Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

QDF-in dəstəyi ilə Laçının tarixi “Bəylik Bağları”nın bərpası həyata keçirilir

Veteran.gov.az xəbər verir ki, aprelin 11-də Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi, “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-nin təşkilatçılığı ilə Laçın rayonunun Bəylik kəndinin “Bəylik Bağları” adlanan ərazisində ağacəkmə aksiyası keçirilib.

Aksiyada Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, o cümlədən ərazidə fəaliyyət göstərən dövlət qurumlarının rəhbər heyəti, ekoaktivistlər və yerli sakinlər iştirak ediblər.

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov tədbirdə çıxış edərək bildirib ki, “Bəylik Bağları” Laçın rayonunun zəngin irsinin mühüm tərkib hissələrindən biri hesab olunur. Tarixən bu məkan münbit torpaqları və müxtəlif meyvə ağacları ilə seçilərək regionun tanınmış bağçılıq ənənələrinin formalaşmasına töhfə verib. Bu ərazi həm yerli sakinlərin təsərrüfat həyatında, həm də ərazinin ekoloji tarazlığının qorunmasında xüsusi rol oynayıb.

“İşğal dövründə ciddi zərər görməsinə baxmayaraq, bu ərazi yenidən bərpa və yaşıllaşdırma işlərinin əsas istiqamətlərindən birinə çevrilib. Bu gün Laçın rayonunda keçirilən ağacəkmə aksiyası təkcə ekoloji təşəbbüs deyil, eyni zamanda doğma torpaqlarımızın dirçəlişinə verilən mühüm töhfədir”- deyə, M.Məmmədov qeyd edib.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirib ki, layihənin başlıca məqsədi bu gözəl diyarı əvvəlkindən də abad və ekoloji cəhətdən dayanıqlı bir məkana çevirməkdir.

“Bu istiqamətdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin həyata keçirdiyi genişmiqyaslı layihələr işğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın bərpası baxımından xüsusi əhəmiyyət daşıyır. Biz də Qarabağ Dirçəliş Fondu olaraq Qarabağda ekoloji tarazlığın bərpasına yönəlmiş təşəbbüslərə böyük önəm veririk. Bu cür layihlər cəmiyyətin müxtəlif təbəqələrini vahid məqsəd ətrafında birləşdirərək həmrəylik və məsuliyyət hissini gücləndirir. Əminəm ki, birgə səylərimiz nəticəsində Laçın yaxın illərdə regionun ən gözəl və yaşıl guşələrindən birinə çevriləcək”- deyə, İdarə Heyətinin sədri vurğulayıb.

Keçirilən ağacəkmə aksiyasına görə təşkilatçılara təşəkkür edən yerli sakinlər, aksiyanın ərazilərin yaşıllaşdırılması və ekoloji tarazlığın bərpası baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd ediblər.

Çıxışlardan sonra ağacəkmə aksiyasına start verilib.

Qeyd edək ki, Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə icra edilən bu layihə çərçivəsində müasir damcı suvarma sistemi çəkilən 2,8 hektarlıq ərazidə artıq 700 meyvə ağacı əkilib. Ümumilikdə isə ərazidə ümumilikdə 1280 meyvə ağacı və 400 üzüm tinginin əkilməsi nəzərdə tutulur.

Ağacəkmə aksiyasından sonra tədbir iştirakçıları Laçın şəhərini gəzərək burada aparılan bərpa və quruculuq işləri ilə tanış olublar.

Eyni zamanda Laçın rayonunda Azərbaycan Respublikasının xüsusi nümayəndəliyi ilə Qarabağ Dirçəliş Fondu arasında Laçın rayonunun bərpası çərçivəsində gələcəkdə birgə layihələrin icrası ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Bəylik kəndi tarixən öz münbit torpağı və müxtəlif növ meyvə ağaclarından ibarət məşhur “Bəylik bağları” ilə tanınıb. 30 illik işğal dövründə bu ərazilər ekoloji terrora məruz qalıb, kəndin tarixi yaşıllıq örtüyü tamamilə məhv edilib.

Laçın rayonunun Zabux kənd inzibati ərazi dairəsinə daxil olan Bəylik kəndi 1992-ci ildə işğal edilmişdi. 2020-ci il 1 dekabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilib.

Kənd işğaldan azad edildikdən sonra tamamilə yenidən qurulub, müasir standartlara uyğun yaşayış infrastrukturu yaradılıb. Burada fərdi yaşayış evləri, daxili yollar, elektrik, su, qaz və rabitə xətləri çəkilib, sosial obyektlərin tikintisi təmin edilib.

Tikinti-quruculuq işləri başa çatdırdan sonra Bəylik kəndinə əhalinin mərhələli şəkildə köçürülməsinə başlanıb.

Xatırladaq ki, 2025-ci il mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonuna səfəri çərçivəsində Bəylik kəndinə köçən sakinlərlə görüşərək, onlara evlərin açarlarını təqdim edib. Həmin vaxt kəndə 38 ailə (153 nəfər) köçürülüb. Hazırda isə Bəylik kəndində 89 ailə (363 nəfər) yaşamaqdadır.

 

2026-04-14 17:59:00
1686 baxış

Digər xəbərlər

20 Yanvar şəhidlərinin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı anım mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə Respublika Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov, təşkilatın nümayəndələri, İkinci Dünya, Qarabağ, Əfqanıstan müharibələri, Əmək və Silahlı Qüvvələr veteranları Şəhidlər xiyabanına gedərək 20 Yanvar faciəsi qurbanlarının məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsini ziyarət ediblər. Sonra Respublika Veteranlar Təşkilatında davam etdirilən tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək Azərbaycan tarixinin faciəli olduğu qədər də qəhrəmanlıq səhifələrindən sayılan 20 Yanvar hadisələri ilə bağlı məlumat verib. Bu faciənin təməlinin hələ 1987-ci ildə ermənilərin Azərbaycana qarşı torpaq iddialarının həyata keçirilməsinə mane olan Heydər Əliyevin Siyasi Bürodan və SSRİ rəhbərliyindən uzaqlaşdırılması ilə başlandığını vurğulayan C.Xəlilov deyib: “20 Yanvar Azərbaycan xalqının milli azadlıq və demokratiya uğrunda mübarizəsini boğmaq, xalqa ağır mənəvi zərbə vurmaq məqsədilə qabaqcadan hazırlanmış təcavüzkarlıq aksiyası idi. Bu qanlı faciəni törədənlər Azərbaycanın dövlət müstəqilliyinin bərpasının qarşısını bütün vasitələrlə almaq istəyirdilər. Ermənilərin əsas məqsədi isə Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilməsi idi. Bu məkrli planın ilk qurbanları Ermənistanda yaşayan azərbaycanlılar oldular”. Ehtiyatda olan polkovnik qeyd edib ki, həmin ağır günlərdə - 1990-cı il yanvarın 21-də ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqı ilə birlikdə olduğunu bəyan edib. Dahi rəhbər bu hərbi təcavüzə qarşı kəskin etirazını bildirib, imperiya rəhbərliyinin cinayətkar əməllərini pisləyib. Bu tarixi çıxışın mətni respublikaya, dünyaya geniş yayıldıqdan sonra xalqın qəlbində ümid çırağı yanıb. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dahi şəxsiyyətin təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Tədbirdə çıxış edən digər veteranlar 20 Yanvarın Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsinin yad edilməsi, xalqımızın qəhrəmanlıq, birlik günü olduğunu bildirib, şəhidlərin heç vaxt unudulmayacaqlarını, onların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını qeyd ediblər.

Hamısını oxu
Gənclərdə milli ruhun gücləndirməsi

26  May 2016 - cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları Təşkilatında Respublika gününə həsr edilmiş adlı konsert proqramı baş tutdu. “Gənclərdə milli ruhun gücləndirməsi” şüarı altında keçırilən konsert proqramının təşəbbüskarları Bakı  Slavyan Universiteti tələbələri idi. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə baş tutdu.Daha sonra ölkəmiz uğrunda canlarını fəda etmiş şəhidlərimizin xaritəsi bir dəqiqəlik sükutla anıldı. Tədbiri giriş sözü ilə Müharibə , Əmək və Silahlı Qüvvələr veteranları Təşkilatının əməkdaşı Səidə Abdullayeva açaraq, qonaqları salamladı və iki nəslin Şərqdə ilk demokratik ölkə olan Azərbaycanımızın yaranma gününü qeyd etməsinin simvolik məna daşıdığını vurğuladı. Sonra çıxış üçün söz Müharibə , Əmək və Silahlı Qüvvələr veteranları Təşkilatının sədri, e.o. general- mayor Dadaş Rzayevə təqdim olundu. O, veteranları və gəncləri salamlayaraq, Respublika gününün əlamətdar bir hadisə olduğunu qeyd etdi. O cümlədən, müstəqillik uğrunda canından keçmiş şəxslərə və vetranlara göstərilən dövlət qayğısından danışdı. Gənclərin bu təşəbbüsünü alqışlayaraq, onlara təhsildə və ictimai həyatda uğurlar arzuladı. Ardınca söz alan tələbə - layihənin təşkilatçılarından biri Xanım Bünyatova 28 may Respublika günü munasibətilə hər kəsi təbrik etdi, təşkilata, veteranlara onlara yaradılan şəraitdən dolayı təşəkkürünü bildirdi. Gənclərdə milli ruhun güclənməsində veteranların rolundan danışdı, sözü BSU pedaqoji kollektivini təmsil edən, dosent Lalə xanıma təqdim etdi. Lalə xanım, gənclərin vətənpərvərlik tərbiyəsinin onların təhsilində böyük əhəmiyyəti olduğunu vurğuladı. Çıxışlardan sonra bədii hissə musiqisi bəstəkar Sevinc Tofiqqızının  vətənpərvəlik mövzusunda çəkilmiş “İgidlər yurdusan, ey Azərbaycan” adlı klip nümayişi ilə başlandı. Bəstəkər Sevinc xanım musiqinin ərsəyə gəlməsindən danışdı və bu musiqinin Qarabağda səslənməsini arzuladı.

Hamısını oxu
Müharibə veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə rayonlarda silsilə görüşlər keçirilib

Veteran.gov.az xəbər verir ki, “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə dövlətin həyata keçirdiyi sosial siyasətə dəstək olmaq məqsədi ilə həyata keçirdiyi  “Müharibə iştirakçılarının sosial vəziyyətinə dair ümumi qiymətləndirmə” adlı layihəsi  çərçivəsində aprel ayının 12-də Cəlilabad, 13-də Masallı, 14-də isə Astara rayonlarında müharibə veteranları ilə görüşlər keçirdib. Müharibə vetereanlarının sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə keçirilən görüşlərdə Birinci və İkinci Qarabağ Müharibəsi iştirakçıları və qazilər,  adı çəkilən rayonların icra hakimiyyətlərinin əməkdaşları, QHT sədrləri də iştirak ediblər. Görüşlərdən əvvəl layihənin fəaliyyət planına əsasən hər rayonda müharibə veteranları arasında sorğular keçirilib.               Yüksək səviyyədə təşkil olunmuş görüşlər zamanı aparılan müzakirələrdə ən çox diqqət və qayğıya ehtiyacı olan, Azərbaycan dövlətinin daim diqqət mərkəzində olan müharibə veteranlarının rifahının daha da yüksəldilməsi məqsədi ilə səmərəli və dəyərli təkliflər səslənib. 4 aylıq layihə çərçivəsində ictimai birlik görüşlər zamanı əldə olunmuş təklifləri və aparılmış sorğuların nəticələrini ümumiləşdirərək, təklif və tövsiyyələr hazırlayıb müvafiq dövlət qurumlarına təqdim edəcəkdir.    Layihə rəhbəri “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları” İctimai Birliyinin sədr müavini polkovnik Cəlil Xəlilov Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və hər 3 rayonun icra hakimiyyətlərinin başçıların təşəkkürünü bildirib.    

Hamısını oxu
Sülh prosesi yeni geostrateji fazada

Hamısını oxu