Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Sağlığında məzarı üşün şəkil çəkdirən, mayor rütbəsi almağından xəbərsiz halda əbədiyyətə qovuşan şəhid

 “Mən asfalt zabiti olmaq istəmirəm dedi və könüllü olaraq ön xətdə yolandı”

Günel Məlikova: “Zabit olmaq onun uşaqlıq xəyalı idi və o, öz xəyalına qovuşduğu üçün xoşbəxt idi”

Bu gün 44 günlük Vətən müharibəsi şəhidi kapitan Məlikov Aqil Niyaz oğlunun ad günüdür. Bu münasibətlə Veteran.gov.az saytı olaraq şəhidin həyat yoldaşı Günel Məlikova ilə söhbət etdik, şəhidimizin həyat və döyüş yoluna nəzər salmağa çalışdıq:

-Günel xanım, bu gün qəhrəman şəhidimiz Aqil Məlikovun ad günüdür. Mümkünsə bir qədər Aqilin uşaqlıq və tələbəlik illərindən bəhs edərdiniz.

-Aqil 6 aprel 1986-cı ildə Quba rayonunun Alpan kəndində zanadan olub. 1993-cü ildə Elşad Bayramov adına Alpan kənd tam orta məktəbində 1-ci sinfində təhsil alıb, 2004-cü ildə həmin məktəbi bitirib.

Zabit olmaq, vətənin keşiyində dayanmaq Aqilin uşaqlıq arzusu idi. O, hər zaman bunu xəyal etmiş, bu arzu ilə nəfəs almışdı. Məhz bu arzu 2005-ci ildə onu Ali Hərbi Akademiyaya gətirir. 2005-ci ildə Ali Hərbi Akademiyaya daxil olan Aqil, 2009-cu ildə bu təhsil müəssisini uğurla bitirir.

Aqil akademiyada təhsil aldığı dönəmdə özünü son dərəcə məsuliyyətli, çalışqan və intizamlı kursant kimi göstərir. Şəxsi keyfiyyətləri, öz işinə olduqca məsuliyyətlə yanaşması onu pedaqoji kollektivin sevimlisinəı çevirir.

2009-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində leytenant rütbəsində xidmətə başlayır. 2010-cu ildə isə xidmətini davam etdirmək üçün Şəkinin Şorsu kəndindəki N saylı hərbi hissəyə taqım komandiri kimi təyinat alır.

Aqil zabit kimi ilk təcrübələrini də məhz bu zaman əldə edir.

Vətənin hər qarışını addım-addım dolaşan, əsgərləri üçün şəxsi nümunə olan zabit

-Və daha sonra öz xidmətini Tərtər rayonunda – ön xətdə davam etdirir...

-Bəli.

Tərtər rayonunda xidmətə başladıqdan sonra vaxtından əvvəl “baş leytenant” rütbəsi alır və bölük komandiri vəzifəsinə yüksəlir. Bir müddət burada xidmət etdikdən sonra Goranboy rayonunun Ağcakənd qəsəbəsində “N” saylı hərbi hissədə bölük komandiri kimi xidmətini davam etdirir.

1 il 2 ay burada xidmət etdikdən sonra Gəncə şəhərindəki “N” saylı hərbi hissəyə Maddi-Texniki Təminat Bölüyünün komandiri vəzifəsinə təyinat alır. 2016-cı ildə Ağdam rayonundakı “N” saylı hərbi hissədə eyni vəzifədə xidmət edir. 2016-cı ildə başlayan Aprel döyüşləri həm onun, həm ailəmizin, həm də xalqımızın həyatında yeni bir dönəm açır.

Aqil hər zaman Aprel döyüşlərindən böyük bir şövqlə danışır, əsgər və zabitlərimizin bu döyüşlərdə sərgilədiyi qəhrəmanlıqların tarixin yaddaşında əbədi qalacağını vurğulayırdı. Ümumiyyətlə, Aprel döyüşləri onda böyük ruh yüksəkliyi, böyük zəfərə qəti inam hissi formalaşdırmışdı. Bu inam sadəcə onun sözlərində deyil, həm də gözlərində, baxışlarında, təbəssümündə əks olunur, onunla ünsiyyətdə olan hər kəsə sirayət edirdi. Və tarix sübut etdi ki, o, öz inamında yanılmayıb.

“Cəbhə xəttindən yeni gəlsə də, yenidən ön xətdə qayıtmaq üçün raport yazdı”

-Aprel döyüşlərindən sonra Aqil xidmətini hansı bölgələrdə davam etdirir?

-Aprel döyüşlərindən sonra cəbhə bölgələrində xidməti nəzərə alınaraq Aqil Bakının Müşviq qəsəbəsində yerləşən “N” saylı hərbi hissəyə Maddi-Texniki Təminat bölüyünə komandir təyin olunur. Lakin onun qəlbi yenə də  ön xəttə can atır, ön xətlə döyünürdü. Elə buna görə də 8 ay Müşfiq qəsəbəsində xidmət etdikdən sonra o, raport yazaraq yenidən cəbhə xəttinə qayıtmaq istədiyini bildirir. Çox keçmir ki, Aqil Ağcəbədi rayonunda yerləşən “N” saylı hərbi hissəyə göndərilir. Nümunəvi xidmətinə görə müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən mükafatlandırılır. Eyni zamanda, NATO-nun hərbi təlimlərində təlimçi kimi iştirak edir.

Aqil təlimdən qayıtdan sonra Beyləqan rayonundakı “N” saylı hərbi hissəyə tabor komandirinin müavini vəzifəsinə təyinat alır. 2020-ci ildə sentyabrın 27-də başlayan Vətən müharibəsinə də şəxsi heyəti ilə birlikdə həmin hərbi hissədən yola düşür.

-Yəni müharibənin elə ilk günündə hərbi əməliyyatlara qatılır?

-Bəli.

Aqil və onun əsgərləri Füzuli rayonunun Qaraxanbəyli kəndində Ohanyan səddinin yarılmasında böyük şücaət göstərirlər. Aqil və onun əsgərləri 3 kəndi və 7 postu düşmən əsgərlərindən azad edir. Sentyabrın 27-də Aqil Qaraxanbəyli kəndində bir neçə zabitlə birlikdə şəhid olur.

Şəhadətindən sonra Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə “ medalı, ”Vətən uğrunda “, ”İgidliyə görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunur.

Xidmət etdiyi dövrdə  isə Aqil ,,Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi medalı”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi medalı”,  ,,Azərbaycan  Ordusunun100 illiyi medalı”, III dərəcəli “Qüsursuz xidmətə görə” medalları ilə təltif olunub.

“O, şəhid olacağını bilirdi və məzarına vurulacaq şəkli də sağlığında seçmişdi”

-Yəqin ki, Aqillə bağlı xatirələriniz çoxdur. Mümkünsə bu xatirələrdən birini bizimlə bölüşmənizi xahiş edirik.

-Şübhəsiz ki, Aqillə bağlı xatirələrimiz çoxdur və bu xatirələrin hər biri bizim üçün olduqca əzizdir. Mən bunlardan birini xüsusilə tez-tez yada salıram. Bu, Aqilin Müşviq qəsəbəsində xidmət etdiyi dönəmlə bağlıdır. Bir gün Aqil evə gələndə üzündə aşkar narahatlıq hiss etdim. O, çox fikirli və qayğılı görünürdü. Mən bunun səbəbini soruşdum. Aqil mənə dedi ki, mən Bakıda – asfalt üstündə xidmət edə bilmirəm. Mən asfalt zabiti olmaq istəmirəm. Ön xətdə xidmət etmək istəyirəm. Bu gün raport yazmışam. Xahiş etmişəm ki, məni ön xətdə göndərsinlər.

Bundan sonra xahişini nəzərə alaraq Aqili əvvəl Ağcabədi, daha sonra Beyləqandakı “N” saylı hərbi hissəyə göndərdilər və Vətən müharibəsinə də taborun qərargah rəisi  kimi Beyləqandakı hərbi hissədən qatıldı.

Aqillə bağlı sinif yoldaşlarının da maraqlı bir xatirəsi var. Onlar bildirirdilər ki, Aqil yuxarı kursda oxuyanda kəndə gəlmişdi. Əlində vəsiqəlik şəkillər var idi. Bu, onun kursant formasında olan şəkli idi. Sinif yoldaşları ondan “bu qədər şəkli niyə özünlə gətirmisən” deyə soruşublar. Aqil isə cavabında deyib ki, bu şəkilləri sizin üçün gətirmişəm. Bu şəkildən hər birinizə verəcəm. İstəyirəm ki, məni hər zaman belə xatırlayasınız. Şəhid olanda məzarıma da məhz bu şəklin vurulmasını istəyirəm. Bunu məhz məzarıma vursunlar deyə çəkdirmişəm.

O, şəhid olacağını bilirdi və bundan qürur duyurdu. O, əbədiyyətə beləcə - ölümün gözlərinə dik baxaraq, ölümə meydan oxuyaraq qovuşdu.

Bu gün Aqil fiziki baxımdan həyatda olmasa da onun və digər şəhidlərimizin bizə qoyub getdiyi miras yaşamaqdadır. Bu, 8 Noyabr zəfəri ilə yanaşı, həm də vətən, dövlət, bayraq naminə özünü fəda etmək bacarığıdır. Mən övladlarım Xədicə və Süleymanı da məhz bu ruhda – qəhrəmanlıq ruhunda böyütməyə çalışıram. İstəyirəm onlar atalarının hansı böyük amallar uğrunda şəhid olduğunu bütün təfərrüatı ilə anlasınlar, atalarının qəhrəmanlıq ənənəsini davam etdirməyə hazır olsunlar. Və əmin olsunlar ki, Vətən üçün şəhid olanlar həqiqətən də əbədiyaşardırlar!

Mən fürsətdən istifadə edib, şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürümüzü bildiririk. Quba Rayon İcra Hakimiyyətinə də bizimlə mütəmadi əlaqə saxladığı, qayğılarımızla maraqlandığı üçün minnətdarıq. Bayram günü bizi ziyarət edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilova da təşəkkür edirik. Bu qayğı və diqqət şəhid ailəsi olaraq bizlər üçün son dərəcə qiymətlidir və bu bizə mənəvi gücümüzü qoruyub saxlamaqda, həyata nikbinliklə baxmaqda kömək edir.

Əminəm ki, illər, əsrlər ötüb keçsə də şəhidlərimizin qəhrəmanlığı əsla unudulmayacaq, şəhidlərimizin döyüş yolu ilə yanaşı, şəhid ailələrinə dövlətimiz tərəfindən göstərilən sevgi və ehtiram gənc nəsillərin vətənpərvərlik tərbiyəsinin inkişafına töhfə verəcək.

Seymur ƏLİYEV

 

2026-04-06 10:01:00
2013 baxış

Digər xəbərlər

Cəlil Xəlilov: Prezident İlham Əliyevin müharibə dövründə mediaya verdiyi açıqlamalar bu mübarizədə həlledici rol oynayıb

Dövlətimiz 44 günlük Vətən müharibəsində informasiya cəbhəsində də düşmənə qarşı uğurla mübarizə aparıb. Bunu AZƏRTAC-a müsahibəsində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov deyib. Qeyd edib ki, məhz jurnalistlərimizin, hərbi-siyasi ekspertlərimizin, diplomatlarımızın media müstəvisində apardığı mübarizə informasiya məkanında erməni təxribatlarının ifşasına imkan verib: “44 günlük Vətən müharibəsində Azərbaycan yalnız ön cəbhədə deyil, bütün müstəvilərdə düşmənə qarşı müvəffəqiyyətlə mübarizə aparıb, erməni yalanlarını, rəsmi İrəvanın informasiya məkanında həyata keçirməyə çalışdığı təxribatları ifşa edib. Bu məsələdə jurnalistlərimiz böyük səy və fədakarlıq göstəriblər. Hərbi-siyasi ekspertlərimiz, diplomatlarımız, müxtəlif qurum və təşkilatlar Azərbaycan həqiqətlərinin təbliği, erməni vəhşiliklərinin dünyaya çatdırılması istiqamətində böyük səy ortaya qoyublar. Lakin bu müstəvidə də ən böyük rolu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev oynadı”. Cəlil Xəlilov bildirib ki, dövlət başçımızın Vətən müharibəsinin gedişində 30-a yaxın xarici media qurumuna verdiyi müsahibələr, erməni yalanlarını faktlarla, konkret arqumentlərlə ifşa etməsi beynəlxalq ictimaiyyətin, dünya xalqlarının əsl həqiqətdən xəbər tutmasını, Azərbaycanın haqq işinə dəstək verməsini təmin edib. Prezident Vətən müharibəsi dövründə mətbuata verdiyi açıqlamalarda sadəcə erməni faşizminin deyil, işğalçı Ermənistana havadarlıq edən, onlara dəstək verən qüvvələri də ifşa edib. “Dövlətimizin media müstəvisində həyata keçirdiyi mübarizədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də əməyini xüsusi qeyd etmək lazımdır. O, həm müharibə, həm də post-müharibə dönəmində erməni cinayətlərinin ifşasında mühüm rol oynayıb, bu istiqamətdə çox ciddi addımlar atıb. Ermənistan ordusunun raket zərbələrinə məruz qoyduğu şəhərlərə Hikmət Hacıyevin rəhbərliyi ilə edilən səfərlər, xarici diplomatların bu səfərlərə cəlb edilməsi dünya ictimaiyyətinin erməni faşizminin əsl üzünü görməsini təmin etdi”, – deyə C.Xəlilov vurğulayıb. Sədr müavini jurnalistlərimizin ön və arxa cəbhədəki əməyinə də diqqət çəkib: “Vətən müharibəsində jurnalistlərimiz həm ön, həm də arxa cəbhədə böyük fədakarlıqlar göstəriblər. Onlar müharibənin ən qaynar nöqtələrindən reportajlar hazırlayır, vətəndaşların informasiyaya olan ehtiyacını çevik şəkildə qarşılayırdılar. Media nümayəndələri, həmçinin müharibədən sonra da ermənilərin vaxtı ilə işğal altında saxladıqları ərazilərimizdə törətdikləri vəhşiliklərin ifşa edilməsində və vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılmasında həlledici rol oynayıblar. İki jurnalistimiz - Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin operatoru Sirac Abışov işğaldan azad edilən ərazilərdə xidməti vəzifələri icra edən zaman mina terroru nəticəsində şəhid olublar. Bütün bu faktlar jurnalistlərimizin müharibə və post-müharibə dövründə öz vəzifələrini necə böyük cəsarət və qəhrəmanlıqla həyata keçirdiyini göstərir”.

Hamısını oxu
Ağdamda Milli Qəhrəmana həsr edilmiş “Canpolad” sənədli filmi təqdim olunub

Ağdam Muğam Mərkəzində rayon icra hakimiyyətinin dəstəyi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Canpolad Yaqub oğlu Rzayevə həsr edilmiş “Canpolad” sənədli filminin təqdimatı olub. Təqdimat mərasimində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Ağdam Rayon Təşkilatının nümayəndələri də iştirak edib. Azərtac-ın bölgə müxbiri xəbər verir ki, qəhrəmanın ailə üzvlərinin, şəhid ailələrinin, qazilərin, QHT-lərin və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının, Ulu Öndər Heydər Əliyevin və Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində həyatını itirmiş insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər Milli Qəhrəman Canpolad Rzayevin şərəfli döyüş yolundan, şəhid və Milli Qəhrəman ailələrinə, qazilərə göstərilən dövlət qayğısından bəhs edib, gənclərdə vətənpərvərlik duyğularının inkişaf etdirilməsində bu kimi filmlərin əhəmiyyətindən danışıblar. Milli Qəhrəmanın oğlu Canpolad Rzayev filmin ərsəyə gəlməsində əməyi olanlara, tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib. Sonra sənədli film nümayiş etdirilib. “Salnaməfilm studiyası” tərəfindən dövlət sifarişi ilə hazırlanmış filmin rejissoru Elşən Zeynallıdır. Qeyd edək ki, Canpolad Yaqub oğlu Rzayev 1968-ci il fevralın 26-da Ağdam rayonunun Çuxurməhlə kəndində anadan olub. Leytenant rütbəsində tank komandiri kimi Birinci Qarabağ müharibəsində iştirak edib, 1992-ci il fevralın 26-da qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Hamısını oxu
Prezident İlham Əliyev Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lömuanı qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlət katibi Jan Batist Lömuan dörd il əvvəl Azərbaycana səfərini və Bakıda Fransız-Azərbaycan Universiteti - UFAZ-ın yeni tədris binasının açılışında iştirakını məmnunluqla xatırladı. Söhbət zamanı regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı, Azərbaycan-Fransa əlaqələrinin gündəliyinə toxunuldu. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında 20 Yanvar - Ümumxalq Hüzn günü münasibətilə 18.01.2017-ci il tarixində keçirilmiş tədbir

Respublika Veteranlar Təşkilatının nümayəndələri, İkinci Dünya, Qarabağ, Əfqanıstan müharibəsi, əmək və Silahlı Qüvvələr veteranları 20 Yanvar - Ümumxalq Hüzn günü münasibəti ilə Şəhidlər Xiyabanını ziyarət etmiş, şəhid məzarlarına tər qərənfillər düzmüş, Əbədi Məşəl Kompleksi önünə gül çələngi qoymuşlar. Ziyarət başa çatdıqdan sonra Respublika Veteranlar Təşkilatının inzibati binasında 20 Yanvar - Ümumxalq Hüzn gününə həsr olunmuş tədbir keçirilmişdir.    Tədbir iştirakçıları çıxışlara başlamazdan əvvəl 20 Yanvar şəhidlərinin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad etmişlər. Ziyalılar, media nümayəndələrinin də qatıldığı tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov açmışdır. O, Azərbaycan tarixinin faciəli olduğu qədər də qəhrəmanlıq və şərəfli səhifələrindən sayılan 20 Yanvarla bağlı geniş məlumat vermişdir. Bu faciənin təməlinin hələ 1987-ci ilin oktyabrında ermənilərin Azərbaycana qarşı torpaq iddialarının həyata keçirilməsinə mane olan Heydər Əliyevin Siyasi Bürodan və SSRİ rəhbərliyindən uzaqlaşdırılması ilə başlandığını bildirən C.Xəlilov demişdir: “20 Yanvar Azərbaycan xalqının milli azadlıq və demokratiya uğrunda mübarizəsini boğmaq, xalqa ağır mənəvi zərbə vurmaq məqsədilə qabaqcadan düşünülüb hazırlanmış təcavüzkarlıq aksiyası idi.  Bu qanlı faciəni törədənlər Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının qarşısını bütün vasitələrlə almaq istəyirdilər. Ermənilərin əsas mədsədi isə DQMV-in Azərbaycandan qoparılaraq Ermənistana biriləşdirilməsi idi. Bu məkrli planın ilk qurbanları Ermənistanda yaşayan azərbaycanlılar oldu. 1989-cu ilin sonunda Ermənistanda azərbaycanlılara qarşı son etnik təmizləmə həyata keçirilməklə, 230 min azərbaycanlı dədə-baba torpaqlarından qovuldu. Deportasiya zamanı 255 nəfər öldürüldü, 1200 adam yaralandı, 31 min ev və digər əmlaklar talan edildi. Bu olaylara Moskva göz yumur, Azərbaycanın o vatkı rəhbərləri isə səriştəsiz mövqe nümayiş etdirirdilər. 1989-cu ilin sonu, 1990-cı ilin yanvarında Azərbaycanda ictimai-siyasi vəziyyət kəskinləşdi, mövcud iqtidarın hadisələrə nəzarəti xeyli zəiflədi, hakimiyyət böhranı və qarşıdurma dərinləşdi. 1990-cı il yanvarın 19-na keçən gecə Bakıya  qanunsuz olaraq, fövqəladə vəziyyət elan edilmədən yeridilən SSRİ Müdafiə Nazirliyinin, Daxili Qoşunların və DTK-nın hərbi birləşmələri şəhərdə “Udar” kod adlı əməliyyat həyata keçirməklə SSRİ və Azərbaycan SSR Konstitusiyalarını kobud surətdə pozdular. Görünməmiş qəddarlıqlar törətmiş həmin hərbi qruplaşmanın tərkibi qvardiya hava-desant diviziyalarının üç alayı, motoatıcı diviziya, xüsusi təyinatlı briqada, dəniz piyadaları, DTK-nın xüsusi təyinatlı “Alfa” qrupu, Ctavropol vilayətindən toplanmış əksəriyyəti ermənilərdən ibarət xalqımızın qanına susamış vəhşilər idi. İri hərbi kontingentin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilməklə, Bakıda və Respublika rayonlarında 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri olmuşdur.  Tanklar və BTR-lər qarşılarına çıxan hər şeyi əzir, hər yan amansız atəşə tutulur, insanlar nəinki küçələrdə, hətta avtobusda, öz mənzillərində güllələrə tuş gəlirdilər. Həmin ağır günlərdə, 1990-cı il yanvarın 21-də ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində çıxış edərək, xalqla birgə olduğunu bildirdi. O, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, qanlı faciənin törədilməsinə görə mərkəzi və respublika rəhbərlərini ittiham etdi. Bu tarixi çıxışın mətni dünyaya, respublikaya geniş yayıldı. Xalqın qəlbində ümid çırağı yandı”. C.Xəlilov daha sonra demişdir: “20 Yanvarın 1999-cu ildən etibarən Ümumxalq hüzn günü kimi keçirilməsinin Əmək Məcəlləsində əksini tapması da məhz ümummilli lider Heydər Əliyevin xidmətidir”. Tədbirdə çıxış edən digər şəxslər də 20 Yanvarın Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad edilməsi, həm də Azərbaycan xalqının qəhrəmanlıq, birlik günü olduğunu vurğulamış, şəhidlərin heç unudulmayacaqlarını, xalqımızın yaddaşında əbədi yaşayacaqlarını qeyd etmişlər.

Hamısını oxu