Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ordumuzun yaranmasının növbəti ildönümünü Qarabağda, Şuşada qeyd edəcəyimizə inanıram

İyunun 26-sı Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 102-сi ildönümüdür.   Moderator.az olaraq Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovla söhbətimizdə Azərbaycan ordusunun mövcud durumu, döyüş qabiliyyəti ilə yanaşı, Silahlı Qüvvələrimizin şanlı tarixinə, keçdiyi döyüş yoluna nəzər salmağa çalışdıq.   -Cəlil müəllim, qarşıdan Silahlı Qüvvələrimizin 102-ci ildönümü gəlir.   -Ordu tariximizi 3 dövrə bölmək olar: Cümhuriyyət dövrü, sovet dönəmi və yeni müstəqillik dövrü.   Azərbaycan ordusu 1918-ci ildə yaranıb və təəssüf ki, onun ömrü də Cümhuriyyətin ömrü kimi qısa olub. Lakin buna baxmayaraq, ordumuz böyük uğurlara imza atıb. Qısa zamanda 40 min nəfərlik ordu təşkil edilib. Qarabağda erməni qiyamının yatırılmasında, ərazi bütövlüyümüzün təmin olunmasında Azərbaycanm ordusu müstəsna rol oynayıb.   Həmin vaxt Azərbaycan ordusunun Şıxlınski, Mehmandarov kimi böyük sərkərdələri olub. Ordumuz onların rəhbərliyi altında sərhədlərimizi müdafiə edib, qaçaqmalçılığa, erməni işğalına qarşı mübarizə aparıb. Lakin gənc Azərbaycan ordusu bolşevik ordusu qarşısında davam gətirə bilmədi. Fəqət Azərbaycan xalqının yaddaşında böyük qəhrəmanlıqları ilə yadda qaldı və bu gün də qürurla xatırlanmaqdadır.   -Bəs sovet dönəmində Azərbaycanda hərbi işə maraq hansı səviyyədə idi?   -Azərbaycan sovetlər dönəmində də ordu quruculuğu prosesinə öz töhfəsini verdi.   1941-1945-ci illərdə faşizmə qarşı mübarizədə azərbaycanlı hərbçilər böyük rəşadətlər göstərdilər. Azərbaycanlılardan ibarət 5 milli diviziya yaradıldı ki, bu diviziyalar böyük qəhrəmanlıqlara imza atdı. Azərbaycan hərbçiləri göstərdikləri igidliklərə görə sadəcə SSRİ-nin deyil, həm də faşizmə qarşı mübarizədə iştirak edən digər dövlətlərin orden və medallarına layiq görüldü.   Azərbaycanlıların sovet ordusunda aktivlik sərgiləməsi 60-cı illərdən başlayır. Bu dövrə qədər azərbaycanlılar əsasən təmir-tikinti işləri aparan hərbi hissələrdə xidmət edirdilər. Onlar çox vaxt dili bilmir, bu səbəbdən də strateji sahələrdə xidmətə cəlb edilmirdilər.   60-cı illərin sonunda Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra sovet ordusunda azərbaycanlıların rolu artmağa başladı. SSRİ-də bir sıra ali məkəblər olsa da, azərbaycanlılar bu məktəblərə qəbul ola bilmirdi. Rus dilini bilməməkləri onların bu məsələdəki əsas çətinliklərindən biri idi. Heydər Əliyev bu məsələdə çox böyük əmək sərf etdi, xalqımız qarşısında tarixi bir xidmət göstərdi. O, SSRİ rəhbərliyi, Müdafiə Nazirliyi ilə danışıqlar apardı. Nəticədə, Azərbaycan gənclərinin bu ali məktəblərə konqurssuz qəbul edilməsinə nail oldu.   Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması, daha sonra bu liseyi bitirən şəxslərin SSRİ-nin ali hərbi məktəblərinə göndərilməsi Azərbaycanda zabit kadrlarının hazırlanmasına xüsusi təkan verdi. Bu, Heydər Əliyevin xalqımız və ordumuz qarşısındakı çoxsaylı xidmətlərindən biri idi.   -Azərbaycan ordusunun Qarabağ müharibəsi dönəmindəki fəaliyyətini necə qiymətləndirrisiniz?   -Qarabağ müharibəsi başlayanda Azərbaycanda faktiki olaraq ordu yox idi. Bir müddət könüllülər bu sahədəki boşluğu doldurmağa çalışdı. Daha sonra ordunun yardılmasına cəhd edildi. Hansı ki, həmin vaxt Rusiyada oxuyan zabitlərin bu orduya cəlb edilməsinə mane olur, müxtəlif əngəllər yaradırdılar. Xaricdə oxuyan, xidmət edən azərbaycanlı zabitlərə qarşı bir inamsızlıq var idi.   Ordunun olmaması Azərbaycana çox böyük zərbə vurdu. Ermənilər torpaqlarımızın 20%-ni işğal etdi. Onlar bu məsələdə keçmiş sovet ordusunun imkanlarından da istifadə etdilər. Həmin dönəmdə düşmənə müqavimət göstərməsin deyə azərbaycanlılardan ov silahları belə yığılmışdı. Bütün bunlar təbii ki, Qarabağın itirilməsində başlıca rol oynadı.   -Bəs bu gün Azərbaycan ordusunun mövcud durumunu, döyüş hazırlığını necə dəyərləndirirsiniz?   -Azərbaycan ordusu bu gün dünyanın ən qüdrətli orduları sırasında yer tutub. Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə Azərbaycanda hakimiyyətə gəlməsi, ordu quruculuğu prosesinə böyük təkan verdi. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana böyük investisiyaların cəlb olunmasına, iqtisadi gücünün artmasına, nəticədə Azərbaycan ordusunun müasir texnika, silah-sursatla təmin edilməsinə imkan verdi. Ölkəmizdə müasir hərbi hissələr, hərbi şəhərciklər yaradıldı.   Bir müddət bundan öncə keçirilən hərbi təlimlər dünyada böyük maraq doğurdu. Bu təlimlərə NATO ölkələri də yüksək qiymət verdi. Ordumuzun dünyanın bir sıra ölkələrində sülhməramlı missiyasını həyata keçirdi və bu gün də keçirməkdədir.   Bu gün ordumuzun arsenalında müasir texnikalar, hərbi təyyarələr, raket sistemləri mövcuddur. Bu gün ölkəmizdə ali hərbi məktəblər fəaliyyət göstərir. Lakin bizim kadrlar yalnız ölkəmizdə hazırlanmır. Bizim zabitlərimiz həm də Çində, ABŞ-da, Türkiyədə, Rusiyadakı ali məktəblərdə yetişdirilir, bu ölkələrdəki təkmilləşdirmə kurslarına cəlb olunur.   2016-cı ilin aprel döyüşləri də göstərdi ki, Azərbaycan ordusu böyük zərbə qüvvəsinə malikdir. Həmin döyüşlər zamanı ordumuz bir həmlə ilə düşmənin müdafiə xəttini yararaq onu böyük itkilərlə üz-üzə qoydu, bir sıra strateji yüksəklikləri işğaldan azad etdi. Bütün bu faktlar Azərbaycan ordusunun gücündən, onun yenilməzliyindən xəbər verir.   Bu gün Azərbaycan hərbçiləri faşizm üzəridə qələbənin 75-ci ildönümü münasibəti ilə Moskvada təşkil olunan paradda iştirak etdilər. Bütün dünyaya Azərbaycan ordusunun gücünü, onun qüdrətini nümayiş etdirdilər. Hərbçilərimiz bu paradda Azərbaycan istehsalı olan silahlarla keçid etdi ki, bu da ordumuzla yanaşı, həm də hərbi sənayemizin çox böyük uğuru kimi dəyərləndirilməlidir.   -Cəlil müəllim, hərbçilərimizin sosial qayğılarının, mənzil-məişət problemlərinin həlli istiqamətində atılan addımları necə dəyərləndirirsiniz? Bu məsələdə səsləndirmək istədiyiniz hansısa təklif varmı?   -Ölkə başçısı orduya hər zaman xüsusi diqqət və qayğı ilə yanaşıb. Orduda xidmət edən hərbçilərin sosial problemləri, mənzil-məişət məsələləri daim diqqət mərkəzindədir. Yeni hərbi şəhərciklərin salınması, ailələi zabitlərin mənzillə təmin olunması və s. bu sahəyə diqqətin böyük olduğunu göstərir.   Zabitlərimiz ordudakı xidmətlərini başa vurandan sonra da mənzillə təmin olunurlar. Hesab edirəm ki, gələcəkdə onlarla dövlət qurumları arasında daha sıx əlaqənin təmin edilməsi, bu kimi problemlərin daha çevik şəkildə, qısa zaman ərzində həllinə səbəb ola bilər.   Kiçik zabitlər 48, böyük zabitlər 53 yaşına qədər xidmət edirlər. Bunlar ehtiyata buraxılana yaxın, 6 ay öncədən hərbi hissə komandirləri, Müdafiə Nazirliyi rəhbərliyi bilir ki, bu müddətdən sonra nə qədər zabit ehtiyata buraxılacaq. Bu zabitlərin hansı rayonda məskunlaşacağı nəzərə alınmaqla, həmin rayonların icra hakimiyyətləri ilə danışmaq, onların mənzil problemini qısa zamanda həll etmək mümkündür. Düşünrəm ki, məsələlərin bu şəkildə təşkili zabitlərimizin mənzil probleminin daha effektiv həllinə gətirib çıxara bilər.   Sonda bir daha Silahlı Qüvvələrimizi, əsgər, zabit və generallarımızı, həmçinin veteranlarımızı təbrik edirəm. Ümid edirəm ki, biz ordumuzun yaranmasının növbəti ildönümünü Qarabağda, Şuşada qeyd edəcəyik.   Seymur ƏLİYEV

2020-06-24 00:00:00
3401 baxış

Digər xəbərlər

Azərbaycan Prezidenti: Həmsədr ölkələrinin səfirləri bu məsciddə olublar, niyə məsələ qaldırmayıblar

Bir neçə il bundan əvvəl Minsk qrupunun həmsədr ölkələrinin səfirləri bu məsciddə, burada olublar. Onlar iki dəfə faktaraşdırıcı missiyalar keçiriblər və mənə deyiblər ki, Ağdam məscidində olublar. Niyə məsələ qaldırmayıblar? Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Ağdam məscidinin qarşısında çıxışı zamanı deyib. Dövlət başçısı bildirib: "Biz UNESCO ilə çox sıx əməkdaşlıq edirik. Amma gəlib xristian məbədlərinə baş çəkmək istəsə, buraya gəlsin. Gəlsin və desin vəhşi erməni neyləyib burada. Bir də ki, bir neçə il bundan əvvəl Minsk qrupunun həmsədr ölkələrinin səfirləri bu məsciddə, burada olublar. Onlar iki dəfə faktaraşdırıcı missiyalar keçiriblər və mənə deyiblər ki, Ağdam məscidində olublar. Niyə məsələ qaldırmayıblar? Niyə bu, bəzi Qərb liderlərində narahatlıq yaratmayıb? Deməli, müsəlman məscidlərini təhqir etmək olar, inək, donuz saxlamaq olar, dağıtmaq olar. Belədirsə, belə də desinlər və getsinlər öz ölkələrində problemlərlə məşğul olsunlar, bizim işimizə burunlarını soxmasınlar. Heç kim bizim işimizə qarışmasın. Biz özümüz gəlmişik buraya. Bütün o ölkələrin səylərinə rəğmən gəlmişik, bütün təxribatlara rəğmən gəlmişik, qan tökə-tökə gəlmişik və durmuşuq bizim torpağımızda. Hərə getsin öz işi ilə məşğul olsun. Bizim işimizə qarışmaq istəyənin cavabını vermişik və verəcəyik". Milli.Az

Hamısını oxu
İlham Əliyevdən Bilik Günü münasibətilə MÜRACİƏT

Prezident İlham Əliyev yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müəllim, tələbə və şagirdlərə müraciət ünvanlayıb.  AZƏRTAC xəbər verir ki, müraciətdə deyilir: “Mən sizi yeni dərs ili münasibətilə ürəkdən təbrik edirəm. Bu il yeni dərs ili yeni şəraitdə, pandemiya dövründə başlayır. Bunu nəzərə alaraq, yeni dərs ili yeni formatda təşkil ediləcəkdir. Bizim əsas məqsədimiz ondan ibarətdir ki, Azərbaycan xalqını bu bəladan qoruyaq və qəbul edilmiş bütün qərarlar bu məqsədi güdür.   Bildirməliyəm ki, Azərbaycan pandemiyanın ilk günlərindən çox operativ, çevik addımlar ataraq xalqımızı böyük bəladan qurtara bilmişdir. Bildiyiniz kimi, mart ayının əvvəlindən məktəblər, ali məktəblər, bütün təhsil müəssisələri bağlandı və bunun əsas məqsədi uşaqları, yeniyetmələri xəstəlikdən qorumaq idi. Təbii ki, bu, təhsil sahəsinə mənfi təsir göstərmişdir. Ancaq hesab edirəm ki, biz görülmüş tədbirlər nəticəsində pandemiyanın təhsilə olan mənfi fəsadlarının böyük hissəsini aradan qaldıra bildik. Əminəm ki, yeni şəraitdə başlanan dərs ili uğurlu olacaq, bizim şagirdlərimiz, tələbələrimiz yaxşı biliklər alacaqlar, müəllimlər də öz vəzifə borcunu şərəflə yerinə yetirəcəklər. Biz hazırda postpandemiya dövrünə hazırlaşırıq. Əlbəttə ki, peyvənd icad olunandan sonra artıq biz deyə bilərik ki, bu dövr arxada qalıbdır. Bildiyiniz kimi, Azərbaycan peyvəndin ölkəmizə gətirilməsi ilə əlaqədar bir neçə şirkətlə danışıqlar aparır. Əlbəttə ki, əldə ediləcək peyvənd bütün sınaq mərhələlərindən keçməlidir və eyni zamanda, beynəlxalq sertifikatlar almalıdır. Daha sonra peyvənd Azərbaycana gətiriləcək və əminəm ki, ondan sonra biz normal, adi həyata qayıda bilərik, o cümlədən təhsil sahəsində ənənəvi tədris prosesi bərpa olunacaqdır. Biz pandemiyanın fəsadlarına, iqtisadi tənəzzülə, neft gəlirlərimizin azalmasına baxmayaraq, məktəb tikintisini, ali məktəblərin tikintisini davam etdirdik, eyni zamanda, bir dənə də sosial layihə ixtisar edilməmişdir. Bildiyiniz kimi, biz keçən il və bu il vətəndaşlara böyük sosial paket təqdim etdik. Bu il 5 milyona yaxın Azərbaycan vətəndaşı dövlət tərəfindən dəstəkləndi və bu dəstək bu gün də davam etdirilir. Məktəb tikintisi ilə bağlı deyə bilərəm ki, bu il 147 məktəbin tikintisi nəzərdə tutulur. Onların böyük hissəsi artıq hazırdır və Bilik Gününə hazır vəziyyətə gətirilibdir. Bir neçə məktəbin açılışı bu ilin sonuna qədər nəzərdə tutulur. Onu da bildirməliyəm ki, 147 məktəbin 45-i Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilibdir. Artıq 17 ildir ki, Heydər Əliyev Fondu bu sahədə çox böyük işlər görür. Bildiyiniz kimi, Azərbaycanda yeni məktəblərin tikintisinin geniş vüsət alması Heydər Əliyev Fondu tərəfindən başlanmış “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində həll olunmuşdur. Son 2-3 il ərzində biz kiçik kəndlərdə modul tipli məktəblər inşa edirik. Bu il modul tipli 60 məktəbin tikintisi təmin edilir və ediləcəkdir. Beləliklə, cəmi bir il ərzində 150-yə yaxın məktəb tikilir və əsaslı təmir edilir. Bildirməliyəm ki, son 17 il ərzində bütövlükdə Azərbaycanda 3700-ə qədər məktəb tikilib və əsaslı şəkildə təmir edilib. Bu, bizim məktəb fondumuzun böyük əksəriyyətini təşkil edir. Çünki Azərbaycanda hazırda 4500-ə qədər məktəb var, onların 3700-ü tam yeni görkəm almışdır və yenidən inşa edilmişdir. Bu il, eyni zamanda, ali məktəblərin korpuslarının tikintisi təmin edilmişdir. İyun ayında Gəncədə Dövlət Aqrar Universitetinin yeni tədris korpusu mənim iştirakımla istifadəyə verilmişdir. Bu korpusun sahəsi 22 min kvadratmetrdir. Sentyabr ayında isə Azərbaycan Dövlət İqtisad Universitetinin yeni korpusu. Bu korpusun sahəsi 13 min kvadratmetrdir. ADA-nın yeni iki korpusu istifadəyə verilmişdir və bu korpusların sahəsi 35 min kvadratmetrdir. Beləliklə, cəmi bir il ərzində üç ali məktəbin 70 min kvadratmetr sahəsi olan yeni korpusları tikilib. Təbii ki, bu, böyük vəsait tələb edir və biz bu vəsaiti ayırırıq. Çünki təhsilə ayrılan vəsait gələcəyə ayrılan vəsaitdir. Mən hələ 2004-cü ildə demişdim ki, biz “qara qızıl”ı insan kapitalına çevirməliyik və bunu əldə etmişik. Çünki son illərdə Azərbaycanda nəinki təhsilin maddi-texniki bazası möhkəmlənib və bu gün bizim bütün ali məktəblərimiz təmirli binalarda yerləşir, eyni zamanda, təhsilin keyfiyyəti artır. Bu, çox vacib məsələdir və biz bunu müxtəlif sahələrdə görürük. Bizim məktəblilərimiz beynəlxalq olimpiadalarda yüksək yerlər qazanırlar, olimpiadaların qalibləri olurlar. Deyə bilərəm ki, müəllim peşəsinə maraq bərpa olunub və artır, bu da özünü rəqəmlərdə göstərir. Müəllim peşəsini seçən gənclərimizin sayı hər il artmaqdadır. Qəbul imtahanlarında yüksək bal toplamış bir çox gənclərimiz müəllim olmaq istəyirlər. Çünki müəllimlərin iş şəraiti yaxşılaşıbdır, müəllimlər gözəl məktəblərdə, ali məktəblərdə dərs deyirlər, müəllimlərin əməkhaqları artırılıb və diaqnostik qiymətləndirmədən keçən müəllimlərimiz yüksək maaş alırlar. Əlbəttə ki, bu, gənclərimizin müəllim olmaq istəyini əsaslandırır, eyni zamanda, müəllim peşəsi bütün dövrlərdə Azərbaycanda ən hörmətli peşələrdən biri olmuşdur. Mən çox şadam ki, bu gün biz bu peşənin prestijini bərpa edirik və bu, eyni zamanda, gələcəkdə Azərbaycanda bilikli, savadlı insanların sayının artmasına gətirib çıxaracaq. Çünki müasir dünyada hər bir ölkənin uğurlu inkişafını onun intellektual potensialı müəyyən edəcəkdir, bu, şübhəsizdir. Sadəcə olaraq, inkişaf etmiş ölkələrin təcrübəsinə baxmaq kifayətdir və sual vermək lazımdır, bu ölkələr nəyin hesabına inkişaf etmiş ölkələr sayılır. Məhz biliyin, savadın, texnologiyaların hesabına. Bu gün dünya üçün yeni texnologiyaları təqdim edən, icad edən ölkələr inkişaf etmiş ölkələrdir və bu ölkələrin bir çoxunda təbii resurslar yoxdur. Ona görə, hər bir ölkənin inkişafı onun təbii resursları ilə ölçülmür və gələcəkdə bu, özünü daha da qabarıq şəkildə büruzə verəcək. Odur ki, təhsilə qoyulan vəsait hər bir ölkənin gələcəyinə, müstəqilliyinə, təhlükəsizliyinə qoyulan vəsaitdir. Təsadüfi deyil ki, Azərbaycanda büdcə xərcləri arasında təhsil sahəsinə ayrılan xərclər ikinci yerdədir. Əgər biz müharibə şəraitində olmasaydıq, birinci yerdə olardı. Çünki hazırda ən böyük xərclərimiz müdafiə sahəsi ilə bağlıdır. Bu da təbiidir. Yəni, bu, özlüyündə bir göstəricidir, bizim siyasətimizin təzahürüdür, bizim niyyətimizi əks etdirir. Mən şadam ki, bu gün bizim gənclərimiz biliklərə çox meyillidirlər. Gənclərimiz bilikli, savadlı olmalıdırlar ki, gələcəkdə ölkəmizi idarə etsinlər. Bizim gələcəyimiz bu gün məktəblərdə, ali məktəblərdə oxuyan uşaqların, şagirdlərin, tələbələrin əlində olacaqdır. Onların bilikləri, savadı, əlbəttə ki, bizim ölkəmizin gələcəyini şərtləndirəcək. Eyni zamanda, onu da xüsusi qeyd etməliyəm ki, bizim gənclərimiz, uşaqlarımız vətənpərvərlik ruhunda, milli ruhda, milli dəyərlər - ənənəvi Azərbaycan dəyərləri əsasında tərbiyə almalıdırlar. Burada, əlbəttə ki, ailələrin rolu müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda, bütün məktəblərdə müəllimlər şagirdləri milli ruhda, ənənəvi dəyərlər ruhunda tərbiyə etməlidirlər. Bu gün biz qloballaşma adı altında böyük siyasətin təzahürlərini görürük - gənclərin beyini bəzi xarici dairələr tərəfindən zəhərlənir, gənclər yoldan çıxarılır, onlar yalan informasiyalarla, böhtan, şər, təxribat xarakterli məlumatlarla üzləşirlər. Gənclər bəzi hallarda yəqin edə bilmirlər ki, hansı informasiya yalandır, hansı informasiya doğrudur. Ona görə müəllimlərdən çox şey asılıdır. Biz uşaqlarımızı, yeniyetmələrimizi, gənclərimizi xalqımıza, milli adət-ənənələrimizə zidd olan, dırnaqarası dəyərlərdən qorumalıyıq. Bizim uşaqlarımız Vətənə bağlı olmalıdır, xalqa bağlı olmalıdır, müstəqilliyi hər şeydən üstün tutmalıdır, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdır, əsrlər boyu qoruduğumuz milli adət-ənənələrimizi qorumalı və onları müdafiə etməlidirlər. Belə olan halda Azərbaycan bundan sonra da müstəqillik və inkişaf yolu ilə gedəcək. Biz bu gün müstəqil ölkə kimi böyük uğurlara imza atmışıq. İstənilən sahədə Azərbaycan xalqı görür ki, müstəqilliyin üstünlükləri nədən ibarətdir. Bu gün Azərbaycan ləyaqətli ölkədir, özünü beynəlxalq müstəvidə ləyaqətlə aparır. Azərbaycan azad ölkədir, vətəndaşlarımız azadlıq şəraitində yaşayırlar. Azərbaycan iqtisadi sahədə inkişaf edən ölkədir, güclü orduya sahib olan ölkədir. Biz bütün bunları müstəqillik dövründə əldə etmişik. Bu gün Azərbaycan nadir ölkələrdəndir ki, tam müstəqil siyasət aparır - həm xarici, həm daxili. Bu siyasət Azərbaycan xalqı tərəfindən dəstəklənir. Mən bu dəstəyi hər zaman, hər gün hiss edirəm. Bu dəstək mənə əlavə güc verir. Biz bu dəstəyə arxalanaraq Azərbaycanı inamla irəliyə aparırıq. Bizim uşaqlarımız, gənclərimiz gələcəkdə ölkəmizi bu yolla – müstəqillik yolu ilə aparmalıdırlar ki, Azərbaycan xalqı bundan sonra da heç vaxt heç kimdən asılı olmasın. Biz bundan sonra da heç vaxt heç kimin təsiri altına düşməyək. Dediyim kimi, burada bilik, savad, vətənpərvərlik, milli ruh, ləyaqət xüsusi rol oynayır. Mən şadam ki, bu gün Azərbaycanda yetişən gənclər məhz bu yüksək meyarlara cavab verir. Əminəm ki, bu müsbət meyillər davam edəcək və bizim uşaqlarımız, gənclərimiz bilik, savad əldə edərək gələcəkdə Vətənə dəyərli vətəndaşlar kimi xidmət edəcəklər və ümumi inkişafımıza öz töhfələrini verəcəklər. Mən sizi yeni dərs ilinin başlaması münasibətilə bir daha təbrik edirəm, sizə uğurlar arzulayıram”. video

Hamısını oxu
"Azpetrol" şirkəti şəhid ailəsini yanacaqla təmin edib

Veteran.gov.az xəbər verir ki, 44 günlük Vətən Müharibəsində şücaəti ilə seçilən şəhid, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) xüsusi əməliyyatlar taborunun döyüş qrupunun hücumçu kəşfiyyatçı giziri Şəhriyar Quliyevin atası Nəsib Quliyev “Azpetrol” şirkətinə müraciət edib. N.Quliyev şirkətdən Qarabağa səfər üçün yanacaqla təmin olunmasını xahiş edib. Şəhid ailəsinin istəyini həyata keçirən “Azpetrol” şirkəti ailəni yanacaqla təmin edib.   Qarabağ Azərbaycandır.   Azpetrol-Daim inkişafa doğru!  

Hamısını oxu
Qubada veteranlarla məktəblilərin görüşü keçirilib

Veteran.gov.az xəbər verir ki, Quba rayonu Əfqan İdrisov adına tam orta məktəbdə veteranlarla məktəblilər arasında görüş keçirilib. Görüş Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Quba Rayon Təşkilatının sədri Ruslan Bədirov tərəfindən təşkil olunub. Görüşdə 9 may – Faşizm üzərində Qələbə Günü, eləcə də, 10 may – Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə məktəblilərə ətraflı məlumat verilib, xalqımızın alman faşizmi ilə yanaşı, həm də erməni faşizmi üzərində əldə etdiyi tarixi zəfərin əhəmiyyəti vurğulanıb. Seymur ƏLİYEV

Hamısını oxu