Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Dəyərli tədqiqatçı, fədakar vətəndaş

Hacı NƏRİMANOĞLU
Zəngəzur Cəmiyyətləri Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Tarix üzrə fəlsəfə doktoru, ehtiyatda olan polkovnik Lətif Şüküroğlu (Babayev) adı, imzası Qarabağ müharibəsinin ön cəbhəsində savaşmış döyüşçülərə, zabit-komandir heyətinə, hərbi jurnalistlərə, ordu, sərhəd, polis, təhlükəsizlik strukturlarında çalışanlara yaxşı tanışdır.
 
Hərbi jurnalistikamızın tanınmış imzalarından olaraq, onun cəbhə, döyüş bölgələrində yaşayıb çalışarkən gördükləri, qazandığı praktiki biliklərin, peşəkar bacarıqların, təcrübi fəaliyyətlərin nəticəsi idi ki, Lətif sonradan tarixşünaslığımızda Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu, sərhəd mühafizəsi məsələlərinin ən nüfuzlu tədqiqatçılarından biri, tanınmış tarixçi alim oldu - “niyətin hara, mənzilin ora”. Lətiflə bağlı xatirələr məni 30 ilin o üzünə apardı; Zəngilanlı Lətif Şüküroğlu “Vətən səsi” qəzetinin, mən AzərTAc-ın müxbiri idik,  görüşürdük, xəbərləşirdik, sevindirici, uğurlu hərbi əməliyyatlarla bir-birimizi məlumatlandırırdıq. Güclü, qürurlu, enerjili gənclər idik, ayağımız dünyaya göz açdığımız, göz açıb ilk gördüyümüz, könül verib ilk sevdiyimiz doğma torpağımızın üstündə idi, dimdik gəzirdik. Ermənistan və Dağlıq Qarabağla 180 kilometrə qədər bitişik sərhəddi olan Qubadlı, Zəngilan və digər sərhədyanı bölgə torpaqlarının müdafiəsi 1988-91-ci illərdə əsas yerli əhalinin, özünümüdafiə dəstələrinin və polisin üzərinə  düşürdü, hər kəs ilk növbədə ailəsini, ev-eşiyini, doğmalarını düşünürdü, yurd-yuvasında yaşamaq, el-obanı qorumaq üçün yaşayırdı. Cavanlar dünənə qədər elə Qafan, Gorus, Qacaranda qarşımızda quyruq bulayan, indisə canımıza, torpağımıza qənim kəsilib qan-qan deyən erməni silahlılarına (saqqallılarına) qarşı  döyüşmək, öldürülən hər kəsin intiqamını artıqlaması ilə almaq arzusu ilə alışıb yanırdı. Hər kəndin öz müdafiə dəstəsi var idi, aşağı kəndlər hansı gün ön mövqelərdəki hansı postu, olan-qalan ov tüfəngləri ilə birlikdə kimdən, nə vaxt təhvil alacağını bilirdi, ölmək var idi, geri çəkilmək yox. Ölürdük, öldürürdük. Kimin həddi nəydi kəndindən çıxmağı, evindən nə isə daşıyıb çıxarmağı düşünəydi, el qınağı, töhməti nəslinə ləkə olardı. Ermənistanın ən böyük 2-3-cü şəhərlərini birləşdirən Qafan-Gorus abad avtomobil yolu ilə erməni tərəfinin quşu da qorxusundan uça bilmirdi, o ki ola maşını, texnikası. Gecələr bu şəhərlər qorxudan işıqlarını da yandıra bilmirdi. 1993-ün avqust, oktyabrına hələ 4-5 il var idi. Bu yerlərin xəyanətlə, məkrli planlarla murdar qonşularımıza təslim ediləcəyi,  Qarabağ, ətraf rayonarla bağlı işğal planlarının belə asanlıqla gerçəkləşəcəyi heç xəyalımıza da gəlməzdi, yuxumuza da girməzdi. ... Üç yazar - Nəsiman Yaqublu, Lətif Şüküroğlu əlində də həmişəki fotoaparatı raykomun ayırdığı UAZ-da ön mövqelərdə ayıq-sayıq keşik çəkən döyüşçülərlə, sərhəd kəndlərinin sakinləri ilə görüşdük. Bizim son postu da keçib, bütün təkidlərə baxmayaraq, ermənilərin də qarşı təpələrdən əl içi kimi gördükləri güllə məsafəsi dərənin dibinə enib Turşsu bulağından su içmək həvəsimizin qarşısını ala bilmədi. Bura Zəngilan, Qubadlı, Qafanın - aşağı Zəngəzurun qovuşduğu məkan, Üçənis erməni kəndi ilə bizim Fərcanın arasında unikal mənzərə idi. Sonra bizim kəndin orda postda duran cavanları deyirdi ki, o bulağa sonuncu enən siz oldunuz, bir neçə gün sonra İrəvandan gələn saqqallılar həmin yerdən Çərəli İrzəvanı girov aparmışdılar, təbii ki, yenə bizim qorxubilməz “Qaranquş” partizan, kəşfiyyat dəstəsinin uşaqları polislərimizlə birlikdə diri erməni tutub aldəyiş eləmişdilər. Belə şeylər bu sərhəd bölgəsində adi hala çevrilmişdi. Sonra Xocalıdan nə qədər əsiri azad eləmişdi bizim uşaqlar. Şuşanın işğal günlərində Şuşaya bitişik Turşsudan Söhbət Səfərli və Nəsiman Yaqubla birlikdə Lətifin AzTV ilə yayılan canlı məlumatları, həyəcan dolu səsi bu gün də yaddaşımdadır, Şuşa, Laçının işğalı ilə bağlı Lətif Şüküroğlu və Söhbət Səfərlinin "Xalq Ordusu"nda çıxan silsilə yazıları o günlərin acı həqiqətlərini anlamaq baxımından bu gün  daha çox lazımdır. Onu da deyim ki, həmin yazıların üçü də  Şuşa-Laçının işğalı ilə bağlı məhkəmə işinin  istintaq materiallarında istifadə edilib. Heç nə unudulmamalı, heç kim yaddan çıxmamalıdır, Qarabağda ürəyinin, vicdanının səsi ilə ölümlə üzbəüz qalıb qələmlə savaş aparanlar, savaş tarixini yaddaşa yazanlar da. Və sonra olanlar oldu... 1990-cı ilin 20 yanvarında Bakıda günahsız insanları qətlə yetirən rus ordusunun tanklı, vertolyotlu, pulemyotlu hərbi hissələri – çağırılmamış qonaqları əllərində fövqəladə vəziyyət rejiminin tətbiqi haqqında qərarla Zəngilana, Qubadlıya daxil oldu. Müsibətlər ondan sonra başladı; özünümüdafiə dəstələrində, kəndlərdə, kimin əlində, evində qeydiyyatlı-qeydiyyatsız nə silah-sursat, ov, quş tüfəngi, məktəblərdəki tir tüfəngləri, idman tapançalarına, aşağı rayonlardan alıb gətirib RTS-in sexlərində “peredelka” elədiyimiz doludağıdan toplara kimi guppultusu, tappıltısı gələn hər şey yığıldı, polis şöbəsindəki, hərbi komissarlıqdakı bir neçə avtomat silahla birlikdə rus hərbçilərinin əli ilə sərhəddin o tərəfinə ötürüldü, rus ordusunun bu gəlişi o yerlərin ermənilərə verilməsinə hazırlıq idi. Və sonra Milli Ordumuz gəldi, 1993-cü ilin avqustun son günləri yuxarıdan verilən əmrlə Qubadlıda yerləşən 6 batalyonun hamısı canlı qüvvəsi, texnikası ilə birlikdə çox böyük mütəşəkkilliklə rayonu tərk etdi, əliyalın camaat təpədən dırnağa qədər silahlı, bu elin qanına susayan erməni ordusu ilə üz-üzə qaldı. Yaddaşsızlara xatırlatmağı borc bilirəm; 1988-ci il noyabrın 24-də Qubadlıdan 13 km aralı daşnak yuvası Gorusun 3 km-liyində yerləşən Eyvazlı kəndimiz gecə hücumu ilə yağmalanıb yandırılmışdı, 1993-cü il avqustun 31-dək qalan 93 kəndimizin hamısı əlimizdə idi, əhalisi də içində  yaşayırdı, dediyim o əvvəlcədən planlaşdırılmış əmrin “mütəşəkkil” icrasının nəticəsi idi ki, Qubadlıda təkcə işğalın son iki günündə, yəni 30-31 avqustda qətlə yetirilmiş mülki şəxslərin sayı 183 nəfər, işğal zamanı güllə yarası və ya digər səbəbdən əlil olanların sayı 238 nəfər, işğal zamanı aldığı zərbədən sonralar vəfat etmiş şəxslərin sayı 9 nəfər, ermənilər tərəfindən girov götürülmüş və işgəncələrə məruz qalmış şəxslərin sayı 49 nəfər olmuşdu (http://www.qubadli-ih.gov.az/page/42.html.) Bəllidir ki, 802 min kv.km ərazisi olan rayon, şəhər, kənd, qəsəbə uğrunda savaşda ilk növbədə və ən çox döyüşçü, əsgər savaşıb həlak olmalıydı. Milli Ordu, Daxili İşlər Nazirliyinin şəxsi heyətindən işğalın o son günlərində cəmi 5 nəfər şəhid, 3-4 nəfər də yaralı olmuşdu. Bunlar da ərazini döyüşsüz tərk etmək haqqında verilmiş əmrə tabe olmayıb doğma yurdunu, el-obasını, darda qalmış ailələrini, həmvətənlərini labüd ölümün murdar əllərindən xilas etmək üçün ordudan yayınanlar idi. Bu müharibəyə başlamadan əvvəl ermənilər 1918-ci ilin təcrübəsini yaxşı öyrənmişdi,  Zabux dərəsində Xosrov bəy, Sultan bəy Sultanovların verdiyi dərsdən nəticə çıxarmışdı, Ermənistanla dövlət sərhəddindən hücum edib Qarabağa koridor açmağın həm də Kəlbəcərin işğalına dair BMT-nin dişsiz kağız üzərində olsa da, qərarın da nəzərə alıb bu dəfə  Azərbaycanın içində Dağlıq Qarabağı, Şuşa, Laçın, Ağdam, Füzuli, Cəbrayılı alıb Ermənistanla birləşmişdilər, bu savaşı Dağlıq  Qarabağ ermənilərinin azadlıq hərəkatı kimi göstərə bilmiş, sonra da hərbi uğurlarını siyasi-diplomatik üstünlüklə də möhkəmləndirib “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” kimi  təqdim etməyi bacarmışdılar. Zəngilanı Azərbaycanla birləşdirən Horadiz avtomobil və dəmiryolunun tutulmasından sonra da mühasirədə yalqız qalan Zəngilan daha 60 gün təkbaşına davam gətirdi – 1993-cü ilin 29 oktyabrına qədər,  köməyə, imdada çağıran səsə, o cümlədən bu sətirlərin müəllifinin Dövlət İnformasiya Agentliyi - AzərTAc-a ötürdüyü, yaydığı, Lətif Şüküroğlunun “Sərhəd” və başqa qəzetlərdə dərc etdirdiyi real mənzərəni əks etdirən həyəcanlı çağırışlara səs verən olmadı, Bakıda ayrı oyunlar gedirdi. Araz çayı Zəngilanlıların yeganə xilas yolu oldu. ... Lətifin facebook səhifəsində fotosunu paylaşdığı “Əliyar Əliyevlə beş görüş” adlı bir səhifəlik məqaləsi əməkdaşlıq etdiyi «Azərbaycan ordusu» qəzetinin 1993-cü il 24 aprel nömrəsində dərc olunub. Və bu məqalədə həm Lətifin, həm də jurnalist dostları Bədirxan Əhmədli, Söhbət Səfərli, Nəsiman Yaqublu ilə Qubadlının sərhəd kəndlərində Şəhid batalyon komandiri ilə, döyüşçülərlə görüşlərinə, uğurlu hərbi əməliyyatlara dair detallar da əks olunub. Bu yazını oxuyub bir daha təsirləndim, anladım ki, məni Lətifə bağlayan tellər həm də ümumi dərdin daşıyıcıları olmağımızdır, hər ikimizin yurd-yuva itkisidir. Lətif qoyub gəlmək məcburiyyətində qaldığımız o dağların, o ellərin aşiqidir. senet.az saytında onun avtobioqrafik xarakter daşıyan, uşaqlıq və gənclik xatirələri əsasında yazdığı “Taleyin izləri” kitabı hissə-hissə verilmişdi. Yaşasın internet! Xüsusilə bu koronaviruslu günlərimizdə bir daha İKT çıxaranın atasına rəhmət oxuyub o yazıları bir də ləzzətlə oxudum: “Yurd yeri”,“Atamın hekayəti”, “Mən necə şair olmadım?”. Xatirələr bu dəfə də məni hafizəmdə silinməz izləri qalan Zəngilan, Qubadlı, Qafan, Qacaranın dağ, dərə, meşələrində gəzdirdi, qaysaq bağlamayan yaramı yenidən göynətdi. Qoyub gəldiyimiz yurd yerlərimizi unutmaq qara torpağın qoynuna qovuşanadək mümkünsüzdür. Ən böyük qorxu, vahimə isə o torpaqlara dönmədən, o torpaqlardan uzaqda bu fani dünyadan köçməkdir. Düşündükcə ürəyim əsir, acizliyimiz də dərdin bir böyüyü. Və bu dərdi hər kəslə bölüşmək də olmur. Bar-bərəkətli əkin sahələrinin boynuna dolana-dolana qoşa hörük kimi uzanıb Araza qovuşan Həkəri, Bərguşad, Oxçu çaylarının, sıra dağların, igidlər kimi boy-boya dayanan sıldrım qayaların, təmiz havası insanı yerdən alan o ellərin gözəlliyinin qədrini ayrılandan sonra dərk etmişik. Tikili, qurulu, içi təpili ev-eşik, bağça-bağ, əzizlərinin qəbrin qoyub gələnlər bilər ancaq qaçqınlıq, didərginlik nədir. Səni satana lənət, səni alana lənət, Vətən!!! Bir az qəmli, mövzudan kənar oldu, amma bu anda düşündüklərim, içimdən gələn bunlar oldu... Lətif yazır: “Torpağı vətənləşdirən, onu insana doğmadan-doğma edən həm də bu xatirələr, illərin yaddaşı, saldığı izlərdir. Atamın surəti də mənim yaddaşımda elə bu dağlarla bağlı qalıb... O dağlarla bağlı çoxlarımızın yaddaşına əbədi yazılmış xatirələr var. Bu xatirələr yaşadığımız itkilərdən sonra bizə daha doğma, daha əzizdir.” Hələ 90-cı ilə qədər Qubadlı, Zəngilanın çox sakini işsizlikdən, ailəsini dolandırmaq üçün erməni şəhərləri Qafan, Qacarana üz tuturdu. Lətifin mərhum sürücü atasının başına gətirilənlər sıradan tək hadisə deyildi, nə qədər özünə hörmət edən, qürurunu saxlayan azərbaycanlı-türk erməni hiyləsinin, terrorunun qurbanı olmuşdu Hayastanla Azərbaycanın qardaş olduğu, SSRİ-nin damı altında birgə yaşadığı illərdə. Qafan şəhər komsomol komitəsində işləyən tanışım məni xəbərdar etmişdi; çalışın 24 aprel qabağı buralarda görünməyin, işləyən qohumlarınız da varsa, deyin gəlməsinlər, daşnaklar həmin günlərdə türk qanı axıtmağı özlərinə borc, şərəf bilir, hər cür amansız işlərə əl atırdılar... Lətif yazır: “Dili yaxşı bildiyindən və təşkilatçılıq qabiliyyətinə görə Qacaranda atamı sürücülərin briqadiri qoyubmuşlar. Ancaq bir türkün gəlib burada onlara briqadirlik etməsinə dözməyən ermənilər bir müddət sonra onu zəhərləmişdilər. Yeməyinə qatılmış bu zəhərin təsirindən atam düz altı ay xəstəxanaları gəzmiş, yatağa düşmüşdü. Onun qulaqlarından və gözündən sarı su gəlirmiş. Uzun müddət müalicə almışdı. Bir həkim hətta «belə sağlam bədənin, polad kimi ürəyin olmasaydı, sən çoxdan ölmüşdün» demişdi. O hadisənin atamın sağlamlığına vurduğu agır zərbənin izləri özünü illər sonra da göstərdi. Bu hadisəyə qədər də erməni sürücülər bir neçə dəfə atama xətər yetirməyə çalışmışdılar. Hətta bir dəfə onun sürdüyü yüklə dolu iritonnajlı maşının arxa təkərlərindən birinin qaykalarından 4-nü boşaldıblarmış ki, yolda qəzaya uğrasın. Ancaq təcrübəli sürücü olan atam maşını hərəkətə gətirdikdən bir qədər sonra nəsə dəyişiklik hiss edib onu saxlamış, sonuncu qaykanın da az qala açılıb düşməkdə olduğunu görmüşdü. Çox keçməmiş ona qarşı növbəti təxribata əl atılmışdı. Bu dəfə qarajda saxlanılan maşınının mühərrikini sıradan çıxarmaq üçün yağını boşaldıblarmış. Maşını işə salan kimi onun səsindən şübhələnən atam dərhal mühərriki söndürüb, yağını  yoxlamış və ermənilərin ona qarşı bu planını da puça çıxarmışdı. Ancaq təəssüf ki, ermənilərin sonuncu hiyləsindən qurtula bilməmiş, onların qara niyyyətindən duyuq düşməmişdi.” Peşəkar jurnalist olan Lətif publisistikada da güclüdür. Ən başlıcası təbii, səmimidir, həqiqətləri, görüb yaşadıqlarını yerli-yataqlı, detallı yazır, yazdıqları oxuyanı duyğulandırır, ardınca aparır, gəzdirir, göstərir, sevdirir, bəzən də yandırıb yaxır, üstü qaysaq bağlamış  yaraların qartmağın qoparır. “Atam az qala hər qarışına bələd olduğu həmin dağları bizə də sevdirmişdi. Hər il məktəb bağlananda biz o dağlara, daha doğrusu, yaylaqlara qalxardıq. Ətəyində təkəm-seyrək ağaclar bitən o dağların otu-pencəri, gül-çiçəyi qurşağa çıxırdı. Min cür ətrin bir-birinə qarışdığı, bal arılarının, novbənöv böcəklərin, alabəzək kəpənəklərin çiçəkdən-çiçəyə qonduğu o yerləri ömür boyu unutmadı. Bizim də qanımıza yurd sevgisini o hopdurdu. Qayasında qartalları qıy vuran, dağ keçiləri dolaşan, daşlarında kəklikləri ötən, başından qarı, sinəsindən dumanı-çəni əksik olmayan o dağlar onun ata-anası, dədə-babasıydı desəm, daha doğru olar. Ürəyi onlarla döyünür, köksü o yerlərdə qabarırdı. Dədə-babamız bu yerlərin sahibi olub. Qoruq yalı, Mal gədiyi, Yağlıdərə, Müşülan düzü, Daş başı, Qanlı yurd, Aşağı məhlə yurdu, Erkək qoyun yatağı, Qaraçı yurdu, Daşkəsən, daha nə bilim nə qədər yurd yerlərinin adını indi də xatırlayıram.” Torpaq onun üstündə yeriyən, yaşayan, əkib becərən, öləndə o torpağın altında dəfn olunanındır. Bir zamanlar bizim olan o yerlər indi erməninindir. Bu gedişlə o yerlərə qayıdacağımıza inam, ümid ilbəil itir, azalır, Qarabağsız, Zəngəzursuz ötən hər il bizi o torpaqlardan daha da uzaqlaşdırır, soyudur, o yerlərdən gələn, ora qayıdıb ölmək arzusu ilə yaşayanların sayı kimi. Ermənilər də, bu oyunu quranlar, işğal planlarını hazırlayıb reallaşdıran, danışıqlar adı altında 28 ildir bu işi uzadanlar da bu həqiqəti çox gözəl anlayırlar, nə etdiklərini yaxşı bilirlər. Yalnız biz özümüzü aldatmaqdayıq... İnsan təkcə ata-anasının deyil, həm də doğulduğu təbiətin övladıdır.  Mənəvi saflıq insanın udduğu təmiz hava, yeyib böyüdüyü qida, gözün açıb gördüyü uca dağ, göz oxşayan yamyaşıl sıx meşə, gur şəlalə, dumduru bulaqların suyu ilə böyüyənlərin qanına, canına da hopur. Lətifin kitabında bu mənzərələr o qədər canlı verilib ki, bir daha itirdiklərimizin, əlimizdən alınan, əlimizdən verdiklərimizin qədir-qiymətini bilmədiyimizin, gərəyincə dəyərləndirmədiyimizin  fərqinə vardıqca içimiz göynəyir, qəlbimiz sızlayır. Hansı təbii-təbiət və mənəvi ucalıqdan endiyimizi düşünüb göz önünə gətirmək faciədir. Görünür bu dərdə dözməyi də o təbiət bizə həm də cəza olaraq verib. Dəfələrlə addım-addım gəzdiyim Zəngilandakı Bəsitçay Dövlət Təbiət Qoruğunun, Avropada yeganə Çinar meşəsinin, Şərfan, Məmmədbəyli, Babaylıdakı orta əsr kümbəzlərinin, nadir təbii sərvətləri qoynunda saxlayan o torpağın, Qafqazın nadir təbiət möcüzəsi olan Xusdub dağının 27 ildən bəri yağı əsarətində qalmasını düşünmək dəhşətdir. 90-cı illərdə ölkəmizdə yeni ab-hava, azadlıq, müstəqillik uğrunda hərəkətlənmə başlananda doğma Zəngilanda xətir-hörmətli jurnalist, söz, qələm sahibi kimi tanınan Lətif rayonda bu işlərin önündə gedənlərdən, hərəkata ziyalılıq, aydınlıq qatanlardan, nüfuz, hörmət gətirənlərdən biri olub. Mənim tanıdığım Lətif harda yaşayıb işləməsindən asılı olmayaraq, həmişə mənəvi saflığını, qürurunu, mənliyini qoruyub saxlayıb, boğazdan yuxarı tərifdən uzaq olub, sözünün, özünün qədir-qiymətini bilib. Və təbii, özünə öz xarakterinə uyğun dostlar, oxucular toplayıb. Bu, ailədən, yurddan gələn tərbiyədir. Sözügedən avtobioqrafik əsərindəki Atanın - 6 övladını, ailəsini zəhməti ilə saxlayan Şükür kişinin obrazı möhtəşəmdir. Lətifin kitabının “Mən necə şair olmadım?”  hissəsindəki saf, təmiz duygular, ilk sevgi ünvanlı ilk şeirlər, uçaqlığın dadı, ləzzəti, şirini, acısı ilə bir ömür uzunu  yol yoldaşı olan o mərhəm duyğuları təbiiliklə, səmimiyyətlə, həssaslıqla qələmə alınıb. “Taleyin izləri” kitabı ədəbiyyatımızda avtobioqrafik janrda yazılmış mükəmməl, ən gözəl əsərlərdən biridir. Mən bu kitabı oxuyandan sonra bu janrın nə qədər əxlaqi-mənəvi, estetik zövq, təsir mənbəyi olduğuna əmin oldum. Bədii mətn avtobioqrafik janrın deyib anlatdıqlarını verə bilmir.  Cümhuriyyətimizin sevdalısı, fədakar tədqiqatçısı Lətif Şüküroğlu, heç şübhəsiz, Azərbaycan Xalq Cümhuriyyəti dövrünün, Cümhuriyyət tariximizin,  Cümhuriyyəti quran şəxslərin irsinin ən məhsuldar, fədakar tədqiqatçılardan biridir. 1997-99-cu illərdə Cümhuriyyət qurucularından, nazir, nazir müavinlərindən 23-nün axiv-istintaq işini araşdıraraq, 2000-ci ildə 2 cildlik “Cümhuriyyət hökuməti repressiya məngənəsində” adlı kitabın nəşri təkcə tarixşünaslığımızda deyil, bütünlükdə ictimai-siyasi fikir tariximizdə böyük hadisəyə çevrildi. Hələ arxivlərə hər kəsin buraxılmadığı, giriş-çıxışın kütləvi hal almadığı illərdə onun çoxsaylı arxiv materiallarını arayıb, axtarıb tapıb bir yerə cəmləyib ortaya qoyduğu sanballı nəşrlər sonrakı tədqiqatlar üçün də çoxlu ideyalar, stimullar verdi. Lətif cani-könüldən sevərək, canınayananlıqla, milli təəssübkeşlik, mənəvi əzabla gördüyü bu işlərin bir böyük dəyəri də tarixi həqiqətlər işığında Azərbaycan ictimaiyyətində Cümhuriyyət qurucularına sevgi aşılaması oldu. Müəllif yazır: “Onların əksəriyyəti barəsində həbsdən sonra tərtib edilmiş sənədlərdə, əsasən müsadirə aktında “Əmlakı” ifadəsinin qarşısında yazılırdı: “Əmlakı yoxdur”.
Onların əmlakı olmadı, ancaq onlar bizə Azərbaycan adlı bir məmləkəti, 114 min kvadrat kilometrlik bir ərazini, zərrəsinə də göz dikmədikləri tükənməz sərvətləri əmlak qoyub getdilər. Əksəriyyətinin məzarı da Vətəndən kənarda, Azərbaycan uğrunda son nəfəslərinə qədər mübarizə apardıqları Türkiyədə və başqa torpaqlarda qaldı. Biz bu əmlaka sahib çıxa bilməsək, onların ruhu qarşısında öz mənəvi borcumuzu yerinə yetirməmiş qalacağıq. Tanrı bizi bu sınaqdan alnı açıq, üzüağ çıxarsın.” Bu təsirli cümlələrə başqa nə artırmaq olar? Heç nə. Millət, xalq, dövlət olaraq bizim 1-ci vəzifəmiz, borcumuz buna nail olmaqdır. Gecikmişik, gecirik, ancaq boynumuzun borcudur, əks halda Cümhuriyyətimizin o şərəfli qurucularının, bu yolda şəhid gedən insanların ruhu da bizi bağışlamayacaq, başıaşağı, gözükölgəli, üzüqara köçəcəyik bu dünyadan. "Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu” kitabı, tarix üzrə fəlsəfə doktoru aldığı “Azərbaycan Xalq Cümhuriyyəti dövründə sərhəd mühafizəsinin təşkili" mövzusunda dissertasiya işi, eyni adda kitabı, bu istiqamətdə apardığı ardıcıl araşdırmalar, böyük bir hissəsini ilk dəfə tapıb üzə çıxardığı arxiv sənədləri tarixşünaslığımıza,  Cümhuriyyət tariximizə  mühüm töhfədir, vətən, xalq, naminə dəyərli xidmətlərdir. Professor Bədirxan Əhmədlinin qənaəti ilə razılaşmamaq mümkünsüzdür: “L.Şüküroğlunun kitabı faktların zənginliyi, mənbələrin dəqiqliyi, təhlillərin dərinliyi və obyektivliyi, hadisələri düzgün dəyərləndirilməsi, obyektiv qənaətlər çıxarılması baxımından indiyədək ordu quruculuğuna həsr olunmuş tədqiqatlar arasında layiqli yer tutur. Görünür, buna görə də tədqiqatını «Azərbaycan fədaisi olmuş böyük şəxsiyyətlərimiz qarşısında sonsuz minnətdarlıq borcu» ilə onlara həsr etmişdir. Cümhuriyyətə və onun qurucularına olan bu sevgi onu arxivlərə aparmış, səbrlə, təmkinlə faktları toplamış, ortaya yeni və sanballı bir tədqiqat əsəri çıxarmışdır. L.Şüküroğlunun bu araşdırması indiyədək ordu quruculuğuna həsr olunmuş bütün tədqiqatlardan fərqlənir.” Lətifin Cümhuriyyət tariximizə möhkəm bağlılığının təzahürü olaraq, təkcə “525-ci qəzet”də  son bir ildə dərc olunan, yəni axtarışda üzə çıxan məqalələrinin başlıqlarına baxmaq kifayətdir: “Cümhuriyyət fədaisi: görkəmli hərb xadimi Həbib bəy Səlimov”, “Millətə xidmətlə qazanılan unudulmazlıq: Əhməd bəy Pepinov”, “Milli tərəqqi yolunun cığırdaşı - Nəsib bəy Yusifbəyli”, “Azərbaycanın ilk Ordu generalı: Səməd bəy Mehmandarov”, “İstiqlal və cümhuriyyətçilik ideyalarına Əhməd Cəfəroğlu baxışı”,  “Bir daha “Türkçülüyün üçlü formulu" haqqında” və sair. Bu məqalələrin hər birində tarixçi alim üçün də, sıradan oxucu üçün də yeni, maraqlı, ibrətamiz məqamlar var. Mən çox sevinirəm ki, tarix üzrə fəlsəfə doktoru, ehtiyatda olan polkovnik Lətif Babayevin 24 il təhlükəsizlik orqanlarında dəyərli xidmətləri Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Hərbi xidmətlərə görə” medalıilə təltif olunub,  "Qüsursuz xidmətlərə görə" medalının hər üç dərəcəsini alıb. Lətif təhlükəsizlik orqanlarından təqaüdə çıxdıqdan sonra Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının şöbə müdiri kimi, cəmiyyətimizin bu ən hörmətli insanlarının qayğı və problemlərinin həlli, dövlət siyasətinin icrasında bu kateqoriyadan olan insanların fəal iştiraka cəlb olunması, xarici ölkələrdə keçirilən mötəbər tədbirlərdə Azərbaycan həqiqətlərinin təbliği, xüsusilə gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində mühüm təşkilatçılıq, ideya-siyasi tərbiyə işi aparıb. Maarifçilik - ziyalı missiyasıdır və Lətifin həyatının ayrılmaz hissəsidir. Bilik Fondunda çalışdığım illərdə dəfələrlə şahidi olmuşam ki, Lətif hansı məktəbə, əmək kollektivinə mühazirə deməyə gedirdisə, ardınca razılıq, təşəkkür sorağı gəlirdi, təkrar görüşməyi xahiş edirdilər. Onun facebook səhifəsindəki rəngarəng mövzularda lakonik, sadə, rəvan yazıları həm informasiya, maarifləndirmə mənbəyidir, həm də lakonik, yığcam üslubu ilə könül oxşayır. Bunlar facebook səhifəsində yazdıqlarından nümunələrdir. R.Rövşənin doğum gününə 4 adlıq cümlə - cəmi 20 söz yazıb: “Yaşayan klassik. Tanrının Azərbaycan sevgisinin dövrümüzə töhfəsi. Bu gün yaşadığımız dövrün əbədiyaşar adlarından biri - Ramiz Rövşən. "Təpədən dırnağa" nur içində olması arzusu ilə.” Yeni ilə də elə o qədər: “İsmayıl bəy Qaspıralı: ""Dildə, fikirdə, əməldə birlik". Yeni iliniz mübarək, əziz həmvətənlər! Hər biriniz və xalqımız üçün uğurlu olsun!”  Yaxud: “Biz hələ də sadəlövhcəsinə başımıza gətirilən bəlalarda hansısa təsadüf axtarırıq.” “Millət vəkili olmaq çox böyük məsuliyyətdir...Deputatlıq statusu səlahiyyətdən əvvəl məsuliyyətdir, özü də yalnız onu seçmiş dairənin seçiciləri qarşısında deyil, bütün xalq qarşısında böyük məsuliyyətdir. Bu məsuliyyəti anlayaraq yola çıxanlara uğur olsun!” “Qasım Süleymaninin öldürülməsi ətrafında baş verənlər cəmiyyətdə hansı təhlükəli meyllərin olduğunu üzə çıxardı. Bunu bilməkdə fayda var. Xüsusi araşdırmalar aparmağa, sorğular keçirməyə ehtiyac qalmadı. Şübhə etmirəm ki, mümkün təhdidlərin qarşısının alınması üçün tədbirlər görüləcək.” “Bu da, əlbəttə, keçəcək. Bədbinliyə qapılmayaq. Virus haqqında düşünməkdənsə, nə iləsə məşğul olun, maraqlı kitab oxuyun, özünüzə faydalı bir məşğuliyyət tapın.” Lətif belə qısa, ancaq mənalı, tutumlu, təfərrüatsız, düşündürücü mülahizə, lakonik qeydləri ilə özünün vətəndaş mövqeyini ifadə edir. Bu həm də onun daxili azadlığından, müstəqilliyindən irəli gəlir, vəzifə, rütbə, görəv missiyasından qabaqda dayanır. Sakitcə, hay-küy salmadan mövqeyini ortaya qoyur, bu mövqe onun həyatında, nəşr olunmuş kitablarında, məqalələrində də aydın görünür, yəni özü özünü göstərmir, sadəcə, oxuyan bunları yazanın Vətəndaş olduğunu görüb anlayır. Lətifin facebook səhifəsi ürəkaçıqlığının, səxavətinin də güzgüsüdür; yaxşı nə görürsə, yayır, təbliğ edir, rəy bildirir, insanları maarifləndirməyə, savadlandırmağa çalışır – dünən də, bu gün də xalqımıza ən gərəkli xidmət elə budur. İşıqlı insanlar belə olur - xeyirxah, xoş məramlı. Lətifin üz cizgiləri, mehriban səsi, xoş çöhrəsindən əskik olmayan təbəssümü, özünü formada saxlaması, bunlardan da qabaq sağlam, enerjili çalışmaları, ailə xoşbəxtliyi məni sevindirir.  Mənalı ömür yaşamış əziz dost, istəkli Lətif Şüküroğlu, 60 yaşın mübarək! Ulu Yaradan səni ən böyük arzuna - Zəngilan, Şuşa... həsrətinə qovuşdursun, sonrası asandır. Təbrik edirəm!  

2020-04-08 00:00:00
1776 baxış

Digər xəbərlər

Leyla Əliyeva Vətən Müharibəsi Qəhrəmanı Şahin Allahyarovun ailəsini ziyarət edib

Quba, 25 fevral, Göyçək Mahmudlu, foto Azər İbrahimov, AZƏRTAC Fevralın 24-də Leyla Əliyeva Vətən Müharibəsi Qəhrəmanı, Dövlət Sərhəd Xidmətinin şəhid baş giziri Şahin Allahyarovun ailəsini ziyarət edib. AZƏRTAC xəbər verir ki, əvvəlcə Leyla Əliyeva şəhidin xatirə guşəsi ilə tanış olub. Daha sonra şəhidin anası Nərgiz Allahyarova ilə söhbət edib, onun oğlu haqqında xatirələrini dinləyib, şəhidin həyatının müxtəlif dövrlərini əks etdirən şəkillərinə baxıb, Vətən müharibəsi dövründə ailə üzvlərinə göndərdiyi videoçarxı izləyib. N.Allahyarova şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnunluq ifadə edib, dövlətimizin başçısına və ailə üzvlərinə minnətdarlığını bildirib, ölkəmizə sülh, əmin-amanlıq arzulayıb. Leyla Əliyeva şəhidin ailə üzvlərinə hədiyyələr təqdim edib, onlarla şəkil çəkdirib. Qeyd edək ki, Azərbaycan Ordusunun baş giziri Şahin Allahyarov 2020-ci ildə 44 günlük Vətən müharibəsində Füzulinin, Cəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Noyabrın 1-də Şuşa uğrunda döyüşlər zamanı şəhid olub. Quba rayonunda dəfn edilib. Döyüşlər zamanı göstərdiyi igidliyə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən Şahin Allahyarov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə təltif olunub.

Hamısını oxu
Uzaq Pamirdən Azərbaycan sərhədlərinədək, yaxud polkovnik Cəlil Xəlilova təbrik əvəzi...

Tanışlığımızdan otuz ilə yaxın bir dövr keçir. Maraqlı həyat yolu, uğrunda mübarizə aparıb qələbələrə imza atan, uğurunu daxilən qəlbində gizlədən, sevincini dost bildiyi insanlarla bölüşən, xeyirhaxlığından heç vaxt dönməyən peşəkar hərbçi, istedadlı alim, əsl dost. Bu polkovnik Cəlil Xəlilovdur. Hər bir kəsin taleyi öz əlindədir desək, yanılmarıq. Cəlil Xəlilov da istəyinə çatmaq üçün heç zaman çətinlikdən qorxmayıb, maneələrə sinə gərib, prinsipiallıq göstərib. 1975-ci ildə Masallı rayonunun Həsənli kənd orta məktəbini bitirən Cəlil Xəlilov uşaqlıqdan çox kəşməkeşli həyat yolu keçib. Hərbçi olmaq arzusu ilə yaşayan gənc Cəlil Ural Hərbi Dairəsində 1977-1978-ci illərdə əsgəri xidmətdə olub. Nümunəvi əsgər kimi komandirlərinin hörmət və etimadını qazanıb. Məhz bu keyfiyyətlərinə görə ona komandirləri çox müsbət xasiyyətnamə yazıblar. O, Simferopol Ali Hərbi Siyasi Məktəbinə qəbul olunub. Kursant həyatının çətinlikləri onu qorxutmayıb. Xalqının adını həmişə uca tutub, onun şərəfli tarixinə sadiq qalıb. Elmlərə dərindən yiyələnməklə yanaşı, idmanla müntəzəm və ciddi məşğul olub. Bir sözlə, gələcək zabit davranışları ilə həmişə seçilib. Bəlkə, tale onu daha çox sınağa çəkməklə, daha da möhkəmləndirib mətinləşdirib. O, bu sınaqlardan üzü ağ çıxmaqla mübarizliyini, sübut edib. Ali Hərbi Məktəbi bitirəndən sonra gənc zabitə keçmiş SSRİ DTK-nın cənub-şərq, Pamir Sərhəd dəstəsinə təyinat veriblər. O zaman Əfqanıstanla yüzlərlə kilometr sərhədi olan Tacikistanda da vəziyyət çox gərgin idi. Sərhəddə silahlı toqquşmalar, basqınlar, terror-təxribat hadisələri ara vermirdi. Xidmət çox ağır bir şəraitdə aparılırdı. Cəlil Xəlilov sərhəd pozucularının ardı-arası kəsilməyən hücumuna məruz qalan Bədəxşanın Murqab sərhəd dəstəsində əsl zabit, qorxmaz bir hərbçi kimi şücaət göstərib. Hər an təhlükə, hər an ölüm, gərgin həyat onu qorxutmayıb. Necə deyərlər, bir əlində silahı, bir əlində qələm-kitabı. Siyasi şöbədə baş təlimatçı kimi irəli çəkilən Cəlil Xəlilov təhsilini də davam etdirməyi qərarlaşdırıb. Bir dəfə söhbət əsnasında dedi ki, adını dilinə gətirmək istəmədiyim bir zabit vardı, mənim təhsil almağıma hər yolla mane olmaq istəyirdi. Gecə-gündüz çalışırdım. O zaman Orta Asiya Hərbi Dairəsinin hərbi tribunalın sədri olan general Firudin Rəsul oğlu Hüseynovun qəbuluna düşdüm. Firudin müəllim çox böyük nüfuz sahibi idi. Məni diqqətlə dinlədi. Mənim ikinci təhsil almağımı biləndə sifətində bir işıq, bir təbəssüm hiss etməyə başladım. Aradan bir az keçmiş sərhəd dəstəsindən xəbər verdilər ki, mənim təhsil almağıma icazə verilib. Sənədlərimi Tacikistan Dövlət Universitetinin hüquq fakültəsinə verdim. Xidmətimlə yanaşı, hüquq fakültəsinin tələbəsi kimi daha yaxşı oxumağı qarşıma məqsəd qoydum. 1987-ci ildə onun xidməti yerini Lənkəran sərhəd dəstəsinə dəyişirlər. Astarada komendantın şəxsi heyətlə iş üzrə müavini vəzifəsinə təyinat alan Cəlil Xəlilov xidməti işin təşkili, nizam-intizamın möhkəmləndirilməsi istiqamətində mühüm işlər görməyə başlayır. Tanınmış hərbçi, alim, sərhəd qoşunlarımızın formalaşmasında can yandıran, öz bilik və bacarığı ilə sərhəd dəstəsinin qərargah rəisi vəzifəsindən Sərhəd Qoşunlarının komandanının müavini vəzifəsinə qədər yüksəlmiş  bir zabitin ömür yolu örnəkdir desək, yanılmarıq. Xatırlayıram, 1992-ci ilin noyabrında Lənkəran sərhəd dəstəsinə ezamiyyətə getmişdim. Rusiya Federasiyasının sərhədçiləri hələ Lənkəranı tərk etmədiyi üçün Azərbaycan sərhədçiləri Vel qəsəbəsindəki düşərgədən təlim-tədris məntəqəsi kimi istifadə edirdi. Xəzərin sahilində yerləşən bu düşərgə sovetlər zamanı sərhədçi zabit-gizirlərin övladlarının istirahət yeri olmuşdu. İlk görüşümüzdən Cəlil Xəlilovun  bacarıqlı zabit, dərin biliyə sahib, mənəvi cəhətdən yetkin bir ziyalı olduğunu yəqin etdim. Yenicə yaranan Sərhəd Qoşunlarımızın qarşısında duran ağır, çətin və şərəfli vəzifələrin öhdəsindən gəlmək üçün çox çalışmaq lazım idi. Ordu quruculuğunda çox yaxından iştirak edir, yeni yaranan sərhəd qoşunlarımızın uğurlu gələcəyinə varlığı qədər inanırdı. Azərbaycanın müstəqilliyini gözü götürməyən qüvvələr ölkədə sabitliyi pozmaq, iğtişaşlar törətmək, ayrı-seçkilik toxumu səpmək, inamsızlıq yaratmaq kimi məkrli siyasəti həyata keçirmək üçün cəhd göstərirdilər. Bu çox təhlükəli oyunun qarşısını almaq üçün hər bir Azərbaycan vətəndaşı qeyrət göstərmiş, xainlərə layiqincə və tutarlı cavab vermişdir. 1993-cü ilin avqust ayında Lənkəranda baş verən hadisələr zamanı sərhəd qoşunlarımızın şəxsi heyəti içdikləri anda sadiq qaldılar və bir qrup separatçının zərərsizləşdirilməsində, ifşa olunmasında, qətiyyətli mövqe tutdular. O zaman Lənkəran Sərhəd Dəstəsinin rəhbərliyi və bütün şəxsi heyəti vətən sevgisinin müqəddəsliyini bir daha sübuta yetirdilər. Birliyimizi, bərabərliyimizi pozmağa cəhd edənlərin bədxah niyyətləri puç oldu, xəbis ürəklərində qaldı. Haqq qələbə çaldı. C.Xəlilovun da hərbi taleyində bu anlar heç zaman yaddan çıxmayacaq, yaddaşlardan silinməyəcək. Xidməti işin təşkilində əldə etdiyi uğurlar ona böyük etimad göstərilməsinə səbəb oldu. Bakı Əlahiddə Nəzarət Buraxılış Məntəqəsinin rəisi, sonradan MTN Sərhəd Qoşunları komandanının şəxsi heyətlə iş üzrə müavini vəzifəsinə yüksəldi. Bir zabit kimi respublikamızın aparıcı qəzet və jurnallarında C.Xəlilovun sərhəd həyatından, ordu quruculuğundan bəhs edən onlarla maraqlı məqalələri dərc olunub. O, elmi fəaliyyətini də unutmur. Elmi mövzuda qələmə aldığı əsərlər oxucular tərəfindən rəğbətlə qarşılanıb. C.Xəlilov müxtəlif vəzifələr tutmasına baxmayaraq daim öz səmimiliyini qoruyub saxlamaqda, insanlara qarşı xeyirxahlığını əsirgəməməkdədir. Qarabağ uğrunda gedən döyüşlərdə Silahlı Qüvvələrimizin tərkibində düşmənə qarşı qətiyyətlə döyüşən sərhədçilərimizin şücaəti danılımazdır. O, zaman Cəlil Xəliov səngərdə əsgər və zabitlərimizlə birgə idi. Erməni faşizminə qarşı döyüşmək, düşməni məhv etmək müqəddəs borcdur. Fizuli, Beyləqan istiqamətində  gedən döyüşlərdə C.Xəlilov bir peşəkar zabit kimi həmişə öndə idi. Onun dövlətçiliyimizə əvəzsiz xidmətləri həmişə diqqət mərkəzində olmuş və daim qiymətləndirilmişdir. Qeyd etdiyim kimi, o, elmi araşdırmalarını davam etdirir. 2002-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının aspiranturasını bitirən C.Xəliov  "Milli Təhlükəsizliyin təmin olunmasında milli mənlik şüurunun rolu" mövzusunda dissertasiya müdafiə edərək alimlik dərəcəsi-siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Ömrünün  qırx ilə yaxın bir dövrünü sərhəddə xidmətdə keçirən Cəlil Xəlilov həmin anları heç bir zaman unutmur. Taleyindən qızıl xətt kimi keçən hər günündə bir sərhəd sevgisi var. Sərhədimizdə baş verən hər bir uğurlu addıma hamı kimi o da ürəkdən sevinir, qürrələnir. 1993-cü il iyun ayının 15-də xalqımızın təkidi tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev çox böyük müdriklik, siyasi iradə, yüksək dövlət idarəçiliyi nümunəsi göstərərək Azərbaycanı düşdüyü ağır bəlalardan, xalqımızı fəlakətlərdən xilas etdi. Tariximizdə əsrlər boyu müasir Azərbaycanın qurucusu kimi yaşayacaq Ulu Öndərin dövlətimizin bütün sahələrini əhatə edən çox müdrik, qiymətli ideyaları əbədiyaşardır, daimidir. Bu qiymətli ideyalar ordu quruculuğunda çox mühüm, əhəmiyyətli yer tutur. Politoloq alim kimi Cəlil Xəlilovun yaradıcılığında bu məqamlar xüsusi vurğulanır. Çox maraqlıdır ki, Cəlil Xəlilov xidmət etdiyi dövrdə veteranlara qarşı daim böyük hörmət, qayğı göstərir. Əlamətdar günlərdə, tədbirlərdə əmək və silahlı qüvvələrimizin veteranları sərhədçilərin qonağı olur. Milli Ordu və sərhəd qoşunlarında şərəfli xidmət yolu keçmiş həmin general və zabitlərin əsgər və zabitlərimiz qarşısındakı çıxışları çox müsbət qarşılanmaqla bərabər, uzun müddət onların xatirələrində yaşayır, müsbət duyğular oyadır. Bu yaxınlarda 100 illiyini qeyd edəcək Sərhəd Qoşunlarımızın əldə etdiyi uğurlara qəlbən sevinən C.Xəlilov görülən işlərin, həyata keçirilən tədbirlərin daimi və uzunömürlü olacağına, sərhəd qoşunlarımızın yüksəlişinə, müqəddəs sərhədlərimizin mühafizəsi kimi şərəfli xidmətlərinə uğur arzulamaqdadır. Respublika Veteranlar Təşkilatına xalqımızın ləyaqətli oğlu general-polkovnik Tofiq Ağahüseynov rəhbərlik edən zamandan bu qurumda çox müsbət dəyişikliklər baş verməkdədir. General-polkovnik T.Ağahüseynovun zəngin hərbi təcrübəsi və sərişdəsi, C.Xəlilovun yüksək təşkilatçılığı və işgüzarlığı bu qurumun nüfuzunu daha da yüksəldib. C.Xəlilov 2014-cü ildə Respublika Veteranlar Təşkilatının sədr müavini seçilir. Bu gün Prezident İlham Əliyein veteranlarla bağlı həyata keçirdiyi dövlət siyasətinin uğurla yerinə yetirilməsində, gənclərin azərbaycançılıq ideyalarına sadiq, vətənpərvərlik, xalqımızın tarixinə hörmət ruhunda tərbiyə olunması istiqamətində C.Xəlilov çox böyük işlər görür. Onlarla orta məktəbdə, Müdafiə Nazirliyinin təhsil müəssisələrində, digər güc nazirliklərinin akademiyalarında, həmçinin ali məktəblərdə veteranlarla yaddaqalan görüşlər keçirilir Uzun illərin zəngin təcrübəsi, toplanmış nəzəri biliklər, aparılan ciddi araşdırmalar, əldə olunmuş nailiyyətlər bir yerə toplanmış və istedadlı alim tərəfindən qələmə alınaraq “Milli Təhlükəsizlik strategiyası” adlı çox qiymətli kitab ortaya qoyulmuşdur. Ad günü insanların ən yadda qalan, günlərindəndir. Ona görə yox ki, insanlar bir yerə toplaşır, ürək sözlərini söyləyir, təbriklərini yetirirlər, ona görə ki, sonda insan özü ilə təkbətək qalır, keçdiyi ömür yoluna nəzər salır, vicdanı qarşısında hesabat verir. Altmış yaşın işığında hər şey aydın görünür. Keçilən yolda gərgin əmək, məqsədə çatmaq üçün qətiyyətli iradə, dözüm, zəhmətə qatlaşmaq kimi bir sınaq dayanır. Bu deyilənlərə əməl edən hər kəsi uğur gözləyir.  İlk sərhədçi generalımız Mustafa Nəsirov xidmətdən söz düşəndə Cəlil Xəlilovun adını hörmətlə çəkirdi. Milli Sərhəd Qoşunlarımızın ilk komandanı, general-mayor İsgəndər Allahverdiyev Cəlil Xəlilovun uğrunu, hərbi xidmətdəki uğurunu həmişə dəstəkləmişdir. Sərhəd Qoşunlarının keçmiş komandanı, general-mayor Abbasəli Novruzov Cəlil müəllimi yaxşı tanıyırdı, ona inanırdı. Bir neçə dəfə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilmiş general-mayor Vladimir Timoşenko polkovnik Cəlil Xəlilova qarşı rəğbətini gizlətmir və “Həqiqi polkovnik” adlı məqaləsində onu peşəkar hərbçi, milli təhlükəsizlik sahəsində tanınmış mütəxəssis, veteranların  problemlərinin həllinə can atan, Avropada Azərbaycanı ləyaqətlə təmsil edən bir politoloq, varlığı ilə Azərbaycanı sevən, azərbaycançılığı yorulmadan təbliğ edən istedadlı bir alim kimi dəyərləndirir. P.S. Peşəkar hərbiçi, istedadlı alim, Pamirdən Azərbaycan sərhədlərinə qədər şərəfli xidmət yolu  keçmiş polkovik  Cəlil Xəlilov haqqında yalnız səmimi ürək sözlərimin bir hissəsini qələmə aldım. Rəsmiyyətdən uzaq. Nəsibiniz həmişə uğur olsun, Cəlil müəllim!   İlqar Quliyev,  polkovnik  

Hamısını oxu
YAP Veteranlar Şurasının üzvləri ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələrinin görüşü keçirilib

Mayın 5-də  Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında 9 May – Qələbə Günü münasibətilə YAP Veteranlar Şurasının üzvləri ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının nümayəndələrinin görüşü keçirilib. Görüşdə çıxış edən YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib ki, Azərbaycanın Sovet dövründəki həyatında 1941-1945-ci illər ən ağır və dəhşətli dövrlərdən biri olduğunu desək yəqin ki, səhv etmərik. Ölkəmizdən müharibəyə 600 min nəfərə yaxın həmyerlimiz çağırıldı və onların 350 min nəfəri geri qayıtmayıb. Arxa cəbhədə isə 250 min nəfərə yaxın insan ordunun tələbatını təmin etməsi ilə əlaqədar çalışırdı. Arif Rəhimzadənin sözlərinə görə, İkinci Dünya müharibəsi, bu müharibəyə cəlb olunan ölkələrin əhalisi üçün ən dəhşətli dövr oldu və hamıda fikir formalaşdırdı ki, faşizm ifrat dərəcədə milliyyətçiliyə, irqçiliyə yönəlib: “Azərbaycan xalqı erməni faşizmindən də əziyyət çəkib. Elə sovetlər dövründə də ermənilərin Azərbaycan torpaqlarına qarşı iddiaları var idi. Bu məsələ ilə  dövlət səviyyəsində ilk dəfə Ulu Öndər Heydər Əliyev məşğul oldu. Onun gördüyü tədbirlər nəticəsində Ermənistanın rəhbərləri anladı ki, Azərbaycana olan iddialarını həyata keçirə bilməyəcəklər. Ulu Öndərimiz böyük uzaqgörənliklə sovetlər dönəmində Bakıda hərbi məktəbin açılmasına nail oldu. Bu da milli hərbi mütəxəssislərimizin hazırlanmasında böyük rol oynadı”. Arif Rəhimzadə qeyd edib ki, Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verdikdən sonra Ermənistan Azərbaycana qarşı açıq şəkildə ərazi iddiaları ilə çıxış etdi: “Beləliklə də, Qarabağ müharibəsi başlandı. O dövrdə ölkə iflic vəziyyətdə idi. Nə silah var idi, nə ordu, nə də ki, ölkəyə rəhbərlik edənlərdə bacarıq, səriştə, iradə. Buna baxmayaraq, minlərlə Azərbaycan vətəndaşları ölkənin müdafiəsinə qalxdı. Birinci Qarabağ müharibəsində ərazilərimizin bir hissəsini itirsək də, bu müvəqqəti idi. Bu gün isə biz hamımız İkinci Qarabağ müharibəsində qazanılmış möhtəşəm qələbənin təsiri altındayıq və anlayırıq ki, bu tarixi hadisə Azərbaycan xalqının birliyi, Silahlı Qüvvələrinin yüksək peşəkarlığı və qəhrəmanlığı, Prezident, Ali Baş Komandan İlham Əliyevin ardıcıl, məqsədyönlü və məhsuldar fəaliyyətinin nəticəsidir. Eyni zamanda, biz yaxşı anlayırıq ki, Azərbaycan xalqında vətənə məhəbbət, ağır anlarında bir yumruq kimi birləşib doğma yurdumuzu müdafiə etmək, hətta canımızdan keçməyi siz veteranlar gənclərimizə  aşılayırsınız”. YAP Veteranlar Şurasının sədri söyləyib ki, azərbaycanlıların 1941-1945 –ci illərdə müharibə zamanı qəhrəmanlıqları hər zaman yaddaşlardadır.  İkinci Dünya müharibəsində yüksək şücaət göstərdiyinə görə 127 həmyerlimiz “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb. Bütövlükdə isə, orden və medallarla 170 minə yaxın vətəndaşımız təltif olunub. A.Rəhimzadə deyib ki, müharibə və əmək veteranlarının vətənə, dövlətə xidməti gənc nəsil üçün nümunədir. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədri Fatma Səttarova  İkinci Dünya müharibəsində Azərbaycanın oğul və qızlarının qəhrəmanlığından, özünün də müharibə xatirələrindən bəhs edib. Fatma Səttarova ölkəmizdə müharibə, əmək və Silahlı Qüvvələr veteranlarına göstərilən dövlət qayğısını yüksək qiymətləndirib və bütün bunlara görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib. O, 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbədən qürur duyduğunu, şanlı Azərbaycan Ordusu ilə fəxr etdiyini qeyd edib. Görüşdə həmçinin, Аzərbaycan Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov və təşkilatın üzvləri İmran Əbilov və Tamleyxa Həsənov çıxış edərək ölkəmizin uğurlu inkişafından, Vətən müharibəsində qazanılan zəfərdən, eləcə də ölkəmizdə veteranlara göstərilən diqqət və qayğıdan danışıblar. Eyni zamanda, hər iki təşkilat arasında əməkdaşlığın gələcəkdə də davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.   

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı Prezident İlham Əliyevə təşəkkür edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb. Məktubda deyilir: "Cənab Prezident! Elə tarixi şəxsiyyətlər, əvəzolunmaz simalar, tərcümeyi-halı ilə tarix yaradan insanlar var ki,  onlar ulu öndər Heydər Əliyevin dili ilə desək, fəaliyyətləri ilə daima xalqımıza, dövlətimizə başucalığı gətirmişlər. Onlardan biri də  Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri, İkinci Dünya müharibəsinin iştirakçısı, vətən qarşısındakı xidmətlərinə görə  çoxsaylı orden və medallarla, “İstiqlal” ordeni ilə təltif olunmuş Fatma xanım Səttarova idi. 1941- 1945-ci illər müharibəsində  və ondan sonrakı quruculuq illərində fədakarlıqlar göstərmiş bu əvəzsiz insan, həm də müstəqillik illərindəki fəaliyyəti ilə xalq məhəbbəti, dövlət sevgisi qazanmışdır. Fatma xanım Səttarovanın çoxsaylı uğurlarının və naliyyətlərinin ən böyük memarı Ulu öndər Heydər Əliyev idi. Fatma xanım Ümumilli liderin dövlət idarəçilik məktəbinin ən qiymətli müdavimlərindən biri olmaqla yanaşı, həm də onun azərbaycançılıq məfkurəsinin vətənpərvərlik idealogiyasının təbliğatçılarından idi. O, həm də Ulu öndərimizin tələbə yoldaşı kimi qəlbində çoxsaylı gənçlik xatirələri daşıyırdı. Fatma xanım bütün fəaliyyəti ilə vətənə sevginin, milli təəssübkeşliyin, zəhmətsevərliyin, ailə dəyərlərinə, ocağ ruhuna sədaqətin nümunəsi idi. Onun sonsuz vətən sevgisi Ulu öndərin, Sizin və ölkəmizin Birinci vitse-prezdenti xanım Mehriban Əliyevanın xeyirxağlıq, yaxşılıq,  məhəbbət və mərhəmət duyğuları ilə şölələnirdi. Fatma xanım 102 il ömür yaşadı.  Təkcə Azərbaycan vətəndaşlarına deyil, MDB ölkələrinin insanlarına da nümunə oldu. Müharibənin özü ilə birlikdə gətirdiyi fəlakətin acılarını tarixi çıxışları ilə sübut etdi, insanlara çatdırdı. Dözümü, cəsarəti və ləyaqəti ilə gənçliyə, qadın ucalığına, ana siqlətinə, ictimai xadim əzəmətinə şərəf gətirdi. İstər milli azadlıq hərəkatı dövründə, istər Birinci Qarabağ savaşında, istər 44 günlük Vətən müharibəsində nümunəyə çevrildi. Cənab Prezident! Fatma xanım ölkəsini, vətənini, millətini sonsuz hüdudları məlum olmayan  bir məhəbbətlə sevirdi, ulu öndər Heydər Əliyevlə,  Sizinlə, xanım Mehriban Əliyeva ilə qürur duyurdu. Bütün çıxışlarını Azərbaycan sevgisi ilə başlayır, Ulu Öndər, Müzəffər Ali Baş Komandan və Birinci xanımla bitirirdi. Sizin ona  daimi qayğınızla isə ömrü uzanırdı. Məhz sizin sərəncamlarınızla Fatma xanımın mənzil-məişət şəraiti yaxşılaşmış, ona Prezident təqaüdü verilmiş, “İstiqlal” oredeni ilə təltif olunmuşdu. Azərbaycan  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının çoxsaylı üzvləri adından mərhum sədrimizin, İkinci Dünya müharibəsinin iştirakçısı, ölkəmizin ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyət göstərmiş Fatma xanım Səttarovanın ruhuna ehtiramınıza, imzaladığınız  nekroloqa,  II Fəxri xiyabanda ayırdığınız torpaq müqəddəsliyinə, son mənzilə yolasalma mərasiminin yüksək səviyyədə təşkilinə görə Sizə və çox hörmətli Mehriban xanıma  təşəkkür edir, minnətdarlığımızı bildiririk”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından sədr vəzifəsinin icraçısı, polkovnik Cəlil Xəlilov  

Hamısını oxu