Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Millət vəkili Sumqayıt şəhər Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatını ziyarət edib

Veteran.gov.az xəbər verir ki, millət vəkili Mehriban Vəliyeva Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Sumqayıt Şəhər Təşkilatını ziyarət edib, veteranlarla görüşüb. Bu barədə millət vəkili facebook hesabında paylaşım edib. Paylaşımda deyilir:

“Bu gün Sumqayıt şəhər Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Sovet Şükürovu və təşkilatın bir qrup fəal üzvünü qərargahlarında ziyarət etdik. Görüş zamanı veteranlarımızla səmimi söhbət etdik, onların fəaliyyəti və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində gördükləri işlər barədə fikir mübadiləsi apardıq. Veteranlarımızın zəngin həyat yolu və təcrübəsinin gənclər üçün əsl örnək olduğu vurğulandı. Veteranlarımızı qarşıdan gələn Ramazan və Novruz bayramları münasibətilə təbrik etdik, onlara möhkəm cansağlığı və xoş arzular dilədik”.

 Məlumat üçün qeyd edək ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri tanınmış hərbi-siyasi ekspert, peşəkar hərbçi polkovnik Cəlil Xəlilovdur.

 Seymur ƏLİYEV

2026-03-17 21:09:00
1437 baxış

Digər xəbərlər

İstanbulda “Zəngəzur sənətkarlığı” adlı sərgi Üsküdarda hərəkətdə olan Valide Sultan gəmisində keçirilib

Veteran.gov.az xəbər verir ki, Xarı Bülbül Azərbaycan Vizyon Teatr Birliyi və Tek Hedefim Təhsil birliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən “Biz birlikdə Güclüyük” layihəsi çərçivəsində İstanbulda “Zengezur sənətkarlığı” sərgisi keçirilib.  Tədbir Azərbaycanın İstanbuldakı Baş Konsulluğu və Türkiyədəki  Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəti  ilə həyata keçirilib. Tədbirdə yerli azərbaycanlılar, ictimaiyət nümayəndələri, yerli   Bələdiyyə rəhbərliyi, elm, mədəniyyət işçiləri, jurnalistlər iştirak ediblər. İlk öncə Türkiyənin İstiqlal Marşı və Azərbaycanın dövlət himni səsləndirilib. Giriş sözü ilə ilə çıxış edən İstanbuldakı Xarı Bülbül  Azərbaycan Vizyon Teatr Birliyinin rəhbəri Kəmalə Cabbarova layihə haqqında danışaraq, Qərbi Azərbaycanda, Zəngəzurda xalqımızın yaratdığı böyük mirasa dair fikirlərini bölüşüb. Azərbaycanın İstanbuldakı konsulu Zaur ALLAHVERDİZADE, Marmara vakfının rəhbəri Akkan Suver itirilmiş dəyərlərimiz, Zəngəzurun tarixi və Qərbi Azərbaycan reallıqları haqqında fikirlərini bölüşərək Zəngəzura qayıdışdan danışıblar. Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan xalqının əzəli torpaqları olan Qərbi Azərbaycanda - Zəngəzurda min illər boyu yaratdığı böyük mədəniyyət, sənət, mədəni miras haqqında danışaraq, tarixin müxtəlif dövrlərində yurt yerlərimizə ermənilərin köçürülməsi, azərbaycanlıların isə öz ata-baba yertlərindən deportasiyasının tarixi ədalətsizlik olduğunu qeyd edib. O, Prezident İlham Əliyevdən sitat gətirərək, Ermənistanın bütün Azərbaycanlılara məxsus tarixi, dini abidələri məhv etməsinə, yer adlarının dəyişdirilməsinə baxmayaraq, bu Vətən torpaqlarımızdan Azərbaycan irsini silə bilmədiklərini vurğulayıb. Samir Abbasov “Zəngəzur sənətkarlığı” layihəsi haqqında danışaraq, Sərdari ailəsinin əl sənəti ilə yaratdığı Qərbi Azərbaycana dair mədəni irs nümunələri haqqında məlumat verib, gələcəkdə də bu cür layihələrə  dəstək göstəriləcəyini qeyd edib. Sərgidə Tek hedefim Təhsil Birliyinin rehberi Cem Yıldırım və b. çıxışçılar Xarı Bülbül Azərbaycan Vizyon Teatr Birliyi ilə birlikdə layihələrini vurğulayaraq, bu cür işlərin Türk dünyasında əhəmiyyətli olduğunu açıqlayıblar. Daha sonra Azərbaycanın paytaxtı Bakıdan Zəngəzur sənətkarlığının (əl sənəti) sərgisini gətirən Azərbaycan Dövlət Rəssamlar İttifaqının üzvləri İsgəndər SƏRDARLI, Lalə SƏRDARLI, Toğrul SƏRDƏRLI çıxış edərək layihə haqqında məlumat veriblər.  Onlar xalqımıza məxsus yaratdıqları bu əl sənətinə dair nümunələrin maraqla qarşılandığını və keçirilən yüksək səviyyəli tədnirə görə Türkiyədəki qurumlarımıza öz təşəkkürlərini bildiriblər. Daha sonra layihə çərçivəsində bu mövzuda hazırlanmış sənədli film nümayiş etdirilib. Proqramın bədii hissəsi gəminin ikinci mərtəbəsində davam edib. Tədbirdə Azərbaycan musiqiləri və milli rəqslərimiz təqdim olunub. Serdarlı ailəsinə hər iki birlik tərəfindən mükafatlar təqdim olunub. İstanbulda Azərbaycan musiqiçiləri, vokalçı Vüsalə Ələkbərova, fortepianoda Fidan İsmayılova milli musiqilərimizi ifa ediblər. Qonaqlar üçün hazırlanmış milli təamlar, o cümlədən Azərbaycanın milli şirniyyatları, şəkərbura, paxlava, İrəvan kətəsi qonaqlara təqdim olunub. Tədbir böyük maraqla qarşılanıb, iki saatlıq dəniz gəzintisi ilə başa çatıb.  Seymur ƏLİYEV

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında pulsuz tibbi müayinə

Prezident İlham Əliyevin əhalinin pulsuz kütləvi tibbi müayinədən keçməsi ilə bağlı verdiyi tapşırığa əsasən respublikamızın hər yerində fevralın 15-dən əhalinin ümumi tibbi-profilaktik müayinəsi aparılır. Əhalinin sağlamlığını qorumaq, xəstəlikləri erkən mərhələdə aşkarlayaraq qarşısını almaq məqsədilə keçirilən müayinələrə təcrübəli həkim və tibb işçiləri cəlb olunur.          Mart ayının 1-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında da veteranların pulsuz tibbi müayinəsi həyata keçirildi. Müayinə üçün 37 saylı şəhər poliklinikasının həkimləri səfərbər olunmuşdurlar. Həkimlərdən kardioloq Sevil Mehdiyeva, oftalmoloq Sevda Daşdəmirova, cərrah Vilad Əliyev, stomatoloq Adil Abbasov, tibb bacıları Səbinə Ələkbərova, Rəsmiyyə Kərimova, Reyhan Hüseynova veteranalar öz sahələri üzrə müayinə edərək, müvafiq təyinatlar yazdılar. Ümumilikdə, kardioloji, laborator analizlər, EKQ və digər müayinələr aparıldı.          Aksiyadan təxminən 50-yə yaxın II Dünya müharibəsi, əmək, Silahlı Qüvvələr veteranı istifadə etdi. Müayinə olunmuş veteranların bir neçəsi aksiya ilə bağlı təəssüratlarını bizimlə bölüşdülər:           Binəqədi RVT-nin sədri Telman Hətəmov: “Mən dövlət başçısının bu təşəbbüsündən olduqca razıyam. Vətəndaşlara pulsuz müayinə olunmaq imkanı yaratdığına görə ona dərin minnətdarlığımı bildirirəm. Veteranlar həmişə ölkə rəhbərliyinin diqqət və qayğısını görür bu gün onların sağlamlığı üçün atılan addımları yüksək qiymətləndirirəm. Bu gün bizimlə maraqlanan, qayğımıza qalan bütün həkimlərə təşəkkür edirəm”. II Dünya müharibəsi veteranı İsmayıl Fərəcov: “Belə bir tibb aksiyasının təşkil olunması haqqında tapşırıq verilməsi bir daha sübut edir ki, prezidentimiz hər bir Azərbaycan vətəndaşını sağlam görmək istəyir. Mən bütün veteranlar adından prezidentimizə, bu təşəbbüsün veteranalar üçün həyata keçirilməsinə görə Respublika Veteranlar Təşkilatnın sədri Dadaş Rzayevə, sədr müavini Cəlil Xəlilova öz minnətdarlığımı bildirirəm”. II Dünya müharibəsi veteranı Məmməd Əliyev: “Əhalinin sağlamlığının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək insanların müalicəyə cəlb olunması məqsədi ilə keçirilən bu tədbir hamının ürəyincədir, xüsusilə də biz veteranların. Əməyi keçən hər kəsə dərin minnətdarlığımı bildirirəm.”          Poliklinikanın baş həkimi Təranə Məmmədova səhiyyə aksiyası ilə bağlı bildirdi ki, tibb ocaqlarında əhalinin tibbi-profilaktik müayinədən keçirilməsi üçün lazımi şərait yaradılıb, keçirilən müayinələrin əsas məqsədi xəstəliklərin erkən aşkarlanmasıdır. Poliklinikada işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılıb. Bu briqadalar idarələrdə, məktəblərdə, uşaq bağçalarında və müəyyən səbəblərdən poliklinikaya gələ bilməyən vətəndaşlara evlərində tibbi xidmət göstərirlər.           Xatırladaq ki, cari ilin fevralın 15-dən mayın 15-dək ölkənin bütün ərazisində əhali pulsuz tibbi müayinədən keçə bilər. SƏİDƏ ABDULLAYEVA  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı “Yeniyetmə, gənc və universitet tələbələri arasında vətənpərvərliyin təbliği ilə bağlı görüşlərin keçirilməsi” layihəsinin ilk tədbirini keçirmişdir

Respublika Veteranlar Təşkilatı Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Yeniyetmə, gənc və universitet tələbələri arasında vətənpərvərliyin təbliği ilə bağlı görüşlərin keçirilməsi” layihəsini icrası çərçivəsində ilk tədbirini keçirmişdir. Tədbirin əsas məqsədi yeniyetmə və gənclər arasında vətənpərvərliyin təbliğ edilməsi, vətən yolunda canından keçmiş şəhidlərimizin, vətən qarşısında əvəzsiz xidmətləri olan şəxslərin tanıdılması, gənc nəslə onların həyat və fəaliyyətlərinin örnək olaraq təbliğ edilməsidir. Tədbir Azərbaycan Respublikasının dövlət himninin sələnməsi ilə başlamış, şəhidlərin xatirəsi bir dəqiqəlik sükütla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan Respublika Veteranlar Təşkilatının sədr müvini polkovnik Cəlil Xəlilov lahiyə barəsində, eləcə də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında Təşkilatın fəaliyyəti, keçirilən tədbirlər məlumat vermiş, bu sahədə veteranların üzərinə düşən vəzifələrdən danışmışdır. Cəlil Xəlilov çıxışına davam edərək demişdir: “Bu gün biz Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeniyetmə, gənc və universitet tələbələri arasında vətənpərvərliyin təbliği ilə bağlı görüşlərin keçirilməsi” adlı layihənin ilk tədbirinə toplaşmışıq. Şəhidlərimizə həsr olunmuş belə layihələr mühüm əhəmiyyət kəsb edir. Çünki şəhidlər babaların bizlərə əmanət etdiyi yurdu canları, qanları bahasına müdafiə ediblər. Onlar Vətəni yaşatmaq naminə qanlı döyüşlərə atılıblar. Düşmənə ağır zərbələr vuraraq Azərbaycanın qəhrəmanlıq, mərdlik tarixinə yeni, silinməz səhifələr yazıblar. Hər birimiz bu gün də, sabah da onlar qarşılarında minnətdarlıq borcumuzu yerinə yetirməli olduğumuzu bir an da unutmamalıyıq. Xüsusilə gənclər onların hər birinin həyat yolu, döyüş yolu barədə məlumatlı olmalı, Vətəni, xalqı müdafiə etməkdə yeri gəlsə hər cür fədakarlığa hazır olmalıdırlar. Bu yolda həyatını fəda edənlərin əbədi yaşamaq haqqı var. Respublika Veteranlar Təşkilatı belə tədbirləri yalnız layihələrlə əlaqədar deyil, il ərzində müvafiq Tədbirlər Planı əsasında müntəzəm olaraq keçirir. Layihələrə gəlincə, biz 2016-cı ildə “Qarabağ müharibəsi qəhrəmanlarını tanıyaq və tanıdaq” adlı layihə də həyata keçirmişdik. Bu çərçivədə ölkənin 4 regionunda əsasən gənclərin iştirakı ilə silsilə tədbirlər keçirilmişdi. İndiki tədbirlərdə də həm Qarabağ, həm də Aprel şəhidlərinin həyat və döyüş yolundan söhbət açılacaqdır. Ümumiyyətlə vətənpərvərlik tərbiyəsi, gənclərin xalqımızın qəhramanlıq, dövlətçilik tarixinə sədaqət, məhəbbət ruhunda tərbiyə olunması Təşkilatımızın başlıca vəzifəsidir. Bu baxımdan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tarixi və bu günü, qəhrəman oğullarımızın nəsillərə örnək olacaq yolunun təbliği bizim daim diqqət mərkəzimizdədir. Şəhidlərimiz haqqında biz hər gün, hər saat danışmalı, onların daim xatırlanmalarına nail olmalıyıq. Yeniyetmə və gənclər bu işdə daha fəal olmalı, onların adına layiq insanlar kimi yetişməyə çalışmalıdırlar. Layihə çərçivəsində görüşlərimiz davam edəcək, ali və orta məktəblərdə belə tədbirlər keçiriləcəkdir. Biz şəhidlərimizə həsr olunmuş bir kitabça da hazırlamışıq”. Tədbirdə Respublika Veteranlar Təşkilatının əməkdaşları ehtiyatda olan  polkovniklər Adil Haqverdiyev, Lətif Babayev, şairə Güləmail Murad, polis orqanlarının veteranı e.o polkovnik-leytenant Zakir Məmmədov və başqaları çıxış edərək şəhidlərimizin xatirəsinin Azərbaycan xalqının yaddaşında daim yaşadacağını, yeniyetmə və gənclərimizin onların həyat və döyüş yolunu öyrənmələrinin mühüm əhəmiyyət kəsb etməsini qeyd etmiş, yeni nəslin üzərlərinə düşən vəzifənin məsuliyyətlərini dərindən dərk etdiklərinə, torpaqlarımızın erməni işğalından azad olunması üçün hər cür fədakarlığa hazır olacaqlarına əminlik ifadə etmişlər.  Həmçinin bildirilmişdir ki, Təşkilatın layihəni həyata keçirməkdə məqsədi həm də müasir yeniyetmə və  gəncliyimizə vətənpərvərlik hisslərinin daha dərindən aşılanmasına nail olmaqdır. Tədbirin sonunda iştirakçılara qəhrəman şəhidlərimizə həsr edilmiş marifləndirici bukletlər paylandı, gənclərlə veteranların birgə xatirə şəkli çəkdirildi.

Hamısını oxu
Zakir Fərəcov yüksək bal toplayan məzunlarla görüşüb

Veteran.gov.az xəbər verir ki, Sumqayıtda ali məktəblərə yüksək balla qəbul olan məzunlarla görüş keçirilib.   Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov gəncləri əldə etdikləri uğurlar münasibəti ilə təbrik edib, onlara xoş arzularını çatdırıb, gələcək həyatlarında müvəffəqiyyətlər arzulayıb.   Zakir Fərəcov son illər ölkəmizdə dövlət tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan danışıb və bu sahənin dövlət başçısı tərəfindən daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Şəhər rəhbəri bildirib ki, ölkəmizdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür, yeni məktəb binaları, əlavə tədris korpusları inşa edilir, mövcud məktəblərdə əsaslı təmir işləri aparılır. Sumqayıt şəhərində təhsil infrastrukturunun yaradılması istiqamətində də mühüm işlər görülüb. Yeni təhsil müəssisələri tikilərək istifadəyə verilib. Eyni zamanda mövcud təhsil müəssisələrində əsaslı təmir işləri aparılıb. Bütün bunlar gənclərin yüksək səviyyədə təhsil almalarına və müstəqil ölkəmizin layiqli vətəndaşları olmalarına lazımi şərait yaradır.   Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Arzu Alızadə məruzə ilə çıxış edərək Sumqayıt təhsilinin, abituriyentlərin əldə etdiyi uğurlardan danışıb.   Vurğulanıb ki, 2020-2021-ci dərs ilində Sumqayıt şəhəri ümumtəhsil məktəblərinin XI siniflərini 2920 nəfər məzun başa vurub. Məktəblərdə alınan ilkin məlumatlara əsasən onlardan 2475 nəfəri ali məktəblərə sənəd verib. Qəbul imtahanlarında iştirak edən məzunların 1794 nəfəri, yəni abituriyentlərin 72%-i ali məktəblərə qəbul olunub.Onlardan 150 nəfəri 600-dən çox bal toplamışdır ki, bu da ötən ilki göstəricidən 31 nəfər çoxdur. O cümlədən, 650-dən çox bal toplayanların sayı 40 nəfər olmuşdur.   Arzu Alızadə bildirib ki, 21 nömrəli məktəbin məzunu Quliyev Fuad Anar oğlu III ixtisas qrupunda ölkə üzrə ən yüksək nəticə – 680 bal toplayıb. 11 nömrəli məktəbin məzunu Şəfiyev Əbil Üzeyir oğlu isə I ixtisas qrupunda ölkə üzrə ən yüksək nəticə göstərərək 697 bal toplayıb. Təbiət elmləri təmayüllü gimnaziya və Texniki və təbiət elmləri liseyinin məktəbi başa vurmuş bütün məzunları ali məktəbə qəbul olunub və qəbul faizi 100% təşkil edib.   Qeyd olundu ki, ötən illə müqayisədə bu il ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuraraq nişanla təltif olunan məzunlarımızın sayı da xeyli artıb. Belə ki, builki məzunlarımızın 22 nəfəri nişanla təltif olunub, onlardan 17 nəfəri qızıl, 5 nəfəri isə gümüş nişana layiq görülüb. Müqayisə üçün qeyd etmək lazımdır ki, ötən il nişanla təltif olunan məzunların sayı cəmi 12 nəfər olub, onlardan 9 nəfəri qızıl, 3 nəfəri isə gümüş nişan alıb. Göründüyü kimi, ötən illə müqayisədə nişanla təltif olunanların sayı 10 nəfər, o cümlədən qızıl nişan alanların sayı 8 nəfər artıb. Sonda ali məktəblərə yüksək balla qəbul olunan tələbələrə qiymətli hədiyyələr təqdim olunub.  

Hamısını oxu