Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Zəfərin Səsi - 8 Noyabrın Qəhrəmanları!

General-Polkovnik Hikmət Mirzəyev: Aprel Döyüşlərinin və Qarabağ Zəfərinin Sərkərdəsi

Azərbaycan tarixində qəhrəmanlıq dastanları çoxdur. Xalqımızın hər dövrü igidlərin, qəhrəmanların və vətənpərvərlərin şücaəti ilə yazılıb. Əsrlər boyu millətimizin azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin rəmzi olan qəhrəmanlardan bəzilərinin adını çəkmək kifayətdir: Şah İsmayıl Xətayi, Babək Xürrəmi, Cavanşir, Koroğlu, Həzi Aslanov, Mehdi Hüseynzadə, Çingiz Mustafayev, Mübariz İbrahimov, Polad Həşimov, Zaur Nudirəliyev, İlqar Mirzəyev və daha yüzlərlə igidimiz... Onların hər biri Azərbaycanın azadlığı, torpaqlarının bütövlüyü və xalqımızın şərəfi naminə döyüşüb, ölməzliyə qovuşub.

2020-ci ilin payızında baş vermiş 44 günlük Vətən müharibəsi yalnız hərbi zəfər deyil, həm də xalqımızın milli birliyinin, qürurunun və sarsılmaz iradəsinin təntənəsi idi. Bu şanlı müharibənin ən parlaq simalarından biri isə Müzəffər Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin komandiri, general-polkovnik Hikmət Mirzəyev oldu. Onun rəhbərliyi altında həyata keçirilən uğurlu əməliyyatlar nəticəsində Cəbrayılın, Füzulinin və xüsusən də Şuşanın azad olunması Azərbaycan tarixinin ən möhtəşəm qəhrəmanlıq səhifələrindən birinə çevrildi. Hikmət Mirzəyev döyüş meydanında göstərdiyi soyuqqanlılıq, qətiyyət, cəsarət və strateji zəkası ilə düşmənə sarsıdıcı zərbələr endirdi, əsgərlərinə inam və ruh yüksəkliyi aşıladı. Düşmənin ən güclü müdafiə xəttlərini yararaq əlbəyaxa döyüşlərdə öz qüvvələrini qələbəyə apardı. Onun rəhbərliyi altında olan xüsusi təyinatlılar az sayda silah və texnika ilə, lakin böyük ruh yüksəkliyi və igidliklə düşməni geri oturtdular. Şuşanın azad olunması ilə Azərbaycanın qüruru və milli ruhu yenidən dirçəldi.

Ali Baş Komandan İlham Əliyevin uzaqgörən rəhbərliyi, sarsılmaz iradəsi və qətiyyətli qərarları nəticəsində həyata keçirilən əməliyyatlar Azərbaycan Ordusunun qüdrətini, peşəkarlığını və yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Qısa müddət ərzində əldə edilən tarixi Qələbə xalqımızın birliyinin, dövlətimizin siyasi iradəsinin və ordumuzun döyüş ruhunun parlaq təzahürü oldu. Qələbədən sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şəxsən etdiyi təbrik isə general-polkovnik Hikmət Mirzəyevə göstərilən yüksək etimadın, inamın və dərin hörmətin ifadəsi idi. Bu təbrik, eyni zamanda onun rəhbərlik etdiyi qoşun hissələrinə yeni ruh, qürur və məsuliyyət hissi aşıladı. General-polkovnik Hikmət Mirzəyev üçün bu etimad daha böyük uğurlar və qələbələr naminə mübarizəni davam etdirmək üçün güclü stimul oldu.


 

 Hikmət Mirzəyev yalnız 44 günlük müharibənin deyil, həm də 2016-cı ilin Aprel döyüşlərinin və Birinci Qarabağ müharibəsinin qəhrəmanıdır. Onun sərkərdəliyi, xüsusi təyinatlıların döyüş bacarığı, müasir texnikadan səmərəli istifadəsi və insan amilinə verdiyi önəm onu müasir Azərbaycan hərb tarixinin ən parlaq simalarından birinə çevirmişdir.

Bizim hər birimiz ücün Şuşa sadəcə bir şəhər deyil, milli ruhun, mədəniyyətin, tarixin dirçəldiyi məkandır. Onun azadlığı üçün aparılan əməliyyat Hikmət Mirzəyevin rəhbərliyi ilə böyük qəhrəmanlıq nümunəsi oldu. General həmin günləri belə xatırlayırdı: “Şuşaya girəndə özümü çox xoşbəxt hiss etdim. Vicdanım içimdə öz cavabını tapmışdı. O vaxta qədər daim əziyyət çəkirdim. Orada bunu hiss etdim.”

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründən etibarən Hikmət Mirzəyev peşəkar hərbçi kimi daim inamla yüksəlmiş, öz fədakarlığı və xidmətləri ilə orduda xüsusi hörmət qazanmışdır. 2002-ci ildə general-mayor, 2020-ci ildə general-leytenant, daha sonra general-polkovnik rütbəsinə layiq görülüb. O, “Vətənə xidmətə görə”, “Azərbaycan bayrağı”, “İgidliyə görə” və digər orden, medallarla təltif olunub. Bu təltiflər onun vətənə sədaqətinin və xidmətinin ən yüksək qiymətidir.


 Təşkilatımızın üzvləri çiyin-çiyinə döyüşdükləri silahdaşlarını, Vətən müharibəsinin müqəddəs Zəfərini qazanan igidlərimizi, arxa cəbhədə dua və inamla ordumuza mənəvi güc verən xalqımızı, şəhidlərimizin əziz ruhunu dərin ehtiramla yad edir və minnətdarlıqlarını bildirirlər.

Tanrı sizi qorusun, cənab sərkərdə Hikmət Mirzəyev! Tanrı Azərbaycanı, onun qəhrəman oğullarını və bu xalqın yenilməz ruhunu daim uca eləsin!

 Qarabağ Azərbaycandır və əbədi belə qalacaq!

2025-10-21 11:08:08
4663 baxış

Digər xəbərlər

İş adamı şəhidlərin xatirəsinə iftar süfrəsi açıb

Veteran.gov.az xəbər verir ki, hər zaman şəhid ailələrinə, qazilərə diqqət və qayğı göstərən Səfər Əlirzayev tərəfindən hər il olduğu kimi bu il də torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsinə iftar süfrəsi açılıb. İftardan öncə Nehrəm qəsəbə şəhidliyində şəhidlərimizin xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub. Aprelin 7-də olan iftar məclisisində Muxtar Respublikanın digər kənd və rayonlarından olan şəhid valideynləri, qazilər, qəsəbə sakinləri ilə yanaşı, Naxçıvan Ali Məclisinin deputatları, Yeni Azərbaycan Partiyası Babək rayon təşkilatının sədri İsa Məmmədov, DGKA-nın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov iştirak ediblər. Həmçinin iki gün ərzində Səfər Əlirzayevin iştirakı ilə Naxçıvanın müxtəlif yaşayış məntəqələrində olan şəhidlərin məzarları onların doğmaları ilə birgə ziyarət olunub. Ziyarət əsnasında şəhidlərin ruhuna dualar oxunub, məzarları üzərinə gül dəstələri qoyulub.  

Hamısını oxu
Berlində Azərbaycan-Almaniya sənədləri imzalanıb

İyulun 21-də Berlində Almaniya-Azərbaycan sənədlərinin imzalanması mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”ni imzaladılar. Tədbirdə, həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə imzalandı.

Hamısını oxu
Başsağlığı

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşı, dövlət qulluğunun baş müşaviri Rasim Mirzəyevin yaxın qohumu Çingiz Mirzəyev vəfat edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti bu acı xəbərdən təəssüfləndiyini bildirir, Rasim Mirzəyevə və mərhumun bütün doğmalarına dərin hüzünlə başsağlığı verir. Allah rəhmət eləsin!

Hamısını oxu
Azərbaycan ilə Esvatini Krallığı arasında dağ-mədən sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Veteran.gov.az xəbər verir ki, mayın 20-də Azərbaycan Respublikası və Esvatini krallığı arasında dağ-mədən sənayesinin inkişafını təşviq edəcək əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.  Sənəd Azərbaycan Respublikası tərəfindən “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov və Esvatini Krallığının təmsilçisi qismində Təbii sərvətlər və Energetika naziri, şahzadə, Zati-aliləri Lonkhokhela tərəfindən imzalanıb. İkitərəfli əməkdaşlığa dair sənəd dağ-mədən sənayesinin inkişafı, geoloji kəşfiyyat, texniki əməkdaşlıq və investisiya imkanları kimi istiqamətləri əhatə edir və iki tərəf üçün də yeni imkanlar yaradır. Memoranduma əsasən, “AzerGold” QSC və Esvatini Krallığının Təbii Sərvətlər və Energetika Nazirliyi geoloji, kommersiya və normativ məlumatların mübadiləsi, geoloji kəşfiyyat işləri, laboratoriya sınaqları, mineral resursların qiymətləndirilməsi, eləcə də texniki-iqtisadi əsaslandırma tədqiqatlarının həyata keçirilməsi sahələrində əməkdaşlıq edəcəklər. Bununla yanaşı, Memorandum çərçivəsində tərəflər mümkün birgə layihələrin, investisiya modellərinin və xidmət müqavilələrinin nəzərdən keçirilməsi istiqamətində fəaliyyət göstərəcəklər. Sənədə uyğun olaraq birgə işçi qruplarının yaradılması, qarşılıqlı sahə səfərlərinin təşkili, məlumat və təcrübə mübadiləsinin aparılması, yeni biznes əlaqələrinin qurulması imkanlarının araşdırılması, eləcə də konfrans, seminar və digər birgə tədbirlərin təşkili nəzərdə tutulur. İmzalanan Memorandum iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsinə və dağ-mədən sektorunda uzunmüddətli tərəfdaşlığın inkişafına xidmət edəcək.

Hamısını oxu