Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident TDT-yə üzv ölkələrin QHT-lərinin həmrəylik forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun iştirakçılarına müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

"Hörmətli forum iştirakçıları!

Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunda ürəkdən salamlayıram.

Türk dövlətlərinin artan potensialı və qlobal müstəvidə gündən-günə güclənən mövqeyi daha iddialı məqsədlərin qarşıya qoyulmasını, birgə səylərin artırılmasını, bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsini, çevik mexanizmlərin yaradılmasını zəruri edir. İlk dəfə keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu bu istiqamətdə atılmış mühüm addımdır.

Regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, tərəqqi ideyalarına sadiq olan dost və qardaş xalqlarımızı ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlər möhkəm bir ailə kimi birləşdirir, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsini şərtləndirir.

Azərbaycan Türk Dövlətləri Təşkilatına hazırda sədrlik edən ölkə kimi üzv ölkələrin vətəndaş cəmiyyəti təsisatları arasında da ictimai kommunikasiyanın gücləndirilməsinə çalışır. Bu günlərdə Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Qızıl Aypara Cəmiyyətləri Prezidentlər Şurasının iclasının keçirilməsi, QHT-lərin indiki həmrəylik forumu və ardınca TDT-nin media və informasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin növbəti toplantısı bu sahədə aparılan işlərin miqyasını və çoxşaxəli xarakterini nümayiş etdirir.

Bu gün Türk dünyası özünün yüksəliş dövrünü yaşayır. Beş il əvvəl qazandığımız Qarabağ Zəfəri türk xalqlarının ümumi sevinci və qürur mənbəyidir. İnanıram ki, hazırda yenidən qurulan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, açılacaq Zəngəzur dəhlizi türk dövlətləri arasında əməkdaşlığın inkişafında və möhkəmlənməsində mühüm rol oynayacaqdır.

Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə ikitərəfli və çoxtərəfli əsasda QHT-lər üçün tarix, mədəniyyət, ekologiya, iqlim siyasəti və digər sahələrdə ortaq qrant müsabiqələri elan etməyə, qarşılıqlı kommunikasiyanı gücləndirən layihələri dəstəkləməyə hazırdır.

2026-cı ildə 100 illiyi keçiriləcək Birinci Türkoloji Qurultayın türk xalqlarının mədəni inteqrasiyası məsələləri ilə bağlı yarımçıq qalmış işlərinin QHT-lərin yaxından iştirakı ilə müasir çağırışlara uyğun davam etdirilməsi də xüsusi aktuallıq kəsb edir.

Türk dünyası QHT-lərinin BMT və digər beynəlxalq təsisatlar çərçivəsində birgə, koordinasiyalı fəaliyyəti, vahid platformada birləşməsi ümumi işimizə və məqsədlərimizə böyük töhfə verə bilər.

Əminəm ki, forum zamanı quracağınız əməkdaşlıq əlaqələri Türk dünyasında həmrəyliyin, birliyin və ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.

Sizi bir daha Azərbaycanda salamlayır, forumun işinə uğurlar arzulayıram".

 

2025-11-24 18:27:00
2626 baxış

Digər xəbərlər

Türkan qəsəbəsində veteranlar və gənclər ağacəkmə aksiyasında iştirak edib

Respublika Veteranlar Təşkilatının əməkdaşları Cabir Kazımov və  Nəbi Hacıyev 7 may 2021-ci il tarixində Xəzər rayonu Türkan qəsəbəsində  ağacəkmə aksiyasında iştirak edib. Tədbirdə Xəzər rayonunun Veteranlar Təşkilatının sədri Məcnunov Səxavət ,”Ölməz alay”ın veteranları, Türkan qəsəbəsinin icra nümayəndəsi və gənclər iştirak etdilər.    “Xatirə bağı”nda keçirilən aksiyada Böyük Vətən Müharibəsində və 44 günlük Vətən Müharibəsində həlak olanların xatirəsinə ağaclar əkilib, yeni yaşıllıq zolağı salınıb.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu
Sumqayıt Musiqi Kollecinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səbinə Mehdiyeva ustad dərsi keçib

“Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin 2022-ci ilin birinci yarımili üçün nəzərdə tutulmuş İş planının 4.2-ci bəndinin icrası məqsədilə cari ilin 15 fevral 2022-ci il tarixində İsmayıllı Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Musiqi və İncəsənət Məktəblərinin fortepiano ixtisası və rəsm sənəti üzrə müəllimlərin bilik, bacarıq və peşə səriştələrinin artırılması məqsədilə Qobustan şəhər Rəşid Behbudov adına Uşaq İncəsənət Məktəbində ustad dərs keçirilmişdir”. Veteran.gov.az xəbər verir ki, bu barədə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sosial şəbəkədəki səhifəsində məlumat verilib. Məlumatda deyilir: “Bildiyimiz kimi, Bədii təhsil sahəsinin inkişafı müasir çağırışlara cavab verən yeni metodların ərsəyə gəlməsi və bilavasitə tətbiqi nəticəsində baş verir. Qeyd edək ki, yeni metodlardan istifadə şagird, həmçinin müəllim kontingenti üçün ən mühüm məsələlərdən biridir. Növbəti “Ustad dərslər” layihəsi fortepiano ixtisası üzrə Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Sumqayıt Musiqi Kollecinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səbinə Mehdiyeva, rəsm sənəti üzrə isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının pedaqoqu Aydan Şahbazlı tərəfindən reallaşdırılmışdır. Təşkil edilən ustad dərslərdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan şəhər R.Behbudov adına Uşaq İncəsənət Məktəbi, Qəbələ rayon Uşaq İncəsənət Məktəbi, İsmayıllı rayon F.Əzimov adına Uşaq İncəsənət Məktəbi, Qobustan rayon Təklə kənd Uşaq Musiqi Məktəbi, Ağsu rayon Uşaq Musiqi Məktəbi, Şamaxı şəhər Uşaq İncəsənət Təhsili Mərkəzinin müəllim və şagird heyəti iştirak etmişlər. Dərs zamanı adları qeyd edilən məktəb şagirdlərinin çəkdiyi rəsmlər, həmçinin dərs proqramları üzərində praktiki göstərişlər edilərək, müəyyən tövsiyələr müəllimlərin diqqətinə çatdırılmışdır. Ustad dərslərin sonunda isə müəllimlər tərəfindən verilən müəyyən suallara aydınlıq gətirilərək fikir mübadiləsi aparılmış, eyni zamanda ustad dərsdə iştirak edən müəllimlər dərsin keçirilməsinə görə təşkilatçılara öz dərin minnətdarlıqlarını bildirmişlər”.  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı 100 yaşlı üzvünü təbrik edib

Bu gün Respublika Veteranlar Təşkilatının üzvü, Böyük Vətən Müharibəsi iştirakçısı  Əli Nəsirovun 100 yaşı tamam olub. Yubiley münasibəti ilə Respublika Veteranlar Təşkilatının Təşkilati və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nadir İsmayılov, Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev, Təşkilatın Səbail rayon şöbəsinin sədri Adilə Yaqubova, Səbail Rayon İcra Hakimiyyəti və Səbail Rayon Bələdiyyəsinin nümayəndələri Əli Nəsirovu ziyarət edib, ona uzun ömür, cansağlığı arzulayıblar.   Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova da yubiley münasibəti ilə Əli Nəsirovu təbrik edib, onu gənclər üçün örnək adlandırıb. Təşkilat sədri tərəfindən yubilyara ünvanlanan təbrik məktubunda deyilir:   “Hörmətli Əli müəllim.   Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından və şəxsən öz adımdan Anadan olmağınızın 100 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm. İkinci Dünya Müharibəsi illərində Siz, ordu hissələri tərkibində Qafqazın, Ukraynanın faşist işğalçılarından azad olunması uğrunda gedən hərbi əməliyyatların fəal iştirakçısı kimi şərəfli döyüş yolu keçmisiniz.   Siz, müharibədən sonrakı illərdə də quruculuq işlərində fədakarlıqla çalışmısınız, öz bilik və təcrübənizlə bölüşərək gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə mühüm töhfə vermisiniz.  Vətən qarşısındakı xidmətlərinizə görə orden və medallarla təltif olunmusunuz. Siz müharibə və əmək veteranı kimi bu gün də gənclərimiz üçün örnəksiniz.   Hörmətli Əli müəllim,   Sizi bir daha ad gününüz münasibətilə təbrik edir, Sizə cansağlığı arzulayıram”.  

Hamısını oxu