Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident İlham Əliyevin sosial media hesablarında Ramazan bayramı münasibətilə paylaşım edilib

Hörmətli həmvətənlər! Sizi mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən xoş arzu və diləklərimi yetirirəm.

2026-03-20 11:11:00
3711 baxış

Digər xəbərlər

“AS Group Investment” şirkəti şəhid ailəsinə mənzil hədiyyə edib

Veteran.gov.az xəbər verir ki, “AS Group Investment” şirkəti ölkə başçısının şəhid ailələri və qazilərə dəstək olmaq siyasətini, eyni zamanda özünün dövlətimiz və cəmiyyətimiz qarşısında sosial məsuliyyətini əsas tutaraq Vətən Müharibəsində qəhrəmanlıq göstərərək şəhid olan polkovnik leytenant Mehman Qənbərovun Binəqədi qəsəbəsində kirayə evdə yaşayan ailəsinə mənzil hədiyyə edib.   31 avqust 2021-ci il tarixində “AS Group Investment” şirkətinin əməkdaşları şəhid ailəsilə görüşərək qəhrəman şəhidimizin həyat yoldaşı Xuraman xanım Qənbərovaya yeni mənzilin sənədlərini təqdim ediblər. Onlar üçün gözlənilməz və ani olan bu xəbər illərlə mənzil həsrətilə yaşayan ailənin hər bir üzvündə inanılmaz sevinc hissi yaradıb.   “AS Group Investment” şirkətinin şəhid polkovnik leytenant Mehman Qənbərovun ailəsinə hədiyyə etdiyi 3 otaqlı mənzil şirkətin özünün inşa etdiyi Göl-Park Yaşayış Kompleksində yerləşir. “AS Group Investment” uzun illər evsizlikdэn əziyyət çəkən şəhid ailəsinə hədiyyə etdiyi yeni mənzilin tam təmiri və lazımi əşyalarla təchiz edilməsini də öz üzərinə götürüb. Şəhid polkovnik leytenant Mehman Qənbərov hələ 2016-cı il aprel döyüşlərində qəhrəmanlığı ilə seçilib. O, polkovnik-leytenant rütbəsini də məhz Talış kəndi istiqamətində gedən şiddətli döyüşlərdə xüsusi qəhrəmanlıq göstərdiyi üçün qazanmışdır. Ağdam rayonunda doğulub Birinci Qarabağ Müharibəsi nəticəsində uşaq ikən məcburi köçkün həyatını yaşamış şəhidimizin ən böyük arzusu doğma torpaqların işğaldan azad edilməsi idi. İkinci Qarabağ Müharibəsinə yollanan zaman onun ailəsinə dediyi son cümlələri: “Həyatdır, hər şey ola bilər. Mən geri qayıtmaya da bilərəm. Əsas odur torpaqlarımızı azad edək!” olur.   Sentyabrın 27-də döyüşlərə qatılan şəhid Qənbərov bir neçə kəndin azad edilməsində xüsusi qəhrəmanlıq göstərir. Sentyabrın 30-da o, Füzuli ərazisində düşmənin üzük halqası kimi əhatəyə aldığı döyüş yoldaşlarını mühasirədən çıxararaq qəhrəmancasına şəhid olur. Ölümündən sonra şəhid Qənbərov Vətən uğrunda, Füzulinin azad edilməsi uğrunda medalları və Qarabağ ordeni ilə təltif edilir.Qeyd edək ki, “AS Group Investment” şirkəti bu ilin mart ayında Mingəçevir şəhidi çavuş Niyaz İsgəndərovun ailəsinə də özünün orada inşa etdiyi “Park Residence” Yaşayış binasından mənzil hədiyyə etmişdir.  

Hamısını oxu
İlham Əliyev və birinci xanım işğaldan azad edilmiş rayonlarda

Xəbər verdiyimiz kimi, noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar. Publika.az xəbər verir ki, Prezident İlham Əliyev Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş verib. Artıq bu yolun inşasına start verilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva layihənin icrasının gedişi ilə tanış oldular. Prezident İlham Əliyev dedi: - Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür, tarixi bir gündür. Bu gün Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulur. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu yolun çox böyük əhəmiyyəti var. Çünki bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır. Son illər ərzində ölkəmizdə bir çox yollar inşa edilib. Deyə bilərəm ki, 2004-cü ildən bu günə qədər 16 min kilometrdən çox avtomobil yolu çəkilibdir və yollar keyfiyyətlidir. Bu göstəriciyə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir. Ancaq bu yolun xüsusi əhəmiyyəti var. Dediyim kimi, bu yol bizi Şuşaya aparır. Eyni zamanda, bu layihə işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihədir. Şuşa işğaldan azad olunandan sonra artıq düşmən dərk etdi ki, bundan sonra bizə qarşı müqavimət göstərmək heç bir əhəmiyyət kəsb etməyəcək. Şuşa işğaldan azad olunandan bir gün sonra qəhrəman Azərbaycan Ordusu daha 70-dən çox yaşayış məntəqəsini işğalçılardan azad edib və əslində, bu, düşmənə vurulan son zərbə idi. Təsadüfi deyil ki, noyabrın 10-da düşmən faktiki olaraq kapitulyasiya aktını imzalamışdır. Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir. Bu gün artıq biz quruculuq işlərinə başlamışıq. Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra artıq bu yerdən – Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolu çəkilir. Bu yol çox rahat və geniş olacaq. Bu yol imkan verəcək ki, Şuşaya rahat gedib-gələ bilək. İkinci Qarabağ müharibəsi bizim şanlı Qələbəmizdir, işğal edilmiş torpaqlar işğalçılardan azad edilib. Düşmən tərəfindən vurulmuş ziyan hazırda hesablanır və dəqiq hesablanacaq. Zərərçəkmiş bütün insanlar dövlət dəstəyi hesabına öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bu işləri biz planlı şəkildə aparacağıq - ilk növbədə, ziyanın hesablanması, dəqiq uçotun aparılması, ondan sonra bərpa-yenidənqurma işləri. Bildiyiniz kimi, işğal edilmiş və işğaldan azad olunmuş torpaqlarda düşmən bütün infrastrukturu dağıdıbdır. Bizim şəhərlərimiz demək olar ki, yerlə-yeksan edilibdir və bu, düşmənin vəhşiliyini bir daha göstərir. İndi bütün dünya bunu görəcək. Bütün dünya görəcək ki, biz hansı vəhşi düşmənlə üz-üzə qalmışdıq. Hazırda münaqişənin siyasi həlli mərhələsidir. Bu mərhələdə də Azərbaycan istədiyinə nail olur və olacaq. Münaqişənin hərbi mərhələsi başa çatıb. Şuşanın azad edilməsi və noyabrın 9-da daha 70-dən çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi münaqişənin hərbi mərhələsinə son qoyub. Mən münaqişənin və İkinci Qarabağ müharibəsinin əvvəlində demişdim, bu gün də bunu böyük qürur hissi ilə bir daha deyirəm ki, məsələnin hərbi-siyasi həll yolları var idi və Azərbaycan bunu döyüş meydanında sübut edib. Biz düşməni məcbur etdik ki, kapitulyasiya aktına imza atsın və beləliklə, bizim bu günə qədər işğal altında qalan Ağdam, Laçın və Kəlbəcər rayonları da yaxın günlərdə Azərbaycana qayıdır. Amma baxın, görün, mənfur düşmən hansı vəhşiliklər törədir – evləri yandırırlar, məktəbləri yandırırlar, ağacları qırırlar, elektrik xətlərini qırırlar. Bütün dünya bunu görür, bütün aparıcı beynəlxalq kanallar bunu göstərir. Nə vicdan var, nə utanmaq var, nə əxlaq var. Ona görə İkinci Qarabağ müharibəsində qazanılmış qələbə böyük tarixi əhəmiyyətə malikdir. Bu, təkcə Azərbaycanın öz doğma torpaqlarının işğalçılardan azad edilməsi məsələsi deyil. Bu, eyni zamanda, bütün dünyaya, bütün işğalçılara göstərir ki, onların sonu bax, belə ola bilər. İşğalçıların, qəsbkarların sonu belə olacaq. Bu gün bu gözəl təməlqoyma mərasimi böyük rəmzi məna daşıyır. Biz işğaldan azad edilmiş Füzuli şəhərindən və ona qədər olan kəndlərdən Füzuli şəhərinə qədər və Füzuli şəhərindən Şuşa şəhərinə yeni yol çəkirik. Bu yol heç vaxt olmayıb. Azərbaycan vətəndaşları yəqin bilirlər ki, Şuşaya sovet vaxtında yol Ağdam ərazisindən gedirdi - Ağdam-Xankəndi-Şuşa yolu. İndi bu yoldan istifadə etmək hələ ki, mümkün deyil. Bu gözəl hadisə münasibətilə bütün Azərbaycan xalqını bir daha ürəkdən təbrik edirəm. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yol işçiləri ilə xatirə şəkli çəkdirdilər. x x x Qeyd edək ki, Füzuli rayonuna gedən yolun ətrafında bir vaxtlar həyata qaynayıb, bu kəndlərdə insanlar firavan və sülh içində yaşayıblar. Ancaq ermənilər tərəfindən torpaqlarımızın işğala məruz qalmasından sonra azərbaycanlılar öz dədə-baba torpaqlarından qovulublar, erməni vandalları tərəfindən evlər yerlə yeksan edilib. Onlar daşı daş üstündə qoymayıblar, azərbaycanlıların tikdiyi evləri vəhşicəsinə dağıdıblar. Bunlar ermənilərin əməllərinin nəticəsidir. Dövlətimizin başçısı və birinci xanım işğaldan azad olunmuş Füzuli şəhərinə gəldilər. Prezident İlham Əliyev Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırdı. Bu görüntülər Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindəndir. Müzəffər Ali Baş Komandan qəhrəman Azərbaycan Ordusunun işğaldan azad etdiyi tarixi torpağımızda üçrəngli bayrağımızı qaldırdı. Prezident İlham Əliyev dedi: -Füzuli şəhəri işğalçılardan azad edilib. Füzuli şəhərində Azərbaycan bayrağı qaldırılıb. Biz Füzuliyə qayıtmışıq. Ancaq indi yol boyunca dağıdılmış kəndləri və Füzuli şəhərini dağılmış vəziyyətdə görəndə adamın ürəyi ağrıyır. Vəhşilər bizim şəhərimizi nə günə salıblar?! Dağıdıblar, evləri dağıdıblar, bütün infrastrukturu dağıdıblar, bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir və bütün dünyaya biz bunu göstərəcəyik. Təkcə Füzuli yox, Ağdam şəhəri nə gündədir, başqa şəhərlər. Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib. Hər şeyi dağıdıb, talan edib, bizim mədəni, tarixi, dini irsimizi silmək istəyib, ancaq istədiyinə nail ola bilməyib. Çünki biz gəlməli idik, qayıtmalı idik. Gəlmişik və qayıtmışıq. Düşməni qovmuşuq torpaqlarımızdan, Azərbaycanın Dövlət Bayrağını ucaltmışıq. Bundan sonra bu torpaqda biz yaşayacağıq, necə ki, əsrlərboyu biz yaşamışıq, bizim xalqımız yaşayıb. Mənfur düşmən Füzulinin adını da dəyişdirib, bir eybəcər ad qoyubdur. Füzuli bizim dahi, böyük şairimiz Məhəmməd Füzulinin adını daşıyır. Biz bu adı bərpa etmişik. Dağıdılmış Füzuli şəhəri erməni faşizminin canlı şahididir. Bütün dünya bunu görməlidir və səssiz qalmamalıdır, necə ki, 30 il səssiz qalıb, 30 il biganə qalıb. O biganəlik faktiki olaraq erməni işğalını möhkəmləndirirdi. Bizi sanki bu vəziyyətlə barışmağa sövq edirdilər, sülh yolu ilə məsələ həll olunsun, ildən-ilə, 30 il ərzində biz eyni sözləri eşidirdik – münaqişənin hərbi həlli yoxdur, bu məsələ sülh yolu ilə həll olunmalıdır. Amma biz sübut etdik ki, münaqişənin həlli var, o cümlədən hərbi həlli var. Bizim qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına biz bunu bütün dünyaya sübut etmişik, münaqişənin hərbi həlli var və biz buna nail olmuşuq. Əgər bu hərbi həll olmasaydı, düşmən kapitulyasiya aktını imzalamazdı. Müharibənin ilk günlərindən mən deyirdim, Ermənistan rəhbərliyi, Ermənistanın ali baş komandanı, - əgər o adama, ümumiyyətlə, bu adı aid etmək mümkündürsə, - bəyan etməlisiniz, cədvəl verməlisiniz, nə vaxt hansı rayondan çıxırsınız. Ondan sonra biz müharibəni dayandırarıq. Əks-təqdirdə sona qədər gedəcəyik və getdik də. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa və Şuşadan bir gün sonra 70-dən çox kənd azad edildi, bütövlükdə 300-dən çox yaşayış məntəqəsi azad edildi, düşmənin beli qırıldı, düşmən diz çökdü və məcbur oldu noyabrın 10-da o kapitulyasiya aktına imza atdı, məhz bizim gücümüz hesabına. Biz düşməni məcbur etmişik, biz düşmənə yerini göstərmişik, biz Azərbaycan xalqının böyüklüyünü göstərmişik. Otuz il ərzində həm Ermənistan rəhbərliyi, həm onların havadarları, ermənipərəst, azərbaycanafob qüvvələr tərəfindən ortalığa müxtəlif uydurmalar atılırdı ki, bəli, Ermənistanın güclü ordusu var, erməni xalqı döyüşkən xalqdır, Azərbaycan xalqı döyüşə bilmir. Məhv etmişik bu uydurmanı, göstərmişik ki, kim döyüşkən xalqdır, göstərmişik ki, kim müzəffər xalqdır. Sadəcə olaraq, 1990-cı illərin əvvəllərində Azərbaycanın başında duranlar ordu quruculuğuna fikir verməmişdilər, ölkəmizi xaosa, anarxiyaya sürükləmişdilər. O illərdə bizim torpaqlarımız işğal altına düşəndə ovaxtkı hakimiyyət vətəndaş müharibəsi başlamışdı, AXC-Müsavat cütlüyü öz əsgərlərini əsir götürmüşdü, Gəncəni bombalamışdı. Ona görə torpaqlar əldən getdi. İndi bax, Ermənistan əhalisi Azərbaycan əhalisinin yaşadığı illəri - 1992-ci illəri yaşayır. Azərbaycan xalqı o mənfur hakimiyyəti bir ildən sonra yox etdi, süpürüb atdı. Heydər Əliyev hakimiyyətə gələndən sonra bütün müsbət meyillər inkişaf etməyə başlamışdır. Bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır. Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi. Bu 44 gün ərzində demək olar ki, müntəzəm surətdə müxtəlif mənbələrdən, müxtəlif ünvanlardan müxtəlif təzyiqlər, təhdidlər olurdu, sifarişlər, mesajlar, siqnallar göndərilirdi. Mən demişdim ki, heç kim bizim qabağımızda dura bilməz, sona qədər gedəcəyik. Mənfur düşmən şərtlərimizi qəbul etməlidir, dəqiq tarix göstərməlidir və məcbur olub göstərdi də. Ona görə bu günlərdə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları möhtəşəm Qələbəmizi böyük qürur hissi ilə qeyd edir. Bu Qələbə bizim xalqımıza yaraşır, igid oğullarımıza yaraşır, dövlətimizə yaraşır və bu Qələbə gücümüzü göstərdi. Onu göstərdi ki, heç vaxt Azərbaycan bu vəziyyətlə barışmayacaq. Mən 17 il ərzində ölkə Prezidenti və Ali Baş Komandan kimi dəfələrlə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz sözlərimi demişdim. Demişdim, biz heç vaxt imkan verə bilmərik ki, tarixi Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Demişdim ki, heç vaxt Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb və olmayacaq. Demişdim ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Demişdim ki, sülh yolu ilə mümkün olmasa, hərbi yolla bunu bərpa edəcəyik. Mənim çıxışlarım hər yerdə var, dərc edilib. Bu sözləri demişəm və buna əməl etmişəm. Ərazi bütövlüyümüzü bərpa etmişik, işğalçıları işğal edilmiş torpaqlardan qovmuşuq, ikinci erməni dövlətinin yaradılmasına imkan verməmişik, heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var. Çoxmillətli, çoxkonfessiyalı, mütərəqqi Azərbaycan dövləti var. Bütün Azərbaycan vətəndaşları, bütün xalqların, dinlərin nümayəndələri normal yaşayırlar, mehribanlıq, sülh şəraitində yaşayırlar. Erməni xalqı da belə yaşayacaq. Bizim erməni xalqı ilə işimiz yoxdur. Mən bu 44 gün ərzində çoxsaylı müsahibələrimdə demişəm, onlar bizim vətəndaşlarımızdır və onlar görəcəklər ki, Azərbaycan rəhbərliyi altında onlar yaxşı yaşayacaqlar, onlar kriminal, qorxaq xunta rejimindən öz yaxasını qurtarmalıdırlar. Dağlıq Qarabağın separatçı rəhbərləri qorxaqdırlar. Onların qorxaqlığını orada yaşayan ermənilər görüblər, Ermənistanda yaşayan ermənilər görüblər. Nə qədər adam fərarilik edib. Onların o xunta başçısı bunkerdə gizlənmişdi, burnunu belə bayıra çıxara bilmirdi. Bəs hanı sənin hünərin, cəsarətin?! Biz Ermənistan ordusunu çökdürdük və eyni zamanda, Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara da dərs verdik. Paşinyan son iki il ərzində öz ölkəsini məhv edib və indi, sadəcə olaraq, fikirləşir ki, öz canını erməni xalqının qəzəbindən necə qurtarsın?! Biz Koçaryan-Sarkisyan ordusunu məhv etdik. Onlar bizim torpaqlarımızı dağıdıblar. Onlar bu dəfə qorxaqcasına heç burunlarını soxa bilmədilər Dağlıq Qarabağ ərazisinə. Bəs hanı sizin qəhrəmanlığınız? Döşünüzə taxmısınız saxta “qəhrəman” ordenlərini, çıxardın atın eşiyə o dəmir-dümürləri, sizi biz məğlub etmişik. Paşinyan heç kimdir. Koçaryan və Sarkisyan, Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, sizi biz məğlub etmişik, sizin ordunuzu məhv etmişik. Əgər kapitulyasiya aktı Ermənistan tərəfindən imzalanmasaydı, özləri bilirlər nə ilə qurtaracaqdı bu müharibə. Bax, budur bizim gücümüz, budur bizim birliyimiz. Dəmir yumruq sizin başınızı əzdi və bundan sonra artıq heç kim bizimlə ultimatum dili ilə danışmayacaq. O cümlədən rəzil vəziyyətdə olan Paşinyan, bizə yeddi şərt irəli sürdü, başına vurduq bütün o şərtləri. Nə oldu o şərtlər? Mənim bir şərtim var idi, rədd ol, çıx get və o şərtə əməl edildi. Güc hesabına, birlik hesabına, igidlərimiz hesabına, şəhidlərimiz hesabına. Burada, işğaldan azad edilmiş Füzuli şəhərində bir daha bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, onların yaxınlarına səbir diləyirəm, onların valideynlərinə təşəkkürümü bildirirəm ki, dövlətimiz üçün, xalqımız üçün belə igidlər yetişdiriblər. Onların xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Bütün yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm, əminəm ki, onlar tezliklə normal həyata qayıdacaqlar, onlar daim diqqət mərkəzində olacaqlar. Bizim bütün hərbçilərimiz, Füzuli və işğaldan azad edilmiş başqa torpaqlarda yaşamış sakinlər bilməlidirlər ki, biz bütün bu yerləri bərpa edəcəyik. Mən demişdim, Füzulidə bir dənə də bina tapılmadı ki, orada Azərbaycan bayrağı ucaldılsın. Amma biz bərpa edəcəyik. İndi müvafiq göstərişlər verildi, planlı şəkildə bunu edəcəyik, beynəlxalq ekspertləri dəvət etmişik, onlar da gələcəklər. Bütün dəymiş ziyanı birlikdə hesablayacağıq. Ondan sonra şəhərsalma üzrə mütəxəssisləri - həm Azərbaycan mütəxəssislərini, həm xarici mütəxəssisləri dəvət edəcəyik. Onlar da gələcəklər, yeni bir şəhərsalma planı qurulacaqdır. Kəndlərin, şəhərlərin, infrastrukturun, ekologiyanın bərpası – bütün bu planlar var. Hamısını icra edəcəyik, İnşallah, hamısını! Allahın köməyi ilə hamısını icra edəcəyik. Necə ki, torpaqlarımızı qaytardıq, düşməni məhv etdik, bu üçrəngli bayrağımızı ucaltdıq, bütün qalan məsələləri də həll edəcəyik. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! x x x Dövlətimizin başçısı sükan arxasında yolda gedərkən yol kənarına toplaşan insanları gördü və avtomobili saxlayaraq onlarla görüşdü. x x x Cəbrayıla gedərkən avtomobili özü idarə edən Prezident İlham Əliyev dedi: -Cəbrayıl rayonu. Gedirik Xudafərin körpüsünün yanına. Xudafərin körpüsü qabaqdadır. Bu da Azərbaycan vətəndaşlarının vəhşi düşmən tərəfindən dağıdılmış evləridir. Araz çayı, Azərbaycan-İran sərhədi. Dostluq sərhədidir. Yol boyunca düşmənin dağıtdığı kəndləri görərkən bir daha şahidi oluruq ki, biz hansı vəhşi düşmənlə üz-üzəyik. Bunları gördükcə bir daha adam əmin olur ki, biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz yırtıcı düşməni məhv etmişik. Dünyada bir çox müharibələr olub, bu gün də gedir. Bu gün də bəzi yerlərdə işğal davam edir. Amma inanmıram ki, kimsə bu qədər qəddar, bu qədər qeyri-insani bir düşmənlə üz-üzə qalsın. Bizim tarixi qələbəmiz erməni faşizmi üzərində əldə edilmiş qələbədir. Bizim zəfərimiz haqqın, ədalətin bərpasıdır. Bu gün, noyabrın 16-sı mənim həyatımda xüsusi tarix olaraq qalacaq. Çünki bir neçə dəqiqədən sonra biz qədim memarlıq abidəmiz olan Xudafərin körpüsünə yaxınlaşacağıq. Bu dağlar artıq bizimdir, həmişə bizim olub. Ancaq 30 ilə yaxın düşmən bu dağlarda, bu torpaqlarda, bizim dədə-baba torpaqlarımızda oturub, bizə meydan oxuyub. Vəhşi düşmən tərəfindən dağıdılmış evlərin hamısını bərpa edəcəyik. Bu da Xudafərin su anbarıdır. Bizdən aşağıda Araz çayıdır. İndi tunelə giririk. O tərəf qonşu dövlət İran İslam Respublikasıdır. x x x Dövlətimizin başçısı və birinci xanım Xudafərin körpüsünə gəldilər. Bu anlar da tariximizin səhifələrinə qızıl hərflərlə yazılacaq. Prezident İlham Əliyev Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırdı. Dövlətimizin başçısının bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur məsələsi idi. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Araz çayının sahilini gəzdilər, Xudafərin körpüsünün önündə xatirə şəkilləri çəkdirdilər. Daha sonra dövlətimizin başçısı və birinci xanım Cəbrayıl şəhərinə yola düşdülər. Cəbrayıl şəhərinə gedən yolun ətrafı da eyni vəziyyətdədir. Budur, erməni işğalçılarının çirkin üzü. Bu, erməni vandallarının əsl mahiyyətini ortaya qoyur, onların kimliyini göstərir. Prezident İlham Əliyev: Cəbrayıl şəhərinə giririk. Düşmən burada özü üçün hərbi hissələr yaradıb. Şəhərdə hərbi hissələrdən başqa bir şey yoxdur. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də işğaldan azad edilmiş Cəbrayıl şəhərinə gəldilər. Xalqımızın uzun illər həsrətində olduğu anları yaşadıq. Dövlətimizin başçısı, Ali Baş Komandan Cəbrayıl şəhərində də üçrəngli bayrağımızı qaldırdı. Prezident İlham Əliyev: Cəbrayıl şəhəri işğaldan azad edilib, Azərbaycanın Dövlət Bayrağı ucaldılıb. Bütün Azərbaycan xalqını təbrik edirəm. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Gedək baxaq bəzi binalara. Bura düşmənin polis idarəsi olub. İndi Azərbaycan polisi keşik çəkir. Baxın, mənfur düşmən Cəbrayıl şəhərini nə günə salıb. Bütün dünya bunu görsün. Görsün və bilsin ki, biz hansı yaramaz düşmənlə üz-üzəyik. Bütün binaları dağıdıblar, talan ediblər. Onların məqsədi var idi ki, bundan sonra burada heç vaxt azərbaycanlı insanlar yaşamasınlar. Yaşayacağıq, əbədi yaşayacağıq. Hamısını bərpa edəcəyik, hamısını. Baxın nə günə qoyublar. Otuz il ərzində bu barədə hansısa bir beynəlxalq qurum bir məsələ qaldırıbmı? Burada monitorinq aparılıbmı? İndi bütün dünya görəcək Cəbrayıl şəhərini nə günə salıblar. Bura Cəbrayıl şəhərinin mərkəzidir. Bir dənə də salamat bina yoxdur. Bir dənə də salamat bina qoymayıblar. Yalnız orada özləri üçün hərbi hissə tikiblər. Bütün qalan infrastruktur, evlər, binalar, məktəblər, ictimai binalar - hamısı düşmən tərəfindən sökülüb. Cavab verəcəklər. Beynəlxalq məhkəmələrdə cavab verəcəklər. Mən demişəm, bir daha demək istəyirəm ki, beynəlxalq qurumlar gələcək, ekspertlər gələcək, bütün ziyan hesablanacaq. Otuz il ərzində bizə vurulmuş ziyan hesablanacaq. Bu günlərdə Kəlbəcəri dağıdan, meşələri qıran, binaları, məktəbləri yandıran düşmən onun da cavabını verəcək. Onlar hesab edirdilər ki, bu dağıntılardan sonra Azərbaycan əhalisi heç vaxt buraya qayıtmayacaq. O məqsədlə buranı dağıdıblar. Amma səhv ediblər. Biz qayıtmışıq. Bax, durmuşuq burada, öz doğma torpağımızda, Cəbrayıl şəhərində. Bütün buraları bərpa edəcəyik. Yeni böyük baş plan tərtib ediləcək. Müvafiq göstərişlər verilib. Hər bir şəhər üçün xüsusi baş plan tərtib ediləcək. Burada bütün inzibati binalar, ictimai binalar, məktəblər, tibb ocaqları yaradılacaq. Bütün infrastruktur yaradılacaq. Küçələr salınacaq, parklar, xiyabanlar salınacaq. Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və həyat qayıdacaq. Yenə də Azərbaycan vətəndaşları burada yaşayacaqlar, quracaqlar, yaradacaqlar. Amma bugünkü tarix heç vaxt silinməyəcək. Erməni vəhşiliyinin canlı şahidləridir, bax, bu dağılmış evlər. Bu evlərdə Azərbaycan vətəndaşları yaşayıb, mülki vətəndaşlar yaşayıb. Mənfur düşmən gəlib onları öz torpaqlarından didərgin salıb, onların binalarını dağıdıb, onların əmlakını mənimsəyib, talayıb. Düşmən oğru, əxlaqsız, vicdansız bir düşməndir. Mən bir daha demək istəyirəm ki, bizim parlaq Qələbəmiz təkcə ölkəmizin ərazi bütövlüyünün bərpası deyil. Bu, şərlə xeyir qüvvələrinin mübarizəsidir. Şər qüvvələri məğlub olub, amma biz qalib gəlmişik. Çünki biz qurub yaradanıq. Ermənilər isə bax, bunları ediblər, dağıdıblar. Bərpa edəcəyik bunları, hamısını bərpa edəcəyik. Azərbaycan xalqı bir daha öz böyüklüyünü göstərəcək. Bir daha bütün dünyaya sübut edəcəyik ki, biz böyük xalqıq. Biz qayıtmışıq, vuruşa-vuruşa qayıtmışıq. Heç kim bizə bu torpaqları bağışlamayıb. Heç bir beynəlxalq təşkilat təcavüzkara təzyiq göstərməyib. Heç kim onlardan tələb etməyib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etsin. Sadəcə olaraq, nə hərb, nə sülh, hər şeyi dondurulmuş vəziyyətdə saxlamaq, işğalı əbədiləşdirmək, bizim tarixi torpaqlarımızın tarixi irsini silmək, torpaqlarımızı erməniləşdirmək, şəhərlərimizə, kəndlərimizə eybəcər erməni adları vermək və bu məsələni Azərbaycan xalqının yaddaşından silmək idi onların məqsədi. Amma səhv etdilər. Dəfələrlə demişəm ki, biz bu işğalla heç vaxt barışmayacağıq. Hər bir cəbrayıllı bir arzu ilə yaşayırdı ki, öz dədə-baba torpağına qayıtsın. Haqq-ədalət zəfər çaldı. Müzəffər Azərbaycan Ordusu zəfər çaldı. Düşmənin beli qırıldı. Düşmən torpaqlarımızdan qovuldu. Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və əbədi dalğalanacaq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!   xxx Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar. Publika.az xəbər verir ki, səfərdən qısa video yayılsa da, daha geniş məlumat sabah ictimaiyyətə təqdim olunacaq.                

Hamısını oxu
İlham Əliyev Qobustan rayonuna getdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Qobustan rayonuna səfərə gedib. Dövlət başçısı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Qeyd edək ki, regionların inkişafı ilə əlaqədar icra olunan dövlət proqramları, həmçinin Prezident İlham Əliyevin rayonlara səfərləri zamanı əhali tərəfindən qaldırılan məsələlərə həssas münasibət Qobustan rayonunun iqtisadi, sosial və mədəni həyatına da təsirsiz ötüşməyib. Son illər ölkənin bütün regionları kimi, bu rayon da özünün əsl inkişaf dövrünü yaşayır. İqtisadiyyatın şaxələndirilməsi, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülür.   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Qobustan rayonuna səfərə gedib. Dövlət başçısı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.   İyulun 29-da Qobustanda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Dövlət başçısına modul tipli xəstəxanada yaradılan şərait barədə məlumat verildi. Bildirildi ki, üç korpusdan ibarət, 100 palatası və 200 çarpayı yeri olan bu xəstəxana kompleksi mərkəzləşdirilmiş Oksigen Generator Sistemi ilə, həmçinin mərkəzləşdirilmiş havalandırma sistemi ilə təchiz olunub. Burada orta ağırlıqlı simptomları olan infeksion koronavirus xəstələrinin qəbulu və müalicəsi üçün zəruri şərait yaradılıb. Ağır simptomları olan xəstələrin qəbulu üçün əlavə avadanlıqlarla təchiz edilməklə müvafiq təkmilləşdirilmə işləri görülür. Bu korpus zərurət olmadıqda – yəni pandemiya ilə mübarizə başa çatdıqdan sonra asanlıqla digər sahələrə köçürülə və başqa məqsədlər üçün – məsələn hərbi hissələr, sərhəd xidməti, tədris və ya fövqəladə hallar, yataq, məişət xidməti və sair üçün istifadə edilə bilər. Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, pandemiyanın qarşısının alınması, əhalinin sağlamlığının qorunması məqsədilə həyata keçirilən önləyici kompleks tədbirlər çərçivəsində ölkə ərazisində ümumilikdə 10 modul tipli xəstəxana kompleksinin quraşdırılmasına başlanılıb. Mayın 7-də Bakıda 1 saylı Kliniki Tibbi Mərkəzdə ilk, iyunun 9-da 28 saylı Bilgəh qəsəbəsində Birləşmiş Şəhər Xəstəxanasının, 1 saylı Sumqayıt Şəhər Xəstəxanasının və Abşeron rayonunun Saray qəsəbə xəstəxanasının, iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusları, iyulun 6-da Xətai rayonunda modul tipli hospital istifadəyə verilib. Növbəti modul tipli infeksion xəstəliklər korpusu Qobustan rayonunda quraşdırılıb. Bu komplekslər rayon mərkəzi xəstəxanalarının yaxınlığında quraşdırılaraq onlara təhkim olunur ki, bu da koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və tibbi koordinasiyanı təmin edir. İyulun 29-da Qobustanda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Dövlət başçısına modul tipli xəstəxanada yaradılan şərait barədə məlumat verilib.

Hamısını oxu
Sağlığında məzarı üşün şəkil çəkdirən, mayor rütbəsi almağından xəbərsiz halda əbədiyyətə qovuşan şəhid

 “Mən asfalt zabiti olmaq istəmirəm dedi və könüllü olaraq ön xətdə yolandı” Günel Məlikova: “Zabit olmaq onun uşaqlıq xəyalı idi və o, öz xəyalına qovuşduğu üçün xoşbəxt idi” Bu gün 44 günlük Vətən müharibəsi şəhidi kapitan Məlikov Aqil Niyaz oğlunun ad günüdür. Bu münasibətlə Veteran.gov.az saytı olaraq şəhidin həyat yoldaşı Günel Məlikova ilə söhbət etdik, şəhidimizin həyat və döyüş yoluna nəzər salmağa çalışdıq: -Günel xanım, bu gün qəhrəman şəhidimiz Aqil Məlikovun ad günüdür. Mümkünsə bir qədər Aqilin uşaqlıq və tələbəlik illərindən bəhs edərdiniz. -Aqil 6 aprel 1986-cı ildə Quba rayonunun Alpan kəndində zanadan olub. 1993-cü ildə Elşad Bayramov adına Alpan kənd tam orta məktəbində 1-ci sinfində təhsil alıb, 2004-cü ildə həmin məktəbi bitirib. Zabit olmaq, vətənin keşiyində dayanmaq Aqilin uşaqlıq arzusu idi. O, hər zaman bunu xəyal etmiş, bu arzu ilə nəfəs almışdı. Məhz bu arzu 2005-ci ildə onu Ali Hərbi Akademiyaya gətirir. 2005-ci ildə Ali Hərbi Akademiyaya daxil olan Aqil, 2009-cu ildə bu təhsil müəssisini uğurla bitirir. Aqil akademiyada təhsil aldığı dönəmdə özünü son dərəcə məsuliyyətli, çalışqan və intizamlı kursant kimi göstərir. Şəxsi keyfiyyətləri, öz işinə olduqca məsuliyyətlə yanaşması onu pedaqoji kollektivin sevimlisinəı çevirir. 2009-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində leytenant rütbəsində xidmətə başlayır. 2010-cu ildə isə xidmətini davam etdirmək üçün Şəkinin Şorsu kəndindəki N saylı hərbi hissəyə taqım komandiri kimi təyinat alır. Aqil zabit kimi ilk təcrübələrini də məhz bu zaman əldə edir. Vətənin hər qarışını addım-addım dolaşan, əsgərləri üçün şəxsi nümunə olan zabit -Və daha sonra öz xidmətini Tərtər rayonunda – ön xətdə davam etdirir... -Bəli. Tərtər rayonunda xidmətə başladıqdan sonra vaxtından əvvəl “baş leytenant” rütbəsi alır və bölük komandiri vəzifəsinə yüksəlir. Bir müddət burada xidmət etdikdən sonra Goranboy rayonunun Ağcakənd qəsəbəsində “N” saylı hərbi hissədə bölük komandiri kimi xidmətini davam etdirir. 1 il 2 ay burada xidmət etdikdən sonra Gəncə şəhərindəki “N” saylı hərbi hissəyə Maddi-Texniki Təminat Bölüyünün komandiri vəzifəsinə təyinat alır. 2016-cı ildə Ağdam rayonundakı “N” saylı hərbi hissədə eyni vəzifədə xidmət edir. 2016-cı ildə başlayan Aprel döyüşləri həm onun, həm ailəmizin, həm də xalqımızın həyatında yeni bir dönəm açır. Aqil hər zaman Aprel döyüşlərindən böyük bir şövqlə danışır, əsgər və zabitlərimizin bu döyüşlərdə sərgilədiyi qəhrəmanlıqların tarixin yaddaşında əbədi qalacağını vurğulayırdı. Ümumiyyətlə, Aprel döyüşləri onda böyük ruh yüksəkliyi, böyük zəfərə qəti inam hissi formalaşdırmışdı. Bu inam sadəcə onun sözlərində deyil, həm də gözlərində, baxışlarında, təbəssümündə əks olunur, onunla ünsiyyətdə olan hər kəsə sirayət edirdi. Və tarix sübut etdi ki, o, öz inamında yanılmayıb. “Cəbhə xəttindən yeni gəlsə də, yenidən ön xətdə qayıtmaq üçün raport yazdı” -Aprel döyüşlərindən sonra Aqil xidmətini hansı bölgələrdə davam etdirir? -Aprel döyüşlərindən sonra cəbhə bölgələrində xidməti nəzərə alınaraq Aqil Bakının Müşviq qəsəbəsində yerləşən “N” saylı hərbi hissəyə Maddi-Texniki Təminat bölüyünə komandir təyin olunur. Lakin onun qəlbi yenə də  ön xəttə can atır, ön xətlə döyünürdü. Elə buna görə də 8 ay Müşfiq qəsəbəsində xidmət etdikdən sonra o, raport yazaraq yenidən cəbhə xəttinə qayıtmaq istədiyini bildirir. Çox keçmir ki, Aqil Ağcəbədi rayonunda yerləşən “N” saylı hərbi hissəyə göndərilir. Nümunəvi xidmətinə görə müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən mükafatlandırılır. Eyni zamanda, NATO-nun hərbi təlimlərində təlimçi kimi iştirak edir. Aqil təlimdən qayıtdan sonra Beyləqan rayonundakı “N” saylı hərbi hissəyə tabor komandirinin müavini vəzifəsinə təyinat alır. 2020-ci ildə sentyabrın 27-də başlayan Vətən müharibəsinə də şəxsi heyəti ilə birlikdə həmin hərbi hissədən yola düşür. -Yəni müharibənin elə ilk günündə hərbi əməliyyatlara qatılır? -Bəli. Aqil və onun əsgərləri Füzuli rayonunun Qaraxanbəyli kəndində Ohanyan səddinin yarılmasında böyük şücaət göstərirlər. Aqil və onun əsgərləri 3 kəndi və 7 postu düşmən əsgərlərindən azad edir. Sentyabrın 27-də Aqil Qaraxanbəyli kəndində bir neçə zabitlə birlikdə şəhid olur. Şəhadətindən sonra Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə “ medalı, ”Vətən uğrunda “, ”İgidliyə görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunur. Xidmət etdiyi dövrdə  isə Aqil ,,Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi medalı”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi medalı”,  ,,Azərbaycan  Ordusunun100 illiyi medalı”, III dərəcəli “Qüsursuz xidmətə görə” medalları ilə təltif olunub. “O, şəhid olacağını bilirdi və məzarına vurulacaq şəkli də sağlığında seçmişdi” -Yəqin ki, Aqillə bağlı xatirələriniz çoxdur. Mümkünsə bu xatirələrdən birini bizimlə bölüşmənizi xahiş edirik. -Şübhəsiz ki, Aqillə bağlı xatirələrimiz çoxdur və bu xatirələrin hər biri bizim üçün olduqca əzizdir. Mən bunlardan birini xüsusilə tez-tez yada salıram. Bu, Aqilin Müşviq qəsəbəsində xidmət etdiyi dönəmlə bağlıdır. Bir gün Aqil evə gələndə üzündə aşkar narahatlıq hiss etdim. O, çox fikirli və qayğılı görünürdü. Mən bunun səbəbini soruşdum. Aqil mənə dedi ki, mən Bakıda – asfalt üstündə xidmət edə bilmirəm. Mən asfalt zabiti olmaq istəmirəm. Ön xətdə xidmət etmək istəyirəm. Bu gün raport yazmışam. Xahiş etmişəm ki, məni ön xətdə göndərsinlər. Bundan sonra xahişini nəzərə alaraq Aqili əvvəl Ağcabədi, daha sonra Beyləqandakı “N” saylı hərbi hissəyə göndərdilər və Vətən müharibəsinə də taborun qərargah rəisi  kimi Beyləqandakı hərbi hissədən qatıldı. Aqillə bağlı sinif yoldaşlarının da maraqlı bir xatirəsi var. Onlar bildirirdilər ki, Aqil yuxarı kursda oxuyanda kəndə gəlmişdi. Əlində vəsiqəlik şəkillər var idi. Bu, onun kursant formasında olan şəkli idi. Sinif yoldaşları ondan “bu qədər şəkli niyə özünlə gətirmisən” deyə soruşublar. Aqil isə cavabında deyib ki, bu şəkilləri sizin üçün gətirmişəm. Bu şəkildən hər birinizə verəcəm. İstəyirəm ki, məni hər zaman belə xatırlayasınız. Şəhid olanda məzarıma da məhz bu şəklin vurulmasını istəyirəm. Bunu məhz məzarıma vursunlar deyə çəkdirmişəm. O, şəhid olacağını bilirdi və bundan qürur duyurdu. O, əbədiyyətə beləcə - ölümün gözlərinə dik baxaraq, ölümə meydan oxuyaraq qovuşdu. Bu gün Aqil fiziki baxımdan həyatda olmasa da onun və digər şəhidlərimizin bizə qoyub getdiyi miras yaşamaqdadır. Bu, 8 Noyabr zəfəri ilə yanaşı, həm də vətən, dövlət, bayraq naminə özünü fəda etmək bacarığıdır. Mən övladlarım Xədicə və Süleymanı da məhz bu ruhda – qəhrəmanlıq ruhunda böyütməyə çalışıram. İstəyirəm onlar atalarının hansı böyük amallar uğrunda şəhid olduğunu bütün təfərrüatı ilə anlasınlar, atalarının qəhrəmanlıq ənənəsini davam etdirməyə hazır olsunlar. Və əmin olsunlar ki, Vətən üçün şəhid olanlar həqiqətən də əbədiyaşardırlar! Mən fürsətdən istifadə edib, şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürümüzü bildiririk. Quba Rayon İcra Hakimiyyətinə də bizimlə mütəmadi əlaqə saxladığı, qayğılarımızla maraqlandığı üçün minnətdarıq. Bayram günü bizi ziyarət edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilova da təşəkkür edirik. Bu qayğı və diqqət şəhid ailəsi olaraq bizlər üçün son dərəcə qiymətlidir və bu bizə mənəvi gücümüzü qoruyub saxlamaqda, həyata nikbinliklə baxmaqda kömək edir. Əminəm ki, illər, əsrlər ötüb keçsə də şəhidlərimizin qəhrəmanlığı əsla unudulmayacaq, şəhidlərimizin döyüş yolu ilə yanaşı, şəhid ailələrinə dövlətimiz tərəfindən göstərilən sevgi və ehtiram gənc nəsillərin vətənpərvərlik tərbiyəsinin inkişafına töhfə verəcək. Seymur ƏLİYEV  

Hamısını oxu