Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

50 yaşım Minskdə və Xatında olanda tamam oldu - Qələbə-80

Bir yaşım amansız Böyük Vətən müharibəsi başlayandan bir ay əvvəl, beş yaşım da Müharibə dörd il “öz işini” görüb başa çatdırandan sonra olmuşdu. Hər iki ad günüm doğulduğum Şıxlar kəndimdə, nə mənim, nə də valideynlərimin xəbərləri olmadan öz-özünə keçib-getmişdi... Bu dünyaya haçan və harada gəlməyimi mən ancaq 15 yaşımda-- 1955-ci ilin iyul ayının 12-də, Bakıya oxumağa gedəndə aldığım “Doğum haqqında şəhadətnamə”dən bilmişəm.

Mənə ilk dəfə ad gününü, 26 yaşımın tamamında, Bakı torpaq ekspedisiyasında işləyərkən iş yoldaşlarım keçirmişdilər və mənə indiyə kimi saxladığım hədiyyə də alıb bağışlamışdılar.

1990-cı il mayın 16-da 50 yaşım tamam olacaqdı. Mayın 12-dən 26-dək “Azərbaycan” turist qatarı ilə, Bakıdan çıxıb, Kiyev, Minsk, Xatın, Brest, Vilnüs, Kaunas, Kalininqrad, Svetloqorsk, Riqa, Yurmala, Tallin, Leninqrad və Rostovda səfərdə olacaqdım. Mayın 12-də Bakıdan yola düşəndə bilmirdim ki, 50 yaşım bu gedəcəyim yerlərin hansında tamam olacaqdı. Mayın 14 və 15-də Kiyevdə olduq. Şəhərin “Turist sxemi”nə baxanda fikirləşirsən ki, burada göstərilənləri gəzib-görməyə heç bir il müddət də bəs eləməz, nəinki günyarımdan da az... Belə ki, mayın 14-də, saat 16:05-də, gəldiyimiz Kiyevdən, mayın 15-də, saat 19:20-də Minskə yola düşdük. Bütün gecəni yol gedib, mayın 16-ı səhərini Belarus torpağında - qatarda açdıq. Sənədə görə bu gün mənim 50 yaşım tamam olurdu. Bu ilin əvvəllərində iş yerimdə sənədlərimdən bilmişdilər ki, mayın 16-da mənim 50 yaşım tamam olacaq. İstəyirdilər ki, bunu qeyd etsinlər. Lakin iş elə gətirdi ki, mən 50 yaşımın tamamında Bakıda yox, qardaş Belarus torpağında- Minskdə oldum. Bundan 22 il sonra da belə bir təsadüf olmuşdu. 72 yaşımın tamamında İraqın müqəddəs Kərbəla şəhərində idim. Allahdan qismətim nədirsə, onu da görürdüm.

Deyirəm, sən dünyanın “bizdən xəbərsiz” gördüyü işlərinə bir bax... Mən 50 yaşımı Minskdə, Xatında, 72 yaşımı da Kərbəlada keçirdim, tanınmış satirik şair Mirzə Sakit isə, 48 yaşını 2006-cı ilin oktyabrın 19-da həbsxanada “qeyd etdi”... Görünür, Mirzə Sakitin də “alınyazısı” belə imiş...

Səhər saat 8-də qatarımız Tatarka stansiyasında bir az dayandı. Buralarda evləri ağacdan tikilən bir kəndin içindən keçirdik. Üç nəfər yaşlı kənd qadını kəndin arası ilə gedirdilər. Əyinlərində sırıqlı, ayaqlarında rezin uzunboğaz olan bu qadınlar, elə bil səhər işə tələsirdilər. Onlar ferma işçilərinə daha çox oxşayırdılar. Geyimlərindən bilinirdi ki, onlar zəhmətkeş belarus qadınlarıdır (Bu zəhmətkeş Belarus analarını görəndə, bu dünyada cəmi 57 il yaşamış, ayaqlarına qaloş, əyninə sırıqlı geyinən öz Anam yadıma düşdü)... Osipoviçi, Qorka stansiyalarını və daha bir neçə stansiyaları keçib, saat 11-də Minskə çatdıq. Qatarımız şəhərdən bir az aralıda, bizim üçün ayrılmış Jdanoviçi stansiyasında dayandı. Mən ilk dəfə idi ki, Belarus torpağına ayaq basırdım, onun paytaxtı Minskə gəlmişdim.

Saat ll:35-də nə vaxtdansa gəlib bizi gözləyən avtobuslara əyləşib, şəhərlə tanışlığa başladıq.

Minsk SSRİ-nin iri sənaye, elm və mədəniyyət mərkəzlərindən biri, Belarusun paytaxtı, Minsk vilayətinin isə mərkəzidir. Burada iri sənaye müəssisələri: traktor, avtomobil, dəzgahqayırma, elektron hesablama maşınlar, soyuducu və başqa zavodlar, Belarus Elmlər Akademiyası və onun institutlarının çoxu, 13 ali məktəb (o cümlədən Belarus Dövlət Universiteti), 200-dən çox kitabxana, Böyük Vətən müharibəsi Tarixi Muzeyi, Belarus Dövlət Muzeyi və sair sənaye, elm, təhsil və mədəniyyət mərkəzləri fəaliyyət göstərir.

Müharibə nəticəsində alman-faşistləri Minskin mənzil fondunun 74 faizini dağıtmışdılar. Onların hamısı müharibədən sonra yenidən bərpa edilmiş, yeni yaşayış rayonları salınmışdır.

Bələdçimiz dediklərimin bəzilərini və demədiklərimi bizə göstərib, onların haqqında dolğun məlumatlar verirdi. Biz Minskin böyük və həm də müasir dəbdə tikilmiş yaraşıqlı bir şəhər olduğunu öz gözlərimizlə gördük. Onun geniş və yaraşıqlı küçələrindən keçdik. "Komsomol" gölünün, "Planeta", "Minsk" mehmanxanalarının, "Universitet" binasının, "Qələbə meydanı"nın (Orada mitinq keçirilirdi), traktor, saat zavodlarının yanlarından keçdik, olduqca yaraşıqlı binalar tikilmiş mikrorayonları gördük. Bütün ətraf gömgöy çəmənliklərlə örtülü idi.

Şəhərlə tanışlığı başa çatdırıb, "PAZ-Turist" markalı avtobusa əyləşib, növbəti səfərimizin haraya olacağını gözləyirdik. Yola düşəndə elan elədilər ki, növbəti səfərimiz Xatınadır. Bələdçimiz elə bunu demişdi ki, "turistlərdən" (onlara turist deməyə adamın dili gəlmir) bir neçəsi oturduqları rahat yerlərindən qalxıb, saxla-saxla dedilər və heç kimə də məhəl qoymadan avtobusdan aşağı düşdülər. Onlar faşistlərin sakinlərilə birlikdə diri-diri yandırdıqları kəndin- Xatının haqqında məlumatları olanlar idi. Onların nəyə görə avtobusdan düşdüklərini bilənlər, sanki yuxudan ayılmış kimi yerlərindən qalxıb onlara qoşuldular. Bir nabələd adam olsaydı fikirləşərdi ki, yəqin bunları güllələməyə aparırlarmış, onlar da canlarını götürüb qaçdılar... Oturduğum yerdən qalxıb, ürəyimdə tutduğum, onlara yaraşan: hara qaçırsınız ey insan cildinə girmiş tülkülər ! - deməkdənsə, hamının eşidəcəyi bir səslə, bir qədər də ərkyana dedim: Bizi rüsvay eləməyin, qayıdın yerinizə! Elə bil, onların qulaqlarına tıxadıqları pambıq mənim dediklərimi eşitməyə qoymadı. Mənim hündürdən Azərbaycan dilində, nə demək istədiyimi təkcə sükan arxasında əyləşən belaruslu sürücü ilə bələdçi başa düşmədilər. Avtobus boşaldı, içəridə bir sürücü ilə bələdçi xanım, əsl turistlərdən də biz üç nəfər - Həsən müəllim, Valeriy İvanoviç və bir də mən qaldıq. Elə bilin avtobusdakı 40 turistdən 37-i düşüb getdi. Sürücü ilə bələdçi bəlkə də indiyədək görmədikləri bir "möcüzə" ilə qarşılaşmışdılar. Az sonra bildim ki, onlar və onlardan əvvəlkilər indiyədək Xatına 26 milyondan çox ziyarətçi aparıblarmış.

Beşimiz də fikrə getmişdik. Mənim ürəyimə gələn bir o oldu ki, Xatını və Xatındakıları diri-diri sobaya atıb yandıran faşistlərlə, onların ziyarətinə getməkdən boyun qaçırıb, avtobusdan saymazyana düşüb gedənlərin nə fərqi oldu?.. Ürəyimə ağlım kəsəndən eşitdiyim: "Onlar nə ölüyə hay verəndilər, nə də diriyə pay", məsəli də gəlirdi. Və ən çox ürəyimə gələn o idi ki, əcəb biabır olduq...

Bəli, doğrudan da biabır olmuşduq. Çöldən bizi gətirən qatarın hər yerinə "Azərbaycan" sözü yazılmışdı. Bu gələnlərin hamısı Azərbaycandan gələn turistlər sayılırdı. Bir az əvvəldə dediyim kimi, hələ biz Jdanoviçi stansiyasına çatmazdan əvvəl, onlar haçandansa dayanıb bizim gəlməyimizi gözləyiblər. Bakıdan onlara xəbər göndərilmişdi ki, "filan" tarixdə, "filan” vaxtda sizə bu qədər turist gələcək. İndi gəlmişdilər, ancaq gələnlərin böyük əksəriyyəti turist yox, peşəkar alverçilər idilər. Durub alverçiyə turist putyovkası verəndə və adını da "turist" qoyanda nəticəsi də belə olar... Onlar evdən çıxanda ancaq alver məqsədilə çıxıblar. 200 manata 15 gün qatarda yeyirlər, yatırlar, gündüzlər də univermaqlara, mağazalara "səyahət" eləyirlər. Çox güman ki, onlar indi avtobusdan düşən kimi, qarşılarına çıxanlardan "mərkəzi univermaq"ın yerini soruşublar. Əgər onlara deyən olsaydı ki, Xatında yaxşı bir univermaq var, oradakı  malların hamısı xaricdən gətirilmədi, onların biri də avtobusdan düşməyəcəkdi...

Bir qədər əvvəldə belələrinin haqqında demişdim: "Mənə qalsa belələrinə heç "analiz" eləmədən ucdantutma bədbəxt "diaqnozunu" qoyardım və sonra da deyərdim: heyif sizə verilən o putyovkalardan!..."

Deyək ki, biz heç, onların bugünkü planları pozuldu. Üç nəfər turistdən ötəri bu böyüklükdə avtobusu elə uzaq bir yola- Xatına sürməyəcəkdilər ki... Orada da biz üç nəfərə bələdçilik etməyəcəkdi ki... Ona görə də onlar vəziyyətdən çıxış yolunu bizi düşürüb başqa avtobusla yola salmaqda gördülər.

Avtobusdan düşüb tanımadığımız turistlərin avtobusuna əyləşib, şəhərdən çıxdıq, sonra da şimal-şərq istiqamətdə yerləşən, Dünya faciəsinin nümunəsi sayılan Xatına yola düşdük. Bu yol birbaşa Vitebsk şəhərinə gedib çıxırdı. Bu o Vitebskidir ki, 1941-ci ilin iyun ayının 22-də, Böyük Vətən müharibəsi başlayan gün, Sovet dövlətinin başçısı, SSRİ Silahlı Qüvvələrinin Ali Baş Komandanı İosif Stalinin oğlu Yakov Cuqaşvili heç Moskvaya gedib atası ilə görüşmədən, ancaq telefonla Müharibəyə getdiyini bildirəndən sonra özünü Müharibənin ən qaynar nöqtələrindən birinə - Belarus torpağına çatdırdı. Müharibənin 25-ci günü - iyul ayının 16-da Vitebsk şəhərinin təxminən 40 kilometrliyində almanlara əsir düşür və bundan sonra da onun həyatının sonluğu faciə ilə bitir.

"Şüşə" kimi yolla 59 kilometr gedəndən sonra sağa- Xatına burulacaqdıq. Bələdçinin verdiyi kədərli məlumatlara qulaq asa-asa, xəyalən 49 il əvvələ (Mənim bir yaşım olana) - Müharibənin başlandığı ilk günlərə qayıdıb yola "nərdivan" qoyuram: Müharibənin ilk günlərindən Belarusun ərazisi döyüş meydanına çevrildi. 1,5 milyonadək adam, 109 iri sənaye müəssisəsi SSRİ-nin şərq rayonlarına köçürüldü. Belarus 1941-ci ilin iyunundan - 1944-cü ilin iyulunadək faşistlərin işğalı altında qaldı. Bu illərdə Belarus ərazisində 2230 min sovet vətəndaşı və hərbi əsir öldürüldü, 380 minədək adam Almaniyaya katorqa işlərinə göndərildi.

1944-cü ilin iyulunda sovet qoşunları Belarusu alman-faşist işğalçılarından tamamilə azad etdilər. Müharibədə 1 milyondan çox belarus Qızıl Ordu sıralarında vuruşmuşdu. Faşist işğalı belaruslara çox böyük fəlakət gətirdi: 209 şəhər və şəhərtipli qəsəbə, 9200 kənd, 10 min sənaye müəssisəsi viran qoyuldu, 10,2 min kolxoz, 92 sovxoz əmlakı talandı. İndi ziyarətinə getdiyimiz Xatın faşistlərin sakinlərilə birlikdə yandırdıqları yeganə kənd deyildir. Faşistlər Belarusda 186 kəndi sakinlərilə birlikdə belə yandırıblar. 2230000 (2 milyon 230 min) insanı- respublikanın hər dörd sakinindən birini öldürüblər, vəhşicəsinə yandırıblar...

Getdiyimiz yolun hər iki tərəfi olduqca mənzərəli, gedəcəyimiz məkan isə bir o qədər kədərli idi. Bələdçimiz məlumat verir ki, Belarus ərazisinin 35 faizi meşələrlə örtülüdür (bizdə- Azərbaycanda bu rəqəm 11-dir). Yanlarından keçib getdiyimiz yaşayış məntəqələrindən birinin adı Lesnoy adlanırdı. Keçib getdikcə talalar və zolaqlar şəklində qalmış meşələri, onların içərilərinə doğru "soxulmuş" əkin sahələrini, yaşayış  məntəqələrini bir-bir arxada qoyurduq. 47 il bundan əvvəl burada təbiət də, insanlar da od tutub yanırmış. Bəlkə də, arasından keçib-getdiyimiz bu təbiətin yaşı da 47-dir.  Faşistlər "cəhənnəm olub" çıxıb gedəndə buralarda nə varsa- quş yuvasından tutmuş, insan "yuvasınadək" hamısını yandırıb gediblər. İndi isə elə sakitlikdir ki, avtobusumuzun səsi olmasaydı, quşların da civiltisini eşidərdik.

Bu da 59-cu kilometr. Beton dirəyin üzərində, beton "hərflərlə" yazılmış Xatın sözünü oxuyub, onun yanından sağa buruluruq. Buralar da hər tərəf meşəlikdir. Özü də necə deyərlər, insan əli dəyməmiş  meşəlikdir. Axı, kimin ürəyi gələr ki, buralara çiynində tüfəng, əlində balta, mişarla gəlsin. Bura gələnlər Xatını da, onun ətrafındakı "qəlbisınıq" təbiətini də  ziyarətə gələnlərdir.

Bələdçimiz Xatın faciəsindən danışmağa başlayır. Xatına çatıb avtobusdan yerə düşürük. Əbədi yuxuya getmiş, bircə nəfər də sakini olmayan Xatına. Ömrümdə ilk dəfə idi ki, heç bircə sakini olmayan kənd görürdüm. Kəndin yeri, həyətləri, su quyuları qalırdı, sakinləri yox idi. Bəlkə harasa köçmüşdülər, yerlərini dəyişmişdilər. Hara gedib bu kəndin 149 sakini, hanı onların 26 evi. Yox, onlar heç hara köçməyiblər. 1943-cü ilin martın 22-də faşistlər bu 26 evi də, bu evlərin 149 sakinini də (149-un 75-i uşaq olub) vəhşicəsinə yandırıblar. Bu da onların yandırıldıqları böyük "soba"... Bayaq dedim ki, ömrümdə ilk dəfə idi ki, heç bircə sakini də olmayan kənd görürdüm. İndi də deyirəm ki, ömrümdə ilk dəfə idi ki, quduzlaşmış  "insanların", insanları- insanlığı (bəli, onlar insanlardan çox, insanlığı yandırırdılar) diri-diri yandırdıqları "sobanı" görürdüm...

İndi danışanda ağızdolusu, bir az da fəxrlə deyirik ki, Dünyada əhalinin sayı 7 milyardı ötüb keçib. İndicə dediyim o insanları - insanlığı sobaya atıb yandıran quduzlar da bu 7  milyardın siyahısında gedirlər. Əslində onlar insan deyillər, yaranmışların ən pisi,  murdarlarıdırlar...

Viran qalmış həyətlərdəki beton sütunlarda yandırılanların "siyahısı" həkk olunmuşdu. Elə ev olub ki, onun bir, eləsinin 4-5, bəzən də ondan da çox sakini olub. Uşaqların yaşları da göstərilib. Onlardan biri: Aleksandr Romanoviç Navitski və Aleksandra Navitskayanın özlərinin və yeddi övladının: 15 yaşlı Lenyanın, 13 yaşlı Jenyanın, 11 yaşlı Manyanın, 9 yaşlı Anyanın, 5 yaşlı Kostyanın, 4 yaşlı Antosun və 2 yaşlı Mişanın diri-diri sobaya atılaraq yandırılmasıdır. Bu faciə qurbanlarının ən kiçikləri olan Antos məndən bir yaş böyük, Mişa isə bir yaş kiçik olub. İndi dursaydılar, Antosun 51, Mişanın isə 49 yaşı olacaqdı...

1969-cu ilin iyulun 5-də, alman-faşistlərinin tamamilə məhv etdikləri belarus kəndləri əhalisinin xatirəsinə yaradılmış "Xatının harayı", "Kəndlər qəbiristanı", "Xatının tüstüləri", "Xatirə meydanı", "Yenilməz insan" və sair memarlıq - heykəltəraşlıq nümunələrindən ibarət Xatın memarlıq-heykəltəraşlıq xatirə kompleksinin açılışı oldu. O vaxtdan bəri - 21 il ərzində buranı 26 milyondan çox insan ziyarət edib. Deməli biz də 27 milyonuncu  ziyarətçilərin arasında olmuşuq.

Xatından yadigar olaraq, Minskin "Belarus" nəşriyyatı tərəfindən: belarus, rus,  ingilis, fransız, alman və ispan dillərində çap olunmuş "Xatın" kitabçasını (1989-cu il, 64 səhifə, qiyməti 75 qəpik) aldım. Onun əvvəlində yazmışam:

"Bu kitabçanı 16 may 1990-cı il

tarixdə - 50 yaşım tamam olan günü

Xatında olarkən almışam."

Xatın faciəsindən bəhs edən bu topluya o vaxtı onun həcminin qısa- 64 səhifə olmasını nəzərə alıb, bir az da tələsib, ona "kitabça" adını qoymuşdum. İndi onun Dünyanın altı dilində verilmiş qısa, lakin dolğun məzmununa və fotoşəkillərinə baxanda görürəm ki, bu əməlli-başlı bir kitab imiş, özü də tək kitab yox, kitab-albom imiş.

Bu sətirləri yazanda Xatın ziyarətgahında olmağımın 27 ilinin tamamına dörd ay qalırdı. Bu müddətdə bu kitab-albomu əziz bir xatirə kimi şəxsi arxivimdə saxlamışam. Məndən sonra da onun "ev-muzeyimdə" nə müddətə qalacağını bilən bircə Allahdır! Bu kitab-albom mənim 50 yaşımın- yubileyimin harada və necə keçirildiyini göstərən yadigar və həm də bir sənəddir.

İndi də "Xatın" kitab-albomunun məzmunu haqqında bəzi məlumatları vermək istəyirəm: Dediyim kimi, Dünyanın altı dillərində verilmiş Xatın faciəsi haqqında məlumatların hər biri iki səhifədə verilməklə, sonu belə bitir:

"B Хатыни должен побывать каждый.

Хатынь должен увидеть каждый.

Хатынь должен помнить каждый!"

Bu bizim Azərbaycan dilinə tərcümədə belədir:

“Xatında hər kəs olmalıdır.

Xatını hər kəs görməlidir.

Xatını hər kəs yadında saxlamalıdır!”

Mən də Xatında oldum, onu gördüm, onu nəinki yadımda saxladım, hətta onun faciəsini yazıb, öz kitablarımda verdim.

"Kitab-albom"dakı fotoşəkillərə baxıram: iki səhifə birlikdə ağcaqayın meşəsi, "xatirə kompleksi"nin bir tərəfində açmış çobanyastığı ("romaşka") talası, sünbülləri "adamboyu" qalxmağına az qalan, biçinçisini gözləyən taxıl zəmisi, beton sütunun "zirvəsində" qoyulmuş, neçə dəqiqədənsə bir ətürpərdici səs çıxaran "Xatın zəngi", 47 ildir ki, içərisinə vedrə sallanmayan su quyusu, sağ əlində fotoaparat, sol əlində şlyapasını tutmuş, fikrə getmiş, görkəmindən yapona oxşayan gənc xanım, valideynlərilə birlikdə dayanıb qəmə-qüssəyə batmış 7-8 yaşlarında uşaq və sair şəkillər adama nələr demir...

Şəkillərdən birinin haqqında məlumat verməyi özüm bilə-bilə axıra saxlamışam. Bu hər iki əlindəki əsa ilə güclə yeriyən, sinəsi hər iki tərəfdən orden və medallarla dolu olan (bəlkə onun bədəni də düşmən gülləsilə, qəlpələrlə deşik-deşik idi), ilk baxışda adama "elanası", ağbirçək təsiri bağışlayan, yaşı bəlkə də 70-i keçən (Çünki o, müharibə  iştirakçısıdır), olduqca kədərli baxışı ilə, əllərindəki əsalarının köməyilə güclə  ayaqüstündə dayanan, xristiana oxşatdığım (Bəlkə də belarusdur) dolubədənli bir  xanımdır. Adam  baxanda deyir ki, bu "elanasını", ağbirçəyi özünün arzusu və istəyilə yataqdan qaldırıb, orden və medalları taxılmış paltarını da geyindirib, Xatının ziyarətinə gətiriblər. Bu şəkilə baxanda yadıma bir-iki saat əvvəl baş vermiş biabırçılığı-  "yerlilərimin" Xatına ziyarətə gəlməkdən imtina edib, avtobusdan düşüb getməklərini salıram.

Gələndə yola nə qədər vaxtımızın getdiyini və nə vaxt buraya çatdığımızı deyə bilmərəm. Təxminən 50 dəqiqəyə qədər Xatında olduq. Saat 14:50-də də buradan Minskə qayıtdıq.

Qayıdanbaş gələndəki kimi sağıma-soluma, irəliyə baxmırdım. Məni fikir aparmışdı. Bir onu fikirləşirdim ki, faşistlər günahsız insanları qətlə yetirəndə hansı "üsullara" əl atmayıblar: Leninqradı mühasirədə saxlamaqla, onun 641 mindən çox əhalisini aclıqdan öldürmüşlər... Bir qədər əvvəldə dediyim kimi, Kiyevin şimalındakı Babi Yar dərəsində sayları 100 mini keçən günahsız insanı əvvəl güllələyib basdırıblar, sonra da çıxarıb yandırıblar... İndi isə faşistlərin günahsız insanları diri-diri sobaya atıb yandırdıqlarını sanki öz gözlərimizlə gördük...

Bir də onu fikirləşirdim ki, heç bir ölçüyə gəlməyən bu böyüklükdə faciəni - uşaqlı-böyüklü, qadınlı-kişili 149 günahsız insanın diri-diri sobaya atılıb yandırılmasını, bütöv bir kəndin xəritələrdən silinməsini birdəqiqəlik sükutla necə yad etmək olar ? Ancaq fikirləşəndə ki, bizdən əvvəl bura ziyarətə gələn 26 milyon insanın hər biri bizim kimi bu faciəni birdəqiqəlik sükutla yad ediblər, onda “ürəyim az da olsa yerinə gəldi”... İndi biz sobaya atılıb yandırılmış hər günahsızı birdəqiqəlik sükutla yad etsəydik, bu 149 dəqiqə və ya iki saat yarımdan bir dəqiqə az eləyərdi...

Haçansa haradansa oxumuşam: Kimsə, ya kimlərsə belə bir hesablama aparıb, ya aparıblar: Əgər, Böyük Vətən müharibəsində canlarından keçən 20 milyon insanın hərəsinin xatirəsi ayrı-ayrılıqda birdəqiqəlik sükutla yad edilsəydi, onda bu qəmli sükutun müddəti 38 (otuz səkkiz) ildən çox çəkərdi...

Gördüyüm bu dəhşət doğuran Xatın faciəsinə oxşar faciələr, insanlığa qənim kəsilmək, bir-birinin ardınca, bizdə - Azərbaycanda da baş verdi. Onlardan birincisi - Xatın faciəsindən 47 il keçəndən sonra - 1990-cı il yanvarın 19-dan 20-nә keçən gecədə baş vermiş, ömrümüzdə nə yuxuda, nə də aşkarda görmədiyimiz “20 Yanvar faciəsi”ndə isə, 50 yaşıma dörd ay qalırdı. Birincini bir qədər yaşa dolandan sonra eşidib, oxumuşdumsa və 50 yaşımda da gedib görmüşdümsə, ikincini isə necə deyərlər, öz gözlərimlə görüb, materiallar toplayıb, qeydlər edib, faciəni bir 20 il də “içimdə” “yaşadandan” sonra, gözyaşları içində “Dünyamızın 20 Yanvar faciəsi” adlı bir kitab da yazıb, çap etdirib, tarixdə qoymuşdum.

Xatın faciəsini qatı düşmənimiz olan “alman faşistləri”, “20 Yanvar faciəsi”ni isə, inandığımız, güvəndiyimiz, xilaskarımız bildiyimiz adını rus dilindən dilimizə tərcümə edərkən “Qırmızı ordu” əvəzinə “Qızıl ordu” kimi tərcümə etdiyimiz, “Şanlı Sovet ordumuz”, “Qızıl ordumuz” törətdilər...  Əgər, Xatın faciəsinin səbəbkarı faşist Almaniyasının başçısı Adolf Hitler olmuşdusa, 20 Yanvar faciəsi”nin birbaşa səbəbkarı isə SSRİ-nin o zamankı başçısı Mixail Qorbaçov olmuşdur...

“20 Yanvar faciəsi”nin nəticəsi ağırdan da ağır oldu. Həmin dövrün mətbuatı yazırdı: Bakıya qoşun daxil edilərkən 744 nəfər yaralanmış, 131 nəfər həlak olmuşdur. Şəhidlərin sosial mənşəyi belədir: fəhlə, şagird, tələbə, qaçqın, alim, təqaüdçü, həkim. Həlak olanların milli tərkibi də belədir: azərbaycanlı (117 nəfər), rus (6 nəfər), yəhudi (3 nəfər), tatar (3 nəfər), 2 nəfərin şəxsiyyətini təyin etmək mümkün olmamışdır. 6 nəfər ağır hərbi maşınların tırtılları altına salınmış, 4 nəfər süngüylə öldürülmüş, 7 nəfər mənzilində güllələnmiş, 2 nəfərin nəfəsini döyə-döyə kəsmişlər, 1 nəfər də dəyənəklə öldürülmüşdür. 34 nəfər maşında, 20 nəfər xəstəxanada ölmüşdür.

Öldürülənlərin 62 nəfəri ailə başçısı, 123-ü kişi, 7-si qadın, 5-i uşaq olub. 159 uşaq yetim qalıb (155-i atadan, 4-ü anadan).

Danışırdılar və mətbuatda da yazırdılar ki, Bakıya hücum etmiş və xüsusi təlim keçmiş hərbçilərin təslim olmaq tələbini rədd etmiş “Salyan kazarması”nda hərbi xidmətdə olan rus, gürcü, ukraynalı, ləzgi, yəhudi, çeçen, azərbaycanlı və başqa xalqların əsgər və zabitləri son nəfəslərinədək çiyin-çiyinə vuruşaraq, hamısı həlak oldular... Meyitlərin bir hissəsi yandırıldı, bir hissəsi ərazidəki köhnə quyulara atılaraq, izi itirmək məqsədilə üstləri örtüldü, əksəriyyəti sellofan kisələrə salınaraq Bakı limanına, oradan da hərbi gəmilə naməlum istiqamətə aparılaraq, dənizə və içərisindəki hansısa bir adaya töküldü...

Belə bir ölçüyəgəlməz, dəhşətli faciəyə münasibətdə düşüncəsizlər heç nə düşünmürdülər... Düşüncəlilər də düşünürdülər ki, faciənin birbaşa səbəbkarları ya Adolf Hitler kimi intihar edəcəklər, ya da Səddam Hüseyn kimi dar ağacından asılacaqlar... Ancaq bunların heç biri baş vermədi... Faciənin əsl, səbəbkarı, bizi qırdırıb şil-küt, qanımıza-qəltan etdirən M.S.Qorbaçova “dünya” Nobel mükafatını, o da onun əmrini “layiqincə” yerinə yetirən D.T.Yazova Marşal rütbəsini verdi... Əslində bunlar üçü də: Adolf Hitler də, Qorbaçov da və Yazov da XX əsrin yəzidləri idilər...

“20 Yanvar faciəsi”ndən iki il sonra, 1992-ci ilin fevralının 25-dən 26-na keçən gecədə ermənilər rus qoşunlarının köməyilə Xocalı əhalisini vəhşicəsinə qırıb, yaralayıb və əsir götürdülər... Südəmər körpədən tutmuş ağsaqqala kimi, qız-gəlindən tutmuş ağbirçək anaya kimi...

“Hürriyyət” qəzetinin 22 fevral 1995-ci il tarixində yazılıb: “Xocalı soyqırımı barədə dəqiqləşdirilmiş son məlumat belədir: 613 nəfər həlak olmuş, 1275 nəfər əsir düşmüşdür. Bu da faktdır ki, bu dəhşətli əməliyyatda 366-cı rus alayı iştirak edib. Zabit və praporşiklərdən 49 nəfər erməni olan alaydan əslində başqa hərəkət gözləmək də   olmazdı...

...Təsadüfi deyil ki, MDB silahlı qüvvələrinin baş komandanı marşal Şapoşnikov demişdi: “366-cı alay” Qarabağda nə qədər lazımdırsa, o qədər də qalacaq”...

Qayıdıb Minskə gəldik. Şəhəri bir az da gəzəndən sonra "mərkəzi univermaq"a gəldim. İlk dəfə idi görürdüm ki, bir az xoşagələn, babat malları ancaq yerlilərə - Minskdə qeydiyyatı olanlara satırdılar. Satıcı alıcının pasportuna, ya da hər hansı bir sənədinə baxandan sonra ona mal satırdı.

Bakıdan- evdən çıxanda mən də özümlə 800 manat pul götürmüşdüm. Heç  bilmirəm onda o qədər pul məndə haradan imiş. Əynimin bir ''düz-əməlli" paltosu da yox idi. Deyirdim getdiyim yerlərin hansında görsəm özümə bir palto, bir papaq alaram. Bu puldan əlavə mənə kimsə 185 manat verib, nələrisə almağı tapşırmışdı. Öz pulumun "başını" Kiyevdə "açmışdım". Orada 8 manat 75 qəpik xərcləmişdim. Onun 75 qəpiyini "Turist sxemi"nə, 3 manatını çəkdirdiyimiz şəkilə və 5 manatını da quru çaya  vermişdim. Minskdə də 7 manat. 15 qəpik xərclədim. Onun 75 qəpiyinə "Xatın" kitab-albomunu, 1 manat 20 qəpiyinə lotereya, 2 manat 90 qəpiyinə corab və 2 manat 30 qəpiyinə də bir albom aldım. İndikilər deməsələr də, gələcəkdə deyən tapılar ki, neynirdin bu çay, corab almağını da kitabda verirdin. Məsələ ondadır ki, mənim əvvəl Kiyevdən, sonra da Minskdən aldıqlarım və səfər müddətində alacaqlarımın hamısı Bakıda da var idi. Fərq onda idi ki, buralarda bu mallar açıq satışda, Bakıda isə "anbarlarda" saxlanılıb, alverçilərin "yolunu" gözləyirdi. Belə olmasaydı, indi mən də çayı Kiyevdən, corabı da Minskdən almazdım...

1966-cı ilin may ayının 16-da, 26 yaşımın tamamında Bakı torpaq ekspedisiyasında işlədiyim şöbənin işçiləri mənə bir fotoalbom alıb hədiyyə vermişdilər və fotoalbomda öz ürək sözlərini də yazıb bildirmişdilər. İndi də 24 ildən sonrə- 50 yaşımın tamamında, Minskdən özüm-özümə bir fotoalbom alıb, adını da "50 yaşdan sonra" qoyub, fotoalbomun əvvəlində belə yazdım:

"Bu albomu 16 may 1990-cı il tarixdə - 50 yaşım tamam olan günü Minsk  şəhərində səyahətdə olarkən almışam. Bundan sonra olan şəkillərimi bu  albomda saxlayacağımı nəzərə alıb, albomun adını "50 yaşdan sonra..." adlandırıram."

Stansiyada dayanıb bizi gözləyən qatarımıza qayıtdım. Mayın 16-dan- 17-nə keçən gecədə, saat ikinin yarısında Minskdən - Brestə yola düşdük. Ömrümün 51-ci baharından saat yarım da Minskdə yaşadım. Bu qərib diyarda ürəyimə bir bayatımız gəldi:

Bu yol Qazağa gedər,

Dönər uzağa gedər.

Yaşı əllini keçən,

Üzü sazağa gedər...

Bakı-Kiyev-Minsk-Xatın- 12-16 may 1990-cı il

Hacı Niftalı Şıxlar, coğrafiya elmləri namizədi, baş elmi işçi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Əmək veteranı, Prezident təqaüdçüsü

 

2025-12-16 11:59:00
1126 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 9 may - Qələbə Günü münasibətilə veteranlara təbriki.

Hamısını oxu
“Qondarma “erməni soyqırımı” iddiası sadəcə Türkiyəyə deyil, bütün türk dünyasına atılan iftiradır”

Cəlil Xəlilov: “Azərbaycan hər bir işdə olduğu kimi, erməni yalanlarına qarşı mübarizədə də qardaş Türkiyənin yanında olub və bundan sonra da yanında olacaq”   Məlum olduğu kimi, hər il 24 aprel tarixi ermənilər tərəfindən “soyqırım günü” kimi qeyd edilir.   Tamamilə absurd və  xəstə təfəkkür məhsulu olan “erməni soyqırım” iddiası ilə bağlı saytımıza açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, bu gülünc iddianı bütün türk dünyasına atılan iftira kimi dəyərləndirib:   “Şübhəsiz, “erməni soyqırımı” iddiasının heç bir fakta istinad etmədiyi, tarixi həqiqətlərə deyil, siyasi qərarlara söykəndiyi hər kəsə məlumdur. Lakin təəssüflər olsun ki, həm Ermənistan və erməni diaspor təşkilatları, həm də bəzi dövlətlər bundan Türkiyəyə qarşı siyasi təzyiq məqsədi ilə istifadə etməyə, onun imicinə, tarixdə oynadığı sülhpərvər missiyaya kölgə salmağa çalışır. Onların məqsədi tarixi saxtalaşdırmaq, Türkiyəyə qarşı yeni tələb və iddialar üçün zəmin formalaşdırmaqdır. Halbuki, 1915-ci ildə Türkiyədəki ermənilərin yaşadıqları ölkəyə xəyanət edərək qiyam qaldırdığı, minlərlə türkü – uşağı, qocanı, hamiə qadınları qətlə yetirdiyi ilə bağlı çoxsaylı və təkzibedilməz tarix faktlar mövcuddur. Yəni ermənilər 1915-ci ildəki olayların qurbanları deyil,  türk xalqına qarşı törədilən soyqırımın sifarişçiləri və icraçılarıdır. Belə olan halda ermənilərin öz etdikləri cinayətləri Türkiyənin boynuna qoymaq cəhdləri siyasi həyasızlıqdan və əxlaqsızlıqdan başqa bir şey deyil”.   Azərbaycan xalqının hər zaman hər bir məsələdə qardaş Türkiyənin yanında yer aldığına diqqət çəkən Cəlil Xəlilov, bu gerçəyin bundan sonra da dəyişməz olaraq qalacağını bildirib:   “Azərbaycan və Türkiyə tarixin ən keşməkeşli dönəmlərində belə bir-birlərinin yanında yer alıb, bir-birlərinə qardaş yardımı göstəriblər. Azərbaycan hər bir işdə olduğu kimi, erməni yalanlarına qarşı mübarizədə də qardaş Türkiyənin yanında olub və bundan sonra da yanında olacaq. Biz Türkiyə ilə birlikdə ermənilərin qondarma “soyqırım” iddialarını ifşa etməkdə davam edəcək və bütün dünyaya türk dünyasının haqq səsini çatdıracağıq.   Onu da qeyd edim ki, qondarma “erməni soyqırımı” iddiası sadəcə Türkiyəyə deyil, bütün türk dünyasına atılan iftiradır və bu iftiraya, bu tarixi yalana qarşı mübarizədə Türkiyəyə dəstək olmaq bizim hər birimizin milli, vicdani və insani borcumuzdur”.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu
İlham Əliyev Milli Qəhrəman Şükür Həmidovun şəhid olması ilə bağlı atasına başsağlı

Oktyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Qəhrəman, Qubadlının azadlığı uğrunda şəhid olmuş Şükür Həmidovun atası Nəriman Həmidovla telefonla danışıb. Bu barədə AZƏRTAC məlumat yayıb. Bildirilib ki, Dövlətimizin başçısı Şükür Həmidovun həlak olması ilə bağlı başsağlığı verib, qeyd edib ki, Şükür Həmidov hələ Aprel döyüşləri zamanı göstərdiyi şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş və Azərbaycan Prezidenti şəxsən özü ona qəhrəman ulduzunu təqdim etmişdi.   Dövlətimizin başçısı qeyd edib ki, Şükür Həmidov bu dəfə Qubadlı rayonunun azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Prezident İlham Əliyev Şükürün doğulduğu və azadlığı uğrunda həlak olduğu Qubadlı rayonunda onun adının əbədiləşdiriləcəyini vurğulamışdır. Nəriman Həmidov dövlətimizin başçısına təşəkkürünü bildirərək Azərbaycan xalqının Ali Baş Komandan kimi onun ətrafında sıx birləşdiyini və bundan sonra da Azərbaycan Prezidentinə dəstək olacağına əminliyini ifadə edib. Prezident İlham Əliyev Nəriman Həmidovla görüşünü də xatırlayaraq ona Şükür kimi igid və vətənə sadiq övlad yetişdirdiyinə görə minnətdarlığını bildirib, Həmidovlar ailəsinin bütün yaxınlarına başsağlığı çatdırmağı xahiş edib.

Hamısını oxu
Abşeronda növbəti dəfə şəhid övladları sevindirildi

Veteran.gov.az xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın tapşırıq və tövsiyələrinə uyğun olaraq rayon ərazisində yaşayan şəhid ailələrinə böyük diqqət və qayğı göstərilir, onların övladlarına fərdi yanaşılaraq istək və arzuları dinlənilir. Bununla bağlı RİH tərəfindən həyata keçirilən “Hərəyə bir şəhid övladı sevindirək” layihəsi uğurla davam etdirilir. Layihə çərçivəsində şəhid Musayev Sahib Musa oğlunun həyat yoldaşı Pərvin Musayeva ilə əlaqə saxlanılıb, övladlarıının istəkləri öyrənilib. Qəhrəmanımızın qızının otağı üçün xalçaya, oğlunun isə “stolüstü futbol oyunu”na ehtiyacı olduğu müəyyən edilib.   Xırdalan şəhər 15 saylı körpələr evi-uşaq bağçasının müdirəsi Mətanət Novruzova və adıçəkilən bağçanın kollektivi tərəfindən xalça və “stolüstü futbol oyun”u ailəyə təqdim edilib və beləliklə də şəhid övladlarının arzuları yerinə yetirilib.   Şəhidin həyat yoldaşı Pərvin Musayeva göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib. Bu layihə ilə uşaqların sevindirildiyini qeyd edərək həyata keçirilən müsbət əməlin əhəmiyyətindən danışıb.   Qeyd edək ki, Musayev Sahib Musa oğlu 1984-cü ildə Qax rayonunun Şotavar kəndində anadan olub. 1991-ci ildə Şotavar kənd orta məktəbinin 1-ci sinfinə gedib. 8-ci sinifdən sonra təhsilini Qax rayonu Qorağan kənd orta məktəbində davam etdirib. 2001-ci ildə Qorağan kənd orta məktəbini bitirib. Həmin il Bakı Maliyyə İqtisad kollecinin Gömrük İşinin Təşkili fakültəsinə daxil olub. Təhsil aldığı müddətdə hərbi xidmətə çağırılmışdır. Təhsilini donduraraq hərbi xidmətə yollanıb. Hərbi xidmətini Gəncə Şəhərində yerləşən N saylı hərbi hissədə keçib. 2004 cü il aprelin 5-də hərbi xidmətini başa vurub yenidən təhsilini davam etdirib. Təhsilini başa vurduqdan sonra hərbiyə, vətənə olan sevgisinə görə hərbiçi olmaq qərarına gəlib. 2005-ci il sentyabrın 9-da Bakıda yerləşən Təlim Tədris Mərkəzinə qəbul olunub. Burada Taqım komandirinin müavini ixtisasına yiyələnib. Amma ən böyük arzusu XTQ-də xidmət etmək olub. Həmin ilin dekabr ayında XTQ-nin kursuna qəbul olunub, 6 aydan sonra həmin kursu müvəffəqiyyətlə bitirib. XTQ-nin Xızı rayonunda yerləşən Yaşma adlanan “N” saylı hərbi hissəsində işə başlayıb. 16 il XTQ də xidmət edib. Bir çox tapşırıqlarda, Aprel döyüşlərində iştirak edib. Xidmətdə olduğu müddətdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90, 95 və 100 illiyi yubiley medalı, Qüsursuz xidmətə görə 3-cü dərəcəli medallarla təltif olunub. Bir çox fəxri fərmanlara layiq görülüb. Vətən müharibəsi başlayan gündən müharibəyə gedərək Füzuli, Hadrud, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının düşməndən azad edilməsində iştirak edib. Yaralı olmasına baxmayaraq Şuşa uğrunda gedən döyüşlərə qatılıb və böyük qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra Azərbaycan Bayrağı ordeni, Cəbrayılın azadlığı uğrunda, Vətən uğrunda, Şücaətə görə, Şuşa uğrunda medalları ilə təltif olunub. Allah rəhmət eləsin.

Hamısını oxu