Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Dünya ictimaiyyəti Ermənistana qarşı daha ciddi təzyiq mexanizmlərini işə salmalıdı

Azərbaycanın işğal edilmiş torpaqlarında qondarma qurumun yaradılması, orada saxta seçkilərin keçirilməsi və Şuşada planlaşdırılan andiçmə mərasimi erməni həyasızlığının növbəti təzahürüdür. Bu faktlar bir daha sübut edir ki, işğalçı rejim beynəlxalq hüquqa nəinki hörmət bəsləmir, bu hüququ nümayişkaranə şəkildə pozur, bununla da beynəlxalq təşkilatlara, dünya nizamına açıq hörmətsizlik edir. Şübhəsiz ki, Azərbaycanın işğal edilmiş torpaqlarında belə bir andiçmə mərasiminin keçirilməsi ölkəmizə qarşı növbəti təxribatdır və beynəlxalq birlik bununla bağlı mövqeyini ortaya qoymalı, işğalçıya qarşı cəza mexanizmini işə salmalıdır. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarındakı separatçı “rejim”in rəhbəri Araik Arutunyanın Şuşada planlaşdırılan “andiçmə mərasimi” ilə bağlı açıqlamasında deyib. Bu addımı ermənilərin növbəti həyasızlığı kimi dəyərləndirən polkovnik Cəlil Xəlilov qeyd edib ki, mayın 21-də Şuşada keçirilməsi planlaşdırılan andiçmə mərasimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə zərbə vurmaqla yanaşı, düşmənin münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını göstərir. Şuşada belə bir tədbirin keçirilməsi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqlarına vurulan ağır zərbədir və bu, düşmənin əsl niyyətini ortaya qoyur. Baş verənlər göstərir ki, rəsmi İrəvan iddia etdiyinin əksinə olaraq, problemin sülh yolu ilə həllində maraqlı deyil və bu danışıqlar beynəlxalq ictimaiyyəti aldatmağa xidmət edir. Ona görə dünya dövlətləri, eləcə də beynəlxalq təşkilatlar Ermənistana qarşı daha ciddi təzyiq vasitələri işə salmalı, ona qarşı sanksiyalar tətbiq etməklə işğalçıya öz yerini göstərməlidir. Respublika Veteranlar Təşkilatının sədr müavini bildirib ki, proseslərin bu şəkildə gedişi Azərbaycanın səbir kasasını daşıra bilər. Azərbaycan tərəfi dəfələrlə bildirib ki, torpaqlarının işğal altında qalması ilə barışmayacaq və lazım gələrsə problemin həlli üçün bütün vasitələri sınaqdan çıxaracaq. Düşmənin Şuşada andiçmə mərasimi keçirmək planı, habelə bu günədək təxribatları problemə hərbi kontekstdə yanaşmaq zərurətini artırır. “Azərbaycan güclü orduya malikdir. 2016-cı ilin Aprel döyüşləri də göstərdi ki, Azərbaycan Ordusu işğaldakı bütün torpaqları bir həmlə ilə azad etmək, bu torpaqlarda üçrəngli bayrağımızı dalğalandırmaq qüdrətinə malikdir. Əgər Ermənistan təxribatlardan əl çəkməsə, o zaman aprel məğlubiyyətindən qat-qat ağır və dəhşətlisinə hazır olmalıdır”, - deyə Cəlil Xəlilov vurğulayıb.

2020-05-18 00:00:00
3633 baxış

Digər xəbərlər

“Ölkəmizdə həqiqi hərbi xidmətə çağrış sistemi sağlamlaşdırılıb, ciddi islahatlar aparılıb”

Əliməmməd Nuriyev: “Baş Prokurorluqla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bilrikdə bu sahədə mühüm işlər görüb” “Ölkəmizdə həqiqi hərbi xidmətə çağrış sistemi sağlamlaşdırılıb, ciddi islahatlar aparılıb”. Bunu Moderator.az-a açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib. Hüquqşünas qeyd edib ki, Baş Prokurorluqla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bu sahədəki əməkdaşlığı öz faydasını verməkdədir: “Cənab Prezidentin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyində həyata keçirdiyi dəyişiklikdən sonra bu qurumda ciddi islahatlara şahid olmaqdayıq. Məlum dəyişiklikdən sonra Baş Prokurorluqla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti birlikdə bu qurumda keçmişdən qalan neqativ hallara qarşı mübarizə məqsədilə ciddi addımlar atıb. Xüsusilə də hərbi çağırışdan boyun qaçırmaqla bağlı aşkar edilən korrupsiya sövdələşmələrinin ifşa edilməsi, korrupsiya sövdələşmənin nəticələrinin aradan qaldırılması, çağırış sisteminin sağlamlaşdırılması, neqativ meyillərin qarşısınn alınması cəmiyyətdə də məmnunluq doğuran yeniliklərdəndir. Görülən bütün bu işlər, həyata keçirilən bütün bu tədbirlər sübut edir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bugünkü rəhbərliyi dövlət başçısının ona olan etimadına layiq olmaq, xalqın bu quruma olan inam və sevgisini qazanmaq üçün əzmlə çalışmaqdadır. Mən bu məsələdə ortaya qoyduqları iradəyə və prinsipiallığa görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyinə, eləcə də Baş Prokurorluğa öz təşəkkürümü bildirir, uğurlar arzulayıram”. Seymur ƏLİYEV  

Hamısını oxu
Terrorçuluqda təqsirləndirilən “Muxtar” Azərbaycana ekstradisiya olundu

Azərbaycan Respublikasının milli təhlükəsizlik maraqlarına yönələn təhdidlərin, terror-təxribat və digər pozuculuq fəaliyyətinin vaxtında aşkar edilməsi və qarşısının alınması, eləcə də beynəlxalq terrorçuluqla mübarizə istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kompleks tədbirlər davam etdirilir. Lent.az DTX-nin saytına istinadən xəbər verir ki, xarici xüsusi xidmət orqanlarının nəzarəti altında Azərbaycan Respublikası vətəndaşlarının seçilərək onlara radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə ölkə hüdudlarından kənarda hərbi təlimlərin keçirilməsi, şəxsiyyətləri gizlədilərək müxtəlif adlarla digər dövlətlərin ərazisindəki münaqişə ocaqlarında hərbi əməliyyatlara cəlb olunmaları barədə toplanılmış materiallar əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işi üzrə hazırda istintaq-əməliyyat tədbirləri aparılır. Araşdırmalar nəticəsində, Azərbaycan Respublikasının vətəndaşı Şükürov Mehdi Əflatun oğlunun ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə terrorçuluq cinayət əməllərinin törədilməsi üsulları, odlu silahlardan, partlayıcı maddələrdən və qurğulardan, eləcə də digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə hazırlığı ilə əlaqədar təlim almasına, “Muxtar” ləqəbi ilə ölkə hüdudlarından kənarda ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etməsinə əsaslı şübhələr müəyyən edilib. Mehdi Şükürov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3,214-3.1-ci (terrorçuluq məqsədi ilə Azərbaycan Respublikasından kənarda təlim keçmə) və 12.1,279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarış elan edilib. Mehdi Şükürovun Rusiya Federasiyasının ərazisinə keçdikdən sonra gizləndiyi yer müəyyən edilmiş, o, beynəlxalq axtarışa dair qarşılıqlı hüquqi yardım proseduru çərçivəsində saxlanılıb və 2020-ci il iyulun 28-də Azərbaycan Respublikasına ekstradisiya olunub. Hazırda cinayət işi üzrə araşdırma davam edir.

Hamısını oxu
Əliyevin bu çıxışı Almaniyada gündəm oldu

Almaniyada çıxan “Berliner Press” nəşrində Prezident İlham Əliyevin BMT Baş Assambleyasının onlayn-konfrans formatında keçirilmiş 75-ci sessiyasındakı ümumi debatlarda çıxışı barədə məlumat dərc edilib. Axar.az xəbər verir ki, materialda Azərbaycan dövlətinin başçısının çıxışlarının əsas tezislərinə istinad edilir. Nəşrdə vurğulanır ki, İlham Əliyev öz çıxışında Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, regionda sülhə və təhlükəsizliyə təhdid yaratması, Azərbaycan ərazilərini işğal etməsi, yerli azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə, işğal edilmiş torpaqları qeyri-qanuni məskunlaşdırması, dövlət sərhədi boyunca təxribatlar törətməsi kimi məsələlərə diqqəti cəlb edib. Materialda bildirilir ki, Azərbaycan Prezidentinin çıxışında ölkədə stabil, demokratik, etnik və dini baxımdan tolerant dövlət qurulması və onun möhkəmlədirilməsi sahələrində, həmçinin COVID-19 pandemiyasına qarşı mübarizədə qazanılmış uğurlar kimi məsələlərə diqqət yetirib.

Hamısını oxu
“Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransın iştirakçılarına

Hörmətli konfrans iştirakçıları! Sizi Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda Bakı şəhərində təşkil etdiyi II beynəlxalq konfransda salamlayıram. Hazırda dünyada 120 milyondan çox insan məcburi köçürülmə problemi ilə qarşılaşmışdır və beynəlxalq ictimaiyyətin birgə səyləri olmadan bu problemin effektiv həlli mümkünsüzdür. Azərbaycan xalqı da ötən əsrin əvvəllərindən başlayaraq köçkünlük problemi ilə üzləşmişdir. Qərbi Azərbaycanda – indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar etnik təmizləməyə məruz qalaraq, tarixi vətənlərindən mərhələli şəkildə zorla çıxarılmışlar. 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə daha dəhşətli xarakter almış köçürmələr nəticəsində yüz minlərlə azərbaycanlı dədə-baba yurdunu tərk edərək Azərbaycana sığınmışdır. Bu dəhşətli deportasiyalardan sonra Ermənistanda bir nəfər belə azərbaycanlı qalmamış və Ermənistan monoetnik dövlətə çevrilmişdir. Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması və zəngin mədəni irs yaratması faktını hər vəchlə danmağa çalışır. Ermənistan Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi – tarixi abidələri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış yerlərini dağıtmış, UNESCO tərəfindən ümumbəşəri mədəni dəyər kimi tanınan Azərbaycan aşıq sənətinə ciddi zərər vurmuşdur. Bu tarixi-mədəni abidələr arasında yalnız Azərbaycan memarlığının və İslam mədəniyyətinin parlaq nümunələrindən biri olan Göy Məscid salamat qalmışdır. Lakin Ermənistan Göy Məscidin orijinal tarixi-memarlıq üslubunu qəsdən dəyişdirərək onu başqa ad altında təqdim etməyə çalışır. Regionun tarixini və mədəni mənzərəsini təhrif etmək, yenidən yazmaq məqsədi daşıyan belə destruktiv addımlar dözümsüzlük və irqçilikdən başqa bir şey deyildir. Ermənistan bununla da kifayətlənməmiş, Azərbaycana qarşı hərbi təcavüzə əl ataraq onun ərazilərini işğal etmiş, etnik təmizləmə törətmiş, şəhər və kəndləri dağıtmış, talan etmiş, torpaqlarımızı saysız-hesabsız minalarla çirkləndirmişdir. Azərbaycan xalqı heç vaxt bu ədalətsizliklə barışmamış, haqq səsini dünyaya çatdırmağa çalışmışdır. 2020-ci ildə Azərbaycanın şanlı qələbəsi ilə bitən Vətən müharibəsi Qarabağdan və Şərqi Zəngəzurdan qovulmuş soydaşlarımızın doğma yurdlarına qayıdışına imkan yaratdı. Azərbaycanın bu ədalətli savaşı beynəlxalq hüququn aliliyinin təntənəsi və qlobal miqyasda məcburi köçürülmə probleminin həllinə verilmiş böyük bir töhfədir. İşğaldan azad edilmiş ərazilərdə hazırda “Böyük Qayıdışa dair Dövlət Proqramı” uğurla icra edilir. Təəssüf ki, Ermənistan cəmiyyətində xalqımıza qarşı dərin kök salmış nifrət hissi, mifik “böyük Ermənistan” xülyası, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının hələ də qalması, bu ölkənin sürətlə silahlanması iki ölkə arasında dayanıqlı sülhün əldə olunmasını əngəlləyir. Ermənistan Qərbi Azərbaycan İcmasının fəaliyyətini qəsdən öz ərazi bütövlüyünə təhdid kimi təqdim etməyə çalışır. Lakin İcmanın məqsədi Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın dinc və təhlükəsiz şəraitdə, ləyaqətlə öz dədə-baba yurdlarına qayıdışının təmin olunmasından ibarətdir. Bu, sırf insan haqları məsələsidir. Ermənistanın İcmanın fəaliyyətini təhdid kimi qələmə verməsi məsələnin əsl mahiyyətini təhrif etmək və beynəlxalq hüquqa əsaslanan qayıdış hüququnu inkar etmək cəhdidir. Qərbi Azərbaycan İcması dəfələrlə Ermənistan hökumətini dialoqa çağırmış, lakin qarşı tərəf bundan imtina etmişdir. Ermənistan İcma ilə danışıqlara başlamalı və Qərbi azərbaycanlıların fundamental hüquqlarının bərpa edilməsi istiqamətində praktiki addımlar atmalıdır. Bundan əlavə, Ermənistan xalqımıza məxsus tarixi-mədəni irsin dağıdılması, təhrif edilməsi ilə bağlı vəziyyətin monitorinqi məqsədilə UNESCO-nun faktların araşdırılması missiyasının səfərinə icazə verməli və bu sahədə əməkdaşlıq etməlidir. Qərbi Azərbaycan İcması üzvlərinin doğma torpaqlara qayıdış hüququnu təmin etmək məqsədilə beynəlxalq hüquqa uyğun dinc təşəbbüslərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi olduqca əhəmiyyətlidir. Uğurla həyata keçirilən Qayıdış Konsepsiyasına əsaslanan bu təşəbbüslər Qərbi azərbaycanlıların sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına geri dönməsinə böyük töhfələr verəcəkdir. Müxtəlif vaxtlarda dədə-baba torpaqlarından zorla köçürülmüş, hazırda Azərbaycanda və dünyanın bir sıra ölkələrində məskunlaşmış minlərlə Qərbi Azərbaycan əsilli şəxsin hüquqlarının müdafiəsinə həsr edilmiş konfransın işinə uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan xalqının zaman-zaman məruz qaldığı deportasiyalar barədə həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdıran bu beynəlxalq konfrans yaxın gələcəkdə qayıdış hüququ və dünyada köçkünlük problemi ilə bağlı fikir mübadiləsi aparılacaq önəmli beynəlxalq dialoq platformasına çevriləcəkdir.   İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 5 dekabr 2024-cü il

Hamısını oxu