Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“General Abbasəli Novruzov Sərhəd Qoşunlarımızın formalaşmasında böyük rol oynayıb”

Sərhəd Qoşunlarının keçmiş komandanı, general-mayor Abbasəli Novruzov bu gün səhər 89 yaşında vəfat edib. 

Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Abbasəli Novruzovla bağlı xatirələrini dilə gətirib, onun Sərhəd Qoşunlarının formalaşmasındakı əməyindən söz açıb:

“Abbasəli Novruzov Azərbaycan hərb tarixinin böyük şəxsiyyətlərindən biri olub. Uzun illər SSRİ-nin Sərhəd Qoçşunlarında xidmət edən Abbasəli Novruzov hələ sovet dönəmində ən təcrbəli sərhədçilərdən biri hesab edilir, ona böyük etimad göstərilirdi.

1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra sərhədlərimizin etibarlı mühafizəsi məsələsi ciddi aktuallıq kəsb etməyə başladı. Xatırladım ki, ötən əsrin 90-cı illərinin əvvəllərində bu sahədə vəziyyət həqiqətən də ağır idi. Köhnə sərhədlər dağılmış, yeni sərhədlər isə tam formalaşmamışdı. Müstəqil Azərbaycanın sərhədlərinin möhkəmlənməsi, bu sərhədlərin təhlkəsizliyinin təmin edilməsi böyük maddi vəsait, xüsusi texniki vasitələr, müasir müşahidə sistemləri və s. ilə yanaşı, həm də zəngin təcrbəyə malik mütəxəssislər, peşəkar sərhədçilər tələb edirdi. Abbasəli Novruzov məhz bu cür – xüsusi peşəkarlığa və böyük təcrübəyə malik sərhədçi idi. Buna görə də Ümummilli Lider Heydər Əliyev 1994-cü il aprelin 8-də Abbasəli Novruzovu Azərbaycanın milli təhlükəsizlik nazirinin müavini, Sərhəd Qoşunlarının komandanı təyin etdi və o, 2001-ci ilə qədər bu vəzifəni layiqincə yerinə yetirdi.

Abbasəli Novruzov Sərhəd Qoşunlarının komandanı təyin ediləndə Azərbaycanın nə Rusiya, nə də Gürcüstanla sərhədləri yox idi. Hər iki dövlətlə sərhədlərin müəyyən edilməsində də Abbasəli Novruzovun böyük rolu oldu. Abbasəli Novruzov qısa zamanda sərhədyanı dövlətlərin sərhədçiləri ilə dostluq və əməkdaşlıq münasibətləri yaratdı ki, bu da həm Azərbaycan, həm də həmin dövlətlərin sərhəd təhlükəsizliyinin etibarlı təmininə töhfə verdi.  

Mənim Abbasəli Novruzovla bağlı xatirələrim çoxdur. Çünki mən uzun müddət Abbasəli Novruzovun müavini olmuşam, bilavasitə onun tapşırıq və göstərişlərini yerinə yetirmişəm. Abbasəli Novruzovla gündəlik təmas mənə onun şəxsiyyətini dərindən öyrənməyə, onu daha yaxından müşahidə etməyə imkan verib.

Abbasəli Novruzov sərhədçi peşəsinin sirlərinə dərindən bələd olan əsl mütəxəssis olmaqla yanaşı, həm də neqativ hallara qarşı barışmazlığı ilə tanınırdı. Onun komandanlığı dönəmində Sərhəd Qoşunlarında ən xırda neqativ hallarla bağlı belə sərt tədbirlər görülür, ciddi təftiş və araşdırmalar aparılırdı. Abbasəli Novruzov bildirirdi ki, sərhərçi peşəsi müqəddəsdir və bu peşəni gözdən salan istənilən hərəkət bağışlanmamalıdır.

Məhz Abbasəli Novruzovun prinsipiallığı və sərt nəzarət sistemi nəticəsində Sərhəd Qoşunlarında şəffaflıq təmin edilmiş, sağlam münasibətlər bərqərar olmuşdur. Onun sərhədlərimizin mühafizəsində tətbiq etdiyi bəzi yeniliklər bu gün də öz aktuallığını və effektivliyini qorumaqdadır. Abbasəli Novruzov dövlət qarşısındakı xidmətlərinə görə çoxsaylı mükafatlarla təltuf edilib ki, bunların sırasında “Şöhrət” ordeni də var.

General Abbasəli Novruzovun vəfatını bütün xalqımız üçün böyük itki hesab edir, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq bundan böyük kədər duyduğumuzu bildirir, mərhumun yaxınlarına səbr diləyirik. Allah rəhmət eləsin”.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti

2026-08-16 12:39:00
70 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatının nümayəndə heyəti Tərtərdə qocaman müharibə veteranlarına ərzaq yardımları çatdırıb.

Respublika Veteranlar Təşkilatının Gənclərin Hərbi Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşkilatın Mətbuat Xidmətinin əməkdaşı Şəhla Qarayeva, rayon Veteranlar Təşkilatının sədri İman Almuradov  Tərtər rayon İcra Hakimiyyətində olublar. Nümayəndə heyətini qəbul edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ilk öncə qonaqları salamlayıb , Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə koronavirus (COVİD-19) pandemiyası kimi çətin bir dönəmdə müharibə veteranları üçün başladılan ərzaq yardımı aksiyasını yüksək qiymətləndirib. Ərzaq məhsullarından ibarət sovqatlar   Böyük Vətən Müharibəsi veteranlarına təhvil verilib. Məlumat üçün qeyd edək ki, “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 müharibə veteranına dəstək olmaq məqsədilə ərzaq yardımlarının paylanılması Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir.

Hamısını oxu
2021-ci il Azərbaycan üçün uğurlu və əlamətdar oldu

2021-ci il başa çatmaq üzrədir. Bu il də dünyanın mənzərəsi həm rəngarəng, həm də ziddiyyətli və mürəkkəb oldu. Bəşəriyyət üçün ciddi təhlükə mənbəyinə çevrilmiş və ciddi dəyişikliklərə səbəb olan pandemiya şəraiti, iqtisadi problemlər, ayrı-ayrı regionlarda hərbi-siyasi qarşıdurmalar, siyasi kataklizmlər və s. bir çox güclü, inkişaf etmiş ölkələrin çox sayda problemlər və çətinliklərlə qarşılaşmasına səbəb oldu. Cənubi Qafqazın lider ölkəsi, dünyada güclü – qüdrətli, nüfuzlu və qalib dövlət kimi tanınan Azərbaycan isə öz inkişaf yolunda əmin addımlarla irəliləməyə davam etdi.   Zəfər yürüşünün davamı   Yola salmağa hazırlaşdığımız il Azərbaycan üçün Zəfər ilinin, yaxud Zəfər yürüşünün davamı oldu. Belə ki, ötən il işğaldan azad olunmuş ərazilərdə nəhəng bərpa-quruculuq işlərinin görülməsi, Böyük Qayıdışa hazırlıq məqsədilə mühüm layihələrin reallaşdırılması, xüsusilə də Müzəffər Ali Baş Komandanımızın əzəli və əbədi torpaqlarımıza möhtəşəm tarixi səfərləri mühüm əhəmiyyətə malik olmaqla yanaşı, milli yaddaşımıza əbədi həkk olundu. Bu, həmçinin Azərbaycanın milli inkişafın yeni mərhələsinə qədəm qoymasına imkan verən mühüm amillərdən biridir.   Ardıcıl islahatlar və uğurlu siyasi dialoq prosesi Azərbaycanın qüdrətini artırır   2021-ci ildə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında bütün sahələri əhatə edən sistemli islahatların həyata keçirilməsi Azərbaycanın gücünün daha da artmasını şərtləndirdi. İslahatlar iqtisadiyyatın inkişafı, idarəetmədə səmərəliliyin artırılması, qanunun aliliyinin təmin olunması, vətəndaş cəmiyyətinin və hüquqi dövlətin əsaslarının gücləndirilməsi baxımından böyük əhəmiyyətə malik oldu.  Xüsusilə də, siyasi dialoq prosesinin uğurla davam etdirilməsi milli birliyin – həmrəyliyin daha da möhkəmlənməsinə mühüm töhfə oldu. 44 günlük Vətən müharibəsi dövründə olduğu kimi, postmüharibə mərhələsində də siyasi qüvvələr milli maraqlara, xalqın və dövlətin mənafeyinə dair məsələlərdə birlik – vahid mövqe nümayiş etdirməklə Azərbaycan Prezidentinin qətiyyətli siyasətinə birmənalı dəstək verdilər. Bu isə xalqımızın həmrəyliyinin daha da güclənməsidir.   Həmrəyliyimiz milli gücümüzdür   Həmrəylikdən  bəhs edərkən xüsusi qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək öz qüdrətini bütün dünyaya göstərən Azərbaycan xalqı bu il 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününü daha böyük qürur və sevinc hissi ilə qeyd edir. Çünki biz qalib ölkənin vətəndaşları, qalib xalqın nümayəndələriyik!   Burada haşiyə çıxaraq bir daha xatırlatmağı borc bilirəm ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ümummilli Lider Heydər Əliyevin Sədrliyi ilə keçirilən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilməsi böyük tarixi əhəmiyyətə malikdir. O zaman Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət etmişdi. Dekabrın 25-də isə Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qanun qəbul etmişdi. Ümummilli Liderimiz “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı ilə milli mənsubluğumuzla, milli kimliyimizlə qürur duymağı aşılamışdı. Onun əsasını qoyduğu müasir azərbaycançılıq ideologiyası Azərbaycan xalqının birliyini, həmrəyliyini təmin edən məfkurəyə çevrildi. Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi isə milli birliyimizi zirvəyə daşıdı və Vətən müharibəsində biz bunun canlı şahidi olduq. Bu gün də dünya azərbaycanlıları Heydər Əliyev ideyalarını, Prezident İlham Əliyevin siyasətini qətiyyətlə dəstəkləyir, milli məfkurəmiz olan azərbaycançılıq ətrafında sıx birləşib.   Yeni mərhələ və yeni hədəflər   Müasir müstəqil Azərbaycan milli tərəqqinin yeni mərhələsinə qədəm qoyub, ümummilli məqsədlərə və strateji hədəflərə çatmaq uğrunda inamla addımlar. Öz ərazi bütövlüyünü təmin etmiş Azərbaycan daha güclüdür, yeni nailiyyətlər əldə etmək, qüdrətini daha da artırmaq əzmindədir. Xalq-iqtidar birliyi ölkəmizin qarşısında yeni perspektivlər açır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır: “Çünki Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Bu gün bu, həm siyasi gücdür, iqtisadi gücdür, xalq-iqtidar birliyidir, hərbi gücdür və bizim regionda oynadığımız müsbət roldur. Biz bu gücdən istifadə edərək qarşımızda duran əsas vəzifəni şərəflə yerinə yetirdik”. Xalqımızı, dünyanın dörd bir tərəfində yaşayan məğrur və qürurlu soydaşlarımızı 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edirəm. Yaşasın qüdrətli Azərbaycan dövləti! Yaşasın həmrəy Azərbaycan xalqı! Yaşasın Müzəffər Ali Baş Komandanımız!   Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Hamısını oxu
“Bunlar yalnız Azərbaycan deyil, həm də sülh və beynəlxalq hüquq əleyhinə sənədlərdir”

“Belçika və Niderlandın Nümayəndələr Palatalarının ölkəmizlə bağlı qəbul etdiyi sənədlər yalnız Azərbaycan deyil, həm də sülh və beynəlxalq hüquq əleyhinə sənədlərdir”. Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu sənədlərdə Azərbaycanın beynəlxaq hüquqla təsbit edilmiş haqları pozulub, Ermənistanla sülh prosesini sarsıtmağa cəhd göstərilib: “Belçika və NiderlandınNümayəndələr Palatalarının Azərbaycanla bağlı qəbul etdiyi sənədlər beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması, təhrif edilməsi deməkdir. Bu sənədlərdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü təhrif edilib, Ermənistanla dövlətimiz arasındakı münaqişənin həm tarixi, həm də nəticələri yanlış şəkildə təqdim olunub. Başqa cür desək, dövlətimizin fundamental, beynəlxalq hüquqda öz əksini tapan haqları pozulub. Məlum sənədlərlə bağlı diqqət çəkən məqamlardan biri də bu sənədlərin məhz indi – Ermənistanla de-fakto sülhə nail olduğumuz, iki dövlət arasında qarşılıqlı inam və etimadın artırıldığı, ticarət əlaqələrinin genişləndirildiyi bir zamanda ortaya aılmasıdır. Bu fakt bir daha sübut edir ki, Belçika və Niderlandın Nümayəndələr Palatalarının 16 aprel 2026-cı il tarixində qəbul etdiyi sənədlər açıq-aşkar Azərbaycanla Ermənistan arasındakı sülh prosesini pozmağa, Cənubi Qafqazdakı vəziyyəti gərginləşdirməyə yönəlib. Sülh və beynəlxalq hüquq əleyhinə olan bu sənədlər sübut edir ki, Qərbdəki bəzi qüvvələr Cənubi Qafqazdakı sülhdən açıq-aşkar narahatlıq duymaqdadırlar. Onlar öz məkirli niyyətlərini həyata keçirmək üçün yenidən Cənubi Qafqaz regionunda vəziyyəti gərginləşdirməyə, iki dövlət arasında inamsızlıq, etimadsızlıq toxumları səpməyə çalışırlar. Lakin bütün təxribatçı qüvvələr bilməlidir ki, Azərbaycan dövləti öz Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlatdığı sülh prosesini uğurla başa çatdıracaq, bu prosesə mane olmağa çalışan məkirli qüvvələrin arzusu gözündə qalacaq”. Seymur ƏLİYEV

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov Azərbaycan xalqını Qurban bayramı və Müstəqillik Günü münasibətilə təbrik edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Azərbaycan  xalqını, eləcə də, veteranları Qurban bayramı və Müstəqillik Günü münasibətilə təbrik edib. Azərbaycan Respublikasını Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqımızın sülh və tərəqqi yolunda qətiyyətlə irəlilədiyini bildirən polkovnik Cəlil Xəlilov, bu yolun dövlətimizin və xalqımızın gələcək uğurlarının qarantı olduğunu vurğulayıb, xoş arzularını ifadə edib.  

Hamısını oxu