Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bir vətən sevdalısının tale yolu- Teyyub Eyyub oğlu Rəhimov

Azərbaycanın müstəqillik uğrunda apardığı mübarizə tarixində elə insanlar var ki, onların həyatı bütöv bir vətən sevgisinin, milli ruhun və fədakarlığın simvoluna çevrilib. Belə insanlardan biri də ömrünü xalqına, dövlətinə və torpağına həsr etmiş vətənpərvər döyüşçü Teyyub Eyyub oğlu Rəhimov idi.

Teyyub Rəhimov 1 iyun 1951-ci ildə Xızı rayonunda dünyaya göz açmışdı. Uşaqlıq və gənclik illəri Giləzi kəndində keçmiş, orta məktəbi də burada bitirmişdi. Hələ gənc yaşlarından Vətənə bağlılığı, mübariz ruhu və haqq uğrunda qətiyyəti ilə seçilirdi. Sovet Ordusunda hərbi xidmətini başa vurduqdan sonra ailə qurmuş, üç qız və bir oğul atası olmuşdu. Lakin onun həyat yolu yalnız ailə qayğıları ilə məhdudlaşmadı. Azərbaycanın taleyi təhlükə qarşısında qalanda o, bir vətəndaş kimi susmağı özünə rəva bilmədi.

1988-ci ildən başlayaraq Azərbaycan xalqının azadlıq hərəkatına qoşulan Teyyub Rəhimov həmin dövrün ən fəal iştirakçılarından biri kimi tanındı. Meydanlarda səslənən azadlıq çağırışları, xalqın istiqlal arzusu onun həyatının əsas amalına çevrildi. O, milli azadlıq ideyalarının yorulmaz təbliğatçısı idi. Azərbaycan ziyalılarının Moskvanın məşhur Lefortovo həbsxanasında saxlanılmasına etiraz olaraq 1990-cı ilin iyun ayında 17 gün həmin həbsxananın qarşısında aclıq aksiyası keçirməsi onun necə iradəli və qorxmaz insan olduğunu bir daha sübut edirdi. Hətta həmin hadisə Moskvanın “Kommersant” qəzetində də işıqlandırılmışdı. Bu etiraz aksiyası nəticəsində Azərbaycan diasporası məsələyə müdaxilə etmiş, həbs olunan ziyalıların azad olunmasına nail olunmuşdu.

Teyyub Rəhimov yalnız sözlə deyil, əməli ilə də Vətənə xidmət etməyi seçmişdi. 1991-ci ildə Azərbaycanın Milli Ordusunun yaradılması barədə qərar qəbul ediləndə ilk könüllülərdən biri olaraq Milli Ordu sıralarına yazıldı. Şıxovda yaradılmış ilk batalyonun tərkibində Qarabağın müdafiəsinə yollandı. Şuşanın Kərkicahan qəsəbəsi uğrunda gedən ağır və qeyri-bərabər döyüşlərdə böyük qəhrəmanlıq göstərdi.

1991-ci ilin dekabrında erməni silahlı birləşmələri və rus ordusunun 366-cı alayına qarşı aparılan döyüşlər zamanı Teyyub Rəhimov ağır yaralandı. Döyüş yoldaşları onu ölümün caynağından çıxararaq Bakıya çatdırdılar. Lakin aldığı ağır qəlpə yaraları nəticəsində hər iki gözünü itirdi. Buna baxmayaraq, o heç vaxt ruhdan düşmədi. Çünki onun qəlbində Vətən sevgisi gözlərindən daha güclü idi.

Onun müalicəsi Bakıda, Moskvada və Ankarada davam etdirildi. Türkiyə Cümhuriyyətinin dövlət rəhbərləri Turqut Özal və Süleyman Dəmirəl onun taleyinə xüsusi həssaslıq göstərərək Teyyub Rəhimovun Ankara Qazi Universitetində müalicə almasına şərait yaratdılar. Sonralar Süleyman Dəmirəlin şəxsi qonağı olması da onun şəxsiyyətinə və qəhrəmanlığına verilən böyük dəyərin göstəricisi idi. Həkimlərin bütün səylərinə baxmayaraq, onun sağlamlığını tam bərpa etmək mümkün olmadı. Bir gözünə süni göz yerləşdirilsə də, beynində qalan qəlpənin ağır fəsadları illər sonra öz sözünü dedi.

Teyyub Rəhimovun ən böyük arzusu Azərbaycanın işğal altındakı torpaqlarını azad görmək idi. O, daim inanırdı ki, Azərbaycan Ordusu bir gün Qarabağı düşməndən təmizləyəcək. Təəssüf ki, o müqəddəs günü görə bilmədi. 23 avqust 1997-ci ildə beynindəki qəlpənin yaratdığı ağır fəsad nəticəsində dünyasını dəyişdi.

Lakin illər sonra onun arzusu gerçəyə çevrildi. 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərə imza atdı. Qarabağ azad edildi. Bu gün hər bir azərbaycanlı inanır ki, Teyyub Rəhimov kimi qəhrəmanların ruhu həmin zəfər xəbəri ilə şad oldu.

Onun xatirəsi bu gün də ehtiramla yad edilir. Azərbaycan veteranları onun ailə üzvlərinin təşəbbüsü ilə keçirilən anım mərasimlərində döyüş yoldaşları onun qəhrəmanlığından, mərdliyindən və vətənpərvərliyindən böyük qürurla danışırlar. Döyüş dostlarının xatirələrində Teyyub Rəhimov qorxmaz, sadiq və hər zaman öndə gedən bir vətən oğlu kimi yaşayır.

Onun ailəsi də bu müqəddəs yolu davam etdirir. Qızı İlahə Rəhimli atasının vətənpərvərlik ruhunu yaşadan, qazilərə və şəhid ailələrinə daim dəstək olan xeyriyyəçi bir xanım kimi tanınır. O, atasının ağrılarını və Vətən uğrunda itkilərin nə demək olduğunu ürəkdən hiss edir. Buna görə də qazilərin və şəhid ailələrinin yanında olmağı özünə mənəvi borc sayır.

Teyyub Rəhimovun həyatı bir insan ömrünün Vətən sevgisi ilə necə ucaldığının canlı nümunəsidir. O, gözlərini itirsə də, Vətənə olan inamını heç vaxt itirmədi. Çünki onun baxışları artıq yalnız gözləri ilə deyil, ürəyi ilə görürdü.

Ruhu şad, məkanı cənnət olsun! Vətən uğrunda canlarını fəda edən qəhrəmanlarımızın xatirəsi hər zaman qəlbimizdə yaşayacaqdır!

Rasim Mirzəyev

2026-05-20 14:11:00
1277 baxış

Digər xəbərlər

“DTX bu əməliyyatla bir daha sübut etdi ki, istənilən terror və təxribat cəhdinin qarşısı qətiyyətlə alınacaq”

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 5 ölkədə paralel antiterror tədbirləri keçirib, 10 nəfər saxlanılıb. Görülən tədbirlər nəticəsində cinayətkar dəstənin üzvləri Vüqar Abdullayev, Cəlal Hacıyev, Cavid Əliyev, Nicat Əhmədov, Nazim Əliyev, İlkin Həsənzadə, Ayxan Hüseynov, Elşən Əsgərov, Fəxrəddin İmanov, Nail Rəsulov və Elgün İsmayılov AR Cinayət Məcəlləsinin 214-1, 218.1, 28, 277-ci (terrorçuluğun maliyyələşdirilməsi, cinayətkar birlik (təşkilat) yaratma, dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etməyə hazırlıq) və digər maddələri ilə istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxslər qismində məsuliyyətə cəlb edilərək, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Mövzu ilə bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, DTX-nın keçridiyi bu əməliyyatın dövlətimizin təhlükəsizliyi baxımından mühüm önəm kəsb etdiyini bildirib: “DTX-nın eyni vaxtda 5 ölkədə paralel antiteror təbdirləri həyata keçirməsi, bu tədbirlər nəticəsində 10 nəfər şəxsin saxlanılması olduqca mühüm bir hadisədir. Bu, DTX-nın timsalında dövlətimizin gücündən, onun öz təhlükəsizliyini təmin etmək bacarığındna xəbər verir. Keçirilən əməliyyat sübut edir ki, DTX eyni vaxtda bir neçə ölkədə bu cür antiterror tədbirləri həyata keçirməyə qadirdir və gələcəkdə də dövlətimizin təhlükəsizliyi üçün hər hansı fədakarlıqdan çəkinməyəcək. Mən DTX rəhbərliyini, xüsusi xidmət orqanlarımızın hər bir əməkdaşını bu əməliyyat münasibətilə təbrik edir, onlar gələcək fəaliyyətlərində uğurlar arzulayıram. Bununla yanaşı, bu əməliyyat ölkəmizə qarşı təhdid və risklərin mövcudluğunu göstərir. Bu əməliyyat onu deməyə əsas verir ki, həm ölkəmizin daxilində, həm də ölkəmizdən kənarda öz məqsədlərinə zor yolu ilə, terror vasitəsi ilə çatmaq istəyən şəxslər var və onlar bütün cəmiyyət üçün təhlükəlidir”. Polkovnik Cəlil Xəlilov DTX-nın peşəkarlığını qeyd etməklə yanaşı, vətəndaşları da diqqətli olmağa, hüquq-mühafizə orqanlarının fəaliyyətinə informasiya dəstəyi verməyə səsləyib: “DTX-nın yüksək peşəkarlığa malik olduğu, dövltimizin və xalqımızın təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayandığı hər kəsə məlumdur. Sözügedən qurumun haqqında danışdığımız sonuncə əməliyyatı da bunu sübut edir. Lakin bu da bir həqiqətdir ki, təhlükəsizlik ümumxalq işidir və bu məsələdə hər bir vətəndaş güc orqanlrına informasiya dəstəyi verməyi, onlarlla həmrəylik sərgiləməlidir. Yalnız bu halda biz dövlətimizin və xalqımızın etibarlı təhlükəsizliyini təmin edə bilərik”. Seymur ƏLİYEV  

Hamısını oxu
Hikmət Hacıyevdən ermənipərəst dairələrə mənəviyyat dərsi... - TƏHLİL!

Ruben Vardanyana verilən cəza Azərbaycanın qanuna, ədalətə, bəşəri dəyərlərə münasibətinin təzahürüdür Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında Bakı Hərbi Məhkəməsinin qərarı ilə 20 il azadlıqdan məhrum edilən Ruben Vardanyanın həbsinə münasibət bildirib. Hikmət Hacıyev Vardanyana verilən cəzanı 30 ildir davam edən münaqişənin simvolik və məntiqi yekunu kimi dəyərləndirib. Prezidentin köməkçisi həmçinin qeyd edib ki, Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində Ruben Vardanyana verilən bu cəza məlum faciənin günahsız qurbanlarının xatirəsinə dərin ehtiramdan xəbər verir. Erməni faşizmini müdafiə etmək, onun törətdiyi cinayətlərə ortaq olmaq deməkdir... Hikmət Hacıyevin paylaşımında diqqət çəkən məqamlardan biri isə Prezidentin köməkçisinin baş verənlərə həm də  mənəviyyat və bəşəri dəyərlər baxımından yanaşmasıdır. Bəzi qüvvələrin bir çox məsələlərə olduğu kimi, erməni terrorçuları ilə bağlı olaylara da ikili standartlardan yanaşdığına diqqət çəkən Hikmət Hacıyev, Ruben Vardanyan kimi cinayətkarlara azadlıq tələbinin qeyri-əxlaqi və qeyri-mənəvi olduğunu bildirib: “...Azərbaycan açıq məhkəmə prosesləri təşkil edərək ədaləti öz hüquq sistemi çərçivəsində təmin edib və bununla beynəlxalq ictimaiyyət üçün nümunə ortaya qoyub. Eyni zamanda, bəzi dairələrin, o cümlədən Avropa Parlamentinin bəzi üzvlərinin və “Amnesty International” kimi təşkilatların ağır müharibə cinayətlərində ittiham olunan şəxslərin azadlığa buraxılmasına çağırış etməsi qeyri-etik, qeyri-mənəvi addımdır. Azərbaycan Prezidenti İlham Əliyev “France 24” telekanalına müsahibəsində bu məsələyə toxunaraq bildirib: “İkinci Dünya müharibəsindən sonra Nürnberq məhkəmələrində ölüm hökmünə məhkum edilmiş bütün o nasist liderlərini təsəvvürünüzə gətirin ki, iki aydan sonra kimsə gəlib deyəcək, xahiş edirəm, onları azad edin. Onların törətdiyi cinayət İkinci Dünya müharibəsi zamanı nasistlərin etdiklərindən daha pis idi”. Göründüyü kimi, Hikmət Hacıyev paylaşımında insanlığa qarşı ağır cinayətlərdə ittiham edilən, cinayətləri məhkəmə prosesində sübut edilən şəxslərlə bağlı azadlıq çağırışının yalnız qanuna deyil, həm də əxlaqa zidd olduğuna diqqət çəkib. Eyni zamanda, dövlət başçısının “France 24” telekanalına verdiyi müsahibədən sitat gətirməklə, erməni faşistlərinin alman faşistlərindən daha ağır cinayətlər törətdiyini bildirib. Hikmət Hacıyevin bu sözlərindən alınan qənaət birmənalıdır: Erməni faşizmini müdafiə etmək, onun törətdiyi cinayətlərə mənəvi baxımdan ortaq olmaq deməkdir. Bu isə insanlığa, onun özündə ehtiva etdiyi dəyərlərə xəyanətdən başqa bir şey deyil. Bu mənada Hikmət Hacıyevin “X” hesabındakı sözügedən paylaşımını ermənipərəst dairələrə verilən növbəti mənəviyyat dərsi hesab etmək olar. Azərbaycan qanunun aliliyi ilə yanaşı, həm də əxlaqi-mənəvi dəyərlərin toxunulmazlığına sadiqdir Ruben Vardanyanın məhkəməsi ilə bağlı məlum həqiqətlərdən biri də bu məhkəmənin şəffaf şəkildə, media və ictimaiyyətin geniş iştirakı ilə keçirilməsiylə bağlıdır. Hansı ki, rəsmi Bakı ədalətli mühakiməni təmin etmək, məhkəmə və onun ədaləti ilə bağlı hər hansı qərəzli yanaşma və söyləntiyə yer qoymamaq üçün bu nüansa xüsusi diqqət yetirib, Ruben Vardanyanı vəkil, tərcüməçi və digər xidmətlərlə təmin edib. Məhkəmə prosesinin şəffaf şəkildə keçirilməsinin özü sübut edir ki, Vardanyanla bağlı qərarda zərrə qədər də olsun siyasi yanaşma yoxdur və verilən qərar sırf qanuni prizmadan qəbul edilib. Bütövlükdə, istər Bakı Hərbi Məhkəməsinin Ruben Vardanyana verdiyi cəza, istərsə də Hikmət Hacıyevin “X” hesabındakı mülahizələri sübut edir ki, Azərbaycan hər bir məsələdə qanunun aliliyi, ədalətin toxunulmazlığı ilə yanaşı, həm də əxlaqi-mənəvi dəyərlərə, bəşəri prinsiplərə sadiqlik sərgiləyir. Və nə zaman ki, yalnız Azərbaycan deyil, bütün ölkələr, eləcə də erməni faşistlərinin himayədarı qismində çıxış edən güclər atdıqları hər bir addımda insani dəyərləri rəhbər tutacaq, o zaman bütün dünyada ədalətin təntənəsinə şahid olacağıq. Seymur ƏLİYEV  

Hamısını oxu
Səbail rayonu 7 nömrəli tam orta məktəbdə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

25 fevral 2026-cı il tarixdə Respublika Veteranlar Təşkilatının iş planına uyğun olaraq Bakı şəhəri, Səbail rayonu 7 nömrəli tam orta məktəbdə 26 Fevral Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib. Tədbirdə məktəbin direktor müavini Elmira Ibrahimova, tarix müəllimi Sevda Bağırova, Respublika Veteranlar Təşkilatının gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlıq şöbəsinin baş mütəxəssisi Rasim Mirzəyev, Səbail Rayon Veteranlar Təşkilatının sədri Adilə Yaqubova, məktəbin müəllim və şagird kollektivi iştirak edibər. Tədbirdə Xocalı soyqırımı qurbanları və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra nümayiş olunan Xocalı soyqırımına həsr olunmuş videoçarxda, soyqırım hadisələri ilə yanaşı müasir dövrdə Qarabağda dinc quruculuq işlərinin vüsət alması əksini tapıb. Məktəbin şagirdləri dəyirmi masa ətrafında faciənin tarixi haqqında təhlili məlumatlarla çıxış edərək eyni zamanda, tədbir iştirakçılarını Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisi ilə tanış ediblər. Tədbir çıxışlarla davam etdirilib. Çıxış edən qonaqlar, Respublika Veteranlar Təşkilatının nümayəndəsi Rasim Mirzəyev, Səbail Rayon Veteranlar Təşkilatının sədri Adilə Yaqubova xalqımızın milli mübarizə tarixi və Respublikamızın ərazi bötövlüyünün qorunması uğrunda baş verən tarixi hadisələrdən bəhs ediblər. Xocalı faciəsinin tariximizə qan yaddaşı və tariximizin acı  səhifəsi kimi həkk olunduğunu bildiriblər.  Məktəbin direktor müavini Elmira Ibrahimova və tarix müəllimi Sevda Bağırova milli yaddaşımızdakı tarixi günlərin qeyd edilməsinin əhəmiyyətindən  danışaraq milli vətənpərvərlik ruhunun qorunmasının vacibliyini diqqətə çatdırıblar. Tədbirdə şəhidlərimizin xatirəsinin daima əziz tutulduğu və gənc nəsildə vətənpərvərlik hisslərini gücləndirən yüksək dəyərimiz olduğu qeyd edilərək, şagirdlərin vətənpərvərlik ruhunda yetişməsinin əhəmiyyəti vurğulanıb. Tədbirin sonunda xatirə şəkli şəkilib.

Hamısını oxu
İlham Əliyev Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində iştirak edib

Yanvarın 14-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışı və Zayed Dayanıqlılıq Mükafatının təqdimat mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Tədbirdə çıxış edən Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir ölkəsinin dayanıqlılıq sahəsində həyata keçirdiyi siyasət və layihələr barədə məlumat verib, Əbu-Dabi Dayanıqlılıq Həftəsinin mühüm beynəlxalq platforma kimi rolunun artdığını qeyd edib. Sonra Zayed Dayanıqlılıq Mükafatının təqdimat mərasimi olub. Daha sonra Zayed Dayanıqlılıq Mükafatının qalibləri ilə xatirə fotosu çəkdirilib. X X X Qeyd edək ki, 2008-ci ildə təsis olunan Əbu-Dabi Dayanıqlılıq Həftəsi ötən illər ərzində dayanıqlı qlobal inkişaf baxımından önəmli müzakirələrin aparıldığı beynəlxalq platformaya çevrilib. Qlobal əməkdaşlıq və liderlik, iqtisadi inkişaf və texnologiya, eləcə də innovasiya prinsiplərini əsas istiqamətlər kimi müəyyənləşdirən Dayanıqlılıq Həftəsi dövlət və hökumət başçılarını, siyasətçiləri, sənaye liderlərini, iş adamlarını və gəncləri bir araya gətirir. Budəfəki Dayanıqlılıq Həftəsində 13 dövlət və hökumət başçısı, eləcə də 140-dan çox nazir və digər rəsmi şəxslər iştirak edir.

Hamısını oxu