Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Anım Günü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə 27 Sentyabr - Anım Gününə həsr olunmuş "Milli birliyimiz qələbəmizin təməlidir" tədbiri keçirilib.

Tədbirdə AHİK-in kollektivi, üzv və tabe təşkilatların rəhbərləri, şəhid ailələri və müharibə veteranları iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycan oğullarının Vətən müharibəsindəki qəhrəmanlığından, şərəfli döyüş yolundan bəhs edən film nümayiş etdirilib.

Tədbirdə Konfederasiya sədri Sahib Məmmədov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfərdən, əsgər və zabitlərimizin rəşadətindən, xalqımızın nümayiş etdirdiyi həmrəylikdən danışıb, Qələbənin Azərbaycan tarixinə ən parlaq səhifə kimi yazıldığını vurğulayıb. Qeyd edilib ki, 27 sentyabrın Anım Günü kimi təsis olunması dövlətimizin şəhidlərimizin əziz xatirəsinə ehtiramının ifadəsidir.

Çıxışda həmçinin Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərindən, "Böyük Qayıdış" Proqramının uğurlu icrasından, dövlətimizin Vətən naminə canından keçənlərin ailələrinə və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan bəhs edilib.

Vurğulanıb ki, Azərbaycanın Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən şəhid ailələrini, müharibə iştirakçılarını qayğı ilə əhatə edən çoxsaylı layihələr reallaşdırılır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən şəhid ailələrinə dəstək məqsədilə həyata keçirilən müxtəlif tədbirlər də iştirakçıların nəzərinə çatdırılıb.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxışında əks-hücum əməliyyatlarının əhəmiyyətini, Azərbaycan Ordusunun qəhrəmanlığını və hərbçilərimizin şücaətini, onların tarixi Zəfərin əldə olunmasında xüsusi rolunu qeyd edib.

Vətən müharibəsi veteranı, ehtiyatda olan polkovnik-leytenant Sahil Xəlilov keçdiyi döyüş yolundan və cəbhə xatirələrindən danışaraq qəhrəmanlarımızın gələcək nəsillər üçün əsl örnək olduğunu bildirib.

Vəfa Abdullayeva şəhid həyat yoldaşı Nurid Abdullayevlə bağlı xatirələrini bölüşüb, şəhid ailələrinə göstərilən dövlət qayğısından söz açıb.

Tədbir bədii hissə ilə davam edib. Şəhid gizir Telman Kəlbiyevin oğlu Elcan Kəlbiyevin səsləndirdiyi Vətənə həsr olunan şeir və qazi polkovnik Əhməd Şərifovun oğlu Əli Şərifzadənin ifasında "Ey Vətən" mahnısı iştirakçılara duyğulu anlar yaşadıb və alqışlarla qarşılanıb.

2026-09-26 16:33:00
68 baxış

Digər xəbərlər

Şəhidlərimizin SAYI AÇIQLANDI

Azərbaycan Müdafiə Nazirliyi Vətən müharibəsində Azərbaycan Ordusunun verdiyi şəhidlər barədə məlumat yayıb. Publika.az-a daxil olan məlumata görə, Ermənistanın 27 sentyabr 2020-ci ildə ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti Vətən müharibəsində qəhrəmancasına və şücaətlə döyüşərək Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirmiş, illər ərzində Ermənistanın işğal altındakı torpaqlarımızda qurduğu mürəkkəb konstruksiyalı mühəndis-istehkam və bunker sistemlərini darmadağın etmiş, bir neçə eşelondan ibarət və sıx şəkildə minalanmış müdafiə xətlərini yararaq torpaqlarımızı işğaldan azad etmişdir. Rəşadətli və qorxmaz əsgər və zabitlərimiz əksər strateji yüksəkliklərin, əlverişli döyüş mövqelərinin Ermənistan silahlı qüvvələrinin əlində olması, Ermənistanın çoxsaylı artilleriya, yaylım atəşli reaktiv sistemləri və minaatan qurğularından ibarət sıx atəş zərbələri altında və çətin coğrafi relyef və iqlim şəraitində döyüş apararaq Ermənistanı məğlub etməyə müvəffəq olmuşdur. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan biridir. 30 ilə yaxın həsrətində olduğumuz torpaqlarımız şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur. Döyüş əməliyyatı planlarının yüksək peşəkarlıqla hazırlanması, yüksək texnologiyaların tətbiqi, müxtəlif qoşun növlərinin fəaliyyətinin səmərəli əlaqələndirilməsi, havada mütləq üstünlüyün əldə edilməsi, ordumuzun manevr qabiliyyəti və digər taktiki və strateji üstünlükləri şəxsi heyətin sıralarında itkilərimizi əsaslı dərəcədə azaltmışdır. Amma müharibə itkisiz olmur. Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olmuşdur. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir. Həlak olan hərbi qulluqçuların adları, təvəllüdü, rütbəsi və keçdiyi döyüş yolu barədə təfərrüatlı məlumatlar əlavə olaraq ölkə ictimaiyyətinə təqdim olunacaqdır. Aidiyyəti dövlət qurumlarının əməkdaşlarından ibarət komissiya bu istiqamətdə fəaliyyət göstərir.Allah bütün şəhidlərimizə rəhmət eləsin!Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Hamısını oxu
Prezident İlham Əliyev Türkiyənin Xarici İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, Türkiyə nümayəndə heyətini salamlayan Prezident İlham Əliyev dedi: -Xoş gəlmisiniz, əziz Mövlud bəy, sizi salamlayıram. Şadam ki, siz gəlmisiniz. Siz Azərbaycanda dəfələrlə olmusunuz. Amma bu səfərin xüsusi önəmi var. Azərbaycan üçün o qədər də asan olmayan bir dönəmdə sizin gəlməyiniz əlbəttə ki, xüsusi önəm daşıyır. Bu, qardaş ölkənin açıq dəstəyinin təzahürüdür. Bu dəstəyə görə Azərbaycan xalqı qardaş türk xalqına və onun Prezidentinə dərin minnətdarlıq hissi ilə yaşayır. Mənim əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan ilə bu günlərdə təmaslarım, onun çox açıq, qətiyyətli bəyanatları bütün dünyaya göstərdi ki, Azərbaycan tək deyil. Azərbaycanın yanında Türkiyə kimi dünya miqyasında böyük bir güc olan dövlət var, qardaş ölkə var. Bu dəstək bizi ruhlandırır, bizə əlavə güc verir və eyni zamanda, bölgədə sabitliyin, əmin-amanlığın təmin edilməsi üçün önəmli rol oynayır. Mən bunu bu günlər ərzində demişəm ki, Türkiyə bölgədə sabitləşdirici rol oynayır. Türkiyənin bölgədə və dünyada yalnız sülhə hesablanmış siyasəti artıq öz nəticələrini verməkdədir, həm Yaxın Şərq bölgəsində, eyni zamanda, Qafqaz bölgəsində. Ona görə Ermənistanın növbəti hücumu ilə əlaqədar bu gün yaranmış vəziyyət bir daha onu göstərir ki, Türkiyə həm regionda, həm dünyada söz sahibidir. Əlbəttə ki, bu, bizi gücləndirir, ruhlandırır. Bu gün həm bizim xalqlarımız, həm də bütün dünya görür ki, Türkiyə-Azərbaycan birliyi nə deməkdir. Əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan ilə biz bu məsələ ilə bağlı dəfələrlə öz sözlərimizi demişik ki, Türkiyə-Azərbaycan birliyi bütün dünya üçün örnək olmalıdır. Bu gün biz real həyatda bunu göstəririk, sübut edirik və bu birliyin gələcəyi, hesab edirəm ki, bölgədə dayanıqlı sülhün təmin edilməsi üçün əsas şərt olacaqdır. Sizi bir daha salamlayıram. Xahiş edirəm ki, mənim səmimi salamlarımı hörmətli cənab Prezidentə çatdırasınız. x x x Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu dedi: -Sağ olun, cənab Prezidentim. Əvvəlcə, bizi qəbul etdiyiniz üçün Sizə çox təşəkkür edirik. Hörmətli Prezidentimiz, qardaşınız Rəcəb Tayyib Ərdoğanın, bütün kabinetimizin, - dünən Nazirlər Kabinetində toplantımız var idi, - və türk xalqının Sizə salamlarını və uğur diləklərini gətirmişəm. Xüsusilə Zati-alinizin də vurğuladığı kimi, Türkiyənin, türk xalqının Can Azərbaycana olan dəstəyini bir daha bütün dünyaya göstərmək üçün buraya səfərə gəldim. Bu gün Sizin liderliyinizlə Azərbaycan öz torpaqlarını azad etmək üçün mübarizə aparır və buna qadirdir, gücü vardır, potensialı vardır. Əlbəttə, Türkiyə olaraq və türk xalqı olaraq, biz də nə vaxt ehtiyacı olarsa, hansı sahədə ehtiyac duyarsa Azərbaycana hər cür dəstəyi verməyə hazırıq. Bunu Prezidentimiz Ərdoğan və bizlər hər platformada izah edirik, vurğulayırıq. Azərbaycanın haqlı mübarizəsini bütün dünyaya çatdırmaq bizim də borcumuzdur. Bunu Ceyhun qardaşımla, xaricdəki bütün səfirliklərimizlə - Azərbaycanın və Türkiyənin səfirlikləri ilə birlikdə həyata keçiririk. Bu gün Sizdən alacağımız təlimatlarla daha böyük güclə bir yerdə çalışmağa davam edəcəyik. Azərbaycanın işğal edilmiş torpaqları artıq azad olunmalıdır. Azərbaycan hüquqi və mənəvi cəhətdən də haqlıdır və bu haqlı mübarizəsini hər yerdə izah edərkən bu mübarizəni də meydanda və masada birlikdə aparmağa, inşallah, davam edəcəyik. Bu gün Sizin qəbulunuzdan sonra qardaşım Ceyhunla bu məsələlərdə necə birlikdə hərəkət edəcəyimizi dəyərləndirəcəyik. Bizi qəbul etdiyiniz üçün bir daha təşəkkür edirik. Dostluq qrupumuzun sədri Şamil bəylə birlikdə gəldik. İnşallah, bugünkü toplantılarımız Azərbaycanın torpaqlarının azad edilməsi yolunda xeyirlərə səbəb olacaq. Bir daha təşəkkür edirəm, hörmətli Prezidentim. Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm.

Hamısını oxu
Səmasında sülh göyərçini uçuran Ermənistan anbarlarını silahla niyə doldurur? – TƏHLİL!

Ermənistan Baş naziri Nikol Paşinyanın Varşavaya rəsmi səfəri çərçivəsində Ermənistan və Polşa arasında hərbi-texniki əməkdaşlıq üzrə saziş imzalanıb. Ermənistanın xarici işlər Naziri Ararat Mirzoyan və Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış arasında imzalanan sənəd iki dövlət arasında hərbi-texniki sahədə əməkdaşlığı nəzərdə tutur. Siyasi dönüklük, yaxud, İrəvan yenə bir əldə iki qarpız tutmaqda davam edir... Erənistanla Polşa arasında imzalanan hərbi-texniki sazişlə bağlı xeyli sayda qəribə və şübhəli məqam mövcuddur. Bu məqamlardan biri Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olduğu halda NATO üzvü olan Polşa ilə açıq hərbi əməkdaşlıq etməsidir.   Fərqli və bir-birinə aşkar zidd olan hərbi qurumlardan birinin üzvü olduğu halda, digər quruma üzv olan ölkə ilə əməkdaşlıq İrəvanın bir əldə iki qarpız tutmaq mərəzi kimi dəyərləndirilə bilər. Hansı ki, bundan öncə də Ermənistanın Rusiya ilə Qərb arasında kəskin manevrlər və dönüşlər etdiyi, bəzi hallarda isə özündə hər iki qütbə aid hərbi qüvvələri cəmlədiyi müşahidə olunub. Buna nümunə olaraq Ermənistanda illər uzunudur ki, Rusiyaın 102 nömrəli hərbi hissəsinin mövcudluğu fonunda, həm də Avropa İttifaqının hərbçilərdən ibarət monitorinq missiyasının fəaliyyətini göstərmək olar. Ermənistanın KTMT üzvü olmasına baxmayaraq, bir neçə dəfə ABŞ-la birgə hərbi təlimlər keçirməsi də rəsmi İrəvanın siyasi dönüklüyünün, qeyri-səmimiliyinin təzahürüdür. İrəvanın davranışları sülhdən daha çox müharibədən xəbər verir! 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi istiqamətində aparılan danışıqlar, xüsusilə də 2025-ci ilin 8 avqust tarixində Vaşiqntonda sülh mətninin paraflanması iki dövlət arasında de-fakto sülhü təmin etdi. Ermənistan rəsmiləri post-müharibə dönəmində sülhlə bağlı yüzlərlə bəyanat verib ki, bu açıqlamaların hər birində sülhün etibarlı və uzunmüddətli olmasının vacibliyi qeyd olunub, İrəvan isə az qala sülh carçısı elan edilib. Lakin post-müharibə dönəmində İrəvanın atdığı əməli-praktiki addımlar Ermənistanın sülhdən daha çox müharibəyə hazırlaşdığını göstərir. 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın Fransa və Hindistandan çoxlu sayda silah-sursat və hərbi texnika alması, habelə, ABŞ, Yunanıstan və digər ölkələrlə hərbi əməkdaşlığı genişləndirməyə cəhd göstərməsi və nəhayət Polşa ilə imzalanan məlum hərbi-texniki əməkdaşlıq sazişi buna nümunədir. Bütün bu faktlar onu deməyə əsas verir ki, Ermənistanın sözü ilə əməli arasında dərin bir uçurum, böyük bir fərq mövcuddur və bu fərq hər ötən gün sürətlə artmaqdadır. Bu isə o deməkdir ki, yaxın gələcəkdə Azərbaycandakı Hərbi Qənimətlər Parkının Ermənistan hesabına daha da zənginləşməsi ehtimalı var və bu ehtimalın reallaşmasına görə bütün məsuliyyət İrəvanın üzərinə düşəcək. Seymur ƏLİYEV  

Hamısını oxu
Qürur və ehtiramla anırıq!

Hamısını oxu