Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Vətənpərvər

Neçə il əvvəl bir dostum haqqında “bizi birləşdirən çox şeylər vardı”, yazmışdım. Bu gün haqqında söhbət açmaq istədiyim Bayram Məmmədovla bağlı da bu sözləri yaza, onunla bölüşdüyümüz çox şeylərin olduğunu deyə bilərəm. Yəqin bununla mübaliğəyə yol vermərəm, çünki biz eyni rayonda yaşamış, eyni məktəbi bitirmiş, ali təhsil aldıqdan sonra da təqribən eyni vaxtda, bir-birinə yaxın sahələrdə fəaliyyət göstərmişik. Bayram partiya-komsomol işində, mən həmin partiyanın orqanı və təbliğat-təşviqat vasitəsi olan rayon qəzetində. Ən başlıcası fikirlərimiz üst-üstə düşüb, dünyaya baxışımız, bölüşdüyümüz dəyərlər barədə uzun-uzadı danışmasaq da onların da cüzi fərqlərlə eyni olduğu qənaətindəyəm. Dinc, Zəngilanlı günlərimizdə də, torpaqlarımızın düşməndən qorunması naminə o silah, mən qələm götürüb səngərə üz tutanda, sonra bizləri Qarabağsız və nəhayət Zəngilansız qoyan illərin acısını çəkəndə, qəzəbimizi ürəyimiz boyda olan yumruğumuza düyünləyib başımız üzərinə qaldıranda da eyni hissləri, ağrı-acıları yaşamışıq. Ancaq Bayram Məmmədovla bir-birimizə dost deməyə haqqımız çatsa da, bu sözü yeri gəldi-gəlmədi işlətməyə ehtiyac duymamışıq. Bayram Məmmədov ixtisasca müəllim və politoloqdur. Rayonun qiyabi orta, Keçikli və Canbar kənd 8 illik məktəblərində ingilis dili müəllimi işləmişdi. Ancaq onu rayonda daha çox tanıdan sovet idarəçilik sistemində xüsusi yeri olan komsomol, partiya təşkilatlarında və Icraiyyə Komitəsində işləməsi olmuşdu. Elə həmin vaxtdan çoxlarının biliyi, təşkilatçılığı, işə münasibəti, şəxsi keyfiyyətlərinə görə bu cavan oğlanı özünə yaxın, etibar ediləsi şəxs saydığını deyə bilərəm. Ancaq fikrimcə, Bayramı bütün zəngilanlıların yaxını, dostu, nəhayət doğması edən onun rayonda yaradılan ilk ərazi müdafiə taborunun (yarandığı vaxt bu hərbi birlikləri özünümüdafiə taboru adlandırırdılar) komandiri, əlinə silah alanların ön sırasında dayanması oldu. Mən o zaman “Vətən səsi”, “Xalq ordusu” və “Sərhəd” qəzetlərində işlədiyimdən  cəbhə və sərhəd rayonlarında tez-tez olurdum. Ən azı ayda iki dəfə Zəngilana baş çəkdiyim, eləcə də Laçın, Qubadlı, Cəbrayıl və başqa rayonlara müntəzəm ezamiyyələrə getdiyimdən ərazi müdafiə taborlarının necə döyüşdüyündən xəbərdar idim. Əli silahlılardan fərqli olaraq əli qələm tutanların üstünlüyü olan bu cəhət bizə həqiqi komandirlərlə təsadüfi şəxsləri bir-birindən fərqləndirməyə imkan verirdi. Əslində sonda yazmağımın daha doğru olduğu fikri elə buradaca da demək istəyirəm. Bayram Məmmədov peşəkar hərbçi olmasa da, əsl komandir, həqiqi vətənpərvər zabitdir. O, hərbi, yaxud xüsusi təhsil almamışdı. SSRİ-nin Uzaq Şərqdəki hərbi hissələrindən birində əsgəri xidmət keçmiş, ehtiyatda olan zabit olmuş, sonra da rayon komsomol təşkilatında idman və kütləvi- müdafiə işləri şöbəsinin müdiri kimi bu sahədə müəyyən təcrübə qazanmışdı. Ancaq getdkcə intensivləşən erməni hücumlarının qarşısının alınması zərurətinin yerli özünümüdafiə taborunun yaradırılmasını həyatı məsələyə çevrdiyi günlərdə Bayram da, döyüş yoldaşları da sanki aylar deyil, günlərlə püxtələşdilər. Əslində mövcud vəziyyət bunu tələb edirdi. Vaxt son dərəcədə məhdud idi. Ermənilərlə döyüşlərin gedişində formalaşan tabordan düşmən təcavüzünün qarşısının alınması üçün hərbi əməliyyatları daha peşəkarlıqla hazırlayıb həyata keçirməsi tələb edilirdi. Bütün bunlar mərkəzdən heç bir real köməyin gözlənilmədiyi şəraitdə baş verirdi. Ancaq həqiqi fədakarlar düşmənə müqavimət göstərməyə qadir hərbi hissə yarada bildilər. Laçında, Qubadlıda olan hərbi birləşmələrlə yanaşı, Ermənistandan gözlənən təcavüzün qarşısında artıq Zəngilan özünümüdafiə taboru da dayanmışdı. Taborun apardığı uğurlu döyüşlər çox keçmədən Bayramın əsl komandir, həqiqi vətənpərvər zabit olduğuna nəinki Zəngianda, qonşu rayonlarda da inam yaratdı. Müdafiə Nazirliyi sistemində sonrakı xidmət illəri də bunun məhz belə olduğunu sübuta yetirdi. Daha dəqiq olsun deyə, onun komandir kimi keçdiyi döyüş yolu, ağır xidmət illəri ilə bağlı bəzi faktları yada salmağı, o vaxta aid qeydlərimi bölüşməyi lazım bilirəm. Çünki faktlara istinad etməkə istənilən məsələ barəsində daha obyektiv, birmənalı fikir yürütmək olar. Digər tərəfdənsə, mənim də Bayram Məmmədovun da xüsusi ilə hazırkı yaşımızda gəlişi gözəl sözlərə ehtiyacımız yoxdur. Beləcə, faktların dili ilə nələrisə çatdırmağa çalışaq. Yazacaqlarımı şərti olaraq sübutlar da adlandırmaq olar. Bayram Məmmədovun şəxsi arxivində saxladığı “Sərhəd” qəzetində (“Komandir nümunə göstərməlidir” 1993-cü il 22 aprel) illər əvvəl dərc olunmuş bir müsahibə. Bu müsahibə həmin qəzetdə hərbi müxbir işlədiyim dövrə aiddir. Doğrusu, arxivlərdə işləməyi xoşlasam da, şəxsi arxiv yaratmaqda laqeyd olduğumu etiraf edirəm. 1984-1992-ci illərdə müxtəlif qəzetlərdə onlarla yazılarımın dərc edilməsin baxmayaraq, bu gün əlimdə 10-15 yazıdan artıq heç nə qalmayıb. Yenə dost-tanış, qohum-qardaş sağ olsunlar ki, hərdən özlərində saxladıqları qəzet nüsxələrinin surətini mənə də verirlər. Bayram Məmmədovun saxladığı həmin müsahibə onunla 1992-ci il dekabr ayının 10-da ermənilərin Zəngilanın 11 kəndini işğal etdiyi günlərdə aparılıb. “Sual: - O vaxt Ordu yox, prezident qvardiyası adı altında eks-prezidenti müdafiə edəcək qüvvələr yaratmağa can atırdılar. Milli Ordunun yaradılması haqqında Qanun əslində kağız üzərində qalmışdı. Cavab: - Əlbəttə, vəziyyət ağır idi. Ordu quruculuğunun ləngidilməsi keçmiş hakimiyyətə sərf edirdi. Halbuki bütün imkanlar bu işə yönəldilsəydi, bütün potensial Ordunun komplektləşdirilməsi və formalaşdırılmasına istiqamətləndirilsəydi, məğlubiyyətlərimiz də olmazdı. Bəlkə də indi müharibəni qurtarmışdıq. Sual: - Yadımdadır, ötən ilin 25 aprelində Zəngilan ərazisinə çox güclü hücum oldu. Artilleriya atəşlərindən sonra düşmən iki istiqamətdə hərbi texnikanın və vertolyotların köməyi ilə torpaqlarımıza soxuldu. Ancaq əsgərlərimizin şücayəti ilə qarşısı alınan ermənilər itki verib geri çəkildilər. Dekabrın 10-da isə 4-5 qat artıq qüvvə ilə torpaqlarımızı düşmən işğalından qoruya bilmədik. Bunu nə ilə izah edirsiniz? Cavab: - Keçən il aprel hadisələri dediyiniz vaxt bizim üçün ən ağır dövr idisə də, inam vardı. Komandirlər nümunə göstərirdilər. 25-i sübhçağı birinci komandirlər getdilər. Kəşfiyyat aparıldı, sonra gərgin döyüşdə düşmən geri oturduldu. Dekabrın 10-da isə mülki adamlar Canbar kəndinə qədər getdilər, düşmənin əsas qüvvələri geri çəkilmişdilər. Ancaq bir nəfər Ordu komandiri tapılmadı ki, əsgərləri döyüşə aparıb ərazilərimizi geri qaytarsın. Ordunun başında duran adamların kimliyi bilinmirdi. Dolayı yollarla Silahlı Qüvvələrə soxulanlar isə döyüş yox, başqa şeylər haqqında düşünürdülər. Mən qəti deyirəm, 10 dekabrda əks-hücum olsaydı, biz torpaqlarımızı geri qaytara bilərdik”. Yəqin ki, əlavə şərhə, qəhrəmanımın qeyd olunan keyfiyyətlərindən xəbər verən məqamların təhlilinə ehtiyac yoxdur. Görünən dağa nə bələdçi. Onunla yenə 1993-cü ilin əvvəllərində baş tutan, sonra bir yazımda yer alan söhbətimizi xatırlayıram. Həmin vaxt bir çox məsələlərdən, əsasən də 1989-90-cı illərdə getdikcə güclənən, sonra daha geniş miqyas alan düşmən təcavüzlərinin qarşısının alınması, torpaqlarımızın müdafiəsinin təşkilindəki problemlərdən danışmışdıq. “Biz ilk dəfə batalyon yaradanda çoxları inanmırdılar ki, Azərbaycanın özünün Silahlı Qüvvələri ola bilər. Buna baxmayaraq, sağlam qüvvələr tapıldı. Məşəqqətlərə, əziyyətlərə davam gətirməli olduq. Biz ilk müdafiə qüvvələrini yaradanda ağsaqqallardan, hətta savadlı adamlardan belə “həyatınızdan qorxmursunuz? Hökumət gələcək, sizi aradan götürəcək” deyirdilər. Bütün bunları bəzən eşitməzliyə vurur, öz işmizi görürdük. Vətənin müdafiəsini hər şeydən üstün tutan adamlar bizə lazımi kömək göstərirdi. Əsas çətinliyimiz o idi ki, bizə dövlət tərəfindən mane olurdular. Ordunun təşkilini ləngitmək üçün hər şeyə əl atırdılar. Nəticəsi gətirib ona çıxardı ki, həddindən artıq itkilərimiz oldu.” Şuşa daxil omaqla Dağlıq Qarabağın, Laçının işğalını, başqa torpaqlarımızın itirilməsini nəzərdə tuturdu. Hələ nə o, nə də mən inana bilməzdik ki, bu itkilər son olmayacaq. Qarşıda bizi daha 6 rayonun işğalı, Xocalı kimi soyqırım fəlakəti gözləyir. Soyqırımlar isə əslində 1905-1907-ci illərdən başlamış, 1918-1920-ci və daha sonrakı tarixlərdə müxtəlif miqyaslarda təkrarlanmış, nəhayət 1988-ci ilin fevralında yenidən vüsət almışdı. Nəticəsi də azərbaycanlıların (düşmənin daha dəqiq adlandırdığı kimi türklərin) öz əzəli yurdlarından didərgin salınması ilə türksüz Ermənistanın yaradılması olmuşdu. Bayramla bu tarixlərin hər biri, ümumən ermənilər (daşnak, yaxud qeyri ad altında əslində fərq etmir) tərəfindən Azərbaycan torpaqlarında törədilmiş qanlı faciələr barəsində xeyli söhbətlərimiz olub. Ancaq təəssüf ki, əksər hallarda olduğu kimi, bizimki sözdən-söhbətdən o tərəfə keçmir. Baxmayaraq ki, bunların bir çoxu onun da, mənim də hansısa yazılarımızda işıq üzü görüb, ictimailəşdirilib. Birbaşa cəbhə xəttində baş tutan söhbətlərimiz də az olmayıb. Belə söhbətlərdə yaxınlığımıza mərmi düşdüyü, güllələrin böyür-başımızdan uçuşduğu anlar da olub. Ancaq söhbətimizi heç vaxt yarımçıq kəsməmişik. Xatırlayıram ki, Bayram torpaqlarımızın müdafiəsini bütün xalqın, onun əli silah tutan hər bir övladının vəzifəsi hesab edir, həmçinin məsələnin obyektiv bir cəhətini də daim vurğulayırdı. Düşmənə qəfil, daha effektli zərbələrin vurulması üçün həmin ərazilərdə doğulmuş, döyüş bölgələrini yaxşı tanıyanlara xüsusi ehtiyac var. Belələri hərbi birləşmələrin azı 35-40 faizini təşkil etməlidirlər. Bu mövqe günümüzdə də öz aktuallığını itirməyib. “Torpaqları qoyub qaçdınız” kimi haqsız ittihamlarla “silahlanmış” biganəlik təcəssümləri, “torpağı ancaq biz qorumalıydıqmı?” kimi utandırıcı bəraət müəllifləri üçün də eyni qədər keçərlidir. Görünür, hələ də “yurdum” dediyimiz torpaqların hər birimiz üçün doğma Vətən olduğunun, Azərbaycan adlandığının fərqində deyilik. Öz əlimiz, öz dilimizlə parçaladığımız Vətəni isə düşməndən müdafiə edə bilmədiyimiz kimi, geri qaytarıb bütünləşdirməyimiz də çətin olacaq. Son 100 ildən bir qədər artıq dövrün hadisələri də bunu dəfələrlə sübuta yetirib. Böyük şair demişkən “məndən ötdü” deyəndən bəri nə qədər torpaqlar itirmişik, nə qədər faciələr, fəlakətlər yaşamışıq. Bunu bizə yaşadan düşmənin, millətçi, qeyri-millətçi, daşnak, bolşevik, ya kommunist (nə adlanması fərq etməz), bir sözlə erməninin arxasında kimlərinsə durmasının da elə bir fərqi yoxdur. Özümüzü bu aldadıcı təsəllidən də uzaq tutmağı bacarmalıyıq. Az qala 200 ildir ki, biz torpaqlarımızı itirə-itirə, ermənilərsə qazana-qazana gəlirlər. Son 30 ildə işğal edilmiş 20 faiz ərazimizi çıxmaqla, hamısı ilə də əslində, təəssüf ki, barışmışıq, yaxud da bizi barışdırıblar (yenə fərq etmir). Heç olmasa, sonuncu işğala görə düşməni layiqincə cəzalandırmaq, Azərbaycanın taleyini qaranlıqdan biryolluq qurtarmaq lazımdır. Sizlərə də yaxşı məlum olan bu həqiqətləri təkrarlamaqda məqsədim onunla hansı fikirləri bölüşdüyümüzü bir daha çatdırmaq, qayğıları, düşüncələri ilə bir az da yaxından tanış etməkdir. Ən yeni tariximizin səngərlərdə yazıldığı günlərdə cəbhə bölgələrini mərhum hərbi operator Seidağa Mövsümlü ilə birlikdə addım-addım gəzən hərbi jurnalist, tələbə dostum Ədalət Teymurovun Bayram Məmmədov haqqında dediklərini yada salmamaq mümkün deyil. Müdafiə Nazirliyinin əməkdaşı, hərbi jurnalist kimi komandirlərin avtobioqrafiyasına, xarakterlərinə, səriştələrinə yaxşı bələd olan Ədalət Bayram barəsində rəğbətlə danışır, onun tabeliyində olanlarla davranışını xüsusi vurğulayırdı: “Deyirlər, dünya yaxşıların çiynində qərar tutur. Həmin yaxşılar öz varlığı ilə dünyanı zinətlədirir. Bayram Məmmədov dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan Ordusunun ilk zabitlərindən, Vətənin müdafiəsi üçün könüllü olaraq əlinə silah götürənlərdən biri, birincilərdən idi. Bayramı mən də, başqaları da qətiyyətli, tabeçilində olanlara qayğıkeş yanaşmaqla onlardan nizam-intizam tələb edən komandir, əsl zabit kimi tanıyırıq. Döyüşlərdə əldə etdiyimiz uğurlar da elə onun kimi zabitlərin sayəsində mümkün olurdu. O, yaddaşımda xeyirxah, sadə, çətin vəziyyətdə özündə güc tapmağı bacaran insan kimi də qalır.” Dəqiq və səmimi sözlərdir. Mən deyilənlərin təsdiqi kimi onun özündən rütbəcə kiçik zabitlərə, əsgərlərə xoş münasibətinin, əsil ata, böyük qardaş qayğısının dəfəlrlə şahidi olduğumu da əlavə etmək istərdim. Bayram Məmmədov səngərdə dayanan əsgərin təkcə isti paltara, isti yeməyə deyil, həm də insani münasibətə ehtiyacı olduğunu yaxşı başa düşür və bunu həmişə nəzərə alırdı. Onunla şəxsi heyət arasında qarşılıqlı etimad da bunun nəticəsi idi. Bütün bunlarda yəqin pedoqoji təhsil almasının da təsiri vardı. Qeyd edim ki, ünsiyyətcil olması, qarşısındakını inandırmaq bacarığı da onu həmişə fərqləndirib. Birgə iş yerimiz, müstəqil hərbi jurnalistikamızın ilk səlnaməsini yaradan “Xalq Ordusu” qəzetindən tanıdığım (hazırda “Azərbaycan Ordusu”) şair dostumz, yazdıqlarının reallığına və səmimiliyinə inandığım Rəşid Faxralının “Ədalət” qəzetindəki “Kamil insan” məqaləsindən: “Döyüşlərdə özü də iştirak edirdi. Tanıyanlar ona “Döyüşən komandir” deyirdi. Döyüşlərin birində əsgərlərdən birinin yaralandığını görüb, komandir onu döyüşün içindən çıxarmaq üçün kimisə səsləməyib, kiməsə göstəriş verməyib, yaralı əsgərin imdadına özü çatıb. Əsgərə tibbi yardım göstərilib. Az sonra həkim deyib ki, gecikdirilsə, yaralı əsgər qanaxmadan keçinərdi.” Bayramı tanıyanlar da inanırlar ki, onun döyüş yolu ilə bağlı belə faktlar çoxdur. Ancaq həmin faktlarsız da hər şey ortadadır. Bayram Məmmədov ilk gəncliyindən mərd, vətənpərvər insan kimi diqqət çəkib. Ali təhsilni əla və yaxşı qiymətlərlə başa vurduğu Azərbaycan Pedoqoji Xarici Dillər İnstitutunda aspirant kimi qalmayıb ucqar dağ kəndələrində müəllim işləmək istəyini qətiyyətlə bildirəndə, əvvəl şagirdlərinin, sonra bütün rayon gənclərinin vətənpərvərlik, mübarizlik ruhunda tərbiyəsində bütün biliyini, ürəyinin hərarətini əsirgəməyəndə, nəhayət Zəngilanın ilk öznümüdafiə taborunun yaradılmasında gecə-gündüz demədən fədakarlıqla çalışanda bu qənaətlərin doğruluğunu təsdiqləyib. B.Məmmədov 1991-ci ildən 2006-cı ilədək Müdafiə Nazirliyi sistemində hərbi hissə (tabor) komandiri, hərbi hissə (alay) komandirinin müavini, Silahlı Qüvvələrin Arxa Cəbhəsinin Kadrlar bölməsinin və Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin baş zabiti, NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramının həyata keçirilməsi bölməsinin rəisi olub. 2006-cı ildə Silahlı Qüvvələrin ehtiyatına buraxıldıqdan sonra həmin ilin iyun ayından Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin xarici dillər kafedrasının baş müəllimi təyin edildi. Daha sonra Silahlı Qüvvələrin Hərbi Akademiyasının Xarici Dillər kafedrasının rəis müavini – baş müəllimi, milli təhlükəsizlik və humanitar elmlər kafedrasının xarici dillər silsiləsinin rəisi – dosent və xarici dillər bölməsinin baş müəllimi-bölmə rəisi  vəzifəsində çalışdı. Hazırda Silahlı Qüvvələrin Hərbi Akademiyasının Xarici Dil və Tərəfdaşlıq Mərkəzinin Roman - German dilləri bölməsinin baş müəllimi vəzifəsində Silahlı Qüvvələrimizə yüksək hazırlıqlı, peşəkar zabitlər hazırlamaqda üzərinə düşən tapşırıqları bacarıqla yerinə yetirir. Başlıcası budur ki, bu illər ərzidə o, nəinki onu insanlara sevdirən, dəyərini artıran yüksək keyfiyyətlərini dəyişməyib, əksinə bütün iş yoldaşları və tanıyanların məmnunluqla qeyd etdiyi yenilərini əlavə edib. Ancaq bütün bunlara görə nə mükafat umub, nə də özünə vurğunluq xəstəliyinə düçar olmayıb. Çünki mayası belə yoğrulub, necə deyərlər, sadə, zəhmətkeş ailədə böyüməsi, çətinliyin nə demək olduğunu şəxsi həyatında yaşaması onu təvazökar, başqalarının əməyinə qiymət verməyi, özünü ağır, sanballı aparmağı bacaran bir insan kimi yetişdirib. Mükafatlara gəlincə, bunlar Bayram Məmmədovu özü, həm də çox sakit, əksər hallarda özündən xəbərsiz tapıb. “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, AR Silahlı Qüvvələrinin bir neçə, o cümlədən 100 illiyi yubiley medalları, SSRİ Dövlət Təhlükəsizlik Komitəsi Sərhəd Qoşunlarının birinci dərəcəli medalı, Müdafiə Nazirliyi üzrə fəxri fərmanlar və qiymətli hədiyyələr, nəhayət Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 24 iyun tarixli 1291 nömrəli Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Əlbəttə, bu siyahını bir qədər də uzatmaq olar. Ancaq mahiyyət eynidir. Bayram Məmmədovun fədakar və səmərəli fəaliyyəti, layiqli əməyi, məsuliyyəti və peşəkarlığı layiqincə qiymətləndirilib. 2004-2013-cü illərdə Beynəlxalq Hərbi İdman Şurasının (BHİŞ) Azərbaycanda keçirdiyi Cüdo üzrə 30-cu, Güləş üzrə 24-cü, Boks üzrə 52-ci dünya çempionatlarının, BHİŞ in Avropa Konfransının, hərbçilərin 1-ci Dünya Futbol kubokunun Təşkilat Komitəsinin üzvü və koordinatoru olanda da o eyni əzm və fəaliyyət nümunəsi göstərmişdir. Onu gəncliyindən idmana bağlayan tellər isə fərdi maraq səviyyəsindən daha yüksək, mübaliğəsiz demək olar ki, kifayət qədər möhkəmdir. Hazırda Azərbaycan Respublikası Hap Ki Do Federasiyasının vitse-prezidenti olan Bayram Məmmədovun kiçik oğlu Orxan Məmmədli taekvando(İTF) üzrə Avropa çempionu və əlbəyaxa döyüşlər üzrə beşqat dünya çempionudur.  Dəfələrlə şərq döyüş növləri üzrə ölkə səviyyəli yarışların qalibi olub. Bayram oğlu Orxanın müqəddəs Azərbaycan bayrağını beynəlxalq yarışlarda dəfələrlə dalğalandırmasından bir ata kimi haqlı qürur duyub. Onunla bərabər bu duyğuları bütün Azərbaycana yaşatdığı üçün Orxana “atana layiq, fəxr ediləsi övladsan”, deyir və idman həyatında yeni uğurlar arzulayırıq. Bayram Məmmədov istefada olan polkovnik-leytenant, Qarabağ müharibəsi veteranı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Əməkdar müəllimdir. Ancaq onu bir insan, vətəndaş kimi bütün bu rütbələrdən, titullardan daha artıq xarakterizə edən bir ad var – vətənpərvər. Yurd həsrətli, Vətən yanğılı yazılarından, işğal altındakı torpqalara qayıdış, gənclərin igidlik, dönməzlik ruhunda tərbiyəsinə önəm verilməsinə çağrıan məqalə və çıxışlarından da vahid, qırılmaz bir xətt keçir -  vətənpərvərlik. Şotland əsilli məşhur amerikalı aktyor və rejissor Mel Gibsonun baş rol oynadığı “Vətənpərvər” filmini xatırlayıram. Bütün itkilərə, mərhumiyyətlərə, hətta sarsıntılara baxmayaraq, filmin qəhrəmanı sonunda düşmənini məğlub etməyi bacardı. Biz də bacarmalıyıq və bacaracağıq. Artıq başqa yolumuz yoxdur. Əsla, gəlişi gözəl səslənməsi üçün demirəm. Biz də düşmənə qalib gələcək, torpaqlarımızı işğaldan azad edəcəyik, çünki Bayram Məmmədov kimi vətənpərvər insanlarımız, onların yolunu şərəflə davam etdirən gənc əsgər və zabitlərimiz var.   Lətif Şüküroğlu, ehtiyatda olan polkovnik, Azərbaycan Yazıçılar və Jurnalıstlər birliklərinin üzvü.

2020-03-16 00:00:00
3733 baxış

Digər xəbərlər

Mehriban Əliyeva Konstitusiya Günü münasibəti ilə xalqı təbrik edib

Bakı, 12 noyabr, AZƏRTAC  Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Azərbaycan Respublikası Konstitusiyasının 25 illiyi münasibətilə paylaşım edib. AZƏRTAC paylaşımı təqdim edir. “Əziz həmvətənlər! Azərbaycan Respublikası Konstitusiyasının 25 illiyi münasibətilə hamınızı səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram! Ölkəmizin bu illər ərzində keçdiyi yol xalqımız üçün azadlıqdan, dövlət müstəqilliyindən, sarsılmaz birlikdən dəyərli heç nə olmadığını göstərdi! Azərbaycan xalqının həmrəyliyi və ölkəmizin müstəqilliyi əbədi olsun! Qoy Vətənimizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün! Uca Tanrı sevimli, doğma Azərbaycanımızı qorusun!”.

Hamısını oxu
“Mavi Ürəklər” xor qrupundan maraqlı təqdimat...

1992-ci ildə BMT Baş Məclisi dekabrın 3-nü "Əlilliyi olan insanların Beynəlxalq günü" kimi qeyd olunması haqqında Bəyannamə qəbul etmişdir. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır. İndi dünya əhalisinin təxminən 10 faizini fiziki cəhətdən məhdudiyyətli insanlar təşkil edir.   “Birgə və Sağlam” İctimai Birliyinin autizm spektr pozuntulu üzvlərindən ibarət “Mavi Ürəklər” xor qrupu “Əlilliyi olan insanların Beynəlxalq günü”  ilə əlaqədar söz və musiqisi Arzu Səmədqızına aid olan “Eşidin Səsimi” mahnısını təqdim edir. Diqqətinizə çatdıraq ki, mahnını Nuray Eynallı və autizmli şəxslər olan Əlisahib Bayramov, Kənan Məmmədov ilə Ayxan Quluzadə səsləndirib.   Bu video ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAlD) və "The Black Sea Trust for Regional Cooperation" qurumlarının maliyyə və təşkilati dəstəyi ilə "Hər Kəs Üçün Bərabər Təhsil Hüquqları" lahiyəsi çərçivəsində hazırlanmışdır.    

Hamısını oxu
Siz nə edirsiniz, cənab Prezident!

  “Bu gün Madagizdə Azərbaycan Ordusu Azərbaycan bayrağını qaldırdı”. Bugünkü tvitinizdir... Yazırsız ki, “Madagiz bizimdir”. Siz nə edirsiniz, cənab Prezident! Nə qədər heyrətamizdir, bilirsiniz?! Bu, Qələbə müjdəsi deyil, bu, Möcüzədir, arzularımızda, xəyallarımızda, təsəvvürlərimizdə 30 il birikdirdiyimiz Möcüzə... O qədər sevinc, qürur və həyəcan içindəyik ki, ürəyimizin dözməyəcəyindən, dayanacağından qorxuruq. Bu qədər sevinci, xoşbəxtliyi, bəxtəvərliyi birdən-birə yaşamaq, dadmaq olar?! Ordumuzun və Sizin sürətinizə çatmaq üçün qaçırıq, fərqindəsiniz?! Gözümüz, könlümüz sevinir, ruhumuz bayram edir, yalnız və yalnız pozitivə köklənmişik, evrənə müsbət enerji göndərərərk eynisini geri gətiririk. İnsanın iliklərinə qədər, saçlarının ucuna qədər, başlanğıcından sonuna qədər sevinməsi, fərəhlənməsi budur! Siz bu 1 həftədə sadəcə 7+7 kənd almamısınız, bizimçün 7777 kənd dəyərindədir işğaldan azad etdikləriniz! O yüksəkliklər var ya... – ki, indiyədək bizə göyün yeddinci qatı qədər uzaqdan görünən, əlçatmaz, ünyetməz olan, azad etdiyiniz yüksəkliklər - cənab Prezident, orda Üçrəngli bayrağımızı dalğalandırırsınız artıq... Biləsiniz ki, bizi də onlar qədər – o Dağlar qədər, o Zirvələr qədər yüksəltmisiniz, göylərə qaldırmısınız, ucaltmısınız. Dünyada 50 milyon azərbaycanlı var, bu günlər heç birimizin ayağımız yerə dəymir, göylərdəyik hamımız. Qanad açmışıq, uçuruq Vətən səmasında... Nə qədər gözəl, ağlasığmaz dərəcədə gözəl, fövqəladə gözəl hisslər yaşayırıq, bilirsinizmi?! Siz bu xalqa nələr verirsiniz, cənab Prezident! Siz bizim arzularımızı bir-bir göyərdirsiniz; siz bizim xəyallarımızı gerçəkləşdirirsiniz; siz əfsanə yaradırsınız! Yadınızdadır, Şuşada “bədnam düşmənlərimizin ”inauqurasiya”sı keçiriləndə hamımız çox sınmışdıq, çox qırılmışdıq, zərrələrə bölünmüşdük, “Şuşanı vur” deyirdik... Biz gözümüzü Sizə dikmişdik, Şuşanı “vurmağınızı” istəyirdik! İstəyirdikmi? Şuşa vurularmı? Siz öz təmkininizlə bunu ifadə edirdiniz. “İnauqurasiya”dan sarsılanlarımız isə bu “intihara” getməyimizi istəyirdi... Biz toplum olaraq səbirsizliklə Şuşanın, Xankəndinin, Laçının, Kəlbəcərin... vurulmağını umarkən, intihara hazır olduğumuzu göstərərkən, Siz xalqın xilas gününü hazırlayırsınızmış... Siz bütövlükdə 50 milyonu özünəqəsddən xilas etdiniz, cənab Ali Baş Komandanım! Nə qədər böyük strateq, nə qədər uzaqgörən hədəfiniz, nə gözəl Xilas Planınız varmış! Siz Qarabağ hərbi üçün bütün dünyanı dolaşırdınız - Valdayda, Soçidə, Aşqabadda, Münhendə erməni baş nazirini ifşa və zəlil edəndən sonra; diplomatik qələbələrin ardınca “Bu da Hərb Meydanı!” dediniz... Siz Qələbəni – Qələbəmizi ilkinindən-sonuna, son gününə, anına, anılarına kimi planlayıb bitirirmişsiniz, “Xankəndi Xanın kəndidir, hanı bu şəhərin “qədim erməni” adı? Niyə bu torpaqlara gəlmələrinin 150 illiyinə “Marağa –150” abidəsini 1978-ci ildə qoymuşdular? Sonra niyə tələm-tələsik o abidəni söküb gizlədir, izini itirirdilər” deyəndə Xankəndini bir nəfəs qədər yaxında hiss edirmişsiniz, cənab Prezident... Mən indi anlayıram ki, əslində Siz öncə Qarabağı ürəyinizlə, qəlbinizlə, daxili inamınızla almısınız. Ürək yanıltmaz. Tanrı Sizə bu şansı tanıyıb. Məhz Sizə tanıyıb. Tanrı istəyib ki, Qarabağın xilaskarı, Azərbaycanın bütövlüyünün memarı, Qələbəmizin Sərkərdəsi məhz Siz olasınız! Allah necə böyükdür! Allah necə müdrikdir! Siz bizi diriltdiniz, dirildirsiniz, cənab Prezident! Siz bu məmləkətin ən Diri Övladlarının – Şəhidlərimizin ruhunu şad edirsiniz! Mən bilirəm ki, indi Polad Həşimovun, Mübariz İbrahimovun, Vəzir Orucovun, Şirin Mirzəyevin, Raquf Orucovun və yüzlərlə şəhid qəhrəmanlarımızın ruhu necə şaddır... Mən əminəm ki, 2 yaşlı Zəhra balamızın bapbalaca qəlbi-ruhu necə şaddır... Mən əminəm ki, Xocalının ruhu necə şaddır... Mən əminəm ki, Sizin valideynlərinizin – böyük Heydər Əliyevin, dəyərli Zərifə Əliyevanın ruhu necə şaddır... Onlar Sizinlə qürur duyurlar... Onlar Sizin qürurlandırdığınız 50 milyon insanımızın şükranlığı ilə qürur duyurlar... Tarix yazmaq, tarix yaratmaq hər dövlət adamına, dövlət başçısına nəsib olmur. Bəzən, bir çox hallarda onlar tarixdən bir epizod kimi keçib gedirlər. Liderlik – başqa bir mərtəbədir. Fərqli bir obrazdır. Tarix yazmaq, bir millətin taleyini dəyişmək, sərhədlərini birləşdirmək, bütövləşdirmək, coğrafiyası, ərazisi ilə yanaşı, özünü də bütünləşdirmək miqyasagəlməz xidmətdir. Vətən, millət və Tanrı qarşısında! Seçilməkdir bu! Siz bu xalqın və Tanrının seçilmişisiniz, cənab Prezident... Təşəkkürümüzü və minnətdarlığımızı ifadə etmək üçün Söz acizdir... Bir insan, bir toplum, bir millət öz Liderinə, öz Ali Baş Komandanına necə minnətdar olar, necə təşəkkür edər?! Bir insan şükranlığını necə ifadə edə bilər? Sizin hazırlıqlarınız fonunda biz sanki hazırlıqsız yaxalandıq... Cənab Prezident, Siz bu günlərdə yalnız Qarabağ uğrunda müharibə aparmırsınız. Siz eyni zamanda, eyni əzmkarlıqla bu Millətin Ruhunu ayağa qaldırırsınız: Siz bu Millətin 1813-də, 1828-də, 1905-də, 1918-də, 1929-də, 37-də... və 1988-də qırılan, əzilən Varlığını ayağa qaldırırsınız! Siz Milləti böyüdürsünüz! Tanrı Sizi və Əsgərlərimizi qorusun! Tanrı Sizi və Qələbəmizi qorusun! Bu millətin Sonsuz Sevgisi Sizə halal olsun! Min dəfə, milyon dəfə HALAL OLSUN! Madagizin özünü də, anında adını da geri aldınız – Suqovuşan! Şükür qovuşdurana.  

Hamısını oxu
Şəhid övladları üçün təşkil edilən "YAŞAT" düşərgəsi başa çatıb

Veteran.gov.az xəbər verir ki, “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən "YAŞAT" düşərgəsi başa çatıb.   Düşərgənin sonuncu günündə Elektron Hökumətin İnkişafı Mərkəzinin əməkdaşları tərəfindən "Süni zəka: kodla və oyna", "Data elmi və tətbiq sahələri" mövzuları üzrə təlim proqramları keçirilib.   Eyni zamanda iştirakçılar üçün hovuz və əyləncə saatı təşkil olunub.   Sonra "YAŞAT" düşərgəsinin bağlanış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, Fondun Himayəçilik Şurasının üzvləri Sevinc Alızadə, Anar İsgəndərov, "ASAN Könüllüləri" Təşkilatının sədri Emiliya Bayramova və digər qonaqlar iştirak ediblər. Qonaqlar uşaqlarla birgə şam ediblər.   Günün sonunda tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə düşərgənin qala gecəsi təşkil olunub.   Düşərgə ərzində uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, tanınmış şəxslər, peşəkarlar, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramları təşkil olunub.   Düşərgə şəhidlərimizin 8-11, 12-14, 15-18 yaş kateqoriyasında olan övladlarını əhatə edib. Həmçinin tərəfdaşlar tərəfindən iştirakçılara müxtəlif hədiyyələr təqdim edilib.   Düşərgə boyunca uşaqlar sığortalanıblar və davamlı olaraq həkim nəzarəti və psixoloqlar tərəfindən müşayiət olunublar. Psixoloqlar tərəfindən müxtəlif terapiyalar keçirilib, o cümlədən fərdi və kollektiv görüşlər, konsultasiyalar zamanı aşkarlanmış problemlər üzrə müalicəyə ehtiyacı olan uşaqlar müəyyənləşdirilib və Fond tərəfindən düşərgədən sonra müalicə prosesinə cəlb olunacaqlar.   Düşərgədə “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən innovativ düşünmə tərzinin aşınlanması məqsədilə yarışmalar, habelə robotexnika, yuxarı yaşlı uşaqlar üçün isə “Hakaton” keçirilib.   2021-ci ilin 12 iyul tarixindən şəhid övladları üçün başlayan yay düşərgələri avqust ayının sonuna qədər davam edib. Ümumilikdə 300-dək uşağı əhatə edən 6 düşərgə həyata keçirilib Hər düşərgə ümumilikdə 6 gün 5 gecəni əhatə edib.   Düşərgənin media dəstəkçiləri Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV) və ASAN Radiodur. Düşərgənin baş spo nsorları “Lankaran springs” otel, “PMD Hospitality”dir.   Sponsorlar: “Elektron Hökumətin İnkişafı Mərkəzi”, “İnnovasiyalar Mərkəzi”, "PAŞA Bank", “PAŞA Həyat”, “Bravo”, “Nar”, “Gazelli Group”, “Rabitəbank”, “Turanbank”, “Decoria”, “AMO Group”, “Slavyanka”, “Azərsun”, “Shokki Mokki”, “Əli və Nino”, “Oven”, “Happy day cake”, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası(AFFA), “Gənc Psixoloqlar” İctimai Birliyi   Logistika dəstəyi: Bakı Nəqliyyat Agentliyi, Regional olimpiya kompleksləri  

Hamısını oxu