Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“AzerGold” turizm blogerləri üçün Daşkəsən rayonuna və ÇİRES-ə infotur təşkil edib

“AzerGold” QSC-nin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycan Turizm Blogerləri Assosiasiyasının üzvü olan 14 turizm blogeri üçün Daşkəsən rayonuna, o cümlədən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə (ÇİRES) infotur təşkil edilib.

Veteran.gov.az xəbər verir ki, dövlət şirkətinin cari il üzrə Korporativ Sosial Məsuliyyət Proqramı çərçivəsində keçirilən üçgünlük infoturun əsas məqsədi Daşkəsən rayonunun turizm potensialının, zəngin təbii landşaftının, tarixi-mədəni irsinin və ekoturizm imkanlarının daha geniş auditoriyaya tanıdılması olub.

Səfər çərçivəsində iştirakçılar əvvəlcə ÇİRES-də olublar. Onlara müəssisənin fəaliyyəti, qızılın hasilatı və emalı prosesləri, istehsalatda tətbiq olunan müasir texnologiyalar, əməyin və ətraf mühitin mühafizəsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Blogerlər istehsalat sahələrini yerində müşahidə edərək qızılın emal mərhələləri ilə tanış olub, eyni zamanda "AzerGold" QSC-nin həyata keçirdiyi sosial məsuliyyət layihələrinin icra olunduğu yaşayış məntəqələrini ziyarət edərək yerli icmalarla görüşüblər.

İnfotur proqramı çərçivəsində iştirakçılar Daşkəsən şəhəri ilə yanaşı, rayonun Quşçu, Bayan, Qabaqtəpə, Zağalı və Xoşbulaq kəndlərini də ziyarət ediblər. Onlar bölgənin təbii gözəllikləri, tarixi-mədəni irsi, ekoturizm və rekreasiya imkanları ilə tanış olaraq foto və video məzmunlar hazırlayıblar. Səfər zamanı iştirakçılara Daşkəsənin turizm marşrutları və ziyarətçilər üçün maraqlı istiqamətləri barədə məlumat təqdim olunub.

Qeyd edək ki, “AzerGold” QSC fəaliyyət göstərdiyi bölgələrdə tarixi-mədəni irsin qorunması və turizm potensialının təbliği istiqamətində ardıcıl layihələr həyata keçirir. Bu çərçivədə Cəmiyyət tərəfindən 2023-cü ildə Daşkəsən rayonunun tarixi və təbiət abidələrini əhatə edən təqvim-kataloq hazırlanıb. Həmçinin, “Daşkəsən rayonunda tarixi-mədəni irsin tanıdılması” layihəsi çərçivəsində 2025-ci ildə rayonun 46 tarixi-memarlıq abidəsində məlumat lövhələri quraşdırılıb.

“AzerGold” QSC bundan sonra da korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində turizm potensialının təşviqi və tarixi irsin qorunmasına dəstək verən layihələrin icrasını davam etdirəcək.

2026-07-12 21:10:00
867 baxış

Digər xəbərlər

“Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması vətəndaş institutlarının inkişafına təkan verəcək”

Cəlil Xəlilov: “Yaxın gələcəkdə vətəndaş cəmiyyətlərinin fəaliyyətində ciddi keyfiyyət dəyişikliyinə şahid olacağıq”   Məlum olduğu kimi, ölkə başçısının fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əsasında “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxs yaradılıb.   Saytımıza açıqlamasında baş verənlərə münasibət bildirən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, məlum yeniliyin əhəmiyyətini şərh edib. Polkovnik qeyd edib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması vətəndaş institutlarının fəaliyyətinə təkan verməklə yanaşı, vətəndaş cəmiyyətlərinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasına da dəstək olacaq:   “Hər bir ölkənin ictimai-siyasi həyatında vətəndaş cəmiyyətlərinin mühüm rol oynadığı birmənalıdır. Bu baxımdan ölkə başçısının hər zaman media ilə yanaşı, həm də vətəndaş institutlarının fəaliyyətinə dəstək olduğu, bu sektorun inkişafı üçün mütəmadi surətdə ciddi addımlar atdığı məlumdur. Əslində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması bu inkişafın davamı, onun həm forma, həm də mahiyyət etibari ilə yeni mərhələdə davam etdirilməsi deməkdir.   Xatırladım ki, hələ ötən ilin 27 avqust tarixində Prezidentin köməkçisi Hikmət Hacıyev Qarabağ qaziləri, müharibə veteranları, əlilliyi olan şəxslər, qaçqın və məcburi köçkünlərlə işləyən 74 QHT rəhbəri ilə onlayn görüş keçirdi, onların təkliflərini dinlədi, öz tövsiyyələrini verdi. Bu görüşün özü dövlətimizin vətəndaş cəmiyyətlərinin fəaliyyətinə necə böyük diqqət və qayğı göstərdiyinə nümunədir.   Əminəm ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması vətəndaş institutlarının inkişafına təkan verəcək, onların fəaliyyətinin miqyas və keyfiyyətinə öz müsbət təsirini göstərəcək”.   Cəlil Xəlilov qeyd edib ki, məlum yenilik vətəndaş cəmiyyətlərinin fəaliyyətinin beynəlxalq standartlar səviyyəsinə yüksəlməsinə, onların kadr potensialının genişlənməsinə də öz töhfəsini verəcək:   “Bu gün ölkəmizdə təxminən üç mindən çox QHT mövcuddur. Onların bəzisi öz fəaliyyətini beynəlxalq standartlara uyğunlaşdırsa da, bu sahədə görülməsi gərəkən hələ bir çox işin mövcudluğu danılmazdır. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması bu sahədə də inkişaf və tərəqqi üçün yeni imkanlar açacaq. Bu sahədə ixtisaslaşan beynəlxalq təşkilat və qurumlarla əməkdaşlıq QHT-lərimizin fəaliyyət dairəsini genişləndirməyə, kadr potensialını artırmağa imkan verəcək. Odur ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılmasını vətəndaş cəmiyyətlərinin bu günü və gələcəyi baxımından mühüm əhəmiyyətə malik hadisə hesab edirəm. Düşünürəm ki, yaxın gələcəkdə QHT-lərin fəaliyyətindəki inkişaf cəmiyyətimizin həyatının bütün sahələrinə öz müsbət təsirini göstərəcək”.  

Hamısını oxu
Cəlil Xəlilov: Azərbaycan şəhid ailələri və qazilərə göstərilən qayğıya görə dünyanın ən qabaqcıl dövlətlərindən biridir

Azərbaycan şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıya görə dünyanın ən qabaqcıl dövlətlərindən biridir. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu qayğı və diqqətin miqyasını anlamaq üçün bəzi statistik rəqəmlərə nəzər salmaq kifayətdir. Azərbaycanda dövlətin şəhid ailələrinə, müharibə əlillərinə, qazilərə göstərdiyi diqqət və qayğı statistik məlumatlarda, konkret rəqəmlərdə də özünü aydın şəkildə göstərməkdədir. Nümunə üçün qeyd etməliyik ki, 44 günlük Vətən müharibəsindən sonra şəhid ailəsi üzvləri və qazilərdən ibarət 100 min şəxsə 190 min xidmət göstərilib. Onlardan 93 min şəxsə proaktiv qaydada 104 min sosial ödəniş təyin edilib. Həmçinin şəhidlərin ailə üzvləri olan 7979 nəfərə, İkinci Qarabağ müharibəsi veteranları olan 81 min 856 şəxsə aylıq sosial ödənişlər təyin olunub ki, bu da kifayət qədər böyük rəqəmdir. Habelə üç min şəxsə əlillik və sosial ödənişlərin təyinatı həyata keçirilib. Bütün bunlar dövlətin şəhid ailələri və qazilərə olan diqqət və qayğısının nümunəsidir və bu siyasət bundan sonra da davam edəcək. Dövlətimiz şəhid ailələri, qazilərin sosial təminatı, problemlərinin həlli ilə bağlı mühüm işlər görür, onlara fərdi qaydada mənzil verilir, pensiya, müxtəlif ödənişlərlə təmin olunur. Onların cari problemləri həll olunur. Mən yenə də rəqəmlərə müraciət etmək istəyirəm. Şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı ötən illə müqayisədə 5 dəfə genişlənib. Belə ki, 44 günlük Vətən müharibəsindən sonra 3500 şəhid ailəsi və müharibə əlili mənzillə təmin olunub. Ümumilikdə isə bu rəqəm 12 min 500-dür. Postmüharibə dövründə 264 müharibə əlilinə minik avtomobili təqdim edilib. Ötən dövrləri də nəzərə alsaq, 7450 müharibə əlilinin avtomobilə olan ehtiyacı dövlətimiz tərəfindən qarşılanıb. Müharibə əlillərinin müalicəsi istiqamətində də dövlətimiz tərəfindən aktiv iş aparılıb. 300 müharibə əlili yüksək texnologiyalı son nəsil protezlərlə, 1400-dən çox müharibə əlili 19,3 mindən çox reabilitasiya vasitəsi, 2500 qazi reabilitasiya xidmətləri, 5 min ailə sosial-psixoloji xidmətlərlə təmin olunub. Bu, bir daha onu göstərir ki, dövlətimiz, onun rəhbəri Prezident İlham Əliyev hər bir şəhid ailəsinin, müharibə əlilinin, qazinin probleminə diqqətlə yanaşır və onun həlli istiqamətində bütün imkanlardan istifadə edir. “Hesab edirəm ki, əlaqədar nazirliklər, o cümlədən icra hakimiyyətlərində yaradılan şəhid ailələri və qazilərlə iş şöbələri öz aktivliklərini artırmalı, qazilərlə daha geniş təmaslar qurmalı, onların müraciətlərinə daha operativ cavab verməlidirlər, - deyə Cəlil Xəlilov əlavə edib. Polkovnik Cəlil Xəlilov son vaxtlar bəzi qazilərin intihara əl atmasına da münasibət bildirib, müəyyən qüvvələrin baş verənlərdən siyasi məqsədlərlə istifadə etmək cəhdini qınayıb: “Biz dünya dövlətlərinin təcrübəsinə nəzər salsaq görərik ki, nə qədər arzuedilməz olsa da, dünyanın müharibə aparan, hərbi əməliyyatlara cəlb edilən bütün dövlətlərdə savaşdan sonra belə hallara rast gəlinir. Yəni dünyanın heç bir ölkəsi, hətta ABŞ, Rusiya kimi böyük dövlətlər də bu cür hallardan sığortalanmayıb. Təbii ki, hər hansı bir qazinin, o cümlədən digər kateqoriyadan olan vətəndaşın intiharı son dərəcə təəssüfedici və ağrılıdır. Belə halların baş verməməsi üçün cəmiyyətin hər fərdi üzərinə düşən məsuliyyəti dərk etməli, bu istiqamətdə əlindən gələni etməlidir. Çünki qazilərə dəstək sadəcə dövlətin deyil, cəmiyyət, fərd olaraq hər birimizin borcudur. Ancaq təəssüflər olsun ki, cəmiyyətdə bəzi qüvvələr bu cür hallardan şəxsi ambisiyalarını təmin etmək, siyasi məqsədlərinə çatmaq üçün istifadə etməyə çalışır, qazilərlə dövlət arasında uçurum yaratmağa cəhd göstərirlər. Lakin onlar başa düşməlidirlər ki, heç bir qüvvə dövlətlə onun qazisi arasında belə bir uçurum yarada bilməyəcək. Çünki dövlət hər birimizin dövlətidir və qazilərimiz də, şəhid ailələri də, müharibə əlilləri də bu günədək olduğu kimi bundan sonra da dövlətimizi dəstəkləməkdə, ona xidmət etməkdə davam edəcəklər”. Cəlil Xəlilov bəzi qazilərin dövlət tərəfindən qayğı və dəstəklə əhatə olunduqları halda belə çoxsaylı iddialarla çıxış etməsinə də münasibət bildirib: “Bəzən elə hallara da rast gəlirik ki, hər hansı bir qazi dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunduğu təqdirdə belə, yeni-yeni və icrası mümkün olmayan, yaxud qanunla təzad təşkil edən tələblər qoyur, iddialar səsləndirir. Təbii ki, bu cür hallar da təəssüf doğurur. Bu qəbildən olan qazilərimizin məlum davranışları belə fikir yaradır ki, sanki qazilərə dövlət tərəfindən yetərincə qayğı göstərilmir və ya bu qayğının miqyası qeyri-qənaətbəxşdir. Halbuki, dövlətimiz şəhid ailələrinə, müharibə əlillərinə və qazilərə yetərincə qayğı göstərir. Dövlət tərəfindən qayğı ilə əhatə olunduğu halda diqqətsizlikdən şikayətlənən qazilərimiz bunu da anlamalıdırlar ki, onlar tək deyillər. Ölkəmizdə on minlərlə qazi var və qayğı ilə əhatə olunmalarına baxmayaraq, dövlətdən davamlı olaraq nələrsə tələb etmək həm də digər qazilərin haqqına girmək deməkdir. Bu səbəbdən qazilərimiz də bir qədər anlayışlı olmalı, qeyri-qanuni tələblər səsləndirməməlidirlər. Hər bir qazi əmin ola bilər ki, dövlətimiz bundan sonra da onlar üçün əlindən gələni edəcək, şəhid ailələrinə, müharibə əlillərinə, qazilərə maksimum dəstək göstərəcək”.

Hamısını oxu
Niderland Krallığının Haaqa şəhərində Orhan Arasın Nizami Gəncəvi kitabının təqdimat mərasimi keçirilib

Niderland Krallığının Haaqa şəhərində Almaniyada yaşayan azərbaycanlı şair- yazar Orhan Arasın Nizami Gəncəvi kitabının təqdimat mərasimi keçirilmişdir. Haaqa şəhərində fəaliyyət göstərən Azərbaycan Türk Kültür dərnəyinin təşkilatçısı olduğu mərasimə ev sahibliyini şəhərin Transval kitabxanası etmişdir. Veteran.gov.az xəbər verir ki, açılış sözü ilə dərnəyin sədri İlhan Aşqın gəlmiş  qonaqları salamladı və kitab haqqında ətraflı məlumat vermək üçün müəllif Orhan Arazı kürsüyə dəvət etdi.Müəllif Nizami Gəncəvinin ölməz yaradıcılığı haqqında qısaca məlumat verdikdən sonra kitabın yazılma tarixçəsi, Nizamı yaradıcılığının aktuallığı, həmçinin Holland- Türk dilində olan kitabın məhz Niderland Krallığında nəşrinin əhəmiyyətindən danışdı. Sonra Sima Cəfərova, Ofelya Mehdiyeva və Yusif Can Nizami Gəncəvinin şerlərini söylədilər. Mərasimdə iştirak edən rəsmi qonaqlar arasında Azərbaycanın Niderland Krallığındakı səfirin 1-ci müavini Səbinə Sadıxova,  Türkiyə səfiliyinin nümayəndəsi Ozan Can Gümüş bəy,  Azerbaycandan xüsusi  dəvətlə gəlmiş Azərbaycan Dillər Universitetinin  dosenti Həqiqət Hacıyeva, Azərbaycan,  Türk təşkilatları ve Hollandiyadakı fəallar da iştirak etmişlər. Mərasimdə sözləri Nizami Gəncəviyə aid olan musiqi parçaları söyləndi və iştirakçılar tərəfindən böyük alqışlarla qarşılandı. Məclisin sonunda Azərbaycan Türk Kültür dərnəyinin sədri İlhan Aşqın və xüsusi dəvətlə Azərbaycandan gəlmiş qonaq Həqiqət Hacıyeva bəzi qonaqlara və dərnək üzvlərinə xüsusi təşəkkürnamələr təqdim etdilər. Qonaq Həqiqət Hacıyeva  Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun  Prezidenti  Sərraf Orucovun adından 44 günlük müharibə zamanı əlil olmuş qazilərimizə  maddi, mənəvi dəstəklərinə  görə təşəkkürnamələr təqdim etdi.Təşəkkürnaməyə layiq görülən  şəxslərin  diaspora fəaliyyəti və müharibə qazilərinə göstərilən yardım işlərindəki köməyi qonaqların nəzərinə çatdırıldı. Təşəkkürnamə alanlar arasında Orhan Aras, “Kros Medical” şirkətinin müdürü Ron Gelzelle, İlhan Askin, Aydəmir Çətin, İmam Əfəndiyev, Mehman Haqverdiyev, İrfan Parlar, Müşviq Mikayıl, İmdat Sakruca, Həqiqət Hacıyeva olmuşlar. Sonda gələn qonaqlara təşəkkür edən İlhan Aşqın gələn tədbirlərdə görüşmək ümidi ilə mərasimi bağlı elan etdi.

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının nümayəndələri aprel döyüşlərinin beşinci ildönümü ilə bağlı tədbirə qatılıb

Respublika Veteranlar Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev  və həmin şöbənin baş mütəxəssisi Nəbi Hacıyev 7 aprel 2021-ci il tarixində  Nəsimi rayonunda aprel döyüşlərinin 5-ci ildönümünə həsr olunan tədbirdə iştirak edib.   Tədbirdə Nəsimi rayon VT-nın sədri Validə Vəliyeva, "Modern İnkişaf və Ailə" İctimai Birliyinin sədri Zərifə Quliyeva, “Dövlət və qanun” qəzetinin baş redaktoru Yasəmən Möhübbətqızı, BVM iştirakçısı Ağababa İsgəndərov, 2016-cı ilin aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin qaziləri Mətləb Əhmədov, Elxan İmranov, Elçin Əhmədov və digər qonaqlar iştirak edib.   Validə Vəliyeva tədbiri giriş sözü ilə açaraq qonaqları tədbir iştirakçılarına təqdim edib  Daha sonra söz Zərifə Quliyevaya verilib. Z.Quliyevanın təklifi ilə ilk növbədə torpaqlarımız azadlığı uğrunda qəhrəmancasına həlak olan  şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib. Qazilərlə səmimi söhbət edən Zərifə xanım, onlarla yanaşı durmaqdan qürur duyduğunu ifadə edib.   Daha sonra çıxış edən Yasəmən xanım Vətən müharibəsinin önəmindən danışıb, habelə bu cür tədbirlərin təşkilində göstərdiyi köməkliyə görə Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarovaya və sədr müavini Cəlil Xəlilova minnətdarlığını bildirib.   Ehtiyatda olan polkovnik Adil Haqverdiyev isə çıxışında Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova və sədr müavini Cəlil Xəlilovun salamlarını tədbir iştiakçılarına çatdırıb. Daha sonra aprel döyüşlərinin önəminə toxunan Adil Haqverdiyev, Azərbaycan ordusunun öz qəhrəmanlığı ilə tarix yazdığını qeyd edib.   Tədbirin sonunda qazilərə hədiyyələr təqdim olunub, xatirə şəkli çəkilib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu