Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Dəfn olunan hər şəhid nəşi bir ailənin nisgilinə son qoyulması deməkdir”

“Hazırda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi dövlətimizin qarşısında duran əsas vəzifələrdən biridir. Bu istiqamətdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən ardıcıl və məqsədyönlü iş aparılır. Məsələ mütəmadi olaraq aidiyyəti dövlət qurumlarının gündəliyində saxlanılır, eyni zamanda beynəlxalq platformalarda da müzakirəyə çıxarılır”. 

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Azər Badamov bildirib. Millət vəkili qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan dövlətinin əldə etdiyi zəfər bu istiqamətdə daha sistemli və məqsədyönlü işlər görməyə zəmin yaradır:

“44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə kütləvi məzarlıqların aşkar olunması bu istiqamətdə aparılan işlərin yeni mərhələyə keçməsinə imkan yaradıb. Aşkarlanan insan qalıqları üzərində müvafiq ekspertizalar, o cümlədən molekulyar-genetik müayinələr aparılır, itkin düşmüş vətəndaşlarımızın şəxsiyyətləri müəyyənləşdirildikdən sonra onların ailələrinə məlumat verilir və şəhidlərimizin nəşləri ehtiramla torpağa tapşırılır. Bu, sadəcə olaraq bir şəxsin kimliyinin müəyyən edilməsi və dəfn olunması məsələsi deyil. Burada 30 ildən artıq müddətdə doğmasının yolunu gözləyən ailələrin, valideynlərin, həyat yoldaşlarının, övladların və yaxınların mənəvi iztirabına son qoyulmasından söhbət gedir. İtkin düşmüş şəxslərin doğmaları uzun illər boyu ümidlə yaşayıblar. Onların ən böyük arzusu isə heç olmasa doğmalarının taleyini bilmək, məzarını görmək və onun qarşısında son borclarını yerinə yetirmək olub. Bu baxımdan, Birinci Qarabağ müharibəsindən 30 ildən artıq vaxt keçməsinə baxmayaraq, axtarışların bu gün də davam etdirilməsi və şəhidlərimizə aid meyit qalıqlarının eyniləşdirilərək  öz doğmalarına qaytarılması olduqca böyük tarixi və mənəvi əhəmiyyət daşıyır.

Hər bir şəhidin qalıqlarının tapılaraq ailəsinə təhvil verilməsi, onun dövlət səviyyəsində ehtiramla dəfn olunması, əslində, həmin ailənin illərlə davam edən nisgilinə son qoyulması deməkdir. Dövlətimizin mövqeyi də ondan ibarətdir ki, Vətənin müdafiəsi zamanı itkin düşmüş hər bir şəhidin taleyi müəyyənləşdirilənədək axtarışlar davam etdirilməlidir. Çünki zamanın keçməsi bu insanların dövlət və cəmiyyət qarşısındakı xidmətlərini, eləcə də onların ailələrinin haqqını azaltmır. Əksinə, hər bir itkinin taleyinin müəyyənləşdirilməsi həm şəhidlərimizin xatirəsinə ehtiram, həm də onların ailələri qarşısında mənəvi borcumuzdur.

Bu gün daha 5 itkin-şəhidimizin kimliyinin müəyyənləşdirilməsi və onların dəfn mərasimlərinin keçirilməsi göstərir ki, Ermənistan hərbçiləri tərəfindən Birinci Qarabağ müharibəsində törədilmiş  humanitar pozuntuların izləri tədricən üzə çıxarılır və ailələrin 30 ildən artıq davam edən həsrətinə son qoyulur. Bu iş davam etdikcə daha çox ailə öz doğmasının taleyini öyrənəcək, onun məzarına qovuşacaq və illərlə yaşadığı qeyri-müəyyənlikdən xilas olacaq. Ən əsası isə budur ki, itkinlərimizin axtarılması və şəhidlərimizin ailələrinə qaytarılması dövlətimizin öz vətəndaşına verdiyi dəyərin göstəricisidir. Vətən uğrunda canından keçən heç bir insan unudulmur və onların hər birinin taleyinin müəyyənləşdirilməsi istiqamətində işlər dövlətimiz durduqca davam etdiriləcək”.

Seymur ƏLİYEV

2026-08-24 14:26:00
710 baxış

Digər xəbərlər

“Onlar 100 əlil arabasını qazilərimizə hədiyyə etməklə hər kəsə bir nümunə göstərdilər”

Azər Badamov: “Xaricdə yaşayan hər bir soydaşımız özü - özünə sual verməlidir ki, mən vətənim üçün nə etmişəm?”   “Düşünürəm ki, bundan sonra xaricdəki imkanlı soydaşlarımız və təşkilatlarımız Niderland Azərbaycan -Türk Dərnəyinin xeyriyyəçilik yolunu davam etdirəcəklər”   Bugünlərdə Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkın sağlamlıq imkanı məhdud olan 100-ə qədər qazimizi müasir əlil arabaları ilə təmin edib. Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin bu addımı xaricdə fəaliyyət göstərən digər Azərbaycan-türk mədəniyyət dərnəklərinə, diaspor təşkilatlarına, iş adamlarına da örnək sayıla bilərmi?   Moderator.az-a açıqlama verən millət vəkili Azər Badamov Nideland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin 100-ə qədər sağlamlıq imkanı məhdud qazini müasir əlil arabaları ilə təmin etməsinin təqdirəlayiq olduğunu bildirib:   “Nideland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlham Aşkının 100 əlil arabasını ehtiyacı olan qazilərimizə hədiyyə etməsini çox təqdirəlayiq hal hesab edirəm. Bu, həm də digər Azərbaycan-Türk Dərnəklərinə və diaspor təşkilatlarına bir nümunədir.   Qazilərimiz vətənin torpaqları uğrunda öz sağlamlıqlarını itirmişdir. Bu böyük qələbəni bizə nəsib edənlər hər bir diqqətə və qayğıya layiqdirlər.   44 günlük Vətən müharibəsində qazandığımız qələbə başımızı bütün dünyada uca etmişdir. Bu gün dünyanın hər bir yerində yaşayan soydaşımız başını dik tutaraq Böyük Qələbəmizlə fəxr edir. Ona görə xaricədə yaşayan soydaşlarımız işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına və ya qazilərimizə dəstək göstərməklə vətənə öz töhfəsini verə bilərlər. Ona görə xaricdə yaşayan soydaşlarımız öz maddi imkanları daxilində dəstək proqramlarında və xeyriyyəçilik tədbirlərində iştirak etməlidirlər.   Niderland Azərbaycan-Türk Dərnəyi 100 əlil arabasını qazilərimizə hədiyyə etməklə bir nümunə göstərdi. Düşünürəm ki, bundan sonra da diaspor təşkilatları və ya da imkanlı soydaşlarımız Niderland Azərbaycan -Türk Dərnəyinin bu xeyriyyətçilik yolunu davam etdirəcəklər”.   Seymur ƏLİYEV  

Hamısını oxu
“Prezidentin İkinci Dünya müharibəsi iştirakçıları ilə bağlı Sərəncamı böyük tarixi-mənəvi əhəmiyyətə malikdir”

“Prezident İlham Əliyevin 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqındakı Sərəncamı böyük tarixi-mənəvi əhəmiyyətə malikdir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, İkinci Dünya müharibəsi və bu müharibədə iştirak edən yüz minlərlə soydaşımızın göstərdiyi qəhrəmanlıqlar tariximizin bir hissəsidir və biz bu tarixə daim ehtiram göstərməyə, öz qəhrəmanlarımızın xatirəsini yad etməyə borcluyuq: “İkinci Dünya müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq tarixinin ayrılmaz bir parçasıdır. Bu müharibədə 700 mindən çox azərbaycanlı iştirak etmiş, 300 mindən çox soydaşımız faşizmə qarşı mübarizədə qəhrəmancasına həlak olmuşdur. Azərbaycanlılardan ibarət 6 diviziya Avropa qitəsinin faşist işğalından azad edilməsində iştirak etmiş, bu müharibədə əsl igidlik və fədakarlıq nümunələri sərgiləmişdir. Yüzlərlə soydaşımızın faşizmə qarşı mübarizədə göstərdiyi qəhrəmanlığa görə Avropa dövlətlərinin ən ali  hərbi medalları ilə təltif edilməsi bu həqiqətin isbatıdır. Azərbaycan İkinci Dünya müharibəsində öz təbii resursları, iqtisadi potensialı ilə də yaxından iştirak etmişdir.  Məhz Bakı nefti faşizm üzərində qələbənin əldə edilməsinə həlledici təsir göstərmiş, bu həqiqət zaman-zaman dünyanın ən görkəmli hərbi-siyasi ldierləri tərəfindən etiraf edilmişdir. Xalqımızın qəhrəman övladları müharibə dönəmində ön xətlə yanaşı, arxa cəbhədə də böyük fədakarlıqlar sərgiləmişdilər. Bu baxımdan cənab Prezidentin İkinci Dünya müharibəsində ön xətlə yanaşı, həm də arxa cəbhədə böyük əmək sərf edən, faşizm üzərində tarixi qələbəyə töhfə verən insanlara maddi yardımın verilməsi ilə bağlı Sərəncamı göstərir ki, dövlət başçısı İkinci Dünya müharibəsində hansı formada iştirak etməsindən asılı olmayaraq, hər kəsin xidmətinə ehtiramla yanaşı, onların sosial rifahını daim diqqət mərkəzində saxlayır. Biz buna görə Prezident İlham Əliyevə təşəkkür edir, minətdarlığımızı bildiririk. Onu da qeyd edim ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq İkinci Dünya müharibəsində böyük qəhrəmanlıqlara imza atan azərbaycanlıların ictimaiyyətə tanıdılması, onların qəhrəmanlığının təbliğ edilməsi, bu müharibədə itkin düşən soydaşlarımızın aqibətinə aydınlıq gətirilməsi və s. istiqamətdə daim ciddi iş aparırıq. Məhz Təşkilatımızın apardığı ardıcıl və koordinasiyalı fəaliyyət nəticvəsində bugünə qədər xeyli sayda itkin soydaşımızla bağl məlumatların aydınlaşdırılmasına, onların xatirəsinin müxtəlif ölkələrdə əbədiləşdirilməsinə nail olmuşuq. İkinci Dünya müharibəsində soydaşlarımızın göstərdiyi qəhrəmanlıqların gənclər, yeniyetmələr arasında təbliği də əsas məqsədlərimizdən biridir. Bizim üçün qürurvericidir ki, İkinci Dünya müharibəsində soydaşlarımızın göstərdiyi qəhrəmanlıqlar onların nəvələri, nəticələri tərəfindən 2020-ci ildə 44 günlük Vətən müharibəsində Qarabağda yenidən təkrarlandı.  Nəticədə, dövlətimizin ərazi bütövlüyü təmin edildi. Bu fakt bir daha göstərir ki, Azərbaycan xalqı hər zaman-tarixin bütün həlledici məqamlarında böyük qəhrəmanlıqlar göstərməyə qadirdir və bundan sonra da öz qəhrəmanlığı ilə bütün dünyanı heyrətləndirməkdə davam edəcək”.  

Hamısını oxu
Dayanıqlı inkişaf üçün birgə addımlar

Son günlər ölkəmiz üçün əhəmiyyətli hadisələrindən biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Somali Federativ Respublikasının Prezidenti Həsən Şeyx Mahmudla görüşü oldu. Bu görüş iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Həmin səfər təkcə diplomatik jest deyil, eyni zamanda, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq perspektivlərinin formalaşmasına xidmət edir.Azərbaycan-Somali münasibətlərinin inkişaf dinamikasına nəzər salanda görürük ki, bu dost dövlətin başçısı Həsən Şeyx Mahmudun Bakıya səfəri və iki lider arasında aparılan danışıqlar 2023-cü ildən bəri müşahidə edilən aktiv diplomatik təmasların davamıdır. Xatırladaq ki, 2023-cü ilin noyabrında Somali Prezidenti Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbirinə qatılmaq niyyətində olduğunu bildirmişdi. Bundan əlavə, yanvar ayında Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndə heyətinin Somali paytaxtı Moqadişoya səfəri iki ölkə arasında münasibətlərin inkişafına yönəlmiş ardıcıl addımlardan biri oldu.Bu səfərlərin fonunda Somali Prezidentinin Azərbaycana gəlişi bir sıra mühüm məsələlərin müzakirəsinə imkan yaratdı. Görüşlərdə siyasi dialoqun intensivləşdirilməsi, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və humanitar əməkdaşlığın dərinləşdirilməsi məsələləri ön plana çıxdı.Azərbaycanın iqtisadi inkişaf modeli və enerji resurslarının səmərəli idarə edilməsi Somali üçün maraqlıdır. Somali neft və qaz ehtiyatlarının kəşfi və işlənməsi sahəsində hələ yeni addımlar atır. Azərbaycan isə bu sahədə böyük təcrübəyə malikdir və Somali ilə bilik və texnologiya mübadiləsi aparmaq potensialına sahibdir. Bundan əlavə, iki ölkə arasında kənd təsərrüfatı, logistika və ticarət sahələrində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.İkitərəfli əlaqələr nəticəsində Azərbaycanın geostrateji mövqeyi və nəqliyyat infrastrukturunun inkişafı Somalinin də diqqətini cəlb edir. Bakı limanı, Orta Dəhliz layihəsi və digər tranzit imkanları Somalinin Şərqi Afrika regionunda ticarət potensialını artırmaq üçün yeni yollar aça bilər.Humanitar və təhsil sahəsində əməkdaşlıqda da uğurlu nəticələrin əldə ediləcəyinə əminlik ifadə olunub. Təhsil sahəsində əməkdaşlıq Afrika ölkələri ilə Azərbaycanın münasibətlərində mühüm istiqamətlərdən biridir. Somali gənclərinin Azərbaycanda ali təhsil alması üçün təqaüd proqramlarının tətbiqi gələcəkdə iki ölkə arasında inteqrasiya prosesini sürətləndirə bilər. Azərbaycan artıq bir sıra Afrika ölkələrinə bu istiqamətdə dəstək verir və Somali də bu təşəbbüslərdən yararlana bilər. Bundan əlavə, Azərbaycan humanitar sahədə də Somaliyə dəstək göstərə bilər. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması təcrübəsi Somalinin müharibədən zərər çəkmiş bölgələrinin bərpası üçün faydalı ola bilər.Bir sözlə, Prezident İlham Əliyevlə Prezident Həsən Şeyx Mahmud arasında keçirilən görüş Azərbaycan-Somali münasibətlərində yeni mərhələnin başlanğıcıdır. Həm siyasi, həm iqtisadi, həm də humanitar əməkdaşlıq üçün mövcud olan potensial iki ölkə arasında uzunmüddətli əlaqələrin qurulmasına zəmin yaradır. Azərbaycan beynəlxalq arenada Afrika ölkələri ilə əməkdaşlığını gücləndirməklə qlobal siyasətdə daha aktiv rol oynamağa davam edir və Somali ilə münasibətlərin dərinləşməsi bu strategiyanın bir hissəsidir.Bu səfər çərçivəsində keçirilən görüşlər Azərbaycan və Somali arasında müxtəlif sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində atılan mühüm addımlardır. Məşhur MəmmədovMilli Məclisin deputatı

Hamısını oxu
Azərbaycan hərbçiləri “Tank biatlonu” müsabiqəsində ilk yarışa başlayıblar

  Veteran.gov.az apa.az-a istinadən xəbər verir ki, Tankçılarımız Rusiya Federasiyasının Moskva şəhərində “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində ilk yarışa başlayıblar.   Müdafiə Nazirliyindən  verilən məlumata görə, Azərbaycan tankçıları müsabiqənin “Fərdi sürmə” mərhələsində Qazaxıstan, Belarus və Serbiyadan olan komandalarla birlikdə güclərini sınayıblar.   Şərti hədəfləri sərrast atəşlə məhv edərək marşrut üzrə müəyyənləşdirilmiş məsafəni qət edən tankçılarımız öz qrupunda ikinci olublar.      

Hamısını oxu