Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı anti-Azərbaycan paylaşımı ilə bağlı etiraz bəyanatı yayıb

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ABŞ-ın Nyu-York şəhərinin meri Zohran Kvame Mamdaninin “X” platformasında 1915-ci il qondarma erməni soyqırımı, həmçinin, 2020-2023-cü illərdə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək səyləri barədə həqiqətdən uzaq fikirlərinə etiraz əlaməti olaraq bəyanat verib. Bəyanatda deyilir:

“Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq Nyu-York şəhərinin meri Zohran Kvame Mamdaninin “X” platformasında 1915-ci il qondarma erməni soyqırımı, həmçinin, 2020-2023-cü illərdə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək səyləri əleyhinə səsləndirdiyi böhtan xarakterli fikirlərə etiraz edir, bu cür fikirləri beynəlxalq ictimaiyyəti çaşdıran, tarixi reallıqları təhrif edən mövqe kimi dəyərləndiririk. Hesab edirik ki, istər 1915, istərsə də 2020-2023-cü illərdəki hadisələri təhrif edilmiş şəkildə, tarixi reallıqdan daha çox siyasi maraqlar çərçivəsində təqdim edən Zohran Kvame Mamdaninin məlum paylaşımı, sadəcə tarixə xəyanət faktı deyil, həm də Cənubi Qafqazdakı sülh prosesinə zərbə cəhdidir. Nyu-York şəhər meri tərəfindən irəli sürülən təxribatçı fikirlər Prezident İlham Əliyevin liderliyi altında həyata keçirilən, ABŞ Prezidenti Donald Tramp  tərəfindən dəstəklənən və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən qəbul edilən sülh siyasətinə kölgə salır, Ermənistandakı revanşist qüvvələr üçün mənəv sitimul rolu oynayır ki, bu da hər şeydən öncə əxlaqi-mənəvi baxımdan qəbuledilməzdir.  

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı hesab edir ki, Nyu-York şəhərinin meri Zohran Kvame Mamdaninin “X” platformasında 2020-2023-cü illərdəki hadisələrlə bağlı həqiqətdən uzaq fikirləri Prezident İlham Əliyevin sülhpərvər siyasəti haqqında yanlış fikir formalaşdırmaqla yanaşı, həm də ABŞ Prezidenti Donald Trampın siyasi mövqeyi ilə kəskin ziddiyyət təşkil edir.

Xatırladırıq ki, məhz Donald Trampın vasitəçiliyi ilə 8 avqust 2025-ci il tarixində Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh mətninin paraflanması Cənubi Qafqaz xalqlarının həyatında yeni bir səhifə açıb, onların sülh və təhlükəsizlik şəraitində yaşaması üçün əlverişli zəmin formalaşdırıb. Belə bir halda Nyu-York merinin anti-Azərbaycan, anti-türk ruhlu paylaşımı, erməni diasporunun maraqlarına uyğun olaraq “məzlum erməni” obrazını təbliğ etmək cəhdi Donald Trampa məxsus siyasi kursa açıq-aşkar meydan oxumaq deməkdir. İnanırıq ki, Nyu-York şəhər merinin yalan və təxribat xarakterli bu paylaşımı ABŞ Prezidenti tərəfindən də cavabsız qalmayacaq, cənab Tramp Zohran Kvame Mamdaninin bəd əməlinə layiqli cavabı verəcək.

Biz Nyu-York şəhərinin meri Zohran Kvame Mamdanini “X” platformasındakı məlum paylaşımını silməyə, gələcəkdə bu cür hallara yol verməməyə, hadisə və proseslərə obyektiv şəkildə, bütün tərəflərin prizmasından yanaşmağa səsləyirik. Ümid edirik ki, Nyu-York şəhərinin meri Azərbaycan və ümumilikdə türk dünyasının  bu məsələdəki həssaslığını anlayacaq, öz mövqeyindən imtina etməklə sözügedən paylaşımın qərəzdən deyil, məlumatsızlıqdan qaynaqlandığını sübut edəcək”.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov

 

2026-04-25 18:10:00
1314 baxış

Digər xəbərlər

Uzaq Pamirdən Azərbaycan sərhədlərinədək, yaxud polkovnik Cəlil Xəlilova təbrik əvəzi...

Tanışlığımızdan otuz ilə yaxın bir dövr keçir. Maraqlı həyat yolu, uğrunda mübarizə aparıb qələbələrə imza atan, uğurunu daxilən qəlbində gizlədən, sevincini dost bildiyi insanlarla bölüşən, xeyirhaxlığından heç vaxt dönməyən peşəkar hərbçi, istedadlı alim, əsl dost. Bu polkovnik Cəlil Xəlilovdur. Hər bir kəsin taleyi öz əlindədir desək, yanılmarıq. Cəlil Xəlilov da istəyinə çatmaq üçün heç zaman çətinlikdən qorxmayıb, maneələrə sinə gərib, prinsipiallıq göstərib. 1975-ci ildə Masallı rayonunun Həsənli kənd orta məktəbini bitirən Cəlil Xəlilov uşaqlıqdan çox kəşməkeşli həyat yolu keçib. Hərbçi olmaq arzusu ilə yaşayan gənc Cəlil Ural Hərbi Dairəsində 1977-1978-ci illərdə əsgəri xidmətdə olub. Nümunəvi əsgər kimi komandirlərinin hörmət və etimadını qazanıb. Məhz bu keyfiyyətlərinə görə ona komandirləri çox müsbət xasiyyətnamə yazıblar. O, Simferopol Ali Hərbi Siyasi Məktəbinə qəbul olunub. Kursant həyatının çətinlikləri onu qorxutmayıb. Xalqının adını həmişə uca tutub, onun şərəfli tarixinə sadiq qalıb. Elmlərə dərindən yiyələnməklə yanaşı, idmanla müntəzəm və ciddi məşğul olub. Bir sözlə, gələcək zabit davranışları ilə həmişə seçilib. Bəlkə, tale onu daha çox sınağa çəkməklə, daha da möhkəmləndirib mətinləşdirib. O, bu sınaqlardan üzü ağ çıxmaqla mübarizliyini, sübut edib. Ali Hərbi Məktəbi bitirəndən sonra gənc zabitə keçmiş SSRİ DTK-nın cənub-şərq, Pamir Sərhəd dəstəsinə təyinat veriblər. O zaman Əfqanıstanla yüzlərlə kilometr sərhədi olan Tacikistanda da vəziyyət çox gərgin idi. Sərhəddə silahlı toqquşmalar, basqınlar, terror-təxribat hadisələri ara vermirdi. Xidmət çox ağır bir şəraitdə aparılırdı. Cəlil Xəlilov sərhəd pozucularının ardı-arası kəsilməyən hücumuna məruz qalan Bədəxşanın Murqab sərhəd dəstəsində əsl zabit, qorxmaz bir hərbçi kimi şücaət göstərib. Hər an təhlükə, hər an ölüm, gərgin həyat onu qorxutmayıb. Necə deyərlər, bir əlində silahı, bir əlində qələm-kitabı. Siyasi şöbədə baş təlimatçı kimi irəli çəkilən Cəlil Xəlilov təhsilini də davam etdirməyi qərarlaşdırıb. Bir dəfə söhbət əsnasında dedi ki, adını dilinə gətirmək istəmədiyim bir zabit vardı, mənim təhsil almağıma hər yolla mane olmaq istəyirdi. Gecə-gündüz çalışırdım. O zaman Orta Asiya Hərbi Dairəsinin hərbi tribunalın sədri olan general Firudin Rəsul oğlu Hüseynovun qəbuluna düşdüm. Firudin müəllim çox böyük nüfuz sahibi idi. Məni diqqətlə dinlədi. Mənim ikinci təhsil almağımı biləndə sifətində bir işıq, bir təbəssüm hiss etməyə başladım. Aradan bir az keçmiş sərhəd dəstəsindən xəbər verdilər ki, mənim təhsil almağıma icazə verilib. Sənədlərimi Tacikistan Dövlət Universitetinin hüquq fakültəsinə verdim. Xidmətimlə yanaşı, hüquq fakültəsinin tələbəsi kimi daha yaxşı oxumağı qarşıma məqsəd qoydum. 1987-ci ildə onun xidməti yerini Lənkəran sərhəd dəstəsinə dəyişirlər. Astarada komendantın şəxsi heyətlə iş üzrə müavini vəzifəsinə təyinat alan Cəlil Xəlilov xidməti işin təşkili, nizam-intizamın möhkəmləndirilməsi istiqamətində mühüm işlər görməyə başlayır. Tanınmış hərbçi, alim, sərhəd qoşunlarımızın formalaşmasında can yandıran, öz bilik və bacarığı ilə sərhəd dəstəsinin qərargah rəisi vəzifəsindən Sərhəd Qoşunlarının komandanının müavini vəzifəsinə qədər yüksəlmiş  bir zabitin ömür yolu örnəkdir desək, yanılmarıq. Xatırlayıram, 1992-ci ilin noyabrında Lənkəran sərhəd dəstəsinə ezamiyyətə getmişdim. Rusiya Federasiyasının sərhədçiləri hələ Lənkəranı tərk etmədiyi üçün Azərbaycan sərhədçiləri Vel qəsəbəsindəki düşərgədən təlim-tədris məntəqəsi kimi istifadə edirdi. Xəzərin sahilində yerləşən bu düşərgə sovetlər zamanı sərhədçi zabit-gizirlərin övladlarının istirahət yeri olmuşdu. İlk görüşümüzdən Cəlil Xəlilovun  bacarıqlı zabit, dərin biliyə sahib, mənəvi cəhətdən yetkin bir ziyalı olduğunu yəqin etdim. Yenicə yaranan Sərhəd Qoşunlarımızın qarşısında duran ağır, çətin və şərəfli vəzifələrin öhdəsindən gəlmək üçün çox çalışmaq lazım idi. Ordu quruculuğunda çox yaxından iştirak edir, yeni yaranan sərhəd qoşunlarımızın uğurlu gələcəyinə varlığı qədər inanırdı. Azərbaycanın müstəqilliyini gözü götürməyən qüvvələr ölkədə sabitliyi pozmaq, iğtişaşlar törətmək, ayrı-seçkilik toxumu səpmək, inamsızlıq yaratmaq kimi məkrli siyasəti həyata keçirmək üçün cəhd göstərirdilər. Bu çox təhlükəli oyunun qarşısını almaq üçün hər bir Azərbaycan vətəndaşı qeyrət göstərmiş, xainlərə layiqincə və tutarlı cavab vermişdir. 1993-cü ilin avqust ayında Lənkəranda baş verən hadisələr zamanı sərhəd qoşunlarımızın şəxsi heyəti içdikləri anda sadiq qaldılar və bir qrup separatçının zərərsizləşdirilməsində, ifşa olunmasında, qətiyyətli mövqe tutdular. O zaman Lənkəran Sərhəd Dəstəsinin rəhbərliyi və bütün şəxsi heyəti vətən sevgisinin müqəddəsliyini bir daha sübuta yetirdilər. Birliyimizi, bərabərliyimizi pozmağa cəhd edənlərin bədxah niyyətləri puç oldu, xəbis ürəklərində qaldı. Haqq qələbə çaldı. C.Xəlilovun da hərbi taleyində bu anlar heç zaman yaddan çıxmayacaq, yaddaşlardan silinməyəcək. Xidməti işin təşkilində əldə etdiyi uğurlar ona böyük etimad göstərilməsinə səbəb oldu. Bakı Əlahiddə Nəzarət Buraxılış Məntəqəsinin rəisi, sonradan MTN Sərhəd Qoşunları komandanının şəxsi heyətlə iş üzrə müavini vəzifəsinə yüksəldi. Bir zabit kimi respublikamızın aparıcı qəzet və jurnallarında C.Xəlilovun sərhəd həyatından, ordu quruculuğundan bəhs edən onlarla maraqlı məqalələri dərc olunub. O, elmi fəaliyyətini də unutmur. Elmi mövzuda qələmə aldığı əsərlər oxucular tərəfindən rəğbətlə qarşılanıb. C.Xəlilov müxtəlif vəzifələr tutmasına baxmayaraq daim öz səmimiliyini qoruyub saxlamaqda, insanlara qarşı xeyirxahlığını əsirgəməməkdədir. Qarabağ uğrunda gedən döyüşlərdə Silahlı Qüvvələrimizin tərkibində düşmənə qarşı qətiyyətlə döyüşən sərhədçilərimizin şücaəti danılımazdır. O, zaman Cəlil Xəliov səngərdə əsgər və zabitlərimizlə birgə idi. Erməni faşizminə qarşı döyüşmək, düşməni məhv etmək müqəddəs borcdur. Fizuli, Beyləqan istiqamətində  gedən döyüşlərdə C.Xəlilov bir peşəkar zabit kimi həmişə öndə idi. Onun dövlətçiliyimizə əvəzsiz xidmətləri həmişə diqqət mərkəzində olmuş və daim qiymətləndirilmişdir. Qeyd etdiyim kimi, o, elmi araşdırmalarını davam etdirir. 2002-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının aspiranturasını bitirən C.Xəliov  "Milli Təhlükəsizliyin təmin olunmasında milli mənlik şüurunun rolu" mövzusunda dissertasiya müdafiə edərək alimlik dərəcəsi-siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Ömrünün  qırx ilə yaxın bir dövrünü sərhəddə xidmətdə keçirən Cəlil Xəlilov həmin anları heç bir zaman unutmur. Taleyindən qızıl xətt kimi keçən hər günündə bir sərhəd sevgisi var. Sərhədimizdə baş verən hər bir uğurlu addıma hamı kimi o da ürəkdən sevinir, qürrələnir. 1993-cü il iyun ayının 15-də xalqımızın təkidi tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev çox böyük müdriklik, siyasi iradə, yüksək dövlət idarəçiliyi nümunəsi göstərərək Azərbaycanı düşdüyü ağır bəlalardan, xalqımızı fəlakətlərdən xilas etdi. Tariximizdə əsrlər boyu müasir Azərbaycanın qurucusu kimi yaşayacaq Ulu Öndərin dövlətimizin bütün sahələrini əhatə edən çox müdrik, qiymətli ideyaları əbədiyaşardır, daimidir. Bu qiymətli ideyalar ordu quruculuğunda çox mühüm, əhəmiyyətli yer tutur. Politoloq alim kimi Cəlil Xəlilovun yaradıcılığında bu məqamlar xüsusi vurğulanır. Çox maraqlıdır ki, Cəlil Xəlilov xidmət etdiyi dövrdə veteranlara qarşı daim böyük hörmət, qayğı göstərir. Əlamətdar günlərdə, tədbirlərdə əmək və silahlı qüvvələrimizin veteranları sərhədçilərin qonağı olur. Milli Ordu və sərhəd qoşunlarında şərəfli xidmət yolu keçmiş həmin general və zabitlərin əsgər və zabitlərimiz qarşısındakı çıxışları çox müsbət qarşılanmaqla bərabər, uzun müddət onların xatirələrində yaşayır, müsbət duyğular oyadır. Bu yaxınlarda 100 illiyini qeyd edəcək Sərhəd Qoşunlarımızın əldə etdiyi uğurlara qəlbən sevinən C.Xəlilov görülən işlərin, həyata keçirilən tədbirlərin daimi və uzunömürlü olacağına, sərhəd qoşunlarımızın yüksəlişinə, müqəddəs sərhədlərimizin mühafizəsi kimi şərəfli xidmətlərinə uğur arzulamaqdadır. Respublika Veteranlar Təşkilatına xalqımızın ləyaqətli oğlu general-polkovnik Tofiq Ağahüseynov rəhbərlik edən zamandan bu qurumda çox müsbət dəyişikliklər baş verməkdədir. General-polkovnik T.Ağahüseynovun zəngin hərbi təcrübəsi və sərişdəsi, C.Xəlilovun yüksək təşkilatçılığı və işgüzarlığı bu qurumun nüfuzunu daha da yüksəldib. C.Xəlilov 2014-cü ildə Respublika Veteranlar Təşkilatının sədr müavini seçilir. Bu gün Prezident İlham Əliyein veteranlarla bağlı həyata keçirdiyi dövlət siyasətinin uğurla yerinə yetirilməsində, gənclərin azərbaycançılıq ideyalarına sadiq, vətənpərvərlik, xalqımızın tarixinə hörmət ruhunda tərbiyə olunması istiqamətində C.Xəlilov çox böyük işlər görür. Onlarla orta məktəbdə, Müdafiə Nazirliyinin təhsil müəssisələrində, digər güc nazirliklərinin akademiyalarında, həmçinin ali məktəblərdə veteranlarla yaddaqalan görüşlər keçirilir Uzun illərin zəngin təcrübəsi, toplanmış nəzəri biliklər, aparılan ciddi araşdırmalar, əldə olunmuş nailiyyətlər bir yerə toplanmış və istedadlı alim tərəfindən qələmə alınaraq “Milli Təhlükəsizlik strategiyası” adlı çox qiymətli kitab ortaya qoyulmuşdur. Ad günü insanların ən yadda qalan, günlərindəndir. Ona görə yox ki, insanlar bir yerə toplaşır, ürək sözlərini söyləyir, təbriklərini yetirirlər, ona görə ki, sonda insan özü ilə təkbətək qalır, keçdiyi ömür yoluna nəzər salır, vicdanı qarşısında hesabat verir. Altmış yaşın işığında hər şey aydın görünür. Keçilən yolda gərgin əmək, məqsədə çatmaq üçün qətiyyətli iradə, dözüm, zəhmətə qatlaşmaq kimi bir sınaq dayanır. Bu deyilənlərə əməl edən hər kəsi uğur gözləyir.  İlk sərhədçi generalımız Mustafa Nəsirov xidmətdən söz düşəndə Cəlil Xəlilovun adını hörmətlə çəkirdi. Milli Sərhəd Qoşunlarımızın ilk komandanı, general-mayor İsgəndər Allahverdiyev Cəlil Xəlilovun uğrunu, hərbi xidmətdəki uğurunu həmişə dəstəkləmişdir. Sərhəd Qoşunlarının keçmiş komandanı, general-mayor Abbasəli Novruzov Cəlil müəllimi yaxşı tanıyırdı, ona inanırdı. Bir neçə dəfə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilmiş general-mayor Vladimir Timoşenko polkovnik Cəlil Xəlilova qarşı rəğbətini gizlətmir və “Həqiqi polkovnik” adlı məqaləsində onu peşəkar hərbçi, milli təhlükəsizlik sahəsində tanınmış mütəxəssis, veteranların  problemlərinin həllinə can atan, Avropada Azərbaycanı ləyaqətlə təmsil edən bir politoloq, varlığı ilə Azərbaycanı sevən, azərbaycançılığı yorulmadan təbliğ edən istedadlı bir alim kimi dəyərləndirir. P.S. Peşəkar hərbiçi, istedadlı alim, Pamirdən Azərbaycan sərhədlərinə qədər şərəfli xidmət yolu  keçmiş polkovik  Cəlil Xəlilov haqqında yalnız səmimi ürək sözlərimin bir hissəsini qələmə aldım. Rəsmiyyətdən uzaq. Nəsibiniz həmişə uğur olsun, Cəlil müəllim!   İlqar Quliyev,  polkovnik  

Hamısını oxu
Polkovnik: Ermənistan Azərbaycanın ərazilərini mina gölünə döndərib

Ermənistanın Azərbaycana təqdim etdiyi mina xəritələrinin dəqiqliyi 25 faiz idi. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü münasibətilə “Envoy” jurnalına müsahibəsində söyləyib. Xarici siyasət idarəsinin sözçüsü vurğulayıb ki, beynəlxalq təzyiqdən sonra Ermənistan bəzi xəritələri təqdim etsə də, onlar minalanmış ərazilərin yalnız kiçik bir hissəsini əhatə edirdi və yalnız 25 faiz dəqiq idi. Son mina partlayışı hadisələrinin 55 faizdən çoxu bu xəritələrlə əhatə olunmayan ərazilərdə baş verib. Onun sözlərinə görə, Ermənistanın xəritələri Azərbaycan ərazilərində təxminən 400 000 minanın yerləşdirildiyini göstərsə də, faktiki rəqəm 1,5 milyona yaxındır: “Ermənistanın mina təhlükəsinə münasibətdə bu cür davranışı regionda münaqişədən sonrakı dövrdə sülh və etimadın möhkəmləndirilməsi istiqamətində atılan tədbirlərə daha bir geri addımdır. Bu baxımdan, beynəlxalq ictimaiyyətin Ermənistandan gələn mina təhlükəsini pisləmək üçün ardıcıl tədbirlər görməsini son dərəcə vacib hesab edirik və Ermənistanın hələ də Azərbaycana tam təqdim edilməmiş bütün minalanmış ərazilərin dəqiq xəritələrini təqdim etməsini gözləyirik. Məcburi köçkünlərin təhlükəsiz qayıdışını və zərər çəkmiş regionların bərpasını təmin etmək üçün Ermənistanın bütün minalanmış ərazilərin dəqiq xəritələrini təqdim etməsi son dərəcə vacibdir”. Qeyd edək ki, “Envoy” BMT-nin nəşr etdiyi jurnaldır.     Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov “Sherg.az”a bildirib ki, Ermənistanın sülhlə bağlı müsbət qərarı yoxdur:   “Ona görə də bir tərəfdən sülhə hazır olduğunu dilə gətirir, digər yandan isə mina xəritələrini Azərbaycana təhvil vermir. Eyni zamanda Ermənistan sərhəddə tez-tez atəşkəsi pozur, xarici dövlətlərdən silah-sursat tədarükünə davam edir, müqavilələr bağlayır və təlimlər həyata keçirir. Lakin Ermənistan başa düşməlidir ki, Azərbaycan 44 günlük Vətən müharibəsində  göstərdiyi gücü hər an təkrarlamağa hazırdır. Beynəlxalq təşkilatlar da mina xəritələriylə bağlı Ermənistana təzyiq göstərməlidir. Lakin beynəlxalq təşkilatların bəziləri mina təmizləmək üçün  Azərbaycandan daha çox Ermənistana yardım ayırırlar. Xarici dövlətlərə sual verən yoxdur ki, niyə Ermənistanın ərazisində mina basdırılmadığı halda onlara daha çox maliyyə yönləndirilir?”.    Ekspert söyləyib ki,  Ermənistan tərəfindən minalar basdırılan zaman o qədər qurumlar iştirak edib ki, bəlkə də özlərində heç xəritələr yoxdur: “Məsələn, mina basdıran hərbiçilərin çoxu savaşda həlak oldu və bəziləri dəyişdirildi. Həmçinin, Azərbaycana qarşı olan qərəzlərinə görə mina xəritələrini gizlədə və yaxud yandıra da bilərlər. Təbii ki, hər bir halda Ermənistanın ərazisində mina olmadığı halda bu qədər maliyyənin ayrılmasının hansı əsasla yerinə yetirildiyini dair Azərbaycan beynəlxalq təşkilatlar qarşısında tələb qoymalıdır. Ermənistan Azərbaycanın ərazilərini mina gölünə döndərib. Ermənistan torpaqlarında isə heç bir mina basdırılmayıb”.  

Hamısını oxu
“8 Noyabr zəfəri dünya miqysında bənzərsiz qələbədir”

“44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin erməni faşizmi üzərində əldə etdiyi zəfər dünya miqyasında bənzərsiz qələbədir”. Bunu Moderator.az-a açıqlamasında millət vəkili Məşhur Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə görüşündə səsləndirdiyi fikirlər bunu bir daha sübut edir: “Bildiyiniz kimi, cənab Prezident Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə görüşündə 44 günlük Vətən müharibəsi və bu müharibə nəticəsində əldə etdiyimiz tarixi qələbənin önəminə toxunub, 8 Noyabr zəfəri ilə bağlı maraqlı fikirlər səsləndirib. Dövlət başçısı çıxışında qeyd edib ki, Azərbaycanın əldə etdiyi 8 Noyabr zəfəri mütləq qələbədir və nə 44 günlük Vətən Müharibəsindən öncə, nə də bundan sonra bu qədər aydın, parlaq, qəti qələbə olmayıb. Yaxın və uzaq keçmişə nəzər salsaq görərərik ki, Müzəffər Ali Baş Komandanın səsləndirdiyi bu fikirlər tarixi faktlara, tarixi gerçəkliklərə söykənir. Həqiqətən də, 8 Noyabr zəfəri mübahisəsiz və təkrarsız bir qələbədir. Bu fakt bir daha Azərbaycan Ordusunun Ermənistan və onun havadarları üzərində necə böyük, misilsiz qələbə çaldığını göstərir. Və bu fakt bir daha sübut edir ki, Azərbaycan xalqı, türk dünyası olaraq bu böyük, tarixi qələbə ilə nə qədər fəxr etsək azdır!”. Seymur ƏLİYEV  

Hamısını oxu
Cəlil Xəlilov: Cinayətkarların heç biri məsuliyyətdən yaxa qurtara bilməyəcək

Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlılar Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmədə dünən ittiham aktı elan olundu. Hər iki şəxs azərbaycanlı əsirlərə ağır işgəncələr verməkdə ittiham olunur. Əli xalqımızın qanına batanların hamısını dünən məhkəmə qarşısında dayanan erməni təxribatçılarının aqibəti gözləyir. Bu sözləri AZƏRTAC-a açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. C.Xəlilov vurğulayıb ki, əsirlikdən azad edilən soydaşlarımız verdikləri ifadələrdə həmin ermənilərin onlara işgəncə verdiyini, fiziki və mənəvi məhrumiyyətlərə məruz qoyduğunu bildiriblər. Azərbaycanda ədalət mühakiməsi qarşısında cavab verən ermənilərin düşdükləri vəziyyət digərlərinə də ibrət olmalıdır. Hər bir erməni faşisti anlamalıdır ki, əli xalqımızın qanına batanların hamısını bu gün məhkəmə qarşısında dayanan erməni təxribatçılarının aqibəti gözləyir. Onların hamısı törətdikləri qanlı əməllərə görə gec və ya tez məhkəmə qarşısında cavab verəcək, məsuliyyətə cəlb olunacaqlar. Cinayətkarların heç biri məsuliyyətdən yaxa qurtara bilməyəcək. “Ermənistan 44 günlük Vətən müharibəsində rüsvayçı məğlubiyyətə uğrasa da, öz təxribatlarından əl çəkmək istəmir. Dövlət sərhədlərinin tez-tez pozulması, erməni diversantların Azərbaycan əraizisində minalama işi aparmağa səy göstərməsi, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyannamənin şərtlərinə əməl etmək istəməməsi rəsmi İrəvanın məkrli niyyətlərindən xəbər verir. Ancaq qeyd etdiyimiz kimi, dünənki məhkəmə prosesi Ermənistanın hərbi-siyasi rəhbərliyinə, hər bir erməni faşistinə dərs olmalıdır. Onlar anlamalıdırlar ki, Azərbaycan işğaldakı torpaqlarını azad etməyə, düşməni hərbi müstəvidə cəzalandırmağa qadir olduğu kimi, xalqımıza qarşı cinayət əməlləri törədənləri hüquqi müstəvidə məsuliyyətə cəlb etməyə də qadirdir və bu prosesin qarşısını heç bir qüvvə ala bilməz”.

Hamısını oxu