Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Bayrağa Sarılan Qəhrəman” – Şəhid Əli Məmmədzadənin əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, 12 fevral 2026-cı il tarixində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Bayrağa Sarılan Qəhrəman” adlı anım tədbiri keçirilib. Tədbir şəhid Əli Məmmədzadənin ömür yoluna və şərəfli döyüş fəaliyyətinə həsr olunub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan danışıb, şəhid və veteranlarımızın rəşadəti sayəsində 8 Noyabr zəfərinin təmn edildiyini bildirib.

Tədbirin moderatoru Gülnarə Hüseynova çıxış edərək 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Qələbədən, xalq–ordu birliyinin əhəmiyyətindən bəhs edib, şəhid Əli Məmmədzadənin həyat və şərəfli döyüş yolu haqqında geniş məlumat verib. O, qəhrəman şəhidimizin Vətənə sədaqətini, göstərdiyi igidliyi və gənc nəsil üçün örnək olan vətənpərvərlik ruhunu xüsusi vurğulayıb. Daha sonra tədbir iştirakçıları və fəxri qonaqlar təqdim edilib.

Tədbirdə çıxış edənlər arasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov və millət vəkili, ictimai-siyasi xadim Vüqar İskəndərov yer alıblar. Çıxışlarda şəhidlərin əziz xatirəsinin daim uca tutulmasının vacibliyi, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin önəmi xüsusi qeyd olunub.

Tədbirin bədii hissəsində məktəblilərin hazırladığı kompozisiya təqdim olunub.

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin Şəhid ailələri ilə işin təşkili şöbəsinin rəhbəri Elmar Hüseyn, YAP Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev və 65 nömrəli tam orta məktəbin direktoru Qamət Tağıyev də iştirak ediblər.

Tədbir çərçivəsində şəhid Əli Məmmədzadəyə həsr olunmuş videoçarx nümayiş etdirilib, onun həyat yolu, döyüş xatirələri və ailəsinin fikirləri tədbir iştirakçılarına təqdim olunub.

Sinif rəhbəri Günay Xasayeva, Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları Təşkilatının Zəngilan rayon Təşkilatının rəhbəri Ənvər Qarayev və Şəhid Ailələrinin Hüquq Müdafiəsi İB-nin üzvü, qazi Ramin Şirinov çıxış edərək şəhidlərimizin əziz xatirəsinin yaşadılmasının hər bir vətəndaşın borcu olduğunu vurğulayıb.

Tədbir yüksək təşkilatçılıq şəraitində, böyük ehtiram və vətənpərvərlik ruhunda baş tutub. Tədbirin sonunda vətənpərvərlik mahnıları ifa olunub, xatirə şəkli çəkilib.

2026-02-12 16:53:00
2353 baxış

Digər xəbərlər

“Beynəlxalq təşkilatlar Qarabağdakı qondarma

Xəbər verdiyimiz kimi, erməni separatçıları işğal edilmiş Azərbaycan torpaqlarında qondarma “seçki” keçirib.   Moderator.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov beynəlxalq təşkilatların baş verənlərə münasibət bildirməsinin vacib olduğunu vurğulayıb:   “Aydındır ki, Azərbaycanın işğal edilmiş torpaqlarında keçirilən bu “seçkilərin” heç bir hüquqi əsası yoxdur və bu “seçkilər” erməni separatizminin əsl mahiyyətini, onun beynəlxalq hüquqa olan münasibətini bir kəs daha ortaya qoyur. Artıq Azərbaycan tərəfi baş verənlərlə bağlı öz mövqeyini ortaya qoyub, bu “seçkilərin” etibarsız olduğunu, heç bir hüquqi əsasa malik olmadığını vurğulayıb. Azərbaycan XİN-nin məlum bəyantında da qeyd olundu ki, bu “seçki” həm Azərbaycan konstitusiyasına, həm də BMT Nizamnaməsinə, ATƏM-in Helsinki aktına ziddir və hüquqi əhəmiyyət kəsb etmir. Ancaq təəssüflər olsun ki, hələ də Qarabağdakı bu “seçkilərlə” bağlı beynəlxalq təşkilatlar hər hansı mövqe sərgiləməyib. Azərbaycanda keçirilən seçkilərlə bağlı ard-arda bəyanatlar verən, açıqlamalar yayan beynəlxalq təşkilatların Qarabağdakı “seçkilərlə” bağlı indiki susqunluğu anlaşılan deyil.   Hesab edirəm ki, həm beynəlxalq təşkilatlar, həm də dünyanın aparıcı ölkələri Qarabağdakı qondarma “seçkilərlə” bağlı mövqe ortaya qoymalı, işğalçının bu addımını qınamalıdır. Çünki bu “seçkilər” yalnız Azərbaycan konstitusiyasına qarşı deyil, həm də ümumilikdə beynəlxalq hüquqa, BMT nizamnaməsinə ziddir. Baş verənlər beynəlxalq hüququn kobud şəkildə pozulması və təhqiri deməkdir. ”   Düşmən isə anlamalıdır ki, bu kimi addımlarla nəyəsə nail ola, Qarabağdakı mövcudluğuna hüquqi don geyindirə bilməyəcək”.   Seymur ƏLİYEV

Hamısını oxu
Qəhrəmanlar unudulmur! Cəsur döyüşçünün xatirəsi Naxçıvanda əbədiləşdirilib

İkinci Dünya müharibəsində böyük rəşadət göstərərək Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən Vətən oğullarının qəhrəmanlıq dolu həyatı və şərəfli döyüş yoluna , qəhrəmanlıq salnaməsinə fəxrlə bir daha nəzər salsaq görərik ki. 1941-1945-ci illər ərzində bu müharibəyə Naxçıvan Muxtar Respublikasından 30 mindən artıq oğlan və qız yola düşüb. Onların 15 min 500-ü müharibənin getdiyi bütün ərazilərdəki döyüşlərdə qəhrəmanlıqla həlak olub. Naxçıvanlı döyüşçülərdən 600 nəfəri müxtəlif orden və medallarla,  bir nəfəri Şöhrət ordeninin hər üç dərəcəsi ilə, 3 nəfər isə keçmiş SSRİ-nin ən yüksək fəxri tituluna - Sovet İttifaqı Qəhrəmanı adına layıq görülüb. Ümummilli lider Heydər Əliyev 1995-ci ildə Qələbənin 50 illiyi ilə bağlı keçirilən təntənəli tədbirdə  qeyd etmişdir ki, bu qələbə heç də asan başa gəlməyib. “Bu qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi. O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq, respublikamızda istehsal edilirdi…”. Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıqların araşdırılması və təbliği  bu gün də ciddi əhəmiyyətə malikdir. Həmçinin 1941-45-ci illərdə böyük şücaət, qəhrəmanlıq göstərmiş insanların keçdiyi şərəfli döyüş yolu gənc nəslin ideoloji-mənəvi, hərbi vətənpərvərlik tərbiyəsində mühüm amilə çevrilib. "Qəhrəmanlar unudulmur" ifadəsi, cəmiyyətin tarixi irsini, mədəniyyətini və dəyərlərini qorumaq üçün vacibdir. Qəhrəmanların hekayələri, gələcək nəsillərə ilham verərək, cəsarət, fədakarlıq və insanlıq dəyərlərini aşılayır. Heç kəs, öz qəhrəmanlarını unutmamalı və onların xatirəsini yaşatmalıdır. Ona görə də bütün Azərbaycan xalqı Vətənin xilaskarı olan bu insanları və Vətən uğrunda həlak olmuş bütün qəhtəmanları həmişə minnətdarlıq hissi ilə xatırlayır və xatırlayacaq. Bunlardan biri də Sovet İttifaqı qəhrəmanı Qəzənfər Qulam oğlu Əkbərovdur. Cəhri kəndinin yetirməsi olan Qəzənfər Əkbərov 1917-ci ildə dünyaya göz açıb. Onun taleyi sonralar hərb tariximizlə bağlı olsa da, gənclik illərində yaxşı təhsil alaraq pedaqoq kimi fəaliyyət göstərmək arzusunda olub. 1940-cı ildə Naxçıvan Müəllimlər İnstitutunu bitirərək müəllimlik fəaliyyətinə başlayıb. Faşist Almaniyası SSRİ-yə hücum etdikdən sonra müharibəyə könüllü gedənlərdən biri də Qəzənfər Əkbərov olub. Cəsur döyüşçü Tbilisi topçuluq məktəbində təhsil alıb və onun qəhrəmanlıqlarla dolu döyüş yolu 1942-ci ildən Qafqaz dağlarının ətəklərindən başlayıb. Qəzənfər Əkbərov topçu komandir kimi Ukraynanın,Belarusun alman faşistlərindən təmizlənməsində fəal iştirak edib.Onun qəhrəmanlıq salnaməsində Belarusun Volojin şəhəri xüsusi mərhələ təşkil edir. 1944-cü il avqustun 3-də şəhər ətrafında gedən döyüşlərdə Qəzənfər Əkbərov misilsiz rəşadət göstərib. Bu ağır döyüş bir neçə saat davam edib. Onun başçılığı ilə üç nəfər topçu almanların beş ağır tankına qarşı döyüşə atılıb. Qeyri-bərabər döyüşdə düşmənin 4 tankı, 60-dan çox əsgər və zabiti məhv edilib. Bu döyüşdə Qəzənfər Əkbərov qəhrəmancasına həlak olsa da, canı bahasına düşmənin hücumunu dayandırıb və bununla da öz döyüş yoldaşlarının mühasirəyə düşməsinin qarşısını alıb. Bu qəhrəmanlığına görə Qəzənfər Əkbərov ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.Cəsur döyüşçünün xatirəsi Naxçıvanda əbədiləşdirilib. Doğma kəndi Cəhridə Qəzənfər Əkbərovun abidəsi ucaldılıb. Adına küçə və məktəb vardır. Qəzənfər Əkbərovun adı, xüsusilə Azərbaycanın müharibə tarixində əvəzsiz yer tutur və müasir dövrdə də igidlik, vətənpərvərlik və cəsarət simvolu olaraq yaddaşlarda qalır.Qəzənfər Əkbərovun ömür yolu  və döyüşlərdəki fədakarlığı, gənclərə vətənə sevgi və vətəndaşlıq borcu öyrətmək baxımından mühüm əhəmiyyət kəsb edir.Qəzənfər Əkbərovun həyatı və müharibə dövründəki qəhrəmanlığı, müasir dövrdə də hər bir vətəndaş üçün böyük bir ilham mənbəyidir. Onun döyüşlərdəki şücaəti, cəsarəti və hərbçi olaraq sərgilədiyi igidlik yalnız Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsinə deyil, həm də Azərbaycan xalqı tərəfindən uzun illər boyu böyük ehtiramla anılmasına səbəb olmuşdur. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri   polkovnik  Cəlil Xəlilov    

Hamısını oxu
“Novxanı və Binəqədidə Ulu Öndərlə bağlı ehsan süfrələrinin təşkili nəcib niyyət, faydalı təşəbbüsdür”

12 dekabr 2025-ci il tarixində respublikamızın bütün bölgələrində Ulu Öndər Heydər Əliyevin anım günü qeyd olunub, çoxsaylı tədbirlər keçirilib, ehsan süfrələri açılıb. Bu cür ehsan süfrələrindən biri də tanınmış iş adamı Cəlil Nağıyevin təşkilatçılığı ilə Novxanı və Binəqədidə təşkil olunub. Yüzlərlə vətəndaşın iştirak etdiyi ehsan süfrələrində Ümummilli Lider Heydər Əliyevin tarixi xidməltərindən bəhs ounub, Ulu Öndərin ruhuna dualar oxunub, onun parlaq ideyalarından danışılıb. (https://veteran.gov.az/az/news/3096-novxanida-ulu-onder-heyder-eliyevin-anim-gunu-ile-bagli-ehsan-sufresi-teskil-edilib ). Mövzu ilə bağlı Veteran.gov.az-a açıqlama verən millət vəkili Eıman Məmmədov dövlət qurumları ilə yanaşı, iş adamlarının da bu kimi tədbirlərdə aktiv iştirakını təqdir edib, bunun Ulu Öndərə olan sonsuz sevgi ilə əlaqələndirib: “Şübhəsiz ki, iş adamlarımız tərəfindən Ulu Öndərin anım günü ilə bağlı ehsan süfrələrinin təşkili, onun xatirəsinin şəhid ailələrinin, qazilərin, həssas kateqoriyadan olan digər şəxslərin də iştirakı ilə yad edilməsi olduqca mühüm bir addım, nəcib bir təşəbbüsdür. Mən buna görə iş adamlarımıza təşəkkür edir, minnətdarlığımı bildirirəm. Respublikamızın bir çox bölgələrində, eləcə də Novxanı və Binəqədidə bu cür tədbirlərin təşkili xalqımızın Ulu Öndərə olan sonsuz sevgi və ehtiramının təzahrdür. Bu fakt bir daha sübut edir ki, Heydər Əliyevin işıqlı xatirəsi xalqımızın qəlbində yaşamaqda, onun böyük ideyaları bu gün də təbliğ edilməkdə, nəsildən-nəsilə ötürülməkdədir. Əminəm ki, illər, əsrlər sonra da Heydər Əliyevin xatirəsi, onun xalqımızın, dövlətimizin xilası və gələcəyi üçün gördüyü işlər insanlarımız tərəfindən dərin hörmət və minnətdarlıq hissi ilə yad ediləcək, hər zaman hörmətlə anılacaq”. Seymur ƏLİYEV  

Hamısını oxu
Azərbaycan Prezidenti və ABŞ-ın Vitse-prezidenti mətbuata bəyanatlarla çıxış ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vens mətbuata bəyanatlarla çıxış ediblər.  

Hamısını oxu