Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Onun şəhid olması xəbərini almaq çox ağır idi...”

44 günlük Vətən müharibəsində həkimlərimizin üzərinə düşən əsas vəzifələrdən biri yaralı hərbçilərə vaxtında tibbi yardım göstərmək və onların həyatını xilas etmək idi. Həmin günlərdə cəbhə bölgəsində fəaliyyət göstərən həkimlərdən biri də Sumqayıt Tibb Mərkəzinin direktor vəzifəsini icra edən, cərrahi işlər üzrə direktor müavini, tibb üzrə fəlsəfə doktoru Ramin Qasımov olub.

Daşkəsən-Kəlbəcər və Füzuli istiqamətlərində tibbi yardımın təşkilində və yaralıların əməliyyatlarında iştirak edən Ramin Qasımov müharibə xatirələrini, həkim məsuliyyətini və bu gün də davam etdirdiyi xidməti bölüşüb.

Musavat.com müsahibəni təqdim edir:

- Müharibə başlayanda cəbhəyə yollanmaq qərarını necə verdiniz? Bu addım sizin üçün nə ifadə edirdi?

-Mənim üçün bu qərar həm həkim, həm də vətəndaş kimi üzərimə düşən məsuliyyətlə bağlı idi. Uşaqlıqdan torpaqlarımızın işğalı, xalqımızın yaşadığı ağrı və itkilər yaddaşımda idi. Vətən müharibəsi başlayanda düşündüm ki, öz peşəmin imkan verdiyi şəkildə bu mübarizəyə töhfə verməliyəm. Mənim silahım tibbi bilik və təcrübəm idi. Yaralı hərbçilərin yanında olmaq, onlara yardım göstərmək və həyatlarını xilas etmək üçün çalışmaq istəyirdim.

- Həkim kimi xidmətinizi hansı istiqamətlərdə davam etdirdiniz?

- Müharibə dövründə Daşkəsən–Kəlbəcər və Füzuli istiqamətlərində yaradılmış tibb məntəqələrində fəaliyyət göstərmişəm. Burada yaralı hərbçilərin vəziyyətinin qiymətləndirilməsi, təcili tibbi yardım və cərrahi müdaxilələr həyata keçirilirdi. Əsas məqsədimiz hər bir yaralıya mümkün qədər qısa zamanda lazımi tibbi yardım göstərmək idi.

- Cəbhədə gördüyünüz hadisələrdən hansı bu gün də yaddaşınızda xüsusi yer tutur?

- Çox ağır və unudulmaz anlar yaşanıb. Yadımdadır, ağır yaralanmış bir əsgər yarasının sarınmasını istəyir, mümkün qədər tez döyüş yoldaşlarının yanına qayıtmağa tələsirdi. Öz ağrısına baxmayaraq, fikrinin silahdaşlarında olması onun iradəsini göstərirdi.

Digər hadisə isə müalicə etdiyimiz və yenidən döyüşə qayıdan bir hərbçinin təxminən bir həftə sonra şəhid olması xəbərini almağımız idi. Həyatını xilas etmək üçün çalışdığın insanın sonradan şəhid olduğunu eşitmək çox ağırdır.

- Müharibə şəraitində cərrah üçün ən böyük sınaq nə idi?

- Ən çətin məqamlar ağır travmalar almış, həyatı təhlükə altında olan hərbçilərlə bağlı idi. Bəzən yaralanmanın insanın gələcək həyatına ciddi təsir göstərəcəyini, qalıcı sağlamlıq məhdudiyyətləri yarada biləcəyini anlayırdıq. Belə anlarda hisslərini kənara qoyaraq bütün diqqətini tibbi müdaxiləyə yönəltməlisən. Çünki qarşında köməyini gözləyən bir insan var. Bizim üçün əsas məsələ onun həyatını qorumaq və mümkün olan ən yaxşı nəticəyə nail olmaq idi.

- O ağır günlərdə sizə mənəvi güc verən nə olurdu?

Hərbçilərimizin döyüş ruhu və iradəsi bizi də ruhlandırırdı. Ağır yaralanmalarına baxmayaraq, onların yenidən döyüş yoldaşlarının yanına qayıtmaq istəyini görmək insana təsir edirdi. Xalqımızın birliyi, hər kəsin öz imkanı və bacarığı ilə bu mübarizəyə dəstək verməsi də böyük mənəvi dayaq idi. Əsgər ön cəbhədə döyüşürdü, biz isə onun həyatını qorumaq üçün çalışırdıq. Hər kəs öz vəzifəsini yerinə yetirirdi.

- Zəfər xəbəri sizə necə təsir etdi?

- 8 Noyabr mənim üçün xalqımızın birliyinin, iradəsinin və qətiyyətinin təcəssümüdür. Qələbə xəbərini eşidəndə böyük sevinc və qürur hissi keçirdim. Uzun illər arzuladığımız nəticəyə çatmışdıq. Eyni zamanda, həmin mübarizədə həkim kimi iştirak etdiyimi, yaralı hərbçilərimizə yardım göstərmək üçün əlimdən gələni etdiyimi düşünmək mənə mənəvi rahatlıq verirdi.

- Müharibədən sonra gündəlik həyata qayıtmaq nə dərəcədə asan oldu?

-Müharibədə yaşananları qısa müddətdə unutmaq mümkün deyil. Orada gördüyün ağır yaralanmalar, eşitdiyin səslər və yaşadığın gərginlik insanın yaddaşında qalır. Mən də sonrakı iki-üç il ərzində həmin günlərin təsirini hiss etmişəm. İşə və gündəlik həyata qayıtsan da, bəzi xatirələr uzun müddət səninlə yaşayır.

-Bu gün şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən diqqəti necə qiymətləndirirsiniz?

-Şəhid ailələrinin, qazilərin və müharibə veteranlarının sağlamlığı ilə bağlı məsələlər fəaliyyətimdə xüsusi yer tutur. Onların tibbi ehtiyaclarına diqqətlə yanaşmağı və imkanlarımız daxilində dəstək göstərməyi vacib hesab edirəm. Müharibə günlərində yaralı hərbçilərimizin yanında olmuşamsa, bu gün də onların və ailələrinin sağlamlığı üçün çalışmaq həmin xidmətin davamıdır.

-Cəbhədə müalicə etdiyiniz hərbçilərlə sonradan qarşılaşmaq sizdə hansı hissləri yaradır? Mükafat məsələsinə münasibətiniz necədir?

- Əməliyyat etdiyim və bu gün həyatını davam etdirən hərbçilərimizi görəndə böyük sevinc keçirirəm. Bir vaxtlar ağır yaralı vəziyyətdə gördüyün insanı sağlam və həyatda görmək həkim üçün ən dəyərli hisslərdən biridir.

Mükafat məsələsinə gəlincə, mən müharibəyə medal və ya fəxri ad almaq üçün getməmişdim. Vətəndaşlıq və Vətən borcumu yerinə yetirmək, həkim kimi yaralı hərbçilərimizə kömək etmək üçün getmişdim. Mənim üçün əsas mükafat həyatını xilas etməyə çalışdığım insanları bu gün həyatda görməkdir.

- Müharibə təcrübəsi həkimliyə və insan həyatına baxışınızı necə dəyişdi?

-Müharibə insan həyatının nə qədər qiymətli və eyni zamanda həssas olduğunu bir daha göstərdi. Həmçinin xalqımızın çətin məqamda necə birləşə bildiyinin şahidi olduq. Bu təcrübə həkimlik peşəsinə bağlılığımı daha da gücləndirdi. Seçdiyim sənətin nə qədər vacib olduğunu, insanın həyatının qorunmasına töhfə verməyin böyük məsuliyyət daşıdığını daha dərindən anladım. Bu gün də fəaliyyətimin əsas məqsədi insanların sağlamlığının qorunmasına xidmət etməkdir.

Musavat.com

 

 

2026-11-03 20:18:00
13 baxış

Digər xəbərlər

Azərbaycan Ordusu sərt cavab tədbirlərinə tam hazırdır - Zakir Həsənov

Sentyabrın 19-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib. Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müdafiə naziri bildirib ki, son vaxtlar əldə olunan məlumatlar və kütləvi informasiya vasitələrində yayılan xəbərlər, eləcə də Ermənistanın hərbi-siyasi rəhbərlərinin çıxışlarındakı müharibə ritorikası, səfərbərlik tədbirlərini həyata keçirməsi və bölgəyə kənar qüvvələri cəlb etməsi düşmənin genişmiqyaslı təxribatlar törətmək və vəziyyəti gərginləşdirmək niyyətində olduğunu açıq-aydın göstərir. Bunu nəzərə alaraq sərəncamda olan qüvvə və vasitələrimiz nəinki hər hansı təxribatın qarşısını almağa, hətta sərt qabaqlayıcı tədbirlərin görülməsinə tam hazır olmalıdır. Bu məqsədlə kəşfiyyat fəaliyyətinə, döyüş təminatına xüsusi diqqət yetirilməli, bütün istiqamətlərdə mütəşəkkil addımlar atılmalıdır. Azərbaycan Ordusunun xüsusilə ön xətdə yerləşən bölmələrinin döyüş qabiliyyətinin, peşəkarlığının daim artırılması, şəxsi heyətin döyüşə hazırolma səviyyəsinin yüksəldilməsi, işğal olunmuş torpaqların azad edilməsinə yönələn təlim və məşqlərin keyfiyyətinə nəzarət gücləndirilməlidir. Müdafiə naziri Azərbaycan Ordusunda silah, döyüş və xüsusi texnikanın istismarının qış mövsümünə keçirilməsi, qışa hazırlıq prosesinin effektivliyi və vaxtında yekunlaşdırılması, bölmələrin hərtərəfli təminatı, hərbi qulluqçuların sağlamlığına, eləcə də COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinə xüsusi diqqət yetirilməsi barədə vəzifəli şəxslərə tapşırıqlar verib. Sonda general-polkovnik Z.Həsənov fəaliyyət planına uyğun olaraq döyüş hesabatlarının və səfərbərlik ehtiyatlarının müvafiq qurumlarla dəqiqləşdirilməsi və ehtiyatda olan hərbi vəzifəlilər ilə müxtəlif ixtisaslar üzrə toplanışların, çöl çıxışlarının və döyüş hazırlığı məşğələlərinin keçirilməsinə hazırlıqla bağlı göstərişlər verib.

Hamısını oxu
Şəhid küçəsi şəhid adına layiq olmalıdır: Eynən bu şəhərdə olduğu kimi...

Azərbaycanda şəhid məqamının uca tutulduğu, dövlətimizin şəhidlərin xatirəsini əbədiləşdimək, onları gənc nəsillərə tanıtmaq üçün bütün vasitələrdən itifadə etdiyi heç kimə sirr deyil. Məhz bu siyasətin nəticəsidir ki, bu gün ölkəmizdə yüzlərlə küçə şəhidlərimizin adını daşımaqdadır. Lakin təəssüflər olsun ki, bəzi hallarda yerli icra orqanları, eləcə də icra hakimiyyəti və bələdiyyələr bu küçələrin abadlığına lazımi diqqət yetirmir, onları göz önündəcə “unudur”.  Nəticədə, həm vətəndaşlar arasında ciddi narazılıq yaranır, həm də şəhid statusunun aliliyi ilə bu adı daşıyan küçənin baxım səviyyəsi arasında ciddi təzad formalaşır. Halbuki, şəhid küçəsi hökmən şəhid adına layiq olmalıdır. Eyniylə Sumqayıt şəhərində olduğu kimi... Hər şeydən öncə qeyd edək ki, 44 günlük Vətən müharibəsində ən çox şəhid verən şəhərlərimizdən biri də Sumqayıtdır. Bu səbəbdən də Sumqayıtda şəhid adını daşıyan küçələrin sayı kifayət qədərdir. Hansı ki, bu küçələrin abadlığına hər zaman Sumqayıt Şəhər İcra Hakimiyyəti (SŞİH) tərəfindən xüsusi həssaslıqla yanaşılıb. Şəhid ailələrinin yaşadığı küçələr bilavasitə icra başçısı Zakir Fərəcov, eləcə də SŞİH-nin əlaqədar şöbələri – Şəhər təsərrüfatı şöbəsi, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi tərəfindən daim diqqət mərkəzində saxlanılır, şəhid ailələrinin hər bir müraciəti sadəcə sözdə deyil, əməli-praktiki baxımdan öz həllini tapır. Sevindiricidir ki, Sumqayıt bələdiyyəsinin bu istiqamətdəki fəaliyyəti də son dərəcə təqdirəlayiqdir. Son bir neçə ayda Sumqayıtda şəhid adını daşıyan küçələrdə həyata keçirilən geniş asfaltlanma prosesi şəhər bələdiyyəsinin məhsuldar fəaliyyəti ilə yanaşı, həm də onun şəhid ailələrinə olan duyarlı münasibətindən xəbər verir. Nümunə üçün qeyd edək ki, cari ilin iyul ayında Sumqayıt bələdiyyəsi tərəfindən Xəzri 2 Yaşayış massivində yerləşən şəhid Gəray Məmmədov küçəsində genişmiqyaslı asfaltlanma işləri aparılıb. Nəticədə, küçədə gediş-gəliş rahatlaşıb, küçənin görünüşü ilə yanaşı, vətəndaşların gündəlik yaşamı da müsbət mənada dəyişib. Onu da qeyd edək ki, Sumqayıt bələdiyyəsi tərəfindən analoji işlər Yaşma yaşayış massivində şəhid Cavid Mirzəyev və Xəzri 2 Yaşayış massivində şəhid Coşqun Zeynallı küçələrində də gerçəkəşdirilib. Bələdiyyə tərəfindən reallaşdırılan bu işlər sakinlər tərəfindən böyük rəğbət və məmnunluqla qarşılanıb. Sumqayıt nümunəsi bir daha sübut edir ki, hər şey əlaqədar qurumların öz vəzifə və insani borclarına nə dərəcədə məsuliyyət və vicdanla yanaşmasından asılıdır.   Ümid edirik ki, respublikamızın digər şəhər və qəsəbələri də Sumqayıt örnəyindən nümunə götürəcək, Sumqayıt təcrübəsini mənimsəməklə ölkə ərazisində şəhid adını daşıyan bütün küçələrin bu ada layiqliyini təmin edəcək. Seymur ƏLİYEV  

Hamısını oxu
Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərov V Dan qara kəmər dərəcəsinin fəxri diplomuna layiq görülüb

İyulun 5-də “Sərhədçi” İdman Mərkəzində Azərbaycan Karate Federasiyası və Arpaçay İdman Birliyinin təşkilatçılığı ilə keçirilən “Zəfər Kuboku” turnirinin təntənəli açılış mərasimi baş tutub. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Açılış nitqi ilə çıxış edən Azərbaycan Karate Federasiyasının prezidenti, millət vəkili Ülvi Quliyev 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfərin müstəqil Azərbaycan Respublikasının tarixində oynadığı roldan danışıb. Daha sonra çıxış edən Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Anar Mirzəyev Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın azad olunmasından bəhs edib, 5-ci illiyini qeyd edəcəyimiz Zəfərin tarixi səlnaməsinin gənclərin vətənpərvərlik tərbiyəsindəki önəmini vurğulayıb. Milli Məclisin deputatları Fazil Mustafa və Vüqar Rəhimzadə Azərbaycanda idmana göstərilən qayğıdan və əldə edilən möhtəşəm qələbənin qazanılmasında idmançı gənclərin rolundan danışıblar. Tədbirdə çıxış edən Arpaçay İdman Birliyinin vitse-prezidenti Yavər Hüseynov Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərovun son illərdə, ölkəmizdə sağlam gənc nəslin yetişməsində xidmətlərinə, o cümlədən karate idman növünün inkişafına göstərdiyi diqqət və dəstəyə görə minnətdarlığını çatdırıb. Daha sonra Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev tərəfindən ölkəmizdə karate idman növünün inkişafında göstərdiyi xidmətlərə görə Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərova V Dan qara kəmər dərəcəsinin fəxri diplomu təqdim edilib. Fərahim Sadiqin təşkilatçılığı ilə açılış mərasiminin bədii hissəsində müğənni Nurlan Ordubadlı “Yaşa, Azərbaycan” mahnısı, “Xan” qrupu xüsusi kompozisiya və Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri vətənpərvərlik mahnıları ilə çıxış ediblər. Qeyd edək ki, 3 gün davam edən və uğurla başa çatan “Zəfər Kuboku” yarışında Azərbaycanın paytaxtı Bakı şəhərindən və regionlardan olan 40-dan çox klub və birlikdən 800-ə yaxın uşaq, yeniyetmə və gənc karateçi mübarizə aparıb. Turniri medal sayına görə 1-ci yerdə tamamlayan “Qara brilyant” klubu “Zəfər Kuboku”nun sahibi olub, ikinci yeri FHN komandası, üçüncü yeri isə “Qara qaplan” klubu tutub.  

Hamısını oxu
“Gədəbəy Rayonunun Şəhidləri” kitabının onlayn təqdimatı keçirilib

Moderator.az xəbər verir ki, “Sağlamlığın Qorunması” İctimai Birliyinin və Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Gədəbəy Rayonunun Şəhidləri” kitabının onlayn təqdimatı keçirilib.   Təqdimatı giriş sözü ilə açan Yazgül Abdıyeva ‘Gədəbəy Rayonunun Şəhidləri” kitabının Şəhidlərimizə əbədi ehtiram əlaməti məqsədilə çap olunduğunu diqqətə çatdırıb. Təqdimatda Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, Millət vəkilləri Qənirə Paşayeva, Arzu Nağıyev, Sevinc Hüseynova, kitabın müəllifi Vahid Aslan, professor Maarifə Hacıyeva, professor Mahmud Rüstəmov, Dossent Rəşid Mahmudov, tarixçi-alim Faiq Ələkbərli, Gədəbəy Rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədov, tanınmış yazıçı Elçin Hüseynbəyli, əməkdar artist Nuriyyə Hüseynova, Qazilər Süleyman Abdulla, Baycan Abdullayev, Məzahir Hüseynov, Əmrah Cabbarlı, Elşad İsmayılov, Rusiyada yaşayan həmvətənlərimiz Ülvi Hüseyn, Rizvan Cəfərli , Arif Cəfərov ,Habil Alısoy və digər ziyalılar çıxış etdilər. Təqdimatın sonunda yekun fikir bildirən Yazgül Abdıyeva bir daha vurğuladı ki, bundan öncə təqdimatı keçirilmiş “Gədəbəydə doğulan şairlər” kitabı kimi “Gədəbəy Rayonunun Şəhidləri” kitabı da elimizə-obamıza olan mənəvi borcun timsalında yazılıb və çap olunub.   Kitabın ərsəyə gəlməsində böyük əmək sərf edən Vahid Aslana da mnnətdarlıq ifadə olunub.  

Hamısını oxu