Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“20 Yanvar faciəsinə ilk obyektiv siyasi qiymət Ulu Öndər Heydər Əliyev tərəfindən verilib”

“1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyası tərəfindən xalqımıza qarşı törədilən dəhşətli cinayətə ilk obyektiv siyasi qiymət xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən verilib”.

Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, məhz Heydər Əliyev bu faciəni yüksək tribunalardan dilə gətirərək sovet imperiyasının Azərbaycan xalqına qarşı cinayətini ifşa edib:

“Məlum olduğu kimi, sovet rəhbərliyi Azərbaycan xalqına qarşı törədilən bu dəhşətli cinayəti gizli saxlamağa çalışır, xalqımızın milli-azadlıq hərəkatını qan gölündə boğmağa cəhd edirdi. Buna görə də 20 Yanvar faciəsi haqqında hər hansı informasiyanın ictimaiyyiləşməsinə imkan vermir, baş verənləri ört-basdır etməyə çalışırdı. Heydər Əliyev məhz belə bir zamanda özünün və bütün ailə üzvlərinin təhlkəsizliyini riskə ataraq 20 Yanvar faciəsi ilə bağlı həqiqətləri cəsarətlə dilə gətirdi. Baş verən hadisədən cəmi bir gün sonra – 21 yanvar 1990-cı ildə  faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edən Heydər Əliyev, sovet ordusunun Bakıdakı cinayətinin hüquqa, humanizmə, insanlığa zidd olduğunu bildirdi.

7 mart 1991-ci il tarixdə Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında çıxış edən xalq deputatı Heydər Əliyev, 20 Yanvar hadisəsinin sifarişçilərinin və icraçılarının müəyyən edilərək məsuliyyətə cəlb edilməsi məsələsini qaldırdı. 1994-cü il martın 29-da Heydər Əliyevin səyi ilə Milli Məclis 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hquqi qiymət verdi. Parlamentin qərarında açıq şəkildə qeyd edildi ki, 20Yanvar hadisələri Azərbaycan xalqının  milli-azadlıq hərəkatını boğmaq, öz taleyini həll etmək üçün ayağa qalxan xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək üçün törədilib.

20 Yanvar faciəsinin üzərindən 36 il ötsə də, xalqımız bu gün də sovet tanklarına yalın əllə meydan oxuyan qəhrəmanlarını ehtiramla anmaqda, onlarla qürur duymaqdadır. Xalqın öz qəhrəmanlarına olan münasibəti onu deməyə əsas verir ki, illər, əsrlər sonra da 20 Yanvar şəhidləri xalqımız tərəfindən sevgi və qürur hissi ilə xatırlanmaqda davam edəcək, onların qəhrəmanlığı gənclərimiz üçün sonsuza qədər  ilham mənbəyi olaraq qalacaq”.

Seymur ƏLİYEV

 

2026-01-19 11:35:00
2438 baxış

Digər xəbərlər

“Danışan” şəkillər, “qətl yerindən” reportaj, “qatilin portreti”...

Tofiq Abbasov: “Ermənistanla informasiya müahribəsi davam edir və biz bu müharibədə də aktiv olmalıyıq”   “Qarabağ Dirçəliş Fondunun layihələrində Ermənistanın anti-insani və anti-bəşəri mahiyyəti ifşa edilməkdədir”   44 günlük Vətən müharibəsi başa çatsa da, Ermənistanla informasiya müstəvisində mübarizə davam etməkdədir. Azərbaycan ordusu tərəfindən darmdağın edilən Ermənistanın törətdiyi cinayətlərə görə hüquqi müstəvidə də məsuliyyətə cəlb edilməsi, beynəlxalq məhkəmə qarşısında dayanması, etdiyi əməllərə görə  ölkəmizə təzminat ödəməsi indiki məqamda dövlətimiz qarşısında duran əsas məsələlər sırasındadır. Və təbii ki, bütün bunların reallaşması üçün ilk öncə Ermənistanın son 30 ildə xalqımıza qarşı törətdiyi cinayətlərin ifşa edilməsi, dünya ictimaiyyətinin bu cinayətlərdən xəbərdar edilməsi vacibdir. Bu baxımdan Qarabağ Dirçəliş Fondunun “Karabakh.Center” layihəsi əsasında həyata keçirdiyi fotosərgi və bu müstəvidə həyata keçirdiyi digər layihələr, eyni zamanda sözügedən Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyevin erməni vandalizmini ifşa edən məqalələri mühüm əhəmiyyətə malikdir.   Xatırladaq ki, Qarabağ Dirçəliş Fondunun erməni vandallarını bütün müstəvilərdə, eyni zamanda ekoloji müstəvidəki cinayətlərini ifşa edən layihələrində işğaldan azad edilən yerlərdən çkəilən çoxsaylı foto-video materiallar yer alır ki, bu da erməni vəhşiliyinin inkaredilməz sübutlar – fotofaktlar əsasında dünyaya çatdırılması deməkdir. Hər biri “dil açan”, “danışan” bu şəkillərdə ermənilərin necə ağır cinayətlərə imza atdığı öz əksini tapmaqla yanaşı, bu cinayətlərin miqyas və dərinliyi həmin cinayətləri həyata keçirən, insanlarla yanaşı, həm də təbiəti məhv edən qatillərin mənəvi-psixoloji portretini görməyə imkan verir.   Saytımıza açıqlamasında bu kimi layihələrin önəminə toxunan politoloq Tofiq Abbasov, bu müstəvidə sistemli addımların atmağın mühüm önəm kəsb etdiyini qeyd edib:   “Təbii ki, Ermənistanın vəhşiliklərinin ifşa edilməsi, bu vəhşiliklərin dünya birliyinin diqqətinə çatdırılması olduqca vacibdir. Müharibə bitdi və biz regionda sülhün zəruriliyindən danışırıq. Lakin biz hələ də bəzi dövlətləri, dünyanın müəyyən kəsimini başa sala bilməmişik ki, müharibənin səbəbkarı kimdir, müharibə kimin ərazisində gedir, kim böyük dağıntılara məruz qalıb. İnsformasiya əsrində buna inanmaq bəlkə də çətindir. Lakin reallıq bundan ibarətdir ki, Azərbaycan bu gün də kimlərəsə izah etməyə çalışır ki, əsl həqiqət nədən ibarətdir. Sağlam toplumları inandırmaq üçün məxsusi səy göstərməyə ehtiyac olmur. Onlara faktları təqdim edən kimi, onlara bu faktları göstərən kimi onlar həqiqəti anlayırlar. Lakin dünyada bəzi kəsimlər var ki, onlar erməni təbliğatının təsiri altındadır. Buna görə də biz erməni vəhşiliyini dünyaya göstərmək, erməniləri ifşa etmək üçün bu cür sərgilər təşkil etməli, bu həqiqətləri yaymalıyıq. Bu baxımdan Qarabağ Dirçəliş Fondunun həyata keçirdiyi sərgi və layihələr son dərəcə əhəmiyyətlidir. Çünki bu sərgilərdə erməni vəhşiliyi, onun anti-insani və anti-bəşəri mahiyyəti fotolar vasitəsi ilə - sözsüz-izahsız şəkildə ifşa edilir, faktlar əsasında öz əksini tapır. Qarabağ Dirçəliş Fondunun layihələrində ermənilərin Azərbaycan torpaqlarında ekoloji müstəvidə həyata keçirdiyi cinayətlər də öz əksini tapır ki, bu da erməni faşizminin sadəcə Azərbaycan və region dövlətləri üçün deyil, həm də bütün bəşəriyyət üçün nə qədər təhlükəli olduğunu göstərir, dünya üçün xəbərdarlıq və SOS mahiyyəti daşıyır.   Ermənilər sadəcə insanlara qarşı deyil, təbiətə qarşı da vəhşiliklər törədiblər. Onlar sülhə hazır olmaq istəmirlər. Onlar böyük vəhşiliklər törəiblər. Hansı ki, biz 44 günlük Vətən müharibəsində onların “əl-qolunu sındırdıq”. Xatırladım ki, istər 90-cı illərin əvvəllərində, istərsə də 44 günlük müharibənin başlanmasının səbəbkarı Ermənistandır. Ekologiyaya zərbə vuran, bölgədə gərginliyi artıran da Ermənistandır. Insanlıqdan uzaq addımlar atan da Ermənistandır.   Dünya  nə qədər ki, “duza gedir”, Ermənistanın yalançı təbliğatına uyur, biz gərək erməni vəhşiliklərini intensiv şəkildə ifşa edək. İnformasiya müharibəsi öz qüvvəsindədir və biz burada da situasiyanı dəyişmişik. Bəzi qüvvələr var ki, onlar Azərbaycana, onun təqdim etdiyi faktlara inanmaq istəmirlər. Bunları görməzdən gəlirlər. Lakin bu bizi ruhdan salmalı deyil. Biz sona qədər mübarizə aparmalı, erməniləri ifşa etməliyik. Dünya görməlidir ki, ermənilərin əsl siması nədən  ibarətdir və onlar bəşəriyyət qarşısnda necə böyük cinayətlər törədiblər. Hansı ki, erməni vəhşiliklərinin ifşası baxımından Qarabağ Dirçəliş Fondunun bundan sonra da effektiv  və səmərəli addımlar atacağından əminəm”.   Seymur ƏLİYEV

Hamısını oxu
AQEM Media Forumunun iştirakçılarına

Hörmətli Forum iştirakçıları! Sizi səmimi-qəlbdən salamlayır və AQEM Media Forumunun Bakı şəhərində işə başlaması münasibətilə təbrik edirəm. Azərbaycana xoş gəlmisiniz! Asiya qitəsinin 90%-ni əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşviq etmək məqsədilə üzv ölkələr arasında qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən əhəmiyyətli və unikal dialoq platformasıdır. Son iki il ərzində bu təşkilata sədrlik edən Azərbaycan qarşılıqlı etimad quruculuğu tədbirlərinin təmin olunması yolunda qətiyyət və ardıcıllıq nümayiş etdirərək AQEM-in institusional imkanlarının gücləndirilməsi, praktiki birgə fəaliyyətin genişləndirilməsi və təşkilatın beynəlxalq münasibətlər sistemində rolunun daha da artırılması üçün səylərini əsirgəməmişdir. AQEM-ə sədrliyimiz dövründə müxtəlif istiqamətlər üzrə Bakıda keçirilən yüksək səviyyəli görüşlər, beyin mərkəzləri, ekspertlər, biznes dairələri və gənclər arasında təşkil edilən tədbirlər təşkilat çərçivəsində qarşılıqlı əlaqələrin intensivləşməsinə töhfə verərək Azərbaycanın dialoq və çoxtərəfli əməkdaşlıq məkanı kimi mövqeyinin daha da möhkəmlənməsinə xidmət etmişdir. Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərlə birgə həyata keçirdiyimiz fəaliyyətə diqqətin cəlb edilməsi baxımından xüsusi önəm kəsb edir. “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusuna həsr edilmiş bugünkü Forum informasiya və kommunikasiya sahəsinin etimad quruculuğunun vacib tərkib hissəsi olduğunu nümayiş etdirmək üçün əlverişli fürsətdir. Media artıq yalnız informasiya mübadiləsi vasitəsi kimi deyil, ictimai diplomatiyanın, qarşılıqlı anlaşmanın və regional əməkdaşlığın mühüm aləti kimi nəzərdən keçirilir. Azərbaycan AQEM çərçivəsində media və kommunikasiya sahəsinin inkişaf etdirilməsinə, üzv dövlətlər ilə media sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsinə və informasiya mübadiləsi mexanizmlərinin təkmilləşdirilməsinə xüsusi diqqət ayırır. Son illər ərzində müxtəlif media qurumları arasında formalaşmış tərəfdaşlıq əlaqələri, eləcə də AQEM üzv dövlətlərindən olan media nümayəndələrinin Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq media tədbirlərində iştirakı bu istiqamətdə praktiki əməkdaşlıq üçün şərait yaratmışdır. Hazırda dünya sürətlə dəyişən geosiyasi reallıqlar, artan təhlükəsizlik çağırışları, media sahəsində baş verən köklü transformasiyalar ilə səciyyələnən mürəkkəb bir dövr yaşayır. Fərqli maraqların və baxışların toqquşduğu rəqəmsal əsrdə yayılan istənilən məlumat cəmiyyətlərarası və dövlətlərarası münasibətlərə təsir göstərmək potensialına malikdir. Baş verən prosesləri işıqlandıran və cəmiyyətə çatdıran media ictimai rəyin formalaşmasına, qarşılıqlı etimad və anlaşmaya, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir. Dezinformasiyanın geniş yayılması, süni intellekt texnologiyalarından sui-istifadə etməklə saxta informasiya və materialların hazırlanması ictimai etimada birbaşa təsir göstərir. Xüsusilə sosial media və rəqəmsal platformaların informasiya məkanında rolunun sürətlə böyüdüyü bir zamanda medianın hesabatlılığı və üzərinə düşən məsuliyyəti daha da artır. Bütün bunlar media institutlarının peşəkarlığına və obyektivliyinə olan tələbləri daha da yüksəldir, ortaq informasiya məsuliyyətinin formalaşdırılmasını zəruri edir. Etibarlı məlumat yalnız peşəkar jurnalistikanın deyil, bütövlükdə informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir. Dövlət qurumları, media subyektləri, rəqəmsal platformalar, jurnalistlər, tədqiqatçılar və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın gücləndirilməsi bu baxımdan mühüm əhəmiyyət daşıyır. Media savadlılığının artırılması və yeni texnologiyaların məsuliyyətli tətbiqi də etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir. Bu xüsusda AQEM Media Forumunun keçirilməsi media sahəsində əməkdaşlığın yeni məzmun və istiqamətlərlə zənginləşdirilməsi baxımından əlamətdar hadisədir. Əminəm ki, dost ölkələrin nüfuzlu media nümayəndələrinin iştirak etdiyi hazırkı Forum AQEM məkanında media sahəsində işbirliyinin inkişafına, birgə layihələrin reallaşmasına, dürüst, effektiv və çevik kommunikasiyanın həyata keçirilməsi ilə bağlı təcrübə mübadiləsinin aparılmasına töhfə verəcəkdir. Forumun işinə uğurlar və səmərəli müzakirələr arzulayıram. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 30 sentyabr 2026-cı il https://president.az/az/articles/view/73617  

Hamısını oxu
Prezident İlham Əliyev Rusiya Təhlükəsizlik Şurasının katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Prezident Vladimir Putinin salamlarını dövlətimizin başçısına çatdırdı. Görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, təhlükəsizlik və bütün digər sahələrdə uğurla inkişaf etdiyi qeyd edildi, iki ölkənin dövlət başçıları arasında səmimi münasibətlərin əlaqələrimizin inkişafındakı rolu vurğulandı, Nikolay Patruşevin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı ekstremizmə, terrorçuluğa qarşı mübarizə ilə bağlı qanunvericilik və əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi bildirildi və bu səfərin münasibətlərimizin daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu. Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiya Prezidentinə çatdırmağı xahiş etdi.

Hamısını oxu
Bu gün şəhid Həsənov Emil Eldəniz oğlunun doğum günüdür

44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəmanlardan biri də Həsənov Emil Eldəniz oğludur.   Emil Həsənov 2 mart,1999-cu ildə Goranboy rayonu Tatarlı kəndində anadan olub. O, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Talış kənd və Suqovuşan yaşayış məntəqəsinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 22 oktyabrda Talış kənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.Emil Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, ölümündən sonra "İgidliyə görə", "Laçının azad olunmasına görə" medalı, "Suqovuşanın azad olunmasına görə" , “Vətən uğrunda” medalları ilə təltif edilib.  

Hamısını oxu