Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bir Gözlə Vətəni Bütöv Görən Qəhrəman Azər Abdullazadə

“Azərbaycan ordusunun hərbi qulluqçusu olmağımla fəxr edirəm…” Bu ifadə Azərbaycan əsgərinin dövlətinə sədaqətinin, xalqına bağlılığının və Vətən qarşısında daşıdığı ali məsuliyyətin rəsmi və mənəvi ifadəsidir. Bu sözlər bir ömrün həyat prinsipi, bir nəslin Vətənə sədaqət andı, bir xalqın öz ordusuna olan sarsılmaz inamının təcəssümüdür. Sözügedən fikirlər Vətənin taleyini öz taleyi ilə birləşdirən, onu qanı və canı bahasına qoruyan Azər Rizvan oğlu Abdullazadənin vətəndaş mövqeyini, daxili dünyasını və hərbi xidmət fəlsəfəsini dolğun şəkildə əks etdirir.

Abdullazadə Azər Rizvan oğlu 18 fevral 2001-ci ildə Tərtər rayonunun Cəmilli kəndində anadan olmuşdur. O, Vətənə xidmətin ailə dəyəri kimi qəbul edildiyi, hərb və vətənpərvərlik ruhunun nəsildən-nəslə ötürüldüyü qəhrəman bir ailədə böyümüşdür. Bu ailədə “Vətən” anlayışı yalnız coğrafi məfhum deyil, yaşam tərzi, mənəvi məsuliyyət və əxlaqi borc kimi formalaşmışdır.

Azər Abdullazadənin ailə tarixində Qarabağ müharibələrinin dərin izləri vardır. Onun əmisi  tibb xidməti leytenantı Natiq Abdullayev Birinci Qarabağ müharibəsi zamanı Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Atası Rizvan Abdullayev isə həmin döyüşlərdə ağır yaralanaraq I qrup müharibə əlili olmuşdur. Bu ailənin yaddaşı şəhidlik zirvəsi, qazilik yolu və Vətənə sədaqət ruhu üzərində formalaşmışdır.

Azər Abdullazadə 2018-ci ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılmış, Bakı şəhərində yerləşən N saylı hərbi hissədə xidmət etmişdir. Hərbi xidmət müddətinin başa çatmasına cəmi bir neçə gün qalmış, 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatları başlanmışdır. O, təxris olunmaq hüququndan imtina edərək könüllü şəkildə döyüş bölgəsinə yollanmışdır.

44 gün davam edən Vətən müharibəsi zamanı Azər Abdullazadə tank heyətinin tuşlayıcısı kimi Füzuli və Cəbrayıl istiqamətlərində aparılan döyüş əməliyyatlarında fəal iştirak etmişdir. Döyüş tapşırıqlarını yerinə yetirərkən düşmənin atəş mövqelərinin, zirehli texnikasının və canlı qüvvəsinin məhv edilməsində xüsusi fərqlənmiş, şəxsi igidlik, yüksək peşəkarlıq və dözümlülük nümayiş etdirmişdir. Onun fəaliyyəti Azərbaycan Ordusunun həmin istiqamətlərdə uğurlu irəliləyişinə mühüm töhfə vermişdir.

Azər Abdullazadə döyüşlər zamanı iki dəfə yaralanmışdır. İlk yaralanmadan sonra həkimlərin tövsiyəsinə baxmayaraq, təkidlə yenidən ön cəbhəyə qayıtmışdır. 2020-ci il oktyabrın 11-də Cəbrayıl istiqamətində gedən şiddətli döyüşlər zamanı tankın vurulması nəticəsində ağır yaralanmış, bir gözünü itirmişdir. Tank komandiri şəhid olmuş, Azər Abdullazadə isə böyük fədakarlıq və iradə nümayiş etdirərək döyüş zonasından çıxarılmışdır.

Uzunmüddətli tibbi müalicə və bir neçə mürəkkəb cərrahi əməliyyata baxmayaraq, o, mənəvi möhkəmliyini qoruyub saxlamış, qazilik statusuna baxmayaraq dövlətə və orduya sədaqətini daim ifadə etmişdir. Onun həyat mövqeyi “göz ürəyin aynasıdır” ifadəsinin rəmzi mənasını daşıyır - Azər Abdullazadə bir gözünü Vətən yolunda itirsə də, Vətəni bütöv görən qəhrəman kimi yadda qalmışdır.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə, döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidlik və şücaətə görə Azərbaycan Respublikası Prezidentinin  9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Abdullazadə Azər Rizvan oğluna “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı verilmişdir. O, bu ali ada layiq görülən ən gənc hərbi qulluqçulardan biri olmuşdur. Həmçinin Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə” medalı və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilmişdir.

Bu gün Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadə Azərbaycan gəncliyi üçün vətənpərvərlik, sədaqət və fədakarlığın canlı nümunəsidir. Onun adı çəkiləndə Azərbaycan xalqı qürurla başını dik tutur, çünki Azər Abdullazadənin taleyində ordunun şərəfi, şəhidlərin ruhu və qazilərin dözümü birləşir. O, Vətən uğrunda sağlamlığından keçməyin söz yox, əməl olduğunu sübut etmiş qəhrəmanlardandır.

Azər Abdullazadənin bir gözü Qarabağ torpağında qaldı. Amma o  göz bu gün Şərqi Zəngəzurda, Cəbrayılda, Füzulidə dalğalanan üçrəngli bayrağın göz bəbəyinə çevrilib. O bayraq ki, şəhidlərimizin al qanı ilə suvarılmış suveren torpaqlarımızda ucalıb və əbədi olaraq dalğalanacaq. Bu, təkcə bir qəhrəmanın taleyi deyil - bir millətin qələbə dastanıdır!

Cəlil Xəlilov    Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

2026-01-28 11:33:00
3683 baxış

Digər xəbərlər

Başsağlığı

Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazova   Hörmətli Vilayət müəllim!   Əziziniz Çingiz müəllimin vaxtsız vəfatı münasibəti ilə ürəkdən kədərlənir, mərhumun ailəsinə dərin hüzünlə başsağlığı verir və Allahdan rəhmət diləyirik.   Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvləri Cəlil Xəlilov, Bəhram Zahidov  

Hamısını oxu
Əsgərlərimiz Ermənistan bayrağını erməninin özünə endirtdirdilər

Azərbaycan və Ermənistanın Kəlbəcər rayonu ərazisindən keçən dövlət sərhədlərinin demarkasiyası zamanı maraqlı hadisə baş verib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayımlanıb.   Belə ki, bölgü zamanı ərazidə olan tikililərdən biri Azərbaycan sərhədləri daxilində qaldığı üçün orada olan Ermənistan bayrağı götürülüb. Maraqlıdır ki, sərhədlərin bölgüsündə iştirak edən əsgərlərimiz həmin bayrağı məhz erməni əsgərinin özünə endirtdiriblər. Sözügedən videonu təqdim edirik:

Hamısını oxu
Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür

Bu gün Azərbaycan torpaqlarını erməni qəsbkarlarından azad etmək uğrunda canından keçmiş Milli Qəhrəman Mübariz İbrahimovun anadan olmasının ildönümüdür. Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. M.Piriyev adına Əliabad kənd orta məktəbini 2005-ci ildə bitirib və elə həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.2009-cu ilin avqust ayında könüllü olaraq hərbi xidmətə qayıdıb. Bu dəfə gizir rütbəsində xidmətə başlayıb və öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.2010-cu il iyunun 18-də gecə gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin mövqeyinə hücum edib. Qeyri-bərabər döyüşdə o, çox sayda düşmən əsgər və zabitini məhv edib.M.İbrahimov düşmənin öz silahlarını özünə qarşı istifadə edərək onlarla 5 saat təkbətək döyüşub.Həmin gecə - 18 iyun tarixində Azərbaycan giziri səhər saatlarındakı qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.Azərbaycan Prezidentinin sərəncamı ilə Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı (ölümündən sonra) verilib.   

Hamısını oxu
“DTX əməkdaşlarının “Heydər zirvəsi”nə yürüşü həm Ulu Öndərə ehtiram, həm də idmanın təbliğidir”

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə yürüş təşkil edilib. Maraqlıdır, bu yürüş Ümummilli Liderə ehtiram əlaməti olmaqla yanaşı, həm də gənclərin idmana təşviq edilməsi, idmanın təbliği baxımından atılan addım kimi də dəyərləndirilə bilərmi? Veteran.gov.az-a açıqlama verən millət vəkili Elman Məmmədov mövzu ilə bağlı maraqlı fikrlər səsləndirib: “Şübhəsiz ki, DTX əməkdaşlarının “Heydər zirvəsi”nə yürüşü Ümummilli Lider Heydər Əliyevin xatirəsinə sonsuz ehtiram nümunəsi kimi mühüm əhəmiyyətə malikdir və olduqca təqdirəlayiqdir. Bununla yanaşı, qeyd etdiyiniz kimi, bu cür addımlar həm də idmanın təbliği, sağlam həyat tərzinin təşviqi baxımından da böyük önəm kəsb edir. Bildiyiniz kimi, Ulu Öndər hər zaman ölkəmizdə idmanın inkişafına böyük önəm verib, bu istiqamətdə ciddi addımlar atıb. Ümumiyyətlə, ölkəmizdə idman hərəkatının inkişafı, idman sahəsində ilk ciddi uğurların əldə edilməsi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ölkə gənclətinin həm fiziki, həm də ruhi-mənəvi baxımdan sağlam yetişdirilməsi üçün onların idmanla məşğul olmasını zəruri hesab edirdi. Hansı ki, sonrakı dönəmdə Prezident İlham Əliyev Ulu Öndərin bütün sahələrdəki siyasəti ilə yanaşı, idman siyasətini də uğurla inkişaf etdirdi, Azərbaycan bu müstəvidə də böyük nailiyyətlər əldə etdi. Bu baxımdan DTX əməkdaşlarının “Heydər zirvəsi”nə yürüşü ölkə gənclərinə verilən praktiki mesaj kimi də dəyərləndirilə bilər. Bu mesaj gənclərimizin idmanla məşğul olmasının, idmanın kütləviləşməsinin nə qədər mühüm önəm kəsb etdiyini əks etdirir. İnanıram ki, gənclərimiz ölkəmizdə idmanın inkişafı ilə bağlı Ulu Öndərin çağırışlarına hər zaman sədaqət hissi ilə yanaşacaq, bu çağırışlara idman sahəsindəki uğurları ilə cavab verəcəklər. Heydər Əliyevin idmanla, sağlam həyat tərzi ilə bağlı çağırışlarını əməli müstəvidə yaşatdığına, gənclərə davamlı örnək olduğuna görə DTX əməkdalarına da təşəkkür edir, onlara uğurlar arzulayıram”. Seymur ƏLİYEV

Hamısını oxu