Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Respublika Veteranlar Təşkilatında Azərbaycan gənclərinin bir qrup fəal nümayəndəsi, avanqardı ilə veteranların görüşünə həsr edilmiş tədbir keçirilmişdir.

Bu gün Azərbaycanın dünyanın qabaqcıl dövlətləri ilə bir sırada dayanmasında, dinamik surətdə inkişaf edən ölkə imici qazanmasında gənclərin rolu danılmazdır. Gənclərin uğurlarının təməlində dövlətin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirdiyi gənclər siyasəti dayanır. Respublika Veteranlar Təşkilatı gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda yetişmələri üçün ardıcıl iş aparır. Müntəzəm surətdə gənclərlə müxtəlif yerlərdə görüşlər keçirir, Azərbaycanın şanlı tarixi, döyüş ənənələri və gənclər gününün hərtərəfli təbliğində bilik və təcrübəsini əsirgəmir. Bu tədbirlərin əsas məqsədi gənclərimizi hazırda erməni hərbi birliklərinin işğalı altında olan Vətən torpaqlarını azad etməyə hər an hazır olmağa ruhlandırmaqdır. Bu fikirlər Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında yanvarın 31-də veteranlarla Azərbaycan gənclərinin bir qrup fəal nümayəndəsi ilə keçirilən görüşdə səslənib. Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bildirib ki, gənclərin zəngin həyat təcrübəsinə malik veteranlardan öyrənmək, veteranlarınsa gənc nəslin nümayəndələrinə öz tövsiyələrini vermək baxımından belə görüşlərin əhəmiyyəti böyükdür. C.Xəlilov hazırda Azərbaycan əhalisinin təqribən üçdəbirini gənclərin təşkil etdiyini, onların xalqına, dövlətçiliyinə sədaqətli, vətənpərvər, yüksək mənəvi və əxlaqi keyfiyyətlərə malik insanlar olduqlarını qeyd edib. O, Azərbaycanın ictimai-siyasi həyatında, müxtəlif sahələrdə qazanılan yüksək nəticələrdə gənclərin yaxından iştirakından danışaraq deyib: “Azərbaycanda müasir gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyev gənclərin potensialının üzə çıxarılması, onların təhsilli, geniş dünyagörüşünə malik vətənpərvər insanlar kimi yetişməsinə mühüm əhəmiyyət verirdi. Ümummilli Lider ölkənin inkişafında gənclərin iştirakını zəruri sayır, onları mühüm vəzifələrə irəli çəkirdi. Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunmağa başlanıb. Ulu öndər Heydər Əliyevin gəncliyə göstərdiyi qayğının təzahürü kimi, fevralın 2-si respublikamızda Azərbaycan Gəncləri Günü elan olunub. 1997-ci ildən bəri hər il fevralın 2-də respublikamızın gəncləri bu günü qeyd edirlər. Bütün bunlar gənclərin təşkilatlanmasına, hərtərəfli formalaşmasına şərait yaradıb”. Bildirilib ki, bu strateji xəttin Prezident İlham Əliyev tərəfindən inamla və müasir dövrün tələblərinə uyğun davam etdirilməsi öz bəhrələrini verib. Azərbaycan gənclərinin intellektual inkişafı, sosial, mədəni problemlərinin həlli ilə bağlı müxtəlif dövlət proqramları icra olunub. Bu gün ölkədə gənclərin qarşısında geniş imkanlar yaradan fondlar, şuralar, ictimai birliklər və sair təşkilatlar fəaliyyət göstərir. Sevindirici haldır ki, gənclər onlara göstərilən etimadı doğruldurlar. Gənclər bütün istiqamətlərdə fəaldırlar və gələcəkdə daha da fəal olmalıdırlar. Bu isə onların bilikli, geniş dünyagörüşlü, intellektual, vətənpərvər insanlar kimi yetişmələrindən asılıdır. Ölkədə həyata keçirilən gənclər siyasətinin məqsədi budur. Ehtiyatda olan polkovnik qeyd edib ki, bu gün ordu sıralarında xidmət edən, müxtəlif sahələrdə çalışan, təhsil alan gənclərimizin hərbi vətənpərvərlik ruhunda yetişməsi bizi sevindirir. Torpaqlarımızın işğaldan azad edilməsi yönündə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ardıcıl iş aparılır. Azərbaycanın güclü ordusunun formalaşdırılması, müharibə əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, veteranlarımıza göstərilən qayğı bunun nəticələridir. Ötən ilin aprel hadisələri Ordumuzun gücünü, döyüş əzmini aydın şəkildə nümayiş etdirdi. Bütün bunlar Azərbaycanın ərazi bütövlüyünün təmin ediləcəyinə, üçrəngli bayrağımızın Şuşada və işğal altındakı digər ərazilərimizdə qaldırılacağına inamımızı daha da artırır. Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin deputatı Adil Əliyev, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Böyük Vətən müharibəsi iştirakçısı, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilən Fatma Səttarova, veteranlar və digərləri çıxış edərək Gənclər Günü münasibətilə gəncləri təbrik edib, belə görüşlərin, nəsillər arasında əlaqələrin vacibliyindən, gənclərimizə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan, Azərbaycan həqiqətlərinin dünyada təbliğində gənclərin rolundan, könüllülük hərəkatında gənclərin iştirakından, ölkədə gənclərin təşkilatlanmasından, Azərbaycan gənclərinin ölkə həyatındakı rolundan, onların vətənpərvərliyindən, rəşadət və mərdliyindən söhbət açıb, müxtəlif sahələrdə qazandıqları uğurlardan və qarşıda duran vəzifələrdən danışıb, gəncləri Vətəni sevməyə, onu müdafiə etməyə, işğalçılardan azad etməyə hər zaman hazır olmağa çağırıblar. Sonra veteranlar adından Azərbaycan gənclərinə müraciət qəbul edilib. Müraciətdə bildirilir ki, ölkənin inkişafının davamlılığında, dövlətimizin qarşısında duran problemlərin həllində gənclərin üzərinə böyük məsuliyyət düşür. Gənclər ölkənin inkişafı naminə öz potensiallarını səfərbər etməli, Azərbaycanın etibarlı gələcəyinin qurulmasında yaxından iştirak etməlidirlər. Vətəni, müstəqil dövləti qorumaq, daha da inkişaf etdirmək gənclərin ən ümdə borcudur. Onlar ölkənin ərazi bütövlüyünün təmin edilməsinə öz töhfələrini verməyə hazır olmalıdırlar. Dövlətimizin başçısının daim diqqət mərkəzində saxladığı bu məsələnin Azərbaycan xalqının milli maraqlarına uyğun həll ediləcəyinə veteranların böyük inamı var. Azərbaycan Ordusunun ruh yüksəkliyi, əsgər və zabitlərimizin vətənpərvərliyi, qələbə əzminə köklənməsi bizi ruhlandırır. Veteranlar da bütün qüvvəsi ilə bu yolda ordumuza hərtərəfli dəstək olmağa daima hazırdır. Sonda ölkənin ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə, veteran hərəkatında fəal iştiraklarına və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsindəki xidmətlərinə görə bir neçə şəxs Respublika Veteranları Təşkilatının yubiley medalları ilə və fəxri fərmanlarla təltif olunublar.  Tədbir bədii hissə ilə davam edib.

2017-01-31 00:00:00
3587 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında ADA tələbələri kibertəhlükəsizlik mövzusunda tədbir keçirib

Veteran.gov.az xəbər verir ki, 4 mart 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında ADA tələbələri - Hacı Zeynalabdin Tağıyev müsabiqəsi çərçivəsində iştirak edən CyberEye komandası (https://www.instagram.com/cybereye.hzt?igsh=ZHhiN2UzZTljNmFk ) kibertəhlükəsizlik mövzusunda tədbir keçirib. Maarifləndirmə xarakterli tədbirdə Nuray Cəfərova, Fərid Xəlilov, Rza Ağarzazadə, İlkin Bayramlı, Hafiz Bəylərli çıxış edərək kibertəhlükəsizlik mövzusunda aktual problemlərə toxunublar. Tədbirdə gənclər, veteranlar, media nümayəndələri iştirak ediblər. Seymur ƏLİYEV

Hamısını oxu
"SOS" mühafizə xidməti Zəfər bayramını şəhid ailələri ilə birlikdə qeyd edib

Peşəkar mühafizə xidməti "Security Operation Services" MMC-nin əməkdaşları 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə şəhid ailə üzvləri ilə birlikdə yeni açılmış "Zəfər" parkını ziyarət ediblər. "AzPolitika" xəbər verir ki, "SOS" MMC-nin şəxsi heyəti və kollektivi şəhidlərimizin əziz xatirələrinə hörmət əlaməti olaraq, şəhid ailə üzvləri ilə birgə üçrəngli bayrağımızla yürüş edərək, abidə önünə əklil və gül dəstələri qoyublar. Daha sonra tədbir bir süfrə arxasında davam etmişdir. Qeyd edək ki, "SOS" mühafizə xidməti abidənin təməli qoyulan dövürdə də "Zəfər" parkını ziyarət edib. Tədbirdə Respublika Veteranlar Təşkilatının sədri Cəlil Xəlilov, Xətai rayonu Ağsaqqalar şurasının sədri, şəhid atası Mürvət Rüstəmov, şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov da iştirak etmişdir. "SOS" MMC-də çalışan şəhid ailələrinin üzvlərinə, birinci və ikinci Qarabağ müharibəsinin iştirakçılarına, qazilərinə və veteranlarına möhtəşəm zəfərimizin dördüncü ildönümü ilə bağlı pul mükafatı təqdim olunub. Tədbirdə milli qəhraman Riad Əhmədovun bacısı, əməkdar incəsənət xadimi, bəstəkar Mehriban xanım Əhmədova da iştirak etmiş, tədbir üçün hazırlanan videorolikdə Aygün Bəylərin ifası altında "Mənim Xalqım" mahnısından istifadə olunmuşdur.      

Hamısını oxu
Ordumuzun unikal əməliyyatı

Hamısını oxu
Fransanın Ermənistanı silahlandırmaq siyasəti sülhə xəyanətdir

Fransanın Ermənistanı silahlandırmaq siyasəti sülhə xəyanətdir. Makron rejiminin məqsədi Cənubi Qafqazda yeni gərginliyin meydana çıxmasına nail olmaqdır”. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik xatırladıb ki, 44 günlük Vətən müharibəsindən sonra Ermənistanı açıq şəkildə himayə etməyə başlayan Fransa son bir ildə İrəvana ağır artilleriya, zirehli maşınlar və raket sistemləri verməkdə davam edir: “Paris açıq şəkildə bildirir ki, Ermənistan ordusunun yenidən qurulmasına yardım göstərəcək, silahlandırma prosesini bundan sonra da davam etdirəcək. Ermənistanın müdafiə nazirinin Parisə son səfərində Ermənistanla Fransa arasında silah alqı-satqısı ilə bağlı yeni müqavilələrin imzalanması Makron hakimiyyətinin bölgə ilə bağlı məkirli niyyətlərinin əməli göstəricisidir. Ermənistan indiki həssas məqamda diqqətli olmalı, Fransanın təxribatlarına boyun əyməməlidir. Rəsmi İrəvan bilməlidir ki, Fransanın təxribatlarına uyacağı, ölkəmizə qarşı hansısa təhrikedici addım atacağı təqdirdə, bunun cəzasını ağır şəkildə ödəməli olacaq”. Polkovnik daha sonra deyib: “Bu gün Azərbaycan Ordusunun gücü, döyüş əzmi bütün dünyaya yaxşı məlumdur. Vətən müharibəsi günlərində öz gücünü əyani şəkildə ortaya qoyan Azərbaycan Silahlı Qüvvələri postmüharibə dövründə öz qüdrətini daha da artırıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışlarında bu məsələyə dəfələrlə toxunub, ordumuzun artan gücündən iftixar hissi ilə bəhs edib. Ermənistan da bu həqiqəti unutmamalı, regional sülhü hansısa uzaq dövlətlərin mənafeyinə qurban verməməlidir. Əks təqdirdə, bu, Ermənistanın özü üçün fəlakətlə nəticələnəcək”.

Hamısını oxu