Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“II Dünya Müharibəsinin veteranları ilə bağlı kitablar yazılmaqda, filmlər çəkilməkdədir”

Rusiya Dövlət Dumasında II Dünya Müharibəsində iştirak edən qadın döyüşçülərlə bağlı sərgi təşkil olunub.   Maraqlıdır, 10 mindən çox azərbaycanlı qadının müharibəyə cəlb olunduğu ölkəmizə də, bu cür sərgilərin təşkil edilməsi, maarifləndirici tədbirlərin keçirilməsi arzuedilən olardımı?   Moderator.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov qələbənin 75 illiyi münasibəti ilə silsilə tədbirlərə hazırlıq gördüklərini vurğuladı:   “Öncə onu qeyd edim ki,  Respublika Veteranlar Təşkilatının təklifi ilə Azərbaycanda qadın döyüşçülərlə bağlı xüsusi ensiklopedik kitab buraxılacaq, müharibə veteranları ilə bağlı  filmlər çəkiləcək. Kitab “İgid oğlanlarla bir cərgədə” adlanır. Burada II Dünya Müharibəsində iştirak edən Azərbaycan qadınlarından bəhs olunur. Kitab həm rus, həm də Azərbaycan dillərində çap ediləcək. Qeyd etdiyim kimi, bununla bağlı film də çəkilir.   Moskvada keçirilən sərgilərə müharibədə iştirak edən Azərbaycan qadınları haqqında da geniş məlumatlar göndərilir. Rusiyanın, Belarusun televiziyaları vasitəsi ilə II Dünya Müharibəsində azərbaycanlıların iştirakı ilə bağlı geniş məlumatalr verilir. Bu verilişlər qələbənin 75-ci ildönümü ərəfəsində daha çox göstəriləcək.   Bununla yanaşı, xüsusi jurnallar buraxılır. “Azərbaycan Veteranı” qəzetinin 40 səhifədən ibarət xüsusi nömrəsi buraxılacaq. Bir daha müharibə qəhrəmanlarımız haqqında ictimaiyyətə geniş məlumat veriləcək. Gənclər arasında isə bu günün özündə də geniş təbliğat işi aparılır, soydaşlarımızın qəhrəmanlıqları, vuruşduqları ölkə və şəhərlər haqqında ətraflı məlumat verilir. II Dünya Müharibəsi qəhrəmanlarının abidələri yenilənir və s.   Biz yaxın günlərdə bu barədə geniş tədbirlər planının təsdiqlənməsini gözləyirik. Sözügedən planının təsdiqlənməsində sonra bu istiqamətdə görülən işlər daha geniş vüsət alacaq”.   Seymur ƏLİYEV

2020-03-11 00:00:00
4958 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatında pulsuz tibbi müayinə

Prezident İlham Əliyevin əhalinin pulsuz kütləvi tibbi müayinədən keçməsi ilə bağlı verdiyi tapşırığa əsasən respublikamızın hər yerində fevralın 15-dən əhalinin ümumi tibbi-profilaktik müayinəsi aparılır. Əhalinin sağlamlığını qorumaq, xəstəlikləri erkən mərhələdə aşkarlayaraq qarşısını almaq məqsədilə keçirilən müayinələrə təcrübəli həkim və tibb işçiləri cəlb olunur.          Mart ayının 1-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında da veteranların pulsuz tibbi müayinəsi həyata keçirildi. Müayinə üçün 37 saylı şəhər poliklinikasının həkimləri səfərbər olunmuşdurlar. Həkimlərdən kardioloq Sevil Mehdiyeva, oftalmoloq Sevda Daşdəmirova, cərrah Vilad Əliyev, stomatoloq Adil Abbasov, tibb bacıları Səbinə Ələkbərova, Rəsmiyyə Kərimova, Reyhan Hüseynova veteranalar öz sahələri üzrə müayinə edərək, müvafiq təyinatlar yazdılar. Ümumilikdə, kardioloji, laborator analizlər, EKQ və digər müayinələr aparıldı.          Aksiyadan təxminən 50-yə yaxın II Dünya müharibəsi, əmək, Silahlı Qüvvələr veteranı istifadə etdi. Müayinə olunmuş veteranların bir neçəsi aksiya ilə bağlı təəssüratlarını bizimlə bölüşdülər:           Binəqədi RVT-nin sədri Telman Hətəmov: “Mən dövlət başçısının bu təşəbbüsündən olduqca razıyam. Vətəndaşlara pulsuz müayinə olunmaq imkanı yaratdığına görə ona dərin minnətdarlığımı bildirirəm. Veteranlar həmişə ölkə rəhbərliyinin diqqət və qayğısını görür bu gün onların sağlamlığı üçün atılan addımları yüksək qiymətləndirirəm. Bu gün bizimlə maraqlanan, qayğımıza qalan bütün həkimlərə təşəkkür edirəm”. II Dünya müharibəsi veteranı İsmayıl Fərəcov: “Belə bir tibb aksiyasının təşkil olunması haqqında tapşırıq verilməsi bir daha sübut edir ki, prezidentimiz hər bir Azərbaycan vətəndaşını sağlam görmək istəyir. Mən bütün veteranlar adından prezidentimizə, bu təşəbbüsün veteranalar üçün həyata keçirilməsinə görə Respublika Veteranlar Təşkilatnın sədri Dadaş Rzayevə, sədr müavini Cəlil Xəlilova öz minnətdarlığımı bildirirəm”. II Dünya müharibəsi veteranı Məmməd Əliyev: “Əhalinin sağlamlığının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək insanların müalicəyə cəlb olunması məqsədi ilə keçirilən bu tədbir hamının ürəyincədir, xüsusilə də biz veteranların. Əməyi keçən hər kəsə dərin minnətdarlığımı bildirirəm.”          Poliklinikanın baş həkimi Təranə Məmmədova səhiyyə aksiyası ilə bağlı bildirdi ki, tibb ocaqlarında əhalinin tibbi-profilaktik müayinədən keçirilməsi üçün lazımi şərait yaradılıb, keçirilən müayinələrin əsas məqsədi xəstəliklərin erkən aşkarlanmasıdır. Poliklinikada işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılıb. Bu briqadalar idarələrdə, məktəblərdə, uşaq bağçalarında və müəyyən səbəblərdən poliklinikaya gələ bilməyən vətəndaşlara evlərində tibbi xidmət göstərirlər.           Xatırladaq ki, cari ilin fevralın 15-dən mayın 15-dək ölkənin bütün ərazisində əhali pulsuz tibbi müayinədən keçə bilər. SƏİDƏ ABDULLAYEVA  

Hamısını oxu
72 gün sonra şəhid xəbəri gəldi

Azərbaycan Silahlı Qüvvəllərinin zabiti Vəliyev Vüsal İslam oğlunun şəhid olduğu müəyyənləşib. “Qafqazinfo” xəbər verir ki, yaxınlarının zabitlə əlaqəsi oktyabrın 2-də kəsilmişdi.  Murov zirvəsi uğrunda gedən döyüşlərdə şəhid olan mayorun cənazəsi sabah Naxçıvana yola salınacaq. Qeyd edək ki, Vəliyev Vüsal 1988-ci ildə Şərurun Dizə kəndində anadan olub. Nişanlı olan mayor Vəliyevin qarşıdakı aylarda toyu planlaşdırılırdı. Şəhid zabitin atası isə oğlunun itkin düşməsi xəbərinə dözməyib oktyabrın 13-də, övladı üçün ev tikmək məqsədilə aldığı torpaq sahəsində olarkən qəfil dünyasını dəyişib. Allah rəhmət eləsin!

Hamısını oxu
Vətənpərvərlik dönməz prosesdir

Vətənpərvərlik tərbiyəsi müxtəlif formalarda, müxtəlif üsullarla aparılır. Bu üsullardan biri də veteranlarla görüşlərdir. Veteranların tarixə, milli mentalitetə söykənən söhbətləri istər yeniyetmələrin orduya hazırlığına, istərsə də əsgərlərin mənəvi hazırlığına təsirsiz ötüşə bilməz. Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatının bu istiqamətdə fəaliyyəti təqdirəlayiqdir. Bu günlərdə Hərbi Dəniz Qüvvələrində keçirilən tədbirdə birinci dərəcəli kapitan Natiq Bağırov qonaqları təqdim etdi. Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxışında bilavasitə şəxsi heyətlə işləyən zabitlərin üzərinə düşən vəzifələrdən, zabit-əsgər münasibətlərinin daha da möhkəmləndirilməsi zərurətindən əsgərin mənəvi hazırlığının döyüş hazırlığı qədər vacib olmasından danışaraq qeyd etdi ki, aprel döyüşləri həm ordumuzun gücünün, həm də ordu ilə xalqın birliyinin təsdiqi oldu. “Təsdiqləndi ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir, sülh danışıqları baş tutmasa, Ali Baş Komandanın döyüş əmrinə hazırdır.” Ehtiyatda olan polkovnik Adil Haqverdiyev çıxışında dedi ki, vətənpərvərlik hisslərinin daha dinamik yüksəlişi ordunun gücü deməkdir. “Ordumuz kifayət qədər güclüdür. Ən müasir silahlar da əsgərə həvalə edilir. Deməli, əsgərin həm döyüş, həm də mənəvi hazırlığı bir-biriylə təmasda aparılmalıdır. Zabitlərimiz bu amili həmişə diqqətdə saxlamalıdırlar.” Silahlı Qüvvələrimizdə, əsasən də Hərbi Dəniz Qüvvələrində 1-ci dərəcəli kapitan Aleksandr Qritçenko yaxşı tanınır. O, 51 kitab müəllifidir, 95 yaşı var. İstər təcrübəsini, istərsə də xatirələrini Silahlı Qüvvələrimizin əsgər və zabitləriylə böyük səxavətlə bölüşür. Tədbirdə iştirak edən qocaman hərbçi Böyük Vətən müharibəsində azərbaycanlı əsgər və zabitlərin xidmətlərindən, şücaətlərindən söz açaraq bildirdi ki, mən ömrümün yarısını Bakıda yaşamışam. “Özümü bakılı hesab edirəm. Silahlı Qüvvələrimizlə həmişə fəxr etmişəm. Ona sevinirəm ki, yazdığım kitablar Azərbaycan Ordusunun əsgər və zabitlərinin mənəvi hazırlığında az-çox gərəkli olur.” Sonra tədbir iştirakçılarına müraciətlə "Sevin Vətəni" - dedi. "Vətəni sevin, Xəzəri sevin. Gəncliyimin şahidi olan Bakı da, Xəzər də mənim ömrümün məbədidi...". 1-ci dərəcəli kapitan Zaur Hümmətov gərəkli tədbir üçün qonaqlara minnətdarlığını bildirdi. Sonda bir qrup zabit Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının idarə heyəti adından ordenlə, fəxri fərmanla təltif edildi. Tədbir bir daha təsdiqlədi ki, vətənpərvərlik dönməz prosesdir...   Rəşid HÜSEYNOV, "Azərbaycan Ordusu"

Hamısını oxu
Dövlətçiliyimizin keşiyində keçən ömür!

Bu gün xalqımızın görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin idarəçilik məktəbinin istedadlı və sədaqətli yetirməsi, respublikamızın dövlət təhlükəsizliyi  sistemininin sabiq rəhbərlərindən biri, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyanın keçmiş rəisi, general-leytenant Ziya Yusifzadənin 95 yaşı tamam olur.  Onun ömrünün böyük hissəsi xalqımıza xidmətdə, məsul dövlət idarəçiliyi işində, yüksək peşəkar fəaliyyətdə keçmişdir. Z.Yusifzadənin Azərbaycanın dövlət təhlükəsizliyi orqanlarında keçdiyi yarım əsrlik şərəfli xidmət  yolu isə bu sahədə çalışan indiki nəsil üçün örnək və canlı məktəbdir. Həyatın ciddi sınaqlarından iti və dərin zəkası ilə çıxan, Vətən və xalq sevgisindən güc alan, ardıcıl və yorulmaz fəaliyyəti  ilə zirvəyə doğru irəliləyən Ziya Yusifzadə zəngin və məzmunlu bir ömür yaşayıb.  Ziya Yusifzadə 1929-cu il fevralın 15-də Şəki səhərində ziyalı ailəsində anadan olub.  Orta təhsili  1946-cı ildə Zaqatala şəhərində  qızıl medalla başa vurub. 1947-1952-ci illərdə ali təhsil aldığı I Moskva Dövlət Xarici Dillər İnstitutunu ingilis dili ixtisası üzrə fərqləmə diplomu ilə bitirib. 1952-1956-cı illərdə respublika Maarif Nazirliyində və Nazirlər Sovetində məsul vəzifələrdə çalışıb. 1956-cı ildə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində həqiqi hərbi xidmətə qəbul olunub. 14 il müddətində pillə-pillə irəliləyərək əməliyyat müvəkkilindən bölmə və şöbə rəisliyinə qalxmışdır. 1970-ci ildə əks-kəşfiyyat şöbəsinin rəisi,  1973-cü ildə komitə sədrinin müavini,  1976-cı ildə isə sədrin I müavini vəzifələrinə irəli çəkilmişdir. 1980-1988-ci illərdə respublika DTK-nın sədri olub. 1977-ci ildə general-mayor, 1984-cü ildə isə  general-leytenant hərbi rütbəsi alıb. 1988-1992-ci illərdə respublika Nazirlər Soveti və Nazirlər Kabinetində millətlərarası münasibətlər şöbəsinə rəhbərlik etmişdir. 1998-2015-ci illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi olub. Keçmiş SSRİ-nin və xarici dövlətlərin 40-dan artıq orden-medalına, müstəqil dövlətimizin  “Azərbaycan bayrağı” və “Şöhrət” ordenlərinə layiq görülüb.  O, 29 sentyabr 2015-ci ildə Bakı şəhərində vəfat edib. Mərhum II Fəxri xiyabanda dəfn olunub. Seymur ŞEYDAYEV

Hamısını oxu