Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Prezident İlham Əliyevin Vyetnama səfəri qlobal miqyasda yeni reallıqlar yaradacaq”

“Prezident İlham Əliyevin Vyetnama səfəri və burada keçirdiyi görüşlər, əldə edilən razılaşmalar qlobal miqyasda yeni reallıqlar yaradacaq”.

Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu səfər iki dövlət arasındakı münasibətləri yeni mərhələyə yüksəltməklə yanaşı, beynəlxalq miqyasda da yeni reallıqlar formalaşdıracaq:

“Prezident İlham Əliyevin Vyetanama səfəri, bu ölkədə keçirdiyi görüşlər hər iki dövlətin milli maraqları, bu maraqların təmini baxımından son dərəcə mühüm və əhəmiyyətli hadisədir.

Hər şeydən öncə qeyd edək ki, bu səfər Azərbaycan-Vyetnam münasibətlərində yeni bir səhifə açdı ki, biz yaxın gələcəkdə bunu daha aydın müşahidə edəcəyik. Bu yeniliklərdən biri də Vyetnamın ölkəmizdə səfirliyinin açılması olacaq. Xatırladım ki, Vyetnamın Baş nazir Le Minh Hunq Prezident İlham Əliyevlə görüşündə bu barədə Azərbaycanın dövlət başçısına məlumat verdi və onun bu sözləri Azərbaycanın dövlət başçısı tərəfindən böyük məmnunluqla qarşılandı. Vyetnamın Azərbaycanda səfirlik açmaq qərarı bu dövlətin ölkəmizlə diplomatik münasibətlərin inkişafına nə qədər mühüm önəm verdiyini göstərir.

Prezident İlham Əliyev səfər əsnasında Vyetnamın Baş naziri Le Minh Hunq, Vyetnam Sosialist Respublikasının Milli Assambleyasının sədri Çan Tan Manla olduqca səmərəli görüşlər keçirdi, faydalı müzakirələr apardı. Bu müzakirələr iki dövlət arasında diplomatik münasibətlərin inkişafına təkan verməklə yanaşı, iqtisadi-mədəni əlaqələrin genişlənməsini də sitimullaşdıracaq.

Bir məqamı da qeyd edək ki, Azərbaycan və Vyetnam xalqları arasında tarixi dostluq əlaqələri bundan öncə də mövcud olub. Xüsusilə də Ulu öndər Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri xalqlar arasındakı dostluq münasibətlərinin dərinləşməsinə mühüm töhfə verib. Prezident İlham Əliyevin Vyetnama səfəri bu münasibətlərin davamı və uğurlu inkişafına xidmət edən addım kimi böyük əhəmiyyət daşıyır.

Bütövlükdə, Vyetnamın Asiya məkanında, Azərbaycanın isə həm Cənubi Qafqaz, həm də Avropada böyük nüfuza və təsir imkanlarına malik olduğunu nəzərə alsaq, əminliklə demək olar ki, Azərbaycan-Vyetnam münasibətlərinin inkişafı qlobal miqyasda yeni reallıqlar yaradacaq, hər iki dövlətin beynəlxalq aləmdəki nüfuzunu daha da artıracaq. İkitərəfli münasibətlərin dərinləşməsi hər iki dövlətə qlobal müstəvidə öz maraqlarını qarşılıqlı dəstək fonunda uğurla müdafiə etməyə şərait yaradacaq, gələcək əməkdaşlıqlar üçün əlverişli zəmin formalaşdıracaq”.

Seymur ƏLİYEV

2026-11-20 15:16:00
80 baxış

Digər xəbərlər

“Xocavənddə Njdenin heykəli sökülməlidir”

Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Rusiya xarici işlər naziri Sergey Lavrova müraciət ünvanlayıb. “Qafqazinfo” xəbər verir ki, müraciətdə deyilir: Hörmətli Sergey Viktoroviç Lavrov!   Faşizm üzərində tarixi qələbənin 76-cı ildönümü ərəfəsində biz – Böyük Vətən Müharibəsi veteranları Sizə müraciət edərək Hitler nasizminin erməni əlaltılarının qəhrəmanlar kimi qələmə verilməsi cəhdlərinin bizi narahat etdiyini bildirmişdik. Həmin müraciətdə nasist canilərin həm Ermənistanın özündə, həm də faşistlərin qətlə yetirdikləri milyonlarla insanın xatirəsinə ehtiram bəsləyən Rusiyanın informasiya-mədəniyyət məkanında həyasızcasına təriflənməsindən söhbət gedirdi.  Biz ürək ağrısı ilə sizin diqqətinizi ona cəlb etmişdik ki, Ermənistan bədnam generallar Dro və Njde kimi məşhur olan erməni SS cəza legionunun başçıları Drastamat Kanayan və Qaregin Ter-Arutyunyanın təmizə çıxarılması üçün Rusiyanın resurslarından istifadə edir. Nasist rejimin əlaltısı, Hitlerin və Gimmlerin dostu olmuş Njde məşhur KİV-lərdə qəhrəmanlara bərabər tutulur.  Bundan əlavə, Moskvada “Qaregin Njde ilə söhbətlər və ya Njdenin 125 illiyinə abidə” adlı kitabın təqdimatı keçirilib. Paradoks ondan ibarətdir ki, bu tədbirin təşkilatçılarının fikrincə, “Njdenin ideyaları bu gün həmişəkindən daha aktualdır və müasir cəmiyyətdə fəal təbliğ olunmalıdır”. Bir daha xatırlatmaq yersiz olmaz ki, 1948-ci ildə Njde hərbi cani kimi 25 il həbs cəzasına məhkum edilib və 1957-ci ildə Vladimir mərkəzi həbsxanasında ölüb. Ona bəraət verilməyib. Məhkəmə əvvəl çıxarılmış hökmü qüvvədə saxlayıb.Buna baxmayaraq, Rusiyanın erməni diasporu hər il Vladimirdə, knyaz Vladimir qəbiristanlığında Njdenin qəbrinin ziyarət olunmasını, bu faşist cəlladın xatirəsinin ehtiramla yad olunmasını təşkil edir. Adı çəkilən qəbiristanlıqda bu faşist əlaltısına xatirə kompleksi tikilməsi barədə məsələ də qaldırılır.  Sizə böyük təşəkkürümüzü bildirərək vurğulamaq istəyirik ki, bizim keçənilki müraciətimizi diqqətsiz qoymadınız və bizə verilən cavabdan göründüyü kimi, yerli ermənilərin nümayəndələri ilə müəyyən iş aparılıb. Görünür, məhz bu işin nəticəsində keçən il bu nasist caninin xatirəsinin Rusiyada əbədiləşdirilməsi cəhdinin  qarşısı alınıb. Bununla belə, Ermənistanın özündə faşist Almaniyası üzərində qələbənin 71-ci ildönümünün bayram edilməsindən iki həftə sonra Yerevanın mərkəzində Qaregin Njdenin abidəsinin təntənəli açılış mərasimi keçirilib. Faşist caninin xatirəsinin əbədiləşdirilməsi mərasimində hələ bir il bundan əvvəl Moskvada faşizm üzərində qələbə paradında Sizinlə yanaşı dayanmış Ermənistan prezidenti Serj Sarkisyan şəxsən iştirak edib. Hörmətli Sergey Viktoroviç Lavrov! Siz Böyük Vətən Müharibəsinin yekunlarının yenidən yazılmasının və təhrif edilməsinin yolverilməz olduğunu dəfələrlə vurğulamısınız. Məhz Rusiya Federasiyasının təşəbbüsü ilə BMT Baş Məclisi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsinə, neonasizmə və irqçiliyin müasir formalarının yayılmasına, irqi ayrı-seçkiliyə, ksenofobiyaya və onunla bağlı dözülməzliyə qarşı mübarizə” adlı 70/139 nömrəli Qətnamə qəbul edib. Həmin sənədin 4-cü bəndində deyilir ki, BMT Baş Məclisi “nasizm hərəkatının, neonasizmin və “Vaffen SS” təşkilatının keçmiş üzvlərinin hər hansı formada məşhurlaşdırılması, o cümlədən abidələr və memoriallar ucaldılması, nasist keçmişin, nasizm hərəkatının və neonasizmin üzə çıxarılması məqsədilə kütləvi nümayişlər keçirilməsi, eyni zamanda, antihitler koalisiyasına qarşı mübarizə aparmış və nasizm hərəkatı ilə əməkdaşlıq etmiş belə şəxslərin milli azadlıq hərəkatlarının iştirakçıları elan edilməsi və ya elan etmək cəhdləri vasitəsilə məşhurlaşdırılmasına görə dərin narahatlığını bildirib. Bu qətnaməyə qoşulmuş və özünü Rusiyanın strateji müttəfiqi kimi qələmə verən Ermənistanda isə Sovet əsgərlərinin və dinc sakinlərin, o cümlədən erməni xalqının özünün nümayəndələrinin də qətlə yetirilməsinə bais olmuş faşizm rejiminə sadiq şəxslərə geniş miqyaslı pərəstiş yaradılır.  Bizi təəccübləndirən odur ki, başqa ölkələrdə bu cür hadisələrə həmişə münasibət bildirən Rusiyanın özündə buna hər hansı reaksiya yoxdur. Nasist canilər Dro və Njdenin şərəfinə xatirə sikkələri kəsilən, filmlər çəkilən Ermənistanın bu cür davranışına xüsusi haqq verilməsinin səbəbi bizə aydın deyil. Yerevanda bir meydana və metronun bir stansiyasına Qaregin Njdenin adı verilib. Orada Drastamat Kananyanın adını daşıyan küçə də var. İndi hökumət binaları kompleksi və Ermənistanın hakim partiyasının qərargahı ilə yanaşı Njdenin abidəsi də ucalır.  Onu da nəzərinizə çatdırırq ki, faşist Njdenin daha bir heykəli vaxtilə Ermənistanın işğalına məruz qalan, hazırda isə Rusiya sülhməramlılarının məsuliyyəti zonasında olan Xocavənd rayonunda ucalır ki, bu heykəlin də sökülməsi vacibdir. Azərbaycan ərazisində belə bir heykəlin mövcudluğu sadəcə dövlətimizin və xalqımızın deyil, bütövlükdə ümumbəşəri insani və əxlaqi dəyərlər baxımından yolverilməzdir və əsla qəbul edilə bilməz.  Sovet xalqının igidliyinin nurlu xatirəsi Azərbaycanda bu gün də böyük ehtiramla yad edilir, 9 may günü əvvəlki kimi yenə də ən mötəbər dövlət bayramlarından biri olaraq qalır. Biz, faşizm ilə müharibənin bütün ağrı-acısını görmüş, döyüşlərdə yoldaşlarını itirmiş insanlar nasist canilərin ətrafında qəhrəmanlar oreolu yaradılmasını ürək ağrısı ilə müşahidə edirik.  Biz Ermənistanın vaxtı ilə ümumi vətənimiz uğrunda həlak olmuş insanların xatirəsinə və bütün sülhsevər bəşəriyyətə açıq-aşkar hörmətsizlik olan hərəkətlərinə görə hiddətlənirik. Əminik ki, biz Böyük Vətən müharibəsi qurbanlarının nurlu xatirəsinə sadiq qalaraq Ermənistan tərəfindən təbliğ edilən faşizm ideologiyası timsalında ümumi şərə qarşı mübarizədə öz səylərimizi yenidən birləşdirməliyik. Azərbaycanın Böyük Vətən Müharibəsinin bütün veteranları adından hörmətlə və düzgün başa düşüləcəyimiz ümidi ilə: Azərbaycan Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı gənclərin vətənpərvərlik tərbiyəsi işinə xüsusi diqqət ayırır

         Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq!” adlı layihənin icrasını təmin etmək məqsədi ilə 02 sentyabr 2016-cı il tarixdə Şəki şəhərində seminar–müşavirə keçirtmişdir.          Layihınin rəhbəri - Respublika Veteranlar Təşkilatının sədri ehtiyatda olan general- mayor Dadaş Qərib oğlu Rzayevdir. Seminar –müşavirəni Respublika Veteranlar Təşkilatın sədr müavini polkovnik Cəlil Malik oğlu Xəlilov açaraq layihə haqqında məlumat verib.          Layihə Oarabağ uğrunda müharibədə şücaət göstərərək Azərbaycanın Milli Qəhrəmanları adına layiq görülmüş, eyni zamanda, 2016-cı ilin aprel ayında şəhid olan hərbçilərimizin həyatından və döyüş yolundan bəhs edir. Layihənin əsas mahiyyəti xalqımızın qəhrəmanlıq tarixində mühüm xidmətləri olan Azərbaycan övladlarının keçdiyi şərəfli həyat yolunun yeniyetmə və gənclərə daha yaxından tanıdılması, onlarda xalqına, dövlətinə sədaqət, tarixinə hörmət, vətənpərvərlik ruhunun gücləndirilməsi, həmçinin onlar arasında milli-mənəvi dəyərlərimizin, dövlətçilik ənənələrimizin təbliği istiqamətində dövlət orqanlarının apardığı işə dəstək verilməsidir.        Layihənin əsas məqsədi ölkədə yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlərdə yaxından iştirak etmək, Azərbaycan dövlətinin həyata keçirdiyi Dövlət Gənclər siyasətinə dəstək vermək, gənc nəslə hərb tariximiz, döyüş ənənələrimiz, milli qəhrəmanlarımız, tarixi abidələrimiz haqqında geniş bilgilər çatdırmaqla maarifləndirmə işləri aparmaq, gənc nəslin Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına hər an hazır olmaq ruhunda yetişmələri məqsədilə müvafiq təbliğat işləri aparmaq, yeniyetmə və gənclərə ən ağır problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı Azərbaycanın dövlət mövqeyinin çatdırılması ilə onları hərtərəfli məlumatlandırmaqdır.      Seminar-müşavirədə Şəki, Balakən Qəbələ, Qax, Oğuz, Zaqatala, Mingəçevir şəhər (rayon) veteran təşkilatlarının sədrləri, eyni zamanda Şəki şəhər Veteranlar Təşkilatının əməkdaşları, həmin rayonun fəal gəncləri, veteranları, şəhid ailələri, müvafiq dövlət və ictimai təşkilatlarının nümayəndələri iştirak etmişdir.      Seminar-müşavirədə “Aprel döyüşləri xalqımızın qəhrəmanlıq salnaməsinin parlaq səhifəsidir”, “Qəhrəmanlar unudulmur”, “Xalqı qəhrəmanlar ucaldır”, “Şəki qəhrəmanlar diyarıdır” mövzularında məruzələr dinlənilib, çıxışlar olub.         Tədbirin sonunda Azərbaycan Milli Qəhərmanlarına həsr olunan film nümayiş etdirilib, bir neçə şəhid ailəsinə ərzaq yardımı edilib.  

Hamısını oxu
Prezidentin köməkçisi Hikmət Hacıyev Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclasında iştirak edib

Yanvarın 16-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclası keçirilib. AZƏRTAC xəbər verir ki, gündəliyə uyğun olaraq, iclasda Respublika Veteranlar Təşkilatının fəaliyyətinin gücləndirilməsi barədə məsələ müzakirə edilib. İclası giriş sözü ilə təşkilatın sədri, ehtiyatda olan general-polkovnik Tofiq Ağahüseynov açaraq qurumun fəaliyyəti barədə məlumat verib. Prezidentin köməkçisi Hikmət Hacıyev iclasda çıxış edərək Respublika Veteranlar Təşkilatının ölkənin ictimai-siyasi həyatındakı, o cümlədən müharibə, əmək və silahlı qüvvələr veteranlarının problemlərinin həll olunmasındakı rolunu vurğulayıb, bu kateqoriyadan olan insanların dövlət qayğısı ilə əhatə edildiyini bildirib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən veteranlara göstərilən dövlət qayğısının yeni səviyyəyə qalxdığını, Respublika Veteranlar Təşkilatına müasir standartlara tam cavab verən inzibati binanın ayrıldığını, müharibə veteranlarına verilən birdəfəlik maddi yardımın və pensiyaların miqdarının ildən-ilə artırıldığını, veteranların mənzil və digər problemlərinin həll olunduğunu qeyd edib. Hikmət Hacıyev ötən əsrin 90-cı illərinədək veteran ifadəsi dedikdə, ilk növbədə, Böyük Vətən müharibəsində iştirak edən bir qədər yaşlı insanların yada düşdüyünü, lakin həmin ifadənin əvvəlcə Birinci Qarabağ müharibəsində, daha sonra isə 44 günlük Vətən müharibəsində gəncləşdiyini vurğulayıb. O, Respublika Veteranlar Təşkilatının üzərinə yeni vəzifələrin düşdüyünü, Qarabağ uğrunda bütün döyüşlərdə iştirak etmiş şəxslərin də bu qurumun fəaliyyətinə cəlb olunmasının, onları narahat edən məsələlərin həll olunmasının vacibliyini qeyd edib. Prezidentin köməkçisi Respublika Veteranlar Təşkilatının yeni gənc veteranlarla körpü rolu oynayacağına, onlarla daim bağlantı yaradacağına ümid edərək, təşkilatda təmsil olunan ağsaqqal və ağbirçək veteranların məsləhətlərinə hər zaman ehtiyac olduğunu diqqətə çatdırıb. Hikmət Hacıyev Respublika Veteranlar Təşkilatının qarşısında ciddi vəzifələrin durduğunu diqqətə çatdırıb, qurumun yerlərdə fəaliyyətinin gücləndirilməsinin, veteranları narahat edən problemlərin öyrənilərək müvafiq qurumların diqqətinə çatdırılmasının, beynəlxalq veteranlar təşkilatları ilə əlaqələrin genişləndirilməsinin, veteranlarla iş sahəsində beynəlxalq təcrübənin öyrənilərək tətbiq edilməsinin vacibliyini vurğulayıb. O, ölkə başçısının müvafiq Fərmanı ilə bir neçə gün öncə yerli icra hakimiyyətlərində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin yaradıldığını qeyd edərək, Veteranlar Təşkilatının həmin şöbələrlə əməkdaşlığının əhəmiyyətini bildirib. Rəyasət Heyətinin üzvləri çıxış edərək təşkilatın 2020-ci il üzrə fəaliyyətini yüksək qiymətləndirib, veteranların sosial-hüquqi müdafiəsinin gücləndirilməsi, gənclərin hərbi vətənpərvərlik, dövlətçilik ruhunda tərbiyəsinin təşkili və s. istiqamətlərdə gördükləri işləri qənaətbəxş hesab ediblər. Daha sonra Respublika Veteranlar Təşkilatının sədri T.Ağahüseynovun səhhəti ilə əlaqədar qurumun gündəlik fəaliyyəti ilə bağlı bəzi məsələlərin daha operativ həllində çətinliklərin yarandığı qeyd olunub, onun vəzifəsindən azad olunması məqsədəuyğun hesab edilib. Rəyasət Heyətinin üzvləri tərəfindən təşkilatın sədri vəzifəsinin icrasının İkinci Dünya müharibəsi veteranı, Prezident təqaüdçüsü Fatma Səttarovaya həvalə edilməsi təklif olunub. Hər iki təklif səsə qoyularaq yekdilliklə qərar qəbul edilib. Sonda Fatma Səttarova və Rəyasət Heyətinin digər üzvləri Respublika Veteranlar Təşkilatına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmimi təşəkkürlərini çatdırıb, təmsil olunduqları qurumun ölkə başçısının çağırışlarına cavab verməsi üçün bütün bilik və bacarıqlarını sərf edəcəklərini bildiriblər.

Hamısını oxu
AzTU-nun rektoru Vilayət Vəliyevin Azərbaycan Gəncləri Günü münasibətilə təbriki

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə rəsmi feysbuk səhifəsində paylaşım edib. Paylaşımda deyilir: "Əziz gənclər! Azərbaycan Gəncləri Günü münasibətilə hər birinizi ürəkdən təbrik edirəm! Ulu öndər Heydər Əliyevin gənclərə ən böyük hədiyyəsi olan bu əlamətdar tarixin təsis edilməsindən 25 il ötür. Gənclərimizin ölkənin bütün sahələrdə inkişafında fəal iştirakı qürurvericidir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. Bu gün sosial həyatın bütün sferalarında gənc kadrların əksəriyyət təşkil etməsi ölkədə aparılan gəncləşmə siyasətinin uğurla icra olunmasının bariz nümunəsidir. Bizim gənclər savadlıdır, intellektualdır, vətənpərvərdir. Bizim gənclər 44 günlük Vətən müharibəsində xalqımıza qələbə sevinci yaşadan qalib gənclərdir. Ən şərəfli ad olan qazi və şəhid adını daşıyanlar da bizim gənclərimizdir. Mən gənclərimizlə fəxr edirəm, onlara gələcək həyatlarında, fəaliyyətlərində uğurlar və bol şans arzulayıram! Gününüz mübarək, əziz gənclər!"

Hamısını oxu