Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Tovuz istiqamətində döyüşlər davam edir - Ordumuz şəhid verdi, düşmənin 20-dək hərbçisi məhv edildi

İyulun 16-da səhər saat 05.45-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində aktiv döyüş əməliyyatları keçirilir. Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, hazırkı vaxtadək davam edən döyüşlərdə düşmənin 20-yə yaxın canlı qüvvəsi, 1 zirehli texnikası, 1 radioelektron mübarizə (REM) vasitəsi, döyüş postları və dayaq məntəqəsi bölmələrimizin sərrast atəşi ilə məhv edilib. Döyüşlər zamanı Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər İsmayılov Nazim Əfqan oğlu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin! Bölmələrimiz düşmənin döyüş aktivliyinin qarşısını almaq məqsədi ilə cavab tədbirləri görür.

2020-07-16 00:00:00
3337 baxış

Digər xəbərlər

Bu gün ölkəmizin hərbi potensialı ən yüksək səviyyədədir

Öz hərbi qüdrətini ardıcıl olaraq artıran Azərbaycan Ordusu hazırda dünyanın 50 ən güclü ordusu sırasındadır. Azərbaycan Ordusu ən müasir silahlarla, hərbi texnika və digər müdafiə təyinatlı qurğularla tam təchiz edilib. Ordumuzun hərbi-texniki və döyüş hazırlığının yüksək səviyyədə olduğunu son dövrlərdə qazanılan hərbi uğurlar da aydın surətdə göstərir. Ölkə rəhbərliyinin bu istiqamətdə həyata keçirdiyi uğurlu siyasətin və düşünülmüş strateji xəttin nəticəsidir ki, bu gün Azərbaycan ən müasir silahları almaqla yanaşı, onların bir çoxunu özü istehsal etmək qabiliyyətindədir. Həmin arsenalın bir hissəsi Azərbaycan Pespublikası Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə iyunun 26-da keçirilən hərbi parad zamanı fəxrlə nümayiş etdirildi. Bu gün Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ümumilikdə 1200 adda hərbi təyinatlı məhsul istehsal edir. Ölkəmizin hərbi əməkdaşlıq çərçivəsində əldə etdiyi müasir silah və texniki vasitələr Ordumuzun imkanları barədə aydın təsəvvür yaradır. Azərbaycanın dünyanın müxtəlif ölkələri ilə hərbi təyinatlı məhsulların satışı üzrə müqavilələri ilbəil artır. Bu il Bakıda iki dəfə möhtəşəm hərbi paradın keçirilməsi sadəcə Azərbaycanın hərbi imkanlarının təqdimatı olmadı, bu həm də xalqımızın müdafiə potensialının, gücünün nümayiş etdirilməsi ilə düşmənə ötürülən ən təsirli mesaj idi. Azərbaycan Pespublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dediyi kimi: “Ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında nadir ölkələrdən biridir”. Bu fikirləri Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov AZƏRTAC-a müsahibəsində söyləyib. Cəlil Xəlilov həmçinin bildirib ki, bu hərbi parad həm də xalqımızın öz ordusu ilə qürur duymasının və ona inamının real əsaslara dayanmasının təsdiqinə çevrildi. Belə imkanların yaradılması Azərbaycan Ordusunun döyüş qabiliyyətinin ildən-ilə yüksəldilməsinə, işğal altındakı torpaqlarımızın azad edilməsinə, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına xidmət edir. Sentyabrın 15-də Azadlıq meydanında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad isə Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığını bir daha bütün dünyaya göstərdi. Paradda nümayiş etdirilən yüksək hərbi-texniki hazırlıq, həqiqi peşəkarlıq onu izləyənlərə 100 il əvvəlki ovqatı təkrar yaşatdı. Respublika Veteranlar Təşkilatının sədr müavini qeyd edib ki, Ordumuzun istənilən vəzifəni icra etməyə qadir olduğunu düşmən də yaxşı bilir. Hərbi paradın ən mühüm nəticəsi Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının xalqımıza və dünyaya çatdırılan mesajında tam dolğunluğu ilə ifadə edilib. Cəlil Xəlilov qeyd edib ki, Azərbaycan hazırda öz Ordusunu yalnız ən müasir silahlar və texnika ilə təchiz etməklə, maddi-texniki imkan baxımından nəinki 15-20, hətta son 5 illə müqayisəedilməz səviyyəyə yüksəlmişdir. Bu il Bakıda “ADEX-2018” üçüncü müdafiə sənayesi sərgisində bir çox aparıcı şirkətlərin uğurla nümayiş etdirdikləri müasir məhsulları bu imkanların getdikcə artdığını göstərir. Hazırda hərbi texnika istehsalında uğurlar əldə edən Azərbaycan hərbi potensialını yüksəltməkdə yalnız bir məqsəd güdür, Ermənistan respublikasının işğalı altında olan torpaqlarımızı azad etmək. Əlbəttə, Ali Baş Komandanın daim diqqəti və qayğısı sayəsində güclənən Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri iki il əvvəl Aprel döyüşlərində və bu il Naxçıvanda qazandıqları qələbələri bir daha təkrarlayaraq, Azərbaycanın ərazi bütövlüyünü təmin edəcəklər. “Vətənpərvər Azərbaycan əsgəri həmin günü yaxınlaşdırmaq üçün hər cür fədakarlığa qadirdir”, - deyə  polkovnik vurğulayıb.

Hamısını oxu
Gəncə İdman Liseyində yunan-Roma güləşi üzrə "Təhsil" Respublika İdman Mərkəzinin Respublika birinciliyi keçirilib

Yarışda Gəncə şəhərinin komandası 3-cü yerə layiq görülüb Veteran.gov.az Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər verir ki, cari ilin 8-10 aprel tarixində Gəncə İdman Liseyində U 15 kiçik yaşlı yeniyetmələr arasında yunan-roma güləşi üzrə "Təhsil" Respublika İdman Mərkəzinin Respublika birinciliyi keçirilib. Birinciliyin açılış mərasimində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıb, yunan-Roma güləşinin inkişafı üçün belə yarışların keçirilməsinin əhəmiyyətini qeyd edib. Məlumat üçün qeyd edək ki, 38 kq, 41 kq, 44 kq, 48 kq , 52 kq, 57 kq , 62 kq , 68 kq , 75 kq, 85 kq çəki dərəcələrində idmançıların mübarizə apardığı yarışda Gəncə şəhərinin komandası 3-cü yerə layiq görülüb. Seymur ƏLİYEV

Hamısını oxu
Böyük Vətən Müharibəsi veteranı Seyfulla Baxışov vəfat edib

Veteran.gov.az xəbər verir ki, Böyük Vətən Müharibəsi veteranı Seyfulla Baxışov vəfat edib. Məlumat üçün bildirək ki, Baxışov Seyfulla Abdulla oğlu 1925-ci il iyunun 19-da Şamaxıda anadan olub. 1943-cü ildə hərbi xidmətə çağırılıb, 840-cı atıcı artilleriya alayında xidmət edib. İkinci Dünya Müharibəsində Qafqazın müdafiəsinə qatılan Seyfulla Baxışov, Moskva ətrafında, habale Ukrayna və digər ərazilərdəki hərbi əməliyyatlarda yaxından iştirak edib.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Seyfulla Baxışovun vəfatı ilə əlaqədar olaraq mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı verir və səbr diləyir.   Allah rəhmət eləsin!      

Hamısını oxu
Xalq şairinin yubiley tədbiri keçirilib

Cəlilabad rayon Veteranlar Təşkilatı Cəlilabad rayon Göytəpə şəhərində yerləşən şəhid Vasif Hüseynov adına ümumtəhsil tam orta məktəbi ilə birlikdə  Azərbaycanın görkəmli şairi  Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirib. Tədbirdən öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, şəhidlərimizin və ölməz sənətkarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Məktəbin müəllimi Aydan xanım Ələkbərlinin aparıcılığı ilə keçirilən bu tədbirdə şəhid Vasif Hüseynov adına  ümumtəhsil tam orta məktəbin direktoru Şəhla  Mürsəlova giriş sözü ilə tədbir iştirakçılarını salamlayıb, Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilib yeni istifadəyə verilmiş bu təhsil ocağında belə bir tərbirin keçirilməsinə görə Rayon Veteranlar Təşkilatına öz təşəkkürünü bildirib. Cəlilabad Rayon Veteranlar Təşkilatının sədri, Prezident təqaüdçüsü, şair-publisist Ədalət Salman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə bağlı ölkəmizdə tədbirlər keçirilməsi haqqında verdiyi sərəncamı sənət adamlarına göstərilən dövlət qayğısı kimi dəyərləndirib və unudulmaz şairin Azərbaycan ədəbiyyatında  özünəməxsus yer tutduğunu xüsusi vurğulayıb. Tədbirdə  Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvləri Zülfi Vellidağ, Əfrahim Abbas,  Arzu  Əyyarqızı, Etibar Sevənli, Mikayıl İnçəçaylı, fəlsəfə üzrə fəlsəfə doktoru İlqar İsmayılzadə, veteran pedaqoq Dadaş Bayramov, müharibə veteranı Qurban Əhməd, şəhid qardaşı Sakit Üçtəpəli və başqaları çıxış edərək böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığından danışıb, onun milli azadlıq ruhunda yazdığı əsərlərinin gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində müstəsna əhəmiyyətə malik olduğunu qeyd ediblər. Məktəb şagirdlərinin ifasında şairin sözlərinə bəstələnmiş mahnılar ifa edilib, “Gülüstan” poemasından ayrı-ayrı hissələr söylənilib. Xalqımızın sevimli şairi Bəxtiyar Vahabzadənin xatirəsinə həsr olunmuş ədəbi-bədii tədbir məktəbin pedaqoji və şagird kollektivinə, həmçinin qonaqlara xoş ovqat yaşadıb.

Hamısını oxu