Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezidentə yazırlar: Sizin rəhbərliyinizlə bu bəlaya qalib gəldikdən sonra daha neçə-neçə zirvələr fəth edəcəyik

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır. Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər. AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların bir qismini təqdim edir. Biləsuvar rayonundan Teyyub Həsənov yazır: “Hörmətli cənab Prezident, hər zaman olduğu kimi, indiki çətin günlərdə də xalqımızın bütün təbəqələrinə, qocalara, gənclərə, xəstələrə, uşaqlara qayğınızla dəstəksiniz. COVID-19 pandemiyası demək olar ki, bütün dünyanı bürüyərək hər gün minlərlə can alır. Bunu ölkələrin gündəlik statistik göstəricilərindən də görürük. Amma Sizin düzgün siyasətiniz, görülən qabaqlayıcı tədbirlər sayəsində ölkəmizdə bu bəlanın qarşısı demək olar ki, alınıb. Bu qabaqlayıcı tədbirlər olmasaydı, nələr olacağını xəyalıma belə gətirmək istəmirəm. Hörmətli Prezident, vaxtında görülən tədbirlərə, ölkəmizi, xalqımızı qoruduğunuza görə Sizə dərin minnətdarlığımızı bildiririk. İnşallah, bu bəla, qara bulud ölkəmizin üstündən tezliklə çəkiləcək. Sizin ölkəmiz üçün çəkdiyiniz əziyyəti, qayğınızı, dəstəyinizi görürük. Görməyənlər isə Vətən sevgisindən məhrumdur. Mən əliləm. Gənc valideyn olaraq iki oğul böyüdürəm və deyirəm, nə yaxşı ki, bu ölkədə doğulmuşuq, Azərbaycanın vətəndaşıyıq. Hörmətli cənab Prezident, biz Sizinlə, Azərbaycanımızla fəxr edirik. Mən ailəmiz adından Sizə ürəkdən təşəkkürümüzü çatdıraraq, karantin rejiminə riayət etdiyimizi bildirirəm. Hər zaman sağ olun, var olun!”. Kürdəmirdən Tofiq Əliyev, Bəbiş Mehdiyev, Şəmsəddin Cəfərov, Nicat İbrahimov və İlqar Həsənov rayonda məskunlaşan məcburi köçkünlər adından yazırlar: “Möhtərəm cənab Prezident, ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyünüz işlərə görə Kürdəmir rayonunda məskunlaşan məcburi köçkünlər adından Sizə təşəkkür edirik. Azərbaycan xalqına göstərdiyiniz diqqət və qayğı, maddi və mənəvi dəstək heç zaman unudulmayacaq. İnşallah, Sizin rəhbərliyinizlə bu bəlaya qalib gəldikdən sonra daha neçə-neçə zirvələr fəth edəcəyik. Allah bu müqəddəs işinizdə Sizə yardımçı olsun!”. Bakı şəhərinin Xətai rayonunda yaşayan Qarabağ müharibəsi əlili Teymur Əliyevin məktubunda deyilir: “Hörmətli cənab Prezident, mən Qarabağ müharibəsi əlili, təqaüddə olan polis işçisi kimi Azərbaycan vətəndaşı olmağımla fəxr edirəm. Hər gün dünya xəbərlərini izlədikcə ölkəmizdə olan vəziyyətdən qürur hissi keçirirəm. Hörmətli Prezident, cənab Ali Baş Komandan, dünyaya meydan oxuyan ölkələrdə baş verən olayları, yüzlərlə, hətta minlərlə insan itkilərini gördükdə bu pandemiyanın necə qorxunc bəla olduğunu başa düşürük, lakin ölkəmizdə bunu hiss etmirik. Çünki Sizin kimi müdrik Prezidentimiz var. Azərbaycan xalqı bir daha Prezidentimizin yürütdüyü siyasətin doğruluğunu, vətəndaşların rifahının hər şeydən üstün tutulduğunu gördü. Buna görə də bütün xalq Sizin ətrafınızda sıx birləşərək deyir: “Cənab Prezident, biz Sizinləyik!”. Allah Sizi qorusun!”. Bakı şəhərinin Nərimanov rayonunun sakini Arif Əsgərov: “Hörmətli cənab Prezident, ölkəmizin bu çətin günlərində - koronavirus pandemiyası ilə mübarizədə Sizin göstərdiyiniz diqqət və qayğınızla xalqımıza dayaq olmağınız bizi qürurlandırır. Bizə - müharibə veteranlarına göstərdiyiniz diqqətə görə Əfqanıstan müharibəsi veteranları adından Sizə dərin təşəkkürümü bildirirəm. Ümid edirəm ki, Sizin sayənizdə ölkəmiz tez bir zamanda əvvəlki gözəl günlərinə qayıdacaqdır”. Bakı şəhərinin Xətai rayonunda yaşayan məcburi köçkün Zəminə Cəfərova: “Möhtərəm cənab Prezident, Sizin müdrik siyasətinizin nəticəsində Azərbaycan cənnət diyara çevrilib. Qlobal pandemiyanın yayıldığı bir zamanda məhz Sizin rəhbərliyinizlə koronavirusa qarşı mübarizədə dövlətimiz vaxtında qabaqlayıcı tədbirlər gördü. Bunun nəticəsidir ki, Azərbaycanda xəstələrin sayı çox az oldu. Bu gün Siz bir daha sübut etdiniz ki, Azərbaycan xalqına xidmət edirsiniz. Ölkəmizdə COVID-19 infeksiyasına qarşı görülmüş bütün qabaqlayıcı tədbirlər insanlarımızın sağlamlığının qarantıdır. Sizin işsiz vətəndaşlara və sahibkarlara göstərdiyiniz maddi və mənəvi dəstək əsl rəhbər, dövlət başçısı qayğısının təzahürüdür. Bizim dəyərli Prezidentimiz, inşallah, Sizin rəhbərliyinizlə Vətənimizdə həyat yenidən öz axarına düşəcəkdir. Siz xalqın etimadını qazanmış bir Lidersiniz. Ulu Tanrıdan Sizi və ailənizi qorumağı diləyirəm”.

Şəki Dövlət Regional Kollecinin müəllimi Namiq Hacıyev: “Möhtərəm cənab Prezident, bəşəriyyəti cənginə almış koronavirusla mübarizədə dünyanın aparıcı dövlətləri belə böyük çətinliklərlə üzləşib. Sizin uzaqgörən və müdrik siyasətiniz, həyata keçirilən qətiyyətli qabaqlayıcı tədbirlər xalqımızın bu bəladan az itkilərlə çıxmasına zəmin yaradıb. Azərbaycanda koronavirusla mübarizədə qabaqlayıcı tədbirlər gördüyünüzə görə Sizə təşəkkürümü bildirirəm. Ölkəmizdə hələ COVID-19 infeksiyasına yoluxma baş verməmişdən əvvəl Sizin tapşırıq və göstərişinizlə dezinfeksiya işlərinə başlanıldı. Sonra Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Mən doğma Azərbaycanımı dünyada ən xoşbəxt ölkə hesab edirəm. Çünki bu xalqın Sizin kimi mərd oğlu, müdrik Prezidenti vardır. Bu çətin günlərdə Sizə və ailənizə cansağlığı, yeni uğurlar arzulayıram”. Bakının Xətai rayonunda fəaliyyət göstərən Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin direktoru Zemfira Məsiyeva, müəllimlər Sima Əhmədova, Kənan İsmayılov, Sərxan Behbudov və Nüşabə Bilalova təhsil ocağının kollektivi adından dövlətimizin başçısına yazırlar: “Möhtərəm cənab Prezident, cəmiyyət və dövlət olaraq ağır sınaqdan keçdiyimiz bir vaxtda hər bir vətəndaş Sizə ümid çırağı kimi baxır. Bu savaşdan birlikdə qalib çıxacağımıza zərrə qədər də şübhəmiz yoxdur. Çünki öz vətəndaşlarının hər cür təhlükədən etibarlı müdafiəsini təşkil edən, koronavirus pandemiyasının ölkə əhalisinə təsirini mümkün qədər azaltmaq üçün ən səmərəli tədbirlər həyata keçirən qüdrətli dövlətimiz var. Milli həmrəylik məsələsində çoxminli müəllimlər ordusunun üzvləri olaraq biz də dövlətimizin, onun müdrik rəhbərinin yanındayıq. Azərbaycanda həm də milli təhlükəsizliyimizin qorunmasını özündə ehtiva edən bu mübarizədə Sizin rəhbərliyinizlə həyata keçirilən təxirəsalınmaz tədbirlər vətəndaşlarımızın sağlamlığının qorunmasında oynadığı həlledici rol gözlərimizin önündədir. Cənab Prezident, ölkəmizin sabahı, gələcəyi olan uşaqlar, o cümlədən bizim məktəbin şagirdləri də dərslərini evdən onlayn şəkildə davam etdirir, videodərslərdə fəal iştirak etməklə bilik və bacarıqlarını möhkəmləndirirlər. Əmin olun ki, xalqımızı pandemiya bəlasından qorumaq üçün böyük əzm və fədakarlıqla gördüyünüz işlərdən düşən ümid işığını indidən görürük. Biz Sizinlə güclüyük!”. Salyan rayonunun Aşağı və Yuxarı Noxudlu kəndlərinin sakinləri Səxavət Nuriyev, Müzəffər Feyzullayev və İsgəndər Babayev yazırlar: “Hörmətli cənab Prezident, bəşəriyyət koronavirus pandemiyası kimi çətin sınaqla üz-üzədir. Bəzi ölkələrdə əsl insanlıq faciələri yaşandı. Çox sevinirik ki, tərəfinizdən görülən tədbirlər nəticəsində biz belə halları kənardan seyr etdik. Sizə, həmçinin koronavirus infeksiyasına qarşı mübarizədə fəal iştirak edən hər kəsə, xüsusilə də həkimlərə dərin minnətdarlığımızı bildiririk. Məhz Sizin qətiyyətli mövqeyinizin sayəsində xalqımız bütün çətinliklərin öhdəsindən uğurla gələcək. Siz gördüyünüz işlərlə və verdiyiniz qərarla hər zaman vətəndaşın yanında olduğunuzu bir daha sübut etdiniz. İnanırıq ki, narahat günlərimiz tezliklə tarixin yaddaşına köçəcək və doğma ölkəmizdə həyat yenidən öz axarına düşəcəkdir”. Daşkəsən rayonundan Rövşən Həsənov, Mübariz Abbasov, İsmayıl Mürsəlov və Jalə Musayeva yazırlar: “Möhtərəm cənab Prezident, koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirləri dəstəkləyirik. Bu tədbirlər sayəsində hazırda ölkəmizdə xəstəliyə yoluxma nisbətində müsbət dinamika müşahidə edilir, sağalanların sayı hər gün daha da artır. Ölüm sayı isə digər ölkələrlə müqayisədə kifayət qədər azdır. Bu xəbərlərin bizi necə sevindirdiyini sözlə ifadə etməkdə çətinlik çəkirik. Cənab Prezident, bu mübarizə hələ tam başa çatmayıb, amma artıq hər bir azərbaycanlı əmindir ki, Siz bütün vasitələrdə bu problemin öhdəsindən də gələcəksiniz. Allah Sizi xalqımızın başı üzərindən əskik etməsin!”. İmişli rayonunun sakini Rafiq Məhəddinov: “Möhtərəm cənab Prezident, Sizi salamlayır və dövlətimiz üçün bu çətin zamanda gecə-gündüz xalqımıza xidmət etməyinizi böyük fəxarət hissi ilə vurğulayaraq, Sizə minnətdarlığımı bildirirəm. Bütün dünyanı sarsıtmış yeni növ koronavirusdan ən az zərər görən ölkələr sırasındayıq. Bu, Sizin diqqətinizin, qayğınızın, qətiyyətli mövqeyinizin nəticəsidir. İnanırıq ki, karantin müddətində xalqımızın Sizin tövsiyə və tapşırıqlarınıza əməl etməsi dövlətimizi bu çətin zamanda daha da gücləndirərək, virusa qalib gəlməsinə kömək edəcək”. Ağdam rayonunun Zəngişalı kəndinin sakini Ramin Sadıqov: “Çox hörmətli cənab Prezident, Azərbaycanın xalqının rifahı, gözəl, firavan yaşaması üçün var gücünüzlə çalışdığınıza görə Sizə və Mehriban xanıma təşəkkürümü bildirirəm. Bölgələrimizdə aparılan abadlıq-quruculuq işlərində Sizin və Mehriban xanımın imzalarınız danılmazdır. Bununla yanaşı, vətəndaşlarımızın sağlam yaşamaları üçün ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizədə əlinizdən gələni əsirgəmir, virusa yoluxan xəstələr üçün yeni modul tipli xəstəxanalar tikdirərək, xalqımızın qayğısına qalırsınız. Sizin sayənizdə xalqımızın bu dərd-bəladan tezliklə qurtulacağına inanırıq. Uca Allah millətimizi, Sizi və Sizin ailəni qorusun!. Allah ulu öndər Heydər Əliyevə qəni-qəni rəhmət etsin ki, bizlərə Sizin kimi oğul bəxş edib. Görülən bütün işlərə görə Sizə minnətdarıq, cənab Prezident. Sizə uzun ömür və cansağlığı arzu edirik”. Odlar Yurdu Universitetinin kollektivi və tələbələri adından Əhməd Vəliyev yazır: “Çox hörmətli cənab Prezident, bu gün dünyanı fəlakətin bürüdüyü bir zamanda ən nəhəng dövlətlərin və onların rəhbərlərinin xəstəlik qarşısında acizliyi hamımıza məlumdur. Siz isə belə bir bulanıq, təlatümlü dünyada dərin zəka, ağıl, düşüncə nümayiş etdirərək, xalqla bir olan dünyəvi Lider olduğunuzu bir daha sübut etdiniz. Belə ağır və məsuliyyətli günlərdə Siz hər bir vətəndaşımıza diqqət yetirirsiniz, yorulmadan onlarla daim bir yerdə olursunuz. Həmçinin Birinci vitse-prezidentimiz, çox əziz Mehriban xanımın bu çətin vaxtlarda insanlarımıza doğmalıqla, bir ana qayğısı ilə, humanistcəsinə müraciətləri soydaşlarımızda böyük mənəvi stimul və yüksək əhval-ruhiyyə yaradıb. Biz təhsil işçiləri olaraq Sizin atdığınız hər bir addımı təhlil edir, bu gün üçün müəyyənləşdirib uğurla tətbiq etdiyiniz idarəçilik modelinin alternativsiz olduğunu təsdiqləyir və çox yüksək qiymətləndiririk. Nəsirəddin Tusinin belə bir kəlamı var: “Hökmdar o zaman hökmdar olaraq qəbul edilir ki, ölkə xəstələndikdə onu müalicə etsin, sağlam olduqda isə onun sağlamlığının keşiyində dayansın”. Hörmətli cənab Prezident, bu ifadələrin fonunda Siz zirvədəsiniz və əvəzolunmaz Lidersiniz. Odlar Yurdu Universitetinin çoxsaylı kollektivi və tələbələri Sizinlə qürur duyaraq əmin olduqlarını bildirirlər ki, Siz dünya miqyasında alternativi olmayan bir lider kimi qələbə qazanacaqsınız. Tanrı köməyiniz olsun!”. Lənkəran rayonunun Boladi kəndindən Ramazan Quliyev: “Möhtərəm cənab Prezident, koronavirus təhlükəsi gözlənilmədən sərhədlərimizə dayandı. Siz bu fəlakət gətirən virusun qarşısını almaq üçün dərhal fəaliyyətə başladınız, onun ölkəmizdə yayılmaması üçün dövlət səviyyəsində qərarlar qəbul edildi, həyati əhəmiyyətli tədbirlər görüldü. Bu tədbirlərin nəticəsidir ki, dünyanı çökdürən pandemiyanın ölkəmizə təsiri güclü olmadı, müdrik qərarlarınız xalqımızı bu qorxunc bəladan qorudu. Xalqımız da Sizin ətrafınızda sıx birləşərək, bu xəstəliyə qarşı mübarizədə səfərbər oldu. İnşallah, zəhmətiniz bəhrə verəcək, rəhbərliyinizlə bu sınaqdan şərəflə çıxacağıq!”. Ağdam rayonundan məcburi köçkün, hazırda Ağsunun Xanbulaq kəndində yaşayan Teymur Əhmədov: “Möhtərəm cənab Prezident, bu gün hər bir azərbaycanlı yaxşı bilir ki, onu düşünən, onun qayğısına qalan Prezidenti var. Siz dünyanı bürüyən virusun ölkəmizdən tezliklə yox olması üçün əlinizdən gələni edirsiniz. İşləyən bütün şəxslərin maaşı vaxtında verilir və işləməyən şəxslərə də müavinətlər ayrılır. Mən gənc şair kimi Sizin sayənizdə heç nəyin qayğısını çəkmədən evdə yaradıcılıqla məşğul oluram. Bu ağır günlərdə mənə və bütün xalqımıza gözəl şərait yaratdığınıza görə Sizə bir daha təşəkkür edirəm. Allah Sizi var eləsin!. Ulu Tanrı Sizi və ailənizi qorusun!”. Göyçay rayonunun Alpout kəndinin ağsaqqalları adından yazan Qəhrəman İbrahimov dövlətimizin başçısına minnətdarlığını bu sözlərlə ifadə edir: “Hörmətli cənab Prezident, bütün dünyanı öz əsarətinə almış koronavirus pandemiyası respublikamıza da təsirsiz ötüşmədi. Lakin vaxtında görülmüş tədbirlər sayəsində bu təsirlər başqa ölkələrə nisbətən o qədər də güclü olmadı. Sizin xalqımıza bağlılığınız imzaladığınız sərəncamlarla və verdiyiniz qərarlarla bir daha özünü doğrultdu. Belə çətin dövrdə yaşı 65-dən yuxarı vətəndaşlara yoluxmanın qarşısını almaq məqsədilə evdə sosial xidmətlərin göstərilməsi, əfv Sərəncamınız ilə 176 məhkumun öz ailələrinə qovuşması, həmçinin işsiz vətəndaşlara birdəfəlik ödənişlərin verilməsi Sizin humanistliyinizin və əvəzsiz himayənizin sübutlarıdır. Azərbaycanımız üçün gördüyünüz bütün işlərə görə Sizə və Mehriban xanım Əliyevaya ailəm adından və Alpout kəndinin ağsaqqalları adından dərin minnətdarlığımı bildirirəm”

2020-04-22 00:00:00
3855 baxış

Digər xəbərlər

Prezident büdcəyə dəyişiklikləri təsdiqlədi

“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər qüvvəyə minib. Oxu.Az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev müvafiq fərman imzalayıb. Dövlət başçısı “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” qanuna dəyişikliklərlə bağlı qanunu da imzalayıb.   Bununla da Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il üçün büdcəsində dəyişikliklər qüvvəyə minib. Eyni zamanda, Prezident “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu da imzalayıb. Qeyd edək ki, 2020-ci ilin dövlət büdcəsində dəyişikliklərlə bağlı qanun layihəsi Milli Məclisin növbədənkənar sessiyasının avqustun beşi, altısı və yeddisi keçirilən plenar iclaslarında müzakirəyə çıxarılmışdı. Büdcə zərfinə dəyişikliklərlə bağlı sənədlərin hamısı üç oxunuşdan keçmişdi. 

Hamısını oxu
Bunu edən də, buna susan da potensial qatildir!

Xəbər verdiyimiz kimi, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) dəmir yolu xətlərinin üzərinə kənar əşyaların qoyulması ilə bağlı müraciət yayıb. Müraciətdə təkcə cari il ərzində ADY-ə məxsus dəmir yolu xətlərinin üzərinə 22 kənar əşya qoyulduğu, bu cür halların həm sərnişinlərin, həm də qatar heyətinin həyatı üçün risk təşkil etdiyini bildirib. Müraciətdə dəmir yolu xətti üzərində kənar əşya görənlərin yaxınlıqdakı stansiyaya və yaxud ADY-nin 1822 Əlaqə Mərkəzinə məlumat verməsi xahiş olunur. Hər şeydən öncə qeyd edək ki, dəmir yolu xəttinin üzərinə hansısa əşya qoymaq sadəcə şüursuzluq və ya məsuliyyətsizlik deyil, bu, bədxahlıq, daha dəqiq desək məqsədli şəkildə həyata keçirilən qanun pozuntusudur. İstənilən halda bu addımın atılmasında məqsəd qatarın hərəkətinə mane olmaq, onu dayandırmaq və ya relsdən çıxmasına nail olmaqdır. Bu isə bilavasitə insan həyatı üçün ciddi təhlükə, açıq qəsddir. Bu cür məkirli addım qatarın xətdən çıxımasına və çoxsaylı insan ölümünə səbəb ola bilər ki, bu da mahiyyətcə terror aktı deməkdir. Odur ki, yaşından, kimliyindən asılı olmayaraq, bunu edən hər bir şəxs bu cür əməllərədn çəkinməli, belə təhlükəli əməllərə şahid olan insanlar bu barədə əlaqədar qurumları dərhal məlumatlandırmalıdır. Unutmaq olmaz ki,  dəmir yolu xətlərinin üzərinə kənar əşya qoyan, bu cür halları gördüyü halda susan, bu barədə yetkililərə məlumat verməyən hər bir şəxs potensial qatildir. Bunu edənlə bu qanun pozuntusunu gördüyü halda əlaqədar qurumlara məlumat verməyə hər bir şəxs, hüquqi baxımdan olmasa da, mənəvi baxımdan eyni məsuliyyət daşıyır.   Gəlin öz laqeydliyimiz, biganəliyimizlə qatilə çevrilməyək. Bu cür hallara qarşı həssaslıq sərgiləyərək həyat qurtaraq və bir ömür boyu vicdanımızın ağrısı ilə deyil, təqdiri ilə yaşayaq. Seymur ƏLİYEV

Hamısını oxu
“Ermənistan hərbi müstəvidə olduğu kimi, hüquqi müstəvidə də ağır məğlubiyyətə uğrayacaq”

Cəlil Xəlilov: “Türkiyənin erməni cinayətlərinin ifşasında Azərbaycana dəstək verməsi təqdirəlayiqdir”   “Ermənistan hərbi müstəvidə olduğu kimi hüquqi müstəvidə də ağır məğlubiyyətə uğrayacaq”.   Bunu saytımıza açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu gün olduğu kimi bundan sonra da sərhədlərimizi pozan, ölkəmizə qarşı terror və təxribat həyata keçirən şəxslərin məhkəmə qarşısında cavab verəcək:   “Emənistanın istər Birinci Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsində çoxsaylı hərbi cinayətlərə imza atdığı, böyük vəhşiliklər törətdiyi birmənalıdır. Dünən Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə verən ermənilərin məhkəmə qarşısına çıxarılması erməni faşizminin hüquqi müstəvidə ifşasıdır. Hər kəs bilməlidir ki, sadəcə Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviç deyil, Azərbaycan xalqına qarşı cinayət törədən bütün ermənilər, o cümlədən Ermənistanın keçmiş hərbi-siyasi rəhbərliyi, həmçinin Vətən müharibəsi zamanı mülki obyektlərin bombalanması əmrini verənlər də gec-tez məhkəmə qarşısında cavab verməli olacaqlar. Bu gün iki erməninin məhkəmə qarısına çıxrılması gerçəyi artıq bu prosedura start verildiyini göstərir”.   Cəlil Xəlilov erməni vəhiliklərinin beynəlxalq məhkəmə qarısında ifşası məsələsində Türkiyənin Azərbaycana verəcəyi dəstəyi də yüksək qiymətləndirdiyini vurğuladı:   “Bildiyiniz kimi, Gəncədə səfərdə olan Türkiyə Ali Məhkəməsinin Baş Prokuroru Bekir Şahin  Türkiyənin Ermənistanın terror əməllərinə beynəlxalq səviyyədə qiymət verilməsi üçün Azərbaycana hüquqi yardım edəcəyini bildirib. Bu, qardaş Türkiyənin Azərbaycana növbəti dəstəyi kimi olduqca əhəmiyyətli və təqdirəlayiqdir. Çünki erməni cinayətlərinin beynəlxalq məhkəmələrdə ifşa edilməsinə çox böyük ehtiyac var. Bu, həm Azərbaycanın haqq işinin dünyada tanınması, həm erməni faşizminin iç üzünün ifşa edilməsi, həm də cinayətkarların qanun qarşısında cavab verməsinin təmin olunması baxımından əhəmiyyətlidir.   İnanıram ki, Azərbaycan qardaş Türkiyənin dəstəyi ilə qısa zamanda bu müstəvidə də böyük uğurlar əldə edəcək, Vətən müharibəsində olduğu kimi beynəlxalq hüquqi platformada da Ermənistanı ağır məğlubiyyətə məhkum edəcək.   Onu da unutmaq olmaz ki, erməni faşizminin hüquqi müstəvidə cəzalanması gələcəkdə bu kimi hərbi cinayətlərin dünyanın hər hansı bölgəsində yenidən təkrarlanmaması baxımından da mühüm əhəmiyyətə malikdir. Odur ki, bu məsələdə beynəlxalq təşkilatlar, aparıcı dövlətlər də maraqlı olmalı, erməni hərbi canilərinin beynəlxalq məhkəmə qarşısında dayanması üçün səy göstərməlidirlər”.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu
“Azərbaycan dövləti veteranlara ən çox diqqət və qayğı göstərən ölkələrdən biridir”

Sabah faşizm üzərində qələbənin 75-ci ildönümüdür.  Moderator.az olaraq Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovla söhbətimizdə bu böyük tarixi günlə bağlı bir sıra məqamlara aydınlıq gətirməyə çalışdıq.  -Cəlil müəllim, sabah faşizm üzərində qələbənin 75-ci ildönümüdür. Öncə bu tarixi günlə bağlı düşüncələrinizi bilmək istərdik.  -Faşizm üzərində qələbənin əldə edilməsi ümumbəşəri bir hadisədir və qürurvericidir ki, bu qələbənin əldə edilməsində Azərbaycanın müstəsna xidmətləri var.  Bildiyiniz kimi, koronavirus pandemiyası səbəbi ilə ölkəmizdə bununla bağlı planlaşdırılan genişmiqyaslı tədbirlərin hamısı təxirə salınıb. Lakin dövlətimiz, ölkə başçımız indiki həssas məqamda da veteranları qayğı və diqqətdən kənarda qoymadı. Veteranlarımız evlərində ziyarət olundu, onlara müxtəlif yardımlar, hədiyyələr, mükafatlar verildi.  Istər ölkə başçısı, istərsə də I vitse-prezidentimiz tərəfindən veteranlarımıza göstərilən diqqət və qayğı müharibə veteranları tərəfindən böyük məmnunluqla qarşılanır. Biz Respublika Veteranlar Təşkilatı olaraq dövlət rəhbərliyinə veteranlara göstərdiyi qayğıya görə təşəkkür edir, öz minnətdarlığımızı bildiririk. Bir daha bəyan edirik ki, veteranlarımız ölkə başçısının yürütdüyü siyasəti qətiyyətlə müdafiə edir və bundan sonra da eyni qətiyyətlə müdafiə emtəkdə davam edəcək.  -Azərbaycan xalqının faşizm üzərindəki qələbədəki rolu zaman-zaman dünyanın bir çox ictimai-siyasi xadimləri, hərbi ekspertləri tərəfindən etiraf olunub. Bəs qələbənin 75-ci ildönümündə bununla bağlı yeni etiraf və xatırlanma oldumu?  -Azərbaycan xalqının qəhrəman oğul və qızlarının faşizmə qarşı mübarizədə göstərdiyi fədakarlıqlar qeyd etdiyiniz kimi, dünyanın bir çox görkəmli şəxsiyyətləri, hərbi-siyasi xadimləri tərəfindən etiraf olunub. Dünyanın bir çox ölkələrində, şəhərlərində qəhrəman Azərbaycan oğullarının büstləri, heykəlləri mövcuddur.  Qələbənin 75-ci ildönümündə veteranlarımızın qəhrəmanlığı yenə də bir sıra dünya dövlətlərinin diqqət mərkəzində idi. Təsadüfi deyil ki, bir sıra veteranlarımız Rusiya prezidenti tərəfindən müharibənin 75 illiyi ilə bağlı yubiley medalı ilə təltif edildi. Bu faktın özü xalqımızın faşizm üzərində qələbəyə verdiyi töhfənin növbəti etirafı hesab edilə bilər.  -Azərbaycanda veteranları təbrik edən daha hansı dövlət qurumları oldu?  -Deməliyəm ki, bütün dövlət qurumları bu məsələdə öz həssasiyyətini ortaya qoydu. Məsələn,  Müdafiə Nazirliyi, SHXÇDX, Heydər Əliyev Fondu veteranları müxtəlif hədiyyələrlə təbrik etdi. Ölkə başçısı veteranlarımızı yubiley medalı ilə mükafatlandırdı. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qadın veteranları müxtəlif hədiyyələrlə yad etdi. Bir sözlə, dövlət qurumlarımız qələbənin 75-ci ildönümündə veteranlarımızı tək qoymadı.  -Cəlil müəllim, qadın veteranlardan bəhs etdiniz. Müharibədə iştirak edən qadın döyüşçülərimizlə bağlı hər hansı statistika mövcuddurmu?  -Müharibədə 10 mindən çox Azərbaycan qadını cəbhələrdə faşizmə qarşı mübarizə aparıb. Onların bir çoxu müxtəlif igidliklərə görə təltif olunub. 35 min qadın neft sənayesində çalışıb, sovet ordusunun hərbi texnikasının yanacaq ehtiyatını təmin edib. 1500 nəfər qadın kolxoz-sovxoz rəhbərliyində təmsil olunub, kişilərin ön xətdə olduğu zamanda arxa cəbhədə böyük fədakarlıqlar göstərib. Təkcə bu statistikanın özü qadınlarımızın faşizmə qarşı necə böyük mətinliklə mübarizə apardığını təsdiq edir.  -Cəlil müəllim, faşizm üzərindəki qələbə Qarabağ müharibəsi, vətənpərvərlik təbliğatı baxımından nə dərəcədə önəmlidir?  -Xalqımızın faşizmə qarşı apardığı mübarizə, bu mübarizədə göstərilən qəhrəmanlıqlar vətənpərvərlik təbliğatının konkret faktlara, nümunələrə istinadən həyata keçirillməsi baxımından mühüm əhəmiyyətə malikdir. Ötən əsrin 40-cı illərində  faşizmə qarşı mübarizə aparan Azərbaycan xalqı bu gün erməni faşizmi ilə müharibə şəraitindədir. Torpaqlarımızın 20%-i işğal edilib. Belə olan təqdirdə atalarımızın, babalarımızın mübarizə və döyüş təcrübəsinin öyrənilməsi, onların qəhrəmanlıqlarının ilham mənbəyinə çevrilməsi gənclərimiz üçün mənəvi baxımdan böyük stimul təşkil edir.  Gənclərimiz babalarının göstərdiyi igidliklərdən, qəhrəmanlıqlardan xəbərdar olmalı, öz əməllərində, erməni faşizmə qarşı mübarizədə bu böyük qəhrəmanlıqları təkrarlamalıdırlar.  Sonda,  faşizm üzərində qələbənin 75-ci ildönüüm münasibəti ilə xalqımızı təbrik edir, bir daha veteranlara göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı və Mehriban xanıma öz təşəkkürümü bildirirəm.  Seymur ƏLİYEV

Hamısını oxu