Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Daşlar danışmır, tarix danışır...

Şuşanın qayaları abidədir, dəftərçə deyil...

“Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa biz səni dirçəldəcəyik!”

Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin bu sözləri təkcə bir şəhərə ünvanlanmış müraciət deyildi, bütöv bir xalqın otuz illik həsrətinin, minlərlə şəhidin qanı bahasına qazanılan Zəfərin ifadəsi idi.

Şuşa təkcə gözəl mənzərələri, dağ havası və qədim memarlığı ilə deyil, hər daşında, hər qayasında yaşanmış tarixin izləri ilə əzizdir. O qayalar sadəcə təbiət abidəsi deyil - Vətən müharibəsinin, otuz ilə yaxın işğal dövründə çəkilən həsrətin və nəhayət, azadlığın rəmzidir.

8 noyabr 2020-ci ildə Şuşanın azad edildiyi gün Prezident İlham Əliyevin dediyi "Şuşa, sən azadsan!" sözləri hər bir azərbaycanlının yaddaşına həkk olunub. Şuşanın hər qayası, hər daşı bizim üçün müqəddəsdir - onlar sadəcə coğrafi məkan deyil, Zəfərin canlı şahidləridir.

Təəssüf ki, son vaxtlar Şuşaya gələn bəzi ziyarətçilər bu tarixi məkanlara hörmətsizlik nümayiş etdirirlər, Cıdır düzü kimi tarixi əhəmiyyət daşıyan məkanda qayaların üzərinə öz adlarını, tarixləri, mənasız yazıları həkk edirlər. Bu, zahirən "xatirə qoymaq" kimi görünsə də, əslində tarixi abidəyə vurulan fiziki zərərdir, o yerdə canından keçmiş şəhidlərimizin və qan tökmüş qazilərimizin xatirəsinə qarşı mənəvi hörmətsizlikdir.

Bu hörmətsizliyin kökündə çox vaxt gənc nəslin tarixi hadisələrə soyuq münasibəti durur. Vətənpərvərlik yalnız bayram günlərində deyilən şüarlarla deyil, gündəlik tərbiyə prosesində formalaşır. Məktəblərdə Vətən müharibəsi tarixinin, şəhidlərimizin həyat hekayələrinin daha dərindən tədris olunması, gənclərin azad edilmiş torpaqlara, Zəfər yerlərinə mütəşəkkil səfərlərlə aparılması, onlara bu torpağın, bu abidələrin nə qədər ağır bədəllə qorunub saxlanıldığını izah etmək - bunlar formal tədbir deyil, milli kimliyin qorunması üçün zəruri addımlardır.

Bu problemi yalnız Şuşa qayaları ilə ifadə etmək düzgün olmazdı. Bütövlükdə azad edilmiş torpaqlarımızdakı tarixi abidələr, qədim məscidlər, ziyarətgahlar, eləcə də əcdadlarımızın uyuduğu məzarlıqlar eyni hörmətsizlik təhlükəsi ilə üz-üzədir. Bu yerlərin hər biri xalqımızın kimliyinin, dini və mədəni köklərinin daşıyıcısıdır. Bir qəbir daşının, bir məscidin divarının korlanması yalnız fiziki zərər deyil - nəsillər arasındakı yaddaş körpüsünün dağıdılmasıdır. Ona görə də qorunma məsələsinə təkcə "Şuşa qayaları" kontekstində deyil, bütövlükdə tarixi-mədəni irsimizə, müqəddəs ziyarətgahlarımıza və əcdad qəbirlərinə hörmət məsələsi kimi yanaşılmalıdır. Bütün tarixi abidələrimizi, ziyarətgahlarımızı və əcdad məzarlarımızı gələcək nəsillərə saf, toxunulmamış şəkildə çatdırmaq hər birimizin milli borcudur.

Təklif edərdim ki,

- Şuşa və digər bölgələrə gələn ziyarətçilər üçün tarixi abidələrin, ziyarətgahların və məzarlıqların qorunması ilə bağlı maarifləndirici tədbirlər keçirilsin;

- bu yerlərdə xəbərdarlıq lövhələri qoyulsun, zəruri hallarda nəzarət gücləndirilsin;

- zərər vuranlar üçün qanunda nəzərdə tutulmuş məsuliyyət mexanizmi işə salınsın;

- məktəb və universitetlərdə Zəfər tarixinin tədrisi gücləndirilsin, gənclər üçün mütəşəkkil səfərlər artırılsın.

Şuşa bizim üçün sadəcə bir şəhər deyil - o, "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa biz səni dirçəldəcəyik!” sözləri ilə bütün millətin ürəyinə həkk olunan Zəfərin rəmzidir. Bu gün Şuşa sadəcə azad deyil, o, həm də bizim üçün əbədi əzizdir, doğmadır.

Ehtiyatda olan polkovnik

Eldəniz Hüseynov

2026-09-09 14:31:00
352 baxış

Digər xəbərlər

“Prezidentin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi dövlətimizin iqtisadi-siyasi və hərbi qüdrətinin təntənəsidir”

“Prezidentin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi dövlətimizin iqtisadi-siyasi və hərbi qüdrətinin təntənəsidir”.  Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, dövlət başçısı müsahibəsində yaxın tarix keçmişimizə diqqət çəkməklə yanaşı, ölkəmizin mövcud durumu və gələcəklə bağlı planlarına da aydınlıq gətirib, hər zamankı kimi şəffaf və birmənalı mövqe ortaya qoyub:  “Dövlət başçısı məlum müsahibəsində bir çox vacib məsələyə toxundu ki, bunlardan biri 8 avqust Vaşinqton razılaşması idi. Prezidentimiz bu razılaşmanı Cənubi Qafqazda müharibə və gərginlik dönəminin sonu kimi dəyərləndirdi və bildirdi ki, sülhün əldə edilməsi sadəcə Azərbaycan və Ermənistanın deyil, bütün regionun maraq və mənafeyinə uyğundur.  Bununla yanaşı ,dövlət başçısı mümkün risk və ehtimalları da dəyərləndirdi. Vurğuladı ki, Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistan ordusu üzərində parlaq qələbə qazanıb və öz hərbi üstünlüyünü bu gün də davam etdirməkdədir. Azərbaycanın iqtisadi müstəvidə öz potensialını sürətlə genişləndirməsi, beynəlxalq iqtisadi sistemə daha dərindən intqerasiyası da Prezidentin çıxışında diqqət çəkən məqamlar sırasında idi”.  Polkovnik Cəlil Xəlilov Prezidentin Minsk qrupu və Zəngəzur dəhlizi ilə bağlı fikirlərinin da cəmiyyətdə böyük məmnunluqla qarşılandığını qeyd edib:  “Dövlət başçısı müsahibəsində Minsk qrupunun ləğvi ilə bağlı məsələnin də 8 avqust razılaşmasında öz əksini tapdığını vurğuladı. Eyni zamanda, bu qurumun qeyri-məhsuldar fəaliyyətinə diqqət çəkdi.  Yaxın keçmişə nəzər salsaq görərik ki, Minsk qrupu həqiqətən də işğal probleminin həllində heç bir faydalı rol oynamayıb. Əksinə, problemin daha da mürəkkəbləşməsinə səbəb olub. 44 günlük Vətən müharibəsindən sonra isə işğal faktı ortadan qalxıb ki, bu da Minsk qrupunu tamamilə gərəksiz edib. Buna görə də Minsk qrupunun ləğvi tarixi zərurətə çevrilib və bu zərurət 8 avqust razılaşmasında öz əksini tapıb.  Zəngəzur dəhlizi və bu dəhlizin region dövlətləri üçün əhəmiyyəti ilə bağlı dövlət başçısının səsləndirdiyi fikirlər də cəmiyyətimizdə böyük sevinc və məmnunluqla qarşılandı. Cənab İlham Əliyev Zəngəzur dəhlizinin açılmasını təmin etməklə göstərdi ki, Azərbaycan dövləti hərbi, siyasi və iqtisadi baxımdan qarşıya qoyduğu hər bir məqsədə çatır və bundan sonra da öz yoluna eyni qətiyyətlə davam edəcək”.  Təşkilat sədri Prezidentin Azərbaycan-Rusiya münasibətləri ilə bağlı səsləndirdiyi fikirlərin də xalqımızın arzu və maraqlarını ifadə etdiyini bildirib:  “Cənab Prezident “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Azərbaycan-Rusiya münasibətlərinə və bu münasibətlərdəki mövcud gərginliyə də toxundu. Dövlət başçısı “AZAL” təyyarəsinin vurulması ilə bağlı Rusiya tərəfindən hələ də ciddi bir hərəkətliliyin olmamasını təəssüf hissi ilə qeyd etdi. Buna paralel olaraq, 2020-ci lin 9 noyabr tarixində - Vətən müharibəsi zamanı vurulan rus helikopteri ilə bağlı Azərbaycan tərəfinin atdığı adekvat addımları xatırlatdı. Dövlət başçısı bildirdi ki, Azərbaycan həmin vaxt dərhal Rusiya tərəfinə üzrxahlıq etdi, həlak olan pilotların ailəsinə və Müdafiə Nazirliyinə təzminat ödədi. Dövlət başçısı bildirdi ki, bu gün Azərbaycan da Rusiyadan eyni həssaslıq və ehtiramı gözləyir. Bununla yanaşı, dövlət başçısı qeyd etdi ki, Azərbaycan Rusiya ilə münasibətləri gərginləşdirmək istəmir və heç vaxt da belə bir istəyi olmayıb. Bir sözlə, Prezidentimiz “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Azərbaycan dövlətinin xarici siyasətinin mahiyyətini aydın, şəffaf və dəqiq konturlarla bütün dünyanın diqqətinə çatdırdı. Müsahibə əsnasında qeyd etdi ki, Azərbaycan sülhpərvər dövlətdir və onun məqsədi regional sabitliyə və tərəqqiyə nail olmaqdır. 8 avqust Vaşinqton razılaşması göstərdi ki, Azərbaycan bu yolda qətiyyətlə addımlamaqda, bəşəriyyətin bütün sülhpərvər qüvvələri tərəfindən təqdir edilməkdə, dəstəklənməkdədir”. Seymur ƏLİYEV  

Hamısını oxu
9 dekabr 2016-cı ildə Respublika Veteranlar Təşkilatında Heydər Əliyevi anım mərasimi keçirilmişdir

9 dekabr 2016-cı tarixində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Heydər Əliyevi anım mərasimi keçirilmişdir. Əvvəlcə İkinci Dünya, Qarabağ, Əfqanıstan müharibəsi, əmək və Silahlı Qüvvələr veteranları, həmçinin Təşkilatın Mərkəzi Aparatının əməkdaşları ümummilli lider Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət etmiş, abidə önünə əklil və tər gül dəstələri qoymuşlar. Sonra Respublika Veteranlar Təşkilatının inzibati binasında veteranlar, ziyalılar, gənclər, media nümayəndələrinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilmişdir. Tədbir başlamazdan əvvəl Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad olunmuşdur. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədr müavini, e/o polkovnik Cəlil Xəlilov açmış Heydər Əliyevin həyatı və fəaliyyəti barədə geniş məlumat vermişdir. C.Xəlilov demişdir: “Bu gün biz burada Azərbaycanın dahi oğlu, böyük dövlət adamı və görkəmli siyasətçi, xalqımız qarşısında tarixi xidmətlər göstərmiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək üçün toplaşmışıq. Heydər Əliyev haqqında indiyədək çox kitablar yazılıb, çox fikirlər deyilib, gələcəkdə də yazılacaq və deyiləcək. Ancaq ayrılıqda götürülmüş heç bir kitab və fikir bu dahi şəxsiyyətin bütün məziyyətlərini tam aça bilməz. Heydər Əliyevi xalqın, dövlətin tarixində əbədi yaşadan ən mühüm cəhətlərdən biri, bəlkə də birincisi onun Azərbaycanın ən çətin zamanlarında idarəetmə sükanını inamla ələ alaraq xalqı və dövləti düşdüyü bəladan qurtarması, onu tarixi inkişafın yeni mərhələsinə çıxarmaq bacarığıdır. Tarixi yaradan, onun gedişini dəyişməyə qadir insan kimi Heydər Əliyev dünyanın ən böyük dövlət adamları olan Bismark, Atatürk, Adenaur və digərlər ilə bir sırada dayanır. Yaxın vaxtlarda biz Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünü böyük təntənə ilə qeyd etdik. Azərbaycan xalqı tarixi nailiyyəti olan Dövlət müstəqilliyinin bərpasının 25-ci ilini bayram etdi. Ancaq hamənıza yaxşı məlumdur müstəqilliyinin bərpası ərəfəsundə Azərbaycan hansı çəlalarla qarşılaşmışdı. Torpaqlarımıza təcavüz edən erməni daşnakları öz havadarlarının dəstəyi ilə Dağlıq Qarabağı  Azərbaycandan qoparmağa çalışırdılar. Azərbaycan xalqının əzəli arzusu olan dövlət müstəqilliyinə qovuşmaq ideyası geniş vüsət aldığı bir vaxtda Sovet İmperiyası Bakıda 20 Yanvar qırğını törətdi. Ancaq İmperiyanın tankları da azadlığa gedən yolun qarşısını kəsə bilmədi. Ulu öndər Heydər Əliyevin 20 Yanvar hadisələrinin ertəsi günü Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində keçirdiyi mətbuat konfransında yanvarın xalqımıza qarşı törədilən qanlı faciəyə siyasi qiymət verməsi müstəqillik uğrunda mübarizəyə yeni təkan verdi. Azərbaycan daha böyük inad və inamla müstəqilliyə doğru irəlilədi və buna nail oldu. Ancaq müstəqillik əldə olunsa da, ölkədə daxili və xarici pozucu qüvvələrin fəallaşması, hakimiyyətə gəlmiş komandanın səriştəsizliyi və davam etməkdə olan erməni təcavüzü respublikada vəziyyətin gərginləşdirmişdi. Bəzi silahlı dəstələrin başıpozuq hərəkətləri, daxildə qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması bu gərginliyi daha da artırmışdı. 1993-сü ilin əvvəllərindən ayrı-ayrı bölgələrdə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması təhlükəsi ilə üzləşdirmişdi. 1993-cü ilin ortalarına doğru hakimiyyət böhranı daha kəskin xarakter alımış, Azərbaycanın müstəqilliyi üçün təhlükə yaranmışdı”. Cəlil Xəlilov daha sonra demişdir: “Azərbaycanın görkəmli oğlu böyük vətənpərvər Heydər Əliyev xalqın bu ağır günündə, şübhəsiz onun yanında olmalı idi. O, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib 1993-cü il iyunun 9-da Bakıya gəldi və bununla da daxili, xarici düşmənlərimizin bütün planları iflasa uğradı. Xilaskarlıq missiyasını öz üzərinə götürən ulu öndər vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını aldı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra "olum, ya ölüm" ayrıcında qalmış Azərbaycan gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrilmək yoluna qədəm qoydu”.   Məruzəçi daha sonra Azərbaycanın bu gün siyasi, iqtisadi sahədə qazandığı böyük uğurlardan, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun qüdrətli dövlətinə çevrilməsindən, dünyanın sürətlə inkişaf edən ölkələri sırasına çıxmasından danışmışdır. Tədbir digər çıxışlarla davam etdirilmişdir.  

Hamısını oxu
“Qarabağ” ordenli Mais Bərxudarov

 Azərbaycanın müstəqilliyi, torpaqlarının bütövlüyü və xalqımızın əzəməti uğrunda canından keçən şanlı oğullarımızın adları tariximizin əbədi səhifələrinə həkk olunub. 8 Noyabr – Azərbaycanın həmrəyliyi və milli qüruru günüdür. Bu gün xalqımızın böyük qələbəsinin və qəhrəmanlığının şərəfli günüdür. Mais Şükür oğlu Bərxudarov kimi şanlı qəhrəmanlar Azərbaycan tarixinin ən böyük şəxsiyyətləri sırasında öz parlaq yerlərini tuturlar. Ümummilli lider Heydər Əliyev – Azərbaycanın müstəqilliyinin memarı və qoruyucusu; Prezident İlham Əliyev – milli birlik və ərazi bütövlüyümüzün təminatçısı; Qarabağ döyüşlərinin digər qəhrəmanları Polad Həşimov,İlqar Mirzəyev, Şükür Həmzəyev, Babək Səmidli, Mübariz İbrahimov və başqaları kimi dahi şəxsiyyətlər xalqımızın əbədi minnətdarlığını qazanıblar. Mais Şükür oğlu Bərxudarov kimi şanlı qəhrəmanlar Azərbaycan tarixinin ən böyük şəxsiyyətləri sırasında öz parlaq yerlərini tuturlar. Ümummilli lider Heydər Əliyev – Azərbaycanın müstəqilliyinin memarı və qoruyucusu, Prezident İlham Əliyev– milli birlik və ərazi bütövlüyümüzün təminatçısı, Qarabağ döyüşlərinin igid sərkərdələri Polad Həşimov,İlqar Mirzəyev, Şükür Həmzəyev, Babək Səmidli, Mübariz İbrahimov və adları xalqımızın yaddaşına qızıl hərflərlə yazılmış digər qəhrəman oğullarımız kimi şəxsiyyətlər, bu torpağın əbədi şərəf dastanına çevriliblər.Onların hər biri Azərbaycan xalqının qəlbində igidliyin, vətənpərvərliyin və fədakarlığın rəmzidir. Bu qəhrəmanlar bir amalın azad və güclü Azərbaycanın ucalığı naminə döyüşərək öz adlarını tariximizin ən möhtəşəm səhifələrinə yazıblar.Onların qəhrəmanlığı nəsillər üçün örnək, Vətən sevgisinin və dövlətə sədaqətin əbədi təcəssümüdür. General-mayor Mais Bərxudarov peşəkar hərbiçi kimi Qarabağ döyüşlərində böyük qəhrəmanlıqlar göstərib. 2016-cı ilin aprel döyüşlərində korpus komandiri olan general, döyüşlər başlayan kimi özü də əsgərlərlə birgə birbaşa döyüşlərdə iştirak edib. Şahidlərin dediklərinə görə, o, tankın üzərində, ön cəbhədə olmaqla bütün əsgərlərini ruhlandıraraq “Arxamca, irəli!” əmri verib və böyük qələbəyə nail olub. Mais Bərxudarov 1998-ci ildən mayor kimi daim ön cəbhədə, döyüş xəttində şərəflə xidmət edib. Ulu öndər Heydər Əliyev şəxsən onu “Azərbaycan Bayrağı” ordeni ilə təltif etmişdir. Ordenin təqdimatı zamanı Heydər Əliyev ona üçotaqlı mənzil hədiyyə ediləcəyini də bildirmişdir.Ulu öndərə təşəkkürünü bildirən zabitimiz demişdir:“Cənab Prezident, cənab Ali Baş Komandan! Sizin bizə verdiyiniz istənilən ad, titul və hədiyyələr müqəddəs və şərəflidir. Lakin mənə bağışladığınız evi tabeçiliyimdə olan və döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş hərbi qulluqçunun ailəsinə bağışlamağınızı xahiş edirəm.” İkinci Qarabağ müharibəsində isə general Bərxudarov müharibənin ilk günlərində çox ağır qəlpə yaraları almasına baxmayaraq, döyüşü tərk etməyib. Həkimlərin dediyinə görə, onun yaraları hospitalda müalicə olunmalı idi, amma o, imkan tapdığı qədər yaralarını gizlədərək sığınacaqlarda, döyüş şəraitində mübarizəni davam etdirib. Yorğunluğa və ağrılara baxmayaraq, bir gün belə yataqda qalmayıb. 2020-ci ilin 44 günlük Vətən müharibəsində Cəbrayıl, Xocavənd, Füzuli və Zəngilan rayonlarının işğaldan azad olunması uğrunda döyüş əməliyyatlarında şəxsi igidliyi və şücaəti ilə seçilən Mais Bərxudarov Prezident İlham Əliyevin sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib. 9 dekabr 2020-ci ildə isə “Qarabağ” ordeni ilə mükafatlandırılıb. 4 noyabr 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ona “general-leytenant” ali hərbi rütbəsi verilib. 2016-cı ilin aprel döyüşlərində korpus komandiri olaraq, Lələtəpə yüksəkliyinin və onlarla kilometrlərlə ərazinin azad edilməsində şəxsi rəhbərliyi və cəsarəti ilə önəmli rol oynayıb. Erməni silahlı qüvvələrinin çoxsaylı bölmələrini məhdud sayda əsgər və zabitlərlə məhv edib, düşmənin qüvvələrini sıradan çıxarıb. Mais Bərxudarovun iki qardaşı – Bayram Şükür oğlu və Niyaməddin Şükür oğlu da Ali Baş Komandanın sərəncamı ilə Füzulinin və Qubadlının azad olunmasına görə medallarla təltif ediliblər. Hər iki qardaş müharibəyə könüllü yollanmışdır. Mais Bərxudarovun iki qardaşı – Bayram Şükür oğlu və Niyaməddin Şükür oğlu da Ali Baş Komandanın sərəncamı ilə “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə”medalları ilə təltif ediliblər. Hər iki qardaş müharibəyə könüllü yollanmışdır.Bu ailə əsl vətənpərvərlik məktəbidir bir ananın üç oğlu, üç igid övladı Vətən uğrunda çiyin-çiyinə xidmət edib. Onlar təkcə ailələrinin deyil, bütün Azərbaycanın qürurudur. Bərxudarov qardaşları xalqımızın “Vətən üçün can vermək – şərəf, torpaq uğrunda döyüşmək  namusdur” amalını öz həyatı ilə təsdiqləyiblər.Bu ailənin timsalında biz Vətənə sədaqətin, igidliyin və qardaşlıq ruhunun nə qədər böyük bir güc olduğunu görürük. Onlar göstərdilər ki, Vətən sevgisi bir ailənin damarlarında qan kimi dolaşa bilər və o qan bu torpağa sədaqət, mərdlik və qürur gətirər. Bugün biz Zəfərin səsini ucaldır, bu böyük qələbənin memarları olan hər bir qəhrəmanı təbrik edir və onlara dərin ehtiramımızı bildiririk.Mais Şükür oğlu Bərxudarovu və bütün Qarabağ qazilərini Qələbə münasibətilə ürəkdən təbrik edir, onlara sağlamlıq və yeni uğurlar arzulayırıq! Azərbaycanın əbədi qələbəsi naminə, Zəfərin səsi hər zaman ucalacaq!    

Hamısını oxu
“Heydər Əliyev xalqımızın sədaqət, həmrəylik və vətənpərvərlik simvoludur”

Səmyar Abdullayev: “Müasir Azərbaycanın bütün uğurlarının arxasında Ulu Öndərin siyasi kursu, ölümsüz ideyaları dayanır” Sabah Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin andan olmasının 103-cü ildönümüdür. Moderator.az olaraq Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin prezidenti Səmyar Abdullayevlə söhbətimizdə Ümummilli Liderin siyasi fəaliyyətinə qısaca nəzər salmağa çalışdıq: -Səmyar bəy, sabah Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Heydər Əliyev və onun Azərbaycan xalqının həyatındakı tarixi rolunu qısaca necə xarakterizə edərdiniz? -Heydər Əliyevin Azərbaycan dövləti və xalqının həyatındakı rolu həqiqətən də böyük və təkrarsızdır. Əminliklə demək olar ki, Heydər Əliyev xalqımızın sədaqət, həmrəylik və vətənpərvərlik simvoludur. Ümummilli Liderin həyat və mübarizə yolu başdan-başa xalqa sonsuz sevgi və sədaqətlə zəngindir. Onun həyatının hər bir anı Azərbaycan xalqı, onun arzu və istəkləri, inkişaf və tərəqqisi, azadlıq və müstəqilliyi ilə bağlıdır. Heydər Əliyev həm də Azərbaycan xalqının həmrəyliyinin güclənməsində, dünyanın ən müxtəlif ölkələrində yaşayan azərbaycanlıların milli maraqlarımız ətrafında sıx birləşməsində mühüm rol oynayıb. Ulu Öndər xarici ölkələrə səfərləri əsnasında bu ölkələrdə yaşayan azərbaycanlılarla da görüşlər keçirir, onları Azərbaycan faktoru ətrafında sıx birləşməyə, doğma vətənin mənafeyi uğrunda mübarizə aparmağa səsləyib. Heydər Əliyevdə olan yüksək ali məziyyətlərdən biri də vətənpərvərlik idi. Hansı ki, onun hər bir çıxışında, müsahibəsində, çağırışında bu amili görmək mümkündür. Heydər Əliyev vətənpərvərliyi hər bir azərbaycanlının mənəvi borcu hesab edirdi. O, hesab edirdi ki, hər kəs doğma vətənin inkişafı üçün əlindən gələni etməli, bu məsələdə bütün digər maraqları,eləcə də  şəxsi ambisiyaları bir kənara qoymalıdır. Düşünürəm ki, Heydər Əliyevin vətənpərvərliyi Azərbaycan gəncliyi üçün böyük məktəbdir və gələcək nəsillər bu məktəbdən mümkün qədər çox şey öyrənməli, mümkün qədər çox nümunə götürməlidir. -Vaxtiylə erməni işğalı altındakı torpaqlarımızın azad edilməsi Ulu Öndərin ən böyük arzularından biri idi. Hansı ki, bu arzu Müzəffər Ali baş Komandan İlham Əliyev tərəfindən uğurla reallaşdırıldı. Sizcə erməni faşizmi üzərindəki tarixi qələbədə Heydər Əliyevin rolu nədən ibarətdir? -Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin əldə etdiyi tarixi qələbədə Ümummilli Lider Heydər Əliyevin çox böyük rolu mövcuddur. Heç kimə sirr deyil ki, Azərbaycanda nizami ordu məhz Heydər Əliyevin rəhbərliyi ilə yaradılıb. Ulu Öndərə qədər ölkəmizdə vahid komandanlığa taben nizami ordu mövcud deyildi. Ölkəmizdə bir neçə silahlı birləşmə mövcud idi ki, onların arasında lazımi birlik və koordinasiya yox idi. Əslində Birinci Qarabağ müharibəsində Azərbaycanın məğlub olmasının əsas səbəblərindən biri də bu idi. Lakin 1993-cü ildə Ulu Öndər hakimiyyətə gələndən sonra ordunun güclənməsi, vahid nizami ordunun yaradılması istiqamətində ciddi addımlar atıldı. Bütün silahlı birləşmələr ləğv edildi. Bunun əvəzinə vahid nizami ordu yaradıldı. Milli hərbi kadrların yetişdirilməsi məqsədilə Azərbaycan hərbçiləri Türkiyə və digər dövlətlərə göndərildi. Ordumuzun texniki təchizatının yaxşılaşdırılması, xalq-ordu biriyiin gücləndirilməsi və s. ilə bağlı da mühüm işlər görüldü. Nəticədə, 1994-cü il döyüşlərində Azərbaycan Ordusu düşmənə qarşı uğurlu hərbi əməliyyatlar keçirməyə başladı. 2020-ci ilin 44 günlük Vətən müharibəsi nəticəsində isə Prezident İlham Əliyevin lideriyi ilə işğaldakı bütün torpaqlarımız azad edildi. Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən, ordumuzun daha da gücləndirilməsi üçün ciddi yeniliklər həyata keçirən İlham Əliyev, Silahlı Qüvvələrimizin tarixi uğurunu təmin etdi. Cəmi 44 gün içərisində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olundu. -Səmyar bəy, bu gün Azərbaycan həm də öz nəhəng iqtisadi uğurları ilə diqqət çəkir. Sizcə bu uğurlarla Heydər Əliyev iqtisadi kursu arasında hansı əlaqə var? -Bildiyiniz kimi, Azərbaycanın neft məhsullarının dünya bazarına çıxarılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1994-cü ilin 20 sentyabr tarixində Ulu Öndərin səyi ilə Azərbaycanla dünya neft nəhəngləri arasında imzalanan “Əsrin müqaviləsi” neft kontraktları sayəsində Bakı neftinin dünya bazarına çxıması təmin edildi. Bu, müstəqil Azərbaycan dövlətinin ilk böyük iqtisadi-siyasi uğuru idi. Çünki bu müqavilə Azərbaycana böyük ölçüdə valyuta axınını təmin etməklə yanaşı, dövlətimizin müstəqilliyinin möhkəmlənməsinə də böyük töhfə verdi. “Əsrin müqaviləsi” beynəlxalq arenada Azərbaycana olan marağı hədsiz dərəcədə artırdı. Ölkəmizin nəhəng neft ehtiyatları və bu ehtiyatların Qərbin enerji təhlükəsizliyində oynaya biləcəyi həyati rol ABŞ,  Böyük Britaniya, İngiltərə, Almaniya, Norveç və s. dövltlərin Azərbaycana marağına səbəb oldu. Nəticədə, ölkəmizin neft-qaz sektoruna qoyulan xarici investisiyalar sürətlə çoxalmağa, neft ixracatmz artmağa, dövlət büdcəmiz dolmağa başladı. Bu siyasət sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildi. Nəticədə bu gün Avropanın 10-dan çox ölkəsi Azərbaycan neft və qaz məhsulları ixrac etməkdə, respublikamız onların enerji təhlükəsizliyinin təminində mühüm rol oynamaqdadır. Bu, Heydər Əliyev tərəfindən əsası qoyulan iqtisadi inkşaf kursunun nə qədər düzgün və səmərəli olduğunu isbatlamaqdadır. -Ulu Öndərin sosial siyasəti haqqında nə deyə bilərsiniz? -Sosüial siyasət, insanların rifahının dinamik şəkildə yaxşılaşdırılması hər zaman Ulu Öndərin siyasətinin əsas tərkib hissəsi olub. Ümummilli Lider çox yaxşı bilirdi ki, sosial rifahın yaxşılaşması iqtisadi inkişafdan keçir. Buna görə də Ulu Öndər ölkə iqtisadiyyatının inkişafı istiqamətində mühüm addımlar atır, Azərbaycanın sənaye ölkəsi kimi tərəqqisinə çalışırdı. Təkcə bir faktı qeyd edək ki, 1975-ci ildə məhz Heydər Əliyevin qətiyyəti və uzaqgörənliyi sayəsində Bakıda məişət kondinsionerləri zavodunun inşası başa çatdırıldı. Bu, bütün SSRİ miqyasında böyük nailiyyət idi. Ulu Öndər sonrakı dönəmlərdə də ölkə iqtisadiyyatının inkişafı üçün sistemli addımlar atıb, mühüm layihələr həyata keçirib. İqtisadiyyatın inkişafı əhalinin sosial rifahının yaxşılaşdırılmasına şərait yaradır, mühüm sosial layihələrin gerçəkləşməsini təmin edirdi.  Statistikaya nəzər salsaq görərik ki, 1993-2003-cü illərdə sosial inkişafın təmin olunması üçün Heydər Əliyev tərəfindən 60-dan artıq sənəd imzalanıb. Qeyd olunan müddətdə Azərbaycanda pensiya və müavinətlərin orta aylıq məbləği 8 dəfə, orta aylıq əməkhaqqı 6 dəfədən çox artıb. Ölkəmizdə əlilliyi olan şəxslərin mənzil və avtomobillə təminatı ilə bağlı ilk addımlar da məhz Heydər Əliyev tərəfindən atılıb. Bütün bu faktlar Heydər Əliyevin əhalinin sosial təminatına necə böyük diqqət yetirdiyinin göstəricisidir. -Sizcə Heydər Əliyev ideyalarının təbliği, Ulu Öndərin siyasi-ideoloji kursunun öyrənilməsi tariximizlə yanaşı, gələcəyimiz baxımından nə dərəcədə önəmlidir? -Heydər Əliyev məktəbinin gənc nəsillər tərəfindən öyrənilməsi dövlətimizin inkişafı, xalqımızın tərəqqisi, təhlükəsizliyimizin təmini baxımından həyati əhəmiyyət kəsb edir. Çünki Heydər Əliyevin həm ideyaları, həm də şəxsi həyatı, ömür yolu vətənə və xalqa xidmət nümunəsidir. Heydər Əliyev vətənin maraqlarını necə qorumaq lazım gəldiyini, onu hifz etmək üçün necə böyük fədakarlıqlar göstərmək gərəkdiyini şəxsi nümunəsi əsasında göstərib. O, hər bir azərbaycanlı üçün əsl vətənpərvərlik məktəbidir. Azərbaycanımızın gələcəyi naminə gənclər, eləcə də gələcək nəsillər bu məktəbi dərindən öyrənməli, hər bir addımda Heydər Əliyev ieyalarını  rəhbər tutmalıdır. Necə ki, Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən bugünə qədər Heydər Əliyev ideyalarına söykənərək Azərbaycanın bütün müstəvilərdə qələbəsi təmin etməkdə, uğurlarına uğur qatmaqdadır. Əminəm ki, illər, əsrlər keçsə də, Azərbaycan xalqı Ümummilli Liderin ideyalarına sadiq qalacaq, bu ideyaların işığında növbəti uğurlarına doğru əzmlə addımlayacaq. Seymur ƏLİYEV  

Hamısını oxu