Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Vətən müharibəsi şəhidi Ceyhun İsayevin anım günü qeyd olunub

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Quba Rayon Şöbəsinin sədri Ruslan Bədirov təşkilatın nümayəndələri ilə birlikdə Vətən müharibəsi şəhidi Ceyhun Rüstəm oğlu İsayevin anım günü münasibətilə  məzarını ziyarət ediblər.

Ziyarət zamanı şəhidimizin məzarı üzərinə  gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Təşkilat sədri Ruslan Bədirov şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verərək,  tədbir iştirakçılarına şəhidimizin keçdiyi şərəfli döyüş yolundan danışıb.

​Ruslan Bədirov vurğulayıb ki, Vətən torpaqlarının azadlığı uğrunda canından keçən qəhrəman övladlarımızın xatirəsi hər zaman uca tutulacaq, onların ailələri isə dövlətimizin və veteranlar təşkilatının daimi diqqət və qayğısı ilə əhatə olunacaq.

​Şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, Allahdan rəhmət diləyirik!

2026-10-26 14:27:00
54 baxış

Digər xəbərlər

Fəttah Heydərov haqda maraqlı məlumatlar: 30 il deputat...

Xəbər verdiyimiz kimi, millət vəkili Fəttah Heydərov bu gün 82 yaşında vəfat edib. “Yeni Sabah” xəbər verir ki, o, Milli Məclisinin deputatı, Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Regional Məsələlər Komitəsinin sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri idi. Fəttah Heydərov 1938-ci il fevralın 23-də Naxçıvan MR-nın Babək rayonunun Çeşməbasar kəndində anadan olub. 1955-ci ildə Nehrəm kənd orta məktəbini, 1959-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini, 1975-ci ildə Bakı Ali Partiya Məktəbini bitirib. Əmək fəaliyyətinə 1955-ci ildə Babək rayonu Güznüt kənd klubunun müdiri kimi başlayıb. 1958-ci ildən Çeşməbasar səkizillik məktəbinin müəllimi, 1968-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı, 1970-ci ildən Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi işləyib, 1970-1990 –cı illərdə Naxçıvan şəhər və Ordubad rayon XDS-in deputatı seçilib. 1976-1978-ci illərdə Naxçıvan MSSR Əhaliyə Məişət Xidməti naziri işləyib. 1978-ci ildən Ordubad, 1986-cı ildən Culfa Rayon Partiya Komitəsinin I katibi, 1983-cü ildən Naxçıvan MR Mədəniyyət naziri işləyib. 1990-1995–ci illərdə Naxçıvan MR Ali Sovetinin deputatı olub. Azərbaycan Respublikası I (1995-ci il), II (2000-ci il), III (2005-ci il) IV (2010-cu il) çağırış Milli Məclisinin deputatı olub. 1 noyabr 2015-ci il tarixində Azərbaycan Respublikası V çağırış Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Regional Məsələlər Komitəsinin sədr müavinidir. Azərbaycan Ağsaqqallar Şurasının sədridir. SSRİ-nin "Şərəf nişanı" ordeni (1975) və medallarla təltif edilib. 20 fevral 2008-ci ildə Azərbaycan Respublikasının mədəni və ictimai-siyasi həyatında fəal iştirakına görə Fəttah Səməd oğlu Heydərov “Şöhrət” ordeni ilə təltif edilib. 22 fevral 2013-cü ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə “Şərəf” ordeni ilə təltif olunub. 22 fevral 2018-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Fəttah Səməd oğlu Heydərov “İstiqlal” ordeni ilə təltif edilib.  Allah rəhmət eləsin!

Hamısını oxu
Fatma Səttarova “İstiqlal” ordeni ilə təltif edilib

Fatma Hüseyn qızı Səttarova “İstiqlal” ordeni ilə təltif olunub. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Fatma Hüseyn qızı Səttarova “İstiqlal” ordeni ilə təltif edilsin.  İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti   Bakı şəhəri, 24 yanvar 2022-ci il  

Hamısını oxu
Rusiya Federasiyasının yubiley medalı sahiblərinə təqdim olunub

"1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” Rusiya Federasiyasının yubiley medalı sahiblərinə təqdim olunubBəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalan İkinci Dünya müharibəsi 9 Mayda SSRİ-nin qələbəsi ilə başa çatıb və faşizm süqut edib. Bu gün fəxrlə söyləmək olar ki, Azərbaycan faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr verib. Bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz isə müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər. Partizan hərəkatında iştirak edən soydaşlarımızın da qəhrəmanlıq nümunələri saysız-hesabsızdır. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlıq və şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov Bakı şəhəri Binəqədi, Nəsimi, Nizami, Suraxanı və Qaradağ rayon Veteranlar Təşkilatı sədrlərini Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 13 iyun 2019-cu il tarixli Sərəncamı ilə "1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif edib. General-polkovnik Tofiq Ağahüseynov qeyd edib ki, müharibə illərində Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıq bu gün də böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. Böyük Qələbənin qazanılmasından 75 il keçsə də, İkinci Dünya müharibəsində misilsiz şücaət göstərmiş xalqımızın xidmətləri heç vaxt öz əhəmiyyətini itirmir. General-polkovnik bildirib ki, gün gələcək qəhrəman Azərbaycan xalqı Qarabağın və işğalda olan rayonlarımızın düşmən tapdağından azad edildiyi günü Qələbə bayramı kimi qeyd edəcək. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında güclü ordumuzun qələbə qazanacağı o gün isə elə də uzaqda deyil."1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” Rusiya Federasiyasının yubiley medalı sahiblərinə təqdim olunub. Rayon Veteranları Təşkilatı sədrləri "Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” Rusiya Federasiyasının yubiley medalına layiq görüldüklərinə görə başda Cənab Prezident İlham Əliyev olmaqla, eləcə də Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynova öz dərin minnətdarlıqlarını bildiriblər. Səmimi keçən görüşdə qonaqlar xatirə şəkli çəkdiriblər.

Hamısını oxu
Veteranlar Kərim Vəliyevin uğurları ilə fəxr edir, ona atılan böhtan və yalanı qınayırlar

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyev general-leytenant Kərim Tofiq oğlu Vəliyevi Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi- Müdafiə Nazirinin birinci müavini vəzifəsinə təyinindən sonra bəzi qüvvələr tərəfindən uğursuz qaralama kompaniyasına rəvac verilmişdir.   Ordu, ordu quruculuğu və otuz ildən çox işğal altında olan Vətən torpaqlarının erməni faşistlərinin əsarətindən azad edilməsi uğrunda, müzəffər Ali Baş Komandan İlham Əliyevin çağırışlarına qoşularaq, qələbə səlnaməsini uğurla başa çatdıran ordumuzun böyük xidmətləri daim veteranlarımızın diqqətində olmuş, öz tövsiyələri, məsləhətləri və arzuları ilə onları qələbəyə ruhlandırmışdır. Buna görə də bizim hər birimiz Kərim Vəliyev və onun döyüş yolu haqqında məlumatlıyıq və qarayaxma kompaniyasını erməni dəyirmanına su tökmək kimi qiymətləndiririk.   Yüksək peşəkarlığı və səriştəsi ilə cəsarətli sərkərdə Kərim Vəliyev hələ gənc yaşlarında orta məktəbi qurtaran kimi Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə daxil olmuş və oranı fərqlənmə diplomu ilə bitirmişdir. Sonra isə 1990-1994-ci illərdə Moskvada, dünyaca şöhrətli Frunza adına Hərbi Akademiyada təhsil almış, hərb elmini mükəmməl öyrənmişdir. O, ən müxtəlif vəzifələrdə-tağım komadiri, briqada komandiri, korpus komandiri, müdafiənin planlaşdırılmasının hərbi strategiyası idarəsinin rəisi olaraq, torpaqlarımızı azad edə biləcək kadr korpusunun yetişdirilməsinə həmişə xüsusi diqqət yetirmiş, hərbi kadrları yaxşı tanımış və onların gücündən təyinatı üzrə istifadə etməyi mükəmməl bilmişdir.  Məhz belə yanaşma kadrlardan təyinatı üzrə düzgün və səmərəli istifadə edilməsinə imkan yaratmışdır. Təsadüfi deyildir ki, onun bütün fəaliyyətini, təcrübəsini və xidmətlərini dərindən qiymətləndirən ölkə prezidenti, cənab İlham Əliyev general-leytenant Kərim Vəliyevi məsul bir vəzifəyə-Müdafiə Nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisi kimi çətin və məsuliyyətli bir vəzifəyə təyin etmişdir. Paxıllıqdan və xəyanətdən qaynaqlanan qarayaxma kompaniyası, bir mənalı, şəkildə veteranlarımız tərəfindən rədd edilir və biz ona-Kərim Vəliyevə göstərilən etimadı şərəflə doğruldacağına inanırıq.   Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov

Hamısını oxu