Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bir ömrün salnaməsi, bir xalqın taleyi: Heydər Əliyev irsi

Tarixdə elə şəxsiyyətlər var ki, onların adı yalnız yaşadıqları dövrün deyil, bütöv bir xalqın taleyinin, dövlətçilik yolunun və milli dirçəliş salnaməsinin ayrılmaz hissəsinə çevrilir. Belə şəxsiyyətlər zamanın fövqünə yüksələrək ən çətin məqamlarda xalqın qarşısında duran məsuliyyəti öz üzərinə götürür, gələcəyə gedən yolun istiqamətini müəyyənləşdirirlər. Azərbaycan xalqının Ümummilli Lideri, müasir Azərbaycan dövlətçiliyinin memarı Heydər Əliyevin həyat və fəaliyyət yolu da məhz belə böyük tarixi missiyanın parlaq nümunəsidir.

Heydər Əliyev fenomeni bir insan ömrünün çərçivəsinə sığmayan, bir xalqın taleyi ilə qovuşan böyük bir siyasi salnamədir. Onun adı Azərbaycan tarixində uzaqgörən dövlət siyasətinin, möhkəm iradənin, milli maraqlara sarsılmaz bağlılığın və xalqına sonsuz sədaqətin rəmzi kimi yaşayır. 57 illik böyük bir tarixi yolun mahiyyətini iki möhtəşəm nəticə ilə ifadə etmək mümkündür: dünyanın siyasi xəritəsində güclü və nüfuzlu Azərbaycan dövləti formalaşdı, Qarabağda isə Zəfər bayrağı dalğalandı. Bu yolun hər bir mərhələsi xalqın öz lideri ilə birlikdə keçdiyi ağır sınaqların, böyük mübarizələrin və möhtəşəm qələbələrin salnaməsidir.

1987-1993-cü illər arasında yaşanan Əliyevsizlik dövrü Azərbaycan xalqına Ulu Öndərin dövlətçilik baxışının, siyasi iradəsinin və liderlik qüdrətinin əsl dəyərini daha dərindən anlatdı. Xalq məhz həmin mürəkkəb illərdə Heydər Əliyev şəxsiyyətinin tarixi əhəmiyyətini daha aydın dərk etdi və onu yenidən ölkənin taleyində həlledici söz sahibi kimi görmək istədi. Sonrakı illər isə göstərdi ki, Heydər Əliyevin siyasi irsi yalnız müəyyən bir dövrün hadisəsi deyil, müstəqil Azərbaycanın davamlı inkişaf strategiyasına çevrilmiş böyük dövlətçilik məktəbidir. Onun müəyyən etdiyi yol zamanın sınaqlarından keçərək bu gün də ölkənin siyasi, iqtisadi və mənəvi yüksəlişinin əsas dayaqlarından biri olaraq qalır.

Tale ilə tarix birləşəndə böyük şəxsiyyətlər meydana çıxır. Heydər Əliyevin Naxçıvandan Bakıya, oradan Kreml zirvələrinə, daha sonra yenidən Azərbaycanın rəhbərliyinə uzanan həyat yolu əslində bir insanın deyil, bütöv bir xalqın taleyinin təcəssümüdür. Bu yolun hər səhifəsində mübarizə də var, qələbə də; böhran da var, yüksəliş də; sınaq da var, xilaskarlıq missiyası da. 1969-cu il iyulun 14-də başlanan ilk rəhbərlik mərhələsi Azərbaycanın gələcək inkişaf tarixində dönüş nöqtəsinə çevrildi. Həmin dövrdə ölkənin qarşısında duran əsas vəzifələr iqtisadi geriliyin aradan qaldırılması, istehsal imkanlarının genişləndirilməsi, sənayenin inkişaf etdirilməsi və milli kadr potensialının formalaşdırılması idi.

Heydər Əliyev rəhbərliyə gəldiyi ilk gündən Azərbaycanı yalnız mövcud problemlərdən çıxarmağı deyil, gələcəyin müstəqil dövləti üçün möhkəm təməl yaratmağı qarşısına məqsəd qoydu. Onun təşəbbüsü və qətiyyəti ilə həyata keçirilən genişmiqyaslı layihələr nəticəsində Azərbaycan qısa müddətdə keçmiş ittifaqın geridə qalan respublikalarından birindən qabaqcıl sənaye və iqtisadi potensiala malik bir ölkəyə çevrildi. Bu illərdə yaradılan yeni müəssisələr, qurulan sənaye kompleksləri, inkişaf etdirilən istehsal sahələri və yetişdirilən peşəkar milli kadrlar gələcək müstəqil Azərbaycanın əsas dayaqlarına çevrildi. Əslində, 1969-1982-ci illər yalnız iqtisadi yüksəliş dövrü deyil, Azərbaycanın istiqlal yoluna hazırlıq mərhələsi idi.

Heydər Əliyev üçün sovet Azərbaycanı gələcək müstəqil dövlətin sınaq meydanı, milli və iqtisadi potensialın formalaşdırıldığı strateji bir mərhələ idi. O, dövlət idarəçiliyində milli kadrların rolunu artırır, Azərbaycanın iqtisadi imkanlarını genişləndirir, ölkənin gələcək suverenliyi üçün vacib olan dayaqları yaradırdı. Neft sənayesinin inkişafı, sənaye potensialının gücləndirilməsi, gənclərin SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsi, milli mütəxəssislər ordusunun formalaşdırılması gələcək Azərbaycanın idarə olunması üçün düşünülmüş strateji addımlar idi. Eyni zamanda Heydər Əliyev milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət yetirirdi. Azərbaycan dilinin, tarixinin, mədəni irsinin və milli kimliyinin yaşadılması istiqamətində atılan addımlar xalqın özünüdərk prosesinin güclənməsinə xidmət edirdi. Beləliklə, 1969-cu ildən başlayan böyük inkişaf mərhələsi Azərbaycanın yalnız iqtisadi deyil, həm də mənəvi dirçəliş dövrünə çevrildi. Həmin illərdə yaradılan güclü təməl sonrakı mərhələdə müstəqil Azərbaycanın siyasi və iqtisadi qüdrətinin əsasını təşkil etdi.

Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq siyasəti yalnız iqtisadi göstəricilərin yüksəldilməsi ilə məhdudlaşmırdı. Bu siyasət həm də xalqın milli özünüdərk prosesinin güclənməsinə, elm, təhsil, mədəniyyət sahələrinin inkişafına, milli-mənəvi dəyərlərin qorunmasına və gələcək nəsillər üçün sağlam dövlətçilik düşüncəsinin formalaşmasına xidmət edirdi. 1969-1982-ci illər Azərbaycanın inkişaf tarixində öz miqyası və əhəmiyyəti ilə xüsusi yer tutan, ölkənin gələcək müstəqilliyi üçün etibarlı zəmin yaradan quruculuq dövrü kimi yadda qaldı.

Sovet ideologiyasının hakim olduğu bir zamanda milli kimliyi qorumaq məsələsi də böyük cəsarət tələb edirdi. Ümummilli Lider Heydər Əliyevin ən böyük tarixi qələbələrindən biri də məhz Azərbaycan dilinin dövlət dili kimi o dövrdə Konstitusiyada təsbit edilməsinə nail olması idi. Bu, ittifaq respublikaları arasında nadir hadisə idi. Ulu Öndər sovet sisteminin daxilində Azərbaycan faktorunu diqqət mərkəzinə qoymağı bacaran yeganə lider idi. O, ittifaq büdcəsindən Azərbaycana ən böyük dotasiyaların ayrılmasını təmin edir, respublikanı ittifaqın donoruna çevirirdi. İqtisadi güc, milli kadrlar, dövlət dili və hərbi baza 1991-ci ildə müstəqilliyi bərpa olunan Azərbaycanın üzərində dayandığı fundamental sütunlar oldu. Bugünkü qüdrətli Azərbaycanın da memarlıq layihəsi məhz həmin illərdə cızıldı. Ulu Öndərin həyatı və siyasi fəaliyyəti hər bir azərbaycanlı üçün milli qürur mənbəyi, dövlətçilik məktəbi və vətənpərvərlik nümunəsidir.

Heydər Əliyevin siyasi fəaliyyəti yalnız müəyyən bir tarixi mərhələnin deyil, bütöv bir epoxa - salnamədir. Onun həyat yolu Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir. Ulu Öndər xalqının gələcəyini uzaqgörənliklə düşünən, dövlətçilik ənənələrini qoruyub inkişaf etdirən, milli maraqları hər zaman üstün tutan və Azərbaycanın dünya dövlətləri sırasında layiqli yer tutması üçün fundamental addımlar atan böyük siyasi xadim idi. Onun siyasi irsi zaman keçdikcə daha aydın görünür, qəbul etdiyi qərarların və həyata keçirdiyi strategiyanın tarixi əhəmiyyəti daha dərindən dərk olunur. Bu gün Azərbaycanın əldə etdiyi siyasi sabitlik, iqtisadi güc, beynəlxalq nüfuz və davamlı inkişaf yolu məhz Ulu Öndərin müəyyən etdiyi strateji xəttin uğurlu davamıdır.

1990-cı illərin əvvəllərində Azərbaycan tarixin ən ağır sınaqları ilə üz-üzə qalmışdı. Moskvaya satılmış xəyanətkar rəhbərlər və heç bir idarəçilik bacarığı olmayan siyasi qüvvələr səriştəsizlikləri ilə ölkəmizi dağılıb məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdular. Hakimiyyət çəkişmələri, xaos və Ermənistanın işğalçılıq siyasəti dövlətimizi yox olmaq, dağılmaq təhlükəsinə sürükləyirdi. Belə taleyüklü məqamda qədirbilən xalqımızın gözü öz böyük oğlunu, Vətənin ümid çırağını axtarırdı. 1990-cı il yanvarın 21-də həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib cəsarətli bəyanat verən siyasi xadim Heydər Əliyev xalqın qurtuluş mübarizəsinin önünə keçdi. Böyük Heydər Əliyev 1990-cı ilin iyulunda Bakıya qayıtdıqdan sonra mövcud siyasi rəhbərliyin qısqanclığı ilə qarşılaşdı və doğulub boya-başa çatdığı doğma Naxçıvana üz tutdu, orada bütün Azərbaycanın qurtuluş mübarizəsini başlatdı. Bu dövrdə Naxçıvan olduqca acınacaqlı, çıxılmaz vəziyyətə düşmüşdü. Mürəkkəb tarixi şəraitdə uzaqgörən lider Heydər Əliyev misilsiz siyasi dühası və dövlət müdrikliyi sayəsində ermənilərin Naxçıvanı işğal planını boşa çıxardı. Blokada şəraitində olan muxtar respublikanı həm işğaldan qorudu, həm də bu qədim diyarda ilk dəfə üçrəngli bayrağımızı dövlət rəmzi kimi ucaltdı. 90-cı illər Azərbaycan tarixinin ən mürəkkəb və ağır sınaq dövrlərindən biri idi. Ölkə daxilində siyasi böhran dərinləşir, dövlət idarəçiliyi zəifləyir, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü genişlənirdi. 1993-cü ildə Azərbaycan ağır siyasi böhran, iqtisadi çətinliklər və dövlət müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşəndə xalq yenidən öz xilaskarını Heydər Əliyevin simasında gördü. Həmin ilin iyununda Naxçıvandan Bakıya gələn Ulu Öndər zəngin dövlətçilik təcrübəsi, dərin siyasi zəkası və qətiyyətli mövqeyi ilə ölkəni böhranlı vəziyyətdən çıxarmağa nail oldu. O, Azərbaycanın müstəqilliyini qorudu, dövlət idarəçiliyini möhkəmləndirdi və müasir Azərbaycan dövlətinin inkişaf strategiyasının əsasını qoydu. Xalqın iradəsi və təkidi ilə baş tutan bu dönüş Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcını qoydu. Tarixə Milli Qurtuluş Günü kimi daxil olan həmin hadisə əslində yalnız hakimiyyət dəyişikliyi deyil, Azərbaycanın dövlət kimi xilasının, müstəqilliyinin qorunmasının və gələcək inkişaf yolunun müəyyənləşdirilməsinin başlanğıcı oldu.

Ulu Öndər pərən-pərən düşmüş cəmiyyəti yenidən bir yerə topladı. Milli vəhdətə nail oldu, vətəndaş müharibəsinin, qardaş qırğınlarının qarşısını aldı. Xaosu, anarxiyanı ortadan götürdü. Ölkənin demokratik inkişafı üçün böyük təhlükə törədən qanunsuz hərbi qruplaşmaları zərərsizləşdirdi. 1995-ci ildə qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ilə hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğuna doğru mühüm addımlar atdı. Ulu Öndərin elan etdiyi yeni neft strategiyası, 1994-cü ildə dünyanın aparıcı neft şirkətləri ilə imzalanmış "Əsrin müqaviləsi” Azərbaycanın gələcək sosial-iqtisadi inkişafının rəhninə çevrildi. 1997-ci ildə Heydər Əliyev milyonlarla insanımızın çörək təknəsi olan torpağın ədalətlə özəlləşdirilməsinə nail oldu. Bu, tariximizdə bir ilk idi. Azərbaycanın minillik tarixində hələ heç vaxt kəndli öz torpağının ağası olmamışdı.

Ulu Öndər Heydər Əliyev öz dərin zəkası ilə zamanı qabaqlamış, iradəsi ilə taleyin axınını dəyişmiş bir dünya lideridir. Ümummilli Liderin simasında biz yalnız qüdrətli dövlət xadimini yox, eyni zamanda öz xalqının ruhuna dərindən bələd olan, onun ağrılarını özününkü bilən və gələcəyini zərgər dəqiqliyi ilə inşa edən dahi bir strateqi görürük. Heydər Əliyev dühası ən çətin məqamlarda ümidsizliyə qapılan kütləni vahid millətə çevirməyi bacaran, milli mənlik şüurunu yenidən oyadan, onu formalaşdıran bir məşəldir desək, yanılmarıq.

Ümummilli Liderin hər bir qərarı, hər bir siyasi addımı və söylədiyi hər bir kəlam Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olması məqsədinə xidmət edirdi. Bu baxımdan Heydər Əliyevin həyat və fəaliyyət yolu yalnız keçmişə aid xatirə deyil, həm də bu günümüzün və gələcəyimizin möhkəm dayağıdır. Onun anadan olmasının 103-cü ildönümünün qeyd edilməsi də sadəcə böyük bir şəxsiyyətin xatirəsinə ehtiram deyil, eyni zamanda onun xalqımıza bəxş etdiyi ən böyük mirasın – müstəqil, güclü və qalib Azərbaycanın uğurlarının təntənəsidir. 103 il öncə başlayan bu şərəfli ömür yolu bu gün azad Şuşada, dirçələn Qarabağda, doğma Naxçıvanda və müasir Bakının simasında, bir sözlə, ölkəmizin hər guşəsində əbədiyaşarlıq qazanıb. Heydər Əliyev yolu tükənməz bir enerji və inkişaf mənbəyidir. Ulu Öndər elə bir dövlət binası qurub, inşa edib ki, bu gün həmin bina Zəfər tacı ilə bəzənmiş, ərazi bütövlüyünü bərpa etmiş qüdrətli bir Azərbaycanın simvoluna çevrilib.

2003-cü ildən etibarən Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev Heydər Əliyev kursunu yeni dövrün tələblərinə uyğun olaraq inkişaf etdirməyə başladı. Dövlətimizin başçısının müəyyənləşdirdiyi uzaqgörən siyasi kurs nəticəsində ilk onillikdə ölkə iqtisadiyyatının misli görünməmiş artımı təmin edildi. Azərbaycan neft və qaz ixracatçısından regionun enerji mərkəzinə və nəqliyyat qovşağına çevrildi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, "Cənub qaz dəhlizi" kimi nəhəng layihələr ölkəni qlobal iqtisadiyyatın ayrılmaz hissəsi halına gətirdi. Prezident İlham Əliyev iqtisadi güc və diplomatik üstünlüyün hərbi qüdrətlə tamamlanmalı olduğunu çox gözəl bilirdi. Ona görə də ölkənin hərbi büdcəsi artırıldı, ən müasir silahlar alındı və daxili müdafiə sənayesi quruldu. Ən əsası isə Prezident İlham Əliyevin səyi ilə cəmiyyətimizdə vətənpərvərlik ruhu daha da yüksəldildi və yeni vətənpərvər nəsil yetişdirildi.

Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyinin möhtəşəm yekunu 2020-ci ildə reallaşdı. 44 günlük Vətən müharibəsi Azərbaycanın hərbi və diplomatik qələbəsi ilə nəticələndi. Xalqımızın milli qeyrət simvoluna çevrilmiş Şuşanın azad edilməsindən sonra Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin xalqa müraciəti tarixə düşdü: "Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır!" Ulu Öndərin uzaqgörən siyasəti və Müzəffər Ali Baş Komandanın qətiyyəti birləşərək Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Prezident İlham Əliyevin rəhbərliyi dövründə qazanılan uğurlar yalnız hərbi və enerji sahələri ilə məhdudlaşmır, bura dövlət idarəçiliyinin müasirləşdirilməsi, beynəlxalq nüfuzun artırılması və milli intibahın bütün sahələri daxildir. Diplomatik müstəvidə Azərbaycanın çoxsaylı uğurları, bir neçə mühüm beynəlxalq tədbirə evsahibliyi etməsi ölkə rəhbərinin xarici siyasətinin zirvə nöqtələrindən hesab olunur. Əldə edilən nailiyyətlər müstəqil Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş kimi qəbul edilməsinin və cənab İlham Əliyevin şəxsi nüfuzunun parlaq sübutudur. 

Dövlətimizin başçısı İlham Əliyevin humanitar diplomatiya kursu sayəsində Bakı dünyanın mədəniyyətlərarası dialoq mərkəzinə çevrilib. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Bakı Beynəlxalq Humanitar Forumu kimi tədbirlər vasitəsilə Azərbaycan sivilizasiyalar arasında körpü rolunu möhkəmləndirib. Eyni zamanda I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və "Formula-1" kimi möhtəşəm beynəlxalq idman tədbirlərinin yüksək səviyyədə təşkili ölkənin müasir infrastruktur imkanlarını və təhlükəsizlik səviyyəsini bütün dünyaya nümayiş etdirir. Daxili idarəçilikdə şəffaflığın təmin edilməsi istiqamətində atılan inqilabi addımlar da Prezident İlham Əliyevin mühüm nailiyyətləri sırasındadır. 

Ümummilli Lider Heydər Əliyev irsi təkcə siyasi strategiyalar toplusu deyil, həm də dərin humanizm prinsiplərinə söykənən bir məktəbdir. Bu məktəbin ən ali dəyərlərini yaşatmaq, Ulu Öndərin xalqa xidmət fəlsəfəsini real əməllərlə davam etdirmək missiyasını Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva öz üzərinə götürüb. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu yarandığı gündən etibarən Ümummilli Liderin zəngin irsinin öyrənilməsi, təbliği və bu ideyaların gələcək nəsillərə ötürülməsi istiqamətində misilsiz layihələrə imza atıb. Ulu Öndərin ideyalarının siyasi, insani, mədəni və xeyriyyəçilik aspektlərini canlandırıb. Birmənalı vurğulamaq lazımdır ki, Heydər Əliyev Fondu dövlətin həyata keçirdiyi sosial siyasətə ən böyük mənəvi və praktiki dəstəyi verən qurumdur. Fondun fəaliyyəti cəmiyyətin ən həssas təbəqələrini - uşaq evlərini, kimsəsizləri, xəstəlikdən əziyyət çəkən insanları, xüsusilə şəhid və qazi ailələrini əhatə edir. "Yeniləşən Azərbaycana yeni məktəb", "Təhsilə dəstək" kimi proqramlar çərçivəsində ölkənin ən ucqar kəndlərində belə müasir təhsil ocaqlarının tikilməsi gənc nəslin böyük Heydər Əliyev ideallarına sadiq, bilikli və vətənpərvər yetişməsinə xidmət edir. Səhiyyə sahəsində həyata keçirilən çoxsaylı layihələr Mehriban xanım Əliyevanın Azərbaycan xalqına bağlılığının və genofondumuzun qorunmasının icrasıdır.

Ulu Öndər Azərbaycan mədəniyyətini millətin vizit kartı hesab edirdi. Mehriban xanım Əliyeva bu baxış bucağını beynəlxalq müstəviyə daşıdı. Heydər Əliyev Fondunun təşəbbüsü ilə muğam sənətinin, xalçaçılığın, aşıq sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi tarixi nailiyyətdir. Fondun xaricdə həyata keçirdiyi layihələr, dini və tarixi abidələrin bərpası Azərbaycanın tolerantlıq və multikulturalizm mərkəzi kimi imicini möhkəmləndirib. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən bu işlər Azərbaycanın dünyada sülhsevər, mədəni və sivil dövlət kimi imicini daha da möhkəmləndirib. Bu, əslində, Ulu Öndər Heydər Əliyevin "Azərbaycan dünyaya günəş kimi doğacaq" kəlamının mədəni müstəvidə reallaşmasıdır.

Vətən müharibəsindən sonra Heydər Əliyev Fondunun fəaliyyəti yeni və daha şərəfli bir mərhələyə qədəm qoydu. İşğaldan azad edilmiş torpaqlarda, xüsusilə də mədəniyyət paytaxtımız Şuşada tarixi-dini abidələrin bərpası xanım Mehriban Əliyevanın birbaşa nəzarəti altındadır. Vaqif Poeziya Günlərinin, "Xarıbülbül" festivalının yenidən bərpası və rəngarəngliyi ilə dünyaya səs salması Ulu Öndərin ruhunu şad edən ən böyük hadisələrdən biridir. Fondun Şuşadakı məscidləri, muzeyləri və mədəniyyət ocaqlarını bərpa etməsi Azərbaycanın mənəvi qələbəsinin təntənəsidir. Heydər Əliyev Fondu xalqımızın inam yerinə çevrilmiş mənəvi körpüdür. Ulu Öndərin əziz xatirəsi onun adını daşıyan fondun, şəxsən Mehriban xanım Əliyevanın xeyirxah əməllərində, hər bir Azərbaycan vətəndaşının üzündəki təbəssümdə və yenidən dirçələn Qarabağımızn hər bir daşında əbədi olaraq yaşayır və yaşayacaq!

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli birliyin təmin olunması və müstəqil dövlət quruculuğu sahəsindəki müstəsna xidmətlərini daim yüksək qiymətləndirir. Ulu Öndərin zəngin siyasi irsi, dövlətçilik fəlsəfəsi və Azərbaycançılıq məfkurəsi müasir Azərbaycanın davamlı inkişafının ideoloji əsasını təşkil edir. Bu baxımdan, Təşkilat tərəfindən Ümummilli Liderin xatirəsinin əziz tutulması, onun irsinin öyrənilməsi və təbliği, xüsusilə gənc nəslin milli-mənəvi dəyərlərə, vətənpərvərlik və dövlətçilik ənənələrinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Təşkilatımız bundan sonra da Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursunun, milli həmrəylik və Azərbaycançılıq ideologiyasının cəmiyyətimizdə yaşadılmasını özünün əsas mənəvi və ictimai vəzifələrindən biri kimi qəbul edəcəkdir.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri

polkovnik  Cəlil Xəlilov

 

 

2026-07-14 12:19:00
947 baxış

Digər xəbərlər

Birinci vitse-prezident Mehriban Əliyeva Bülbülə qəsəbəsindəki Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak edib

Sentyabrın 22-də Bakının Suraxanı rayonunun Bülbülə qəsəbəsindəki Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin yeni binası istifadəyə verilib. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib. Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verildi ki, məktəb 1935-ci ildə musiqi cəmiyyətinin nəzdində yaradılıb, 1940-cı ildən 5 nömrəli Uşaq Musiqi Məktəbi kimi, 1988-ci ildən isə 3 nömrəli Uşaq İncəsənət Məktəbi kimi fəaliyyət göstərməyə başlayıb. Bildirildi ki, məktəbin ikimərtəbəli binası qəzalı vəziyyətdə olduğundan Heydər Əliyev Fondu tərəfindən yeni bina inşa edilib. Yeni bina 3 mərtəbədən, 25 sinif otağından, rəqs, rəsm otaqlarından, akt zalından, kitabxana, müəllimlər otağı və yeməkxanadan ibarətdir. Məktəbdə hazırda 17 ixtisas üzrə 493 şagird təhsil alır. Bu ixtisaslar üzrə 110 müəllim fəaliyyət göstərir. Uşaq İncəsənət Məktəbində rəqs və rəsm dərsləri qrup şəklində, digər ixtisaslar fərdi tədris olunur. İndiyədək məktəbin 35-dən çox şagirdi beynəlxalq müsabiqələr üzrə laureat adına layiq görülüb, 70-ə yaxın şagird isə respublika müsabiqələrində yüksək yerlər tutub. Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin bir sıra tanınmış məzunları da var. Qeyd edək ki, bu gün Azərbaycanda təhsil və mədəniyyətin inkişafı istiqamətində mühüm addımlar atılır, elm və mədəniyyət xadimlərinə xüsusi diqqət göstərilir. Heydər Əliyev Fondu bu işə önəmli töhfələr verir. Ölkəmizə tanınmış incəsənət xadimləri bəxş etmiş Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbi üçün ən müasir standartlara cavab verən yeni binanın inşası da Fondun bu sahəyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. video Milli.Az 

Hamısını oxu
Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür

Bu gün Azərbaycan torpaqlarını erməni qəsbkarlarından azad etmək uğrunda canından keçmiş Milli Qəhrəman Mübariz İbrahimovun anadan olmasının ildönümüdür. Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. M.Piriyev adına Əliabad kənd orta məktəbini 2005-ci ildə bitirib və elə həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.2009-cu ilin avqust ayında könüllü olaraq hərbi xidmətə qayıdıb. Bu dəfə gizir rütbəsində xidmətə başlayıb və öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.2010-cu il iyunun 18-də gecə gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin mövqeyinə hücum edib. Qeyri-bərabər döyüşdə o, çox sayda düşmən əsgər və zabitini məhv edib.M.İbrahimov düşmənin öz silahlarını özünə qarşı istifadə edərək onlarla 5 saat təkbətək döyüşub.Həmin gecə - 18 iyun tarixində Azərbaycan giziri səhər saatlarındakı qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.Azərbaycan Prezidentinin sərəncamı ilə Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı (ölümündən sonra) verilib.   

Hamısını oxu
Əliyev Hümbət Hümbət oğlu

II Dünya Müharibəsi və əmək veteranı, Əliyev Hümbət Hümbət oğlu 25 oktyabr tarixində vəfat edib. 1921-ci ildə Qazax rayonun Aşağı Əskipara kəndində dünyaya göz açmışdır. 1939-cu ildə ordu sıralarına çağrılmışdır. Sovet-Finlyandiya müharibəsinin iştirakçısı olmuş, daha sonar  Pribaltika cəbhəsində vuruşmuş, bir sıra orden və medallarla təltif edilmişdir. Müharibədən qayıtdıqdan sonra uzun müddət  məktəbdə müəllim işləmişdir. Hümbət Əliyevin vəfatı ilə bağlı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti üzvləri mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin! 

Hamısını oxu
Azərbaycan İlahiyyat İnstitutunun təşkilatçılığı ilə respublika elmi konfransı keçiriləcək

Qarabağın tacı sayılan, təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan Şuşa şəhəri Azərbaycan tarixi və mədəniyyətində özünəməxsus əhəmiyyətli yer tutur. Dini-mədəni və tarixi abidələri, sarayları ilə məşhur olan Şuşa ədəbiyyat, incəsənət, siyasət və digər sahələrdə bir çox dahi və nüfuzlu şəxsiyyətlər yetişdirmişdir. Bu qədim diyar Azərbaycanın milli-mənəvi və mədəni irsinin təşəkkül və inkişafına mühüm töhfələr vermişdir. Bu mənada, “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 7 may 2021-ci il və “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” 5 yanvar 2022-ci il tarixli sərəncamları xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan İlahiyyat İnstitutu ölkə başçısının müvafiq sərəncamlarına uyğun olaraq, 05 may 2022-ci il tarixdə Şuşa şəhərinin 270 illiyinə həsr olunmuş “Milli-mənəvi və mədəni irsimizin təşəkkülündə Şuşa” mövzusunda respublika elmi konfransı təşkil edəcək. Konfransın məqsədi şəhərin milli-mənəvi və sosial-mədəni irsinin tarix, siyasət, ədəbiyyat, incəsənət, memarlıq, din və fəlsəfə kimi müxtəlif aspektlərdən araşdırılmasıdır. Bu istiqamətdə əsas vəzifə elmi tezis və məqalələrin nəşr olunaraq elmi-ictimai mühitə çatdırılmasıdır. Həmçinin aparılacaq elmi tədqiqat və müzakirələrə şərait yaratmaq, bu layihə çərçivəsində Azərbaycan İlahiyyat İnstitutu ilə Respublikanın digər elmi tədqiqat institut və mərkəzləri arasında əməkdaşlığı genişləndirməkdir. Konfransın əsas mövzu və istiqamətləri:– Azərbaycanın mədəniyyət paytaxtı olaraq Şuşa və onun tarixi;– Azərbaycanın ictimai-siyasi düşüncə tarixində Şuşa və şuşalı dövlət xadimləri;– Şuşanın Azərbaycan ədəbi irsində yeri;– Şuşada incəsənət və memarlıq nümunələri;– Şuşanın milli-mənəvi irsimizin təşəkkül və inkişafında rolu;– Şuşada dini-mədəni abidələr;– Şuşa – Azərbaycanın multikultural mədəni irsində;– Şuşanın geosiyasi əhəmiyyəti və 44 günlük Vətən müharibəsində Qarabağ Zəfəri. Məqalələrin qəbul qaydaları: 1. Məqalələr heç bir yerə təqdim edilməmiş yeni tədqiqatlar olmalıdır.2. Məqalələrin həcmi 6-15 səhifə, xülasələrin həcmi 200-250 sözdən ibarət olmalıdır.3. Məqalələrin mətni “A4” formatda, “12” ölçülü hərflərlə, yuxarıdan və aşağıdan 2 sm, soldan 3 sm, sağdan 1 sm məsafə ilə, 1 intervalla, Azərbaycan, türk və ya rus dillərində “Times New Roman” şriftində aşağıdakı elektron ünvana göndərilməlidir: ilahiyyatkonfransshusha@gmail.com4. Təqdim olunan yazının əvvəlində məqalənin başlığından sonra müəllifin adı, soyadı, işlədiyi müəssisə, tutduğu vəzifə, elmi dərəcəsi (olduğu təqdirdə) və müəllifin elektron poçt ünvanı göstərilməlidir.5. Məqalənin əvvəlində müəlliflə bağlı məlumatdan sonra, məqalənin yazıldığı dildə xülasə və açar sözlər verilməlidir.6. Elmi araşdırmaların yazılma üsullarına uyğun olaraq, beynəlxalq standartlara cavab verən məqalələrdə giriş, ən azı, iki yarımbaşlıq və nəticə olmalıdır.7. Mövzu ilə bağlı elmi mənbələrə istinadlar vacibdir. Məqalədə istinadlar göstərildiyi yerdən sonra, mötərizədə müəllifin soyadı, nəşrin ili və səhifə nömrəsi sıra ilə verilməlidir; məs.: (Məmmədov 2007, 17-21).Əgər bir müəllifin eyni ildə çap olunmuş iki və daha artıq əsəri varsa, belə olduğu halda, (Məmmədov 2007(1), 31-36) və ya (Məmmədov 2007 (2), 42-55) kimi qeyd edilməlidir. Məqalənin sonunda ədəbiyyat siyahısında soyad, ad və nəşr ili göstərildikdən sonra, mötərizə içərisində 1 və ya 2 rəqəmləri qeyd edilir; məs.: (Məmmədov Emil (2007/1), 31-36) və ya (Məmmədov Emil (2007/2), 42-55).8. Ədəbiyyat siyahısında verilən hər bir istinad haqqında məlumat bu formatda yerləşdirilməlidir: müəllifin soyadı və adı; nəşr ili (il); kitab; məqalə; konfrans və digərlərinin tam adı (əgər varsa, tərcümə edənin adı və soyadı); nəşr edilən yer; nəşriyyatın adı. Məqalələrdə ən sonda səhifələr göstərilir. Ədəbiyyat siyahısı məqalənin sonunda verilməlidir.9. Xülasə və açar sözlər məqalənin yazıldığı dildən başqa iki xarici dildə, ədəbiyyat siyahısından sonra yerləşdirilməlidir. Hər bir xülasədə məqalənin adı, müəllifin adı, soyadı və elmi dərəcəsi (olduğu təqdirdə) tam göstərilməlidir. Məqalənin müxtəlif dillərdəki xülasələri bir-birinin eyni olmalı və məqalənin məzmununa uyğun gəlməlidir.10. Müəllif məqalənin keyfiyyətinə, göstərilən faktların dəqiqliyinə və digər məlumatlara görə cavabdehlik daşıyır.   Məqalələrin təqdim olunması üçün son tarix: 17.03.2022Qəbul edilən məqalələrin elan edilmə tarixi: 11.04.2022Əlaqələndirici şəxslər: Elnarə Ağaoğlu (+99412) 510 65 45(+99470) 250 05 27Şahin Ələsgərov (+99412) 510 65 45(+99455) 529 93 80Emil İsbatov (+99412) 510 65 45(+99455) 200 21 03  

Hamısını oxu