Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bergen-Belzen hərbi əsir düşərgəsində həlak olmuş azərbaycanlı əsirlərin xatirəsi əbədiləşdirilib

İkinci Dünya müharibəsi zamanı Almaniyanın hərbi əsir düşərgəsində həlak olan azərbaycanlı əsirlərin xatirə lövhəsinin açılışı olub.

Azertac xəbər verir ki, Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Azərbaycan və alman dillərində hazırlanmış xatirə lövhəsinin açılışı münasibətilə Bergen-Belzen memorial kompleksinin hərbi əsirlər məzarlığında mərasim keçirilib.

Mərasimdə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev, Aşağı Saksoniya federal əyalət parlamentinin (Landtaq) sədri Hanna Naber, Aşağı Saksoniya federal əyalətinin təhsil naziri Yulia Villi Hamburq, Aşağı Saksoniya Memoriallar Fondunun icraçı direktoru və Bergen-Belzen Memorialının rəhbəri Elke Qriqlevski, Azərbaycan diasporunun nümayəndələri, eləcə də müxtəlif alman təşkilatlarının və qurumlarının nümayəndələri iştirak ediblər.

Bergen-Belzen Memorial Kompleksinin tədqiqat və sənədləşmə departamentinin rəhbəri Akim Yah və Memorialın Beynəlxalq Məşvərət Şurasının üzvü Rolf Keller xatirə lövhəsinin açılışının bu əsir düşərgəsində əzab çəkmiş və həlak olmuş azərbaycanlı hərbçilərin xatirəsinə ehtiramın ifadəsi olduğunu vurğulayıblar.

Səfir Nəsimi Ağayev çıxışında iki il əvvəl səfirlik tərəfindən Daxau, ötən il isə Zaksenhauzen əsir düşərgələrindən sonra Bergen-Belzen əsir düşərgəsində soydaşlarımızın xatirəsinə həsr olunmuş lövhənin açılışını mənəvi borcun yerinə yetirilməsi və tarixi hadisə kimi qiymətləndirib. Diplomat bu təşəbbüsün həlak olmuş əsirlərin xatirəsinin yad edilməsi ilə yanaşı, uzun müddət tarixin kölgəsində qalmış insanların, o cümlədən azərbaycanlı hərbi əsirlərin unudulmamasına, onların xatirəsinin əbədiləşdirilməsinə xidmət etdiyini vurğulayıb. “Bu gün biz buraya zorla gətirilmiş azərbaycanlı hərbi əsirlərin xatirəsini xüsusi ehtiramla yad edirik. Onlar vətənlərindən uzaqda məzarsız, adsız və yaxınları ilə vidalaşmadan dünyasını dəyişib. Bugünkü hadisə onların Avropanın kollektiv yaddaşında öz layiqli yerlərini tutmaları baxımından yüksək önəm daşıyır”, - deyə N.Ağayev qeyd edib.

Səfir Azərbaycan xalqının İkinci Dünya müharibəsi illərində nasizm üzərində qələbəyə mühüm töhfələrindən söz açaraq bildirib ki, müharibə dövründə 700 minə yaxın azərbaycanlı cəbhəyə yollanıb, onların 300 mindən çoxu döyüşlərdə həlak olub. Azərbaycanlı döyüşçülərin Stalinqrad, Kursk, Kiyev, Budapeşt və Berlin kimi əsas cəbhələrdə qəhrəmanlıqla vuruşduqlarını qeyd edən diplomat 10 minə yaxın azərbaycanlının Avropa müqavimət hərəkatında fəal iştirakını xalqımızın faşizmə qarşı qlobal mübarizədəki sarsılmaz mövqeyinin sübutu olduğunu bildirib.

Bundan başqa, Azərbaycan neft sənayesinin müharibənin taleyində həlledici rol oynadığı vurğulanıb. Qeyd olunub ki, sovet ordusunun yanacağının böyük hissəsi, o cümlədən benzinin 80 faizi, sürtkü materiallarının isə 90 faizdən çoxu Azərbaycanda istehsal edilib.

Çıxışlardan sonra xatirə lövhəsinin üzərindəki örtük götürülüb, əklillər qoyulub və həlak olmuş əsirlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Qeyd edək ki, Almaniyanın Aşağı Saksoniya federal torpağında yerləşən Bergen-Belzen hərbi əsir düşərgəsində Avropanın müxtəlif ölkələrindən olan 120 min əsir saxlanılıb. Onlardan 52 mindən çoxu nasistlər tərəfindən öldürülüb. Bergen-Belzen hərbi əsirlər məzarlığında isə azərbaycanlı əsirlər də daxil olmaqla 19 min 580 sovet hərbi əsiri dəfn olunub. Nasizm üzərində qələbədən sonra bu məzarlıqda abadlıq işləri görülüb, burada xatirə abidəsi ucaldılıb. Əsir düşərgəsinin azad edilməsinin ildönümləri ilə əlaqədar hər ilin aprel ayında burada silsilə anım tədbirləri təşkil olunur.

 Elvin Mövsüm

Azərtac-ın xüsusi müxbiri

Berlin

 

2026-04-21 14:54:00
1283 baxış

Digər xəbərlər

“Brüssel görüşü bir daha göstərdi ki, Azərbaycan strateji maraqlarını addım-addım həyata keçirir”

    “Brüssel görüşü Azərbaycanın siyasi-diplomatik uğurudur. Xüsusilə qeyd etməliyik ki, Vətən müharibəsində Azərbaycanın əldə etdiyi möhtəşəm qələbə regionda olduğu kimi beynəlxalq arenada da yeni reallıqlar yaratmışdır. Beləki, Brüssel görüşünün nəticəsində Avropa İttfaqı Şurasının Prezidenti Şarl Mişelin mətbuata verdiyi bəyanat Azərbaycanın irəli sürdüyü tezislərlə uyğunluq təşkil edir. Xüsusilə də, Ş.Mişel tərəfindən səsləndirilən bəlkə də ən vacib siyasi mesaj hərtərəfli sülh müqaviləsinin imzalanmasının vacibliyidir”.   Bu sözləri saytımıza cənab Prezident İlham Əliyevin Brüssel səfərini şərh edərkən Milli Məclisin üzvü Tamam Cəfərova deyib.   O, Azərbaycan prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın dünən Brüsseldə keçirilən üçtərəfli görüşünü şərh edib. “Bu mühüm tədbirdə Azərbaycanın mövqeyi yenidən səsləndirildi və Qərbdəki tərəfdaşlarına çatdırıldı. Aydın oldu ki, Azərbaycanın münaqişədən sonrakı gündəliyini hamı tanıyır. Avropanın ən nüfuzlu təşkilatı olan Aİ bu məsələdə Azərbaycanın mövqeyini bölüşür”, - deyə millət vəkili bildirib.   Tamam Cəfərova açıqlamasında bildirib ki, Avropa İttifaqının Cənubi Qafqazda sülh və siyasi stabillik arzulaması Qərbin liberal dəyərləri ilə deyil, daha çox praqmatik siyasət zərurətindən irəli gəlir. Siyasi gərginlik Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatında ən vacib arteriyalardan biri olan Cənubi Qafqaz regionunu daima təhlükə altında saxlayır. Revanşizmin təsiri altında və ya kənar qüvvələrin təhriki ilə Ermənistanın Azərbaycana qarşı ata biləcəyi istənilən yeni hərbi təxribatın mənfi təsirləri Cənubi Qafqaz regionunun sərhədlərini aşaraq Avropa İttifaqının siyasi və iqtisadi durumuna zərbə endirə bilər. Xatırladaq ki, Şərq Tərəfdaşlığı çərçivəsində Azərbaycan ilə əməkdaşlıq edən Aİ  bu illər ərzində enerji sahəsində, başda Cənub Qaz Dəhlizi üzrə 2011-ci il tarixli Birgə Bəyannamə olmaqla, bir çox strateji əməkdaşlıq qurmuşdur. Bu baxımdan Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması üçün Azərbaycan və Ermənistan arasında dayanıqlı və uzunmüddətli sülhün təmin olunmasında Aİ olduqca maraqlıdır.   T. Cəfərova xüsusilə qeyd edib ki, Ş. Mişelin 2020-ci il 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çağırış etməsi ilk növbədə Avropa İttfaqının bu formatların tanınması və onlarla hesablaşması anlamına gəlir. Burada əsas məqam ondan ibarətdir ki, hər üç görüş və bəyanat Aİ-nın geosiyasi rəqibi olan Rusiyanın iştirakı və vasitəçiliyi ilə keçirilmiş və imzalanmış razılaşmalardır. Ş. Mişelin bu bəyanatların yerinə yetirilməsinə çağırış etməsi Avropa ittifaqının indiyə qədər əldə edilən razılaşmalara qarşı hər hansı bir irad və ya narazılığının olmamasından xəbər verir.   Ş.Mişel verdiyi bəyanatda regionda kommunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında əlaqəni təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə Aİ-nin dəstəyini ifadə edib. Qurumun hətta iqtisadi və investisiya resursları vasitəsilə bu layihələri dəstəkləyəcəyi də vurğulanıb. Eyni zamanda bəyanatda dəmir yolu xəttinin çəkilməsi məsələsinə xüsusi toxunulub. Həmçinin dəmir yollarında gömrük və sərhəd nəzarətinin qarşılıqlılıq prinsipi əsasında təşkil olunacağı diqqətə çatdırılıb.   Avropa İttifaqı Prezidentinin bəyanatında, həmçinin minatəmizləmə səylərinə, münaqişədən əziyyət çəkmiş insanlara, xüsusilə yenidənqurma fəaliyyətlərinə dəstək ifadə edilib. Habelə sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində Aİ tərəfindən məşvərətçi statusda dəstək verilə biləcəyi vurğulanıb.    Şübhəsiz ki, bütün bunlar cənab prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin növbəti böyük siyasi-diplomatik uğurudur.    Biz görürük ki, artıq gündəmdə sərhəd və Zəngəzur məsələsidir. Yəni Azərbaycan strateji maraqlarını addım-addım həyata keçirir. Bir nəticəni də qeyd etmək olar. Artıq Azərbaycan Avropa İttifaqının reabilitasiya, yenidənqurma proseslərinə maliyyə dəstəyi verəcəyinə nail ola bilib. Bu iki nəticə çox vacibdir və Azərbaycan buna nail olub.   Həmçinin onu da qeyd etməliyik ki, görüşdə mühüm məqamlardan biri, Zəngəzur və Laçın dəhlizində gömrük postlarının qurulması ilə bağlı idi. Təbii ki, burada da  Prezident İlham Əliyev qətiyyətlilik nömayiş etdirərək, diqqətə çatdırdı ki, əgər Zəngəzur dəhlizində  gömrük postları olacaqsa, o cümlədən Laçın dəhlizində də bu, tətbiq olunacaq. Bununla da, bir daha Cənab Prezident göstərdi ki, Azərbaycan dövləti Azərbaycan xalqının milli maraqlarından irəli gələn siyasət yürüdür.

Hamısını oxu
“30 noyabr şəhidləri xalqımızın qəlbində hər zaman ehtiramla anılacaq”

Cəlil Xəlilov: “Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyirəm”   “30 noyabr şəhidləri xalqımızın qəlbində hər zaman ehtiramla anılacaq”.   Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.   Polkovnik qeyd edib ki, Dövlət Sərhəd Xidmətinə məxsus hərbi helekopterin qəzaya uğraması nəticəsində 14 nəfərin şəhid olması, iki hərbçinin isə yaralanması faktı bütün Azərbaycan xalqı tərəfindən üzüntü ilə qarşılanıb:   “Baş verən bu faciə xalqımız tərəfindən dərin kədər və üzüntü ilə qarşılanıb, bütün cəmiyyətdə böyük təəssüf hissi doğurub. Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyirik. Xalqımız bütün şəhidləri kimi 30 noyabr şəhidlərini də hər zaman sevgi və minnətdarlıq hissi ilə yad ediləcək, onların işıqlı xatirəsinin unudulmasına imkan verməyəcək”.   Daha sonra media və sosial media nümayəndələrinə səslənən sədr müavini, baş verən faciə ilə bağlı qeyri-rəsmi məlumatlar yaymamağa, yalnız rəsmi informasiyalara istinad etməyə çağırıb:   “Mən bütün media və sosial media istifadəçilərini dövlət orqanlarının rəsmi məlumatlarına istinad etməyə, şaiyə və ehtimalları bir kənara qoymağa səsləyirəm. Baş verən olayla bağlı əlaqədar qurumlar rəsmi açıqlamalar yayıb və hadisə ilə bağlı araşdırma davam edir. Istintaqın gedişatı ilə bağlı rəsmi qurumlar bundan sonra mütəmadi surətdə ictimaiyyəti məlumatlandıracaq və müvafiq yeniliklərlə tanış edəcəklər. Odur ki, indiki həssas məqamda subyektiv fikir və ehtimalların işıqlandırılması yolverilməzdir və bu, cəmiyyətdə çaşqınlıq yarada bilər.   Bunu da qeyd edim ki, nə qədər arzuedilməz olsa da, bu cür qəzalar dünyanın ən müasir ordularında da zaman-zaman baş verir və təəssüf ki, heç bir dövlət bu kimi hallardan sığortalanmayıb.   Mən bir daha baş verən faciə ilə əlaqədar şəhid olan hərbi qulluqçuların yaxınlarına dərin hüzünlə başsağlığı verir, yaralılara şəfa diləyirəm”.   Seymur ƏLİYEV  

Hamısını oxu
“Ordumuzun təlimləri xalqımızla qələbə arasında körpüdür”

Cəlil Xəlilov: “Bu təlimlər həm ordumuzun peşəkarlığın artırılması, həm də qoşunlar arasında birgə fəaliyyətin koordinasiyası baxımından önəmlidir”   Məlum olduğu kimi, mayın 18-dən 22-nə qədər Azəbaycan ordusu genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçirəcək. Təlimlərdə 10 min nəfərə qədər şəxsi heyət, 100-dən çox tank və digər zirehli texnika, eləcə də 200-dək raket texnikası iştirak edəcək.   Moderator.az-a açıqlamasında qarşıdakı təlimləri şərh edən Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov, bu təlimlərin bir çox baxımdan mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı:   “Azərbaycan ordusunun təlimləri hər şeydən öncə hərbçilərin döyüş hazırlığının yüksəldilməsinə, onların peşəkarlığının, praktiki atəş bacarıqlarının inkişaf etdirilməsinə xidmət edir. Çünki bu təlimlər zamanı hərbçilər müasir hərbi texnika, yeni raket və artilleriya qurğuları ilə daha yaxından tanış olur, ondan dəqiq atəş açmağın sirlərini öyrənirlər.   Təlimlərin daha bir önəmi müxtəlif qoşun növləri arasında birgə fəaliyyətin, döyüş əlaqəsinin təmin edilməsi ilə bağlıdır. Müxtəlif qoşun növlərinin qarşılıqlı fəaliyytinin əlaqələndirilməsi, koordinasiyalı fəaliyyətin təmin edilməsi müharibə zamanı qələbə əldə etmək, hər hansı çaşqınlıq və anlaşılmazlığın baş verməsini önləmək, qətiyyətlə irəliləmək üçün olduqca vacibdir.   Bu baxımdan Azərbaycn ordusunun 18-22 may təlimləri yüksək qiymətləndirilməli, ordumuzun bilik və bacarığının artırılması istiqamətində irəliyə doğru atılan bir addım kimi xarakterizə edilməlidir. Unutmaq olmaz ki, qələbəyə gedən yol bu cür təlimlərdən keçir. Odur ki, bu təlimlər qələbə ilə aramızdakı körpü kimi dəyərləndirilməlidir”.   Seymur ƏLİYEV

Hamısını oxu
Naxçıvan Xüsusi Təyinatlıları parada hazırlaşır

Xüsusi Təyinatlıları sabah Bakının Azadlıq Meydanında keçiriləcək qələbə paradına hazırlaşırlar. Axar.az xəbər verir ki, Naxçıvan ordusu Şuşaya qədər döyüş yolu keçib və Qarabağın azadlığı uğrunda böyük şücaət göstərərək şəhidlər verib. Qeyd edək ki, sabah-dekabrın 10-da Vətən müharibəsində qələbəyə həsr olunan hərbi parad keçiriləcək. Hərbi paradda həmçinin Heydər Əliyev adına Naxçıvan hərbi liseyinin kursantları da keçid edəcək. Naxçıvan hərbi liseyinin məzunu olan minlərlə zabit Qarabağın azadlığı uğrunda Vətən müharibəsində tarixi qəhrəmanlıqlar göstəriblər.

Hamısını oxu