Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Veteranlarımız işğaldan azad edilən ərazilərdə aparılan nəhəng quruculuq prosesinin avanqardıdır”

“Verteranlarımız Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən ərazilərdə aparılan nəhəng abadlıq və quruculuq prosesinin avanqardıdır”.

 Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, 2020-ci ildə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında işğaldakı torpaqlarımızın azadlığını təmin edən veteranlar, müharibə dönəmində olduğu kimi post-müharibə dövründə də Prezident İlham Əliyevin ətrafında sıx birləşməkdə, respublikamızın çiçəkənməsinə ciddi töhfələr verməkdədir:

 “2020-ci ildə Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 30 illik erməni işğalına son qoyan veteranlarımız post-müharibə dönəmində də xalqımız, dövlətimiz və Prezidentimizlə tam bir həmrəylik sərgiləməkdədir. Bu gün işğaldan azad edilən ərazilərdə aparılan abaqlıq işlərində, qurucluq prosesində veteranlarımız yaxından iştirak etməkdə, yaşayış məntəqələrinin inşası, infrastrukturun formalaşdırılması prosesinə böyük töhfələr verməkdədir. Şəhid və veteranlarımızın fədakarlığı nəticəsində azad edilən torpaqlarımızda digər vətəndaşlarımızla yanaşı, veteranlarımız da böyük əmək sərf etməkdə, bu ərazilərin yenidən dirçəldilməsi üçün əsl fədakarlıq sərgiləməkdədirlər. Bu, veteranlarımızın xalqımız və dövlətimiz qarşısında tarixi xidmətlərindən biridir”.

 Hazırda ölkəmizdə Ümumdünya Şəhərsalma Forumunun (WUF13) on üçüncü sessiyasının keçirildiyinə diqqət çəkən polkovnik Cəlil Xəlilov, respublikamızın işğaldan azad edilən ərazilərdəki quruculuq təcrübəsinin öyrənilməsinin mühüm əhəmiyyətə malik olduğunu bildirib:

 “Mayın 17-də Bakıda start götürən və 22 may tarixinə qədər davam edəcək WUF13 yeni, müasir tələblərə cavab verən şəhərsalma ənənəsinin formalaşması baxımından olduqca əhəmiyyətlidir. Qürurvericidir ki, bu gün müasir şəhərsalma ilə bağlı WUF13-də səslənən çağırışların bir çoxu Azərbaycan Respublikası tərəfindən çoxdan həyata keçirilməkdədir. Biz işğaldan azad edilən ərazilərdə həyata keçirilən layihələr çərçivəsində bunu aydın şəkildə görə bilərik. Bu baxımdan dünya dövlətlərinin ölkəmizin işğaldan azad edilən ərazilərdəki təcrübəsini öyrənməsi ümumbəşəri maraqlar konteksində mühüm önəm kəsb edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də mayın 18-də “Euronews” televiziyasına müsahibəsində bu fakta diqqət çəkərək bildirdi ki, “biz bu günədək şəhər və kəndlərin sıfırdan qurulması ilə bağlı misilsiz təcrübə formalaşdırmışıq”. Hansı ki, ölkəmizin əldə etdiyi bu zəngin təcrübənin dünya dövlətləri tərəfindən mənimsənilməsi bütün bəşəriyyətin maraq və mənafeyi baxımından son dərəcə faydalı və səmərəli olar.

 Bu baxımdan, inanıram ki, WUF13-də iştirak edən dövlətlər Azərbaycanın şəhərsalma təcrübəsinə xüsusi diqqət yetirəcək və bu təcrübəni öyrənməklə öz ölkələrinin inkişafına əlavə töhfə verəcəklər”.

 Seymur ƏLİYEV

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti

 

2026-05-19 10:36:00
1312 baxış

Digər xəbərlər

“8 Noyabr zəfəri İlham Əliyevin ordu quruculuğu siyasətinin məntiqi nəticəsidir”

 “Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı bütün dünyaya örnək olan müasir ordu formalaşdırıb”   Dekabrın 24-ü Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 60 illik yubileyidir. Xalqımızın həyatının bütün sahələrində silinməz izlər qoyan, müstəqilliyimizi daha da möhkəmləndirən, dövlətimizin ərazi bütövlüyümüzü təmin edən, işğaldakı torpaqların azadlığına nail olan İlham Əliyev həm iqtisadi, həm siyasi, həm də hərbi sahədə böyük uğurlara imza atıb, Azərbaycanı regionun lider dövlətinə çevirməyə nail olub. Bu baxımdan İlham Əliyevin ordu quruculuğu siyasəti hərb tariximiz baxımından müstəsna əhəmiyyətə malikdir.   Ulu öndərin izi ilə: Adidən mükəmməlliyə gedən yol...   Məlumdur ki, Azərbaycanda nizami ordu quruculuğu prosesi ilə bağlı ilk addımlar ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə hakimiyyətə gələn Heydər Əliyev qanunsuz silahlı dəstələri, pərakəndə silahlı qrupları ləğv etdi və beləliklə də, nizami ordunun formalaşdırılması istiqamətində ilkin addımlar atıldı. Tezliklə ölkədə vahid komandanlığa tabe olan ordu formalaşdırıldı. Ordunun peşəkar kadrlarla təmin edilməsi, texniki təchizatının yaxşılaşdırılması və s. istiqamətində ciddi qərarlar qəbul edildi. Ulu öndərin ordu quruculuğu siyasəti Prezident İlham Əliyevin hakimiyəti dönəmində nəinki uğurla davam etdirildi, həm də miqyas və mahiyyət etibarı ilə yeni mərhələyə qədəm qoydu.  Müasir ordu quruculuğu istiqamətində İlham Əliyevin atdığı çoxsaylı addımlar, həyata keçirdiyi kompleks tədbirlər cəmi bir neçə il ərzində Azərbaycan ordusunu adi, sıradan bir ordudan dünyanın ən qüdrətli orduları sırasında qərarlaşdırdı.   İlham Əliyev hərbçilərin sosial müdafiəsini niyə və necə gücləndirib?   İlham Əliyevin ordu quruculuğu prosesi əsnasında həyata keçirdiyi mühüm addımlardan biri hərbçilərin sosial rifahının yüksəldilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, əmək haqlarının mütəmadi şəkildə artırılması ilə bağlı olub. Silahlı Qüvvələrin Ali Baş Komandanı hər zaman haqlı olaraq belə hesab edib ki, vətəni qoruyan, onun təhlükəsizliyini təmin edən, düşmən hücumları, düşmən təxribatlarına özünü sipər edən şəxslərin sosial rifahı, yaşam səviyyəsi yüksək olmalı, onlar maddi çətinlik, mənzil problemi və s. kimi hallarla üzləşməməlidir. Bu məqsədlə mütəmadi surətdə hərbçilərin sosial təminatının gücləndirilməsi ilə bağlı fərman və göstərişlər verən ölkə başçısının bununla bağlı son fərmanı 15 noyabr 2021-ci il tarixində olub. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanla hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı komissiyanın katibliyi müəyyənləşib. Bundan daha öncə, 2021-ci ilin iyun ayında Prezident İlham Əliyev "İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında" sərəncam imzalayıb. 2021-ci ilin 1 iyul tarixindən qüvvəyə minən bu sərəncama əsasən işğaldan azad edilən ərazilədə xidmət edən hərbçilərin maaşları artırılıb.   Şəhid ailələrinə, o cümlədən sağlamlığını itirən hərbçilərə dövlət qayğısının artırılması, onların mənzil probleminin köklü şəkildə həll edilməsi istiqamətində də ciddi addımlar atılıb. 2017-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərdən və şəhid ailələrindən 315 nəfər mənzil və fərdi evlə təmin ediliblər. Prezident İlham Əliyevin 2 avqust 2018-ci il tarixli Sərəncamı ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 2018-ci ildə əlavə olaraq minimum 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılıb. Vətən müharibəsində həlak olan bütün şəhidlərin ailələrinin evlə təmin edilməsi ilə bağlı ölkə başçısının məlum göstərişi də, YAŞAT Fondunun yaradılması da Ali Baş Komandanın öz zabitinə, öz əsgərinə, onların ailələ üzvlərinə olan doğma münasibətinin göstəricisidir.   Ordusunu dünya hərb sənayesinin ən müasir nailiyyətləri ilə silahlandıran sərkərdə!   İlham Əliyevin hərbi quruculuq siyasətində diqqət çəkən məqamlardan biri də Azərbaycan ordusunu dünya hərb sənayesinin ən müasir nailiyyətləri ilə silahlandırması, müasir hərbi texnikanın idxalına xüsusi diqqət yetirməsi ilə bağlıdır. Azərbaycanın iqtisadi gücündən maksimum faydalanaraq ordumuzu Türkiyə, İsrail, Rusiya, Belarus və s. kimi dövlətlərin müasir hərbi texnikaları ilə təchiz edən, onun davamlı modernləşdirilməsi prosesini həyata keçirən İlham Əliyev, bununla Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusu qarşısndakı üstünlüyünü bir qədər də artırmış, onu sözün həqiqi məansıdna məğlubedilməz etmişdi. Təkcə bir faktı qeyd edim ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın Türkiyə və İsraildən aldığı kəşfiyayt və zərbə dronları düşmən hədəflərinin müəyyən edilməsi və məhv edilməsində mühüm rol oynamış, nəticədə işğalçı orduya məxsus, dəyəri milyonlarla dollarla hesablanan hərbi texnika, hava hücumundan müdafiə sistemləri, artilleriya qurğuları məhv edilmişdi.   Xarici dövltətlərdən Azərbaycan ordusunun ehtiyacına uyğun olaraq alınan müasir hərbi texnika və raket sistemləri Vətən müharibəsi zamanı Ermənistanın hərbçilərimizə və mülki insanlarımıza qarşı tətbiq etdiyi ballistik raketlərin havadaca zərərsizləşdirilməsində uğurla istifadə edilmiş, məhz bunun sayəsində yaşayış məntəqələrimizi və əsgərlərimizi hədəf alan bir sıra raketlər, o cümlədən düşmənin Şuşaya atdığı “İsgəndər-M” raketlərinin bir çoxu havadaca vurulmuşdur. Nəticədə, sadəcə artilleriya və raket sistemlərimizin deyil, mülki insanlarımızın, əsgər və zabitlərimizin təhlükəsizliyi təmin edilmişdir.   Bunu da qeyd edim ki, ölkə başçısı öz çıxışlarında qabaqcıl dövlətlərdən müasir hərbi texnikaların alınması siaysətinin bundan sonra da diqqət mərkəzində saxlanılacağını bəyan edib ki, bu da Azərbaycan ordusunun post-müharibə dönəmindən sonra da hərbi-texniki təchizat baxımından öz liderliyini qoruyub saxlayacağı deməkdir.   Yeni hərbi akademiyalar, xarici dövlətlərdə təkmilləşdirmə kursları və “peşəkarlar məktəbi”   İlham Əliyevin ordu quruculuğunda mühüm yer tutan məqamlardan biri də yüksək peşəkarlığa malik hərbi kadrların hazırlanması ilə bağlıdır. Xatırladaq ki, ümummilli lider Heydər Əliyev böyük uzaqgörənlik göstərərək hələ sovet dönəmində - 19 aprel 1971-ci il tarixində Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi lideyin yaradılmasına nail olmuş, bununla da yerli hərbi kadrların hazırlanması üçün mühüm zəmin formalaşdırmışdı. Müstəqillik illərində Heydər Əliyev tərəfindən hərbi məktəb və akademiyaların yaradılması prosesi uğurla davam etmişdir. Ulu öndərin məlum siyasətini müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyev yeni hərbi akademiyaların yaradılmasına nail olmuşdur. Buna nümunə olaraq Prezident İlham Əliyevin 2007-ci il 12 iyun tarixli sərəncamı ilə Dövlət Sərhəd Xidməti Akademiyasının yaradımasını göstərmək olar. Hansı ki, 44 günlük Vətən müharibəsində bütün qoşun növləri kimi Sərhəd Qoşunları da torpaqlarımızın erməni işğalından azad edilməsində yaxıdnan iştirak etmiş və böyük qəhrəmanlıqlar göstərmişdir.   Bundan başqa, məhz İlham Əliyevin səyi nəticəsində yüzlərlə, minlərlə azərbaycanlı hərbi kadr qardaş Türkiyə başda olmaqla dünyanın bir çox dövlətlərində əlavə hərbi təhsil və təkmilləşdirmə kurslarına cəlb edilmiş, bununla da öz peşəkarlıqlarını daha da yüksəltmiş, dünya ordularının təcrübəsi ilə praktiki şəkildə tanış olmuşdular. Nəticədə, Azərbaycan Silahlı Qüvvələri hərb işini dərindən bilən nəhəng  peşəkarlar məktəbinə çevrilmiş, digər dünya orduları üçün nümunə sayılacaq səviyyəyə yüksəlmişdi.   Ordusunu vətən məhəbbəti, torpaq sevgisi, bayraq eşqi ilə silahlandıran komandan!   Müasir ordu quruculuğu prosesində İlham Əliyevin həyata keçridiyi hər bir islahat, tətbiq etdiyi hər bir yenilik son dərəcə səmərəli olmuş və bu yeniliklər kompleks yanaşma siyasətinin tərkib elementi kimi çıxış etmişdir.   İlham Əliyevin ordu quruculuğu istiqamətində atdığı addımlar sırasında ordu daxilində mənəvi baxımdan sağlam ab-havanın yaradılıması, yüksək mübarizə əzminin və əhval-ruhiyyəsinin formalaşdırılması xüsusi əhəmiyyət kəsb etmişdir. Təsadüfi deyil ki, İlham Əliyev sadəcə bütün dünyaya nümunə olacaq müasir ordunun qurucusu olmaqla yanaşı, həm də hərbçilərini vətən məhəbbəti, torpaq sevgisi, bayraq eşqi ilə silahlandıran komandan kimi tanınmaqdadır. İlham Əliyevin Ali Baş Komandan kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində formalaşdırdığı yüksək döyüş əzmi, vətən sevgisi, fədakarlıq keyfiyyəti özünü 44 günlük Vətən müharibəsində bütün aydınlığı ilə büruzə verdi. Təkcə Şuşa şəhərinin işğaldan azad edilməsi zamanı hərbçilərimizin sərgilədiyi qəhrəmanlıq – düşməni yalın əllə məhv edərək şəhəri azad etməsi gerçəyi deyilənlərə nümunədir.   Məlumat üçün qeyd edim ki, Vətən müharibəsinin başa çatmasından bir il ötsə də, bu gün Azərbaycan ordusunun Şuşa uğrundakı döyüşlərdə sıldırım qayaları dırmaşaraq düşməni yalın əl, bıçaq və yüngül atıcı silahlarla məğlub etməsi dünyanın ən məşhur hərbi institutları, ABŞ, Rusiya, Çin və s. dövlətləri tərəfindən araşdırılmaqda, ətraflı şəkildə öyrənilməkdədir. Bütün bunlar şanlı Azərbaycan ordusunun, bu ordunun Ali Baş Komandanı olan İlham Əliyevin gücündən, böyüklüyündən, özünəməxsus bacarıq və səriştəsindən xəbər verir.   Yuxarıda qeyd etdiyimiz kimi, dekabrın 24-ü Prezident İlham Əliyevin, müzəffər Ali Baş Komandanın  60 illik yubileyidir. Bizim üçün xüsusilə sevindiricidir ki, Azərbaycan xalqı öz liderinin 60 illik yubileyini ərazi bütövlüyünü təmin etmiş halda – qalib xalq kimi qeyd edir. Hər bir azərbaycanlı əmindir ki, Azərbaycan xalqı, Azərbaycan dövləti İlham Əliyevin rəhbərliyi altında bundan sonra da bir-birindən böyük, bir-birindən önəmli uğurlara nail olacaq, insanlarımızın sosial rifahı daha da yaxşılaşacaq və vətənimiz günü-gündən daha da çiçəklənəcəkdir. Heç şübhəsiz ki, bu mühüm işdə hər birimiz Ali Baş Komandanın yanında olmalı, ona dəstək verməli və onun ətrafında dəmir yumruq kimi birləşməliyik. Çünki həm dövlət, həm də xalq olaraq gələcəyimiz bu birlik və həmrəylikdən asılıdır.   Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik  

Hamısını oxu
Baş prokuror İsmət Qayıbovun oğlu ilə görüşdü

Prokurorluq işçilərinin peşə bayramı ərəfəsində - sentyabrın 23-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev prokurorluğun şəhid olmuş əməkdaşlarının ailələri ilə görüş keçirilib. Baş Prokurorluğun mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, tədbirin məqsədi vətənimizin ərazi bütövlüyü uğrunda, cinayətkarlıqla mübarizə zamanı xidməti vəzifələrinin icra edərkən şəhid olmuş prokurorluq əməkdaşlarının xatirəsini yad etmək olub. Tədbiri giriş sözü ilə açan Baş prokuror şəhid prokurorluq əməkdaşlarının ailə üzvlərinə dərin hörmətini ifadə edərək, onların cinayətkarlıqla mübarizə zamanı Vətən uğrunda həlak olaraq şəhidlik zirvəsinə yüksəldiyini vurğulayıb. Şəhid prokurorluq əməkdaşlarının ailə üzvləri tədbirdə çıxış edərək Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi gündəlik diqqət və qayğıdan, şəhid ailələrinin sosial müdafiəsinin təmin edilməsi üçün kompleks işlərin görülməsindən söz açıblar. Sabiq Baş prokuror İsmət Qayıbovun oğlu İsmayıl Qayıbov, Qubadlı rayonunun sabiq prokuroru Nizami Ağayevin həyat yoldaşı İradə Ağayeva, Samux rayonunun sabiq prokuroru Şəmşir Əliyevin həyat yoldaşı Gültəkin Əliyeva, Qubadlı Rayon Prokurorluğunun sabiq müstəntiqi Eyyub Vəliyevin həyat yoldaşı Flora Vəliyeva baş vermiş hadisələrlə bağlı xatirələrini bölüşərək, prokurorluq orqanlarının əməkdaşları tərəfindən göstərilən dəstək və qayğıdan məmnunluqlarını ifadə ediblər. Tədbirə yekun vuran Baş prokuror Kamran Əliyev prokurorluğun şəhid olmuş əməkdaşlarının ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həlli ilə bağlı bundan sonra da işlərin görüləcəyini qeyd edib, prokurorluq orqanlarının onlara hər zaman dəstək olacağını nəzərə çatdırıb. Sonda xatirə şəkli çəkdirilib.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Şuşa Bəyannaməsi ilə bağlı konfrans keçirilib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti” mövzusuna həsr olunmuş Konfrans keçirilib.   Konfransı giriş sözü ilə açan Təşilatın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru, polkovnik Cəlil Xəlilov qonaqları salamlayıb, Şuşa Bəyannaməsi, bu Bəyannamənin tarixi-siyasi əhəmiyyəti ilə bağlı giriş sözü ilə çıxış edib. Daha sonra Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   Çıxış üçün ilk söz Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası sədrinin müavini-Mərkəzi Aparatın  rəhbəri, fəlsəfə doktoru cənab Tahir Budaqova verilib. YAP sədrinin müavini çıxışında Şuşa Bəyannaməsini müxtəlif aspektlərdən şərh edib, bu Bəyannamənin iki dövlət arasında əməkdaşlığın genişlənməsinə töhfə verəcəyini bildirib.   Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, Tarix üzrə fəlsəfə doktoru, dosent, əməkdar müəllim Firdovsiyyə xanım Əhmədova „Şuşa Zirvəsinin tarixi zəmini və əhəmiyyəti“ mövzusundə məruzə edib, Şuşa Bəyannaməsinin tarixi önəminə diqqət çəkib.   Akademik Ziyad Səmədzadə „Türkiyə və Azərbaycan iqtisadi əməkdaşlığı müasir vəziyyət və çağırışlar“ mövzusundakı çıxşında Azərbaycan və Türkiyənin hər zaman bir-brilərinin marağını qətiyyətlə müdafiə etdiyini bildirib, bununla bağlı konkret nümunələr göstərib.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Hüquq və kadr şöbəsinin müdiri Bəhram Zahidov Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinə diqqət çəkib, 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun məhz onun rəhbərliyi altında tarixi uğura imza atdığını bildirib.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova isə öz çıxışında Şuşa Bəyannaməsinin Azərbaycan-Türkiyə əlaqələrində yeni səhifə açdığını bildirib, bu əməkdaşlığın türk dünyasının birliyi və tərəqqisi baxımından mühüm önəm kəsb etdiyini vurğulayıb.   Daha sonra Respublika Veteranlar Təşkilatının mətbuat katibi Seymur Əliyev konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə ünvanlanan müraciətin mətnini oxuyub.   Konfrans iştirakçıları 44 günlük Vətən müharibəsində erməni faşizmi üzərində böyük zəfərə nail olan,  Azərbaycanın ərazi bütövlüyün təmin edən Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı ilə təltif edilməsi təklifi ilə çıxış edib, bununla bağlı yekdil mövqe ifadə ediblər.   Konfrans hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlının ifası ilə başa çatıb.   Konfransın sonunda ölkə başçısına ünvanlanan müraciətin mətni.   Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 23 iyun 2021-ci il tarixdə keçirilmiş “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti” mövzusuna həsr olunmuş Konfrans iştirakçıları adından   Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə   M Ü R A C İ Ə T   Möhtərəm Prezident! Cənab Ali Baş Komandan!   Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı dostluq və qardaşlıq münasibətləri hazırda ölkələrimizin həyatının bütün sahələrini əhatə etməklə, ardıcıl, dinamik şəkildə inkişaf edir. Tarixin bütün sınaqlarından uğurla çıxan Azərbaycan–Türkiyə dostluğu hər iki dövlətin güclənməsi, ölkələrimizin tərəqqisi və eyni kökdən gələn xalqlarımızın rifahı üçün möhkəm zəminə çevrilmişdir. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” ifadələri hazırda bu münasibətlərin əsasını təşkil edən möhkəm təməl prinsiplərinə çevrilmişdir. Dərin tarixi, milli-mənəvi köklərə malik olan, ölkələrimizin birgə maraqlarına xidmət edən və strateji mahiyyət daşıyan Azərbaycan–Türkiyə münasibətləri son vaxtlar öz inkişafının yeni bir mərhələsinə, müttəfiqlik səviyyəsinə ucalmışdır. 30 ildən çox davam edən erməni işğalına son qoymaq, ölkənin ərazi bütövlüyünü təmin etmək üçün 44 günlük müqəddəs Vətən müharibəsi bunun əyani və birmənalı təsdiqi olmuşdur. Ədalətin bərpası naminə  apardığımız haqq savaşında Türkiyə, onun qətiyyətli siyasi rəhbərliyi və qardaş xalqı ilk gündən mənəvi-siyasi dəstəyi ilə Azərbaycan xalqının yanında olmuşdur. 2020-ci ilin 27 sentyabrından başlanan, ötən dövrdə bir an belə dayandırılmayan bu qardaşlıq missiyasının zirvəsi isə 2021ci il iyun ayının 15-də Şuşa şəhərində Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında iki dövlətin Prezidenti tərəfindən imzalanmış müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi oldu. Azərbaycan üçün çox önəmli bir tarixdə - Milli Qurtuluş Günündə, Qars müqaviləsindən 100 il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi tarixə qızıl hərflərlə yazılmaqla, birgə kökə bağlılığımızı, keçmişə sədaqətimizi bir daha nümayiş etdirir, gələcək nəsillərə yol göstərir. Bəyannamədə nəzərdə tutulan genişmiqyaslı tədbirlər hər iki qardaş ölkə ilə yanaşı, Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə iqtisadi və sosial inkişafa nail olunmasına, eləcə də region dövlətləri arasında Ulu öndər Heydər Əliyevin layiqli siyasi varisi, Ali Baş Komandan İlham Əliyevin bilavasitə rəhbərliyi ilə ümumxalq birliyinə söykənən münasibətlərin normallaşdırılmasına və uzunmüddətli sülhün təmin edilməsinə öz töhfəsini verəcəkdir. Bu Bəyannamə, eyni zamanda, 44 günlük Vətən müharibəsində azad etdiyimiz, tarixi sahibinə qaytarılmış Qarabağımızın təqdimatı, onun tacı olan Şuşamızın və digər rayonlarımızın həyatında yeni mərhələnin başlanğıcı, dirçəlişinin siyasi qarantı olacaq mühüm səhifəsidir. Mədəniyyət paytaxtımız olan Şuşada imzalanan bu sənəd həm də tarixi qala şəhərimizin imzasının yenidən imzalar arasında görünməsi, onun Azərbaycana məxsusluğunun birmənalı təsdiqi kimi dünyaya bəyan edilməsidir.   Möhtərəm Prezident, Cənab Ali Baş Komandan!   Əzəli torpaqlarımızı erməni faşistlərinin işğalından azad edərək doğma Azərbaycanımıza, onun xalqına, o cümlədən biz veteranlara yaşatdığınız Böyük Zəfər qüruruna, bu gün Qarabağımızda başlatdığınız, həmin əraziləri yenidən gülüstana döndərəcək genişmiqyaslı quruculuq işlərinə və bütün bunların reallaşmasına siyasi-diplomatik müstəvidə yaratmaqda olduğunuz möhkəm zəminə görə Sizə bir daha tükənməz sevgimizi və sonsuz minnətdarlığımızı çatdırırıq.   Siz Ulu Öndər Heydər Əliyevin vəsiyyətlərinə sadiq qalaraq azad, müstəqil Azərbaycanımızın veteranlarına çox böyük hörmətlə yanaşır, onlara daim diqqət və qayğı göstərirsiniz. Konfrans iştirakçıları və veteranlar  adından Sizə bir daha dərin ehtiramımızı çatdırır, Respublika Veteranlar Təşkilatının həmişə dövlətin, xalqın yanında olduğunu, möhtərəm Prezidenti dəstəklədiyini bildirir və fəxrlə bəyan edirik: Eşq olsun Ali Baş Komandan İlham Əliyevə, yaşasın Azərbaycan xalqı, Azərbaycan Ordusu, Qarabağ Azərbaycandır!”

Hamısını oxu
Cəlilabad Rayon Veteranlar Təşkilatı əmək veteranının kitabının təqdimatını keçirib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı Əmək veteranı Mirhəbib Sadiqin "İrfan əhli dərk edər" kitabının təqdimat mərasimini keçirib. Rayon Veteranlar evində düzənlənən tədbirə rayonun tanınmış şair və yazıçıları ilə yanaşı əmək və müharibə veteranları da dəvət olunublar. Təqdimatdan öncə tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Rayon Veteranlar Təşkilatının sədri, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist  Ədalət Salman müəllifin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib, təqdim olunan kitabda toplanmış müxtəlif vəznli şeirlərin bədii xüsusiyyətlərindən danışıb, adət-ənənələrimizin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasını təbliğ edən belə kitabların gənc nəslin təlim-tərbiyəsinə göstərdiyi müsbət təsiri xüsusi vurğulayıb. Qələm adamlarından Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim Abbas, Gülbala Teymur, Əlizadə Nuri, İman Abdulla, Əlövsət Tahirli, Qurban Əhməd, bədii qiraət ustası Mikayıl İnçəçaylı, əmək veteranları Mirməsləhət Əhmədov,Təyyar Məmmədov, Mirzəbala Hüseynov, müharibə veteranı Maşallah Əliyev və başqaları Mirhəbib Sadiqi yeni kitabının nəşr olunması münasibətilə təbrik edib,şeirləri haqqında öz ürək sözlərini söyləyib və ona yaradıcılıq uğurları arzulayıblar. Muğamlarımızın gözəl ifaçısı Akif Babayev isə şairin  bir neçə qəzəlini muğamat üstə oxuyaraq tədbir iştirakçılarına xoş ovqat yaşadıb. Tədbirin soninda kitabın müəllifi Mirhəbib Sadiq kitabın təqdimatını təşkil edən rayon Veteranlar Təşkilatına və tədbir  iştirakçılarına təşəkkürünü bildirib, yaradıcılıq işindən danışıb və öz oxucularına kitablarını hədiyyə verib.

Hamısını oxu