Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycanın bir sıra şəhər və rayonlarında iyunun 14-dən 16-dək sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək

Ölkə üzrə sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən, son günlər Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında yüksək yoluxma faktları aşkar edilib. Bu baxımdan COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək. AZƏRTAC xəbər verir ki, bu barədə qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul olunub. Qərara əsasən, 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda, ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılır; 14 iyun saat 00:00-dan 16 iyun 06:00-dək həmin şəhər və rayonlarda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir; sakinlər qeyd olunan müddətdə yaşayış yerlərini və ya olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, eləcə də təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda yalnız təcili tibbi yardım xidməti vasitəsilə, habelə yaxın qohumların dəfnində iştirak etmək üçün Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə icazə almaqla tərk edə bilərlər.

2020-06-10 00:00:00
3596 baxış

Digər xəbərlər

Dünyanın heç bir ölkəsində veteranlara bizdəki qədər diqqət və qayğı göstərilmir

“Milli maraqlarımız prezidentimiz ətrafında sıx birləşməyi, ona dəstək olmağı tələb edir”   Bir  müddət bundan  öncə ölkə başçısının müxtəlif təbəqə və kateqoriyalardan olan vətəndaşların müavinətlərini artırması, onların mənzil-məişət şəraitinin yaxşılaşması, sosial rifahının yüksəlməsi istiqamətində atdığı addımlar cəmiyyətdə böyük rəğbət və minnətdarlıq hissi ilə qarşılandı. Moderator.az olaraq Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovla söhbətimizdə ölkə başçısının məlum sərəncamlarını şərh etməklə yanaşı, digər məqamlara da aydınlıq gətirməyə çalışdıq.   -Cəlil müəllim, ölkə başçısı bəzi kateqoriyadan olan şəxslərin müavinətlərinin artırılması ilə bağlı sərəncam verib ki, bunlara müharibə əlil və veteranları da daxildir. Sizcə veteranların müavinətlərinin artırılması, onların sosial rifahının daha da yaxşılaşması ilə bağlı ölkə başçısının məlum qərarı bütövlükdə dövlətimizin sosialyönümlü siyasəti haqqında nə deyir?   -Qeyd etdiyiniz kimi, ölkə başçısı Böyük Vətən Müharibəsi iştirakçıları, Qarabağ müharibəsi veteranları və əlilləri, Çernobıl hadisəsi, Əfqanıstan müharibəsi iştirakçıları ilə bağlı bir neçə sərəncam imzaladı. Bu sərəncamlarda veteranların sosial şəraitinin yaxşılaşdırılması, onların ev, avtomobil təminatının həyata keçirilməsi, sosial müdafiəsinin gücləndirilməsi, aldıqları müavinətlərin artırılması və s. kimi məsələlər öz əksini tapıb. Təbii ki, bütün bu addımlar insanların sosial rifahının yüksəldilməsinə hesablanıb. Hansı ki, həmin addımlar cəmiyyət tərəfindən, eləcə də respublikamızda fəaliyyət göstərən bütün qurumlar, o cümlədən Respublika Veteranlar Təşkilatı tərəfindən rəğbətlə qarşılanıb.Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Rəyasət Heyəti adından Azərbaycan Respublikasınn ali baş komandanına, ölkə başçısına təşəkkür məktubu ünvanladıq. Veteranlara, əlillərə qayğı hər zaman dövlətimizin əsas diqqət mərkəzində olub və bu gün də diqqət mərkəzindədir. Bu yöndə silsilə addımların atılması bir daha onu göstərir ki, ölkə başçısının apardığı sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Veteranların təminatına dövlət başlıca məsələ kimi yanaşır, onların sosial rifahının yaxşılaşması üçün ardıcıl tədbirlər həyata keçirir. Xatırladım ki, bu günə qədər müharibə əlilləri üçün çoxlu sanatoriyalar, reabilitasiya və protest mərkəzləri və s. inşa edilib. Bu müəssisələr müasir avadanlqılarla təmin edilib. Veteran və əlillərin mənzil-məişət şəraitinin yaxşılaşması, sosial rifahının yüksəlməsi, müalicə və reabilitasiya prosesinin daha səmərəli olması üçün dövlət bütün imkanlarından istifadə edir. Ölkə başçısının verdiyi son sərəncamlar da müharibə veteranı və əlillərinə olan qayğının təzahürüdür.   -Bəzi müxalifət təmsilçiləri son aylar həyata keçirilən islahatları müxalif siyasi partiyaların həyata keçridiyi mitinqlərlə əlaqələndirir. Onlar iddia edir ki, guya bu mitinqlər vasitəsi ilə hökumətə “əzələ nümayişi” sərgilənib və buna görə də dövlət yeni islahatlar dalğasına start verib. Sizcə dövlət tərəfindən atılan fundamental addımları hansısa müxalifət qruplarının mitinqi ilə əlaqələndirmək nə dərəcədə məntiqlidir?   -Müxalifətin dövlət tərəfindən vətəndaşların sosial rifahının yaxşılaşması üçün atılan addımları hanssıa mitinqlərlə əlaqələndirməsi gülüncdür. Ölkə başçısı vətəndaşların sosial vəziyyətinin yaxşılaşması istiqamətində hər il ardıcıl addımlar atır, mühüm layihələr həyata keçirir. Onlar bu cür fikirlər səsləndirməklə cəmiyyətdə özlərinə hörmət yaratmağa çalışırlar. Insanları inandırmağa çalışırlar ki, guya onlar təzyiq hesabına bu dəyişikliklərə rəvac veriblər. Halbuki, bu yeniliklərin müxalifətlə hər hansı əlaqəsi yoxdur. Dövlətimizin sosial yönümlü çoxsaylı layihələri mövcuddur və bu yeniliklər də həmin layihələrin davamıdır. Təəssüflər olsun ki, bu gün bəzi müxalif dairələr ictimai rəydə çaşqınlıq yaradan fikirlər səsləndirir, intriqa və qarşıdurmalar yaratmaq istəyirlər. Bu, yolverilməzdir. Bizim qarşımızda Qarabağın azadlığı kimi mühüm məsələ dayanır. Hesab edirəm ki, Qarabağ boyda problemi olan bir ölkədə kimlərinsə intriqa və qarşıdurma yaratmasına yol vermək olmaz. Biz bütün vaxtımızı və enerjimizi bu problemin həllinə səfərbər etməli, ölkə başçısının bu yöndəki səylərinə dəstək verməliyik. Milli maraqlarımız bizdən məhz bunu tələb edir.   -Cəlil müəllim, tez-tez xarici ölkələrə səfər edən bir şəxs kimi veteranlara göstərilən qayğı baxımından digər dövlətlərlə respublikamız arasında hansısa fərqlər görürsünüzmü? Azərbaycanda olduğu kimi başqa ölkələrdə də veteranlara bunca diqqət və qayğı göstərilirmi?   -Sizcə açığını deyim ki, xarici ölkələrdə bizdəki qədər sosial layihələr mövcud deyil. Azərbaycanda bu, çox yüksək səviyyədədir. Veteranların pensiyasına diqqət edin. Bizdə veteranlar dövlətdən çox yüksək məvacib alır. Veteran ailələrinə dövlət tərəfindən ciddi yardımlar edilir. Digər dövlətlərdə veteranlara qayğı elə də yüksək deyil. Qonşu ölkələrə səfər edəndə və ya onlaırn təmsilçiləri Azərbaycana gələndə, ölkəmizdə veteranların aldğı məvacibi eşidəndə, bizə açıq-aşkar qibtə və həsədlə yanaşırlar. Onlar açıq şəkildə deyirlər ki, kaş bizdə də belə bir prezident olardı və bizim sosial rifahımızın qeydinə bu səviyyədə qalardı. Respublika Veteranlar Təşkilatında olan hər bir əcnəbi ölkələrin təmsilçiləri ölkəmizdə veteranlara yaradılan bu şəraitə heyranlıqla tamaşa edir. Mən fürsətdən istifadə edərək ölkə başçısına veteranlara yaratdığı bu şəraitə görə bir daha öz minnətdarlığımı bildirirəm. Onlar burada müxtəlif tədbirlər keçirmək, öz asudə vaxtlarını səmərəli dəyərləndirmək imkanı əldə edirlər. Ölkəmizin hər yerində veteranlar üçün yüksək şərait yaradılıb. Bu gün bizim təşkilatda çalışan hüquqşünaslar son dövürdə qanunda edilən dəyişiklikləri, yeni qəbul edilən qanunları veteranlara çatdırır, hüquqi məsləhətlər verir, onların hüquqi problemlərinin həllinə yardımçı olurlar. Bütün bunlar veteranlara olan dövlət qayğısının bariz nümunəsidir.   -Sizcə ölkə başçısının müharibə və əlillərə olan bu qayğısı gənc nəslin orduya olan marağının  artmasına da təsir göstərəcəkmi? Dövləti öz vətəndaşının, veteran və əlilinin arxasında görməsi gənclərin vətənə qəlbən xidmətini stimullaşdıran amil hesab edilə bilərmi?   -Təbii. Gənclərimiz, ordumuzda xidmət edən zabitlər, hərbi məktəblərimizdə təhsil alan kursantlar ölkə başçısının veteranlara göstərdiyi qayğını görür. Onlar görürlər ki, vətən üçün çalışan, vətən uğrunda sağlamlığını itirən şəxslərə dövlət tərəfindən böyük qayğı var. Dövlət heç bir vətəndaşını diqqətsiz qoymur. Onun dövlət qarşısındakı xidmətləri həm dövlət təltifləri ilə qiymətləndirilir, həm də sosial yardımlarla təqdir edilir. Onların ailə üzvləri də müəyyən imtiyaz və yardımlardan istifadə edirlər. Bütün bunlar isə gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə müsbət təsir edir. Ölkə başçısı, habelə I vitse-prezident Böyük Vətən Müharibəsi veteranları ilə mütəmadi şəkildə görüşürlər. Onlar müharibə veteranlarının arzu və istəklərinə həssaslıqla yanaşır, onları narahat edən problemlərin anındaca həllini təmin edirlər. Bütün bunları görən gənclər anlayırlar ki, dövlət qarşısında xidməti olan şəxslər nə dövlət, nə də cəmiyyət tərəfindən diqqətdən kənarda qalmırlar. Hər bir Azərbaycan vətəndaşı ölkə başçısının bu əməyini qiymətləndirməli, təqdir etməlidir. Ölkə başçısının əməyini görməmək, görülən işlərə qara yaxmaq olmaz. Biz görülən işləri qiymətləndirməli və öz işimiz, əməlimizlə ölkə başçısına dəstək verməli, onun ətrafında sıx birləşməklə yeni-yeni uğurların əldə edilməsinə öz töhfəmizi verməliyik. Ölkəmizin inkişafı, respublikamızın çiçəklənməsi, Qarabağımızın azadlığı baxımından da ən doğru yol məhz budur.   Seymur ƏLİYEV

Hamısını oxu
Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib

15 yanvar 2025-ci il tarixində Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilmişdir.  Dünyanın nüfuzlu qış idman tədbirlərindən biri hesab olunan bu mötəbər turnirdə peşəkar komandalar qalibiyyət uğrunda mübarizəyə başlamışdır. İdman ictimaiyyətinin böyük maraqla izlədiyi yarışda Azərbaycan Respublikası “Land of Fire” komandası ilə təmsil olunur. Komandanın iştirakı ölkəmizin idman potensialının və beynəlxalq arenada artan nüfuzunun növbəti göstəricisi kimi dəyərləndirilir. Kitzbühel şəhərinin qış mövsümünə uyğunlaşdırılmış xüsusi qar örtüklü məşhur polo meydançasında təşkil olunan turnirdə poloçularımızın ilk qarşılaşması 16 yanvar tarixində “Bentley”  komandası ilə keçirilmiş və komandamız arenadan 7-4 hesablı qələbə ilə ayrılmışdır. Hər il minlərlə yerli və xarici tamaşaçını, xarici media nümayəndələrini cəlb edən turnirə yüksək hazırlıq səviyyəsi və iddialı hədəflərlə qatılan komandamızın məqsədi yalnız uğurlu nəticə göstərmək deyil, eyni zamanda Azərbaycan brendinin, milli dəyərlərin və ölkəmizin idman diplomatiyasının beynəlxalq miqyasda tanıdılmasına töhfə verməkdir. Bu mötəbər yarışda çıxışı ilə ölkəmizin idman tarixində yeni səhifə açmış “Land of Fire” komandası azarkeşlərə yüksək səviyyəli oyun nümayiş etdirməklə ölkəmizi layiqincə təmsil edir. Məlumat üçün bildirək ki, qarüstü polo üzrə Dünya Kuboku 18 yanvar tarixinədək davam edəcəkdir.  Azərbaycan Respublikası Atçılıq Federasiyası

Hamısını oxu
CƏLİL XƏLİLOV: İnkişaf və inteqrasiya məhz gənclərin adı ilə bağlıdır

“Ədəbiyyat və incəsənət” portalı TRİBUNA rubrikasında bu gün sözü Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilova verir. Düşünürük ki, gənclərin indi ağsaqqal sözünə böyük ehtiyacları var.   Ötən əsrin əvvəllərində Şərqin ilk Demokratik Cümhuriyyətini quran liderlər yoxdan bir dövlət qurub onu gəncliyə etibar etilər. Ondan sonrakı mərhələdə Azərbaycan gəncliyi üzərinə düşən vəzifənin öhtəsindən şərəflə gəldilər. Dövlətin ehtimadını xalqın hörmətini qazandılar. Bu gün gənclərimiz xoşbətdirlər ki, Ulu Öndərin təməlini qoyduğu dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərlə bağlı məsələ aktual olaraq qalır. Bu da onunla əlaqədardır ki, gənclər həmişə cəmiyyətin aparıcı qüvvəsi rolunda çıxış edirlər. Birmənalı şəkildə qeyd etmək mümkündür ki, çoxmilyonlu gənclər ordusu ölkəmizin iqtisadi inkişafında, müstəqilliyimizin möhkəmlənməsində, mədəniyyətimizin zənginləşməsində mühüm rol oynayırlar. Xalqımız əsrlər boyu öz milli-mənəvi dəyərlərini, ənənələrini, bütövlükdə yaşam fəlsəfəsini qoruyaraq bu günümüzə qədər gətirib və onları zaman-zaman yeniləri ilə daha da zənginləşdirib. Azərbaycanı fərqləndirən cəhət ondan ibarətdir ki, bizim cəmiyyətimiz möhkəm tellərlə öz ənənələrinə bağlıdır. Qloballaşan dünyada bu amil böyük əhəmiyyət kəsb edir və xalqımızın identikliyini təmin edir. Məlumdur ki, Avropa məkanında milli-mənəvi dəyər, nəsillər arasında münasibətlər heç də arzuedilən zəmində qurulmur. Azərbaycan xalqı isə, qeyd etdiyimiz kimi, öz ənənələrinə və keçmişdən gələn dəyərlərinə böyük hörmətlə yanaşır. Nəsillərin vəhdətinin təmin olunması, təcrübə ilə novatorluq müstəqil Azərbaycanın ardıcıl inkişafının təməlində dayanan əsas amillərdən biridir. Bu gün Azərbaycan dünyaya nümunəvi inkişaf modeli təqdim edir.  Bunu gözü götürməyən bəzi məkirli, üzdəniraq düşmənlər Avropaya sığınarq müxtəlif vasitələrlə respublikamızın inkişafına müəyyən əngəllər yaratmağa çalışırlar. Belə qüvvələr özlərinin məkrli niyyətlərinə çatmaq üçün ilk növbədə daxildəki gəncləri ələ almağa və onlardan alət kimi istifadə etməyə çalışırlar. Gəncləri pis vərdişlərə sövq edirlər. Qərbə inteqrasiya adı altında zərərli təsirləri təbliğ edirlər. Bu həm onların xarici görünüşündə, həm də davranış və xarakterlərində özünü göstərir. Günlərini saytlarda, bəzən hətta qadağan edilmiş saytlarda keçirən, sosial şəbəkələrdən qopa bilməyən gənclər zorakılıq, antihumanizm, böyüklərə qarşı hörmətsizlik kimi mənfi xüsusiyyətlər əxz edirlər. Bununla da həyatlarının ən gözəl çağını əldən verirlər. Bu barədə cəmiyyətdə kompleks işlər görülməlidir. İlk öncə məktəblərdə, kollec və universitetlərdə maariflənmə işləri aparılmalıdır. Tanınmış alimlərlə, yazıçılarla görüşlər təşkil edilməli, bu görüşlərdə milli-mənəvi dəyərlər, əxlaqlı, humanist olmaq böyüklərə hörmət etmək, vətənpərvər olmaq aşılanmalıdır.  44 günlük Vətən müharibəsindəki Zəfərimizi bizə qazandıran Şəhid və Qazilərimiz gənclər arasında daha geniş təbliğ olunmalıdır. Belə insanlardan nümunə götürmək zərurətini hər bir gənc duymalıdır.  Televiziyalarda, qəzetlərdə, saytlarda təbliğat işi qurulmalı, Qərbin zərərli adət-ənənələri tənqid edilməli, gəncləri bu təsirdən qorumaq üçün hər bir kəs səfərbər edilməlidir. Və əlbəttə ki, əsas söz ağsaqqalların olmalıdır. Tanınmış simalar, Müharibə və Əmək Vereranları mütəmadi olaraq ən müxtəıif tribunalardan gənclərə ünvanlanan mesajlar verməli, öz şərəfli ömür yollarını onlara örnək gətirməlidirlər. Ot kökü üstündə bitər. İnanıram ki, gənclərimiz ötəri təsirlərə uymayacaq, öz gözəl dəyərlərimizi mental xüsusiyyətlərimizlə inkişafa doğru gedəcəklər.  Bu gün Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasəti nəticəsində gənclərimizin mümkün olan xarici risklərdən qorunmasına nail oluruq. Bununla paralel olaraq, iqtisadi gücümüz, hərbi qüdrətimiz artır. Ölkəmiz 1993-cü ildən başlayaraq ancaq inkişaf və tərəqqi yolu ilə gedir.  Ulu öndər Heydər Əliyev respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür. Hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq gənclər siyasəti ilə bağlı bir çox fərman və sərəncamlar imzalayan Ulu Öndər gənclərin milli, vətənpərvər ruhda tərbiyəsinə xüsusi önəm vermişdir. Ötən əsrin 70-ci illərində Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin açılması ilə gənc nəsildə vətənpərvərlik hisslərinin oyanmasına, gənclərimizin hərbi peşələrə marağının yüksəlməsinə zəmin yaranmışdır. Bu gün Silahlı Qüvvələrimizdə qulluq edən neçə-neçə generalımız, yüksək rütbəli zabitlərimiz Hərbi liseyin məzunlarıdır. Bu gün Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti eyni ardıcıllıqla davam etdirilir. Gənclərin yüksək səviyyəli təhsil almaları, xalqımızın zəngin ənənələri, milli-mənəvi dəyərləri ruhunda yetişmələri, ölkənin ictimai-siyasi, mədəni həyatına, dövlət idarəçiliyinə cəlb olunmaları, fəal və sağlam həyat tərzi sürmələri respublikamızda ardıcıllıqla həyata keçirilən məqsədyönlü dövlət gənclər siyasətinin əsas istiqamətlərini təşkil edir. Ulu Öndərin təşəbbüsü ilə Gənclər və İdman Nazirliyinin  yaradılması, Azərbaycan Gənclərinin Birinci Forumunun təşkil edilməsi bu istiqamətdə əldə olunan mühüm nailiyyətlərdir. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu gənclərin vətənpərvərlik və milli dəyərlərə sədaqət ruhunda yetişməsini prioritet vəzifə kimi irəli sürmüşdür. Bu gün qürurla, iftixarla etiraf edə bilərik ki, onun strateji baxışları nəticəsində gənclərin ölkənin hərtərəfli inkişafında fəal iştirakı üçün möhkəm baza yaradılıb. İcra olunmaqda olan gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramları çərçivəsində minlərlə gənc dünyanın müxtəlif universitetlərində yüksək ali təhsil alıb. Həmin proqramın həyata keçirilməsi nəticəsində yüksəkixtisaslı kadr potensialı formalaşıb, öz sahəsində hərtərəfli biliyə yiyələnən çoxlu gənc xaricdə təhsil alandan sonra doğma Vətənə qayıdıb. Gənclərin məşğulluğunun artırılması, onların istedad və bacarıqlarının üzə çıxarılması məqsədilə mühüm layihələr həyata keçirilib. Həmin proqramlar gənclərin yaradıcı və peşəkar inkişafına hərtərəfli imkanlar yaradır.   Gənclərimiz həm də vətənpərvərdirlər. 44 günlük Vətən müharibəsində gənclərimiz şanlı tarix yazdılar. Ölkəmiz Dəmir yumruğun qarşısında heç bir gücün, silahın, sursatın dayana bilməyəcəyini sübut etdi. Ali Baş komandan, Prezident cənab İlham Əliyevin Zəfər Paradında vurğuladığı kimi: “Bu Dəmir Yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik!” Müzəffər Ali Baş Komandanın Dəmir Yumruğu ətrafında birləşən gənclər Aprel döyüşlərində qazanılmış qələbənin davamını gətirdilər. Haqq savaşı günlərində gənclər həm ön, həm də arxa cəbhədə əsl fədakarlıq nümunəsi göstəriblər. Həmin günlərdə onların nümayiş etdirdiyi birlik, həmrəylik igidlik və rəşadət zaman-zaman xatırlanacaq. Gənclərimiz düşmən təxribatlarına qarşı sosial media platformalarında informasiya cəbhəsində mübarizə apararaq Azərbaycanın haqq səsini dünyaya çatdırdılar. Eyni zamanda könüllü gənclər şəhid və qazilərin ailələrinə dəstək göstərib, yaralı hərbçilərin yanında oldular. Gənclərin yüksək vətənpərvərlik nümayiş etdirməsi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu gənclər siyasətinin nəticəsidir. Gənclərimiz bu gün sərhədlərimizin keşiyində dayanır, ictimai asayişi qoruyur. Bu gün Azərbaycan dünya miqyasında ən təhlükəsiz ölkələrdən biridir. Gənclərimiz müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir. İdman sahəsində böyük qələbələr qazanırlar, iqtisadiyyatın müxtəlif istiqamətlərində, dövlət təşkilatlarında çalışırlar. Gənc alimlərimiz elmi potensialımızı gücləndirirlər. İşğaldan azad edilmiş ərazilərin bərpası və “Böyük Qayıdış” proqramının həyata keçirilməsi prosesində də gənclərin rolu danılmazdır. Onlar ölkəmizdə həyata keçirilən böyük quruculuq və abadlıq proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasında və sosial, iqtisadi və ekoloji layihələrin həyata keçirilməsində fəal iştirak edirlər.  Gənclər Vətənin işıqlı sabahı, nurlu gələcəyidir. Gəncliyin savadlı, dünyagörüşlü yüksək əxlaqlı, tərbiyəli, vətənpərvər ruhda olması hər bir dövlət üçün vacibdir. Gənclər cəmiyyətin aparıcı təbəqəsidir. Fiziki və mənəvi cəhətdən sağlam olan, dünyada gedən prosesləri qavrayan, müasir texnologiyalarla işləməyi bacaran, əqidəli, milli-mənəvi dəyərlərə malik gənclər Vətənimizi uğurlu gələcəyə aparan böyük qüvvədir. Buna görə də inkişaf və inteqrasiya məhz gənclərin adı ilə bağlıdır. İnkişaf prosesi gənclərlə paralel olaraq irəliləyir, çünki onlar cəmiyyətin transformasiyasını və dəyişikliklərini həyata keçirən əsas qüvvədir. Gənclər, yalnız gələcəyin liderləri deyil, həm də bu günün sosial, mədəni və iqtisadi inkişafında fəal iştirak edən tərəflərdir. Onların fərqli dünyagörüşləri, innovativ ideyaları və dinamizmi, inkişafı sürətləndirən mühüm amillərdir.   “Ədəbiyyat və incəsənət” (10.02.2025)

Hamısını oxu
“AzerGold” QSC-də ənənəvi qanvermə aksiyası keçirilib

Veteran.gov.az xəbər verir ki, “AzerGold” QSC-də irsi və qazanılmış qan xəstəliklərindən əziyyət çəkən uşaqlara dəstək məqsədilə növbəti qanvermə aksiyası təşkil olunub. Aksiyada qurumun mərkəzi aparatı və törəmə müəssisəsi olan “Daşkəsən Dəmir Filiz” MMC-nin əməkdaşları könüllü donor qismində iştirak ediblər. Tədbir Səhiyyə Nazirliyinin Respublika Qan Bankının xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən sanitar-gigiyenik qaydalara uyğun şəkildə həyata keçirilib. Qanvermədən əvvəl donorlar tibbi müayinədən keçiblər. Aksiya çərçivəsində toplanan qan ehtiyatı laborator müayinədən sonra talassemiya, hemofiliya və leykozdan əziyyət çəkən uşaqların müalicəsində istifadə olunmaq üçün Respublika Qan Bankına təhvil veriləcək. Qeyd edək ki, cari il ərzində “AzerGold” QSC tərəfindən sosial məsuliyyət fəaliyyəti çərçivəsində həssas qruplara, xüsusilə uşaqlara dəstək yönümlü layihə və aksiyaların təşkili davam etdiriləcək.  

Hamısını oxu