Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qəhrəmanlar unudulmur! Azərbaycan Səmasının Şahin Qəhrəmanı: Polkovnik Zaur Nudirəliyev

Tariximizin şanlı səhifələrindən biri olan Vətən müharibəsi Azərbaycan xalqının iradəsinin, qəhrəmanlıq ruhunun və müasir hərbi texnologiyanın qələbəyə çevrildiyi bir mərhələdir. Bu tarixi anlarda Hərbi Hava Qüvvələrinin rolu misilsiz olmuş, işğal altındakı yüksək dağlıq ərazilərimizin azad olunmasında onların sarsıdıcı zərbələri düşmənin müqavimətini darmadağın etmişdir.

Yeni nəsil qırıcı təyyarələr, döyüş helikopterləri və müasir aviasiya vasitələrimiz olmadan bu yüksək dağlıq əraziləri azad etmək mümkün deyildi. Hava qüvvələrimiz müharibənin ilk günündən etibarən düşmənin hava hücumlarının qarşısını mərdliklə alaraq quru qoşunlarının ildırım sürətilə irəliləməsinə zəmin yaratdı. Erməni quldurlarının illərlə bərkidib betonladığı bunker-sığınacaqlar, silah-sursat anbarları, zenit-raket kompleksləri, artilleriya qurğuları, radiolokasiya stansiyaları, komanda-qərargah məntəqələri və digər infrastruktur tamamilə məhv edildi.

Bu böyük zəfərin arxasında Hərbi Hava Qüvvələrinin peşəkar, cəsur və bacarıqlı hərbi qulluqçuları dayanırdı. Onlardan bir neçəsi general-mayor Namiq İslamzadə, polkovnik Zaur Nudirəliyev (ölümündən sonra), polkovnik Elnur Qebedov, polkovnik-leytenant Səfər Qurbanov, polkovnik-leytenant Ramiz Qasımov (ölümündən sonra), polkovnik-leytenant Rəşad Nadirov və mayor Rəşad Qasımlı “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görüldü. Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov isə “Zəfər” ordeni ilə təltif edildi. Onlarla birlikdə minlərlə hərbi qulluqçu “Qarabağ”, “Rəşadət”, “Azərbaycan Bayrağı” və digər döyüş orden və medalları ilə şərəfləndirildi.

Vətən müharibəsində qazanılan bu tarixi Zəfər Ulu öndər Heydər Əliyevin arzusunun gerçəkləşməsidir. Bu arzu isə Prezident İlham Əliyevin rəhbərliyi, Müzəffər Ali Baş Komandanın polad iradəsi, hücum diplomatiyası, sərkərdə məharəti və dəmir yumruğu sayəsində döyüş meydanlarında reallaşdı. Heydər Əliyev 50 il əvvəl Cəmşid Naxçıvanski adına hərbi liseyi yaradarkən Azərbaycanın gələcəyini düşünürdü. Onun arzusu belə idi: Azərbaycan oğulları həm quruda, həm dənizdə, həm də səmada dövlətimizin müstəqilliyini qorumağa qadir peşəkar hərbçilər olsun, güclü milli aviasiyamız olsun, cəsur şahinlərimiz olsun və onlar öz bacarıqlarını bütün dünyaya göstərsinlər. Ulu Öndər əmin idi ki, Azərbaycan gəncləri fiziki cəhətdən güclü, xaraktercə cəsur və hərbi sahədə istedadlıdır.

Milli şahinlərimizin göylərdə süzüşünü izləyən Ümumilli lider Heydər Əliyevin 1997-ci il oktyabrın 15-dəki sevinci misilsiz idi. Gözləri qürur hissi ilə dolu Ulu Öndər Azərbaycanın səmasını qoruyacaq, müstəqilliyimizi müdafiə edəcək cəsur şahinlərin yetişdiyini görürdü. Bu cəsur şahinlər sırasında göylərə meydan oxuyan, düşmənə dağ çəkən, qəhrəmanlıq nümunəsi ilə tarixə düşəcək bir pilot olan Polkovnik Zaur İsmayıl oğlu Nudirəliyev də var idi.

1999-cu ildə qardaş Türkiyədəki hərbi təhsilini böyük uğurla başa vurduqdan sonra Zaur vətəninə qayıtdı. Hərbi Hava Qüvvələrindəki xidmət yoluna aviasiya eskadriliyası təyyarəçisi kimi başlayaraq qısa müddətdə baş təyyarəçi, eskadriliyanın qərargah rəisi və aviabaza komandirinin uçuş hazırlığı üzrə müavini vəzifələrinə yüksəldi. Sonda isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Hərbi Hava Qüvvələri fakültəsində uçuş hazırlığı kafedrasının rəisinin müavini vəzifəsini tutaraq gələcək pilotların yetişməsinə rəhbərlik etdi.

Polkovnik Zaur Nudirəliyev yalnız bir pilot deyildi, o həm lider, həm müəllim, həm də döyüş üsullarına yenilik gətirən yenilikçi hərbçi idi. Onun adı Hərbi Hava Qüvvələrinin şanlı tarixinə həkk olundu və göylərdə göstərdiyi qəhrəmanlıq, şücaət və peşəkarlıq gələcək nəsillərə ilham mənbəyi oldu.

Vətən müharibəsinin ilk günlərində polkovnik Zaur Nudirəliyev sevimli “Su-25” təyyarəsinin sükanı arxasına keçdi. O, döyüş tapşırıqlarını layiqincə yerinə yetirərək düşmənin hərbi obyektlərini və mövqelərini darmadağın etdi. Cəbrayıl, Füzuli və Ağdərə istiqamətlərində 7 gün ərzində 12 uğurlu uçuşla Azərbaycan Ordusunun quruda üstünlük qazanmasını təmin etdi. Lakin oktyabrın 4-də 13-cü döyüş uçuşu zamanı düşmənin hava hücumundan müdafiə qüvvələri onun təyyarəsini vurdu. Ağır yaralanmasına baxmayaraq polkovnik Zaur Nudirəliyev əsir düşməmək üçün təyyarəni düşmənin canlı qüvvələrinin olduğu səngərə çırparaq şəhid oldu. Onun bu fədakarlığı Azərbaycanın hərb tarixində unudulmaz qəhrəmanlıq nümunəsi kimi yazıldı.

Zaur Nudirəliyev bir sıra yeni döyüş üsullarının müəllifi idi. O, ‘Su-25’ təyyarəsinin tam döyüş potensialını tətbiq edərək nişangah istifadə etmədən, yalnız riyazi üsullarla bomba atışını həyata keçirirdi. Bu üsullar NATO standartlarına uyğun idi və digər təyyarəçilərə də peşəkarlıqla öyrədildi. Bu gün Hərbi Hava Qüvvələrində onun davamçıları Azərbaycan səmasını etibarlı şəkildə qoruyur. Bu gün Azərbaycan səmasında şahinlərimiz Zaur kimi qəhrəmanların adını daşıyır. Onların ruhu göylərdə, ağ buludların üzərində, mələklərin qanadlarında ucalır. Lacın dağlarından, Kəlbəcərin zirvələrindən, Murovun əzəmətli hündürlüklərindən sanki bir nida eşidilir: “Qarabağ azaddır, zəfər sizin adınızla bağlıdır, qəhrəman Zaur!”

Onun ruhu bu torpağın hər qarışı ilə birgə əbədiyyətə qovuşur, Azərbaycanın qəhrəmanlıq dastanında daim yaşayır. Zaur Nudirəliyev yalnız tarixdə deyil, hər bir azərbaycanlının qəlbində, səmanın ucalığında, hər bir ucalan dalğada və hər bir qalxan bayraqda əbədiləşmişdir. Onun adı, qəhrəmanlığı və mərdliyi gələcək nəsillərə örnək olaraq daim parlayacaq.

Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

2026-01-22 15:09:00
4190 baxış

Digər xəbərlər

İkinci Dünya müharibəsi iştirakçısı İzzət Nəhmətov vəfat edib

Veteran.gov.az xəbər verir ki, Astara rayonun Pensər kənd sakini, 1925-ci ildə anadan olan, II Dünya  müharibəsinin iştirakçısı Nəhmətov İzzət Məmmədsəfa oğlu 31 iyul 2026-cı ildə yaşadığı Pensər kəndində vəfat edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti İzzət Nəhmətovun vəfatından kədərləndiyini bildirir, bu münasibətlə mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

Hamısını oxu
“AzerGold” ilk dəfə yerli bazara gümüş külçələr təqdim edib

Veteran.gov.az xəbər verir ki, “AzerGold” QSC ölkədə gümüş külçələrə olan tələbatın yerli məhsullar hesabına qarşılanması və investisiya imkanlarının genişləndirilməsi məqsədilə ilk dəfə olaraq yerli xammal əsasında istehsal edilmiş 999,9 əyarlı gümüş külçələrin satışına başlayıb. Son illərdə yaşıl enerji texnologiyalarının sürətli inkişafı və elektronika sənayesində gümüşdən istifadənin əhəmiyyətli dərəcədə artması bu qiymətli metalın qlobal bazardakı strateji rolunu daha da gücləndirib. Eyni zamanda, beynəlxalq bazarlarda gümüşə olan artan tələb onun investisiya aktivləri sırasında daha cəlbedici mövqe tutmasına əlverişli şərait yaradıb. Gümüş külçələrin bazara çıxarılması dəyər zəncirinin genişləndirilməsinə töhfə verməklə yanaşı, vətəndaşlar üçün alternativ investisiya alətinin formalaşdırılmasını hədəfləyir. İlkin mərhələdə istehlakçılara 250, 500 və 1000 qramlıq çəkilərdə təqdim edilən məhsulların növbəti mərhələdə bazar tələbatı, investor marağı və istehlakçı seçimləri nəzərə alınmaqla müxtəlif çəki kateqoriyalarında yeni çeşidlərinin istehsalı planlaşdırılır. Qeyd edək ki, gümüş külçələrin Satış və Mübadilə Mərkəzində milli valyuta ilə geri alışı da həyata keçiriləcək. Sözügedən məhsullar istehlakçılardan Azərbaycan Respublikası Mərkəzi Bankının gündəlik rəsmi məzənnəsi əsas götürülməklə, külçənin metal dəyərinə 10% əlavə ödəniş tətbiq olunmaqla geri alınacaq. Gümüş külçələr Bakı şəhəri, Bülbül prospekti, 3 ünvanında yerləşən Satış və mübadilə mərkəzində, həmçinin www.azergold.gift onlayn satış platforması vasitəsilə alıcılara təqdim edilir.

Hamısını oxu
Организации Ветеранов войны,труда и Вооруженных Сил Азербайджанской Республики

  Ветеранам  Организации Ветеранов войны, труда и Вооруженных Сил  Азербайджанской Республики            Глубокоуважаемые Ветераны Азербайджанской Республики!     Поздравляем Вас и весь Азербайджанский Народ с возвращением своих исторических территорий.   Благодаря тому, что Вы Ветераны и в первую очередь Ветераны Вооруженных сил Вашей страны с успехом передали свой военный опыт и боевой дух нынешним военнослужащим Азербайджанской Республики позволило им вместе с Народом и Руководством Вашей страны одержать важную ПОБЕДУ.      Желаем Вашей стране успехов во всех делах.   Организации ветеранов войны, труда и Вооруженных Сил Азербайджанской Республики желаем и в дальнейшем достойное воспитание молодого поколения страны.   С уважением и наилучшие пожелания,   Председатель Комитета «Ветеранов Чернобыльцев» Владимир Каменков                                                   Минск, Беларусь 14.11.2020 года    

Hamısını oxu
Birinci vitse-prezident Mehriban Əliyeva Bülbülə qəsəbəsindəki Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak edib

Sentyabrın 22-də Bakının Suraxanı rayonunun Bülbülə qəsəbəsindəki Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin yeni binası istifadəyə verilib. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib. Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verildi ki, məktəb 1935-ci ildə musiqi cəmiyyətinin nəzdində yaradılıb, 1940-cı ildən 5 nömrəli Uşaq Musiqi Məktəbi kimi, 1988-ci ildən isə 3 nömrəli Uşaq İncəsənət Məktəbi kimi fəaliyyət göstərməyə başlayıb. Bildirildi ki, məktəbin ikimərtəbəli binası qəzalı vəziyyətdə olduğundan Heydər Əliyev Fondu tərəfindən yeni bina inşa edilib. Yeni bina 3 mərtəbədən, 25 sinif otağından, rəqs, rəsm otaqlarından, akt zalından, kitabxana, müəllimlər otağı və yeməkxanadan ibarətdir. Məktəbdə hazırda 17 ixtisas üzrə 493 şagird təhsil alır. Bu ixtisaslar üzrə 110 müəllim fəaliyyət göstərir. Uşaq İncəsənət Məktəbində rəqs və rəsm dərsləri qrup şəklində, digər ixtisaslar fərdi tədris olunur. İndiyədək məktəbin 35-dən çox şagirdi beynəlxalq müsabiqələr üzrə laureat adına layiq görülüb, 70-ə yaxın şagird isə respublika müsabiqələrində yüksək yerlər tutub. Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin bir sıra tanınmış məzunları da var. Qeyd edək ki, bu gün Azərbaycanda təhsil və mədəniyyətin inkişafı istiqamətində mühüm addımlar atılır, elm və mədəniyyət xadimlərinə xüsusi diqqət göstərilir. Heydər Əliyev Fondu bu işə önəmli töhfələr verir. Ölkəmizə tanınmış incəsənət xadimləri bəxş etmiş Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbi üçün ən müasir standartlara cavab verən yeni binanın inşası da Fondun bu sahəyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. video Milli.Az 

Hamısını oxu