Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Martın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

Dövlətimizin başçısı tədbirdə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

-Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır. Atəşin hədəfləri mülki obyektlər idi. Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər İran tərəfindən namərd atəşə məruz qalmışdır. Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir.

Birinci dəfə deyil ki, İran dövləti Azərbaycana və azərbaycanlılara qarşı terror aktları həyata keçirir. Hamımız yaxşı xatırlayırıq ki, bir müddət bundan əvvəl Azərbaycanın Tehrandakı səfirliyi terror aktına məruz qalmışdır. Səfirliyə hücum çəkmiş İran xüsusi xidmət orqanları tərəfindən təlimatlandırılmış şəxs Azərbaycan vətəndaşlarına qarşı qanlı terror aktı törədib. Bunun nəticəsində bir vətəndaş həlak olub, bir vətəndaş isə ağır yaralanıb. Onu da bildirməliyəm ki, Azərbaycanın xüsusi xidmət orqanlarının əliyalın nümayəndəsi avtomat “Kalaşnikov”la, “Molotov” kokteyli və balta ilə silahlanmış terrorçunu zərərsizləşdirib. O vaxt da bizdə şübhə yox idi ki, bunu törədən İran dövlətidir. Çünki bu terror aktı həm səfirliyin içində, həm səfirliyin ətrafında, təqribən 40 dəqiqəyə qədər davam edirdi. Bu 40 dəqiqə ərzində bir dənə də olsun nə təhlükəsizlik, nə polis nümayəndəsi səfirliyə yaxınlaşmayıb. Aydın məsələ idi ki, Azərbaycanı qorxutmaq, Azərbaycana qarşı çirkin əməllərini həyata keçirmək üçün bu terror aktı İranın dövlət qurumlarının ən rəhbər mərtəbələrindən sifariş edilmişdir. Bildiyiniz kimi, o vaxt Azərbaycan bu hadisəyə çox sərt reaksiya vermişdi, Azərbaycan səfirliyi İrandan təxliyə edilmişdi, bütün diplomatik əlaqələr dayandırılmışdı. İran tərəfi bizdən üzr istəməyə, öz günahını etiraf etməyə məcbur olmuşdu. O terror aktını törədənə bizim təkidimizlə ən ağır cəza da verilmişdi. Hətta uzun müddət bu cəzanı həyata keçirməyə maraq göstərməyən, hətta cinayətkarı xilas etməyə çalışan İran dövləti məcbur olub terrorçunu Azərbaycan nümayəndələrinin gözü qarşısında edam etmişdi. Bu dəfə də cavab eyni olacaq. Biz Azərbaycana qarşı törədilmiş bu əsassız terror aktı ilə, təcavüzlə barışmayacağıq. Silahlı Qüvvələrimizə təlimat verildi ki, cavab tədbirləri hazırlansın və həyata keçirilsin.

Dəfələrlə İran tərəfinə, xüsusilə keçən il baş vermiş toqquşmalardan sonra bildirilmişdir ki, Azərbaycan ərazisindən heç bir qonşu dövlətə qarşı istifadə olunmayacaq. Biz buna imkan verməyəcəyik, necə ki, heç vaxt bu günə qədər imkan verməmişik. Düzdür, keçən ilin yay aylarında və ondan sonrakı dövrdə İrandan bizə əsassız ittihamlar irəli sürülürdü. İranın dövlət qurumlarının nəzarətində olan media resursları Azərbaycanı ləkələmək, İranda yaşayan soydaşlarımızın fikrini dəyişdirmək üçün Azərbaycana qarşı çirkin, şər-böhtan kampaniyası aparırdı. Çünki yaxşı bilirlər ki, bu gün müstəqil Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün də ümid yeridir. Yəni bizi ləkələmək, bizi şərləmək, gözdən salmaq İran ictimaiyyəti qarşısında bu məqsədi güdürdü. Çünki bunun heç bir əsası yox idi. Azərbaycan nə o vaxt, nə də bu dəfə İrana qarşı olan əməliyyatlarda iştirak etmir və etməyəcək. Çünki bizim mövqeyimiz bundan ibarətdir. Bizim qonşu ölkələrə qarşı hər hansı bir əməliyyat keçirməyə nə marağımız var, nə də siyasətimiz buna imkan verir. Biz öz ərazi bütövlüyümüzü qoruyuruq və qorumuşuq. Necə ki, Ermənistan işğalına son qoymuşuq, istənilən şər qüvvəyə qarşı öz gücümüzü göstərməyə hazırıq və İranda bunu unutmasınlar. Onların törətdiyi bu terror aktı bütün başqa çirkin amillərlə yanaşı, böyük nankorluq nümunəsidir. Son hadisələr baş verən kimi biz onlara xəbər göndərdik, başsağlığı verdik. Xarici işlər naziri mənim göstərişimlə həmkarı ilə danışdı. Mən onların səfirliyinə gedib başsağlığı vermək üçün öz mövqeyimi bildirdim. Halbuki məndən başqa heç bir dövlət başçısı İranın heç bir səfirliyinə getməyib. Yəni bunu qiymətləndirməmək, bunu yerə vurmaq, özlərini alçaq, nankorlar kimi aparmaq heç kimə şərəf gətirmir. Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Bizim gücümüzü sınamasınlar. Bizim gücümüzü sınamaq istəyənlərin başı “Dəmir yumruq” vasitəsilə yarıldı. Bugünkü hadisə də eyni nəticəni hasil edəcək. Ona görə bu məsələ ilə bağlı tədbirlər planı hazırlanmalıdır. Bütün göstərişlər verilmişdir. İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı, etiraz notası veriləcək, digər diplomatik addımlar atılacaq. Sərhədlə bağlı müvafiq göstərişlər verildi.

Onu da bildirməliyəm, bu gün səhər mənə məlumat verildi ki, İranın xarici işlər nazirinin müavini Bakıya zəng edir, xahiş edir ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycan kömək etsin. Çünki onların imkanı yoxdur. Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik? Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək. Ona görə diplomatik yollarla bütün lazımi tədbirlər görüləcək. Bizim Silahlı Qüvvələrimiz - Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar. Hələlik bu qədər.

Biz Azərbaycan xalqını proseslərin gedişatı ilə əlaqədar məlumatlandıracağıq. Müdafiə Nazirliyinin açıqlaması artıq mətbuatda dərc edilib. Azərbaycan xalqı əmin olmalıdır ki, istənilən bəd qüvvə onlara qarşı bizim “Dəmir yumruğ”umuzu görəcək.

2026-03-05 18:03:00
3608 baxış

Digər xəbərlər

Xəzər rayonunda 28 may Müstəqillik Günü qeyd edilib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin iş planına uyğun olaraq şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 20 may 2022-ci il tarixində  Xəzər rayonunda   tədbirdə iştirak ediblər. 28 may Müstəqillik Gününün qeyd edilməsi ilə əlaqədar təşkil olunan tədbirdə Xəzər   rayon  VT-nın sədri Səxavət Məcnunov, müavini Samir Məmmədov , birinci və ikinci Qarabağ müharibəsinin qaziləri və veteranları iştirak edib. Tədbiri Səxavət Məcnunov açıb. O, qonaqları tədbir iştirakçılarına təqdim edib. Sonra  torpaqlarımızın toxunulmazlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib. İlk öncə söz ehtiyatda olan polkovnik Adil Haqverdiyevə verilib. O, RVT-nın sədri Fatma xanım Səttarovanın və müavini, polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Adil Haqverdiyev çıxış edərək bildirib ki, 1918-ci il mayın 28 –də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük  tarixi hadisə kimi daxil oub: “Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirib. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edilib, ölkənin sərhədləri müəyyənləşdirilib, bayrağı, himni və gerbi yaradılıb, ana dili dövlət dili elan edilib, ordu quruculuğuna, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilib. Azərbaycanın ilk universiteti təsis edilib. Təəssüflər olsun ki, 1920-ci ilin aprel ayında bolşeviklər tərəfindən Azərbaycan Xalq Cumhuriyyəti devrilib. XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan  Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı.Yenidən hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Ümummilli liderin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının sərəncamları ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub və 100 illik yubileyi təntənəli şəkildə qeyd edilib”. Tədbirin sonunda Adil Haqverdiyev verilən sualları cavablandırıb, tədbir iştirakçıları ilə xatirə şəkli çəkilib.      

Hamısını oxu
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəhbərliyi Gəncə SOS Uşaq kəndini ziyarət edib

Veteran.gov.az xəbər verir ki, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və bir sıra əməkdaşlar Gəncə SOS Uşaq kəndini ziyarət ediblər Ziyarət zamanı Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov Gəncə SOS Uşaq kəndininin direktoru Nəsimi Ələkbərli ilə birgə gəzinti zamanı burada yaradılmış şəraitlə yaxından tanış oldu və uşaqların qayğıları ilə maraqlandı. Bildirildi ki, uşaq kəndinin sakinləri üçün bütün təminatlar və hüquqlar ən yüksək səviyyədə qurulmuş və onların gələcək həyata hazırlıqları məqsədilə təhsil sahəsinə xüsusi diqqət yetirilir. Ziyarət zamanı uşaqların idmana böyük marağının olduğunu nəzərə alaraq, uşaqların fiziki sağlamlığının möhkəmləndirilməsi üçün Baş İdarə tərəfindən bir sıra idman tədbirlərinin burada keçirilməsi istiqamətində işlərin görüləcəyi qeyd edildi. Sonda uşaqlarla birgə kollektiv xatirə şəkli çəkdirildi.

Hamısını oxu
Veteranlar 8 Noyabr zəfərinin 4-cü ildönümü münasibətilə Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər

Tədbir daha sonra Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında davam edib Veteran.gov.az xəbər verir ki, bu gün 8 Noyabr zəfərinin 4-cü ildönümü münasibətilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri Təşkilatın sədri polkovnik Cəlil Xəlilovun rəhbərliyi altında Fəxri Xiyabanı ziyarət edib, Ulu öndər Heydər Əliyevin məzarı önünə əkil qoyublar. Daha sonra akademik Zərifə Əliyevanın  məzarını və Şəhidlər Xiyabanını ziyarət edən veteranlar vətən yolunda həlak olanlara sevgi və ehtiramlarını bildirib, onların məzarı üstünə gül dəstələri qoyublar. Daha sonra tədbir Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında davam edib. Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Ümummilli lider Heydər Əliyevin, eləcə də dövlətimizin ərazi bütövlüyü uğrunda həlak olan şəhdilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 8 Noyabr zəfərinin tarixi əhəmiyyətindən, Silahlı Qüvvələrimizin bu müharibədə göstərdiyi qəhrəmanlıqlardan danışıb: “8 Noyabr zəfəri Azərbaycanın dövlətçilik tarixində müstəsna əhəmiyyət kəsb edən bir zəfərdir. Bu, o qədər böyük qələbədir ki, bunun nəticəsi sadəcə Azərbaycanla məhdudlaşmadı. Bu, regionda və dünyada baş verən hadisələrə ciddi təsir göstərdi, qlobal aləmdə yeni status-kvo formalaşdırdı. Bu zəfər bütün anti-Azərbaycan qüvvələrinə göstərdi ki, xalqımız hər cür təhdid və təhlükəni dəf etməyə qadirdir və o, heç vaxt öz azadlığının bir zərrəsindən, öz torpağının bir qarışından belə imtina etməyəcək. 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında çox böyük qəhrəmanlıqlara imza atdı, sözün həqiqi mənasında XXI əsrin müharibəsini reallaşdırdı. Təsadüfi deyil ki, bu gün də Rusiya, ABŞ, Çin kimi nəhəng dövlətlər Vətən müharibəsini, ordumuzun bu müharibədə tətbiq etdiyi yenilikləri diqqətlə öyrənməkdədir. Biz əldə etdiyimiz bu böyük, şanlı zəfərə görə şəhdilərimizə, veteranlarımıza, xalqımıza, Prezidentimizə, vətəndaşlarımızın göstərdiyi yüksək həmrəyliyə borcluyuq və bu həmrəyliyi bundan sonra da qoruyub saxlamalı, inkişaf etdirməliyik”. Tədbirdə çıxış edən millət vəkili Mehriban Vəliyeva ölkəmizin inkişafında, gülü ordunun formalaşmasında Ulu öndər Heydər Əliyev amilinə diqqət çəkib. Millət vəkili qeyd edib ki, məhz Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan milli inkişaf siyasəti, nizami ordunun formalaşdırılması sonrakı dönəmdə Prezidnt İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilmiş, nəticə etibarı ilə 8 Noyabr zəfərinin ortaya çıxmasını şərtləndirmişdir. Tədbirdə çıxış edən QHT nmayəndələri, veteranlar da 8 Noyabr zəfərini Azərbaycan tarixinin ən böyük zəfərlərindən biri kimi dəyərləndirib, şəhidlərimizə, veteranlarımıza, ordumuza sevgi və ehtiramlarını bildiriblər.  Tədbirin sonunda vətənpərvərlik tərbiyəsinin təbliğindəki xidməltərinə görə fərqlənən veteranlar Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Fəxri Fərmanla təltif ediliblər.    

Hamısını oxu
“Heydər Əliyev müstəqilliyimizin, tərəqqimizin, qalibiyyətimizin əbədi qarantıdır!”

Səmyar Abdullayev: “15 iyun sadəcə xalqımızın deyil, dövlətimizin, dövlətçiliyimizin, mənəvi dəyərlərimizin xilası günüdür” Bu gün 15 iyun – Milli Qurtuluş Günüdür. Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev bu tarixi günlə bağlı saytımıza müsahibə verib. Həmin müsahibəni diqqətinizə çatdırırq: -Səmyar müəllim, bu gün 15 iyun Mill Qurtuluş Günüdür. Öncə bu günün siyasi-ictimai önəmi ilə bağlı düşüncənizi bilmək istərdik.  -15 iyun haqlı olaraq ölkəmizdə Milli Qurtuluş Günü kimi qeyd olunur. Bu tarixi günün önəmini aydın dərk etmək üçün 1993-cü ilin 15 iyun tarixi ərəfəsində ölkəmizdə mövcud olan vəziyyətə nəzər salmaq kifayətdir. Bu, elə bir dönəm idi ki, ölkəmiz bir tərəfdən genişlənən erməni işğalına qarşı mübarizə aparmağa çalışır, digər tərəfdən daxildəki hərc-mərcilikdən, qarışıqlıqdan, xaos və qarşıdurmalardan əziyyət çəkirdi. Ölkəmizdə faktiki olaraq ciddi hakimiyyət boşluğu mövcud idi. Mərkəz hakimiyyətin zəifliyi, siyasi qüvvələrin böyük əksəryyətinin hakimiyyət uğrunda amansızcasına apardığı mübarizə faktiki olaraq xalqımızı, dövlətimizi həm xarici, həm də daxili düşmənlər qarşısında müdafiəsiz qoymuşdu. Daxildəki bəzi məkirli qüvvələr hakimiyyəti ələ almaq üçün qanunsuz silahlı dəstələr yaradır, bu dəstələrdən təzyiq vasitəsi kimi istifadə etməklə şəxsi ambisiyalarını gerçəkəşdirməyə çalışırdı. Məhz belə bir dönəmdə hakimiyyətə gələn Heydər Əliyev öz qətiyyəti, uzaqgörənliyi, siyasi səriştəsi sayəsində bütün bu problemləri aradan qaldırmağa nail oldu. Çox keçmədi ki, ölkə daixlindəki quldur dəstələri, qanunsuz silahlı birləşmlər tərk-silah edildi. Xalqı narazı salan, ölkəmizin milli maraqına xəyanət edən qüvvələr ifşa olundu. Güclü hakimiyyət formalaşdı, qanunların icrasına nəzarət artırıldı. Bütün sahələrdə özbaşınalığa, rüşvət və korrupsiyaya qarşı ciddi mübarizə həyata keçirildi. Bütün bu tədbirlər nəticəsində Azərbaycanın siması qısa zamanda əsaslı şəkildə dəyişdi, ölkəmizin tərəqqisi üçün əlverişli zəmin formalaşdı.  -Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı erməni işğalına qarşı mübarizə baxımından hansı uğurlarla əlamətdar oldu?  -Heydər Əliyev hər şeydən öncə erməni işğalının qarşısını almaq, bu işğalın genişlənməsini önləmək üçün  nizami ordu formalaşdırmağa başladı. Hamıya məlum olduğu kimi, Ulu öndərin hakimiyyətə gəlişinə qədər ölkəmizdə vahid komandanlıq, nizami ordu yox idi. Bir çox yerli özünümüdafiə batalyonları, silahlı dəstələr ayrı-ayrı şəxslərin göstərişləri əsasında fəaliyyət göstərir, başlı-başlına hərəkət edirdi. Bu isə düşmənə qarşı mübarizənin effektivliyini azaldır, uğurlu hərbi əməliyyatlar təşkil etməyə imkan vermirdi. Buna görə də Heydər Əliyev güclü, nizami ordu qurucluğunu ən başlıca vəzifələrdən biri hesab edirdi. Bu səbəbdən də Ulu öndər hakimiyyətə gəlişinin ilk günündən etibarən bu yöndə mütəmadi addımlar atmağa başladı. Çox keçmədi ki, Azərbaycan Ordusunda güclü nizam-intizam bərqərar edildi. Bütün özünmüdafiə dəstələri, digər silahlı birləşmələr ləğv edildi və onların hamısı nizami ordunun ixtiyarına verildi. Azərbaycan Ordusu vahid komandanlıq altında fəaliyyətə başladı. Orduda döyüş əzmi, vətənpərvərlik əhval-ruhiyyəsi yüksəldildi. Bütün bu tədbirlərin nəticəsində 1994-cü ilin əvvəllərindən etibarən Azərbaycan Ordusu düşmənə qarşı daha inamla mübarizə aparmağa başladı. Atəşkəs sazişinin imzalandığı 1994-cü ilin may ayı ərəfəsində Azərbaycan Ordusu əks-hücuma keçərək bir sıra yaşayış məntəqələrini erməni işğalından azad etdi. Bütün bu uğurlar göstərdi ki, ordudakı ilkin islahatlar öz bəhrəsini verməkdədir və bu islahatların daha da genişlənməsinə lüzum var.  -Səmyar müəllim, Heydər Əliyevin hakimiyyətə gəlişi xalqımızın mənəvi həyatı, milli-mənəvi dəyərlərimizin təbliği baxımından hansı yeniliklərə yol açdı?  -Heydər Əliyevin atdığı ən mühüm addımlardan biri xalqın mənəvi birliyini, onun milli-tarixi ruhunun oyanışını təmin etməsi idi. Ulu öndər hesab edirdi ki, milli-mənəvi dəyərlərə bağlılıq tarix qarşısında ağır imtahanlar verən Azərbaycan xalqının həmrəyliyini artıracaq, onun xalq və dövlət olaraq qarşıya qoyduğu məqsədlərə nail olmasına, öz haqqı və hüququ uğrunda daha əzmlə mübarizə aparmasına, bütün müstəvilərdə qələbə qazanmasına kömək edəcəkdir. Ümumiyyətlə, Heydər Əliyev xalqın milli kimliyini qorumağı  xalqın öz varlığını qoruması üçün başlıca şərt hesab edirdi və düşünürdü ki, bu kimliyi yalnız mənəvi dəyərlərə sadiqlik sərgiləmək, gənc nəsli bu dəyərlər əsasında tərbiyə etməklə qorumaq mümkündür. Təsadüfi deyil ki, 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev milli-mənəvi dəyərlərimizin təbliği və inkişafına xüsusi diqqət yetirmişdir. Heydər Əliyevin təbliğinə xüsusi önəm verdiyi belə ideyalardan biri də azərbaycançılıq ideyası olmuşdur. Azərbaycançılıq ideyasının özünəməxsusluğu onun sadəcə milli yaddaşı oyatması, xalqın öz milli kimliyini bütün əzəməti ilə dərk etməsi deyil, həm də Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı vahid məqsəd – Azərbaycan Respublikasının maraqlarının qorunmasına səfərbər etməsi idi. Heydər Əliyev hesab edirdi ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı ana vətənə - Azərbaycana bağlı olmalı, onun müstəqilliyinin möhkəmlənməsi, tərəqqəsi üçün əlin dən gələni əsirgəməməlidir. Heydər Əliyev müstəqilliyi xalqımızın ən böyük uğuru hesab edirdi və düşünürdü ki, hər bir azərbaycanlı bu uğurun qorunması və inkişafına çalışmalıdır. Ulu öndər deyirdi: “İndi hər bir azərbaycanlı qürur hissi keçirdə bilər ki, mən azərbaycanlıyam, mənim millətim, mənim millətimin dövləti, ölkəm vardır. İsveçrədə, Almaniyada, Fransada yaşasam da, fərqi yoxdur, mənim xalqımın müstəqil dövləti var və dünya xalqları içərisində yerim vardır. Azərbaycan xalqının əsrin sonunda əldə etdiyi ən böyük nailiyyət budur”. Heydər Əliyevin “xalqın, vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir” kəlamı da Ulu öndərin dövlətimizə, onun müstəqilliyinə və bu müstəqilliyin qorunması istiqamətində hər bir azərbaycanlının hansı miqyasda mübarizə aparması gərəkdiyini əks etdirir.  -15 iyun 1993-cü il tarixindən sonrakı dövrü həm də ölkə iqtisadiyyatının yüksəliş dönəmi kimi xarakterizə etmək mümkündürmü?  -Şübhəsiz! 15 iyun tarixindən sonra həyata keçirilən islahatlardan biri də güclü iqtisadiyyatın formalaşdırılması istiqamətində qəti və mütəmadi addımların atılması oldu. Yenicə müstəqillik qazanan, torpaqlarının 20%-i ermənilər tərəfindən işğal edilən, iqtisadi-siyasi və hərbi baxımdan ciddi təbəddülatlar yaşayan, müstəqilliyinin beynəlxalq aləmdə tanınması üçün kövrək səylərini davam etdirən Azərbaycanda iqtisadi vəziyyət də kifayət qədər ağır idi. Bir tərəfdən ölkədaxili vəziyyəti həssaslıqla izləyən Heydər Əliyev, digər tərəfdən xarici təzyiqlərin qarşısını almağa çalışır, həmçinin, dağılan iqtisadiyyatı bərpa etmək, onu yeni, modern tələblər üzərində yenidən formalaşdırmağa səy göstərirdi. Ulu öndər yaxşı dərk edirdi ki, güclü dövlətin təməli güclü iqtisadiyyatdır. Dövlətin bütün digər istiqamətlərdə uğur qazanmasının əsas yolu güclü iqtisadiyyatdan keçir. Heydər Əliyev bu barədə deyirdi: “Hər bir ölkənin, xalqın həm yaşaması, həm də dövlətinin mövcud olması üçün  əsas şərt onun iqtisadiyaytıdır”. Ümummilli liderin “iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” kəlamı da Heydər Əliyevin güclü iqtisadiyyata verdiyi önəmi göstərir. 1993-cü ildə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev hər şeydən öncə Azərbaycanın iqtisadi baxımdan müstəqilliyinə nail olmaq, onu güclü iqtisadiyyata malik dövlətə çevirmək üçün sistemli addımlar atmış, tarixi nailiyyətlərə nail olmuşdur. Bu nailiyyətlərdən ən mühümü isə heç şübhəsiz 1994-cü ilin 20 sentyabr tarixində Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə müqavilənin imzalanması oldu. “Əsrin müqaviləsi” kimi xarakterizə edilən bu mübarizə Azərbaycan neftinin dünyanın iri neft şirkətləri ilə birlikdə istismarı, habelə, bu nefrin dünya bazarına çıxmasını təmin etdi. “Əsrin müqasviləsi” çərçivəsində ABŞ, Böyük Britaniya, Rusiya, Norveç, Türkiyə, Yaponiya və Səudiyyə Ərəbistanı ölkəmizə ümumi dəyəri milyardlarla dollar məbləğində investisiya qoymuş, respublikamızın iqtisadi simasını tamamilə dəyişmişdir. Bu müqavilə Azərbaycanın dünyanın ən qabaqcıl dövlətləri ilə geniş əməkdaşlığı üçün də əlverişli şərait yaratmışdır. Bu isə sadəcə iqtisadiyyatımızın inkişafı baxımından deyil, həm də dövlətimizin tanınması, onun beynəlxalq aləmə inteqrasiyanı baxımından olduqca vacib idi. Azərbaycan iqtisadiyyatının güclənməsi dövlətimizə bütün digər sahələrdə, eləcə də hərbi-siyasi müstəvidə  güclənmək, özünü inkişaf etdirmək imkanı qazandırdı ki, bu da ölkəmizin müdafiə qabiliyyətinin yüksəldilməsi, xalqın təhlükəsizliyinin etibarlı şəkildə təmini baxımından olduqca vacib idi. Xatırladaq ki, məhz Heydər Əliyev tərəfindən təməli qoyulan tərəqqi modelinin Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilməsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu darmadağın etmiş, dövlətimizin ərazi bütövlüyü təmin edilmişdir.  -Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanda demokratiyanın inkişafına hansı töhfələri verdi?  -Heydər Əliyevin yeni Azərbaycanın dövlətçilik irsi baxımından mühüm önəm kəsb edən ideyalarından biri də demokratiya və həqiqi müstəqillik ideyası idi. Demokratiyanı sərhədsiz azadlıq, məsuliyyətsizlik, xaos və qeyri-müəyyənlik hesab edən bəzilərindən fərqli olaraq, Ulu öndər demokratiyanı dəqiq sərhədlərə malik olduğunu bildirir, bu sərhədlərin konturlarını müəyyən edir: “Demokratiya hərc-mərclik deyildir, özbaşınalıq deyildir, xaos deyildir. Demokraiya yüksək mədəniyyət, yüksək nizam-intizam, vətəndaş həmrəyliyi, vətəndaşların bir-birinə hörməti, dövlət orqanlarına hörməti, dövlətin vətəndaşlarına hörməti, sayğısı və qayğısıdır”. Göründüyü kimi, Heydər Əliyev demokratiyanı yüksək mədəniyyət nümunəsi, dövlət və vətədnaşın bir-birinə qarşılıqlı hörməti kimi xarakterizə edirdi. Ulu öndərin firkincə, demokratiyanı itaətsizlik kimi təqdim etmək yanlışdır və bu cür təqdimat daxili sabitlik, vətəndşların rahatlığı və təhlükəsizliyi üçün təhdid yaradır. Heydər Əliyev yeni Azərbaycan dövlətinin həqiqi müstəqilliyinə ciddi önəm verir, onun müstəqil xarici siyasət yürütməsi üçün əsl iradə və prinsipiallıq sərgiləyirdi. Təsadüfi deyil ki, Ulu öndər bəzən Ermənistanın Azərbaycana təcavüzü qarşısında susqunluq sərgiləyən Rusiya, ABŞ kimi dünyanın qabaqcıl dövlətlərinə belə açıq iradını bildirir, onları ədalətli olmağa, ikili standartlardan uzaq durmağa səsləyirdi. Ümummilli lider Azərbaycanın müstəqilliyini qorumaq, onu inkişaf etdirmək üçün dövlətinə, bayrağına, tarixinə, ana dilinə, mədəniyyətinə bağlı vətənpərvər gənclik yetişdirməyi zəruri hesab edirdi Göründüyü kimi, yeni Azərbaycan dövlətinin banisi olan Heydər Əliyev öz fəaliyyəti ilə əsl vətənpərvərlik nümunəsi yaratmış, bütün zamanların ən böyük ideya nəhəngi olduğunu praktiki şəkildə isbatlamışdır. Illər, əsrlər keçsə də Heydər Əliyev ideyaları yaşayacaq, Azərbaycan xalqının gələcəyinə şəfəq saçacaqdır.  Seymur ƏLİYEV  

Hamısını oxu