Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya

Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti:

1.İkitərəfli münasibətlərinin əsası kimi bir-birinin suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəklədiklərini bir daha təsdiqləyirlər;

2. 8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində imzalanmış Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumundan çıxış edirlər;

3. Regional bağlantılar, iqtisadi sərmayə və təhlükəsizlik əməkdaşlığı da daxil olmaqla, qarşılıqlı maraq və ortaq fayda doğuran sahələrdə strateji tərəfdaşlıqlarının əhəmiyyətini təsdiqləyirlər;

4. Diplomatik, iqtisadi, enerji, texnoloji və təhlükəsizlik sahələri də daxil olmaqla, qarşılıqlı maraq doğuran məsələlərdə münasibətləri gücləndirmək üçün birgə niyyətlərini vurğulayırlar;

5. Strateji tərəfdaşlığın və genişləndirilmiş əməkdaşlığın planlaşdırılması və həyata keçirilməsinə yalnız dövlət qurumlarının deyil, həm də hər iki ölkənin özəl sektorlarının cəlb edilməsinin mühüm əhəmiyyətini təsdiqləyirlər.

Bölmə I: Regional Bağlantılar, o cümlədən Enerji, Ticarət və Tranzit

Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları Transxəzər Nəqliyyat Dəhlizini (Orta Dəhliz) əsas götürərək quru, dəniz və hava nəqliyyatı infrastrukturunun inkişafı; enerji və data bağlantısı; ticarət və tranzitin asanlaşdırılması; gömrük nəzarəti və sərhəd keçidi; beynəlxalq multimodal logistika; və digər əlaqəli sahələrdə əməkdaşlıq yolu ilə regional bağlantıları təşviq etmək üçün birgə işləmək niyyətindədirlər. Onlar 8 avqust 2025-ci il tarixli Vaşinqton Sülh Zirvə Görüşünün Bəyannaməsinə uyğun olaraq iştirakçı ölkələrə beynəlxalq və ölkə daxili bağlantı üçün qarşılıqlı faydaları təmin etməklə, Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edəcək və regionun beynəlxalq ticarət və tranzit potensialını reallaşdıracaq multimodal bağlantı layihəsi kimi Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) əhəmiyyətini qəbul edirlər.

Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları, Əsrin Müqaviləsi, Cənub Qaz Dəhlizi kimi layihələrin həyata keçirilməsi ilə nəticələnmiş və sıx əməkdaşlıq sayəsində hər iki tərəfə və daha geniş regiona fayda vermiş Azərbaycan-ABŞ münasibətlərinin məhsuldar tarixinə əsaslanaraq, ikitərəfli iqtisadi əlaqələri təşviq etmək məqsədilə biznes mühitinin, ticarət və sərmayə axınlarının inkişaf etdirilməsi istiqamətində çalışmaq niyyətindədirlər. Bu məqsədlə:

1.Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları, Orta Dəhlizin inkişafına xüsusi diqqət ayıraraq enerji, nəqliyyat və rəqəmsal infrastruktur sektorlarında, o cümlədən TRIPP və digər layihələrin inkişaf etdirilməsi vasitəsilə iqtisadi artımı və regional bağlantıları təşviq etmək üçün əməkdaşlığı genişləndirmək niyyətindədirlər;

2. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları regional bağlantıların əhəmiyyətini qəbul edərək, enerji və nəqliyyat sektorlarına, eləcə də rəqəmsal infrastrukturun inkişafına dövlət və özəl sektor sərmayələrini səfərbər etmək imkanlarını araşdırmaq niyyətindədirlər;

3.Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi Azərbaycan Respublikasının strateji əhəmiyyətini qəbul edərək, ikitərəfli formatda və üçüncü ölkələrlə tərəfdaşlıq vasitəsilə, interkonnektor layihələri kimi birgə layihələrin icrası və təchizat marşrutlarının şaxələndirilməsi istiqamətində, neft, qaz və elektrik enerjisi sektorları da daxil olmaqla, enerji əməkdaşlığını genişləndirmək niyyətindədirlər;

4.Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları mülki nüvə əməkdaşlığını dərinləşdirmək niyyətindədirlər;

5.Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları kritik mineralların Orta Dəhliz vasitəsilə qlobal bazarlara tranzitini asanlaşdırmaqla bağlı əməkdaşlıq etmək niyyətlərini ifadə edirlər.

Bölmə II: İqtisadi Sərmayələr, o cümlədən Süni İntellekt (AI) və Rəqəmsal İnfrastruktur

1. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları iqtisadi artımı gücləndirmək, sərmayələri təşviq etmək və ikitərəfli biznes mühitini inkişaf etdirmək üçün əməkdaşlığı genişləndirmək niyyətindədirlər. Amerika Birləşmiş Ştatları Azərbaycan Respublikasının qlobal iqtisadiyyata daha da inteqrasiya etmək və Xəzər regionu üçün enerji, ticarət, data, maliyyə, nəqliyyat və logistika şəbəkəsi kimi mövqeyini gücləndirmək səylərini alqışlayır;

Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları iqtisadi və ya ticarət dialoqu platformalarının təşkili imkanlarının araşdırılması da daxil olmaqla, ikitərəfli ticarət və sərmayələri artırmaq üçün strateji fürsətləri müəyyənləşdirmək niyyətindədirlər;

Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları özəl sektorun fəal iştirakı ilə ikitərəfli və regional iqtisadi, ticarət və sərmayə əməkdaşlığını inkişaf etdirmək üçün əməkdaşlığı genişləndirmək niyyətindədirlər;

2. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları AI tərəfdaşlıqlarının inkişaf etdirilməsi üzrə əməkdaşlığı genişləndirmək və müvafiq hallarda, kosmik sənaye sahəsində əməkdaşlığı və Azərbaycan Respublikasında özəl sektorla əməkdaşlıq ilə AI data mərkəzlərinin inkişafı da daxil olmaqla, rəqəmsal infrastruktura sərmayə qoyuluşunu təşviq etmək niyyətindədirlər;

3. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları uğurlu beynəlxalq təcrübələrə əsaslanaraq, özəl müəssisə kapitalını təşviq etməyə, texnoloji inkişafı erkən mərhələdə riskdən azad etməyə və kommersiyalaşmanı sürətləndirməyə yönəlmiş birgə Tədqiqat və İnkişaf (R&D) dəstək alətləri, innovasiya körpü platformaları, eləcə də kibertəhlükəsizlik və süni intellekt sahəsində sektor-əsaslı təşəbbüslər kimi məxsusi mexanizmlərin yaradılmasını araşdırmaq niyyətindədirlər;

4. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları inkişafda olan texnologiyaların, platformaların və biznes təcrübələrinin tətbiqində uğurlu təcrübələri bölüşmək və texniki yardım göstərmək, dəstəkləyici tənzimləyici mühitə əsaslanaraq Azərbaycan Respublikasında istedadların inkişafı və bacarıqlı texnoloji işçi qüvvəsinin artımı üçün tərəfdaşlığı gücləndirmək və transsərhəd və Transxəzər rəqəmsal bağlantılar üçün sərmayələri təşviq etmək niyyətindədirlər;

5. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları, Azərbaycan Respublikasında rəqəmsal infrastrukturun inkişafı və AI tətbiqi üçün birgə tədqiqatı, inkişafı, kommersiyalaşmanı, texnologiyanın mühafizəsini və qarşılıqlı müəyyən edilmiş şərtlər əsasında, hüquqi və tənzimləyici çərçivələrə uyğun olaraq texnologiyaların könüllü ötürülməsini dəstəkləmək məqsədilə hökumətlərarası səviyyədə və dövlət-özəl tərəfdaşlıqları vasitəsilə əməkdaşlıq etmək niyyətindədirlər.

Bölmə III: Təhlükəsizlik Əməkdaşlığı

Cənubi Qafqazda sülh Azərbaycan Respublikasının və Amerika Birləşmiş Ştatlarının ortaq marağındadır və Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında təhlükəsizlik əməkdaşlığı hər iki dövlətə, eləcə də beynəlxalq və regional sülh və təhlükəsizliyə fayda verir. Birləşmiş Ştatlar, Azərbaycan qüvvələrinin beynəlxalq və regional təhlükəsizliyi irəlilətmək üçün Birləşmiş Ştatlar və koalisiya tərəfdaşları ilə birlikdə xidmət etdiyini nəzərə almaqla, Azərbaycanın beynəlxalq sülhməramlı səylərə verdiyi töhfələri yüksək dəyərləndirir.

Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları müdafiə sənayesi məhsullarının satışı da daxil olmaqla, müdafiə və təhlükəsizlik əməkdaşlığının əhatə dairəsini genişləndirmək niyyətindədirlər;

Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları terrorizm təhdidinə qarşı birgə mübarizə aparmaq öhdəliklərini nəzərə alaraq, mövcud antiterror əməkdaşlığını genişləndirmək niyyətindədirlər;

Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları kibertəhlükəsizlik və mühüm infrastrukturun mühafizəsi sahəsində bacarıqları artırmaq məqsədilə əməkdaşlıq etmək niyyətindədirlər;

Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları Azərbaycan Respublikasının mina və digər partlayıcı maddələrlə çirklənmə səbəbindən üzləşdiyi ciddi çətinlikləri nəzərə alaraq, maliyyə dəstəyi və texnologiya ötürülməsi vasitəsilə humanitar minatəmizlənmə sahəsində potensialın artırılmasında əməkdaşlıq etmək niyyətindədirlər.

Bölmə IV: İnstitusional Çərçivə və tətbiq

Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları bu Xartiyadan irəli gələn öhdəliklərini yerinə yetirməklə bağlı ortaq niyyəti qəbul edərək, mövcud Strateji Tərəfdaşlıq çərçivəsinin bir hissəsi kimi, iqtisadiyyat və ticarət; enerji; bağlantılar, AI və rəqəmsal inkişaf; təhlükəsizlik və müdafiə daxil olmaqla, əməkdaşlıq sahələri üzrə işçi qrupları yarada bilərlər.

Müvafiq İşçi Qrupları hazırkı Xartiyanın imzalanmasından sonrakı üç ay ərzində layihələrin siyahısını və onların həyata keçirilməsi üçün yol xəritələrini razılaşdırmaq niyyətindədirlər.

Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları hazırkı Xartiya çərçivəsində ildə ən azı bir dəfə müntəzəm olaraq görüşmək niyyətindədirlər və tərəfdaşlıqlarının həyata keçirilməsi üçün zəruri olan və qarşılıqlı olaraq müəyyən edilmiş digər dialoq platformaları yarada bilərlər.

Azərbaycan Respublikası Amerika Birləşmiş Ştatları

Hökuməti adından Hökuməti adından

APA.az

2026-02-10 20:32:00
2030 baxış

Digər xəbərlər

Prezident: “Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət nümunəvi sayıla bilər”

“Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət doğrudan da nümunəvi sayıla bilər. Çünki elə təşəbbüslər irəli sürülür ki, başqa ölkələrdə biz buna rast gəlmirik. Misal üçün, şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən mənzillərin verilməsi. Bu, bizim təşəbbüsümüz idi”.   Azərtac xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində deyib.   “Dövlətimizin başçısı qeyd edib ki, bu günə qədər bu kateqoriyadan olan 10 minə yaxın insan mənzillərlə təmin edilib. Minik avtomobilləri verilir, 7400 avtomobil verilib. Növbədə duranlar, yəni Birinci Qarabağ müharibəsinin iştirakçıları və qaziləri artıq yaxın gələcəkdə tam təmin ediləcəklər. Təkcə keçən il Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və qaziləri evlərlə təmin edilib. Onlardan 850 nəfəri mənzillərlə təmin edilib, İkinci Qarabağ müharibəsinin iştirakçıları, yəni qaziləri və şəhid ailələri, onlara da 750 mənzil verilib, bu proses davam etdirilir. Hesab edirəm ki, Birinci Qarabağ müharibəsində iştirak etmiş bu kateqoriyadan olan insanlara bəlkə də iki il ərzində, tam, yəni növbədə duranlara mənzillər veriləcək. İkinci Qarabağ müharibəsində, həmçinin yaxın bir neçə il ərzində bu şərait yaradılacaq”.    

Hamısını oxu
Bələdiyyə sədri və keçmiş icra nümayəndəsi həbs edildi

Ölkəmizdə həyata keçirilən davamlı iqtisadi inkişafın mühüm şərtlərindən biri kimi şəffaflığın və maliyyə intizamının təmin edilməsi, aparılan iqtisadi islahatların korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsi prokurorluq orqanları tərəfindən daim diqqət mərkəzində saxlanılmaqla korrupsiya hüquqpozmalarına qarşı kəsərli və ardıcıl mübarizə tədbirləri davam etdirilir. Bu barədə Publika.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, həyata keçirilməkdə olan belə tədbirlərin davamı kimi, Zərdab rayonu, Yarməmmədbağı bələdiyyəsinin sədri vəzifəsində işləyən Xəlilov Sahib Osman oğlu və Zərdab rayon İcra Hakimiyyəti başçısının Yarməmmədbağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş Xəlilov Rahib Yediyar oğlunun bələdiyyəyə məxsus 74 hektar torpaq sahəsini tərtib etdikləri 2007-ci il tarixli saxta icarə müqaviləsi əsasında 25 il müddətinə (2007-ci il tarixdən 2032-ci il tarixədək) icarəyə verilməsi müqabilində vətəndaşdan 10 min manat pul vəsaitini rüşvət qismində istəmələri barədə müraciət əsasında Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparlıb. Daxil olan məlumat əsasında Baş İdarənin əməliyyat qurumları tərəfindən həyata keçirilən operativ əməliyyat-axtarış tədbirləri ilə Sahib Xəlilov və Rahib Xəlilovun qeyd edilən 10 min manat məbləğinin 500 manatını 18.07.2020-ci il tarixdə tanışlarının adına olan “Kapital bank” ASC-yə məxsus plastik karta yüklənməsinə nail olmaqla, habelə, qalan məbləğin 1.500 manatını isə 22.07.2020-ci il tarixdə Zərdab rayonu, Aşağı Seyidlər kəndində almaları təsbit edilmiş, həmin şəxslər 28 iyul 2020-ci il tarixdə vətəndaşdan tələb etdikləri məbləğin 5 min manatını Zərdab rayonu ərazisində yerləşən kafelərdən birində alarkən cinayət başında yaxalanıblar. Göstərilən faktlar əsasında 28 iyul 2020-ci il tarixdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə külli miqdarda maddi neməti rüşvət qismində istəməklə alma) və 313-cü (vəzifəli şəxs tərəfindən tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmə) maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə Xəlilov Sahib Osman oğlu və Xəlilov Rahib Yediyar oğlunun Cinayət Məcəlləsinin həmin maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən sonuncular 28 iyul 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulub. Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hamısını oxu
AZCON Holdinqin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib

Veteran.gov.az xəbər verir ki, 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar AZCON Holdinqin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib.  Ölkəmizin azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzülüb, onların xatirəsi ehtiramla yad olunub.  

Hamısını oxu
Qusar rayonunda “İlham Əliyev – qələbəmizin memarı, sülhün müəllifi” mövzusunda konfrans keçirilib

3 sentyabr 2025-ci il tarixində Qusar rayonunda “Zəfərimizin sülhə aparan yolu” silsiləsindən “İlham Əliyev – qələbəmizin memarı, sülhün müəllifi” mövzusunda konfrans keçirilib. Qusar Rayon İcra Hakimiyyəti və Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən konfransda ilk öncə Ümummilli Lider Heydər Əliyev və respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Konfransı giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Prezident İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimizin Vətən müharibəsində əldə etdiyi şanlı zəfərə diqqət çəkib, habelə, post-müharibə dönəmində sülhün əldə edilməsi üçün atılan addımların önəmini vurğulayıb: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın erməni faşizminə qarşı mübarizədə əldə etdiyi tarixi zəfər bütün regionda sülh və sabitlik üçün ciddi zəmin formalaşdırdı. Azərbaycan bu tarixi zəfərlə işğal faktorunu aradan qaldırdı, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdi. Bununla da Azərbaycan dövləti öz ərazi bütövlüyünü və suverenliyini faktiki olaraq təmin etdi. Bu gün Azərbaycan Respublikasının Prezidenti regional sülh üçün ciddi addımlar atmaqdadır. Cari ilin 8 avqust tarixində Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh mətninin paraflanması Prezidentimizin tarixi uğuru, tarixi nailiyyətidir. Bu uğur bütün regiona imkan verir ki, gələcək rifahını sülh və təhlükəsizlik şəraitində təmin etsin. Mən bütün veteranları, bütün gəncləri bundan sonra da dövlətimizin, onun Prezidentinin ətrafında sıx birləşməyə səsləyirəm. Böyük sevinc və məmnunluq hissi ilə qeyd edirəm ki, Qusar Rayon İcra Hakimiyyəti gənclərimiz arasında dövlətçilik təfəkkürünün güclənməsi, veteranların, ağsaqqalların, ziyalıların ictimai-siyasi proseslərdə, mənəvi-ideoloji işlərdə daha yaxından iştirakını dəstəkləyir, onlara böyük diqqət və qayğı ilə yanaşır. Bütün bu faktlar bizə imkan verir ki, dövlətimizin, xalqımızın gələcəyi üçün daha böyük səylə çalışaq, dövlətimizin siyasətinə töhfə verək”. Konfransda çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov da Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinə diqqət çəkib: “Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın 44 günlük Vətən müharibəsində əldə etdiyi zəfər təkcə dövlətimizin deyil, bütün regionun həyatında yeni bir dönəmin başlanğıcını qoydu. Azərbaycan xalqı bu tarixi qələbə ilə özünü  tarix və dünya qarşısında bir daha təsdiq etdi. Bu gün bizim qarşımızda bir sıra məsələlər durur ki, bunlardan  da biri dövlət başçımızın qeyd etdiyi kimi, mənəvi dəyərləri qoruyub saxlamaq, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirmək, onların tariximizə, soykökümüzə bağlılığını gücləndirməkdir. Bu işdə hər birimizin üzərinə böyük məsuliyyət düşür. Gənclərimizin dövlətimizin, Prezidentimiz ətrafında sıx birləşməsi, mənəvi dəyərlərimizin qorunması, bu dəyərlərin təbliği və inkişafı üçün veteranlarımız, ağsaqqallarımız cəmiyyətimizdə daha aktiv rol oynamalı, ictimai proseslərdə daha yaxındna iştirak etməlidirlər. Ulu Öndər Heydər Əliyev veteranları xalqımızın qızıl fondu adlandırmışdı. Onun veteranlarla bağlı işlətdiyi bu ifadə veteranlarımıza verilən ən yüksək qiymətdir və bu qiymət bu gün də öz aktullığını, önəmini qoruyub saxlayır”. İcra başçısı son bir ildə rayonda görülən mühüm quruculuq, təmir-bərpa işləri ilə bağlı da konfrans iştirakçılarına ətraflı məlumat verib, habelə, həyata keçiriləcək layihələrdən danışıb. Konfransın sonunda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Qusar Rayon Təşkilatının sədri Cavanşir Nurməmmədov Təşkilat və eləcə də Qusar Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif edilib və öz istəyi ilə sədr vəzifəsindən azad edilib. Qusar Rayon Ləzgi Dram teatrının direktoru Faiq Qardaşov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Qusar Rayon Təşkilatına sədr seçilib. Polkovnik Cəlil Xəlilov və Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov yeni sədrə fəaliyyətində uğurlar arzulayıb, müvəffəqiyyətlər diləyiblər.  

Hamısını oxu