Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

67 yaşlı mübariz döyüşçünün döyüş yolları

Elşad Şabanov iki müharibənin – Qarabağ və Əfqanıstan müharibəsinin veteranıdır. Müharibə təlatüm, dağıntı, faciədir. Müharibə edən hər iki tərəf ağır itkilər verir. Belə müharibələr  insanlara heç vaxt xoşbəxtlik gətirməyib. Ağır müharibələrdən biri də 1979-cu ildə Əfqanıstan Respublikasında baş verib. Ağır vəziyyətdə qalan Əfqanıstan rəhbərliyi məcburən keçmiş SSRİ-yə müraciət edərək, Beynəlmiləl-qardaşlıq köməyi istəyib. Bu səbəblə də 1979-cu il 25 dekabrda Sovet Ordusunun əsgərləri Əfqanıstana daxil oldu. Bu döyüşçülər içərisində mübariz, cəsur, qorxmaz, Azərbaycan oğlu Elşad Şabanov da olub. Onun keçdiyi döyüş yolları ilə oxucuları da tanış etmək istərdik.          Xatırladaq ki, Elşad Şabanov 1952-ci ildə Azərbaycan Respublikasının Qax rayonunda anadan olub və orta məktəbi qızıl medalla bitirib. Elşad ilk ali təhsilini M.F.Axundov adına ADPİ-nin rus dili və ədəbiyyatı fakültəsində alıb. Sonra Ukraynada Sovet ordusu sıralarında xidmət edib. 1978-ci ildə SSRİ DTK-nın ali məktəbini bitirdikdən sonra respublikanın Qəbələ rayon şöbəsində əməliyyat müvəkkili və baş əməliyyat müvəkkili vəzifəsində çalışıb. Xidməti zamanı göstərdiyi yüksək uğurlara görə, 1983-cü ildə SSRİ DTK-nın Baş Kəşfiyyat İdarəsinin nəzdindəki iki il xarici dil təmayüllü xüsusi ali kurslarına göndərilib. O, 1985-ci ildə həmin kursları müvəffəqiyyətlə başa vurduqdan sonra SSRİ DTK-nın müşaviri kimi Əfqanıstanın Xüsusi Xidmət Orqanlarının silahlı müxalifətə, banditizmə və terrorçuluğa qarşı apardığı xüsusi döyüş əməliyyatlarının təşkilatçısı və rəhbəri olub.          Həmin əməliyyatlarda Elşad Şabanov yaralanıb. Kabul şəhərində hospitalda müalicə olunduqdan sonra Əfqanıstanın cənubuna, Pakistan yaxınlığındakı Zabul vilayətinə göndərilib. Döyüşlərdə xüsusi əməliyyatlara rəhbərlik edərək Sovet Ordusu xüsusi təyinatlıları ilə birlikdə Pakistandan Əfqanıstan ərazisində müqavimət göstərən terrorçu qüvvələrə və silahlı müxalifətçilərə hərbi yük daşıyan maşın karvanlarının məhv edilməsində fəal iştirak edərək həmin əməliyyatların təşkilatçısı və rəhbərlərindən biri olub.          O, Əfqanıstan Xüsusi Xidmət Orqanlarının Pakistan ərazisində yerləşən terrorçu, bandit hazırlıq düşərgələrində onlara qarşı keçirdikləri “kəskin”, xüsusi döyüş əməliyyatlarına rəhbərlik edib.          Həmin əməliyyatlarda mücahidlərin Pakistan ərazisindən Əfqanıstana keçirmək istədikləri maşın karvanı məhv edilərək ABŞ-ın istehsalı olan “Sfinger” tipli raket kompleksi və digər silah növlərini ələ keçirib. Həmin ilin avqust ayında döyüş əməliyyatları zamanı mübariz döyüşçü Elşad minaya düşür və ikinci dəfə yaralanır.          Əfqanıstandan qayıtdıqdan sonra, 1987-90-cı illərdə Azərbaycan DTK-nın Xaçmaz rayon şöbəsinin, 1990-91-ci illərdə Bakı şəhəri Əzizbəyov rayon şöbələrinin rəisi işləyib. DTK-MTN-nin Mərkəzi Aparatında rəhbər vəzifələrdə çalışıb. Milli Təhlükəsizlik Nazirliyinin Xüsusi Təyinatlı dəstəsinin yaradıcılarından biri kimi Qarabağ uğrunda gedən qanlı döyüşlərdə, cəbhə bölgəsində xüsusi əməliyyatların təşkilatçısı və rəhbəri olub. 1993-cü ildə Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra iyul ayından Milli Təhlükəsizlik Nazirinin xüsusi tapşırıqlar və hərbi məsələlər üzrə köməkçisi olub. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, Azərbaycan dövlətçiliyi uğrunda Ulu Öndərin apardığı mübarizənin fəal iştirakçılarından biridir. 1997-ci ilin may ayında ehtiyata göndərilib. Ehtiyatda olan Elşad Şabanov polkovnikdir. Vətən Təhlükəsizlik orqanları qarşısındakı xidmətlərinə görə E.Şabanov “SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Fəxri Əməkdaşı” döş nişanı və SSRİ-nin “Qırmızı Ulduz” ordenləri, “İgidliyə görə” medalları, SSRİ-nin “Döyüş xidmətinə görə” medalı, “SSRİ Ali Sovetinin Fəxri fərmanı”, “Beynəlmiləlçi döyüşçüyə, igidliyə və hərbi rəşadətə görə” medalı, “Qədirbilən əfqan xalqından” medalı, “Qüsursuz xidmətlərinə görə” medalı, Rusiya Federasiyasının “Əfqanıstan Müharibəsinin veteranı” və “Döyüş xidmətlərinə görə” ordenləri, “Za mujestva i otvaqu” medalı, “Pənşir əməliyyatına görə”, “Məhəlli münaqişələrin iştirakçısına”, “Xüsusi təyinatdakı xidmətinə görə”, “Əfqanıstan Demokratik Respublikasında beynəlmiləl borcunu ləyaqətlə yerinə yetirdiyinə görə” medalları, Əfqanıstan Respublikasının “Hərbi Şöhrət” ordeni, “İgidliyə görə” medalları, Müstəqil Dövlətlər Birliyinin təsis etdiyi “Döyüş əməliyyatları Veteranı” medalı və digər döyüş və yubiley medalları ilə təltif olunub. İradəli və mübariz döyüşçü, iki müharibə veteranı olan Elşad Şabanov bu gün respublikada keçirilən tədbirlərdə fəal iştirak edir. O, gənclərə öz döyüş yolu və göstərdiyi igidlikdən danışır və onlara Vətəni göz-bəbəyi kimi qorumağı məsləhət görür.    İyun ayının 17-sində qəhrəman vətən oğlu Elşad Şabanovun 67 yaşı tamam olub. Elşad müəllimi Respublika Veteranlar Təşkilatının Rəyasət heyəti və veteranlarımız adından təbrik edir, ona can sağlığı arzulayırıq.

2019-06-19 00:00:00
4114 baxış

Digər xəbərlər

Respublika Veteranları Təşkilatının üzvləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad ediblər

Respublikası Veteranları Təşkilatının üzvləri Şəhidlər xiyabanında 20 Yanvar faciəsi qurbanlarının məzarlarını ziyarət ediblər. AZƏRTAC xəbər verir ki, veteranlar şəhidlərin xatirəsini dərin ehtiramla yad edib, məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar. Qeyd edək ki, bu günlərdə Azərbaycan Respublikasının ərazisində və ölkəmizin hüdudlarından kənarda 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anma mərasimləri keçirilir.    

Hamısını oxu
“Modern İnkişaf və Ailə” İctimai Birliyindən möhtəşəm tədbir!

Yeni üzvlərə vəsiqələr təqdim edilib, gələcək layihələr müzakirə olunub... 3 aprel 2026-cı il tarixində “Modern İnkişaf və Ailə” İctimai Birliyi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında şəhid ailələrinin, veteranların, ziyalıların, media və ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbir keçirib. Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiridə açılış nitqi ilə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov “Modern İnkişaf və Ailə” İctimai Birliyinin ölkəmizin ictimai həyatındakı roluna toxunub, bu təşkilatın milli-mənəvi dəyərlərimizin təbliğindəki fəliyyətinə diqqət çəkib: “Modern İnkişaf və Ailə”  İctimai Birliyi hər zaman öz aktivliyi, milli maraqlarımızın müdafiəsi, dövlət siyasətimizin təbliği, vətənpərvərlik tərbiyəsinin inkişafına yönəlik fəaliyyəti ilə diqqət çəkib, bu fəaliyyət xalqımz, cəmiyyətimiz tərəfindən təqdir olunub. Hörmətli Zərifə Quliyevanın rəhbərliyi altında fəaliyət göstərən bu təşkilat daim şəhid ailələrini, veteranları, həssas kateqoriyadan olan digər vətəndaşlarımızı diqqət mərkəzində saxlayır, onlara mütəmadi yardımlar edir, mənəvi dəstək nümayiş etdirir. Zərifə xanım tanınmış ictimai xadim olmaqla yanaşı, həm də bir neçə kitabın müəllifidir. Hesab edirəm ki, Zərifə xanımın çoxşaxəli fəaliyyəti dövlət səviyyəsində təqdir edilməli, mükafatlandırılmalıdır. Mən “Modern İnkişaf və Ailə” İctimai Birliyinə yeni üzv qəbul edilən şəxsləri bu münasibətlə təbrik edir, onlara uğurlar arzulayıram. İnanıram ki, yeni üzv qəbul edilən şəxslər təşkilatın fəaliyyətində yaxından iştirak edəcək, dövlətimizin və Prezidentimizin hər bir çağırışına dərhal səs verəcək”. Tədbirdə çıxış edən “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva yeni üzvləri təbrik edib, təşkilatın keçmiş fəaliyyəti və gələcək planları haqqında ətraflı məlumat verib: “Mən təşkilatımıza yeni üzv seçilən hər bir şəxsi təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram. Mənim üçün olduqca qürurvericidir ki, bu gün təşkilatımıza üzv olan şəxslər arasında şəhid ailələrinin üzvləri, qazilər də var. Hansı ki, bu gün biz sahib olduğumuz azadlığa, suverenliyə, təhlükəsizliyə görə onlara borcluyuq. Məhz onlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın erməni faşizmindən azad edilməsini təmin edib, bu müharibələrdə tarixi qəhrəmanlıqlara imza atıblar. Biz sonsuza kimi şəhidlərimizə və qazilərimizə borcluyuq və bu həqiqəti heç vaxt unutmamalıyıq. Biz daim bu insanları diqqət mərkəzində saxlamlı, onlara sevgimizi və minnətdarlığımız hər an hiss etdirməliyik. Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın nəcib əməlləri bizim hər birimiz üçün örnək olmalıdır. Ulu Öndər Heydər Əliyev ideyalarının təbliği, Prezident İlham Əliyevin yürütdüyü siyasətin sadəcə sözdə deyil, həm də əməli müstəvidə dəstəklənməsi bugünə qədər olduğu kimi bundan sonra da fəaliyyətimizin əsasını təşkil etməlidir. Mən bir daha üzvlük vəsiqəsi alan hər bir şəxsi təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram”. Daha sonra “Modern İnkişaf və Ailə” İctimai Birliyinə üzv qəbul edilən şəxslərə təşkilatın vəsiqələri təqdim olunub, hədiyyələr verilib. Tədbirin sonunda xatirə şəkli çəkilib. Xatırladaq ki, “Modern İnkişaf və Ailə” İctimai Birliyi hər il respublika miqyaslı böyük tədbirlər təşkil edir, layihələr həyata keçirir. Əsasən şəhid ailələri və qazilərlə bağlı olan vərənpərvərlik layihələrin cari ildə də davam etməsi nəzərdə tutulur. Seymur ƏLİYEV  

Hamısını oxu
Pirallahı rayonunda qazilərlə görüş keçirilib

Veteran.gov.az xəbər verir ki, Respublika Veteranlar Təşkilatının Gənclərin   vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev 22 aprel 2021-ci il tarixində Bakı şəhəri Pirallahı rayonunda  tədbirdə iştirak edib. Tədbirdə qazilərlərlə bərabər, İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, İcra Hakimiyyətinin şöbə müdiri Anar Babayev,YAP-ın Pirallahı rayon təşkilatının sədri Əli Kərimov, İcra Hakimiyyətinin humanitar şöbə rəisi Arzu Abdullayev, İcra Hakimiyyətinin Veteranlarla iş şöbəsinin əməkdaşları Sübhay Məmmədov və Tural Cəfərov, Pirallahı rayon VT-nın sədri Xəqani Şirinov,  Pirallahı rayonu Qızıl Aypara cəmiyyətinin sədri Təranə İskəndərova iştirak edib.   Tədbiri giriş sözü ilə açan İcra Hakimiyyətinin birinci müavini Vəzir Səfixanov qonaqları salamlayıb, onları tədbir iştirakçılarına təqdim edib. İlk öncə söz Respublika Veteranlar Təşkilatının Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyevə verilib.   Adil Haqverdiyevin təklifi ilə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra 44 günlük müharibədə Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlığa diqqət çəkən Adil Haqverdiyev, Ali Baş Komandanın rəhbərliyi altında hərbçilərimizin düşməni darmadağın etdiyini, uzun illərdir ki, işğalda qalan torpaqların azad edildiyini bildirib. Şöbə müdiri qeyd edib ki, bu tarixi qələbəyə kölgə salmağa çalışan qüvvvələrə öz yerini göstərməli, bundan sonra da Ali Baş Komandan İlham Əliyevin  ətrafında sıx birləşməkdə davam etməliyik.   Tədbirin sonunda ,,Dəmir yumruq,, filim nümayiş edilib, xatirə şəkli çəkilib.

Hamısını oxu
“2022-ci ilin “Şuşa ili” elan olunması hər bir azərbaycanlını qürurlandırır”

“Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Dünya azərbaycanlılarının həmrəylik günü və yeni il münasibətilə xalqa müraciəti bir çox mühüm məqamları özündə ehtiva etməklə bərabər, ölkə başçısının 2022-ci ili “Şuşa ili” elan etməsi kimi mühüm hadisə ilə yadda qaldı. Şuşa şəhərinin Azərbaycan xalqı üçün milli-mənəvi əhəmiyyətini nəzərə alaraq onu qeyd etməliyik ki, 2022-ci ilin “Şuşa ili” elan olunması dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırdı. Bu nöqteyi-nəzərdən deyə bilərik ki, cənab Prezidentin 2022-ci ilin “Şuşa ili” elan olunması haqqında Sərəncamı olduqca mühüm tarixi, siyasi hadisədir”.   Bu sözləri Veteran.gov.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib. Deputat açıqlamasında bildirib ki, 2021-ci ildə ölkəmizin əldə etdiyi ən böyük nailiyyət İkinci Qarabağ müharibəsinin nəticələrinin dünya tərəfindən qəbul olunmasıdır. Bu baxımdan cənab Prezidentin xalqa müraciətində qeyd etdiyi fikirlər olduqca mühümdür. Beləki, ölkə başçısı ilin yekunlarını həm də münaqişənin yekunları ilə birlikdə açıqlamışdır. Təqdim etdiyi mənzərəni isə müharibədən sonra cərəyan edən proseslərin Azərbaycanın haqlı mövqeyinin timsalı adlandırmışdır.  Bu baxımdan cənab Prezidentin sözləri ilə desək, “...müharibə reallıqlarını, müharibədən sonrakı reallıqları qəbul etdirmək, hesab edirəm ki, siyasi baxımdan çox önəmli hadisə kimi sayıla bilər”. Bəli, müharibədə qazanılmış qələbə nə qədər mühüm idisə, onun nəticələrini beynəlxalq səviyyədə qəbul etdirmək də, həmin nisbətdə mühüm idi. Bu baxımdan, 2021-ci il olduqca mühüm nailiyyətlərlə yadda qaldı.   Cənab Prezident İlham Əliyevin xalqa müraciətində ən mühüm məqamlardan biri də bu ilin “Şuşa ili” elan olunmasıdır deyən millət vəkili bildirib ki, bu il  Azərbaycan xalqı Şuşa şəhərinin əsasının qoyulmasının 270 illik yubileyini qeyd edəcək. Məhz, 2022-ci ilin “Şuşa ili” elan olunması cənab Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasətinin növbəti dəfə təzahürüdür. Bu baxımdan qeyd etməliyik ki, ötən il Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan olunması və burada keçirilən bir çox mühüm tədbirlər torpağın əsl sahibinin qayıtdığını bir daha bütün dünyaya çatdırmış oldu. 28 illik işğal dövründə düşmən Şuşa şəhərini erməniləşdirməyə çalışsa da buna nail ola bilməyib. Şuşa şəhəri öz milli-mədəni, tarixi ruhunu düşmənin bütün barbarizminə qarşı qoruyub mühafizə edə bilib.   T. Cəfərova xüsusilə qeyd edib ki, ötən 1 ildə görülən işlər bir daha göstərir ki, Şuşa Qarabağın incisi kimi dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməkdədir. Ümumiyyətlə, Azərbaycan xalqının Şuşaya hər zaman xüsusi münasibəti olub. Tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşanın tarixi hissəsinin qoruq elan edilməsi də 1977-ci ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə baş tutub. Hələ 1977-ci ildən Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. 28 illik işğal dövründən sonra yenidən Şuşa şəhərinin tarixi, mədəni, siyasi, strateji dəyəri özünə qaytarılır.Cənab Prezident İlham Əliyev Şuşa şəhərinin işğaldan azad olunması müjdəsini xalqa çatdırarkən “Şuşa sən azadsan”, “Şuşa biz qayıtmışıq”, “Şuşa biz səni dirçəldəcəyik” ifadələri önəmli məna daşıyırdı. Cənab Prezidentin məlum Sərəncamına əsasən deyə bilərik ki, bu gün biz bu mənanı daha yaxşı anlayırıq. Şuşada həyata keçirilən bərpa və quruculuq işləri, təşkil olunan mühüm tədbirlər və eləcə də, ölkə Başçısının dəfələrlə buraya səfərləri Şuşa şəhərinin tarixi, siyasi əhəmiyyətini bir daha ortaya qoyur.  Bütün bunlarla yanaşı, Şuşa şəhərinin Azərbaycan üçün əlbəttə ki, strateji bir yer olduğunu hər birimiz unutmamalıyıq. Hamıya bəllidir ki,  hər zaman Şuşaya kim nəzarət edirsə Qarabağa da nəzarət edir deyilir. Bu baxımdan da Şuşanın əhəmiyyəti çox böyükdür. “Şuşa İli”nin elan olunması bir daha məhz bu torpaqların əsl sahibinin kim olduğunu dünyaya sübut etdi.   Bir daha vurğulamalıyıq ki, bu ilin “Şuşa ili” elan olunması mühüm tarixi,siyasi hadisə olmaqla yanaşı, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırdı. Bir sözlə, bütün yollar bizi Şuşaya aparır- deyə millət vəkili Tamam Cəfərova bildirib.

Hamısını oxu