər vicdanla xidmət etmişdir. 1986-cı ilin avqustunda dünyasını dəyişən Vəli Axundov Fəxri Xiyabanda dəfn olunmuşdur. Onun adı bu gün də Azərbaycan elmi və siyasi tarixində dərin iz buraxmış şəxsiyyətlər sırasında hörmətlə anılır. Hazırda 300-dən çox elmi əsəri, 6 monoqrafiyası və onlarla kitabçası gənc tədqiqatçılar tərəfindən araşdırılır. Onun elmi məktəbindən çıxan doktorlar və alimlər bu gün də onun adını fəxrlə daşıyırlar. Vəli Axundovun həyatı yalnız elmlə yox, həm də əqidə ilə yazılmış bir dastandır. SSRİ-nin yüksək ordenləri, medalları və fəxri fərmanları onun fədakarlığının nümunəsidir. Amma onun ən böyük təltifi xalq yaddaşında əbədi qalmasıdır - bir alim, bir vətənpərvər, bir insan kimi. Bu gün biz Qələbənin 80 illiyini qeyd edərkən həm döyüş meydanında, həm də elmin səngərində vuruşan Vəli Axundovun adını sadəcə yad etmirik, ona haqqını qaytarırıq. Çünki bu bayramın qeyd olunmasında onun da haqqı vardır. Vəli Axundovun ömrü tamamlandı, amma o ömürdə yazılmış izlər silinmədi. O izlər laboratoriya masasındakı saralmış bir qeyd dəftərində, bir əsgərin sağalmış yarasında, bir kəndin təmizlənmiş suyunda, bir tibb tələbəsinin əzbərlədiyi monoqrafiyada yaşayır. Çünki elmin sükutuna bəzən bir insanın ömrü işıq saçır. Vəli Axundov o işıqlardan biri idi. Və bu işıq yalnız bir ömrün deyil, bir xalqın sağlam gələcəyinin işığıdır. Bu işıq illər keçsə də sönməyəcək. Bu ad hər zaman aydınlıq gətirəcək. Cəlil Xəlilov  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
Laçın rayon 21 saylı orta məktəbin şagirdi Zəhra İmranlı respublika müsabiqəsində birinci oldu

Bədii qiraətçinin müəllifi olduğu  “Dəmir yumruqlu komandan” şeiri böyük maraqla qarşılanıb Veteran.gov.az  aztv.az-a istinadən xəbər verir ki, Azərbaycan Radiosunun (105 FM) 15 yaşadək məktəblilər üçün elan etdiyi şeir, hekayə və esse müsabiqəsinin qalibləri açıqlanıb. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, müsabiqəyə 350-yə yaxın iştirakçı qatılıb, onlardan 6-sı qalib olub. 3 yer şeir, 3 yer isə nəsr təqdim edən iştirakçılara ayrılıb. Şeir təqdim edən iştirakçılardan Laçın rayon 21 saylı orta məktəbin 4-cü sinif şagirdi Zəhra İmranlı “Dəmir yumruqlu komandan!” şeiri ilə 1-ci yerə, 7-ci sinif şagirdi Leyla Rəhimli “Bu yol Şuşaya gedir” şeiri ilə 2-ci yerə, 9-cu sinif şagirdi Ədil Məsimov isə “Azad oldu Qarabağ” şeiri ilə 3-cü yerə layiq görülüb. 4-cü sinif şagirdi Aylin Ağazadə “Mənim atam” adlı nəsr nümunəsi ilə 1-ci yerə, Xədicə Allahverdiyeva “Arzu” adlı nəsr nümunəsi ilə 2-ci yerə, Xədicə Əliyeva isə “Şanlı bayraq” nəsr nümunəsi ilə 3-cü yerə layiq görülüb.  

Hamısını oxu
Sosial şəbəkələrdə yayılan məlumatlar spekulyativ xarakter daşıyır - Sübhan Bəkirov

Sosial şəbəkələrdə Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanının türkiyəli əlaqələndirici zabit 1-ci dərəcəli kapitan Eren Günayın guya Azərbaycan HDQ-nin qərargahına buraxılmaması və xidməti maşınına icazə verilməməsi barədə yayılan məlumatların heç bir əsası yoxdur və spekulyativ xarakter daşıyır. Bunu Publika.az-a Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanı, kontr-admiral Sübhan Bəkirov deyib. O bildirib ki, 1-ci dərəcəli kapitan E.Günay hazırda xidmətdədir və biz birlikdə yüksək səviyyədə qarşılıqlı fəaliyyət göstəririk:

Hamısını oxu