Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Dayaq “Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı polkovnik Cəlil Xəlilovu təbrik edib

Veteran.gov.az xəbər verir ki, “Dayaq “Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədr müavini Məcid Məmmədov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilovu ad günü münasibətilə təbrik edib. Təbrikdə deyilir:

“Bu gün dəyərli dostumuz, tanınmış hərbi ekspert, polkovnik Cəlil Xəlilovun doğum günüdür.

Bu əlamətdar gün münasibətilə Cəlil müəllimi ürəkdən təbrik edir, ona ilk növbədə möhkəm can sağlığı, uzun, mənalı və bərəkətli ömür arzulayıram. Həyatının hər bir yeni ili ona yeni uğurlar, gözəl xatirələr, sevinc və xoş günlər bəxş etsin.

Cəlil Xəlilov uzun illər ərzində peşəkarlığı, zəngin hərbi təcrübəsi, prinsipial mövqeyi, Vətənə və dövlətə sədaqəti ilə seçilən ziyalı və hərbçi kimi hörmət qazanıb. Onun hərbi sahədəki bilik və təcrübəsi, hadisələrə obyektiv yanaşması və analitik düşüncəsi hər zaman yüksək qiymətləndirilir.

Arzu edirəm ki, bundan sonrakı həyat yolunda da qarşısına qoyduğu bütün məqsədlərə uğurla çatsın, daim sağlam, gümrah və yüksək əhval-ruhiyyədə olsun. Ailəsinin, doğmalarının və dostlarının əhatəsində xoşbəxt və firavan günlər yaşasın.

Qoy ömrünün hər yeni səhəri sevinc, hər yeni günü uğur, hər yeni ili isə daha böyük nailiyyətlərlə yadda qalsın. Uca Allah onu və ailəsini qorusun, həyatına daim ruzi-bərəkət, əmin-amanlıq və gözəl günlər nəsib etsin.

Əziz Cəlil müəllim, doğum gününüz mübarək! Sizə uzun ömür, möhkəm cansağlığı, ailə səadəti, firavanlıq və fəaliyyətinizdə davamlı uğurlar arzulayıram. Hər zaman var olun, sağlam olun, üzünüzdən təbəssüm, qəlbinizdən sevinc əskik olmasın!

Yeni yaşınız uğurlu və düşərli olsun!”

Seymur ƏLİYEV

2026-08-09 17:32:00
835 baxış

Digər xəbərlər

GYF Rəhbərliyi TİKA Bakı Nümayəndəliyini ziyarət edib

Gəncliyə Yardım Fondunun rəhbərliyi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı nümayəndəliyini ziyarət edib. Ziyarət çərçivəsində Fond rəhbərliyi nümayəndəliyin koordinator əvəzi Kürşat Özdemir bəylə görüşüb. Görüşdə Salih Zeki Meriç Gəncliyə Yardım Fondunun son illərdə həyata keçirdiyi sosial, humanitar və təhsil yönümlü layihələri haqqında ətraflı məlumat verib. Salih bəy Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi və Gəncliyə Yardım Fondunun uzun illərdir davam edən birgə əməkdaşlığı nəticəsində ərsəyə gələn layihələrə diqqət çəkərək qeyd edib ki, bu kimi layihələr gənclərin milli-mənəvi dəyərlərinə, mədəniyyətinə və tarixinə sahib çıxması aspektindən xüsusi əhəmiyyət kəsb edir. Gənclərin inkişafına və mədəniyyətimizin təbliğinə istiqamətlənmiş əməkşalığın daha da genişlənəcəyinə ümid etdiyini bildirən Salih Zeki Meriç Kürşat Özdemir bəyə fəaliyyətində müvəffəqiyyətlər arzulayıb. Gəncliyə Yardım Fondunun Azərbaycandakı fəaliyyətlərini yüksək qiymətləndirən Kürşat Özdemir ziyarətlərindən ötrü Salih Zeki Meriç və nümayəndə heyətinə dərin təşəkkürlərini bildirib. O qeyd edib ki, Gəncliyə Yardım Fondu ilə əməkdaşlığımız gənclərin təhsil, sosial və mədəni inkişafına daha geniş imkanlar yaradacaq və gələcəkdə birgə layihələrimizin uğurla reallaşmasına şərait yaradacaq.  

Hamısını oxu
Birinci Qarabağ müharibəsinin yaralarına çəkilən məlhəm...

İlham Əliyevin səyi, Dövlət Komissiyasının fədakarlığı sayəsində həllinə qovuşan itkin problemi... Birinci Qarabağ müharibəsində minlərlə soydaşımızın itkin düşdüyü, onların böyük əksəriyyətinin taleyinin bugünə qədər də naməlum olduğu yaxın tariximizin acı reallıqlarından biridir. Uzun illərdir ki, həlli mümkünsüz olan bu problem Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsindəki tarixi zəfəri ilə tədricən həll olunmaqda, mərhələli şəkildə ortadan qaldırlmaqdadır. Bütün bunlar isə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali baş Komandan İlham Əliyevin xalqımıza bəxş etdiyi 8 Noyabr zəfəri sayəsində mümkün olub. Qələbədən sonra məhz Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Birinci Qarabağ müharibəsində itkin düşən soydaşlarımızın taleyinə aydınlıq gətirmək üçün sistemli fəaliyyətə start verən Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiya bu sahədə böyük uğurlara imza atdı. Hər şeydən öncə ölkəmizdə itkin problemi ilə bağlı mütəmadi beynəlxalq konfranslar təşkil edildi ki, bu da dünya dövlətlərinin diqqətinin məlum problemə cəlb edilməsində, bu problemin həlli üçün beynəlxalq səylərin birləşdirilməsində mühüm rol oynadı. Bu baxımdan 2025-ci il oktyabrın 9-da Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (Dövlət Komissiyası) təşkilatçılığı ilə İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfrans müstəsna əhəmiyyətə malikdir. Bu konfrans Azərbaycanın itkin problemi və onun həllinə necə böyük önəm verdiyini bir daha ortaya qoydu. Xatırladaq ki, sözügedən konfransda çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Dövlət Komissiyasının sədri Əli Nağıyev Prezident İlham Əliyevin qayğısı sayəsində itkin probleminin həlli istiqamətində atılan addımlara diqqət çəkdi, konkret rəqəmlərə, dəqiq statistik məlumatlara diqqət çəkdi. Hazırda Dövlət Komissiyasında 3990 nəfər şəxsin itkin kimi qeydiyyata alındığını bildirən Dövlət Komissiyasının sədri, işğaldan azad olunmuş ərzilərdə 29 kütləvi məzarlıq aşkar edildiyini, həmin məzarlıqlarda tapıan 218 nəfərə aid meyit qalığının ekshumasiya edildiyini vurğuladı. Əli Nağıyev qeyd etdi ki, aparılan araşdırmalar nəticəsində itkin kimi qeydiyyatda olan 187 nəfərin şəxsiyyətini müəyyən etmək mümkün olub. Bir faktı da qeyd edək ki, itkin vətəndaşlarımızın taleyinin aydınlaşdırılması istiqamətində görülən işlər sadəcə bu sahədəki statistik göstəricilərin yaxşılaşmasına, problemin praktiki həllinin sürətlənməsi demək deyil. Bu, eyni zamanda bütöv bir ailənin, bütöv bir nəslin, bütöv bir elin uzun illərdir davam edən nigaranlığının ortadan qaldırılması, onlarla, yüzlrlə insanın mənəvi rahatlığa qovuşması deməkdir. Bu mənada əminliklə demək olar ki, Dövlət Komissiyasının fəaliyyəti itkinlərimizin taleyinə aydınlıq gətirməklə yanaşı, onların doğmalarına da ruhi dinclik bəxş edir. Hansı ki, bu fəaliyyət dövlətimiz tərəfindən Birinci Qarabağ müharibəsinin yaralarına çəkilən məlhəm kimi dəyərləndirilə bilər. İtkinlərimizin hər birinin müqəddaratına aydınlıq gətirmək üçün dövlətimizin gördüyü işlər davam edir. Bu isə o deməkdir ki, yaxın gələcəkdə daha onlarla, yüzlərlə itkinimizin aqibəti bəlli olacaq, onların nəşi doğmalarına təhvil veriləcək. Və bu zaman sadəcə həyatını itirən itkinlərimiz deyil, həm də onların bütün yaxınları mənəvi rahatlığa qovuşacaq, onların içindəki sonsuz intizar qismən də olsa ortadan qalxacaq və daim yollara baxan gözlər qeyri-müəyyənliyə deyil, konkret bir məzara dikiləcək. Vətənin bütövlüyü, azadlığı və şərəfi üçün həyatını qurban verən qəhrəmanların məzarına... Seymur ƏLİYEV

Hamısını oxu
Züləyha Məşəripova – “Qədimi qazança”

“Qardaş xalqlar ədəbiyyatı - Özbək ədəbiyyatı” silsiləsindən VIII yazı  1956-cı ildə Özbəkistanın Xarəzm vilayəti, Xəzərasp rayonunda anadan olub. 1975-1980-ci illərdə Daşkənd Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. Uzun illər vəkil və hakim vəzifələrində çalışıb. “Tamğa”, “And”, “Qisas qoxusu”, “Dəhşətli nikah”, “Dəli qadının məhəbbəti”, “Hər şeyin səbəbkarı anam”, “Etiraf edilən günah”, “Səhv”, “Maska” kimi bir sıra detektiv kitabları nəşr olunub.    Qədimi qazança...  Hekayə  Qurbanbay qonaq gələn dostu Ömərlə birlikdə oturub, yaxşıca içib, kefləndi. O ata-babalarının varlı yaşadığını danışıb öyünməyə başladı. – Qoy görək, dostum, onların necə yaşadığını sən haradan bilirsən? Bəlkə onlar bir tikə çörəyə görə birinin qapısında işləməyə məcbur olublar? – dedi Ömər Qurbanbayın sözlərinə inanmayaraq. – Məni incidirsən, nə, atalarımın kölə olduğunu demək istəyirsənmi?! – deyə Qurbanbay qalın qaşlarını çatdı. – Yox, elə demək istəmirəm, sadəcə qədim zamanlarda yaxşı yaşayan adamlar az olub, bunu nəzərdə tuturam, – dedi Ömər dostunu incitmək istəmədən. – Səncə o yaxşı yaşayanlar neçə nəfər olub? – Hər halda, azlıq təşkil ediblər, – dedi Ömər cılız bədəninə uyğun gəlməyən qalın səsilə. – O azlığın içində mənim babalarımın babaları da olub, başa düşdünmü? – dedi Qurbanbay barmağını Ömərə tuşlayaraq. – Bəlkə… – deyə Ömər başını buladı. Ömərin inanmayaraq başını bulaması Qurbanbaya pis təsir elədi. Sanki ona “aşağı təbəqədənsən” demiş kimi hiss etdi və bu onun qüruruna dəydi. – İnanmırsan, elə deyilmi? İndi sənə bir şey göstərəcəyəm, sonra özün də əcdadlarımızın şah kimi yaşadıqlarına inanacaqsan, – dedi Qurbanbay ayağa qalxaraq. Sonra səndələsə də tarazlığını itirməmək üçün yavaş-yavaş yeridi. – Hara gedirsən? – deyə soruşdu Ömər. – İndi qayıdacağam, otur gözlə, – dedi Qurbanbay əlilə dostuna işarə edərək. O əşyalar saxlanan kiçik anbara girib axtardığı şeyin yerində olmadığını gördü və arvadına səsləndi: – Fatimə! Fatimə deyirəm sənə! – Nə olub, a? – deyə soruşdu təngnəfəs gələn Fatimə. – Bucağdakı böyük dəmir qazanın hanı?! – dedi Qurbanbay əli ilə bucağı göstərərək. – Nə oldu dəmişəm? Qonşumuz Sümbül xala istəmişdi, ona verdim, – dedi. – İçindəki qədimi qazançanı götürməmişdinmi?! – Hansı qazança? Qapağını açıb baxmadım, Sümbül xala oğluyla birlikdə götürdü. – Nə vaxt vermisən?! – Təxminən bir həftə olar. Nə olub ki, a? – dedi ərinin qəzəbindən qorxaraq. – Niye məndən soruşmadan verirsən, axmaq qadın?! – Qonşular istəyəndə sən də “vermə” demirsən ki, nə olacaq ki?! – deyə Fatimə də əsəbi cavab verdi. – Mən onun içindəki kiçik qazançanı nəzərdə tuturam. Böyük qazanın içindəki kiçik qazançanı bilmədən götürüblərsə niyə hələ də qaytarmayıblar? Axı onlara yalnız böyük qazan lazım idi. – Bilmirəm, bəlkə qaytararlar indi… – Nə, qaytarmalarını gözləyəcəksən?! Get, özün gətir! – deyə bağırdı Qurbanbay. Qorxmuş Fatimə qonşunun evinə getdi. Qurbanbay isə qazançasız Ömərin yanına qayıtmaq istəmədiyi üçün arvadını gözlədi. Fevral ayının sonu olmasına baxmayaraq hava xeyli soyuq idi, Fatimə tələsdiyindən nazik ev paltarında çıxdı və bir qədər sonra titrəyərək geri döndü: – Sümbül xala qazanın içində heç nə yox idi dedi, – dedi qorxa-qorxa. – Ay alçaq, Məruf, hələ qazançanı götürmədiyini deyir?! – deyə Qurbanbay qəzəblə qonşusunun evinə özü yol aldı. Onun əsəbi halını görən qonşusu Məruf təəccüblə: – Xoş gəldin, Qurban, xeyirdir? – deyə soruşdu. – Qədimi qazançamı ver, – dedi Qurbanbay salam da vermədən. – Başa düşmədim, dostum, qazanın indi gətirərəm, amma qədimi qazança nə? – Məni axmaq bilirsən, Məruf?! O qazanın içindəki qiymətli metaldan düzəldilmiş kiçik qazançanı istəyirəm, – deyə bağırdı Qurbanbay. – Qazanın içində heç nə yox idi… – Məruf, əgər indi könüllü şəkildə qazançamı gətirib verməsən, ölməyin labüd. Ərinin qonşulara sərt danışmağa başlamasından utanan Fatimə: – Hey, hey, a kişi, özünüzü ələ alın, – dedi. – Sən gözümün qabağından yox ol, axmaq qadın. Sənə deyirəm, Məruf, qazançanı gətirirsən ya yox?! – Qurban, sən dəli olmusan? Axı mənə sənin qazançan nə gərəkdir? Əgər götürmüş olsaydım, qaytarardım. Yox şeyi necə verim?! – Artıq özündən gör! – deyə Qurban evinə getdi. Fatimə ərinin bir iş törədəcəyini bilib, onun dalınca qaçdı. Çox keçmədən Qurban ov tüfəngini götürüb çıxdı və Mərufa tuşlayaraq: – Əgər elə indicə babalarımdan qalan qazançanı gətirib verməsən, ölməyə hazır ol, – dedi. – Qurban, mən dediyin qazançanı görməmişəm. Axı biz neçə illik qonşuyuq, tüfəngi endir, hər şeyi sakitcə danışıb həll edək. – Mənim sənin kimi oğru, fırıldaqçı ilə danışacaq sözüm yox, qazançamı verməsən, səni vuracağam, vəssalam. – Qurban, anla, xahiş edirəm, sən bir az içmisən, yəqin? Amma tüfənglə zarafat etmək olmaz. Dediyin şey insandan da qiymətlidirmi? – Götürdüyün şeydən boyun qaçıran sən, insansan?! – Özün bilirsən, bu həyətdə bizim babalarımız da qonşu kimi yaşayıblar, amma bir-birilərinə ziyan verməyiblər. Xahiş edirəm, bir anlaşılmazlığa görə məni vurma. Özünün həbsə düşəcəyini fikirləşirsənmi?! – Bəli, düz deyir, a kişi, həmişəlik həbsdə yatmaq istəyirsinizmi?! – deyə arvadının dediyinə cavab olaraq Qurban qəzəblə bağırdı: – Hər şey sənin üzündən oldu, axmaq qadın. Çıx gözümün qabağından. Kim mənə yaxınlaşsa, vuracağam. O sanki azğınlaşmış ayı kimi hücuma hazır dayanmışdı. Fatimənin ağlayıb yalvarmasına da qulaq asmır, Sümbülənin qorxudan huşunu itirib yıxılmasına da. O yalnız bir söz təkrarlayırdı: – Qazançamı qaytarmasan, vuracam! – Qazançan başına dəysin, Qurban. Arvadımın ürək xəstəsi olduğunu bilirsən, rəhm etmirsən?! Mən onun yanına getməliyəm, – deyə yerindən qalxan Mərufa baxaraq Qurban tətiyi çəkdi. Güllənin səsi hər yeri titrətdi. Fatimə dərhal ərinin tüfənginə yapışdı. – Nə etdin?! O öldü! İndi biz nə edəcəyik?! – deyə tüfəngi götürüb oturdu, yerindən belə tərpənə bilmədi. Məruf qan içində yerə sərilmişdi…   * * * Vilayət prokurorluğunun baş müstəntiqi Mirzayev Sabircan Səfərov Qurbanın qonşusu Fətxullayev Mərufu qəsdən ov tüfəngi ilə öldürmək cəhdi ilə bağlı cinayət işinin sənədlərinə baxaraq: – Bir qazançaya görə adam öldürüb, hə?! – deyə həmkarı Fərhada baxdı. – Bəli, mən də buna təəccüblənirəm. Məhkəmə-psixiatriya ekspertizasının rəyinə görə, ağıldan kəm deyil. – Doğrudur, ağlı başındadır, amma içkili olduğu müəyyən edilib. – Sabircan bəy, bu qazança nə qədər qiymətlidir, araşdırdınızmı? – Səfərovun arvadının dediyinə görə, əri hər zaman hansısa parlaq metaldan hazırlanmış qazançanı saxlayıb. Amma indi qazança heç yerdən tapılmır. Onların söhbətini növbətçinin zəngi kəsdi. – Səfərov Qurbanı gətiriblər, içəri buraxım? – Bəli, gözləyirik, – dedi Sabircan. Qapıdan iki mühafizəçinin müşayiəti ilə içəri boynu irəli əyilmiş, qolları ölü kimi sallanmış, etdiyi əməldən peşman olduğu sezilən, ya da elə xasiyyəti belə olan bir kişi daxil oldu, o təxminən 30-35 yaşlarında idi. Qalın qaşları gözlərinə yaxın olduğu üçün bir baxışda adamda sərt xarakterli biri olduğu təəssüratı yaradırdı. Sabircan onu başdan-ayağa süzərək oturması üçün stul göstərdi. Özünü vəkil kimi təqdim edən gənc də oturmağa dəvət olundu. Səfərovun şəxsiyyəti ilə bağlı suallara cavab aldıqdan sonra: – Yaxşı, Səfərov, de görək, qonşun Mərufu niyə vurdun? – deyə soruşdu. – Onun vəziyyəti necədir? – dedi Qurban çəkinərək. – Yaxşıkı, təsadüfən sağ qalıb, çox qan itirib, vəziyyəti ağırdır. Amma sən onu öldürmək üçün vurmusan, düzdür? – Komandir, bu kişi söhbətidir də… Ayıq olsaydım, elə bir şey edərdimmi?! – dedi Qurban gözlərini yerə dikərək. – Ən pisi odur ki, spirtli içki içib törədilən cinayət günahı daha da ağırlaşdırır. – Doğrudan? – deyə Qurban inamsız halda vəkilinə baxdı. O başını tərpədərək təsdiqlədi. – Sualıma cavab vermədiniz ki, qonşunuzu niyə vurdunuz? – deyə Sabircan sualını təkrarladı. – O babalarımdan qalan qazançanı götürdüyünü inkar etdi, onu qaytarmaq istəmədi, mən də içkili halda onu vurdum. – Bəs o dediyiniz qazançanın dəyərini dəqiq bilirdinizmi? – Yox, qiymətləndirməmişəm. Sadəcə parlaq, gözəl və qədim olduğu üçün onu qiymətli hesab edirdim, ona görə də qoruyub saxlayırdım. – Bəs o qazança indi harada? – Özüm də bilmirəm, onu böyük qazanın içərisinə qoymuşdum. Məruf isə “görməmişəm” deyir. Kim bilər, indi haradadır? – Demək, siz də onun harada olduğunu bilmirsiniz, sadəcə qonşunuzun onu gizlətdiyini güman etmisiniz, eləmi? – Hə, belədir. Amma onu başqa kim götürə bilərdi ki? Qazanın içində olduğunu heç kim görməyib. Qurbanı aparandan sonra Sabircan fikrə getdi. Bu qədər qalmaqala səbəb olan qazança harada ola bilər? Mərufun evində olmadığı aydın idi, çünki onun arvadı qazanın qapağını açıb baxdığını, içində heç nə olmadığını and içərək deyirdi. Üstəlik, əgər qazança Mərufda olsaydı Qurban tüfəngini ona tuşlayanda geri verərdi. Sabircanın qazançanı tapmaq marağı daha da artdı. – Fərhad, səncə, o qədim qazança harada ola bilər? Onu kimsə götürüb. – Bilmirəm və bu barədə düşünmək belə istəmirəm, çünki ən vacibi odur ki, şübhəli şəxs artıq günahını boynuna alıb. Cinayətin açılması üçün heç bir çətinlik çəkmədik, buna da şükür, – dedi Fərhad kompüterdə nəsə yazaraq. – Sənə sahibinin uğrunda adam öldürməyə qədər getdiyi qazançanı görmək belə maraqlı deyil mi? – Bilirsinizmi, Sabircan bəy, indi yeganə istəyim evə gedib rahat yemək yemək və sonra doyunca yatmaqdır. Heç bir qazança məni maraqlandırmır, – deyə Fərhad kompüterini söndürməyə başladı. – Mən isə işi məhkəməyə təqdim etməmişdən əvvəl o qazançanı tapmağa çalışacağam. – Halbuki, onun varlığının işə heç bir aidiyyəti yox… – Bəli, amma illərdir mehriban qonşu olmuş iki ailənin səbəbsiz yerə düşmən olmasına imkan verməməliyik. – Əlbəttə, bu sizin işinizdir. Hər halda, məni buna qatmayacağınızı ümid edirəm. – Hansı mənada? – deyə Sabircan soruşdu çaşqınlıqla. – Necə yəni hansı mənada? Düz mənasında. Məsələn, mən bu gün işdən vaxtında çıxıb ailəmlə birlikdə olmaq istəyirəm. Hər hansı qədim qazançaya görə başımı ağrıtmaq fikrim yoxdur, – deyə Fərhad yerindən qalxaraq getməyə hazırlaşdı. – Deməli, məsələ buradadır, yaxşı, gedə bilərsən. Amma mən o qazançanın haraya yoxa çıxdığını tapmadan sakitləşməyəcəm. – Yaxşı, sağ olun, – deyə Fərhad çıxıb getdi. Fərhad gedəndən sonra Sabircan ayağa qalxıb otaqda gəzişməyə başladı. Nə qədər fikirləşsə də, qazançanı kimin götürdüyünü tapa bilmirdi. Oturub bu cinayət işi üzrə sorğu-sual edilən hər kəsin ifadələrini yenidən oxudu, amma heç bir nəticə əldə edə bilmədi. Saatına baxdı, artıq gec olduğunu görüb stolunu yığışdıraraq evə yollandı.   * * * Səfərovun adam öldürməyə cəhd cinayəti ilə bağlı istintaqın bütün xırda detalları və rəsmi prosedurlar tamamlanmış, işi məhkəməyə göndərmək vaxtı çatmışdı. Sabircan sənədləri qaydaya salıb, düzülməyə hazırlaşırdı ki, Fərhad içəri girdi. – Salam, Sabircan bəy. Mənə də iş saxlamısınız yoxsa hamısını özünüz bitirmisiniz? – deyə içəri girib soruşdu zarafatla. – Bu gün məhkəməyə göndərəcəyik, – dedi Sabircan. – Məruf bəyin vəziyyətinin yaxşılaşdığını dünən sizə demişdim? – deyə soruşdu Fərhad. – Hə, özüm də xəstəxanaya zəng edib maraqlandım. Dedilər ki, iki-üç günə evə buraxacaqlar. – Baxın, bir köhnə qazançaya görə ölüb gedəcəyinə az qalıb. – Qurban özünün zadəganlardan olduğunu dostuna sübut etmək üçün qətl törətməyə belə hazır idi. – Maraqlıdır, bunu sübut etməyə nə ehtiyac var idi ki? – deyə Fərhad çiyinlərini çəkdi. – Bir müdrik insan demişdi ki, insanlarda var-dövlətə və zadəganlığa meyl yalnız qəbirdə sona çatır. Görəsən, bu sözləri deyəndə necə haqlı olduğunu bilirdi? – deyə Sabircan əlindəki sənədləri stolun üstünə qoydu. – Əlbəttə, bilməsə, deyərdimi? Bilirsinizmi, Sabircan bəy, indi limonlu çay içək, – deyə otağına tərəf getdi. Fərhad əlində bir limon tutaraq içəri qayıdanda Sabircan ona baxıb soruşdu: – Bu təzəcə dərilmiş limonu haradan tapdın? – Öz qış bağçamızdan oğurlayıb gətirdim. – Niyə “oğurlayıb” deyirsən? Sadəcə dərib çıxmaq da olardı axı. – Qış bağçasına yalnız atam baxır, oradakı bitkilərə toxunmağa heç kimə icazə vermir. Mən də ora bəzi hallarda baş çəkirəm. Səhər atam dedi ki, limon ağacında on dörd meyvə var, heç kim onlara toxunmasın. Mən də çoxdan ora girmədiyimi xatırlayıb baxmağa getdim. Gördüm ki, yazıq ağac meyvələrinin ağırlığından əyilib. Dərhal birini qoparıb cibimə qoydum. – Onda mənim limonlu çayıma da şəkər əlavə et, – deyə Sabircan gülümsədi. – Əlbəttə, şəkərsiz çay olar? – deyə Fərhad iki çay qaşığı şəkər əlavə etdi. Sabircan çaydan bir qurtum alıb: – Təşəkkür edirəm, Fərhad, əla çaydır. Deyəsən, qış bağçasına girib belə “oğurluq” etməyə davam etsən, pis olmaz, – dedi. Fərhad dünənki futbol oyunu haqqında danışmağa başladı. – Necə də mən dediyim kimi oldu, Real Madrid qazandı! Qardaşım Barcelona qalib gələr deyə ümid edirdi, amma mərcdə uduzdu. Sabircan çay fincanını stolun üstünə qoyaraq: – Yoxsa mənim düşündüyüm kimidir? Bəli, başqa cür ola da bilməz, – dedi. – Siz də belə düşünürdünüz? – deyə Fərhad maraqlandı. Amma Sabircan onun sözlərinə əhəmiyyət verməyərək telefona zəng etməyə başladı. Fərhad o an başa düşdü ki, Sabircan onu eşitmir və xəyali başqa yerdədir. – Alo, bu Səfərov Qurbanın evidir? – Bəli, sizə kim lazımdır? – telefondan qadın səsi eşidildi. – Siz Səfərovun həyat yoldaşısınız? – Bəli. – Mən istintaqçı Mirzayevam. – Aman Allah, ərimə nə oldu?! – Narahat olmayın, hər şey qaydasındadır. Mən oğlunuz haqqında soruşmaq istəyirdim. – Nəyi soruşmaq istəyirsiniz? – Bildirmişdiniz ki, iki oğlunuz var. Deyin görüm, oğullarınız neçənci sinifdə oxuyurlar? – Biri məktəbdə altıncı sinifdə, digəri rayon mərkəzindəki liseydə ikinci kursda oxuyur. – Böyük oğlunuz hansı ixtisas üzrə liseydə təhsil alır? – Tarix ixtisası üzrə. Niyə soruşursunuz? – Tarix deyirsiniz… – Yoxsa Sultan nəsə pis iş görüb? Açıq danışın. – Xeyr, sadəcə, ondan kiçik bir şey soruşmaq istəyirdim. – O dərsdə olmalıdır, evimiz uzaq olduğu üçün yataqxanada qalır. Amma sabah istirahət günü olduğuna üçün belki bu gün evə gələcək. Allah qoysa, günortaya yaxın evdə olar. – Yaxşı, onda ona heç nə deməyin, mən sonra zəng edərəm, – deyə Sabircan telefonu yerinə qoydu. Fərhad təəccüblə soruşdu: – Başa düşmürəm, Səfərovun yetkinlik yaşına çatmamış oğlundan nə soruşmaq lazımdır? Axı cinayət işini tamamlamışıq. – Mən dedim axı, o qədim qazançanı kimin götürdüyünü tapmadan sakitləşməyəcəm. – Sabircan bəy, artıq boş yerə əziyyət çəkmək niyə lazım? Birincisi, o uşaq yetkinlik yaşına çatmayıb, ona görə də onu pedaqoqun iştirakı ilə dindirilməlidir, bu isə əlbəttə ki, mənim üzərimə düşəcək. İkincisi, cinayət işi hazırdır, sənədlər toplanıb, indi o uşağın ifadəsinə görə işi pozub yenidən sənədləri düzəltməliyik, – dedi Fərhad narazı olaraq. – Narahat olma, mənim soruşmaq istədiyim sual sadəcə Səfərovun ailəsi ilə bağlıdır. – Bağışlayın, Sabircan bəy, amma bəzən sizi başa düşə bilmirəm. – Məsələn? – Doğrudur, siz mürəkkəb və çətin işləri həll etməkdə ustasınız, amma asanlıqla həll olunacaq məsələləri niyə çətinləşdirirsiniz? – Amma illərdir qonşu olmuş iki ailənin arasındakı anlaşılmazlığı həll etmək çətinləşdirmək deyil. – Səfərov bu məsələni artıq həll edib, indi onlar bir-birinə düşmən olub qalıblar axı. – Bəlkə də elədir, ancaq Mərufun ailəsinə oğru damğasının səhv vurulması yaxşı deyil. – Bilmirəm, bilmirəm, mən qalan işimi tamamlamalıyam, – deyə Fərhad yerindən qalxdı. Günortadan sonra Sabircan Səfərovun evinə zəng etməyi düşünərkən, birdən xidmət telefon zəng çaldı. – Eşidirəm, – dedi Sabircan dəstəyi qaldıraraq. – Bir qadın oğluyla sizin yanınıza girmək istəyir, çağırmışdınızmı? – deyə soruşdu növbətçi. – Hansı işlə bağlıdır? – Səfərovayam, deyir, məncə ərinin işi ilə əlaqədar gəlib. – Yaxşı, girsin. Qapıdan içəri daxil olan qadın salamlaşdıqdan sonra: – Mən Sultana sizin zəng etdiyinizi dedikdən sonra, özü müstəntiqin yanına getməliyəm, hər şeyi orada danışacağam, deyib yola düşdü, mən də onunla gəldim, – dedi. – Bəs, Sultan, mənə nə demək istəyirdin? – deyə soruşdu Sabircan atasına bənzəyən, özünü günahkar hiss edən, yerə baxan 15-16 yaşlı oğlana baxaraq. O: – Hər şey mən səbədən oldu… – deyə söhbətə başladı. – Gəl, əvvəl yaxşıca otur, – deyə Sabircan ona stul göstərdi. Sultan oturduqdan sonra Sabircana baxdı. – İndi tələsmədən, başdan danış, o qazançanı niyə götürdün, hər şeyi danış. – Siz bunu bilirdiniz?! – deyə Sultan heyrətlə Sabircana baxdı. – Hə, hiss etmişdim. – Bizim liseydə tarix muzeyi yaradıldı. O zaman müəllimimiz bizə dedi ki, əgər evlərinizdə babalarınızdan qalmış köhnə əşyalar varsa, gətirin, muzeydə nümayiş etdirək və hansı əsrə aid olduğunu qeyd edək, – deyə Sulton sükuta qərq oldu. – Sonra nə oldu? – dedi Sabircan. – Anbarxanamızda köhnə qazança gördüm. Atamın onu babalarımızdan qalan yadigar kimi saxladığını bilirdim. Onu atamdan soruşub, sonra liseyə aparmaq istəyirdim, ancaq atamın icazə verməyəcəyindən qorxduğum üçün heç kimdən soruşmadan götürdüm. – Qazança harada idi? – O həmişə böyük qazanın içində olurdu, oradan götürdüm. Müəllimimiz onun iki əsr əvvəl hazırlanmış qədim qazança olduğunu müəyyənləşdirdi. – Bəs sən bu barədə valideynlərinə niye demək istəmirdin? – Mən hər həftə sonu evə gəlirəm, ona görə də bir həftə sonra gələndə hər şeyi atama deyəcəkdim, ancaq gəlsəm … – Gəldin ki, atan qazançaya görə qonşunu vurub, bunu eşidəndə heç nə demədin? – Mən qorxdum, o səbəbdən… – deyə Sultan göz yaşlarını saxlamağa çalışdı. – Bunu mənə desəydin, oğlum, heç olmasa telefonda açıq danışsaydın, bu hadisələr baş verməzdi, – deyə ağladı Fatimə. – Hər şeyə mən günahkaram, buna görə atamın yerinə məni həbs edin! – deyə Sultan artıq göz yaşlarını gizlətmədən, hönkür-hönkür ağladı. – Bunun imkanı yoxdur, ancaq bu sözlərini Məruf qardaşına desən, ondan üzr istəsən, bəlkə bir az yüngülləşərdi, çünki o çox əziyyət çəkir. – Qonşularımız Məruf da, həyat yoldaşı Sümbüləy də çox yaxşı insanlardır. Məruf ölümün bir addımlığından qayıtsa da, qonşumuz Qurbana qarşı heç bir iddia və dava etmədiyini deyir. – Hə, yaxşı insan imiş. – Əvvəl qazançanı götürdükdən sonra, günah məndədir deyə düşünərək belə danışır, zənn etmişdim, ancaq sonra başa düşdüm ki, o yazığın heç bir günahı yoxdur. – Bəs sən, Sultan, o qazançanı müəlliminlə birlikdə bura gətirə bilərsənmi? – dedi Sabircan. – Bəli, ancaq atama yüngüllük etməniz üçün mən nə etməliyəm? – Mən heç nə edə bilmərəm, ona hansı cəzanın veriləcəyini yalnız məhkəmə həll edəcək, – deyə Sabircan onlarla bildirdi sağollaşaraq. İki gün sonra müəllimi ilə birlikdə qazançanı gətirən Sulton Sabircanın otağına girdi. Qazançanı əlinə alıb ona baxarkən: – Siz bu qazançanı mütəxəssisə göstərmisinizmi? – deyə Sabircan Sultanin müəllimindən soruşdu. – Yox, mən özüm qazançaya çəkilmiş şəkillərə, onun naxışlarına, hazırlanmasına baxaraq təxminən iki əsr əvvəl düzəldilmiş qazança olduğunu qeyd etdim. Ancaq yenə də onu bir dəmirçi ustasına göstərməli olduğumu düşünürdüm, – deyə qadın özünü müdafiə elədi. – Fərqinə vardınızmı, bu kiçik qazançada heç vaxt yemək bişirilməyib? Məncə, bunu adi qazança adlandırmaq olmaz. – Sabircan qardaş, çağırılan mütəxəssis gəldi. O məşhur qazançanın nədən hazırlandığını dəqiq deyə biləcək. Axı belə deyirlər ki, “çəpələyi kəssə də qəssab kəssin”, – dedi Fərhad. Sabircan qazançanı mütəxəssisə uzadaraq: – Qazançaya istifadə olunan metalın tərkibini tez bir zamanda müəyyən edib, bizə bildirin, – deyə bir vərəq uzatdı. Mütəxəssis vərəqə imza atıb dedi: – Bəli, əlbəttə, ancaq əvvəlcədən deyə bilərəm ki, bu qazança əsasən qiymətli metaldan hazırlanıb. – Deməli, atam düz deyirmiş, – dedi Sultan. – Atan nə demişdi? – deyə Sabircan Sultanin nə demək istədiyini dinləməyə çalışdı. – O həmişə deyirdi ki, mənim ata-babalarım zadəgan olub və belə qiymətli qazançada yemək bişiriblər. – Bilirsənmi, Sultan, ata-babalarının zadəgan olduğunu nə qədər desən də, bunu sübut edə bilməzsən. Məncə, buna ehtiyac da yox. Sənin hərəkətin, cəmiyyətdə tutduğun yer, insanların sənə verdiyi dəyər – bunlar sənin nəsil-kökünə də aid hesab olunur, – dedi Sabircan. – Tamamilə doğrudur, Sabircan bey. Hamıya icazə verirsiniz? – deyə Fərhad soruşdu. – Hə, icazə verildi. Sabircan və Fərhad yeni təyin olunmuş istintaq şöbəsinin rəisi haqqında söhbət edərək: – Sizə deyim, Sabircan bey, Fazil beydən qurtulduğuma görə bir ziyafət verəcəyəm. Axı o məni lap bezdirmişdi! Hər addımımı yoxlayırdı. Heç başa düşə bilmirəm, mənim harada oturmağım ona nə fərq edir ki? İşimi vaxtında görsəm, bəs deyilmi?! – dedi Fərhad. – Ancaq unutma ki, Fazil bey prokurorluq sistemindən getməyib, sadəcə vəzifəsi yüksəlib. Bu o deməkdir ki, yenə də onun nəzarətində olacaqsan, – deyə gülümsədi Sabircan. – Yox e, vəzifəsi yüksəlibsə, işi də çoxalacaq. Məncə, məni unudub, öz halıma buraxar, – dedi Fərhad. Bu anda gözlənilmədən qapıdan Fazil bey içəri daxil oldu. Fərhad və Sabircan bir-birlərinə baxaraq ona salam verdilər. O əlindəki bir vərəqi Sabircana uzadaraq: – Afərin, Sabircan. Buyurun, baxın, sizin marağınız sayəsində mütəxəssislər müəyyən ediblər ki, o köhnə qazança saf platindən hazırlanıb. Bilirsinizmi, bu nə deməkdir? Dövlətimizin xəzinəsinə düz üç yarım kilo qiymətli metal əlavə olundu, – dedi. – Eləmi?! – dedi Sabircan vərəqə göz gəzdirərək. Fazil beyin gözü Fərhada sataşdı: – Ay oğlan, öz yerində oturacaqsanmı, yoxsa hamının başını qatıb boş-boş danışmaqda davam edəcəksən?! Tez otağına get, – dedi sərt tərzdə. – Eyvah… – deyə Fərhad otaqdan çıxdı.  Özbək dilindən tərcümə etdi: Rəhmət Babacan

Hamısını oxu
Cəlil Xəlilov: Prezident İlham Əliyevin müharibə dövründə mediaya verdiyi açıqlamalar bu mübarizədə həlledici rol oynayıb

Dövlətimiz 44 günlük Vətən müharibəsində informasiya cəbhəsində də düşmənə qarşı uğurla mübarizə aparıb. Bunu AZƏRTAC-a müsahibəsində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov deyib. Qeyd edib ki, məhz jurnalistlərimizin, hərbi-siyasi ekspertlərimizin, diplomatlarımızın media müstəvisində apardığı mübarizə informasiya məkanında erməni təxribatlarının ifşasına imkan verib: “44 günlük Vətən müharibəsində Azərbaycan yalnız ön cəbhədə deyil, bütün müstəvilərdə düşmənə qarşı müvəffəqiyyətlə mübarizə aparıb, erməni yalanlarını, rəsmi İrəvanın informasiya məkanında həyata keçirməyə çalışdığı təxribatları ifşa edib. Bu məsələdə jurnalistlərimiz böyük səy və fədakarlıq göstəriblər. Hərbi-siyasi ekspertlərimiz, diplomatlarımız, müxtəlif qurum və təşkilatlar Azərbaycan həqiqətlərinin təbliği, erməni vəhşiliklərinin dünyaya çatdırılması istiqamətində böyük səy ortaya qoyublar. Lakin bu müstəvidə də ən böyük rolu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev oynadı”. Cəlil Xəlilov bildirib ki, dövlət başçımızın Vətən müharibəsinin gedişində 30-a yaxın xarici media qurumuna verdiyi müsahibələr, erməni yalanlarını faktlarla, konkret arqumentlərlə ifşa etməsi beynəlxalq ictimaiyyətin, dünya xalqlarının əsl həqiqətdən xəbər tutmasını, Azərbaycanın haqq işinə dəstək verməsini təmin edib. Prezident Vətən müharibəsi dövründə mətbuata verdiyi açıqlamalarda sadəcə erməni faşizminin deyil, işğalçı Ermənistana havadarlıq edən, onlara dəstək verən qüvvələri də ifşa edib. “Dövlətimizin media müstəvisində həyata keçirdiyi mübarizədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də əməyini xüsusi qeyd etmək lazımdır. O, həm müharibə, həm də post-müharibə dönəmində erməni cinayətlərinin ifşasında mühüm rol oynayıb, bu istiqamətdə çox ciddi addımlar atıb. Ermənistan ordusunun raket zərbələrinə məruz qoyduğu şəhərlərə Hikmət Hacıyevin rəhbərliyi ilə edilən səfərlər, xarici diplomatların bu səfərlərə cəlb edilməsi dünya ictimaiyyətinin erməni faşizminin əsl üzünü görməsini təmin etdi”, – deyə C.Xəlilov vurğulayıb. Sədr müavini jurnalistlərimizin ön və arxa cəbhədəki əməyinə də diqqət çəkib: “Vətən müharibəsində jurnalistlərimiz həm ön, həm də arxa cəbhədə böyük fədakarlıqlar göstəriblər. Onlar müharibənin ən qaynar nöqtələrindən reportajlar hazırlayır, vətəndaşların informasiyaya olan ehtiyacını çevik şəkildə qarşılayırdılar. Media nümayəndələri, həmçinin müharibədən sonra da ermənilərin vaxtı ilə işğal altında saxladıqları ərazilərimizdə törətdikləri vəhşiliklərin ifşa edilməsində və vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılmasında həlledici rol oynayıblar. İki jurnalistimiz - Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin operatoru Sirac Abışov işğaldan azad edilən ərazilərdə xidməti vəzifələri icra edən zaman mina terroru nəticəsində şəhid olublar. Bütün bu faktlar jurnalistlərimizin müharibə və post-müharibə dövründə öz vəzifələrini necə böyük cəsarət və qəhrəmanlıqla həyata keçirdiyini göstərir”.

Hamısını oxu