Veteranlar Hərbi Memorial Məzarlığı, Şəhidlər Xiyabanını, Zəfər abidəsini və Türk Şəhidliyini ziyarət ediblər
Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri 8 Noyabr – Zəfər Günü ilə əlaqədar olaraq Hərbi Memorial Məzarlığı, Şəhidlər Xiyabanını, Zəfər abidəsini ziyarət ediblər. Təşkilat sədri polkovnik Cəlil Xəlilovun rəhbərliyi altında gerçəkləşən ziyarət zamanı veteranlar şəhidlərin ruhuna dualar oxuyub, onların məzarları üzərinə gül dəstələri qoyublar.
Ziyarət əsnasında veteranlar, eləcə də, yeniyetmə və gənclər qarşısında çıxış edən polkovnik Cəlil Xəlilov, 8 Noyabr zəfərinin tarixi əhəmiyyətindən danışıb, bu zəfərin 30 illik erməni işğalına son qoyduğunu, bütün regiona sülh və sabitlik gətirdiyini vurğulayıb. Polkovnik Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimizin əldə etdiyi bu zəfərə görə ilk növbədə şəhidlərimizə, onların göstərdiyi fədakarlıqlara borclu olduğumuzu qeyd edib.
Daha sonra veteranlar Bakıdakı türk məzarlığını ziyarət ediblər. Azərbaycan və Türkiyə arasında tarixi qardaşlıq əlaqələrinin dərin köklərə malik olduğunu söyləyən Təşkilat sədri, bu qardaşlığın bundan sonra da davam edəcəyini, digər dövlətlər üçün nümunə olacağını bildirib.
Qeyd edək ki, 4 noyabr 2026-cı il tarixində veteranlar Polkovnik Cəlil Xəlilovun təşəbbüsü ilə 8 Noyabr zəfərinin 6-cı ildönümü ilə bağlı bəyanat verib, Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik ediblər. (https://veteran.gov.az/az/news/3633-muharibe-emek-ve-silahli-quvveler-veteranlari-teskilati-zefer-gunu-ile-bagli-beyanat-yayib ).