Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Yaralı hərbçilərimiz Tovuzdakı təxribatdan danışdı

İyul ayının 12-də Ermənistanın hərbi birləşmələri Azərbaycanın dövlət sərhədini pozaraq Tovuz rayonu istiqamətindən irimiqyaslı təxribat törətmək istədi. Azərbaycan Ordusunun bölmələri düşmənin qəfil hücumunun qarşısını qətiyyətlə aldı. Düşmənin neçə-neçə dayaq məntəqəsi dağıdıldı, neçə-neçə döyüş texnikası sıradan çıxarıldı, onlarla hərbçisi məhv edildi. Döyüşdə Azərbaycan əsgərinin döyüş hazırlığı, qələbə ruhu, vətənpərvərliyi düşmənin işğalçılıq niyyətinə qalib gəldi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də Təhlükəsizlik Şurasının iclasında beynəlxalq təşkilatların Ermənistanın işğalçılıq siyasətinə ciddi ədalətli münasibət bildirmədiyini bir daha xatırlatdı. Bu xatırlatma Azərbaycan əsgərinin qüdrətinə inam idi. Axar.az xəbər verir ki, düşmənin törətdiyi təxribatın qarşısını alarkən yaralanan Azərbaycan Ordusunun qəhrəman hərbçiləri hadisənin necə baş verdiyini danışıblar. Baş leytenant Tusi Əliyev: - Artıq neçə gündür Tovuz rayonunun Ağdam kəndi istiqamətində kəskin döyüşlər, əsasən də artilleriya döyüşləri gedir. Döyüşlər zamanı top mərmisinin partlaması nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elçin Mustafayev şəhid oldu. Atalarımız "Torpaq uğrunda ölən varsa, Vətəndir" deyiblər. Müharibə itkisiz olmur. Qarabağ uğrunda mübarizədə 1992-ci ildən bu günə kimi minlərlə şəhidimiz olub. Elçin də həmin müqəddəs məqama qovuşdu. Hamımızın onların ruhu və anaları qarşısında borcumuz var. Yaralanmağıma baxmayaraq, şəhidimizin təhlükəsiz mövqeyə təxliyə edilməsinə yardım etdim. Hesab edirəm ki, döyüş meydanında bu gün mənə ehtiyac var. Tez sağalıb döyüş yoldaşlarımın yanına qayıtmağa tələsirəm.
Azərbaycan Ordusunun hərbi qulluqçusu kimi Vətənimə, xalqıma, dövlətimə, Azərbaycanın hərbi səhiyyəsinə güvənirəm. Sevindirici hal ondan ibarətdir ki, bu gün hərbi qulluqçuların sağlamlığının keşiyində duran, təcrübəli kadrlarımız, hərbçilərimiz, hərbi həkimlərimiz var. Təsadüfi deyil ki, 2016-cı ilin Aprel döyüşlərində də tibb xidməti ən yaxşı cəhətdən özünü göstərdi. Həkimlərimiz demək olar ki, qəhrəmanlıq nümayiş etdirdilər. Bu gün də biz hərbi həkimlərimizin fədakarlığının şahidiyik. Bu gün mən sağlamlığımızı qorumaq naminə gecə-gündüz çalışan hərbi həkimlərimizə, tibbi personala təşəkkür edirəm. Biz sizinlə fəxr edirik, əziz həkimlərimiz. Biz sağlamlığımızı sizlərə borcluyuq. Ancaq ən böyük borcumuz Vətənimiz Azərbaycanadır.
Vətən yolumuzu gözləyir. Vətən naminə bizim işimiz haqq işidir. Azərbaycan Ordusu Aprel döyüşlərində, Günnüt zəfərində, eləcə də Tovuz rayonu istiqamətində gedən döyüşlərdə də düşmənə yerini göstərdi, ona çox böyük sarsıdıcı zərbələr vurdu. Bunun günahkarı ermənilər özləridir. Həmin qələbələr Azərbaycanın qətiyyətli və güclü Ali Baş Komandanının rəhbərliyi altında qüdrətli ordusunun formalaşdığını və xalq-dövlət birliyinin tamamilə yeni çalarlarını ortaya qoydu. Artıq Azərbaycan dövləti güclü dövlətdir, ordusu da güclü ordudur. Azərbaycan ordusunun bütün şəxsi heyəti düşməni məhv etməyə, eyni zamanda, lazım gəldiyi anda Azərbaycan torpaqlarının müdafiəsi uğrunda canından keçməyə hazırdır. Zabitin dəyəri xidmət etdiyi orduya, yaşadığı cəmiyyətə, doğma xalqına, elinə-obasına nə dərəcədə gərəkli olması ilə ölçülür. Bu gün ordumuz müharibə meydanında düşmənlə üz-üzədir. Belə bir məqamda ordumuz üçün hər gün sınaq var. Ali Baş Komandanımızın rəhbərliyi ilə bu sınaqdan tezliklə çıxmağın, Aprel və Günnüt zəfərləri kimi qələbələr qazanmağın, Böyük Qələbənin tarixini yazmağın vaxtıdır. Çavuş Faiq Abdiyev: - Müharibənin nə olduğunu yaxşı bilirəm. Uşaqlığımda ermənilərin bu tərəflərə həmlələri, kəndləri artilleriya atəşinə tutmaları haqqında çox eşidirdim. Torpaqlarımızı işğaldan azad edənlərin sıralarında olmaq üçün həqiqi hərbi xidmətdən sonra xidmətimi davam etdirməyi qərara aldım. Ön xətdə xidmət etməyin məsuliyyəti mənə də yaxşı tanışdır. Özüm hərbi nizamnamələr çərçivəsində xidmət etməyə çalışıram, söz düşəndə əsgərlərimizə də belə xidmət etməyi tövsiyə edirəm. Əsgərlərimiz Vətənə sədaqətlə xidmət edirlər. İyulun 12-dən başlayan döyüşlərdə də onlar mərdliklə, Azərbaycan əsgərinin adına layiq vuruşdular. İyulun 12-də ermənilər artilleriya qurğularından istifadə etməklə mövqelərimizə hücum etdi. Dövlət sərhədimizi keçməyə cəhd göstərdi. Qəfil hücum həmişə döyüş növbətçiliyini diqqətlə, məsuliyyətlə aparan, mövqelərdə, səngərlərdə ayıq-sayıq dayanan əsgərlərimizi çaşdırmadı. Cavab atəşi açdıq. Komandanlığın əmri ilə hücumun qarşısını alma əməliyyatına qoşulduq. Yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik olan əsgərlərimiz qətiyyətlə vuruşurdular. 2016-cı ilin Aprel döyüşlərində olduğu kimi, bu döyüşdə də düşməni darmadağın etdik, döyüş texnikalarını sıradan çıxartdıq, canlı qüvvəsini məhv etdik. Komandanlığın əmri yerinə yetirilməliydi. Bu əmr Vətənin əmri kimi yerinə yetirilməliydi. Ağdam kəndi istiqamətində gedən döyüşdə baş gizir Elşən Məmmədəliyevlə birlikdə vuruşurduq. Bölməmiz düşmənin hücumunun qarşısını aldığı məqamlarda başqa istiqamətdən atılan minaatan mərmisinin qəlpələrindən ikimiz də yaralandıq. İndi müalicə olunuruq. Tibb bacıları Aynurə Məmmədova və Leyla Quliyeva təkcə vəzifə borclarını yerinə yetirmirlər, həm də bizə əzizləri kimi qulluq edirlər. Mənə elə gəlir ki, onların bizə olan qayğısı xalqın ehtiramıdır. Tez sağalmaq, yenidən hərbi xidmətə qayıtmaq, Ali Baş Komandanın döyüş əmrini qələbəylə tamamlayacaq əsgərlərimizin sırasında olmaq istəyirəm. Belə də olacaq. Biz torpaqlarımızı işğaldan azad edəcəyik! Əsgər Nurlan Quliyev: - 2016-cı ilin Aprel döyüşlərində orta məktəbdə oxuyurdum. Mən də sinif yoldaşlarım kimi yaşımın azlığına təəssüflənirdim. Hərbi xidmətə çağırıldım. Atamdan, bu yolu keçən qonşularımdan hərbi xidmət haqqında çox eşitmişdim. Özümü xəyalən sırada hiss edirdim. Hərbi xidmətin mahiyyətini ilk döyüş növbətçiliyimdə daha ətraflı hiss etdim. Mən də digər əsgər yoldaşlarım kimi, torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnəcək döyüşlərin iştirakçısı olmaq istəyirdim. Ermənilər iyulun 12-də günortaya yaxın hücum etdi. Biz mövqelərimizdə, səngərlərdə onsuz da həmişə ayıq-sayıq dayanmışıq. Hücumun qarşısını almaq üçün atışdıq. Düşmən artilleriya qurğuları ilə, iriçaplı pulemyotlarla bizim döyüş aparmağımıza mane olmağa çalışırdı. Əsgərlərimiz bu təhlükənin də içindən mərdliklə çıxıb döyüşdülər.
Dayandığımız mövqeni Vətən kimi qoruduq. Əsgərlərimizin qətiyyəti, vətənsevərliyi döyüşün axarını tamam dəyişdi. Düşmən gördü ki, Azərbaycanın dövlət sərhədini pozmaq cəhdi onlara baha başa gələcək. Bir dəfə sizin qəzetinizdə Türkiyənin qurtuluş savaşının iştirakçısı olmuş Şükrü paşanın vəsiyyəti dərc olunmuşdu: "Düşmən sərhədlərimizi keçəndən sonra ölsəm məni dəfn etməyin, qoy ətimi itlər yesin, düşmən sərhədlərimizi keçməmiş ölsəm kəfənim, sabunum çantamdadır." Bu döyüşdə əsgərlərimizin hər biri Şükrü paşa amalıyla döyüşürdü. Döyüşdə yaralandım. İndi özümü yaxşı hiss edirəm. Düşmən məğlub oldu. Biz Böyük Qələbənin də əsgəri olacağıq! Həkimlərin, tibb bacılarının qayğısı sayəsində tezliklə sağalıb xidmət yoldaşlarımın yanına qayıdacağam.

Əsgər Murad Mövlanlı: - İyulun 12-də günorta saatlarında ermənilər hücuma keçdi. Biz həyəcan siqnalıyla döyüşə qoşulduq. Düşmənin artilleriya atəşi irəliləməyimizi çətinləşdirsə də, döyüşə girdik. Ancaq qələbə haqqında düşünürdük. Bizə belə gəlirdi ki, bu döyüş müharibənin son döyüşüdü, Qarabağı azad etməyin başlanğıcıdı. Cəsarətlə döyüşürdük, bütün təlimatlara əməl etməklə döyüşürdük, qələbə üçün döyüşürdük. Qəflətən qolumun heydən düşdüyünü hiss etdim. Yaralanmışdım. Əsgər yoldaşlarım məni döyüşün içindən çıxartdı. Yaralanmağıma çox, lap çox təəssüfləndim. Sonacan döyüşə bilmədiyimə görə təəssüfləndim. Biz qalib gəldik. Hospitalda eşitdim ki, Bakıda, Tovuzda və digər bölgələrdə orduya dəstək aksiyası keçirilib. Bu, döyüşən hərbçilərin qələbə ruhunu daha da kükrədir, ordu ilə xalqın birliyini nümayiş etdirir. Müalicədən sonra xidmətimi davam etdirəcəm. Ali Baş Komandanın döyüş əmrini qələbə ilə tamamlayacaq əsgərlərin sırasında mən də olacam. Xalq orduya inanır, ordu xalqa güvənir...

2020-07-18 00:00:00
3971 baxış

Digər xəbərlər

Füzuli, Cəbrayıl və Zəngilanda döyüşən əsgərimiz qazi oldu

Vətən Müharibəsində iştirak etmiş daha bir əsgərimiz qazi olaraq geri dönüb. Report xəbər verir ki, haqqında bəhs edəcəyimiz qazi, 23 yaşlı Ağdaş sakini Həmdiyyə Məmmədovdur. Həmdiyyə Məmmədov sentyabrın 29-da Dəhnəxəlil kəndindən Vətən Müharibəsinə könüllü gedənlərdəndir. O, Füzuli və Cəbrayıl uğrunda, daha sonra Zəngilanda gedən ağır döyüşlərdə iştirak edib. Qubadlı istiqamətində düşmənin diversiya qrupunun qarşısını alan zaman yaralanıb.   İki qəlpə yarası alan qazi buna baxmayaraq, yenə əsgər yoldaşları ilə birlikdə döyüşü davam etdirərək, qəhrəmanlıqlar göstərib. Həmdiyyə Məmmədov döyüş başa çatandan sonra müalicə olunub. Bu gün onun ailəsinə geri dönməsi kənd sakinləri arasında böyük sevinc hissi yaşadıb. Sakinlər onun müharibədən qayıdışını sevinc və fərəh hissi ilə qarşılayıblar, qazinin gəlişi münasibətilə qurbanlar kəsilib. İndi ailənin ən böyük arzusu Həmdiyyə Məmmədov kimi bütün hərbçilərin sağ-salamat geri dönməsidir.

Hamısını oxu
Nəsimi rayonu 111 sayli tam orta məktəbdə 20 Yanvar faciəsinin 35-ci ildönümü qeyd olunub

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatın  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları - şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev və  baş  mütəxəssis Nəbi Hacıyev 17 yanvar 2025-cü il tarixində Nəsimi rayonunda tədbir təşkil  ediblər. Tədbir  Nəsimi rayonunda yerləşən 111 saylı tam orta məktəbdə baş tutub. 20 Yanvar faciəsinin  35 illiyi ilə əlaqədar tədbirdə  20 Yanvar faciəsinin şahidləri, şəhid anaları, məktəbin direktoru Jaiə Hacıyeva, müəllimlər, şagirdlər və digər qonaqlar iştirak ediblər. Tədbiri məktəbin direktoru Jalə Hacıyeva açıb, qonaqları tədbir iştirakçılarına təqdim edib. Sonra Dövlət Himni səslənib, .20 Yanvar qurbanlarının və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış üçün söz ehtiyatda olan polkovnik Adil Haqverdiyevə verilib. O, ilk öncə Təşkilatın sədri polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Adil Haqverdiyev qeyd edib ki, öz suverenliyinə can atan xalqımızın mübarizəsini, əyilməzliyini, məğrurluğunu təcəssüm etdirən 20 Yanvar tarixi Azərbayçanın istiqlal yolunun başlanğıcı, milli oyanış günüdür. Milli qürur günü kimi tarixə yazılan 20 Yanvar gününün və bu günün qəhrəmanlarının unudulmaması, xatırlanması şagirdlərə, gənc nəslə tövsiyə olunur və hər zaman olunmalıdır: “Siz şagirdlər Azərbaycanın gələcəyisiniz. Keçmişdə buraxılan səhvlər bir daha təkrar olunmasın deyə, dostlarınızı ,düşmənlərinizi tanımalısız. Sizlərə uğurlar arzulayır, müvəffəqiyyətlər diləyirəm”. Tədbirin sonunda xatirə şəkli çəkilib.  

Hamısını oxu
Polkovnikdən Türkiyə ictimaiyyətinə çağırış: Azərbaycanla münasibətləri gərginləşdirməyin!

"İki qardaş ölkə arasında nifaq salmaq istəyənlər var. Amma nə Türkiyə xalqı, nə də Azərbaycan xalqı bu nifaqa uymamalıdır. Xalqlar arasında olan dostluq və qardaşlıq missiyası davam etdirilməlidir. Çünki Türkiyə ilə Azərbaycan arasında həm güclü iqtisadi, hərbi, həm də mədəni əlaqələr mövcuddur. Bu əlaqələri inkişaf etdirmək lazımdır. Münasibətlərdə gərginlik yaradılmasına icazə verməməliyik. Biz Türkiyənin ictimaiyyətinə də müraciət edirik və xüsusilə qeyd edirik ki, əhali arasında olan insanlar da bu yoldan çəkindirilməlidir. Onlara başa salınmalı və tələb olunmalıdır ki, qardaş dövlətləri bir-birinə vurmasınlar, aralarında gərginlik yaratmasınlar". Bunu Redaktor.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirdi. Müsahibimiz diqqətə çatdırdı ki, Azərbaycan və Türkiyə beynəlxalq, hərbi, humanitar və mədəni məsələlərdə həmişə bir yerdə olub: "Beynəlxalq səviyyədə hər birimiz bir-birimizin ölkəsini dəstəkləmişik. Bu gün də belədir, gələcəkdə də belə olacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xalqına, Azərbaycan ordusuna, Azərbaycanın Prezidentinə və vitse-prezidentinə necə hörmətlə yanaşırsa, Azərbaycan tərəfindən də Türkiyəyə eyni münasibət göstərilir. Yadımdadır ki, müharibə başlamazdan əvvəl Prezident Ərdoğan xüsusi qeyd etdi ki, Azərbaycan tək deyil. Eyni zamanda, xatırlayıram ki, bir dəfə Türkiyə haqqında suallar verirdilər və Türkiyənin orada nümayəndəsi yox idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dedi ki, Türkiyənin nümayəndəsi yoxdur, mən buradayam. Nə sualınız varsa, Türkiyə ilə əlaqədar mən cavablandırım. Yəni bu, bir daha sübut etdi ki, bizim aramızda qardaşlıq, dostluq və əmin-amanlıq var". C.Xəlilov vurğuladı ki, sülhü, əməkdaşlığı və qardaşlığı pozmaq istəyən qüvvələr var: "Xarici dövlətlərdən münasibətləri pozmağa maraq göstərənlər, eyni zamanda, daxilimizdə Azərbaycanı istəməyən qüvvələr var. Biz buna yol verməməliyik. Münasibətləri pozmaq istəyənlərə Türkiyənin alimləri, siyasətçiləri və din xadimləri tərəfindən münasibət bildirilməli, onlar bu işlərdən çəkindirilməlidirlər. Dövlətlər arasında qardaşlıq münasibətləri davam etməlidir. Xarici dövlətlərdən bizə təzyiqlər artdıqca, qardaşlığımız daha da möhkəm və etibarlı olmalıdır ki, xarici təzyiqlərə birlikdə müqavimət göstərək". Həmsöhbətimiz qeyd etdi ki, bu məsələləri yalnız Azərbaycanın dövlət aparatında, Xarici İşlər Nazirliyində çalışanlar və siyasətlə məşğul olan insanlar araşdırmalı, lazım gəldikdə, onlara cavab verməlidirlər: "Siyasətdən başı çıxan, bu məsələləri və problemləri bilən insanlar öz mövqelərini ortaya qoyurlar. Ondan sonra bəzən araşdırılmamış, dəqiqləşdirilməmiş yalan məlumatlar yayılır. Bunun qarşısı alınmalı, hər kəsin Azərbaycanın maraqlarının qorunması adı ilə beynəlxalq səviyyədə hər hansı məsələyə münasibət bildirməsinə imkan verilməməlidir". Aytəkin TOFİQQIZI  

Hamısını oxu
Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar hər bir vətəndaşı əhatə edir

Azərbaycanda bütün sahələrdə davamlı inkişaf bir-birini əvəzləyir. Dünyaya nümunə təşkil edən Azərbaycanın iqtisadi-sosial modeli vətəndaşların sosial rifahına və cəmiyyətin inkişafına istiqamətlənib. Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər əsaslı təməllər üzərində dayanır. Dövlətin bu sahədə siyasi xətti gündən-genə nailiyyətlərin daha da artacağından xəbər verir. Bu fikirləri Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı sədrinin müavini, polkovnik Cəlil Xəlilov AZƏRTAC-a müsahibəsində söyləyib. C.Xəlilov bildirib ki, 2019-cu ili respublikamız üçün əlamətdar illərdən hesab etmək olar. Cari ilin birinci yarısının hələ başa çatmamasına baxmayaraq, həyata keçirilən islahatlar əvvəlki illərə nisbətdə daha çoxdur. İmzalanan sonuncu sərəncamlar əhalinin gəlirlərinin artmasına, yığım imkanlarının genişlənməsinə şərait yaradacaq. Əmək haqlarının əhəmiyyətli artımı əhalinin alıcılıq qabiliyyətinə müsbət təsir etməklə, iqtisadi fəallığa töhfə verəcək. Bu ilin birinci yarısında Prezident İlham Əliyevin imzaladığı sərəncamlar hər bir vətəndaşın maddi rifah halının yaxşlaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə və onlara dövlət qayğısının daha da artırılmasına xidmət edir. Sosial sahədə islahatların növbəti mərhələsində hazırlanan inqilabi addımlar Prezident İlham Əliyevin “Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır” tezisini bir daha təsdiq etdi. “Sonuncu sərəncamlarda qeyd edilən şəxslərin aylıq vəzifə maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılması nəzərdə tutulur. Sərəncamlara əsasən, hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin də əmək haqlarının artırılması vətənin keşiyində dayanan insanlara göstərilən etimadı bir daha təsdiqlədi. Bundan əlavə, minimum əmək haqqının artırılması Azəbaycanda aztəminatlı ailələrin maddi rifah halına müsbət təsirini göstərəcək. İqtisadi sahədə əldə edilmiş mötəbər uğurların sosial sferaya transformasiyası dövlətimizin başçısının bəyan etdiyi sosial iqtisadi kursun başlıca prinsipi olmaqla, cari ilin əvvəlindən etibarən ölkə vətəndaşlarının sosial təminatını əhəmiyyətli dərəcədə artırıb”, - deyə Cəlil Xəlilov vurğulayıb. Respublika Veteranlar Təşkilatının sədr müavini diqqətə çatdırıb ki, ümumilikdə 2019-cu ildə Prezident İlham Əliyevin imzaladığı qanunvericilik aktları üç milyona yaxın insanın sosial müdafiəsinin gücləndirilməsi sahəsində inqilabi addım oldu. Bütün bunlar ilk növbədə Azərbaycanda xalqın dövlətinə inamından, vətəndaşın hakimiyyətə göstərmiş olduğu etimaddan, inkaf etmiş, rəqabətə davamlı iqtisadiyyatından xəbər verir. Azərbaycançılıq məfkurəsinə əsaslanaraq həyata keçirilən daxili və xarici siyasi xətt dövlətin doğru əllərdə olmasının və xalq-lider birliyinin təzahürüdür. “Veteranlar da hər zaman Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti dəstəkləyir, xüsusən sonuncu sərəncamların sosial sahədə əhəmiyyətli irəliləyişlərlə nəticələnəcəyinə dərin inam ifadə edirlər. Veteranlar xalqın birliyi və gənclərin vətənpərvər ruhda tərbiyə edilməsində üçün bundan sonra da əllərindən gələni əsirgəməyəcəklər”, - deyə polkovnik C.Xəlilov bildirib.

Hamısını oxu